BU HƏFTƏ UKRAYNADA MÜHARİBƏ BİTƏ BİLƏR - Plan açıqlanır...
Uitkoff Putinlə görüşə gedir, Kiyevdən cavab gözlənilir…
Belə görünür ki, ABŞ administrasiyası artıq bu həftə ya Ukraynada tam atəşkəsə nail olmaq, ya da “əllərini yuyub”, bu mövzudan uzaqlaşmaq niyyətindədir. Hər halda, Donald Tramp və ətrafının verdiyi son bəyanatlar, bu həftə ərzində keçiriləcək vacib görüşlər və Qərb mətbuatının yazdıqları belə bir qənaətə gəlməyə əsas verir.

“AzPolitika” xəbər verir ki, “Wall Street Journal”-ın yazdığına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Londonda Ukrayna hökumətinin nümayəndələrinin də iştirak edəcəyi danışıqlardan sonra yenidən Rusiyaya, Putinlə görüşə gedəcək.

Londonda keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da olacaq. Məsləhətləşmələrdən sonra Vaşinqtonun, Avropanın və Kiyevin mövqeləri üst-üstə düşərsə, Uitkoff Rusiyaya səfər edəcək.

Nəşr qeyd edir ki, Londonda keçiriləcək görüşdə ABŞ-nin təklifləri müzakirə ediləcək və “potensial variantların siyahısı”na baxılacaq.

Uitkoff son üç ay ərzində Rusiyada iki dəfə Vladimir Putinlə görüşüb. Aprelin 11-də keçirilən görüşdən sonra Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ administrasiyasının sülh yolu ilə nizamlanmaya nail olmaq üçün təzyiq alətləri var və onlardan istifadə etmək niyyətindədir. Daha sonra Tramp Rusiyanı sülhə nail olmaq üçün “hərəkət etməyə” çağırıb.

Qəzet onu da yazır ki, Birləşmiş Ştatlar Kiyevin bu həftə müharibəyə son qoymaqla bağlı ABŞ planına cavab verəcəyini gözləyir. Bu plana Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Amerika tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması kimi məsələlər daxildir.

Qərb rəsmiləri bildiriblər ki, ABŞ-nin təklifləri Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin cümə axşamı Parisdə Ukrayna tərəfinə təqdim etdikləri məxfi sənəddə öz əksini tapıb. Onlar Avropa rəsmilərinə də göstərilib.

ABŞ indi Kiyevin cavabını gözləyir və bu cavabın ABŞ, Ukrayna və Avropa rəsmilərinin həftə sonunda Londonda keçiriləcək görüşündə veriləcəyi gözlənilir.

ABŞ-nin Parisdə təqdim etdiyi təkliflər bir neçə aspekti əhatə edib. Onların arasında Ukraynanın NATO-ya üzvlüyündən imtinası ilə yanaşı, Zaporojjye AES-in ətrafındakı zonanın Vaşinqtonun nəzarətinə verilməsi də var.

Eyni zamanda, Qərb rəsmilərinin fikrincə, Tramp komandasının nümayəndələrinin irəli sürdüyü təkliflər Rusiyanın bir sıra tələblərinə uyğun gəlmir. Xüsusilə, ABŞ Rusiya Federasiyasının Ukraynanın şərq hissəsindəki dörd vilayətə (söhbət Zaporojya, Xerson, Luqansk və Donetsk vilayətlərindən gedir) qanuni şəkildə nəzarət etmək hüququnu tanımır. Eyni zamanda da, Vaşinqton rus qoşunlarının bu əraziləri tərk etməsini tələb etmir. Həmçinin, ABŞ Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirəcək.

Qəzet Kiyevin mövqeyilə bağlı yazır: "Tramp administrasiyasının bəzi ideyalarını qəbul etmək Kiyev üçün çətin ola bilər, çünki Ukrayna Rusiyanın onun hər hansı ərazisinə yiyələnməsini rəsmən tanımaqdan imtina edib".

Həmçinin, nəşrin yazdığına görə, ABŞ Rusiyanın istəyinin əleyhinə olaraq, Ukrayna qoşunlarının sayını məhdudlaşdırmağı təklif etmir və Qərbin Kiyevə hərbi dəstəyini, yaxud bu ölkədə Avropa qoşunlarının yerləşdirilməsini də istisna etmir.
 

Dünyapress TV

Xəbər lenti