![]() |
![]() ![]() ![]() |
|
ABŞ-ın xarici siyasətində xaotik qərarlar kimi görünən addımlar əslində sistemli və məqsədyönlü strategiyanı əks etdirir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasi ekspert Qriqori Trofimçukun fikrincə, Vaşinqtonun əsas məqsədi Rusiyanı Çindən ayırmaqdır. Qriqori Trofimçuk xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə məşhur rusiyalı ekspertdir.
"Tramp administrasiyası qarşısına Moskvanı Pekindən qoparmaq üçün genişmiqyaslı plan qoyub. ABŞ bu cütlüyü eyni anda zəiflətməyin çox baha başa gələcəyini anlayaraq, hədəf kimi Rusiyanı seçib. Bunun üçün isə Moskva ilə gizli əməkdaşlıq formatı yaradılaraq, Çin rəhbərliyində Kremlə qarşı şübhə yaradılmağa çalışılır".
Ekspertin sözlərinə görə, Tramp Rusiyanı Çindən uzaqlaşdırmaq üçün iki əsas ssenari üzərində işləyir:
1. Moskvanı Vaşinqtonla əməkdaşlığa cəlb etmək və bu prosesi Çinin gözündə diskreditasiya etmək – yəni Molotov-Ribbentrop paktına bənzər yeni gizli razılaşma mümkündür.
2. Rusiyanın təbii ehtiyatları və iqtisadi resurslarına nəzarəti gücləndirmək.
Bu çərçivədə ABŞ-ın G7 sammiti ilə bağlı verdiyi son qərarlar da Rusiyanın xeyrinə, Çinin isə əleyhinə işləyir. Vaşinqton G7-nin Rusiyaya qarşı bəyanatını yumşaltmaqla yanaşı, Çinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Bu siyasət Vaşinqtonun qlobal strategiyasında ciddi dönüş nöqtəsi sayıla bilər. Əsas sual isə budur: Kreml Trampın oyununun bir hissəsi olmağa razı olacaqmı?
Musavat.com
Yaxın Şərqdə geosiyasi dinamika dəyişir.
Musavat.com xəbər verir ki, Türkiyə, İordaniya, İraq, Suriya və Livan təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün yeni ittifaq qurur. Ammanda keçirilən təhlükəsizlik sammitində bu ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri, kəşfiyyat rəhbərləri və baş qərargah rəisləri bir araya gəlib. Daha sonra nümayəndə heyətləri İordaniya kralı II Abdullah tərəfindən qəbul edilib.
Sammitin əsas qərarları:
İŞİD-ə qarşı birgə mübarizə üçün operativ mərkəz yaradılacaq.
PKK-nın bölgədəki fəaliyyəti terrorizm kimi qiymətləndiriləcək və ona qarşı İŞİD-ə tətbiq olunan tədbirlər görüləcək.
Yeni Suriya hökumətinə terrorla mübarizə və sabitliyin təmin olunması üçün hərtərəfli dəstək veriləcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK-nın yalnız Türkiyə üçün deyil, həm də İraq və Suriya üçün təhlükə yaratdığını vurğulayıb. Onun sözlərinə görə, PKK-nın İraqda və Suriyada işğal etdiyi ərazilərə qarşı ciddi tədbirlər görüləcək.
Bölgə ölkələrinin bir araya gəlməsi İsrail və ABŞ-ın Yaxın Şərqdə həyata keçirməyə çalışdığı geosiyasi planlara qarşı atılmış addım kimi qiymətləndirilir. Ekspertlərə görə, bu proses İslam dünyasının xarici güclərin bölgədəki müdaxiləsinə qarşı mübarizədə birləşdiyinin siqnalıdır.
Bu yeni ittifaqın bölgənin siyasi xəritəsinə necə təsir edəcəyi və ABŞ-İsrail cəbhəsinin buna hansı cavabı verəcəyi yaxın zamanlarda aydınlaşacaq.
Musavat.com