Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq deyil, ay Azər Qocayev... Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, icra nümayəndəsi məni eşitmir... Bütün zamanlarda ağsaqqallar və gənclər problemi olub. Söhbəti obrazlı desək gənclərin ağsaqqaları əvəz etməsindən, daha konkret desək, gənc nəslin yaşlı nəsli əvəz edə bilməsindən gedir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Söhbət təkcə öyüd-nəsihəti dinləməkdən getmir, həm də yaşlı nəslin həyat təcrübəsindən faydalanmaq, istifadə etmək gənclərimiz üçün çox vacibdir. Son 10-15 ildə cəmiyyətimizdə belə bir sifariş var idi: yaşlı nəsil öz yerini gənc nəsilə verməli, ölkənin idarə olunmasında gənclərə meydan vermək lazımdır və s. Bütün bunlar hamısı təbii prosesdir. Amma bu asan məsələ də deyil. Söhbət dövlətin idarə olunmasından gedir. Gənc nəsil buna hazırdırmı..? Axı, idarəetmənin gənclərə ötürülməsi, ucdantutma yaşlı, təcrübəli nəsli uzaqlaşdırıb yerinə gəncləri təyin etmək deyil ee... Çox təəssüf ki, bir çox sahələrdə, təhsildə, səhiyyədə, nazirliklərdə bu məsələ çox qeyri-ciddi formada aparıldı. Savadlı, təcrübəli, peşəkar, öz işini əla bilən təhsil, səhiyyə, o cümlədən digər sahələrin nümayəndələri vəzifələrdən uzaqlaşdırıldı və onları gənclər əvəz elədi. Bir daha deyirik ki, biz gənclərin önə çəkilməsinin əleyhinə deyilik. Çünki biz özümüzdə gənc nəslin nümayəndələriyik. Amma... Təsəvvür edirsiniz, çox gənc bir oğlana 100-150 minlik rayonun idarəedilməsi həvalə edilir. Və bəh-bəhlə deyirlər kİ, bu cavan kadr ingiliscə əla bilir. Cənablar, Gədəbəyin, yaxud Qusarın ucqar kəndlərini idarə etmək üçün ingilis dilinə nə ehtiyac var..? Əlbəttə, dil bilmək lazımdır. Amma əyalət rayonunda işləyən gənc rəhbər işçi ilk növbədə əkinin-biçinin, torpağın, bir az obrazlı desək qoyunun, keçinin, mal-qaranın, pambığın, baramanın dilini bilməlidir. Və ən əsası gənc kadr yerlərdə yaşlı nəsillə, ağsaqqallarla görüşməli, onların həyat təcrübəsindən faydalanmalıdır. Axı, bunlar üçün ingilis dilini bilmək, yaxud hansısa xarici universitetin sertifikatı bəs eləmir... Əgər gənc kadrın işi kabinetdə oturub tellərinə jele yaxmaq, sonra da fotioessiya keçirməkdirsə, vallah birazdan çox ciddi problemlərlə üz-üzə qalacağıq. Son günlər Gədəbəyin Söyüdlü kəndində baş verənləri görəndə, istər-istəməz gənc kadrlar problemi yada düşür. Biz bu olaya müdaxilə etmək istəmirik, yəqin ki, yaxın zamanda hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı ciddi materialı ortaya qoyacaqlar. Amma rayonun rəhbərliyi niyə məsələnin bu həddə qədər gəlib çatmasına imkan verib..? Biz kimisə ittiham etmək istəmirik ee.... Gəlin etiraf edək ki, yaşlı, təcrübəli icra başçıları pis-yaxşı rayonları idarə edirdi, rayon sakinləri ilə dil tapa, problemlərin qarşısını ala bilirdi...çıxış yolu tapırdı... Axı, ömründə ayağı Kəlbəcərə dəyməyən, əkin-biçinin nə olduğunu bilməyən Kəlbəcərin yeni icra başçısı, Cavid Qurbanovun qohumu Azər Qocayev deyəndə ki, mən Ağdaban kənd icra nümayəndəsinin müavini Teymur Kərimova söz deyə bilmirəm...adam deməyə, yazmağa söz tapmır. Əgər icra nümayəndəsi səni eşitmirsə, ay Azər Qocayev, niyə o kresloda oturmusan..? Deməli, sən ya onun qarşısında başı aşağı, gözü kölgəlisən, ya da başqa məsələlər var. Necə yəni rayonun icra başçısı hansısa kəndin icra nümayəndəsinə söz deyə bilməsin... Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq demək deyil ee... Vallahi, bizi qınamayın, adamın yadına... Ə.Haqverdiyevin sözləri düşür: “De, sən öl Həsən ağanın qohumusan?”, “Sən Həzrət Abbas Həsən ağanın qohumusan?”, “Onda gəl min boynuma”... İndi Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumusan, gəl min boynumuza... Söhbət təkcə kiminsə qohumu olmaqdan, səriştəsizlikdən getmir ee.... Bizim əlimizdə bu məsələlərlə bağlı elə daşdan keçən faktlar, dəlil-sübutlar var ki...açıb sandığı töksək pambığı yer yerindən oynayar, hamı dəhşətə gələr... Eldar Həsənov Kəlbəcərlidir deyə, ətraf rayonlarda təxribat törətməlisiniz...? Siz bununla nələrə təsir etmək istəyirsiniz..? İçinizdəki Eldar sevgisini bu yolla çıxartmaq istəyirsiniz..? Kəlbəcərin polis rəisi, Eldarın qohumu Haqverdi Əkbərov nə məqsədlə ətraf rayonlarda, Gədəbəydə, Daşkəsəndə problem yaratmaq istəyirdi, amma məqsədinə nail ola bilmədi... İcazə verin düşünək ki, bütün bunlar hamısı bir mərkəzdən idarə olunur. Və məqsəd ölkədə qarışıqlıq yaratmaq...necə deyərlər bulanıq suda balıq tutmaq sevdası... Buna nail ola bilməyəcəksiniz....Dövlətin başında döyüşdən çıxmış Müzəffər Prezident dayanır. Biz hamılıqla cənab Prezidentimizin ətrafındayıq. P.S. Günün birində onsuzda cənab Prezidentlə görüşəcəyik, əgər bizi öldürməsələr.
Cəlilabadın Sərhədabad kəndində yaşayan Pərviz Ağayev illərdir miopatiya xəstəliyi ilə mübarizə aparır. Kənd sakini orta məktəbi bitirəndən sonra hərəkət qabiliyyətini itirməyə başlayıb. İndi o, ümumiyyətlə, gəzə bilmir. Amma Pərviz Ağayev xəstəliyindən çox, evinin qəzalı vəziyyətdə olmasına görə narahatdır.
“Ev uçsa, şəxsən mən sağ qalmayacağam”
Sərhədabad kənd sakini birinci qrup əlildir. Xəstəliklə bağlı çəkdiyi əziyyət barədə çox danışmaq istəmir. Hətta fotosunun yayılmasını da arzulamır. Pərviz Ağayev ayağa qalxmaq üçün çox çalışıb. Xeyli yerdə müalicə kursu keçib. Son illər ümidsizliyə qapılıb. Hesab edir ki, indi daha çox evinin vəziyyəti haqda düşünməlidir. Çünki uşaqları balacadır, onlar qəzalı tikilidə yaşamamalıdır.
“İki körpə övladım var. Valideynlərimlə yaşayıram. Yaşadığımız ev qəzalı vəziyyətdə olduğundan, hər an uça bilər. İstəyim odur ki, qanunvericiliyə uyğun addım atsınlar. Yeni ev tikilməlidirsə, tiksinlər. Təmir olunmalıdırsa, təmir etsinlər. Mən konkret tələb də irəli sürmürəm. Əlil adamam, körpələrimlə bu vəziyyətdə evdə yaşamalı oluram. Gecə saatlarında bu ev uçsa, faciə baş verəcək, körpələrimlə altında qalacağıq. Bütün günü evdə oluram. Heç yerə çıxa bilmirəm. Bu evdə uçqun olsa, şəxsən mən sağ qalmayacağam. Çox xahiş edirəm ki, nə düşürsə, onu etsinlər”.
Pərviz Ağayev problemin həlli üçün uyğun addımları atıb. O, müxtəlif dövlət orqanlarına müraciət ünvanlayıb, lazımi sənədləri əldə edib. Son söz Fövqəladə Hallar Nazirliyinindir. Amma kənd sakini deyir ki, nazirlik bu il heç bir baxış keçirmədən onun əleyhinə qərar verib.
“Çatlar və deformasiya qeydə alınıb”
Pərviz Ağayev əvvəlcə 2023-cü il fevralın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə zəng vurub. Bundan sonra martın 30-da Geoloji Kəşfiyyat Agentliyinin Axtarış-planaalma və monitorinq şöbəsinin layihə meneceri Temuraz Ələkbərov Sərhədabad kəndinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirib. Bunu özü imzaladığı və möhürlədiyi arayışda da təsdiq edir. Arayışda yazılıb:
“Fərdi tikilinin yerləşdiyi ərazidə çoxillik atmosfer yağıntılarının təsirindən kənd ərazisində yayılmış örtük çöküntülərinin və geoloji quruluşunda iştirak edən bərkiməmiş çöküntülərin su ilə doyması nəticəsində ilişmə qüvvəsinin və süxurların dayanıqlığının zəifləməsi ağırlıq qüvvəsinin təsiri altında sözügedən ərazidə çökmə prosesinin yaranmasına zəmin yaradıb. Bu proseslər nəticəsində tikilinin istinad və çöl divarlarında müxtəlif ölçülü çatlar və deformasiya prosesi qeydə alınıb”.
Hələ 2021-ci il fevralın 19-da tərtib olunan texniki baxış aktında da fərqli şeylər yazılmayıb. Burada “bina texniki cəhətdən yolverilməzdir” ifadəsi aydın oxunur.
Aprelin 14-də Geoloji Kəşfiyyat agentliyinin idarə heyətinin sədri Əli Əliyev Pərviz Ağayevə məktub göndərib. Burada lazımi araşdırmaların aparıldığı, arayışın Cəlilabad Rayon İcra Hakimiyyətinə göndərildiyi bildirilib. İcra hakimiyyəti də mayın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edib. Məktubda tədbir görülməsi, vətəndaşa məlumat verilməsi xahiş olunub.
Nazirlik üzərinə məsuliyyət götürmür
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi mayın 8-də Pərviz Ağayevin müraciətinə reaksiya verib – Cəlilabad Rayon İcra Hakimiyyətinə məktub göndərilib. İcra hakimiyyəti bununla bağlı kənd sakinini məlumatlandırıb. Agentlik üzərinə məsuliyyət götürmək istəmədiyini bildirir.
İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Sahil Qənbərlinin imzasıyla vətəndaşa göndərilən məktubda vurğulanıb ki, fiziki və hüquqi şəxslərin mülkiyyətindəki əmlakı sığortalamalıdır.
Qısası, Fövqəladə Hallar Nazirliyi evin sığortalanmadığını, ortada hər hansı müqavilənin olmamasını səbəb göstərir.
Pərviz Ağayev bununla razılaşmaq fikrində deyil. Sərhədabad kənd sakini deyir ki, onun evi məhz fövqəladə hala görə qəzalı vəziyyətə düşüb. Bu, Geoloji Kəşfiyyat Agentliyinin arayışında da əksini tapıb.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Ərturqut Əliyev Meydan TV-yə bildirib ki, vətəndaşın mülkiyyətinin təmiri və ya bərpası təbii fəlakət halında baş tuta bilər:
“Əks halda, biz bu işə baxa bilmirik. Ev yalnız təbii fəlakət nəticəsində ziyan görərsə, məsələ müzakirəyə çıxarılır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP-Texnopark) rezident şirkəti ilə olan “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsi barədə maraqlı məlumat əldə etmişik. Qaynarinfo-ya daxil olan məlumata görə, “Tak Noosh Group” MMC iranlı iş adamlarından birinə məxsus şirkətdir. Maraqlıdır ki, şirkət Azərbaycanda fəaliyyət göstərsə də, Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında adı çıxmır. Texnoparkın rezidenti olan bu şirkət çipsi istehsalçısıdır və Azərbaycanda çipsi istehsal etməliymiş. Texnoparkla “Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsində iddiaçı bu şirkətdir. Məlumata görə, məhkəmə çəkişməsinin səbəbi YTP-nin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır.
Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisində uyğunsuzluqların müəyyən olunması Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov üçün həbs təhlükəsini daha da artırıb. Qaynarinfo xəbər verir ki, sözügedən obyekt üzrə 2011-2022-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış keçirilib və işlərin mövcudluğu araşdırılıb. Məlum olub ki, görülən işlərdə ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar var. Bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib. Bundan əvvəl isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bəyan etmişdi ki, Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var. Həmçinin Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyində fermerlərə verilən subsidiyaların kəmiyyət göstəricilərinin artırılması hesabına artıq xərclərə yol verildiyi aydın olub. İddialara görə, Muxtar Respublikada Vasif Talıbovun fəaliyyəti ilə bağlı yoxlamalar hələ də davam edir. Yoxlamalar zamanı başqa korrupsiya faktlarının da ortaya çıxacağını düşünmək olar. Güman edilir ki, yoxlamalardan sonra Vasif Talıbovun məsuliyyətə cəlb olunması reallaşa bilər. Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, ötən ilin dekabrında vəzifəsindən istefa verib. Onun istefası səhhətindəki problemlərlə əlaqələndirilir. Lakin Vasif Talıbovun mərkəzi hakimiyyətə table olmamaq cəhdlərinə görə işdən çıxarıldığı barədə iddialar səsləndirilir.
Naxçıvanda əlilliyi təsdiq olunmuş bir qrup qazi yenidən həkim komissiyasından keçirildikdən sonra, onlar üçün nəzərdə tutulan bir sıra imtiyazlar ləğv olunub. Bura əsasən döyüşdə əlini, gözünü itirmiş, ağır yaralanmış qazilərin avtomobillə təmin olunmaları haqda verilən qərarların ləğvi daxildir. TEREF.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Onların sözlərinə görə, artıq avtomobillə təmin olunmuş bu kateqoriyadan olan qazilərə isə, avtomobilləri geri qaytarmaları ilə bağlı xəbərdarlıq olunub. Yeni qaydaya əsasən, yalnız ayağını itirmiş qazilər avtomobil almaq hüququna malikdirlər. Qazilər bildirir ki, bununla bağlı tapşırığı Naxçıvanın yeni ƏƏSM nazri Ceyhun Cəlilov verib: „Döyüşdə hər hansı əzasını itirmiş naxçıvanlı qazilərin hamısının əllillik sənədinə „Avtomobillə təmin olunmalıdır“ qeydi yazılıb. Bu haqda göstərişi o vaxt Vasif Talıbov vermişdi. Hər əlamətdar gündə onların bir neçəsi növbə ilə avtomobil alırdı. Yeni nazir gələndən, bu qaydalar dəyişdirildi. İyunun 15-i qazilərin hamısını yenidən komissiyadan keçirib, bu imtiyazları ləğv etdilər. Yeni qaydaya əsasən, yalnız ayağını itirənlər avtomobillə təmin olunacaqlar. Bu kriteriyaya cavab verməyən qazilərin imtiyazı geri alınıb. Avtomobillə təmin olunmuş qazilərə isə xəbərdarlıq olunub ki, onlara verilən avtomobillər məhkəmə yolu ilə geri alınacaq“. Naxçıvanlı qazilər prezident İlham Əliyevə müraciət edərək, ləğv olunan imtiyazlarının geri qaytarılmasını xahiş edirlər: „Biz cənab prezidentin əmri ilə canla-başla döyüşüb, əlimizi, gözümüzü, sağlamlığımızı itirmişik. Bu cür qazilərə indi bir avtomobili çox görürlər. Əgər, bizə avtomobil düşmürdüsə, niyə o qərarı vermişdilər? Naxçıvanda hakimiyyət dəyişəndə ümid edirdik ki, qazilərin şəraiti daha da yaxşılaşdırılacaq. Ancaq, tam əksinə oldu. İndi, bizə veriləni də əlimizdən alırlar. Cənab prezidentdən xahiş edirik ki, imtiyazlarımızın geri qaytarılmasında bizə gömək etsin“. Ceyhun Cəlilov bu ilin mart ayında Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazri vəzifəsinə təyin olunub. O, işə başlayanda ilk açıqlamasıda bildirmişdi ki, Naxçıvanda şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması onun üçün prioritet məsələ olacaq.
İyunun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Cinayət işi üzrə 5 nəfər – Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov zərərçəkmiş qismində tanınıb.
Elçin Rüstəmovun vəkili Aslan İsmayılov Turana bildirib ki, bu iş üzrə məhkəmə proseslərində dəfələrlə Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət təmin edilməyib. Onun sözlərinə görə, təqsirləndirilən Nadir İsmayılov ifadəsində müvəkkili Elçin Rüstəmovdan aldığı pulları Səttar Möhbalıyevə verdiyini etiraf edib. “Mənim müdafiə etdiyim şəxsə Gəncə şəhərində və Göygöl rayonunda iki stadion satılıb. Hər stadion da 400 min manata. Sonra da bu stadionlar onun əlindən alınıb. Bu stadionları satan Nadir Əliyev olsa da, faktiki onu satan Səttar Möhbalıyev olub. İndi biz pulumuzu geri tələb edirik. İstintaq dövründə də, məhkəmədə də Səttar Möhbalıyevi çağırıb dindirmədilər. Halbuki, Nadir Əliyev özü etiraf edib ki, pulları S.Möhbalıyevə verib. Biz Səttar Möhbalıyevin məhkəmə kürsüsünə gəlməsini tələb edirik”.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündür mərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara “Məhsul” stadionun ərazisinin 5 milyon 500 minə satıldığını bildirib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Alik Həsənov və Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.(Turan)
“İnternational Medical Centre” məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, məhkəmə iddiası Rzayeva Şövkət Hacıbaba qızı tərəfindən qaldırılıb. Məhkəmədə cavabdeh qismində xəstəxanın nevroloqu, proloterapiya uzmanı Heydərova Sevinc Abisalam qızının da iştirakı nəzərdə tutulur. Ehtimal edilir ki, Şövkət Rzayeva pasiyent qismində xəstəxanın xidmətlərindən narazı qalıb. Şikayətçi xəstəxanadan və Sevinc Heydərovandan ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun sədrliyi ilə baxılacaq.
Bakı Sağlamlıq Mərkəzi (BSM) “İKAR Qrup” MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Hit.az xəbər verir ki, maliyyə dəyəri 21.001,87 AZN olan müqavilədə içməli suların alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İKAR Qrup” MMC 20 sentyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin qanuni təmsilçisi Salmanov Pərvin İlham oğludur.
Şirkətin 5 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. MMC-nin qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Həmçinin məlum olur ki, “İKAR Qrup” MMC satınalma müsabiqələrində fəal deyil.
Qubanın İkinci Nügədi kəndindən keçən Qaraçay çayına gələn sel kənd sakinlərinə məxsus torpaq və təsərrüfat sahələrinə ziyan vurub.
Sel suları avtomobillərin intensiv hərəkət etdiyi ərazidəki körpünün beton dayaqlarının da yuyulmasına səbəb olub. Bu isə körpünü uçma təhlükəsi ilə üz-üzə qoyub.
Məsələ ilə bağlı Quba Suvarma Sistemləri İdarəsindən bildirilib ki, növbəti ildə ərazidə beton bəndin inşası nəzərdə tutulub.
Həmçinin qeyd edilib ki, ərazidə sel təhlükəsini yaradan amillərdən biri də daş karxanalarının qanunsuz fəaliyyətidir. Belə ki, karxanalar tərəfindən çay yatağının 20-30, bəzi yerlərdə isə hətta 50 metr qazılması çay məcrasını dəyişir. Bu da öz növbəsində çay sahilinin yuyulmasına səbəb olur.
Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.
DİA.AZ-ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.
Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq.
Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.
Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib etdi.