Seneqal Prezidenti Maki Sall ölkədə fevralın 25-də keçiriləcək prezident seçkisinin təxirə salındığını açıqlayıb.
Dövlət başçısı xalqa televiziya müraciətində deyib: “Mən seçki qanununu namizədlərlə bağlı mübahisələrə görə ləğv edirəm”.
O, səsvermə üçün yeni tarix açıqlamayıb. Qeyd edək ki, Seneqal Konstitusiya Şurası prezident seçkisində iştirak etmək üçün 20 namizədi təsdiqləyib. Bununla belə, namizədlərdən birinin ikili vətəndaşlığa malik olması ilə bağlı qızğın mübahisə yaranıb.
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.
Korsika müstəqillik tərəfdarlarının “Nazione” partiyasını yaratmasından qısa müddət sonra və daxili işlər naziri Jerald Darmanənin Korsikaya səfərindən bir neçə gün əvvəl Fransa polisinin iki fəalımıza qarşı törətdiyi zorakılıq aktı qəbuledilməzdir. Biz onların, ailələrinin yanındayıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Korsika Assambleyasının deputatı Jozefa Ciakometti Piredda səsləndirib.
O bildirib ki, son bir neçə ayda baş verən hadisələr Fransa hökuməti ilə vəziyyətin çox kritik olduğunu bir daha göstərir. Fransa ilə Korsika arasında real həll yolları tapmaq lazımdır. “Son vaxtlardakı hadisələrdən danışsaq, bəlkə də mərkəzsizləşdirmə sahəsində müəyyən kiçik irəliləyiş olub, ancaq əsl inkişaf yoxdur. Əsl siyasi həll istiqamətində inkişaf olmayıb. Xalqımızın öz torpaqlarında hüquqlarının, dilinin tanınması istiqamətində irəliləyiş yoxdur. Bizim üçün əsl siyasi həll lazım olan sahələrdə inkişafdan söhbət belə getmir”, - deyə deputat vurğulayıb.
Ötən il Ermənistana ən çox yatırım göstərən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mediaya açıqlamasında belə deyib. Ermənistan iqtisadiyyatına 2023-cü ildə yatırılan xarici investisiyaların həcmi təxminən 1.4 milyard dollardır. Ermənistan statistika qurumunun ötən ilin ilk 9 ayı ilə bağlı açıqladığı rəqəmlərə görə, BƏƏ-nin bu ölkəyə yatırdığı investisiyaların həcmi 305 milyon dollar olub. Ermənistana yatırılan investisiyaların həcminə görə ənənəvi olaraq lider sayılan Rusiyadan gələn xarici investisiyaların həcmi isə eyni dövrdə 250 milyon dollardır.
Müqayisə üçün: 2023-cü ilin ilk 9 ayında BƏƏ Azərbaycana 67 milyon dollar həcmində investisiya yatırıb. Bu, Ermənistanla müqayisədə təxminən beş dəfə az deməkdir. BƏƏ-nin Ermənistanla iqtisadi münasibətlərində bir məqam da diqqət çəkir: Əsas investor şirkətlərdən biri Azərbaycanda da fəaliyyət göstərir. Söhbət alternativ enerji sahəsində çalışan "Masdar" şirkətindən gedir.
Ötən il bu şirkətin Azərbaycandakı ilk layihəsinin - 230 MVt gücündəki "Qaradağ" Günəş Elektrik Stansiyasının açılışı olmuşdu. Eyni şirkətlə Ermənistan arasında imzalanan anlaşmaya görə, 200 MVt gücündə günəş elektrik stansiyası tikilir. 85 faizi "Masdar"a, 15 faizi Ermənistan Dövlət Maraqları Fonduna (ANIF) məxsus olacaq elektrik stansiyasına 174 milyon dollara yaxın investisiya qoyulacaq. Tikinti Ermənistanda toplam gücü 400 MVt-lıq bərpa olunan enerji layihələrinin inkişafı üçün 2019-cu ilin noyabrında "Masdar"la imzalanmış Sazişə əsasən aparılır.
Ötən il keçirilən Ermənistan-BƏƏ biznes forumunda çıxış edən Ermənistan rəsmisi bildirib ki, iki ölkə arasında alternativ enerji ilə yanaşı, digər strateji partnyorluq olan sahə aviasiyadır. Nəzərə almaq lazımdır ki, Ermənistanın milli aviadaşıyıcısı "FLY Arna" şirkətini 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Air Arabia" və ANIF təsis edib. Ermənistanın iqtisadiyyat naziri BƏƏ ilə ticarət əlaqələrinin inkişafını Ermənistan hökumətinin bu ölkə ilə apardığı məqsədyönlü danışıqların nəticəsi sayıb və əlavə edib ki, Ermənistan hazırda Hindistan, Çin, Yaponiya və Avropa Birliyinin də ölkə iqtisadiyyatına marağının artması yönündə fəaliyyət göstərir.
İki ölkə arasında ticarət də artır Ötən il Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi də artıb. Ermənistan Statistika Komitəsinin 2023-cü ilin ilk 11 ayı ilə bağlı yayımladığı rəqəmlərə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1.5 milyard dollara yaxın olub. Bu, 2022-ci ilin eyni dövri ilə müqayisədə üç dəfəyə yaxın artım deməkdir. Həmin göstərici ilə BƏƏ Ermənistanın ən böyük xarici ticarət dövriyyəsi olduğu ikinci ölkədir. Maraqlıdır ki, Ermənistan və BƏƏ arasındakı ticarətdən qazanclı tərəf daha çox Ermənistandır, çünki bu müddət ərzində Ermənistanın BƏƏ-yə satdığı məhsulların toplam dəyəri 1.4 milyard dollar olduğu halda, BƏƏ-dən Ermənistana cəmi 70 milyon dollar dəyərində ixrac gerçəkləşdirilib.
Bugünlərdə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi də BƏƏ-nin uyğun qurumu ilə anlaşma imzalandığını açıqlayıb. Açıqlamada bildirilir ki, BƏƏ və Ermənistan arasında Ermənistanın balıq, bal, ağartı, ət və ət məhsulları üçün sağlamlıq sertifikatı haqqında razılıq baş tutub və bu razılıq Ermənistanın BƏƏ-yə qida məhsulları ixracını artıracaq. Bu il fevralın 1-dən başlayaraq Ermənistan və BƏƏ arasında vizasız rejim qüvvəyə minir. Erməni tərəfinin fikrincə, bu addım Ermənistana BƏƏ-dən gələn turistlərin sayını artıracaq.
Ermənistanın ixracı necə artır? O da var ki, Ermənistanın xarici ticarət göstəricilərinin artmasında Rusiyaya tətbiq edilən sanksiyaların da təsiri var. Ukraynaya hücumdan sonra Rusiyaya sanksiyalar tətbiq edildiyindən rusiyalı sahibkarların idxal və ixrac əməliyyatları çətinləşib. Belə olan halda son iki ildə Rusiyanın idxal və ixracında Ermənistan rol oynamağa başlayıb. Belə ki, Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir. Eyni zamanda, Ermənistan xaricdən gətirdiyi bəzi məhsulları təkrar Rusiyaya ixrac edir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 11 ayında ölkənin almaz ixracı 2022-ci illə müqayisədə iki dəfə artıb. Ermənistanın almaz ixracında BƏƏ-nin payı 86 faizdir. Ermənistan mətbuatında çıxan araşdırmalarda qeyd edilir ki, Ermənistanın almaz ixracındakı kəskin artımın səbəbi məhz Rusiya almazının təkrar ixracıdır.
Rusiya ilə təkrar idxal-ixrac əməliyyatlarının Ermənistanın xarici ticarət əlaqələrinə təsirini digər rəqəmlər də təsdiqləyir. Ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 20.7 milyard dollar olub. Bu, 2022-ci illə müqayisədə 46 faiz artım deməkdir. 2023-cü ildə Ermənistanın ixracı 55 faiz, idxalı isə 40 faiz yüksəlib. Ermənistanın sırf Rusiyaya ixracındakı artımsa 60 faizə yaxındır.
Ukrayna Silahlı Qüvvələrinə təqdim edilmiş beynəlxalq yardımın istifadə edilməsi üzərində nəzarət sahəsində əməkdaşlıq gücləndirilir.
Bununla bağlı yanvarın 31-də Ukrayna və ABŞ arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb.
Modern.az xəbər verir ki, yanvarın 31-də Ukrayna müdafiə naziri Rustem Umerov Kiyevdə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Robert Storç ilə görüşüb.
Görüş zamanı Rustem Umerov Amerika tərəfini Ukrayna Müdafiə Nazirliyində davam edən institusional transformasiyalar, xüsusilə də effektiv nəzarət, risklərin idarə edilməsi və uyğunluq sisteminin tətbiqi, satınalmalar sahəsində korrupsiyanın qarşısının alınması, habelə müdafiə sektorunda demokratik nəzarət alətlərinin tətbiqi haqqında məlumatlandırıb.
“Aprelin sonunadək bütün nəzarət mexanizmlərinin tətbiq ediləcəyinə və sistemin işləyəcəyinə yüz faiz əmin olacağıq”, - deyə nazir qeyd edib.
ABŞ prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki hərbi bazaya edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib.
O, jurnalistlərlə söhbətində üç ABŞ hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bununla belə, Bayden ABŞ-nin hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.
O vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmır.
Avropanın Donald Trampın ABŞ-da keçirilən seçkilərdə qalib gəlməsi və Vladimir Putinlə anlaşmaya getməsi ehtimalını nəzərə alması məqsədəuyğundur
Qaynarinfo TVN24-yə istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel danışıb.
"Bu, transatlantik əlaqələri pozmaqdan, ABŞ-ı müttəfiq kimi şübhə altına almaqdan getmir, lakin biz real olaraq qəbul etməliyik ki, Donald Tramp çox şeyə fərqli baxır”, deyə Pavel bildirib.
Onun sözlərinə görə, Ukrayna Rusiyadan fərqli olaraq indi döyüş meydanında məhdud imkanlara malikdir. Buna görə də müttəfiqlər hücum hərəkətlərini məhdudlaşdırmağı və müdafiəni gücləndirməyi tövsiyə edir.
Pavel bildirib ki, bunun üçün Kiyevə təkcə sırf müdafiə silahları deyil, həm də Rusiya ordusunun təchizat marşrutlarını pozacaq silahlar, məsələn, artilleriya və ya daha uzun mənzilli qanadlı raketlər, həmçinin F-16 təyyarələri lazımdır.
İsrailin Xarici İşlər Nazirliyi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib.
TASS xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.
Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb. İsrael Kats baş komissarın istefasını tələb edib: “Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”.
Bildirilib ki, bir müddət əvvəl Avstriya, Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da daxil olmaqla bir neçə ölkə təşkilatın bəzi əməkdaşlarının HƏMAS-la əlaqələrinin olduğuna dair şübhələr fonunda UNRWA-ya maliyyə ayrılmasını dayandırdıqlarını elan ediblər.
Məlumata görə, baş komissar Lazzarini keçən il HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəli olduğu iddia edilən bir neçə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.