Sabirabad rayonu Polad Tuğay kəndindən Faktinfo.az-a göndərilən məlumatda bildirilir ki,rayonun bəzi kəndlərində iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməsində ciddi çətinlik yaşanır.Heyvandarlıqla məşğul olan kənd sakinləri bu mövzuda çox narahatdırlar.
Şikayətçi rayonun Poladtuğay kənd sakini İntizam Hüseynov qeyd edir ki,iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsi onlarda narahatlıq yaradır.
"Mənim 14 baş iribuynuzlu mal-qaram var.Kənddə elə ailələr var 20,25 hətta 30 baş heyvanı var.Kənd sakinləri adından bildirirəm ki,kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu barədə ciddi düşünsün.Belə olmaz,mən heyvandarlıqda ciddi xəstəlikdən,qarayara xəstəliyindən bəhs edirəm. Bütün kənd sakinləri də mənim kimi narahatdırlar,onların adından bildirirəm ki,baytar həkiminin olmaması təkcə Sabirabad rayonu Poladtuğay kəndində narahatlıq yaratmır, bu rayonun Həşimxanlı,Çığırğan,Adadakənd,Safkoz kəndlərində də pis qarşılanır.
Sabirabad Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Fikrət Rəsulov məsələyə münasibət bildirib.
"Poladtuğay kənd sakini İntizam Hüseynovun narahatçılığından xəbərdaram.Onun yaşadığı və adını qeyd etdiyi kəndlərdə iribuynuzlu mal-qaranın qarayara xəstəliyinə qarşı vaksinasiya edilməməsinə mən də həssas yanaşıram.Düzgün qeyddir,iribuynuzlu mal-qara qarayara xəstəliyinə qarşı vaksinasiya edilməlidir.
Problem ondadır ki,qeyd edilən kəndlərə ali və orta təhsilli baytar həkim tapıb təyin edə bilmirik.Peşə təhsilli şəxsləri də işə götürməyə ixtiyarımız yoxdur,qanun yol vermir.Bildiyiniz qədər bu barədə ölkə rəhbərinin müvafiq sərəncamı var.Yəni problemin təməl prinsipi rayonun Polad Tuğay kənd sakini İntizam Hüseynova da izah etdiyim kimi,ali və orta ixtisaslı baytar həkim çatışmazlığıdır.Amma bununla belə çalışan qədər əlimizdən gələn köməkliyi kənd sakinlərindən əsirgəməyəcəyik."