Azərbaycandakı bir çox nazirliklərin lap əvvəldən nazir sarıdan bəxti gətirməyib. Belə nazirliklərdən biri də vaxtilə Əli Abbasovu, Ziya Məmmədovu görmüş indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir…
Bu günlərdə cəmiyyətdə, “qara camaat” arasında ən çox müzakrə olunan mövzulardan biri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin dedikləridir: “Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur. Taksi qiymətləri qalxacaq. Bu, birmənalı şəkildə belədir”.
Bir-iki millət vəkilni çıxmaq şərtilə, nazirlə eyni düşüncədə olan əksər deputatlar da onun dediklərini və məlum yeni qanunu dəstəkləyiblər. Yəni, bədbəxtçiliymiz təkcə nazirlərlə bağlı deyil…
Məsələn, özü uzun illər siqaret inhisarçısı olmuş Rüfət Quliyev deyib ki, “ölkədə 5 taksi aqreqatoru at oynadır, hökmranlıq edir”.
Əlbəttə ki, inhisarçılığa öyrəşmiş və bundan milyonlar qazanmış biri üçün rəqabət mühiti cin-əcinnə kimi təhlükəli görünür.
Əslində, alternativ nəqliyyat çox olmalıdır ki, taksiyə ehtiyac azalsın. Ancaq bunlar öz işlərinin öhdəsindən gəlmək, normal nəqliyyat infrastrukturu, ictimai nəqliyyat yaratmaq əvəzinə, problemi taksidə qiymət artırmaqla çözmək istəyirlər.
“Dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur” deyən nazir nədənsə “Azal”-ın qiymətlərinin də dünyada tayı-bərabəri olmadığını heç vaxt dilinə gətirmir. Bəli, ola bilər ki, Azərbaycan vətəndaşı bəlkə də başqa dövlətlərlə müqayisədə, məsələn, taksi ilə şəhərdən hava limanına 1 manat ucuzuna gedir, amma təyyarəyə azı 100-200 dollar bahasına bilet alır.
“Prius”-lara döşəməyə nə var ki, gücü çatırsa, “Azal”-ın qiymət siyasətinə də bir “əl gəzdirsin”, təşəbbüs qaldırsın, təklif versin. Yox, olmaz! Belə məmurların “missiyası” başqadır – qadağa qoy, cərimə et, qiymət qaldır və s.
Yaxud, dövlətin milyonları, on milyonları xərclənən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən danışsın, görək bu “intellektual idarəetmə”ni paytaxt sakini öz gündəlik həyatında necə hiss edir və ümumiyyətlə, hiss edirmi?
Məhz taksi xidməti hər nə qədər kələ-kötür olsa da, hazırda Azərbaycanda tək-tük gerçək rəqabət şəraiti olan sahədir. Bu nümunə müəyyən qüsurlar aradan qaldırılacağı təqdirdə normal rəqabətin Azərbaycanda bütün sahələrdə qiymətlərə necə təsir edəcəyinin bariz göstəricisidir.
Problemin mahiyyətini, kökünü görməyən, yaxud görmək istəməyən nazir və deputatlarımız anlamaq istəmirlər ki, nəqliyyat problemi təkcə texniki yox, həm də və daha çox sosial-iqtisadi problemdir. Bundan əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri dedi ki, iş yerlərinin açılması dövlətin üzərində olmamalıdr. Yaxşı, iş yeri açmayın, olan iş yerlərini də müxtəlif bəhanələrlə bağlayın!
Bu gün taksi sürücülərinin içərisində qətiyyən bu işə yaramayanlar, hətta narkomanlar da var. Ancaq onları bəhanə edib, işsizlik ucbatından gecə gündüz rol arxasında qəpik-quruş qazanmağa məhkum edilən ali təhsilli gəncləri, müxtəlif peşə sahiblərini də görməzdən gəlmək olmaz.
Problemin kökü bu qədər insanın taksidə işləməyə məcbur edən sosial səbəblər, onun texniki tərəfi isə yol polisinin rüşvət müqabilində kimə gəldi sürücülük vəsiqəsi verməsi, ictimai nəqliyyatın biabırçı vəziyyəti də daxil olmaqla, müxtəlif çeşidli digər səbəblərdir. Neft ölkələrinin çoxunda taksi xidmətini kasıb ölkələrdən gələn miqrantlar yerinə yetirir, yerli əhali bu işi özünə yaraşdırmır. Neft ölkəsi Azərbaycanda isə taksi işsizlərin ən son ümid yeridir…
“Kreativ” məmurlarımıza gəlincə, adlarını müasir Avropa, Amerika təhsilli qoysalar da, mahiyyət etibarilə Hadı Rəcəbli, Tağı Əhmədov, Abid Şərifov və s. bu kimi tipajların nisbətən gənc variantı olan bu şəxslər vəzifə kreslosunda məlum yerlərini isidən kimi, dərhal millətlə qadağa, cəza, cərimə, qiymət artımı dilində danışmağa başlayırlar. Başçılıq etdikləri sahədə heç bir normal iş yarıtmayan, bu sahəyə xarici görünüşdən başqa heç bir yenilik, təşəbbüs, ideya gətirməyənlər öz bacarıqsızlıqlarını xalqa əlavə problem yaratmaqla “kompensasiya edirlər”.
Olduqca dar çərçivədə düşünən, öz lyuks komfort aləmində yaşayan, millətin problemini, dərdini, güzaranını anlamaqdan çox-çox uzaq, “sintetik beyinli” iri məmurları “ayıltmağın” bir yolu qalır – məsələn, Nəqliyyat naziri işə lyuks avtomobildə yox, ictimai nəqliyyatla, metroyla, avtobusla getməlidir, Əmək naziri yüksək maaşı, biznesi, tenderləri və s. hesabına yox, əlilin, minimum pensiya alan vətəndaşın gəlirlərinə bərabər maaşla dolanmalıdır, Səhiyyə naziri İsraildə, Almaniyada yox, Sabunçu xəstəxanasında müalicə almalıdır və s. Yalnız bu halda camaatın nələr çəkdiyini hiss edərlər və məlum “kreativ” təklifləri, qərarları verərkən yaxşı-yaxşı düşünərlər…
Dunyaninsesi.Az