"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Mingəçevir şəhər İcra Hakimiyyəti barəsində ilginc məlumatlar daxil olub.
Məlumata görə Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Şəhriyar Mustafayev rəhbərlik etdiyi idarənin özünə yaxın olan (yəni mehriban münasibətda olduğu) işçilərini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Kür çayının sahilindəki malikanəsində qanunsuz olaraq çalışdırarkən qəza hadisəsi baş verib və Vüsal adlı işçinin ayağı sınıb.
Qeyd edək ki, hadisə ilə bağlı "DogruXeber.az" informasiya agentliyi olaraq geniş araşdırmalar aparmışıq.
Hadisəsini təfərrüatları, eləcə də araşdırmalarımızın nəticələri barəsində ətraflı saytımızda məlumat yayımlanacaq.
Diqqətiniz bizdə olsun !
DogruXeber.az “Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur”.
Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir:
“Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda, bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir. Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir”.
Həqiqətən də bu gün ölkədə əmək müqaviləsi olmadan çalışan kifayət qədər vətəndaş var. Bu sahədə problemin əsas səbəblərindən biri kimi isə Dövlət Sosisal Müdafiə Fonduna ödənişlərinin yüksək olması göstərilir. Əmək müqaviləsinin olmaması isə onlar üçün müxtəlif problemlərə yol açır ki, məsələn, vətəndaşlar əmək müqaviləsi olmadan bank kreditlərindən faydala bilmir, yaxud pensiya təminatında çətinliklərlə üzləşirlər.
Mövcud problemin həlli yolu DSMF-yə ödənişlərin azaldılmasından keçir?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya bildirib ki, bu məsələ ilə bağlı əsas problem doğrudan da DSMF ödənişləri ilə bağlıdır:
“Adətən vətəndaş özü yox, işəgötürən bunu reallaşdırmır. Çünki o xərc işəgötürənin üzərindədir. Vətəndaş əmək müqaviləsinin olmasını niyə istəməsin? Əməkhaqqı həm də ona görə lazımdır ki, DSMF-yə ödənilən məbləğ onun pensiya kapitalına gedir. Yəni vətəndaşın xeyrinədir, sahibkarın xeyrinə deyil. DSMF-yə ödənilən vəsait hesabına insanlara pensiya verilir. Yəni o məbləğ bu gün azaldılsa, DSMF-nin pulu azalacaq, o zaman pensiyanı haradan verəcək? Belə bir dilemma var. Ancaq başqa problem də var. Bu məsələlərdən biri də vergi məsələsidir. Azərbaycanda vətəndaşların əməkhaqqı 7 il müddətinə gəlir vergisindən azad olunub. Hamı başa düşür ki, bu gün əmək müqaviləsi bağlasa da nəinki DSMF ödəyəcək, bir-iki ildən sonra 14 faiz vergi də verəcək. Bu da sahibkara sərf etmir. Ona görə əmək müqaviləsinin bağlanmasından yayınır”.
Ekspertin fikrincə, bu ,ciddi problemdir:
“Bunun həlli yolu kimi vergidən azadolunmanın müddəti birdəfəlik artırıla bilər.
Məsələn, 20 il azad etsinlər və vətəndaşlar da bilsinlər ki, bu müddətdə vergi olmayacaq. Birinci növbədə bu problemi həll etmək lazımdır. DSMF-yə ödənişlərin azaldılması o halda ola bilər ki, Fonda pensiyaları vermək üçün dövlət büdcəsindən əlavə vəsait ödənilsin. Ancaq burada da azalma müddəti ən azı 10 il olmalıdır ki, sahibkarlar inamla buna getsinlər”.
Ekspert deyib ki, məsələnin digər tərəfi də var:
“Vətəndaşların heç də hamısının əməkhaqqı müqaviləsi bağlamaması məhz bu səbəblə bağlı deyil. Bir qrup həqiqətən də sahibkardır və o, heç əmək müqaviləsi bağlamaq istəmir. Ancaq 60-70 faiz vətəndaş əmək müqaviləsi ilə işləmək istəyərdi. Bu da onları işə cəlb edən sahibkarlara sərf etmir. Bu məsələdə hər iki tərəfin də marağını nəzərə almaq lazımdır. Çünki bir tərəfdən deyirik ki, ölkədə sahibkarlığı inkişaf etdirək, inhisarçılığın qarşısını alaq. Belə ödənişlərlə sahibkarlıq ləğv olub gedəcək, ancaq inhisarçılar qalacaq. Ölkədə qeyri-şəffaflığın əsas səbəblərindən də biri dövlət büdcəsinin qeyri-şəffaf xərclənməsidir. Dövlət satınalmaları zamanı baş verən biabırçılıqlardır. Hamı fikirləşir ki, məndən vergi tutulur və sonra da o pulun başına “daş salırlar”, heç bir məlumat vermirlər. Niyə inkişaf etmiş ölkələrdə insanlar vergidən yayınmırlar? Çünki verdiyi verginin hara sərf olunduğunu bilir, görür, nəzarət edir. Bizdə isə bu yoxdur”.