![]() |
![]() ![]() ![]() |
|
Mərhələ xarakterli bir proses baş verir. PKK terror təşkilatının özünü buraxdığını və silahlarını təhvil verəcəyini açıqlaması son 50 ilə yekun vurmaq deməkdir.
PKK lideri, İmralı ada həbsxanasında saxlanılan Abdullah Öcalan tərəfindən idarə olunan proses PKK-nın təşkilati strukturunun ləğv edilməsi, silahlı mübarizə və ümumilikdə PKK adı ilə aparılan fəaliyyətlərə son qoyulmasını nəzərdə tutur.
Musavat.com xatırladır ki, PKK ilə barışıq prosesi 2024-cü ilin 22 oktyabrında MHP sədri Devlet Bahçelinin Öcalana müraciət edərək PKK-nı buraxması və bunun qarşılığında parlamentdə çıxış etmək və “ümid haqqı” deyilən ömürlük məhkumlara verilən əfv hüququndan istifadə imkanı yaratmaq sözü verməsi ilə başladı. Bunun ardınca DEM Partiyasından (keçmiş HDP) bir qrup İmralı adasına gedərək Öcalanla görüşdü və fevralın 27-də Öcalanın barışıq çağırışı yayımlandı.
Qeyd edək ki, hökumətə yaxın mənbələr Öcalanın nəzarəti altında olacaq PKK-nın ləğv prosesinin aşağıdakı mərhələləri əhatə edəcəyini bildirir:
1. PKK üzvləri İraqın Süleymaniyə və Ərbil şəhərləri də daxil olmaqla 3 məntəqədə BMT-nin müşahidəsi altında silahlarını təhvil verəcək.
2. PKK-da yüksək vəzifə tutan 300-dək rəhbər şəxs Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə gedəcək, onların xüsusən də İran, İraq və Suriya kimi yaxın qonşu və kürd mövzusunda həssas olan ölkələrə keçidi qadağandır.
3. Həmçinin ağır cinayətdə ittiham olunmayan əcnəbi PKK üzvləri vətəndaşı olduqları ölkəyə qayıtmaq haqqı əldə edəcək.
4. Türkiyə Cümhuriyyəti vətəndaşı olan 4 min PKK üzvü isə sərhəddə mərhələli şəkildə hökumət qurumlarına təslim olacaq.
5. Abdullah Öcalan isə İmralı adasında həbsxanada qalacaq.
6. Qanunvericiliyin imkanları daxilində yaşlı və xəstə PKK üzvləri azadlığa buraxılacaq, həmçinin sonrakı mərhələdə parlamentdə amnistiya qanunu gündəmə gələcək.
7. DEM Partiyası yenidən qurulacaq, ancaq bu dəfə heç bir sənəddə PKK adı keçməyəcək.
8. Həmçinin PKK ittihamı ilə qəyyum təyin olunmuş bələdiyyə sədrlərinin yenidən vəzifələrinə geri dönməsi məsələsi müzakirəyə çıxarılacaq.
9. PKK-nın başqa ad altında yenidən təşkilatlanması riskini nəzərə alaraq, Türkiyə bölgədə hərbi gücünü uzun müddət saxlayacaq.
10. Suriyada isə YPG-nin taleyi Dəməşq hökuməti ilə birlikdə planlanacaq, suriyalı olmayan YPG üzvləri ölkədən çıxarılacaq, qalanları isə Suriya ordusuna daxil ediləcək.
Ən əsası, bu prosesdə hər hansı xarici dövlət, o cümlədən ABŞ, Fransa kimi təminatçı dövlətlər olmayacaq. Proses tamamilə Türkiyə dövlətinin nəzarətində həyata keçiriləcək. Əlbəttə, PKK-nın ləğvi tez və asan baş verməyəcək, proses uzun zaman ala bilər. Çünki söhbət 40 ildən artıq davam edən, regionun 4 ölkəsində silahlı və siyasi qanadları, müxtəlif aşkar və gizli yan quruluşları olan bir strukturdan gedir. Bu strukturun tez bir zamanda və tam tərkibdə silahı yerə qoyması və təslim olmasını gözləmək sadəlövhlük olardı. Lakin bu prosesdə əsas olan birincisi, ali səviyyədə, yəni liderlər səviyyəsində verilən qərarlardır, ikincisi isə yaranmış hərbi-siyasi şəraitdir.
Ötən müddətdə Türkiyədə başlayan barışıq prosesinə və dünən qəbul olunan qərara reaksiya onu göstərir ki, hər kəs, bütün etnik və siyasi qruplar bu mövzuda, yəni PKK-nın silahı yerə qoyması məsələsində həmrəydir.
Qərara tabe olmayan və ya təslim olmaqdan imtina edənlər marginallaşacaq və təkcə Türkiyədə deyil, bütünlükdə region ölkələrində təqib ediləcəklər. PKK çətiri altında fəaliyyət göstərən silahlı qruplar, bilindiyi kimi, yalnız Türkiyədə deyil, Yaxın Şərqin kürdlərin kompakt yaşadığı digər 3 ölkəsində – Suriya, İraq və İranda – fəaliyyət göstərib. PKK-nın Türkiyədə başlayan ləğv prosesi heç şübhəsiz ki, digər adı çəkilən ölkələr üçün də fürsət yaradır. Söhbət hansı fürsətlərdən gedir?
İlk olaraq İraqdan başlayaq. Bilindiyi kimi, uzun illər və bu gün də PKK-nın (YPG/PYD deyil – K.R.) əsas düşərgəsi İraq ərazisində, konkret olaraq Sincar rayonu və Kandil dağlarında yerləşir. Terror təşkilatının təlim düşərgəsi (Mahsun Korkmaz Akademiyası – K.R.) İraqdadır. Kandil dağları təkcə Türkiyə PKK terrorçularının sıöınacağı deyil: həmçinin İranda fəaliyyət göstərən İran Kürdüstan Demokrat Partiyası (DPK-I), Kürdüstan Azad Həyat Partiyası (PJAK) və İran Kürdüstanı Komala Partiyası (Komala) kimi silahlı terror təşkilatlarının, habelə Suriyada fəaliyyət göstərən PYD/YPG-nin də uzun müddət – 2004–2011-ci illər arasında – İraqda fəaliyyət göstərdiyi məlumdur.
İraq hakimiyyəti bir sıra səbəblərə görə bu qruplara maneə ola bilmirdi. Lakin son illərdə situasiya dəyişib. 2017-ci ildə Bərzaninin müstəqil Kürdüstan dövləti yaratmaq cəhdi Bağdadla kürdlər arasında münasibətləri soyuqlaşdırdı. İndi isə daha ciddi bir məsələ ortaya çıxıb. İraqın Bəsrə şəhərində Fav limanı ilə Türkiyənin Aralıq dənizi və Qara dəniz sahillərini birləşdirəcək yeni “İnkişaf Yolu” nəqliyyat dəhlizi məhz İraqın şimalında PKK-nın fəal olduğu bölgədən keçir. Bu səbəbdən də indi Bağdad da ən azı Türkiyə qədər PKK və digər terror qruplarının o bölgədən çıxarılmasında maraqlıdır. Çünki nəqliyyat qovşaqları üçün ən böyük risk silahlı terror qruplarıdır. Məhz bu səbəbdən də ötən il ilk dəfə olaraq İraq hökuməti PKK-nı terror təşkilatı siyahısına daxil etdi.
Suriyada yeni hakimiyyət zəifdir. Mart ayında ABŞ-ın diktəsi ilə SDQ (kürdlər) və Dəməşq arasında barışıq sazişi imzalandı. Lakin aprelin 26-da “Rojava”da (Suriyanın kürd nəzarətində olan hissəsinə kürdlər belə deyir – K.R.) konqres keçirən kürdlər Dəməşqdən bir sıra tələblər, o cümlədən kürd dilinə ikinci rəsmi dil statusu və muxtariyyət tələb etdilər. Əlbəttə, Dəməşqin indi kürdlərlə qarşıdurmaya getməyə imkanları yoxdur. Lakin aydın məsələdir ki, kürd “fəallığından” narahatdır. Yaxın gələcəkdə Suriyada yeni bir kürd–ərəb qarşıdurması qaçılmaz ola bilər.
İranla məsələ daha açıqdır. Tehran üçün kürd separatizmi hər zaman təhlükə hesab olunur. Keçən ay İranın təzyiqi ilə İraqın Milli Təhlükəsizlik Şurası anti-İran qüvvələrin ölkə ərazisində istənilən fəaliyyətinin qadağan olunmasına dair qərar qəbul edib.
Başqa sözlə, Türkiyədə başlayan proses ümumilikdə regionda kürd məsələsi ilə bağlı yeni bir üfüq açır və uzun illərdir dağlarda silahlı terror fəaliyyətlərinə son qoyulması üçün təcrübə və imkanlar ortaya qoyur.
Bu məsələdə təbii ki, hər şey Türkiyədə başlayan prosesin gedişatı və nəticəsindən asılı olacaq. Türkiyə təcrübəsi uğurlu olarsa, bu, ümumilikdə region üçün yeni bir mərhələyə çevriləcək.
Bu proses Yaxın Şərq regionunda, xüsusən də “kürd məsələsinin” mövcud olduğu İraq və Suriyada kürdlərlə yanaşı yaşayan türkmən icması üçün də yeni bir fürsət yaradır. Son illərdə həm İraq, həm də Suriyada baş verənlər türkmən icmasının fəallaşdığını göstərir. 2023-cü ildə İraq hökumətinin Kərkük vilayətində türkmən (türk) dilinə rəsmi status verməsi Bağdadın kürd faktoru qarşısında türkmən reallığını qəbul etdiyinin göstəricisi idi. Bunun daha bir bariz nümunəsi isə ötən həftə Ankaraya rəsmi səfərə gələn İraq baş naziri Məhəmməd Şia əs-Sudani özü ilə birlikdə heyətdə İraq Türkmən Cəbhəsinin sədrini də gətirməsi türkmən siyasəti baxımından ciddi bir yenilik sayıla bilər.
Suriyada da son aylarda türkmən kimliyi mövzusunda ciddi bir irəliləyişin olduğunu qeyd etmək lazımdır. Mart ayında türkmən əsilli general Fəhim İsanın Suriya müdafiə nazirinin müavini və şimal bölgəsi ordu komandanı təyin olunması, həmçinin general Seyfəddin Poladın 76-cı diviziyaya komandir təyin olunması, Hüseyn İsanın Hələb Ticarət Palatasının sədr müavini, Mustafa Culha adlı şəxsin isə Lazqiyyə vilayətinin şimal rayonunun valisi təyin olunması türkmənlərin Suriya siyasətində, xüsusən də türkmənlərin (həm də kürdlərin) kompakt yaşadığı şimal rayonlarında ordu və dövlət idarəsində etimad göstərildiyini sübut edir. Həm İraqda, həm də Suriyada yeni dövrdə türkmənlərin daha çox irəli çəkilib etimad qazanacağı ehtimalı yüksəkdir.
Nəticə etibarilə regionda baş verənlər böyük bir yenilənmə prosesidir və burada ənənəvi oyun qaydalarının və oyunçuların yerinin dəyişməsi qaçılmazdır.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
“Robert Köçəryan və Serj Sərkisyan, eləcə də Artur Vanetsyan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru - red.) və digər bənzər şəxslər qarşıdan gələn seçkilərdə bizə kömək edəcək”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib. Simonyana görə, adı çəkilənlər efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək. “Vazgen Manukyan (Ermənistanın keçmiş baş naziri - red.) və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək. Əgər onlar birlikdə nəsə etməyə başlasalar, o zaman biz, ümumiyyətlə, evdən belə çıxmaya bilərik”, - spiker ironik şəkildə vurğulayıb.
Parlament sədri habelə hakim “Mülki müqavilə” partiyasının xalqla ünsiyyətdə olacağına və 50%+1 səs toplayacağına və böyük ehtimalla vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda o, heç bir qüvvə ilə koalisiya qurulmayacağına da əminlik ifadə edib.
Spikerin sözlərinə görə, Ermənistanın ikinci prezidenti Köçəryanın mitinqi əvvəlki parlament seçkilərində hakimiyyətin qələbəsinin açarı olub. O əlavə edib ki, Robert Köçəryan Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə birləşdirmək niyyətində idi.
Parlament sədri nə dərəcədə haqlıdır? Doğrudanmı radikal-revanşist (rusiyapərəst) müxalifətin cəmiyyət içində fəallığı hakim partiyanın xeyrinə işləyir və seçkilər zamanı da işləyəcək? Simonyanın qələbə ilə bağlı əminliyinə əsas varmı? Bəs Rusiya faktoru?
Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan toplumunun böyük əksəriyyəti ölkəsinin Rusiyanın caynağından qopmasını istəyir: “Bu səbəbdən həmin toplum bugünkü Paşinyan hakimiyyətini dəstəkləyir. Erməni toplumunun içərisində Paşinyanı dəstəkləyənlər yaxşı anlayırlar ki, onların yaşadıqları ölkədə normal dövlət deyil, Rusiyanın forpostu kimi bir "dövlətcik" fəaliyyət göstərir. Təbii ki, bunu anlayanlar Paşinyan başda olmaqla, normal, Qərbə bağlı bir dövlət formalaşdırmaq istəyirlər. Erməni toplumunun böyük əksəriyyətinin Paşinyan sevgisinin kökündə onun köçəryan və sərkisyanlardan fərqli olaraq, talançı, rüşvətxor və korrupsioner olmaması dayanır".
F.Yusifov əlavə etdi ki, bu toplum on illər ərzində Köçəryan və Sərkisyan kimilərin Ermənistanı hamının gözləri qarşısında necə taladıqlarının şahidi olub: “Ona görə də hətta 44 günlük biabırçı məğlubiyyətdən sonra keçirilən seçkilərdə də Paşinyana səs verdilər. Bu seçki bir daha onu göstərdi ki, ermənilərin böyük əksəriyyəti (mənim fikrimcə, ən azından 70%-ə qədəri) köçəryanlara və sərkisyanlara nifrət edirlər. Lakin siyasi əxlaqdan uzaq olan Rusiya kimi bir dövlətin Cənubi Qafqaz siyasətindən əl çəkəcəyini və bu bölgədə Azərbaycan torpaqlarında yaratdığı Ermənistan adlı forpostunun müstəqil dövlətə çevrilməsinə asanlıqla göz yumacağını gözləmək sadəlövlük olardı. Rusiya Ermənistanı əvvəlki axarına gətirmək üçün sona qədər savaşacaq".
Onun fikrincə, Rusiya birinci imkanda Ermənistanda hakimiyyətə özünə yaxın olan bir qüvvələri gətirmək istəyəcək: “Bu qüvvələrin başında Köçəryan və ya Sərkisyan kimi canilərin olması əsas şərt deyil. Rusiya üçün əsas şərt Ermənistandakı "beşinci kolon"un sadiq köpəklərindən kimlərsə hakimiyyətə gətirmək olacaq. Lazım gələrsə, Rusiya bunun üçün Ermənistanda vətəndaş qarşıdurması yaradacaq. Biz bu vəziyyəti dəyərləndirməli və ona indidən hazır olmalıyıq. Əgər Ermənistanda Rusiyaya bağlı güclər hakimiyyətə gələrlərsə, onların birinci işi Qarabağ torpaqlarımızdan rədd olub getmiş erməniləri geriyə qaytarmaq cəhdi olacaq. Bu məsələdə Rusiya Ermənistanın yanında dayanacaq və həmin qayıdışın təmin edilməsi üçün ona hər cür dəstək verəcək, Qarabağa qayıdacaq ermənilərin “təhlükəsizliyini və hüquqlarını” müdafiə etmək adı altında orada konsulluğunu açmaq istəyəcək".
F.Yusifov hesab edir ki, Ordumuzun daimi güclü olmasını təmin etməliyik, yaxın illər ərzində Qarabağa qayıdışı sürətləndirməliyik. Sabiq nazir təklif edir ki, kənd həyatı yaşamaq istəyənlərə 15-20 sot torpaq vermək lazımdır: “O torpaqlarda yüz minlərlə azərbaycanlının yaşadığını bilən heç bir erməni geri qayıtmaq istəməyəcək. Qayıtmaq istəyənlərə isə yol açıqdır - əgər 30 illik işğal dövründə azərbaycanlılara qarşı törədilmiş hər hansı bir təxribatlarda iştirak etməmiş erməni varsa, buyurub gəlsin. İstənilən cəmiyyətdə çəkməçi, dərzi, bənna və s. kimi sənətkarlara tələbat var”.
Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə hesab edir ki, Simoyan birmənalı şəkildə haqlıdır: “Xalq Köçəryan və Sərkisyan cütlüyündən 30 il ərzində çox ciddi narazı qalıb. Korrupsiya çirkabına bulaşmış bu cütlük Ermənistanda cinayətkar rejim qurmaqla yanaşı, dövlət büdcəsindən milyardlar oğurlayıblar. Hər ikisi xunta rəhbəri olub. Qarabağ döyüşlərinin əsas iştirakçıları olub və Qarabağ müharibəsinə görə və hər ikisi səhra komandiri olduqları səbəbindən prezident vəzifəsinə qədər qalxa biliblər. Təbii ki, həm də Rusiyanın dəstəyi səbəbindən. Köçəryan hakimiyyətə gələn kimi Rusiyanın planı ilə spiker Dəmirçiyan və bır sıra vəzifəli şəxslər qətlə yetirildi. Sərkisyanın prezident seçilməsinə etiraz edən, dinc mitinqə çıxan onlarla şəxsi azadlıq meydanına qətlə yetirdilər. Bu və digər səbəblərə görə Köçəryan və Sərkisyan cütlüyü xalqdan səs qazana bilmir”.
Onun fikrincə, müharibədə uduzan Paşinyan növbədənkənar parlament seçkiləri keçirdi: “Halbuki Köçəryan və Sərkisiyan cütlüyü də seçkiyə qatılmışdı. Növbəti seçkilərdə Paşinyan hakimiyyətinin daha çox səs qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, bu gün Rusiyaya daha çox Paşinyanın hakimiyyətdə qalması sərf edir. Təsəvvür edin ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan ticari əlaqələrinin həcmi 12 dəfə artıb. Hakimiyyətdə rusiyapərəst Köçəryan olsa idi, Qərb və ya ABŞ buna göz yumardı? Əlbəttə ki, yox. Çünki Paşinyanı hakimiyyətə Qərb gətirib. Putin bunları dəqiqliyi ilə hesablayır. Özünə sərf edən Paşinyanı öz məqsədləri üçün hələ ki istifadə edir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb.
PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd edib ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirib. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirib və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxunub.
Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.
Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.
Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bunu mayın 10-da jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələ hər zaman qaldırılır: “Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. Bu tədbirlər başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.
Qeyd edək ki, ötən ilin dekabrında Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 aydan çox vaxt keçsə də, Rusiya hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır. Mayın 12-də isə Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatın təhqiqat başa çatdıqdan sonra dərc olunacağını açıqlayıb.
“Bu günə qədər komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq təhqiqatları davam etdirir. Təhqiqat başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq”, - deyə nazirlikdən verilən açıqlamada qeyd olunub.
Qazaxıstan Nəqliyyat Nazirliyi əlavə edib ki, təhqiqatın səhra mərhələsi başa çatıb və fevralın 4-də təyyarə qəzası ilə bağlı ilkin hesabat dərc olunub.
Mayın 6-da APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir. “Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs-qətimkan tədbiri seçilməyib”, - deyə mənbə qeyd edib.
Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur: “Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.
Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.
Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb.
Bəs Rusiya niyə istintaqı yekunlaşdırmır? Hadisənin bütün təfərrüatları aydındır, İstintaq Komitəsi qeyri-adi nə axtarır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyev artıq bu məsələyə öz mövqeyini bildirib: “Elə ilk günlərdən hesab etdiyimiz kimi, burada Rusiya Federasiyasının hava hücumuna müdafiə qüvvələrinin günahı var və sərnişin təyyarəsi yerdən açılan atəşlə vurulub”.
Onun sözlərinə görə, təyyarənin qəzaya uğradığı ərazidən olan görüntülər və şahidlərin ifadələri onu deməyə əsas verir ki, burada Rusiya tərəfi günahkardır: “Cənab Prezident də haqlı olaraq günahkarların cəzalandırılmasını, eyni zamanda tam şəffaf və insani davranış nümayiş etdirilməsini tələb edir. Bu günə qədər Rusiya tərəfi izi azdırmağa çalışır. Faktlar qarşısında qaldıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng etdi. Bundan əvvəl isə quşla toqquşma versiyalarını bilərəkdən ortaya atmışdılar. Hətta məlumatlara görə, bu mövzu ətrafında Rusiyanın rəsmi şəxslərinə və Duma üzvlərinə danışmamaq kimi qadağalar qoyulmuşdu.
Rusiya tərəfi “qara qutu”nun açılmasında iştirak üçün təşəbbüs göstərdi. Prezident İlham Əliyev isə etirazını bildirdi və “qara qutu”nun beynəlxalq mütəxəssislərin açmasını tələb etdi. Qazaxıstan tərəfi “qara qutu”nun və şifrələrin açılmasını "Embraer E-Jet" təyyarəsini istehsal edən Braziliyanın "Embraer" şirkətinin mütəxəssislərinə göndərdi".
Ekspert hesab edir ki, Moskva iz azdırmağa çalışmaqdansa, günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir: “Bununla yanaşı, cinayətkarlar qanun qarşısına çıxarılmalı və ən sərt formada cəzalanması təmin edilməlidir. Eyni zamanda Azərbaycandan rəsmi şəkildə üzr istənməli, beynəlxalq hüquq normalarına uyğun konpensasiyalar ödənilməlidir”.
Təəssüf ki, bu yöndə hələ ki, pozitiv hər hansı hərəkətlənmə və ya xoş məram müşahidə edilmir. Belə getsə, Rusiya Azərbaycanı bütün mənalarda itirə bilər. Çünki dostluq, tərəfdaşlıq anlayışları ikitərəfli məna daşıyır...
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", – bəyanatda vurğulanıb.
Rusiya prezidenti Vladimir Putin gecə media qarşısına çıxıb və xüsusi bəyanatla çıxış edib.
Musavat.com Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin paradla bağlı fikirlərini dedikdən sonra Ukrayna mövzusunda xüsusi bəyanat verib.
Rusiya prezidenti deyib ki, paradda iştirak edən dövlət rəsmiləri ilə görüşlərdə Ukrayna münaqişəsinin həlli məsələsinə də toxunulub. “Biz bütün qonaqlarımıza, dostlarımıza bu münaqişəyə son qoyulması üçün göstərdikləri səylərə görə minnətdarıq. Bu baxımdan bu mövzunun üzərində ayrıca dayanmağı zəruri hesab edirəm. Məlum olduğu kimi, Rusiya əvvəllər dəfələrlə atəşkəsin dayandırılması ilə bağlı təşəbbüslər irəli sürüb, lakin bu təşəbbüslər Ukrayna tərəfindən dəfələrlə sabotaj edilib ”, deyə Putin bildirib. O vurğulayıb ki, ABŞ prezidentinin səyləri nəticəsində elan edilmiş 30 günlük enerji obyektlərinə hücumlara moratoriumun qoyulmasına Kiyev əməl etməyib: “Rusiyanın təşəbbüsü ilə Pasxa atəşkəsi də Ukrayna qüvvələri tərəfindən təxminən 5 min dəfə pozulub. Buna baxmayaraq, Qələbə günü münasibəti ilə üçüncü dəfə atəşkəs elan etdik. Eyni zamanda, biz Qərbdəki həmkarlarımıza Qələbə günündə atəşkəslə bağlı səmimi şəkildə çatdırdıq ki, biz gələcəkdə bu atəşkəsin müddətinin uzadılması imkanını istisna etmirik. Və biz nə görürük? Kiyev hakimiyyəti atəşkəs təklifimizə israrla cavab vermədi. Üstəlik, bizim təklifimizi elan etdikdən sonra – bu mayın 5-də olmuşdu – Kiyev mayın 6-dan 7-dək irimiqyaslı hücumlara başladı. Zərbədə 524 pilotsuz uçuş aparatı və bir sıra Qərb istehsalı olan raketlər iştirak etdi, 45 pilotsuz qayıqlardan da Qara dənizdə hücum üçün istifadə edildi. Əslində, atəşkəsin elan olunduğu bu üç gün ərzində - 8, 9 və 10-da Kursk vilayətinə beş məqsədyönlü hücum cəhdi edilib. Bundan başqa, digər istiqamətlərdə daha 36 hücum təşkil edilib. Bütün bu hücumlar, o cümlədən Kursk və Belqorod vilayətlərində Rusiya Federasiyası ərazisinə soxulmaq cəhdləri dəf edilib. Üstəlik, hərbi ekspertlərimiz hesab edir ki, onların heç bir hərbi əhəmiyyəti olmayıb, sırf siyasi motivlərlə həyata keçirilib və düşmən çox böyük itki verib”.
Putin deyib ki, Kiyev hakimiyyəti nəinki atəşkəs təklifimizi rədd edib, həm də Moskvada bayram mərasimlərinə toplaşan dövlətlərin rəhbərlərini belə qorxutmağa çalışıb: “Bir daha təkrar edirəm: biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik. Biz heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqlardan imtina edən biz yox, Ukrayna tərəfi idi. Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda birbaşa danışıqları bərpa etməyi təklif etdik. Üstəlik, heç bir ilkin şərt olmadan”.
Putin daha sonra deyib: ”Biz gecikmədən mayın 15-də daha əvvəl keçirildiyi İstanbulda danışqları başlamağı təklif edirik. Məlum olduğu kimi, türkiyəli həmkarlar bu cür danışıqların təşkili üçün dəfələrlə təklif ediblər və onların təşkili üçün Türkiyə prezidenti Ərdoğan çox iş görüb. Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlanıb və o, Kiyev danışıqlar qrupunun rəhbəri tərəfindən paraflanıb, lakin Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb”.
Rusiya prezidenti deyib ki, mayın 11-də Ərdoğanla bu mövzuda danışıqlar aparacaq: “Mən ondan xahiş edərdim ki, Türkiyədə danışıqlar aparmaq üçün belə bir imkan yaratsın. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək.
Biz Ukrayna ilə ciddi danışıqlara sadiqik. Biz istisna etmirik ki, bu danışıqlar zamanı bəzi yeni barışıqlar, yeni atəşkəs haqqında razılığa gəlmək mümkün olacaq. Üstəlik, təkcə Rusiyanın deyil, Ukrayna tərəfinin də əməl edəcəyi real atəşkəs, təkrar edirəm, uzunmüddətli, davamlı sülhə doğru ilk addım olardı.
Bizim təklifimiz, necə deyərlər, masanın üstündədir. Qərar indi öz xalqının mənafeyindən çox, öz şəxsi siyasi ambisiyalarını rəhbər tutaraq, Ukrayna millətçilərinin əli ilə Rusiya ilə müharibəni davam etdirmək istəyən Ukrayna hakimiyyəti və onların kuratorlarınındır. Yenə də deyirəm: Rusiya heç bir ilkin şərt olmadan danışıqlara hazırdır. Hazırda hərbi əməliyyatlar gedir, müharibə gedir və biz danışıqları bərpa etməyi təklif edirik. Həqiqətən sülh istəyənlər bunu dəstəkləməyə bilməz. Eyni zamanda, xarici tərəfdaşlarımız, yəni Çin, Braziliya, Afrika, Yaxın Şərq ölkələri və ən son Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası tərəfindən həyata keçirilən Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik xidmətlərinə və səylərinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Musavat.com