Sabiq Bakı meri Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun son addımları nəinki yerli, təəssüf ki, Türkiyə mediasında da müzakirə obyektinə çevrilib. İstanbulda tarixi binaya qanunsuz müdaxilə etdiyi deyilən oğul Abutalıbov kölgəyə çəkilməyə çalışsa da, adı illərdir ki, mətbuatın gündəmindən düşmür...
Hurriyyet.az bildirir ki, vaxtilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurlardan olan Hacıbala Abutalıbovun oğlunun xaricdəki böyük biznes imperiyası hər kəsə məlumdur. Onun Türkiyə, İngiltərə kimi ölkələrin turizm, daşınmaz əmlak və restoran biznesinə yatırımları milyon dollarlarla ölçülür.
"Papanın gül balası"
Əvvəlcə qeyd edək ki, İsrafil Abutalıbov ixtisasca hüquqşünasdır. Bakıda müxtəlif qurumlarda, o cümlədən Konstitusiya Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində çalışıb. Bu şəxs bir vaxtlar paytaxtın hər cür əyləncə mərkəzlərində vaxt keçirməsi, lüks avtomobillər sürməsi ilə də tanınıb. O, 2015-ci ilin iyul ayının 27-də Türkiyə vətəndaşlığı alıb və soyadını dəyişdirib.
Dini ad altında yeyilən haram pullar
İsrafil Abutalıbov qonşu ölkədə Cənubi Azərbaycandan olan türk iş adamı kimi "Abu Bəkir" adı altında biznes fəaliyyəti ilə məşğul olur. İsrafilin, o cümlədən Abutalıbovların Türkiyədə əmlak bazarına girməsi hələ 2013-cü ildən başlayıb. Onlar burada çoxlu sayda şirkətlərə sahibdirlər. Biznes və mülklərinin əsas hissəsi isə İstanbulun tarixi mərkəzlərindən birində - Sultanahmetdədir. Məsələn, İsrafil Abutalıbovun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alması bir zamanlar müzakirə obyektinə çevrilmişdi. Hətta o, “Ajwa” adı ilə fəaliyyət göstərən otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləmişdi.
Atadan qalan "miras"la Avropada qurulan "imperatorluq"
İsrafil Abutalıbov 2007-ci ildən Londonda biznes aləminə addım atıb. Həmin dövrdə 29 yaşı olan sabiq merin oğlu burada “Androush Shtriker Limited” və “Hamilton Consultancy & Advisory Limited” şirkətlərinin direktoru olub. Sözügedən şirkətlər artıq uzun müddətdir ki, fəaliyyətini dayandırıb. Növbəti dəfə İsrafil Abutalıbov Londona 2016-cı ildə qayıdıb. Əvvəlcə o, “Sidmouth İnvestment Limited” şirkətini qurub. Növbəti il burada təsis etdiyi "Kenwood AM Ltd” şirkəti vasitəsilə “Rock Gate Mews Limited” şirkətinə sahib olub.
Azərbaycana qıyılmayan 1 manat...
Sabiq merin oğlu artıq 15 ildən çoxdur, ölkədən didərgin düşüb. Yerli mətbuatda yayılan məlumatlara görə o, 2007-ci ilin yay aylarında buranı tərk edib və geri qayıtmayıb. İsrafil Abutalıbovun Azərbaycanı tərk etməsinin səbəbi isə bəlli deyil. Onunla bağlı məlum olan yeganə həqiqət isə ondan ibarətdir ki, İsrafil Abutalıbovu digər ölkələrə qoyduğu investisiya daha çox maraqlandırır. Artıq uzun illərdir ki, bu şəxs xaricdəki şirkətlərinə, əmlaklarına milyonlarla sərmayə qoyub. Qəribəsi odur ki, vaxtilə atasının, o cümlədən qohumlarının, tanışlarının dövlətdən və xalqdan oğurladığı pullar hesabına külli miqdarda sərvət yığan Abutalıbovun ölkəsinə hər hansı investisiya qoyması ilə bağlı məlumat yoxdur. Necə deyərlər, od yoxdur deyə, tüstü də görünmür...Sözügedən şəxs ən azı ailəsinin, özünün günahlarını yumaq üçün qazandıqlarının bir qismini ölkəsinə ayıra, sərmayə qoya bilərdi...
Hacıbala Abutalıbovun kökü üstə bitən İsrafil...
Gözünü pul ehtirası bürümüş İsrafil Abutalıbov xaricdəki biznesinin qayğısına qalmaqla məşğuldur. Hətta o dərəcə ki, qanunsuz əməllərdən də yan keçmir. Eynilə atası kimi... Sabiq Bakı meri Hacıbala Abutalıbovun da vəzifədə olduğu müddətdə büdcədən ayrılan pulları necə havaya sovurması heç kəsə sirr deyil. Dəfələrlə keçmiş icra başçısının dövlətin milyonlarla manat vəsaitini talan etməsi, şübhəli tender müqavilələri imzalaması, özbaşınalığın nümunəvi simaları olan qohumları yaxud vəzifəyə təyin etdiyi müəyyən şəxslər və.s. barəsində məlumatlar yayılıb.
"Tenderlər kralı Hacı"
Bir vaxtlar ölkədə çox az adamın tanıdığı “MMC”lərlə Bakı Şəhər İcra Hakimiyyəti arasında milyonlarla manatlıq tender müqavilələri bağlanıb. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyev unudulan simalardandır. Zaman-zaman adı müğənnilərlə hallanan “Hacı” ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibidir.
Abutalıbovun dövründə paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olurdu. Sabiq merlə Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində mediada da yetərincə məlumatlar dərc edilib. Hətta Ramazan Mirzəyev bu xüsusiyyətlərinə görə “Abutalıbovun kassiri” kimi də məşhurlaşmışdı. Bu şəxs, digər sözügedən tenderlərin sahibləri, ümumiyyətlə, Abutalıbovun korrupsioner qohumları hələ də fəaliyyətdədirlər. Onlar sabiq merlə yanaşı, onun övladlarının da “cibini doldurublar”. İndi o “cib”lərdəki pullar isə ancaq xaricə axır....
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin məhkəməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan iş üzrə indiki mərhələdə şahidlər ifadə verir.
Bir neçə hərbi hissədə maliyyə şöbəsi rəhbəri işləmiş Sadiq Hacıyev bəhs etdiyimiz işdə şahid kimi tanınıb. Amma o, özü də 143 milyonluq yeyintidə iştirakda ittiham edilir. Onun haqda ötən ilin iyulunda həbs qətimkan tədbiri seçilib, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Hacıyevin ifadəsindən məlum olub ki, onun cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. İstintaq orqanı ilkin olaraq ona güzəşt edərək həbsini tələb etməyib, dəymiş ziyanı ödəməsi üçün şans verib. Lakin təqsirləndirilən şəxs bu şansdan istifadə etməyib. Dəymiş ziyan ödənilmədiyinə görə, onun haqda həbs qətimkan tədbiri seçilib.
S.Hacıyev deyib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib:
“Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm. Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə ziyanı ödəyə bilmirəm”.
General Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahiddən “Nizami Məmmədov sizə göstəriş veribmi?”- soruşub.
Şahid generalla heç vaxt ünsiyyətinin olmadığını deyib. Həmçinin ona yalnız korpusun maliyyə rəisinin tapşırıq verdiyini təkrarlayıb.
Vəkil Mirmehdizadəni maraqlandıran digər məsələ şahidin həbsindən əvvəl və həbs edildikdən sonra fərqli ifadə verməsi olub. Hacıyev həbs edildikdən sonra özündə olmadığını, nə ifadə verdiyini bilmədiyini deyib.
Şahid Cəbrayıl Orucov əvvəllər iki fərqli hərbi hissədə maliyyə şöbəsinin rəisi işləyib. Cinayət işi başlanan vaxtda isə Hərbi polisdə eyni vəzifədə çalışırmış.
Orucov da işlədiyi dövrdə qanunsuz ödənişlərə mənimsəmə faktları olduğunu etiraf edib.
Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb. Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Sonradan isə həmin pullar nağdlaşdırılaraq mənimsənilib:
“Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb. "Ölü kart"lar yaradılırdı ki, həmin kartların sahibləri olmurdu.
Pullar həmin kartlara köçürülüb. Hər ay 14-ü qadın olmaqla 25 nəfərin adına ödəniş olub. Əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyirdi. Amma bu qanunsuzluqdan xəbəri yox idi. Hərbi hissələrdə işlədiyim müddətdə mənə ümumilikdə 800 min manat qalıb, yerdə qalan pulu təftişə gələnlər götürüb”.
C.Orucov ifadəsində Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfovun da adını çəkib. Deyib ki, cinayət baş verən dövrdə sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb. Həmin yoxlama qrupuna rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfov edib. Şahid etiraf edib ki, təftiş zamanı rəsmi hesabatdan gizlədilən məbləğlər olub ki, onu ancaq R.Xələfovla özü bilib:
“Bu haqda heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi, məbləğin də 60 faizini özünə götürdü",-deyə şahid ifadəsini yekunlaşdırıb.
Proses yanvarın 19-u davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Hazırda araşdırılan iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə birgə mühakimə edilirlər.