Oktyabr ayının 17-də - yəni cəmi 3 gün əvvəl "DogruXeber.az" informasiya portalında cənub bölgəsinin - Yardımlı rayonunun Separadi kəndi, Lənkəran rayonunun Alazəpin kəndi, Cəlilabad rayonunun Darılıq kəndi və Astara rayonunun Ərçivan qəsəbəsinin palçıqlı yollarından bəhs edərək, yazdığımız məlumatların "Kanal14" YouTube kanalında yayımlanan görüntülərini də sizlərə təqdim etmişdik.
İnkişafa "yox deyənlər" - Cənub bölgələrində yolların vəziyyəti // FOTO+VİDEO
Qeyd edək ki, sözügedən görüntülər "Kanal14"ün canlı efirində "Kamalın zamanı" proqramında yayımlanan kimi, şərh bölməsində bir çox izləyicilər, "bizim yol bundan da betərdir", "bizim küçəmizə oxşayır" və sair kimi fikirlər bildirirdilər. Bu isə o, deməkdir ki, izləyicilərimizin bir çoxlarının həssas yerinə toxunmuşuq. Elə həmin izləyicilərimizdən biri olan - müharibə əlili Hidayət Quliyev redaksiyamıza videogörüntü təqdim edib.
Onun bildirdiyinə görə sözügedən görüntüləri Xızı rayonunda, şəhid ailəsinin yaşadığı və şəhid Ravil Novruzovun adını yaşadan küçədə lentə alınıb.
Görüntülərdən də aydın görünür ki, sözügedən küçədə uzun illərdir ki, yolun təmiri - daha doğrusu bərpası işi aparılmayıb. Hətta, ümumiyyətlə aparılmayıb təsirini bağışlayır. Yağmursız quru vəziyyəti bu cür bərbad olan bir küçənin, yağışdan sonrasını təsəvvür etdikdə adamın o, küçədə yaşayan sakinlərə ürəyi ağrıyır.
Hələ bu azmış kimi, üstəlik yolun bir tərəfində "zibillik paliqonu"nun və çirkab sularının yaratdığı mənzərə, həmçinin havaların soyumasına baxmayaraq o mənzərənin ətrafa saçdığı üfunətli qoxu...
Qələmlə təsvir edərkən belə adamın ürəyi bulanır. Hələ, isti yay aylarında o çirkaba toplaşan böcəkləri demədik...
Bir sözlə, infeksiya mənbəyi...
Əlqərəz... Küçənin mövcud durumunu bu qədər aydın təsvir etməkdə məqsədimiz sizləri iyrəndirmək deyil, məqsədimiz Xızı rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanovun, eləcə də yerli bələdiyyənin diqqətinə təkrar çatdırmaq, yaddaşlarını təzələməkdir. Çünki, vətəndaş görüntülərdə özü də bildirir ki, bu barədə dəfələrlə yerli bələdiyyəyə də, Rayon İcra Hakimiyyətinə də müraciət edilib, lakin bu günə qədər mövcud problemin həlli istiqamətində hər hansı bir addım atılmayıb.
Şəhidin adını daşıyan və şəhid ailəsinin yaşadığı küçənin hazırkı vəziyyətinə aidiyyatı üzrə bələdiyyənin, İcra Hakimiyyətinin biganəliyi yerli sakinlərdə də onlara qarşı haqlı aqressiya yaradır.
Ümid edirik ki, ən qısa zamanda Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov mövcud problemin həlli üçün lazımi tədbirlərin görülməsinə başlayacaq. Belə olan halda redaksiyamıza göndərilərsə biz küçənin yeni görüntülərini də izləyicilərimizə təqdim edəcəyik.