Taninmiş jurnalistdən DYP-nə haqlı irad: " Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, ..."
Bura Şəfaət Mehdiyev küçəsidir. Axşam maşınımı (99-HL-821) burada saxlamışdım. Səhər görürəm cərimə gəlib. Dayanma-durma qaydalarını pozduğuma görə. Dayanma-durma qaydalarını pozmaqla bağlı yazılan protokolların şəkillərində müvafiq nişanın şəkli mütləq olur. Amma burada o şəkil yoxdur.
Bilənlər iddia edir ki, bu xətt həm də avtobuslar üçün ayrılmış xəttdir, yəni mən dayanma durmanı yox, "xüsusi zolağa girməni" pozmuşam, lakin o xətanın cəriməsi 40 manatdır, 20 manat deyil. Deyirlər, girib sürməmisən, saxlamısan o zolaqda ona görə 20 yazılıb, bu da absurddur. Belə çıxır ki, avtobuslar üçün ayrılmış xüsusi zolağa 10 saniyəlik girəndə 40 manat, 3 saatlıq girəndə isə 20 manat cərimə olunursan.
Bütün bu qəribəliklərə rəğmən, mən qaydanı pozduğumla razılaşa və mənə yazılan cərimənə ödəyə bilərəm. Təki ədalət bərqərar olsun. Ədalət isə, kar-kasıbın 20 manatı ilə çətin bərqərar ola. Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, mənə 20 manatlıq cərimə yazılırsa, ədalət çətin ki, bərqərar ola!
Gəlin açıqlayım. Mənim maşınımın tam arxasında "Maşa" restoranının girişini görürsünüz. Restoran, yəni restoranın sahibi olan sahibkar, hüquqi şəxs İXM-nin 354.0.5 bəndini kobud şəkildə pozub. O bənddə nə deyilir : "Avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə..."
Bəli, şəkildən də çox aydın göründüyü kimi, MAŞA restoranı yolun hərəkət hissəsini tamamilə tutub. Mən o zolaqda maşın saxlamasam belə, orada hərəkət mümkün deyil. Bəs necə olur, DYP-nin milyonlarla pul xərclənib alınıb quraşdırılan kameraları o boyda restoranın girişini yox. mənim maşınımı görür? Hanı ədalət ???
Mən cəriməmi ödəyəcəm, amma əvvəlcə mənə qanunu daha pis formada pozanların ödədiyi cərimələr göstərilsin. Mən maşını sırf ona görə saxlamışam ki, oranın yol olması, o zolaqda hərəkət olması mümkün görünmür.
Hörmətli DYP-mizin necə ki, öz gözləri bahalı maşınların qayda pozuntularını, imkanlı şəxslərin, nə bilim müğənni tayfasının yüz minlik maşınlarının etdiyi qanunsuzluqları görmürdü, indi də kameraları özlərinə oxşadıblar. Onlar da ancaq kasıb -kusubu "görür" deyəsən.
O dəfə cəmi 3 dəqiqəlik dayanıb adam düşürdüyümə görə cərimə yazmışdılar, ASANPAY-dan şikayət elədim, bir ay keçdi, zəng edib bir maraqlanan da olmadı ki, dərdin nədi, niyə şikayət edirsən? Əvvəl heç olmasa zəng edib maraqlanırdılar, indi ona da ərinirlər.
Görəsən düzələcəkmi???
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, zəhmət olmasa diqqətə alın!
Çingiz Özgür
Teref.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697876159_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697876171_2.jpg
 

Dünyapress TV

Xəbər lenti