Ardını oxu...
Sosial şəbəkələrdə yeni parklama qaydaları ilə bağlı narazılıqların ardı- arası kəsilmir. Belə ki, Bakının yol-nəqliyyat infrastrukturu həll edilmədən parkinq məsələsi gündəmə gəlir ki, bu da böyük yanlışdır. Avtomobil idarə edən vətəndaşların iddiasına görə, əvvəllər dayanma-durmanın sərbəst olduğu əksər küçələr hazırda parkinq üçün ayrılıb. Arxa məhəllələrdə dayanma-durma və ödənişli parklanma nişanı quraşdırması narazılıqlara səbəb olub. Əgər yaxınlıqda parklama yerləri yoxdursa, məhəlləarası küçəni xətləmək, ora dayanmağı qadağan edən nişan qoymaq nə dərəcə doğrudur?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklama siyasətini ciddi tənqid edən sürücülərin fikrincə, qurum həll olunası səbəbi qoyub, nəticə ilə əlləşir. Qeyd edək ki, avqust ayının əvvəlindən etibarən Bakıda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş parklanma qaydaları tətbiq olunur.
İctimai nəqliyyat şəbəkəsinin bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu imkanlarla yeni qaydaların nə qədər effektiv olacağı sual doğurur.
Maraqlıdır, insanlar avtomobilini harada saxlamalıdır?
Xatırladaq ki, millət vəkili Naqif Həmzəyev parlamentin ötən iclasında parklanma mövzusunu gündəmə gətirib. O bildirib ki, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar: “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”. Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin də yaradılmasını təklif edib.
TEREF.AZ-ın xəbərinə görə, mövzu ilə bağlı “Sherg.az"a danışan nəqliyyat eksperti İlqar Hüseynli isə hesab edir ki, hərəkət hissəsində olan parklanma məsələlərini həll etmək üçün birinci növbədə yolların və yol hərəkətinin təşkili nəzərdə tutulmalıdır: “Parklanmaların təşkili, düzgün idarə olunması həmin yaşayış məntəqəsində mobillik planının vacib tərkib hissələrindən biridir”.
Ekspertin fikrincə, ödəmələrin yalnız onlayn qaydada olması, tariflərin həddindən artıq yüksək olması, həqiqətən də, əhali üçün çox ciddi problemlər yaradır: “Bir müddət əvvəl ödənişli parklanma yerlərində quraşdırılan parkomatlar vasitəsilə insanlar rahat şəkildə ödənişini edirdi. Həmin vaxt parklanma yerlərinin sayı da kifayət qədər idi. Milyonlarla vəsait xərcləyib quraşdırdıqları parkomatlar hansı siyasətin qurbanı oldu ki, onu ləğv elədilər, bilmirəm. Bizim ölkəmiz üçün ən ideal variant məhz o idi. Axı hər kəsin onlayn ödəmə imkanı olmur. Bəzi insanlar SMS ödəmə qaydalarını bilmir. İnsanları maarifləndirmədən bu qaydaların tətbiqi əlavə vaxt itkisidir. Yeni tətbiq olunan sistem isə sadəcə fiaskodur. Şəhəri kateqoriyalara bölmək isə ümumiyyətlə yanlış siyasətdir. Avropa ölkələrində parklanma prosesini diqqətlə izləyən biri olaraq deyim ki, heç bir ölkədə bu cür diskriminasiya yoxdur. Parklanma yerlərində vahid tarif siyasəti tətbiq edilməlidir.
Amma ən pisi odur ki, artıq tətbiq olunan qaydalarla bağlı geriyə addım atmaq imkanı da yoxdur. Təsəvvür edin ki, hələ bu qaydalar 3-4 il ərzində Bakı Şəhəri İcra Hakimiyyəti ilə aparılan müzakirələr fonunda tətbiq edilib”.
İnsanların haqlı olaraq narazılıq etdiyini vurğulayan İ.Hüseynli deyib ki, Bakıda parklanma imkanları yaradan böyük dayanacaqlar yoxdur. Dünyanın əksər ölkələrində çoxmərtəbəli dayanacaqlar sayəsində bu cür problem yaşanmır: “Bakının infrastrukturu isə buna imkan vermir. Ümumiyyətlə, paytaxtımızın infrastrukturunu idarə olunan parklanma qaydalarına uyğunlaşdırmaq çətindir. Amma müvafiq qurumlar başa düşmək istəmir ki, Bakı yolları onların istədiyi qaydalarla uzlaşmır. Əksinə, onlar öz siyasətlərini Bakının infrastrukturuna uyğun qurmalıdırlar ki, bəlkə nəsə nəticə əldə etmək olar. Demək ki, məqsəd əhali üçün normal şərait yaratmaq yox, insanların cibinə girməkdir.
Maşın saxlamaq üçün normal yerlər olmayan bir şəhərdə bu qədər yüksək tariflər müəyyənləşdirməyin başqa açıqlaması ola bilməz”.
P.S. Teref.az qeyd edir ki, əsasda bu layihənin sosial yönümü nəzərə çarpmır. Hanı parklanma qaydalarında əlillər üçün hansısa bir qeyd? Bütün beynəlxalq konvensiyalar imza atan Azərbaycan hökuməti bu konvensiyaları heç nəzərə belə almır. Konvensiyalar cəhənnəm, Prezidentin fərmanı belə yada düşmür!! nƏlillər sadəcə insan sayılmır və ....
Teref.az
Ardını oxu...
«Təzadlar»a bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTK-lardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir.

Söhbət Bakıda və Sumqayıtda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs Şakir Hüseyn oğlu Hüseynov və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını süni surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özünə «Şakir» MTK yaradan oğul Tural Şakir oğlu Hüseynovun məhkəmələrdən keçən fəaliyyəti barədədir.

Qısa olaraq deyək ki, uşaqlarının boğazından kəsib özünə mənzil alıb rahat yaşamaq istəyən 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür… Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasını dəyişənlər də var…

Beləliklə, ötən həftə ata-bala mənzil tikintisi ilə məşğul olan Hüseynovların qanunsuz fəaliyyətindən zərərçəkmişlərdən bir neçəsi redaksiyamıza gəlmişdi. Təqdim edilən məhkəmə sənədləri və hökmlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin (Mirzə Xankişiyevin, Ələkbər Quliyevin və İlham Mahmudovun) qatığa «qara» deyərək 120 ailənin gününü göy əskiyə bükən Hüseynovlara necə vəkillik etdiklərinin şahidi oluruq (Hökm çoxsəhifəli olduğundan hazırda çapa hazırlanır, olduğu kimi təqdim ediləcək). Lakin nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə bu insanların fəryadını duyan hakimlər də olub və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin ədalətsiz hökmünün işə keçməsinin qarşısını alıblar, apellyasiya mərhələsində həmin hökm faktiki olaraq ləğv edilərək zərərçəkmişlərin mülkiyyət hüququ tanınıb…

Vicdan və hakimlər susanda qanun neyləsin???

Bircə epizodu xatırladaq: Təsəvvür edin, hakimlər -Mirzə Xankişiyev, Ələkbər Quliyev və İlham Mahmudov zərərçəkmişlər- Tahirə Nağıyeva, Şahin Mirzəyev, Çingiz Bəxtiyarov, Vüqar Nağıyev, Nina Popova, Ramin Rzayev, Rüfət Cəfərov, Adil Məmmədov (cəmi 120 zərərçəkmiş) məhkəmə istintaqında dindirilir, məlum olur ki, Hüseynovlar (Şakir, Vidadi, Tural və İlham Hüseynovlar-ata, qardaş və oğul) mütəşəkkil dəstə düzəldərək bu insanların (ümumilikdə 120 nəfərin) etibarından sui-istifadə etməklə və aldatma yolu ilə onların 4 milyon dollara yaxın pulunu dələduzluq yolu ilə talayıblar, bu azmış kimi hətta və 01 yanvar 2002-31 may 2007 və 31 may 2007-01 sentyabr 2007-ci illər ərzində 50 milyon manata yaxın pul vəsaitini isə saxta sənədlərlə Dövlət büdcəsindən yayındırıblar… Ən dəhşətlisi, məhkəmədə rəsmi sənədlərlə sübut olunub ki, Şakir Hüseynovun Sumqayıtda tikdiyi yaşayış binası ekspertizadan keçirilə bilməz və sökülməsi üçün FHN-nin iddiası əsasında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qərardad da çıxarıb, amma Şakir Hüseynov buna məhəl qoymadan vətəndaşları aldadaraq həmin qəzalı binadakı mənzillərin satışını həyata keçirib və s. Vergilər Nazirliyinin Bakı şəhər 1 saylı filialında fiziki şəxs kimi qeydiyyatda olduğu halda, o Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Sumqayıtda… çoxmənzilli binalar tikib, amma bir kimsə maraqlanmayıb ki, Dövlət Büdcəsinə bu qədər mənzillərin satışından ƏDV ödənilirmi?

Hakimlə niyə zərərçəkmişlərin göz yaşlarına inanmaq istəməyib???

Bu da yox… Bəs hakimlər sonda hansı hökmü çıxarıb? İnanmazsınız ki, bu qədər vurhavurdan sonra hakimlər nə edir… Məhkəmə özünü intihar həddinə çatdırmış zərərçəkmişləri sakitləşdirmək üçün əvvəlcə Şakir Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verir, sonra isə Azərb. CM-nin 70-ci maddəsini tətbiq edərək ona 5 il sınaq müddətinə cəza kəsib məhkəmə zalından evə buraxır…

***

...Amma Bakı Apellyasiya Məhkəməsinin hakimləri əli hər yerdən, hətta hakimlərdən də üzülmüş zərərçəkmişlərin göz yaşına inanmalı olur və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin məlum ədalətsiz hökmünü ləğv edərək Şakir Hüseynovun və qeyrilərinin barəsində ədalətli hökm verir: «Şakir Hüseyn oğlu Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin!».

Xatırladırıq ki, Azərbaycan Ali Məhkəməsi də bu hökmü qüvvədə saxlayır… Zərərçəkmişlər vurulmuş ziyanın ödənilməsini tələb etməkdə ikən... Şakir Hüseyn oğlu Hüseynov həbsxanada dünyasını dəyişir… Sonra kimlərinsə dəstəyi ilə oğlu Tural Hüseynov atasına məxsus mənzil inşaatı bazarında fəaliyyətini davam etdirmək üçün «Şakir» adlı MTK yaradaraq atasının tikinti missiyasını davam etdirmək qərarına gəlir (Hüseynovların cinayət dosyesi barədə daha ətraflı bəhs olunacaq).

***

Bu gün isə 7 saylı həbsxanadan «Təzadlar»a zəng edən Telman Ağalar oğlu Səlimov Şakir və Tural Hüseynovların onu necə aldadıb külli miqdarda pulunu mənimsəmələri və sonra da həbs etdirmələri barədə ətraflı müsahibə verdi…

(Davamı var)

«Təzadlar»
 
Ardını oxu...
“Şəkərli diabetdən əziyyət çəkən xəstələrə dərmanların, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarının verilməsində çətinliklər yaranır. Bəzən poliklinikaların qarşısında saatlarla növbə gözləməli oluruq”.

TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə şəkərli diabet xəstəsi İlhamə Mehdiyeva bildirib. Onun sözlərinə görə, son vaxtlar bəzən günlərlə xüsusilə şəkər ölçən test çubuqlardan ala bilmirlər:

“Həkimlər deyirlər ki, onlarda günah yoxdur, dərman və preparatları çatdırılan kimi paylayırlar. Başa düşmürlər ki, xəstələr bu dərman və testlərin hesabına yaşayırlar. Hər sahədə olduğu kimi dərmanları almaq üçün də tanış tapmaq lazımdır? Axı, çoxunun bu dərmanı, testləri almağa imkanı yoxdur. Aptekdəki qiymətləri hamı bilir”.

Diabetdən əziyyət çəkən başqa bir vətəndaş Meydan TV-yə danışıb ki, şəkərölçən aparat veriblər. Cihaz 20-30 mol ya əskik, ya da artıq ölçür. Bu isə ciddi məsələdir. Bundan əlavə, məsələn, Cəlilabadda dərman və aparatların verilməsində xeyli vaxtdır problem var. Kim qarşıya düşsə, ya şansı gətirsə, dərmanı vaxtında ala bilir. Bəzən də lazım olan insulini kəsirlə ala bilirlər.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2005-ci il tarixli, Nazirlər Kabinetinin 87 nömrəli qərarına əsasən insulin və digər şəkərsalıcı dərman preparatları ilə təminat hər ay həyata keçirilir. Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar isə 3-4 ayda bir verilir.

Bu ilin birinci yarısınada şəkərli diabet xəstəliyi reyestrində 284 min 656 xəstə qeydiyyatda olub. TƏBİB-dən biliriblər ki, onlar dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. Bu ilin birinci yarısında 4 min 839 yeni xəstə qeydiyyata alınıb.
 

Ardını oxu...
Taksi fəaliyyətində dəyişiklikləri nəzərdə tutan “Avtomobil nəqliyyatı haqqında” qanun oktyabrın 1-dən qüvvəyə minib. Amma hələlik sürücülər konkret tələblərlə üzləşməyib. DİA.AZ-ın məlumatına görə, Bizimyol.info xəbər portalına danışan sürücülər 2024-cü il yanvarın 1-dən mexanizmin tam işə düşəcəyini bildiriblər. Amma onlar dəyişikliklərdən narazıdır.

DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər xüsusi icazə vərəqi almalıdır. Bunun üçün 5 günlük təlim vacibdir. Rüsum 76 manatdır. Sərnişindaşıma üçün buraxılış vərəqi 150 manata veriləcək. Üstəlik, avtomobildə taxoqraf və taksometr olmalıdır. Bunların pulunu da sürücü ödəməlidir. Sonra 7 illik lisenziya veriləcək. Təxminən 500-700 manat xərcdən söhbət gedir. Sürücülər bu xərcə hazır deyillər.

Bizimyol.info xəbər portalına danışan Telman Mürsəlov böyük çətinliklə üzləşdiklərini deyir: “O məbləği ödəmək çətindir. Mən niyə 76 manat ödəməliyəm ki?! Bu boyda təcrübəm var. Mənim verməyə pulum yoxdur. Proses sadə olmalıdır. Nə qazanırıq ki, bu qədər pul ödəyək? Qazandığımız ərzağa güclə çatır. Əlavə nəsə ödəməyə gücümüz yoxdur. Mənim nə qədər ömrüm qalıb ki?! Bəlkə heç 7 il yaşamayacağam?”

Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər qarşısında başqa tələblər də qoyulur. Onlar hər xəttə çıxacaqları gün tibbi müayinədən keçməli, üstəlik, avtomobili texniki baxış üçün hansısa qaraja aparmalıdırlar. Sürücülər bunu mümkünsüz sayır. Hər şeydən əvvəl günün əvvəlində qarajlar texniki baxış keçirməyə hazır olmaya bilərlər. Heç kim xüsusi olaraq sürücünü gözləməyəcək. Elə tibbi müayinə haqda da bunu demək olar.

Tutaq ki, sürücü səhər tezdən tibbi müayinədən keçdi. Hər şeyin qaydasında olduğu dəqiqləşdi. Günorta spirtli içki və ya narkotik vasitə qəbul edə bilməzmi? Mümkündür, axı.

Ümumiyyətlə, ortaya çoxlu suallar çıxır. Dəyişikliklərin müəllifləri bildirir ki, məqsəd keyfiyyətli xidmət, qeyri-formal məşğulluğun qarşısını almaqdır. Bunu sürücüləri böyük xərcə salmamaqla etmək olmur? Sürücü hər səhər avtomobilini texniki müayinədən keçirəcəksə, onda hər il tətbiq olunan texniki baxış nə üçündür?

Görünən odur ki, rüşvət üçün yeni şərait yaranır. Təəssüf, ölkədə dəyişikliklər insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmir. Sanki bu yeniliklər camaatdan daha çox pul qoparmaq məqsədi daşıyır.
 
Ardını oxu...
“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”.

Bunu Baş nazir Əli Əsədov deyib. Qeyd edək ki, ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi "2023-cü il dövlət büdcəsi haqqında" Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil ocaqlarının tikintisi, yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib.

Təhsilin inkişafı istiqamətində infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir ki, bu baxımdan son 20 ildə paytaxtda və regionlarda 3 630 məktəb tiklib və ya əsaslı təmir olunub.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsi tikilib istifadəyə verilib. Beləliklə, bu gün təhsil sahəsində yeni infrastruktur yaradılır, məktəblər texniki avadanlıqla təchiz edilir. Bununla yanaşı hazırda bu sahədə mövcud olan bir sıra problemlərin təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyi bildirilir.

Ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək niyə mümkün olmur?

TEREF.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Baş nazirin fikirləri faktdır, ancaq ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər:

“Son zamanlar bizim bir çox müəllimlərin əmək haqqı 1000 manatdan yuxarıdır. Biz hazırda sosial siyasət yürüdürük. Büdcəmiz artdıqca sosial xərclər artır, hissə-hissə artımlar gedir. Fikrimcə, əmək haqqının artımını təhsilin keyfiyyəti ilə əlaqələndirmək doğru deyil. Çünki təhsilin keyfiyyətinə yanaşmamız düzgün deyil. Son islahatlardan biri kimi milli kurikulumları qəbul etmişik. Orada birbaşa izah olunur ki, ənənəvi təhsil proqramları bilikyönümlü idi, ancaq kurikulum şəxsiyyətyönümlüdür.

Yəni səriştəyə əsaslanan şəxsiyyətyönlü vətəndaş yetişdirməkdir. Ona görə də hələ təhsilə olan baxışlarımızı dəyişməmişik. Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü. Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı olduğunu deyək? Təhsilin keyfiyyəti nə 1-5 ildə aşağı düşə, nə də yuxarı qalxa bilər. Təhsilin keyfiyyəti sosial kateqoriyadır”.

Ekspert hesab edir ki, təhsilin keyfiyyətinə yanaşma dəyişməyincə, bu barədə söz demək olmaz:

“Heç bir rəsmi təhsil qanunvericiliyində orta məktəbin ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoyulmayıb. Bu gün bizim əsas vəzifəmiz şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz, növbəti zəfərlərimiz sübut edir ki, biz vətəndaş yetişdirmək sahəsində müəyyən işlər görmüşük. Bilik ümumi vəzifənin tərkib hissəsidir. Bu gün təhsil dövlətin prioritet siyasətlərindən biridir. 2013-cü ildə ölkə başçısı tərəfindən təsdiq olunan “Təhsil Sahəsində Dövlət Strategiyası”nda 5 hədəf müəyyənləşib ki, onlardan biri müəllim nüfuzunun yüksəldilməsidir.

Müəllim nüfuzunun yüksəldilməsi üçün əmək haqqının yüksəldilməsi kimi bütün variantlara əl atılır. İldən-ilə əmək haqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əmək haqqında müəyyən artımlar olur. Ölkənin büdcəsi, sosial xərclər artdıqca, müəllimlərin əmək haqqında artım gözlənilir”.

Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə, hərbidən sonra dövlət büdcəsindən ən çox vəsait təhsilə ayrılır:

“Bu vəsait yalnız müəllimlərin əmək haqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Bu gün Qarabağ ərazisində nə qədər məktəblər, bağçalar, universitet tikilməsi nəzərdə tutulur. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, ancaq müəllimlərin əmək haqqı üçün nəzərdə tutulur.

Bundan başqa, dövlət ali təhsil müəssisələrində ödənişsiz qəbul yerlərinin sayı ildən-ilə artır. İşğaldan azad edilən ərazilərin bərpası təmin olunur və yəqin ki, bundan sonra yenidən bütün diqqət təhsilin keyfiyyətinin yüksəldilməsi üçün layihələrə, qərarların qəbuluna gətirib çıxaracaq”.
 
Ardını oxu...
Bildiyimiz kimi FETÖ-nun Turkiyədə aktiv olduğu zamanlarda dünyanın hər yerindən olduğum kimi, Azərbaycandan da bir çox gənclər uzmanliq təhsili almaq üçün adı çəkilən ölkəyə getdilər. Bu gənclər təhsil aldıqları dövrdə orada dolanışıqları çətin olduğu üçün, həm də məvacib ala bilmədiklərindən FETÖ-culara qosuldular. Təhsillərini bitirdikdən sonra ölkəmizə dönüş edən həmin gənclər, Azərbaycana qayıtdıqdan sonra özləri kimi gənclərə yol açmağa başladılar. 2015-ci ildə Turkiyədə baş vermiş çevrilişə cəhd hadisəsindən sonra onlarin bəziləri təcili Həcc ziyarətinə getdilər. Bu Həcc ziyarətinə gedənlərin içərisində Barat Yusubov da var idi. Həmin Barat Yusubov ki, hal-hazırda FETÖ-cu həkimlərin əksəriyyətini başına yığaraq EGE hospitalda və HB Güven klinikasinda işləyirlər.
Qeyd edək ki, bu klinikalarin ikisinidə Barat Yusubov idarə edir. Amma bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov həm də Yeni Klinikanın rəhbəridir. Özünüz fikirləşin, necə ola bilər ki, Barat Yusubov tək canı ilə 3 klinikanı idarə edə bilsin. Barat Yusubov indi də FETÖ-cu dostlarının koməyi ilə FETÖ-cuları Yeni Klinikaya və dövlətin digər muəssisələrinə yerləşdirir.
Bir məsələni də nəzərinizə çatdıraq ki, Barat Yusubov bu yaxınlarda öz həyat yoldaşını və doğma oğlunu tabeçiliyinə işə qəbul edib.
Araşdırmalarımız davam edir. Mövzunu diqqətdə saxlayacağıq.
gundelik baki.com
 
 


 

Ardını oxu...
Astara təhsilində qəribə hadisələr baş verir. Belə ki, son 1 ayda rayon təhsilinə cavabdeh olan ən səlahiyyətli 2 şəxs istefaya gedib. Öncə, sentyabr ayında Astara Təhsil sektoru müdiri Ülviyyə Əliyevə şok bir şəkildə vəzifədən getdi, onun yeri dolmamış, bu dəfə Lənkəran-Astara regional müdiri Elxan Nəcəfov ani bir şəkildə yoxa çıxdı.
Hər ikisi şəxsin, mövcud vəzifədə cəmi 1 il qaldıqlarını və getdikləri yeni vəzifələrin, daha az cəlbedici olduğunu nəzərə alanda, bu gedişlərin, qeyri-iradi və məcburi olduğu aydın olur. Hər halda, Elxan Nəcəfoun getdiyi Naxçıxan-kiçik və büdcəsi məhdud bir yerdir və orda, Təhsil Nazirinin müavini olmaq, demək olar ki, Azərbaycanda “regional müavini” olmaq kimi bir şeydir. Yaxud da Astara sektor müdiri Ülviyyə Əliyevanın getdiyi yeni vəzifə-icra hakimi müavini vəzifəsi, faktiki olaraq, ikinci dərəcəli və aşağı bir vəzifədir.
Bəs, yaxşı bu şok gedişlərin, qeybolmaların səbəbi nədir? Niyə Elxan Nəcəfov dərs ilinin ortasında, işçilərini və minlərcə təhsilverənləri tək buraxıb, hər şeyi “tərsə-mayallaq” qoydu? O, nədən qaçdı?
Xatırladaq ki, cəmi 3 ay öncə, “Astaranın Gənc Alimləri“nin nümayəndəsi Emin Mirzəli mediaya verdiyi müsahibədə Elxan Nəcəfovun işdən getməyə məcbur qalacağını demişdi. Daha öncə Astara təhsil müdiri Rəşad Həsənovun aqibətini də doğru proqnozlaşdıran ekspert, bu dəfə də yanılmadı.
Emin Mirzəlinin məsələyə reaksiyası maraqlı oldu:
“Elxan Nəcəfovun gedişi surpriz olmadı. Yadınızdadırsa, biz bu ilin iyul ayında verdiyimiz müsahibədə, Elxan Nəcəfovun tezliklə qaçmaq məcburiyyətində qalacağını demişdik. Bəli, elm, yenə də gücünü sübut etdi və alimlər qalib gəldi! Biz Elxan Nəcəfova son dəfə xəbərdarlıq edib, ona payıza qədər vaxt vermişdik. Konkret olaraq, onun qarşısında, rayonumuzdakı 3 böhranlı məsələni qaldırmışdıq: 1)Şəhər 6 saylı məktəbinin qalmaqallı direktoru Ülviyyə Bayramova barədə ciddi tədbir görmək. 2)Burzubənd məktəbinin mafioz direktorunu nəhayət işdən qovmaq. 3)Astara təhsil sektorunun məsləhətçisi, biabırçı videolarla təhsil mühitini korlayan Elçin Mirəzadəni qovmaq.
Əlbəttə, Elxan Nəcəfov görünür ki, onlardan çoxlu pul aldığı üçün ya da həm də kimlərsə tərəfindən tapşırıldıqları üçün, bu ləyaqətsiz şəxslərlə bağlı tədbir görmədi. Buna görə də biz avqust ayında LARTİ-ya və rəhbərinə ciddi mesaj göndərdik: payızda “savaşa” hazır olun! Əlbəttə, bu “savaş”da uzun müddət dirənə bilməyəcəklərini və əllərindəkini də itirib biabır olacaqlarını gördülər. Elxan Nəcəfov təslim olub, “aradan çıxdı”. Onlar, bizim gənc alim, şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevi məhkəmə vasitəsilə əngəlləyəcəklərini düşündülər, lakin orda da umduqlarını əldə edə bilmədilər. Daşqın bəy o məktəbə bərpa olundu və bu isə, faktiki olaraq, onlar üçün “troya atı” demək idi. Bir şeyi deyim ki, E. Nəcəfov təbii ki, dürüst birisi deyildi, amma öncəki müdir Rəşad Həsənovdan fərqli olaraq “helmli” olduğu üçün, vəziyyətin nə qədər çətin olduğunu anlayıb, “canını” vaxtında qurtardı.
Lakin, hər halda adı, saytlarda hallandığına görə, Təhsil Nazirliyində yenidən işə düzəlməsi çox çətin idi və məcbur qalıb uzaq Naxçıxana üz tutdu. Bu, onun üçün sürgün kimi bir şeydir.
Ülviyyə Əliyevaya gəlincə: onun da getməsi sözsüz ki, məcburiyyətdən oldu. Əgər bilsəydi ki, Astarada bu qədər ifşalarla qarşılacaq, heç əvvəldən Lənkərandan durub buraya gəlməzdi.
“Bəs bundan sonra Astara və region təhsilini nə gözləyir?” sualına isə gənc alim bunu dedi:
“Bundan sonra Astarada və regionda təhsilə rəhbər gələcək olan şəxslərin “qurd ürəyi” yemiş olması lazımdır. İnternetdə sadəcə yüngülvari bir axtarış edəndə, burda vəziyyətin nə qədər dramatik və təhlükəli olduğu aydın olur. Odur ki, buraya rəhbər gələcək olan şəxsin, o qədər də ağıllı, savadlı və uzaqgörən birisi olacağını düşünmürəm. Astara və region təhsilində isə yaxın zamanda, irəliyə doğru ciddi bir dəyişiklik gözləmirəm”.
 //realmedia.az//
 
Ardını oxu...
Ucu-bucağı görünməyən hasar. Maşınla yol gedirsən, hasar bitmir ki, bitmir. Ələt yolunun üstündə, dənizlə yolu ayırmış bu hasarı kim çəkib, niyə çəkib, bilinmir. Dənizə getmək istəyənlər gərək xeyli piyada yol qət etsin. Amma bu hasarla iş bitmir. Hasar qurtarır, sonra villalar, bağ evləri, iaşə obyektləri gəlir. Bir sözlə, dəniz kənarındakı maneələr bağırsaq kimi uzanıb gedir.

Qanun nə deyir, durum nədir?

Bakının, eləcə də Azərbaycanın digər bölgələrinin Xəzər sahili ərazilərində bu cür problemləri görməyə adətkərdə olmuşuq. Halbuki, Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd edilir ki, Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Qanunda o da qeyd edilir ki, hər hansı bir ərazi icarəyə götürülürsə və orada hasarlanma zəruridirsə, o halda da uzunluq 200 metri keçməməli və avtomobillər üçün 6 metr enində keçid qoyulmalıdır. Yəni bir obyektlə o biri obyekt arasında avtomobillərin, vətəndaşların rahat, maneəsiz hərəkəti üçün şərait yaradılmalıdır. Amma biz nə görürük? İstər reportaj üçün getdiyimiz Ələt yolunun üzərində, istər Şıx çimərliyində, istərsə də Novxanı qəsəbəsinin sahilyanı ərazisində bu qanunlardan, prezident sərəncamlarından əsər-əlamət görünmür.

Ələt yolunda gördüyümüz mənzərəni eynilə Şıx çimərliyində də müşahidə etdik. Sırayla düzülən, insafən, adı qulağa xoş gələn istirahət mərkəzləri dənizi ağuşuna alıb. Nəinki 200 metrdən bir, heç 1 kilometr yol qət edəndən sonra belə piyada keçidi yoxdu. Giriş də pulludur. Dənizi bağlamaq bir qanun pozuntusu, üstəlik, ora vətəndaşı pulla buraxmaq başqa bir qanun pozuntusudur. Təbii ki, qanunda da göstərilir ki, sahilin müəyyən bir hissəsi icarəyə götürülə, orada iaşə obyekti qurula bilər. O da doğrudur ki, bunu edən adam pullu xidmət göstərəcək vətəndaşa. Amma qanunda o da qeyd edilib ki, vətəndaşlara bütün sahil zolağı tam qapadıla bilməz. Şıx çimərliyi faktiki olaraq başdan-başa vətəndaşların üzünə bağlıdı. Ərazidə fəaliyyət göstərən obyektlərə baş çəkdik. Hansı qanunla dənizi başdan-başa hasarladıqlarını, nədən girişdə pul aldıqlarını sormaq istədik, amma jurnalist olduğumuzu biləndən sonra heç kim bizimlə danışmaq istəmədi.

Müştəri kimi keçib, dənizə istirahət üçün gələn adamlarla söhbət etdik. Məlum oldu ki, girişdəki ödəniş buradakı stol-stullardan istifadə üçündü. Məsələn, sən sadəcə dənizdə çimməyə gəlirsənsə, obyektin təklif etdiyi heç bir xidmətdən yararlanmasan belə, yenə girişdə ödəniş eləməlisən. Başdan-başa istirahət mərkəzləriylə zəbt edilmiş Şıx çimərliyinə pulsuz ayaq qoymaq, demək olar ki, yasaqdı. Kiçik ərazilər var ki, orada gəzə, çimə bilərsən, amma oranın da ərazisi təmiz deyil, baxımsızdı.

Hövsanda bir yerə giriş var, o da…

Hövsanda da eyni hal mövcuddur. Hövsandan Türkan qəsəbəsinə doğru dəniz sahili işğal edilib. Nə 2003-cü ildə Prezident Heydər Əliyevin verdiyi sərəncam, nə də 2015-ci ildə Prezident İlham Əliyevin imzaladığı “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” fərman işbazların əl-qolunu bağlamayıb.

Qanuna görə, Xəzər dənizinin sahil zolağı özəlləşdirilə bilməz. Amma Hövsan ərazisində sahil zolağında iaşə obyektləriylə yanaşı, villalar da tikilib. Qanun isə deyir ki, bu, 130 metrdən az məsafədə olmamalıdır.

Hövsanda doğulan, uşaqlığı burada keçən Nizaməli Süleymanov deyir ki, Hövsan qəsəbəsi əvvəllər belə deyildi. O, 90-cı illərin sonuna qədər Xəzərin Hövsan ərazisindəki çimərliklərinə sərbəst gediş-gəlişin olduğunu söyləyir.

“Əvvəllər buralara giriş sərbəst idi. Heç yer zəbt olunmamışdı. İstədiyimiz yerdə dincəlirdik. Əncir bağları vardı, kölgəsində sərinlənirdik. İndi hər yer bağlıdı. Bircə bura açıqdı. Onun da yolu yaxşı deyil. Hər yerdə ya obyektlərdi, ya da villalar. Buranın da şəraiti yoxdu, hər yer zibillikdi, yayda bura gəlib çimmək olmur, ya da ailəylə gəzib-dolanmaq olmur. Obyektlərə də girmək maddi duruma görə Hövsan camaatı üçün çətindi”, – deyə Nizaməli Süleymanov qeyd edir.

Müsahibimiz bildirir ki, Hövsanda yaşayanlar pulsuz çimərliklərə üz tutur. Onun sözlərinə görə, yaxınlıqda belə bir ərazi yoxdu, məcburiyyətdən insanlar Mərdəkana, Türkana getməli olur: “Buranın yolları da bərbaddı, xeyli uzadıblar, evlər tikilib, ərazilər satılıb. Natəmizlik var, burada təmizlik aparılsa, insanlar üçün şərait yaradılsa, heç kim yayda başqa çimərliklərə getməz, elə Hövsanda dincələr”.

Novxanının da tam “işğal”ına az qalıb

Novxanı qəsəbəsinin sahilyanı ərazilərində də eyni halları müşahidə etdik. Düzdür, burada pulsuz çimərliklər, boş ərazilər var. Amma orada istirahət etmək bir az müşkül məsələdir. Eynən Hövsandakı kimi, gigiyena qorunmur, üstəlik, boş ərazilərə getmək o qədər asan deyil. Yollar dolanbac, nahamardı.

Qarşıdakı illərdə Novxanın da dənizin sahil zolağı işğal olunacaq. Bunu yazmağa gördüklərimiz əsas verir. Burada hasara alınmış, amma hələlik heç nə tikilməyən yerlər var. Amma görünən odur ki, tezliklə burada iaşə obyektləri, ya da bağ evləri ucaldılacaq. Novxanın sahil zolağıyla istər şimala doğru – Corata, istər cənuba doğru – Fatmayı bağları istiqamətində də eyni mənzərələrə şahidlik etdik.

Pulsuz çimərliklərdə söhbət etdiyimiz şəxslər deyirlər ki, obyektlərdə dincəlmək orta statistik azərbaycanlının büdcəsinə uyğun deyil. Onların fikrincə, pulsuz çimərliklər və bağlı olmayan yerlərin də şəraiti yoxdu, hər yer zibildir.

Sözardı

Uzun bir yol qət etdik. Şıx çimərliyindən Ələtə qədər, Hövsandan Novxanıyadək, oradan Corat və Fatmayının sahilyanı zonalarında gördüklərimiz, müşahidələrimiz deyir ki, Xəzər dənizinin sahil zolağı, ələlxüsus istirahət üçün yararlı ərazilər zəbt edilib. Dəfələrlə ölkə rəhbərliyi səviyyəsində uyğun qanunlar, sərəncamlar və fərmanlar imzalansa da, onların heç biri icra olunmur, ən maraqlısı, buna görə heç kimə “gözün üstə qaşın var” deyən də yoxdu. Azərbaycanın heç bir yerində icazəsiz daşı daş üstünə qoymaq mümkün deyil. Dərhal icra hakimiyyəti, bələdiyyə, polis başının üstünü alır, icazə, sənəd tələb edirlər. Aydın məsələdir ki, dəniz sahilində tikilən obyektlərə və evlərə qanunun bütün tələblərini qorumaqla sənəd vermək mümkün deyil. O halda, tikintiyə icazəni kim verib? Kim və nəyin müqabilində qanunların, prezident sərəncamlarının ayaq altına salınmasına göz yumub?

Ramin Deko - Pressklub.az
 

Bu gün Bakıda, digər şəhər və rayonlarda yüzlərlə erməni var. O cümlədən də Xankəndi ermənisi... Svetlana Qurgenovna da onlardan biridir.

Xankəndidə doğulub. 17 yaşından Bakıda yaşayır. Qorxusuz, həyəcansız. İllərlə münaqişə xəbərlərini yaxından izləyib.

Elə bu gün də proseslərlə maraqlanır. Qarabağ ermənilərinə sözü də var.

DİA.AZ "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:


Ardını oxu...
Azərbaycan Sahibkarlar Konfederasiyasının Goranboy rayonu üzrə nümayəndəsi Rüstəm Nağıyev Azinforum.az saytına verdiyi eksklüziv videomüsahibədə sahibkarları narahat edən bəzi problemlərdən və onları doğuran səbəblərdən danışıb.

Müsahib bildirib ki, xüsusilə də Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun fəaliyyəti rayonda ciddi etirazlara səbəb olur. Rüstəm Nağıyev həmçinin “Azərpambıq” şirkətinin Goranboy üzrə nümayəndəliyinin də sahibkarlara süni problemlər yaratdığını qeyd edib. İlqar Məhərrəmov isə Azinforum.az-a açıqlamasında problemlərin mövcudluğunu obyektiv amillərlə izah edib.

DİA.AZ sözügedən videomüsahibə ilə sizi tanış edir:

 

Dünyapress TV

Xəbər lenti