![]() |
![]() ![]() ![]() |
|
Akif Nağı: “Qarabağdan köçmüş ermənilərin son zamanlar aktivləşməsində, toplantılar keçirməsində bir hədəf var...”
İrəvanda fəaliyyət göstərən üzdəniraq “Artsaxın qorunması Komitəsi” baş nazir Nikol Paşinyanın “Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək” bəyanatına reaksiya verib. Bəyanatda deyilir ki, Paşinyanın bu mövqeyi dövlətin və xalqın maraqlarına qarşı yönəlmiş siyasətin növbəti təzahürü kimi qiymətləndirilir.
“Komitə” qeyd edir: “Bu cür yanaşmalar təkcə artsaxın deyil, həm də bütün Ermənistan Respublikasının təhlükəsizliyinə, suverenliyinə və dövlət davamlılığına ciddi təhlükə yaradır. Qarabağ hərəkatı mahiyyət etibarilə təkcə artsaxın azad edilməsinə deyil, həm də erməni xalqının tarixi hüquqlarının bərpasına və birliyinin möhkəmləndirilməsinə yönəlmiş milli azadlıq hərəkatı idi”.
Bəyanatda Paşinyanın mübarizədən imtinası öz tarixini inkar etməyə bərabər addım kimi qiymətləndirilir. “Onlar beynəlxalq hüquqları görünməz edir, çünki artsax xalqının (belə bir xalq da varmış! - red.) öz müqəddəratını təyin etmək hüququ heç bir şəkildə ləğv edilməyib. Səhifənin bağlı elan edilməsi faktiki olaraq beynəlxalq arenada bu hüququ müdafiə etməkdən imtina etmək deməkdir”, - deyə hələ də göylərdə süzən radikal-revanşistlər bəyan ediblər.
Görəsən, bu sarsaqlar hansı “öz müqəddəratını təyinetmə hüququ”ndan dəm vururlar? Məqsədləri nədir? Axı Azərbaycan zamanında təklif etdi ki, qalın və vətəndaşlığı qəbul edin. Paşinyan əleyhinə belə bəyanatların erməni ictimai şüuruna hansı təsirləri ola bilər?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər hələ uzun müddət “artsax” mövzusundan Azərbaycana qarşı sui-istifadə etməyə çalışacaqlar: “Xislətlərinə uyğun olaraq məsələlərin mahiyyətini təhrif edirlər, reallıqda tam uzaq bir təsəvvür yaratmağa çalışırlar. Həmin ermənilər hələ bir müddət sonra daha geniş fəaliyyətə başlayacaqlar ki, guya onlara qarşı genosid həyata keçirilib, guya zorla köçürülüblər, köçmüş adamların sayını şişirdəcəklər. Hətta daha da absurda gedərək dünyaya car çəkəcəklər ki, guya onlar Qarabağdan çıxarkən yüzlərlə, minlərlə ölən olub. Bu, erməni siyasətidir, böhtan, yalançı vay-şivən onların qanındadır. Bu, əslində onların bədbəxtçiliyidir”.
A.Nağı vurğuladı ki, indiyə qədər də o sualın cavabını ortaya qoya bilmirlər ki, nə üçün 2023-cü ilin sentyabr ayında bir həftə ərzində ermənilər Qarabağı könüllü şəkildə tərk edib getdilər: “Azərbaycan ən yüksək səviyyədə onlara dəfələrlə müraciət etdi ki, vətəndaşlığımızı qəbul edib yaşayın. Ancaq ermənilər bu çağırışlara müsbət münasibət göstərmədilər. Azərbaycan onların qarşısını kəsib zorla Qarabağda saxlaya bilməzdi. Bunu etmək insan haqlarına qarşı addım olardı. Baş nazir Nikol Paşinyan son vaxtlar izah etməyə çalışır ki, Ermənistan daxilində və xaricində olan müəyyən erməni mərkəzləri, o cümlədən müəyyən dövlətlər Azərbaycana qarşı "Qarabağdan çıxarılmış erməni" faktorundan istifadə etmək üçün həmin kütləvi köçü təşkil etdilər. Eyni zamanda köçmüş ermənilərdən Nikol Paşinyan hakimiyyətinə qarşı istifadə etmək məqsədlərdən biri olub. Bunu da Paşinyan deyir".
Partiya sədrinin dediyinə görə, son bir aydır Ermənistanda Qarabağdan köçmüş erməni revanşistlərin aktivləşməsi, toplantılar, aksiyalar keçirmələri, bəyanatlar vermələri prosesin məhz buna doğru getdiyini göstərir: “Yəni artıq açıq görünməkdədir ki, separatçı ermənilər Paşinyan və Paşinyan hökumətini açıq hədəfə alıblar. Onları həm Robert Köçəryan-Serj Sərkisyan cütlüyü, həm də xaricdən istiqamətləndirənlər var”.
A.Nağı onu da dedi ki, Paşinyan əslində ikiüzlülük edir: “Çünki Paşinyanın xəbəri olmadan Qarabağdan ermənilər qısa müddətdə köçməzdilər. Paşinyan da belə bir plan qurmuşdu ki, Qarabağdan ermənilərin kütləvi köçməsindən Azərbaycana qarşı istifadə ediləcək. Ona görə də həmin köçdə Paşinyan da maraqlı idi. İndi Paşinyan görür ki, həmin ermənilər onun özünü hədəfə almağa başlayıb, ona görə məlum izahatı verir”.
Akif Nağı
Partiya sədri hesab edir ki, Qarabağdan köçmüş ermənilərin müəyyən müddətdən sonra yeni-yeni tələblərlə meydana çıxmaları da istisna deyil: “Əslində həmin ermənilərin aktivləşməsi həm də Paşinyan hökumətinin oyunlarındandır. Paşinyan bir tərəfdən deyir ki, "Qarabağ hərəkatı yoxdur, bunu davam etdirməyə də ehtiyac yoxdur", o biri tərəfdən Ermənistanda Qarabağdan köçmüş cinayətkar ermənilərə fəaliyyət imkanı yaradır. Ümumiyyətlə, ermənilərin aktivləşməsində Fransa kimi dövlətlərin rolu da var".
Həmsöhbətimiz əlavə etdi ki, ermənilərin “artsax” oyununu davam etdirməsində məqsədlərdən biri də xaricdəki erməni diasporundan, erməni mərkəzlərindən maliyyə yardımları almaqdır.
A.Nağının fikrincə, Paşinyan səmimidirsə, Şahramanyan, Sərkisyan, Köçəryan kimi quldurların fəaliyyətini məhdudlaşdırsın, onları Azərbaycana versin: “Onlara fəaliyyət imkanı yaratdıqca, həm erməni cəmiyyətinə daha ciddi təsir göstərməyə çalışacaqlar, həm də Paşinyanın bəyanatlarında səmimi olmadığı isbatlanacaq. Şahramanyanın tullanıb-düşməsi onun qandallanıb Bakıdakı cinayətkar həmkarlarının yanına gətirilməsi ilə bitəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”