Sosial şəbəkələrdə yeni parklama qaydaları ilə bağlı narazılıqların ardı- arası kəsilmir. Belə ki, Bakının yol-nəqliyyat infrastrukturu həll edilmədən parkinq məsələsi gündəmə gəlir ki, bu da böyük yanlışdır. Avtomobil idarə edən vətəndaşların iddiasına görə, əvvəllər dayanma-durmanın sərbəst olduğu əksər küçələr hazırda parkinq üçün ayrılıb. Arxa məhəllələrdə dayanma-durma və ödənişli parklanma nişanı quraşdırması narazılıqlara səbəb olub. Əgər yaxınlıqda parklama yerləri yoxdursa, məhəlləarası küçəni xətləmək, ora dayanmağı qadağan edən nişan qoymaq nə dərəcə doğrudur? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklama siyasətini ciddi tənqid edən sürücülərin fikrincə, qurum həll olunası səbəbi qoyub, nəticə ilə əlləşir. Qeyd edək ki, avqust ayının əvvəlindən etibarən Bakıda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş parklanma qaydaları tətbiq olunur. İctimai nəqliyyat şəbəkəsinin bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, bu imkanlarla yeni qaydaların nə qədər effektiv olacağı sual doğurur. Maraqlıdır, insanlar avtomobilini harada saxlamalıdır? Xatırladaq ki, millət vəkili Naqif Həmzəyev parlamentin ötən iclasında parklanma mövzusunu gündəmə gətirib. O bildirib ki, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar: “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”. Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin də yaradılmasını təklif edib. TEREF.AZ-ın xəbərinə görə, mövzu ilə bağlı “Sherg.az"a danışan nəqliyyat eksperti İlqar Hüseynli isə hesab edir ki, hərəkət hissəsində olan parklanma məsələlərini həll etmək üçün birinci növbədə yolların və yol hərəkətinin təşkili nəzərdə tutulmalıdır: “Parklanmaların təşkili, düzgün idarə olunması həmin yaşayış məntəqəsində mobillik planının vacib tərkib hissələrindən biridir”. Ekspertin fikrincə, ödəmələrin yalnız onlayn qaydada olması, tariflərin həddindən artıq yüksək olması, həqiqətən də, əhali üçün çox ciddi problemlər yaradır: “Bir müddət əvvəl ödənişli parklanma yerlərində quraşdırılan parkomatlar vasitəsilə insanlar rahat şəkildə ödənişini edirdi. Həmin vaxt parklanma yerlərinin sayı da kifayət qədər idi. Milyonlarla vəsait xərcləyib quraşdırdıqları parkomatlar hansı siyasətin qurbanı oldu ki, onu ləğv elədilər, bilmirəm. Bizim ölkəmiz üçün ən ideal variant məhz o idi. Axı hər kəsin onlayn ödəmə imkanı olmur. Bəzi insanlar SMS ödəmə qaydalarını bilmir. İnsanları maarifləndirmədən bu qaydaların tətbiqi əlavə vaxt itkisidir. Yeni tətbiq olunan sistem isə sadəcə fiaskodur. Şəhəri kateqoriyalara bölmək isə ümumiyyətlə yanlış siyasətdir. Avropa ölkələrində parklanma prosesini diqqətlə izləyən biri olaraq deyim ki, heç bir ölkədə bu cür diskriminasiya yoxdur. Parklanma yerlərində vahid tarif siyasəti tətbiq edilməlidir. Amma ən pisi odur ki, artıq tətbiq olunan qaydalarla bağlı geriyə addım atmaq imkanı da yoxdur. Təsəvvür edin ki, hələ bu qaydalar 3-4 il ərzində Bakı Şəhəri İcra Hakimiyyəti ilə aparılan müzakirələr fonunda tətbiq edilib”. İnsanların haqlı olaraq narazılıq etdiyini vurğulayan İ.Hüseynli deyib ki, Bakıda parklanma imkanları yaradan böyük dayanacaqlar yoxdur. Dünyanın əksər ölkələrində çoxmərtəbəli dayanacaqlar sayəsində bu cür problem yaşanmır: “Bakının infrastrukturu isə buna imkan vermir. Ümumiyyətlə, paytaxtımızın infrastrukturunu idarə olunan parklanma qaydalarına uyğunlaşdırmaq çətindir. Amma müvafiq qurumlar başa düşmək istəmir ki, Bakı yolları onların istədiyi qaydalarla uzlaşmır. Əksinə, onlar öz siyasətlərini Bakının infrastrukturuna uyğun qurmalıdırlar ki, bəlkə nəsə nəticə əldə etmək olar. Demək ki, məqsəd əhali üçün normal şərait yaratmaq yox, insanların cibinə girməkdir. Maşın saxlamaq üçün normal yerlər olmayan bir şəhərdə bu qədər yüksək tariflər müəyyənləşdirməyin başqa açıqlaması ola bilməz”. P.S. Teref.az qeyd edir ki, əsasda bu layihənin sosial yönümü nəzərə çarpmır. Hanı parklanma qaydalarında əlillər üçün hansısa bir qeyd? Bütün beynəlxalq konvensiyalar imza atan Azərbaycan hökuməti bu konvensiyaları heç nəzərə belə almır. Konvensiyalar cəhənnəm, Prezidentin fərmanı belə yada düşmür!! nƏlillər sadəcə insan sayılmır və .... Teref.az