Ardını oxu...
“Ali təhsil müəssisələrinin qəbul planı 95.27 % dolub”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O xatırladıb ki, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib:

“Müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub”.

O deyib ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik:

“Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur.

Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.

Beləliklə, bu il 55 min nəfərdən artıq abituriyent ali məktəbə qəbul olub və ümumilikdə qəbul sayında artım var. Qeyd edək ki, həm buraxılış imtahanı, həm II cəhd imtahanında iştirak zamanı yüksək nəticə əldə etmək üçün şagirdlərin əksəriyyəti repetitor yanına gedir. Məhz bu baxımdan da son illər “məktəbin deyil, repetitorun uğuru” ifadəsi meydana çıxıb.

Keçid ballarının daha da yüksəlməsi abituriyentlərin repetitordan asılı vəziyyətə düşməsinə şərait yaratmırmı?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, məktəblə repetitorun fərqi var, yəni məktəbin missiyası ali məktəbə uşaq hazırlamaq deyil:

“Uşağa təlim tədrisdən başlayır. Repetitor şagirdləri sırf testə fokuslayır. Bu, elə bir yaddaşdır ki, qısa bir müddətdə unudulur. Bu gün 500 bal toplayan bir abituriyent 4 il sonra həmin testdən 100 balı keçə bilməyəcək.

Çünki bu, müvəqqəti, əzbərçi yaddaşdır. Ancaq məktəb şagirdə vətənpərvərliyi, dünyagörüşü, ictimai davranışı öyrədir. Bu gün repetitorluq institut kimi formalaşıb, geniş yayılıb.

Hazırda Elm və Təhsil Nazirliyi nə qədər inkar etsə də, repetitorların nəticəsi göz qabağındadır. Ancaq mən düşünürəm ki, şagird müəyyən bazanı məktəbdə toplayır, repetitor onu tamamalayır. Bu gün “məktəb heç nədir”, “məktəb lazım deyil” fikri ilə də çıxış edə bilmərik. Təhsildə inqilablar baş verir. Nazirliyin tərkibində agentliklər yaranıb, regional təhsil idarələri var, nəzarət xüsusiləşib”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə repetirorluq ləğv olunmayacaq:

“Bizim təhsil sistemi repetitorlara borcludur. Ancaq qəbul da buna şərait yaradır. Müəyyən qədər açıq testlərin olması, test üsulunun qismən azaldılması ola bilsin ki, gələcəkdə repetitorluğu müəyyən qədər azaltsın. Lakin repetitorluğa da düşmən kimi baxmamalıyıq. Çünki o da şagirdin yüksək nəticə almasını istəyir.

Repetitorun öyrətdiyi aldadıcı, müvəqqəti yaddaşdır. Ancaq Dövlət İmtahan Mərkəzi abituriyentdən bunu istəyir. Sabah DİM abituriyentdən öz dünyagörüşünü ortaya qoymasını istəsə, repetitorluğu ləğv etmək olar.

Ancaq bu da alınmır. Çünki rüşvət, korrupsiyaya yol aça bilər. Bu gün hər şeyi repetitor etdiyini demək də, onların haqqını itirmək də düzgün deyil. Repetitor sanki əlavə bir dərs vəsaitidir”.

Ekspertin sözlərinə görə, ali məktəbə qəbulun nəticəsində repetitorların əməyi böyükdür: “Repetitorsuz ali məktəbə qəbul çox az hallarda mümkündür. Repetitorluq olmasa, nəticə aşağı düşəcək, suallarda primitivlik yaranacaq.

Abituriyent yüksək bal toplamaq üçün repetitordan asılı olur. Bizim valideynlər də bir qədər repetitora həvəslidirlər. Bir ailədə uşaq repetitor yanına gedirsə, “məninki də getməlidir” deyə düşünürlər.

Minlərlə şagird var ki, 5-6 il repetitor yanına getsə də, heç bir nəticəsi yoxdur. Bu il imtahandan kəsilənlər arasında da repetitor yanına gedənlərin sayı az deyil. Yəni “repetitor yanına getdim, xilas oldum” demək deyil. Repetitor dərsini keçir, pulunu alır, şagirdi müvəqqəti yaddaşla təmin edir. Ancaq orta məktəbin missiyası tək bu deyil.

Məktəbə gəlməyi, yazı yazmağı, Vətənə sevgini öyrədir. Eləcə də məktəb o bazanı qoymalıdır ki, şagird repetitor yanına getsin. Məsələn, riyaziyyat elə bir fənndir ki, orta məktəbdə baza olmasa, yuxarı siniflərdə repetitor yanına getsə də, artıq gec olacaq. Repetitor dərs vəsaitidir, dərslik deyil”.
 
Ardını oxu...
Son illərdə ölkəmizdə abituriyentlərin attestatla xarici ölkələrə, xüsusən Türkiyə universitetlərinə oxumağa getməsi halları artıb. Daha çox DİM qəbul imtahanlarında yetərli balı yığa bilməyənlər bu yola əl atırlar. Xaricdə təhsil şirkətlərinin də attestatla təhsillə bağlı reklamlarını hər yerdə görmək mümkündür. Bəs, sözügedən formada təhsil nə dərəcədə effektlidir?

TEREF xəbər verir ki, metbuat.az məsələ ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, attestatla tələbə qəbul edən universitetlər reytinqli və prestijli universitetlər deyil və onların verdiyi təhsil də keyfiyyətli olmur:

"Onlarla, yüzlərlə abituriyentimiz attestatla Türkiyə universitetlərinə qəbul alırlar. Mən hesab etmirəm ki, attestatla qəbul edən universitetlər Türkiyənin tanınmış universitetləridir, bu, bir mənalı olaraq belə deyil. Dövlət universitetlərinə qəbulla bağlı təbii ki, şərtlər var. Türkiyənin nüfuzlu ali təhsil müəssisələri var ki, dünya reytinqində yer alırlar və həmin universitetlər qəbula da beynəlxalq standartlar çərçivəsində yanaşırlar, kimi gəldi attestatla qəbul etmirlər.

Attestatla qəbul edən müəssisələr özəl universitetlərdir və onların bu siyasətinin arxasında daha çox pul qazanmaq dayanır. Baxmayaraq ki, bu universitetlərdə təhsilin səviyyəsi elə də yüksək deyil, lakin bizim tələbələrin çoxu heç orada təhsillərini davam etdirə bilmirlər. Çünki Türkiyədə ali təhsildə güzəşt yoxdur, digər neqativ hallar yoxdur. Çoxu heç universiteti bitirə bilmirlər".

İlqar Orucov onu da vurğulayıb ki, Azərbaycanda valideynlər övladlarının ali təhsil almasını həyati məsələyə çeviriblər və xaricdə təhsil şirkətləri bundan istifadə edir:

"Azərbaycanda bu sahədə böyük bazar formalaşıb, bu şirkətlərin qurbanına çevrilənlər də var. Təkcə Türkiyəyə yox, Gürcüstan, Ukrayna, Rusiya universitetlərinə göndərilən tələbələr də görürük. Bir çox hallarda onlar diplomların tanınması ilə bağlı ciddi problemlərlə qarşılaşırlar. Düzdür, son illərdə diplomların tanınması ilə bağlı qaydalar yumşaldılıb və mən bunun tərəfdarı deyiləm. Diplomların tanınması ilə bağlı yanaşmalar fərqli olmalıdır və hamıya eyni münasibət düzgün deyil.

Hansısa ölkəyə övladını göndərən valideyn bilməlidir ki, mənim övladımın savadı yoxdursa, mən bu pulları nahaq xərcləyirəm, zamanını da nahaq alıram. Bu məsələdə valideynlər maarifləndirilməlidir. 100 bal yığa bilməyən şəxs necə gedib xaricdə keyfiyyətli təhsil ala bilər? Bu, özünü aldatmaqdan başqa bir şey deyil".

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil üzrə ekspert Elmin Nuri Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin fəaliyyətinə toxunub:

"Hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra, universitetə qəbul ola bilməyən yüzlərlə şəxs yeganə çıxış yolu kimi xaricdə attestatla təhsil almağa üz tutur. Məhz bu məqamda xaricdə təhsil şirkətləri gücləndirilmiş rejimə keçirlər. Təsəvvür edin elə şirkətlər var ki, onlar ixtisas seçimi açıqlanandan dərslər başlayana qədər 1 aylıq müddətdə fəaliyyət göstərirlər və ondan sonra artıq o şirkətləri görən olmur.

Xaricdə təhsil şirkətlərinin işi çox ciddi və məsuliyyətlidir. Tələbələrin göndərildiyi universitetlərin tədris keyfiyyəti, diplomların tanınması, hüquqi məsələlər diqqətdə olmalıdır. Bizdə şirkətlər əsasən Türkiyə, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Çexiya universitetlərinə tələbə göndərməklə məşğuldurlar və burada həmin ölkələrin prestijli universitetləri yer almır".

Ekspert qeyd edib ki, ölkəmizdə valideynlərin övladlarının ali təhsil almasına yanlış yanaşmaları da problemin digər tərəfidir:

"Uzun illərdir bu bazarda fəaliyyət göstərən şirkətlər olsa da, məsələnin hüquqi tərəfinə o qədər də diqqət etməyən, ən əsası gənclərimizin həssas durumundan, onların valideynlərinin narahatlığından istifadə edərək, nə olursa-olsun onların övladlarını ali məktəb tələbəsi edəcəklərinə söz verən, amma işlərini qətiyyən etibarlılıq prinsipi üzərində qurmayan "şirkətlərə" də rast gələ bilirik.

Bu sahədə müəyyən işlər görülür. Lakin təəssüf ki, hələ də övladını attestatla xaricdə oxumağa göndərənlər var. Xaricdə təhsil üçün dövlət proqramları var, ora müraciət etsinlər, öz bilik və bacarığına görə fərqlənən uşaqlar dövlət hesabına gedib təhsil ala bilərlər.

Mən attestatla təhsil məsələsini qətiyyən qəbul etmirəm. Reytinqli universitet ümumiyyətlə attestla tələbə qəbul etməz. Təəssüf ki, bizdə universitetə qəbul valideynlər üçün rəqabət mövzusu olduğuna görə, "övladım təki çöldə qalmasın" düşüncəsinə görə bütün yollara əl atırıq. Xaricdə təhsil şirkətləri də bundan istifadə edərək pul qazanır və bir çox gənclərimizin təhsil talelərini sual altında qoymuş olurlar".
 
Ardını oxu...
"Mənim şikayətim "Aztelekom"dandır". Dia-az.İnfo bildirir ki, bu barədə şikayətçi düşən "Aztelekom" müştərisi Elnar Hacıyev olduqca ilginc bir məqamı diqqətə çatdırır və haqlı suallarına sözügedən qurumdan cavab tələb edir.

Narazı vətəndaş bildirir: "Avqustun 15 dən aylıq internetin qiyməti 25 manat oldu. 27 manat ödəyəndən sonra internet açıldı. Yəni 25 manat də yox... 27 manat.

Söz deyən kimidə deyirlər "Biz müqavilə bağlamışıq, müqavilənin vaxtı bitməmiş bu provayderdən çıxa bilməzsiz"

Amma bir adam demir ki, əgər bu müqavilədirsə, onu birinci elə siz pozursunuz. Müqavilə aylıq 21 manata bağlanıb. Indi 27 manata qaldırmaqla müqaviləni birinci siz özünüz pozmuş olursunuz. Və məni cərimələməyə, əlimdən ev telefonunu almağa sizin ixtiyarınız yoxdur.

Bu bir...

İkincisi də odur ki internetin surətində heç bir dəyişiklik yoxdur. Yəni göz görə-görə bizi qazlayırlar...

Əgər normal ölkə olsaydı, "Aztelekom"u məhkəməyə verib, məhz müqaviləni pozduğuna görə, kütləvi qaydada cərimələtdirmək olardı..."
 

          

Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Redaktor.az-a bildirilib ki, əslində Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib:

"Buna misal olaraq, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.

O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib.

Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.

Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.

Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,7 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”.
Ardını oxu...
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər seçicilərin diqqətini cəlb etmək üçün əsasən sosial problemlərin həllinə yönələn vədlər verir. İşsizlik, təhsil, səhiyyə və digər sosial məsələlər seçki kampaniyasında ön planda yer alır.

Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı, ilk dəfə bu yarışa qatılan, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var. Siyahıda işsizlər, təqaüddə olanlar, hətta xadimə kimi namizədlərin olması bu seçki kampaniyasını daha “rəngarəng” edir.

Seçkilər və onların nəticələri Azərbaycanın siyasi səhnəsinə təsir edəcək mühüm hadisələrdən biridir və seçicilərin sosial problemlərin həllinə dair gözləntilərinin necə qarşılanacağı maraqla gözlənilir.

Yenicag.az olaraq, bu seçkilərdə heç kimin tanımadığı namizədlərlə bağlı araşdırmanı təqdim edirik. Araşdırmaya Sumqayıt və Abşeron üzrə davam edirik.

43 saylı ikinci Sumqayıt seçki dairəsində deputatlığa namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Mirkişili Tahir Famil oğludur.

Bu seçki dairəsində namizədliyini Ağ Partiyadan irəli sürən partiyanın sədr müavini Abbaslı Nərmin İkram qızıdır. Sözügedən seçki dairəsində də adı tanınmayan şəxslər var. Belə ki, namizədliklərini öz təşəbbüsü ilə irəli sürən fərdi sahibkar Əlicanov Taleh Əkrəm oğlu, kinorejissor Rəcəbov Zaur Güləhməd oğlu, namizədliyini Musavat partiyasından irəli sürən pensiyaçı Cavadlı Cavad Adışirin oğludur.

44 saylı Sumqayıt üçüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş namizəd hazırda MÜTDA-da direktor müavini vəzifəsində çalışan Vəliyeva Mehriban Hidayət qızıdır. Bu seçki dairəsində də tanınmayan namizədlər yer alıb. Onlar namizədliklərini öz təşəbbüsləri ilə irəli sürən Mansurzadə Mansur Elxan oğlu, Şükürov Saleh Məhzun oğludur.

45 saylı Sumqayıt dördüncü seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd hazırda Sumqayıt Dövlət Universitetində çalışan Hacıyev Naib İsmixan oğludur.

Bu seçki dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürən hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında işləyən Salmanova Səbinə Qədir qızı da yer alıb. Sözügedən seçki daiərsində namizədliyini ƏHD-dən irəli sürən və hazırda heç bir yerdə çalışmayan Qasımov Azər Məhərrəm oğlu da var.

46 saylı Sumqayıt beşinci seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan Akimova Elnarə Seydulla qızı da yer alıb. Bu seçki dairəsində namizədliyini özü tərəfindən irə sürmüş “365-ci qəzet”də müxbir kimi çalışan Məmmədov Rəşid Məmməd oğlu da yer alıb.

47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində namizədlərdən biri namizədliyini YAP-dan irəli sürən və hazırda Sumqayıt Dövlət Universitetində Kimya Kafedrasının müdiri vəzifəsində işləyən Mustafayev Musa Musa oğludur. Bu seçki dairəsində də tanınmayan bəzi adlara rast gəlmək mümkündür. Belə ki, namizədliyini özü tərəfindən irəli sürən və hazırda SMM kimi çalışan Nəzərova Sona Rəşad qızı, hüquqşunas Nəbiyev Emin Tofiq oğlu da var.

48 saylı Abşeron birincim seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş və hazırda DOST İnklüziv inkişaf və yaradıcılıq mərkəzində direktor vəzifəsində çalışan Məmmədova Nigar Fikrət qızının adı siyahıda özünə yer tapıb. Bu seçki dairəsində də işləməyən xeyli namizəd var. Belə ki, namizədliklərini öz təşəbbüsləri ilə irəli sürmüş və hazırda heç bir yerdə çalışmayan Alıyev Yalçın Məmiş oğlu, Mikayılzadə Sevda Vasif qızı, namizədliyini AXP-dan irəli sürən İsrafilov Məzahir İsrayıl oğlu da yer alıb.

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az
 
 

 


Ardını oxu...
2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş oğullardan biri Məhərrəmov Cavad Sadiq oğlu Lerik rayonunun Almu kənd qəbristanlığında uyuyur. Ümumilikdə Almu kəndi Qarabağ uğrunda 6 şəhid verib, onlardan daha ikisi – Məlikov Vüsal Bəxtiyar oğlu və Tahirli Natiq Namiq oğlu da kəndin məzarlığında dəfn edilib.

Lənkəran-Lerik magistralından sola ayrılan 5 km-lik qum-çınqıllı yolla, meşənin içərisi ilə, dəniz səviyyəsindən təqribən 900 metr yüksəkliyə qalxıb Almuya yetişirik. İlk üz tutduğumuz ünvan şəhidimizin məzarı olur. Elə Cavidin atası Sadiq Məhərrəmovla birgə şəhidimizin məzarı başında qurulmuş evini – əbədi məkanını ziyarət edirik. Gələn ay şəhidliyinin birinci ildönümü qeyd olunacaq Cavid Məhərrəmov Müddətdən Artıq Xidmət Edən (MAXE) olaraq xidmətdə olub, Vətən torpaqlarının azad olunması uğrunda döyüşlərdə cəngavər kimi döyüşüb və Ağdərənin azad olunması əməliyyatında düşmən snayperi onu ürəyindən vurub. Qəhrəmanımızın atası Sadiq bəy oğlunun keçdiyi döyüş yolundan danışarkən məlum olur ki, ikinci oğlu da 8 aydır hərbi xidmətdədir, üçüncü oğlu isə oktaybrda Vətən borcunu ödəmək üçün əsgər gedəcək. Amma üzücü hal budur ki, Vətənə sipər oğulların atası özü borc içərisindədir. Elə “Yeni Müsavat”a dərdini danışmaq üçün müraciət etməsinə səbəb də məhz atanın öz borcu – bank kreditinə görə məhkəməyə verilməsi olub.

Belə ki, şəhid Cavid Məhərrəmov şəhadətə qovuşmazdan öncə ev tikdirmək üçün “Yelo bank”dan 15 min manat kredit götürməyi tövsiyə edib. Bildirib ki, krediti aybaay öz maaşından ödəyəcək, təki atası evin inşaasına başlasın. Köhnə, yağış, qar yağarkən otaqlarına su daman iki otaqlı evi təmir etdirməyin mənasız olduğunu görən Cavid məsləhət görüb ki, ikimərtəbəli ev tikilsin, ata-anası və qardaşları ilə bir yerdə yeni evdə yaşasınlar. Qismət olmayıb, kredit götürülüb, ilk mərtəbə tikilib, iki aylıq ödənişdən sonra Cavid şəhid olub. Heç yerdə işləməyən Sadiq kişinin imkansız vəziyyətdə olması səbəbindən kreditin sonrakı ayları ödənməyib və iş məhkəməyə gedib çıxıb. Məzar başında atanı dinlədikdən sonra evə baş çəkirik, həm qəzalı vəziyyətdə olan, xüsusi təyinatlı Cavidin son yadigarlarının da toplandığı köhnə mənzilə, həm də şəhidimizin kreditlə binovrəsini qoyduğu yarımçıq tikiliyə… Daha yaxşısı budur oxucularımız şəhid atasının özünü dinləsinlər.

Musavat.com şəhid atası Sadiq Məhərrəmovun göz yaşları içərisində əlaqədar qurumlardan dəstək müraciətini, ümumiyyətlə, şəhid ailəsinin gerçək durumunu təqdim edir. Ümid edirik ki, müvafiq qurumlar məsələyə humanizm nöqteyi-nəzərindən yanaşacaqlar, əliqabarlı şəhid atasının müraciətinə biganə qalmayacaqlar.

P.S.Adı çəkilən bank rəhbərliyinin və digər əlaqədar qurumların mövqeyini dərc etməyə hazırıq.

AFN.az
 

Ardını oxu...
Kəndli çox çətin situasiya ilə üz-üzə qalıb. İş yox, pul yox, pay torpaq sahələrini əkib-becərməyə texnika yox, heyvan saxlamağa örüş yeri də yox. Kəndlər boşalanda da kəndlini qınayırıq. Hesab edirik ki, bütün yoxluqlara rəğmən, yenə də həyatda qalmağı bacarmalıdır.
Bizimyol.info xəbər verir ki, ölkənin müxtəlif yerlərində quzu ətinin kiloqramı 20 manatdan baha satılmağa başlanılıb. Ən yaxşı halda ətin kilosuna 20 manat vermək mümkündür. Mal ətinin kiloqramı təsadüfi hallarda 15 manatdan ucuz təklif olunur. Halbuki keçən ilin sonlarında 12 manatdan almaq alınırdı.

Bu haqda az yazmamışıq. Örüş yerləri tükəndikcə ət istehsalı da azalır. Mal-qaranın qidalanması ucuz başa gəlmir. Örüş yerləri kəndlini vəziyyətdən çıxarırdı. Səhər erkən camaat mal-heyvanını uyğun sahələrə ötürürdü, qaş qaralanda tövləyə salırdı. İndi heyvan otarmağa yer qalmayıb. Hər yer ələ keçirilib. Bir dəfə yolunuz Qubanın kəndlərinə düşsə, durumu daha aşkar görərsiniz. Məmurlar böyük sahələri zəbt edərək gilas əkməyə başlayıb. Plansız aqroparkların salınması isə həm su qıtlığı yaradır, həm də torpaq. Bakıya tərəf üz tutduqca darvazaların üzərində “satılır” ifadələri bir-birini əvəz edir. Camaat daha kənd yerlərində yaşaya bilmir. Çünki məmur əlləri ucqarlara qədər uzanıb.

Yem çox bahalaşıb. Son illər yoncanın bağlamasının hətta 2 manat 50 qəpiyə satıldığını da görmüşük. İndi 6 manata tapmaq olur. Bəzi rayonlarda yoncanın bağlaması 8 manata təklif edilir. Kəndli bu şərtlərlə necə heyvan saxlasın? Məcburiyyətdən olan-qalanını satıb paytaxta gələrək qul həyatı yaşamağa başlayır. Bakıda qazancın yarıdan çoxu ev kirayəsinə gedir. Halbuki, kəndli elə kənddə faydalıdır. Hamı Bakıda yaşayacaqsa, aqrar sektor necə inkişaf edəcək?

Nə qədər yazsaq da, dərd azalmır. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var. Kəndlinin nəinki qarşısını kəsməmək, hətta ona yaxşı şərait yaratmaq lazımdır.
 
Ardını oxu...
Bu ilin ilk rübünün yekunlarına olan sonuncu məlumata görə, Azərbaycanda adambaşına düşən orta aylıq gəlir 345 manat 20 qəpik olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı “Ev təsərrüfatları tədqiqatının yekunları” adlı hesabatda yer alıb.

Məlumatda bildirilir ki, bu ilin ilk rübündə əhalinin gəlirləri xərclərindən az olub. Belə ki, ilk rübündə əhalinin adambaşına düşən orta aylıq xərcləri 349 manat 54 qəpik təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin xərcləri gəlirlərindən 4 manat 34 qəpik çox olub.
 
Ardını oxu...
Məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu məişət zorakılığının qarşısının alınması sahəsində dövlətin öhdəliklərini, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin aşağıdakı növləri vardır:

hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
sosial xarakterli tədbirlər – zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;
qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili.
Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:

məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;
məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi;
zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;
zərər çəkmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;
məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;
məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;
qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin icrasının həyata keçirilməsi;
məişət zorakılığı törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;
məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;
qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi;
qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.
Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər aşağıdakılardan ibarətdir:

zərər çəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;
zərər çəkmiş şəxslərə təhsilin davam etdirilməsində kömək göstərilməsi;
zərər çəkmiş şəxslərin işlə təmin edilməsində, yeni peşələrə yiyələnməsində kömək göstərilməsi;
zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi;
zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kurslarının təşkili;
zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması;
zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi;
zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi.
Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.

Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:

məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;
məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;
məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;
əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;
ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi;
məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;
məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;
məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;
məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;
məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.
Zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi

Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.
Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanılması, zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.
Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı məlumat bankını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.
Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.
Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Məişət zorakılığı ilə bağlı məlumat blankı

Məişət zorakılığı ilə bağlı məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmışdır.

Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır.

Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Dövlət orqanları və yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Komitə tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanır.

Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.

Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;
zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;
zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil etmək;
zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;
zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;
zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;
məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;
zərər çəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;
zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.
Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.

Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər.

Qeyri-dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində akkreditasiyadan keçməlidir.

Yardım mərkəzlərinin fəaliyyəti qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Benefisiar.org
 

 

Ardını oxu...
Naxçıvanda vaxtilə ev hədiyyə olunmuş qazilərə verilmiş tam mülkiyyət hüququnun bir hissəsi əllərindən alınıb. Məsələn, bundan sonra onlar bu evləri nə sata, nə də girov qoya bilərlər. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Qazilər bildirirlər ki, bu məsələ onlardan bəzilərinin evlərini satmaq istərkən üzə çıxıb. Bu zaman məlum olub ki, yerli Daşınmaz Əmlak Komitəsi qazilərə verilən bütün mənzillərin üzərinə yüklülük qoyub.

Naxçıvan Qazilər Birliyinin sədr müavini Əli Əlisoy deyir ki, o da bu məsələdən bir neçə ay öncə, evini satmaq istərkən xəbərdar olub:

„Mənim ailəm 4 nəfərdən ibarətdir. Lakin 2022-ci ildə mənə iki nəfərlik, cəmi 34 kvadratlıq mənzil verilmişdi, bir müddət sonra isə, sərəncamla çıxarış verdilər. Bununla mənzilin tam mülkiyyət hüququnu əldə etdim. Yeni uşaq doğulandan sonra isə, bura sığışmağın mümkün olmayacaqğını nəzərə alıb, qərara aldım ki, bu evi satıb, daha böyüyünü alaram. Lakin, ASAN xidmətdən dedilər ki, bu hüququm bir müddətdir ki, əlimdən alınıb. Araşdırdıq, gördük ki, vaxtilə mənzil hədiyyə olunmuş bütün qazilərin bu hüququ əllindən alınıb. Məlum oldu ki, bunu edən Daşınmaz Əmlak Komitəsidir. Onlara müraciət etdik, dedilər ki, Sosial Müdafiə Nazirliyinin məktubu əsasında bunu ediblər. Daha sonra mən nazirliyə yazıb, məsələni aydınlaşdırmaq istədim. Oradan dedilər ki, onlar heç kimə belə bir məktub yazmayıblar. Bir sözlə, ötür-ötür oyunu qurublar“.

Komitənin qərarını qanunsuz sayan Əli Əlisoy bununla bağlı məhkəməyə müraciət etdiyini bildirir:

“Nazirliyin məktubu olsa da belə mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Bunun üçün dövlət orqanının xüsus qərarı, yaxud məhkəmə qərarı olmalıdır. Bunların heç biri yoxdur. Bu qanunsuzluqları nəzər alıb, məhkəməyə müraciət etdim. Bir neçə gün sonra ilk iclas keçiriləcək. Ümid edirəm ki, ədalət öz yerini tutacaq. Mən Qarabağ döyüçlərində iki dəfə yaralanmışam. Məndən daha ağır vəziyyətdə olan qazilər var ki, hamısının mülkiyyət hüququ bu cür məhdudlaşdırılıb. Bununla nəyə nail olmaq istəyirlər, anlaya bilmirik”
 

Dünyapress TV

Xəbər lenti