Ardını oxu...
Koreya Respublikasının Prezidenti Yun Seok-yeol və Yaponiyanın baş naziri Fumio Kişida KXDR-i BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğuna görə pisləyərək, ABŞ ilə üçtərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Yun Seok-yeol və Kişida arasındakı görüş Seulda baş tutub və 50 dəqiqə davam edib. Qeyd edilib ki, mayın 27-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə üçtərəfli sammitin keçirilməsi planlaşdırılır: "Koreya Respublikası və Yaponiya liderləri Şimali Koreyanın nüvə qüvvələrini gücləndirməklə məşğul olması, dialoqdan imtina etməsi və Təhlükəsizlik Şurasının sanksiyalarını açıq şəkildə pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər".

Yun Seok-yeol və Kişida aktual regional və beynəlxalq məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər. Tərəflər enerji, texnologiya və təchizat zənciri sektorlarında əməkdaşlığı müzakirə ediblər.

Kişida, öz növbəsində, danışıqların yekunu üzrə jurnalistlərlə söhbətində vurğulayıb ki, o, gələn il qeyd olunacaq Yaponiya və Cənubi Koreya arasında münasibətlərin normallaşmasının ildönümü ərəfəsində münasibətlərin inkişafının hərtərəfli intensivləşdirilməsinə dair Cənubi Koreya prezidenti ilə razılığa gəlib. Yaponiya hökumətinin başçısı Koreya Respublikasının Yaponiya üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
 
Ardını oxu...
İranda növbədənkənar prezident seçkisində iştirak edəcək namizədlərin yekun siyahısının açıqlanacağı tarix məlum olub.

Bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohəri məlumat verib.

"Prezident seçkisində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və beş gün davam edəcək", - İran rəsmisi bildirib.

Cohəri əlavə edib ki, namizədlərin yekun siyahısı elan edildikdən sonra onlar daha 15 gün ərzində seçki kampaniyası apara biləcəklər.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkə tarixində 14-cü prezident seçkisi keçiriləcək. İslam Respublikasının icra hakimiyyəti başçısı üçün növbədənkənar seçki iyunun 28-də baş tutacaq.

Mənbə: TASS
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yazıb.

Məlumata görə, səfər mayın 26-da baş tutacaq və Fələstinlə bağlı iclaslarda iştirak etmək üçün planlaşdırılıb.

Görüşlərdə Qəzzada son hadisələr və humanitar vəziyyət, həmçinin Fələstin dövlətinin daha çox ölkə tərəfindən tanınması istiqamətində görülən işlər müzakirə olunacaq.\\Teleqraf.com
 

Ardını oxu...
 

Sabiq nazir: “Bu sənəd strateji tərəfdaşların təhlükəsizliyi və müdafiəsi kimi həyati əhəmiyyətli yaxınlaşmanı nəzərdə tutur”

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmonun danışıqlarının yekunları ilə bağlı sənədlər paketi imzalandı. Bu razılaşmalar sırasında Azərbaycan və Tacikistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə də var. 

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. 

Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Bakıda olub.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir. 

Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir. Ona görə də Tacikistan bazarlarındakı və müdafiə sənayesindəki iştirakını gücləndirən İran bu ərazidən Mərkəzi Asiyada ambisiyalarını təmin etmək üçün tramplin kimi istifadə etməkdə maraqlıdır. Çinin də Tacikistanda geniş praktiki təsirləri mövcuddur. Yəni Azərbaycan bu “açar dövlət”lə münasibətləri onsuz da yaxşı olan Çinlə və dövlətlərarası əlaqələrə həmişə ciddi önəm verən İranla da əlavə anlaşmaq imkanları qazana bilər.

Siyasi ekspertlər hesab edir ki, fərqli qütblərdə yerləşən ölkələri təmsil edən rəsmi şəxslərin Azərbaycana səfərlərinin intensivləşdiyi müşahidə olunur. Bu fonda ətraf regionlarda mövcud olan dövlətlərlə təmasların sıxlaşması da diqqət çəkir. Aydın şəkildə görünür ki, dövlətimizin müəllif və ya iştirakçı olduğu beynəlxalq layihələr səmərə verməyə başlayıb. Bu layihələrə qoşulmaq, perspektivdə faydalanmaq istəyi ətrafda yerləşən ölkələri sövq edir ki, Azərbaycanla münasibətləri daha da istiləşdirsinlər. Dövlətimizin strateji mövqeyi, etibarlı tərəfdaş imici, uğurlu siyasəti və bacarıqları onu hər kəs üçün cəlbedici amilə çevirib.

Ardını oxu...

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi diqqət çəkib: “Belə bir sənəd iki ölkə arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə uzunmüddətli qarşılıqlı fəaliyyəti özündə ehtiva edir. Bu, sənəd həm də strateji tərəfdaşların təhlükəsizliyi və müdafiəsi kimi həyati əhəmiyyətli sahələrdə maraqların yaxınlaşmasını nəzərdə tutur. Son illər ərzində, xüsusilə də 44 günlük Qarabağ savaşındakı zəfərdən sonra bir çox ölkələrin Azərbaycanla yaxından əməkdaşlıq etmək istəyi göz qarşısındadır. Bu istəyin kökləri üzərində bir qədər dayanaq. Azərbaycan son 20 ildə regionun ən nüfuzlu ölkələrindən birinə necə çevrildi? Son 20 ildə Azərbaycanın iqtisadiyyatının 4 dəfəyə qədər böyüməsi, Azərbaycan Ordusunun dünyada bənzəri olmayan bir şəkildə, 30 il işğal altında qalmış torpaqları azad etməsi və bu zaman separatizmin kökünü kəsməyin ən yaxşı nümunəsini bütün dünyaya nümayiş etdirməsi, bir dövlət kimi onun nüfuzunu yüksəklərə  qaldırdı. Bu gün Azərbaycan yerləşdiyi böyük regionun ən nüfuzlu və böyük siyasi çəkisi olan dövləti statusuna malikdir. Azərbaycan bu gün bu statusla onun üzərinə gələrək, haqsızlıq etmək istəyən Fransa kimi ölkələri siyasət meydanında pat vəziyyətinə sala biləcək bir qüdrətə sahibdir. Bu gün Azərbaycan Turan birliyini yaranmasında qardaş Türkiyə ilə birlikdə böyük uğurlara imza atır. Azərbaycan bu gün Avropanın neft və qaz təchizatının etibarlı tərəfdaşına çevrilib. Azərbaycan bu gün Avropaya yaşıl enerji ixracı kimi Transmilli bir layihəyə start verib. 

Bütün bunlar ortadaykən Azərbaycanla hesablaşmamaq mümkün deyil. Bu gün bütün bu uğurların fonunda Qərbdə də, Şərqdə də böyüklüyündən, kiçikliyindən asılı olamayaraq bütün ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Bu gün Azərbaycan bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi ən yaxşı məkanlardan biri kimi təqdim olunur və ölkəmiz bu tədbirləri bənzəri olmayan bir şəkildə - başqa ölkələrdə keçirildiyindən daha maraqlı və daha səmərəli keçirməyi bacarır. Bu gün hətta böyük dövlətlər arasında münaqişələrin həllinə dair yüksək səviyyədən olan görüşlərin məhz Azərbaycanda keçirilməsi məsləhət bilinir. 

Düşünürəm ki, bütün bu sadaladıqlarımızın fonunda, son zamanlar bir çox ölkələrin Azərbaycanla yaxından əməkdaşlığa can atması təbidir. Belə bir ölkə ilə kim dostluq və əməkdaşlıq etmək istəməz ki...".

Sabiq nazir qeyd etdi ki, strateji tərəfdaşlıq haqqında bəyannamənin ölkələrimiz üçün hansı əhəmiyyət daşıyacağını hər iki Prezidentin səsləndirdiyi fikirlərdən daha aydın görə bilərik. Prezident İlham Əliyev tacikistanlı həmkarı ilə keçirilən görüşü və müzakirələri yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bəyan etdi. Verilən açıqlamalardan da aydın olur ki, Tacikistan prezidentinin Bakıya səfəri ölkələr arasında qarşılıqlı əlaqələrin bütün spektrlər üzrə daha sürətlə inkişafına təkan verəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Ardını oxu...
Cənubi Afrika İsraildən Qəzza zolağında fələstinlilərin İsrailin hərbi əməliyyatlarından müdafiəsi ilə bağlı Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin bütün qərarlarına əməl etməyi tələb edir.
Bunu Cənubi Afrika prezidenti Siril Ramafosa deyib.

O, məhkəmənin Qəzzada Fələstinin Rəfah şəhərinin əhalisini qorumaq üçün təcili tədbirlər görməsinə dair qərarını alqışladığını vurğulayıb.

"Beynəlxalq hüquqa görə, İsrail bu məhkəmə qərarına və 26 yanvar və 28 mart tarixli qərarlara əməl etməyə borcludur. Biz bütün dövlətləri məhkəmənin nəticələrindən sonra İsraillə münasibətlərinə yenidən baxmağa məcbur edən qanuni göstərişlərə əməl etməyə çağırırıq.

Cənubi Afrika İsrailin Qəzzaya göndərilən yardımın həcmini məhdudlaşdırmasından və yardım göstərmək üçün istifadə edilən infrastrukturu sistematik şəkildə hədəfə almasından ciddi şəkildə narahatdır”, - deyə prezident bildirib.

"Söhbət Qəzza zolağında heç bir fərdi məsuliyyət daşımadıqları hərəkətlərə görə kollektiv cəzalar nəticəsində yeddinci ay əziyyət çəkən adi fələstinlilərdən gedir", - prezident əlavə edib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Cənubi Afrika İsraili Qəzza zolağında soyqırımda ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb. Yanvarın 26-da Haaqa məhkəməsi ehtiyat tədbirləri çərçivəsində Qəzzada soyqırımın qarşısının alınması üçün yəhudi dövlətinin bütün lazımi tədbirləri görməsinə qərar verib. Fevralın 13-də Cənubi Afrika hökuməti Rəfahdakı hərbi əməliyyatın dərhal dayandırılmasına nail olmaq üçün Haaqa məhkəməsinə təcili sorğu göndərib. Martın 6-da Cənubi Afrika Qəzzada aclığın qarşısını almaq üçün təcili ərizə ilə yenidən bu məhkəməyə müraciət edib. Bu ay Rəfahla bağlı üçüncü ərizə verilib.
TASS
 
Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılmasını şərh edib.

“Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün çağırılırlar”, – deyə rusiyalı nazir bildirib.

Ermənistan səfirinin də öz növbəsində məsləhətləşmələr üçün İrəvana getməsi tövsiyə olunub-olunmayacağı sualına cavabında Lavrov deyib:

“Elan edilən hər şey açıqlandı. Məsləhətçilər gəlir, birinci katiblər, attaşelər”.
 
Ardını oxu...
“İran prezidenti İbrahim Rəisinin ölümündə ABŞ günahkardır”.

Bu sözləri Belarus dövlət başçısı Aleksandr Lukaşenko deyib.

O, Birləşmiş Ştatların sanksiyalar siyasətini iyrənc adlandırıb.

“Birləşmiş Ştatların insanları daşıyan təyyarələrə qarşı sanksiyalar tətbiq etmək hüququ yox idi. Bu onların alçaq və iyrənc siyasətinin təzahürüdür” – deyə Belarus lideri qeyd edib.
Ardını oxu...
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsini tələb edir. Bu, müharibənin gedişinə və Qəzza zolağının taleyinə necə təsir edəcək?

İsrail Müdafiə Qüvvələrinin (IDF) Fələstinin HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyata başlamasından 7 ay sonra Qəzza zolağının gələcəyi qeyri-müəyyən olaraq qalır. Döyüşlər artıq Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Əsəd Əhməd Xanın İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb etməsi ilə nəticələnib. İsraildə eyni zamanda, regionun müharibədən sonrakı strukturu ətrafında mübahisələr alovlanır: məsələn, Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantz hökumətdən iyunun 8-dək fəaliyyət planı təqdim etməyi tələb edib və əks halda istefa verməklə hədələyib. “Lenta.ru” Beynəlxalq Cinayət Məhkəməsinin nə üçün İsrailin mümkün hərbi cinayətlərini araşdırmaq qərarına gəldiyini, dünyanın buna necə reaksiya verdiyini və münaqişə bitdikdən sonra Qəzza zolağını nə gözlədiyini araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir:

Bəşəriyyətə qarşı cinayətlər

Mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əsəd Əhməd Xan İsrailin Baş naziri və müdafiə naziri Binyamin Netanyahu və Yoav Qalantın həbsinə order verilməsini istəyib. Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, İsrail hakimiyyəti Fələstində (Qəzza zolağında) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə beynəlxalq hüquq əsasında cinayət məsuliyyəti daşıyır.

Mümkün cinayətlərə mülki əhalinin ac qalması, ağır iztirab və sağlamlığa zərər vurulması, amansız rəftar, qətl, mülki şəxslərə hücumlar daxildir. Əhməd Xanın sözlərinə görə, bu aksiyalar bu gün də davam edir.

“İsrailin öz əhalisini qorumaq hüququ var, lakin bu, ölkə hakimiyyətini beynəlxalq humanitar hüquqa hörmət etməkdən azad etmir”, - Əhməd Xan vurğulayıb.

Beynəlxalq Cinayət Məhkəməsi həmçinin HƏMAS hərəkatının üç liderinin - Yəhya Sinvar, Məhəmməd əl-Deyf və İsmayıl Haniyənin həbsinə order verilməsini istəyib. Beynəlxalq Cinayət Məhkəməsinin fikrincə, onlar İsrail və Fələstində törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə cəza almalıdırlar.

Lakin Beynəlxalq Cinayət Məhkəməsinin döyüşən tərəflərin nümayəndələrini eyni səviyyəyə qaldıran bu yanaşması İsraildə bəlkə də daha böyük qıcıq yaradıb: Benyamin Netanyahu prokurorun bəyanatını son dərəcə sərt ifadələrlə rədd edib, onu “yeni antisemitizmdə” ittiham edib və HƏMAS üzərində "tam qələbə" əldə ediləcəyini vurğulayıb.

Prokurorun qərarı hətta Əfqanıstandakı hərbi kampaniya zamanı da Beynəlxalq Cinayət Məhkəməsi ilə pis münasibətdə olan ABŞ-ın tənqidinə səbəb olub. Nümayəndələr Palatasının spikeri Mayk Conson Beynəlxalq Cinayət Məhkəməsini Benyamin Netanyahunun həbsinə qərar verəcəyi təqdirdə onu sanksiyalarla hədələyib.

Beynəlxalq bürokratlar, siyasətçinin fikrincə, demokratik ölkələr üzərində hakimiyyəti ələ keçirmək üçün hüquqi arqumentlərdən istifadə edirlər.

“ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsini cəzalandırmaq və onun rəhbərliyinin nəticələrlə üzləşməsini təmin etmək üçün sanksiyalar da daxil olmaqla bütün variantları nəzərdən keçirir”, Conson vurğulayıb.

ABŞ Prezidenti Co Bayden də öz növbəsində prokuror Kərim Xanın bəyanatını “hədsizlik” adlandırıb.

Bununla belə, Qərb yarımkürəsinin bütün ölkələri Beynəlxalq Cinayət Məhkəməsinin mövqeyinə qarşı həmrəy deyillər: məsələn, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Məhkəmənin qərarının həyata keçirilməsinə çağırıb. Fransa Xarici İşlər Nazirliyi prokuror Kərim Xanı dəstəkləyən və İsrail ordusunun Qəzza zolağında mülki əhaliyə qarşı endirdiyi zərbələri pisləyən bəyanat yayıb.

Məhkəmənin İbtidai İstintaq Palatası prokurorun təqdim etdiyi sübutlara baxdıqdan sonra bu orderlərin verilib-verilməməsi qərarına gəlməlidir.

Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verilməsi tələbi görünür, təkcə İsrailin deyil, həm də Qəzza zolağının və Fələstinin gələcəyi məsələsi ilə bağlı Qərb ölkələrində parçalanmanın əyani göstəricisinə çevrilib. İsrail ordusunun əməliyyatı beynəlxalq humanitar hüququn pozulması əlamətlərini göstərməyə başladıqca, Avropa İttifaqında daha çox şübhələr yaranır. Sərəncamlar təhlükəsi ABŞ və Avropa İttifaqının, eləcə də daha çox Fələstin tərəfdarı olan qeyri-Qərb ölkələrinin mövqeləri arasında parçalanma nöqtəsinə çevrilir.

Bütün dünya üçün problem

İsrailin girovları azad etmək və HƏMAS-ı zəiflətmək məqsədi daşıyan “Dəmir qılınc” əməliyyatı həqiqətən də Qəzza zolağında mülki əhalinin kabusuna çevrilib. Əksəriyyəti 1947-1949-cu illərdəki birinci Ərəb-İsrail müharibəsi nəticəsində didərgin düşmüş qaçqınların nəslindən olan fələstinlilər çadır düşərgələrinə sığınmaq üçün yenidən evlərini tərk etmək məcburiyyətində qalıblar. Onlar kəskin humanitar böhran vəziyyətindədirlər. Sadə vətəndaşların bu durumu, təbii ki, tərəfləri sülhə çağırmağa başlayan dünya dövlətlərinin liderlərinin diqqətini cəlb etməyə bilməz.

Hərbi əməliyyatlar başlayandan bəri Fələstin məsələsi BMT Təhlükəsizlik Şurasının iclaslarında üç dəfə qaldırılıb. Son qətnamədə tərəflərdən təkcə humanitar vəziyyətin yaxşılaşdırılması deyil, həm də atəşkəs tələb olunur.

Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsinin Qəzza zolağında mümkün cinayətlərin araşdırılmasında maraqlı olması ilə yanaşı, Cənubi Afrikanın iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr davam edir. Afrika İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini iddia edir. Türkiyə də yaxınlarda bu işə qarışıb.

“Cənubi Afrika məhkəməyə müraciət etmək qərarına gəldiyi ilk gündən bu addımı dəstəklədik və inkişafı izləyirik. Biz bu məhkəməyə necə və hansı əsaslarla qoşula biləcəyimizi hüquqi baxımdan araşdırmaq üçün işə başlamışıq”, - Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Məhkəmə yolu”nun intensivləşməsinə baxmayaraq, HƏMAS və İsrail arasında danışıqlar prosesini təmin etmək üçün diplomatik səylər davam edir. Danışıqların vasitəçiləri ABŞ, Qətər və Misirdir. Lakin ən böyük beynəlxalq təzyiqə məruz qalan İsrailin əsas müttəfiqi və silah tədarükçüsü kimi ABŞ hakimiyyətidir. Prezident Co Bayden dəfələrlə İsraili mülki şəxslərə əhəmiyyət vermədiyinə görə tənqid etsə də, o, ictimaiyyəti ABŞ-ın müttəfiqinə dəstəyindən əl çəkməyəcəyinə inandırmağa davam edir.

“Komandam regiondakı həmkarları ilə qarşılıqlı əlaqədə olacaq. Və biz İsrail liderləri ilə sıx əlaqə saxlayacağıq”, Bayden vurğulayıb.

Bununla belə, Co Baydenin qeyri-müəyyən ritorikasına baxmayaraq, Yaxın Şərq böhranı noyabrda prezident seçkilərinin keçiriləcəyi ABŞ-da daxili siyasətə getdikcə daha çox təsir edir. Demokrat Partiyasının İsrailə qarşı sərt tədbirlər görmək istəməməsi dövlət başçısının öz elektoratını itirməsinə gətirib çıxarır. Bu, xüsusilə Amerika universitetlərinin ərazisində baş verən Fələstin tərəfdarı etirazların artması timsalında nəzərə çarpır. Lakin demokratlar arasında hələ də birlik yoxdur.

“Biz İsrailin müdafiə hüququnu tanıyırıq. Biz Netanyahunun siyasət və təcrübələrini rədd edirik. Dəhşətli vəziyyətdir. Cavab olaraq etdiyindən daha pis nə ola bilər? O, istefa verməlidir. Nəhayət, o, məsuliyyət daşımalıdır”, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi bildirib.

Rəqibindən fərqli olaraq, Donald Tramp qeyd-şərtsiz İsrailin hərəkətlərini dəstəkləyir və müharibəni “xeyir və şər arasında döyüş” adlandırır ki, bu da İsraildə və İsrail lobbisi arasında Respublikaçılar Partiyasına rəğbətin artmasına kömək edir.

Beləliklə, ABŞ-da prezident dəyişikliyi İsraildə daha çox İsrailin hazırkı rəhbərliyi altında münasibətlərin yaxşılaşdırılması üçün zəruri olan əlverişli nəticə kimi qəbul edilir.

Avropa ölkələrinə gəlincə, Fələstin tərəfdarı etirazlar həm Aİ, həm də Böyük Britaniyanı bürüyür. Avropa İttifaqı İsrailə qarşı təmkinli mövqe tutur, humanitar atəşkəs fasilələrinə və girovların azad edilməsinə çağırır. Qərb ölkələri Qırmızı dənizdə Yəmən husilərinin hücumlarını dəf etmək də daxil olmaqla İsraili dəstəkləməyə davam etsələr də, onlar ictimai təzyiqlə İsrailə qarşı tədbir görməyə məcbur olublar.

Fakt budur ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi 7 oktyabr 2023-cü ildən bəri məskunlaşma qruplarının fələstinlilərə qarşı zorakılıqlarının əhəmiyyətli dərəcədə artdığını bildirib. Nəticədə, bir sıra məskunlaşma təşkilatlarına və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib: hesablar dondurulub və Aİ-yə səyahətə qadağa qoyulub.

Lakin siyasi və beynəlxalq hüquqi təzyiqlərə baxmayaraq, İsrail Müdafiə Qüvvələrinin hərbi əməliyyatı davam edir. Fələstinin Rəfah şəhərinin şərq cinahında keçirilən əməliyyatlardan sonra İsrail ordusu tankları HƏMAS qüvvələri ilə yenidən toqquşmaların başladığı Qəzza zolağının şimalına qayıdıb.

Mülki əhali vəziyyətin girovu olaraq qalır, çünki onların evakuasiyaya yerləri yoxdur: fakt budur ki, fələstinlilər əvvəllər anklavın cənubunda sığınacaq tapmaq üçün şimaldakı evlərini tərk etməyə məcbur olublar. Lakin indi İsrail ordusu Misirlə sərhəddə əməliyyat keçirdiyindən və şimalda hələ də atəş səsləri eşidildiyindən sipər tapmaq əsl problemə çevrilib.

İsrail və HƏMAS arasında danışıqlar isə dalana dirənib və oktyabrın 7-də əsir götürülən israillilər Fələstin qrupunun əlində qalmaqda davam edir. Bu şəraitdə Rəfahda tamhüquqlu hərbi əməliyyatın keçirilməsi nəinki Beynəlxalq Cinayət Məhkəməsi və bütövlükdə dünya ictimaiyyəti, hətta müttəfiqlər arasında da narahatlığa səbəb olub, çünki mülki əhali arasında böyük itkilər qaçılmazdır.

ABŞ “Mark-84” və “Mark-82” bombalarının Rafah kimi sıx məskunlaşma olan ərazidə istifadənin dəhşətli nəticələr verəcəyindən narahat olduğu üçün İsrailə tədarükünü dayandırıb. Misir də öz növbəsində əməliyyat baş verəcəyi təqdirdə İsraillə sülh müqaviləsini pozmağa hazır olduğu ilə hədələyib. Türkiyə isə İsraillə ticarəti dayandırmaq qərarına gəlib.

Bununla belə, Benyamin Netanyahu qətiyyətlidir: İsrail hərbi komandanlığının nümayəndələri hesab edir ki, Rafahda HƏMAS-ın dörd batalyonu var və onlar mülki əhalidən canlı qalxan kimi xüsusi istifadə edirlər.

“Xarici təzyiqləri nəzərə alaraq, zolağın cənubundakı hücum əməliyyatı məhdud formatda və yalnız HƏMAS-ı girovları geri qaytarmağa məcbur etmək məqsədi ilə baş tutacaq”, Netanyahu bildirib.

Paralel olaraq, HƏMAS-ın təklifi İsrailin zəruri tələblərindən uzaq olsa da, İsrail üçün məqbul şərtlərlə razılığa gəlmək imkanlarını tükəndirmək üçün İsrail vasitəçilərə işçi heyəti göndərəcək.

Bütün bunların fonunda BMT və Qəzza Səhiyyə Nazirliyi son yeddi aylıq müharibənin faciəvi nəticələrini açıqlayıb: 40 minə yaxın müharibə qurbanı, dağılmış binaların dağıntıları altında qalanlar. İsraildə isə öz növbəsində 13 min fələstinli “terrorçu”nun məhv edildiyini iddia edirlər.

Müharibədən sonrakı həyat

Artan beynəlxalq təzyiqlərə və ABŞ-la münasibətlərin pisləşməsinə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir və indiyədək İsrail öz məqsədlərindən - girovların qaytarılmasından və HƏMAS-ın məhv edilməsindən geri çəkilmək niyyətində deyil. İslam hərəkatını aradan qaldırmaq niyyətində əsas amil girovlar olaraq qalır və HƏMAS-ın onları İsrail həbsxanalarında cəza çəkən fələstinli məhbuslarla dəyişmək tələbi var.

Mübadilə ilə razılaşmaq Benyamin Netanyahunun 2011-ci ildə baş vermiş böyük səhvi təkrarlaması deməkdir. Bundan sonra İsrail 2006-cı ildə qaçırılan əsgər Gilad Şalitin əvəzində minə yaxın fələstinli məhbusu azad etməyə razılaşmışdı. İsrail tərəfinin bildirdiyinə görə, həmin vaxt azad edilənlər oktyabrın 7-də hücumda iştirak ediblər: məsələn, HƏMAS lideri Yəhya Sinvar da “Şalit razılaşması” çərçivəsində azad edilmişdi.

Lakin hələ fevral ayında Benyamin Netanyahu hərbi plana paralel olaraq, Qəzzada həyatın yeni tənzimlənməsi planını da təklif edib. Plana əsasən, əvvəllər HƏMAS-ın əlində olan Qəzzanın idarə edilməsini terror təşkilatları ilə əlaqəsi olmayan yerli fələstinlilər həyata keçirəcəklər. Bütün dövlət qurumlarında deradikalizasiya proqramı həyata keçiriləcək və bu məqsədlə İsrail digər ərəb dövlətlərindən kömək istəməli olacaq. İsrailin müdafiə naziri Yoav Qalant da ərəb qoşunlarının sülhməramlı qüvvələr kimi sektorda yerləşdirilməsinin mümkünlüyünü açıqlayıb.

Lakin bu təşəbbüslər həmişə hakimiyyətin ən yüksək eşelonlarında dəstək tapmır: mayın 19-da Benni Qantz Baş nazir Netanyahudan iyunun 8-dək hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında fəaliyyət planını təqdim etməyi tələb edib. Siyasətçinin fikrincə, yol xəritəsində girovların qaytarılması, HƏMAS hökumətinin devrilməsi, Qəzza zolağının demilitarizasiyası, anklav üzərində nəzarət və orada mülki administrasiyanın yaradılması kimi strateji məqsədlər yer almalıdır.

“Əgər siz fanatiklərin yolunu seçsəniz və bütün xalqı uçuruma aparsanız, hakimiyyətdən getməyə məcbur olacaqsınız. Biz xalqa üz tutacağıq, xalqın etimadını qazanacaq hökumət quracağıq”, İsrailin Hərbi Nazirlər Kabinetinin rəhbəri Qantz bildirib.

Buna cavab olaraq Netanyahu deyib ki, İsrail hələ də HƏMAS-ı tamamilə məhv etmək vəzifəsini əsas tutur. Onun sözlərinə görə, Fələstin muxtariyyətinin sektora qaytarılması, eləcə də tam hüquqlu Fələstin dövlətinin yaradılması istisna olunur.

Bununla belə, sektora nəzarətin ilin əvvəlində tərkibi yenicə yenilənən Fələstin Administrasiyasının əlinə keçəcəyi ssenarisi beynəlxalq səviyyədə nəzərdən keçirilir. Bu nəticə ilə HƏMAS yalnız hərbi qanadı olmayan partiya olaraq qalacaq və Administrasiyanın bir hissəsinə çevriləcək. Siyasi birliyə nail olmaq üçün Fələstin fraksiyaları hətta Rusiya və Çində bir sıra danışıqlar aparıblar.

İsrailin özündə Qəzza zolağının tam nəzarətə qaytarılması ilə bağlı səslər olsa da, belə bir ssenari mümkün deyil, çünki geniş ictimaiyyət fələstinlilərin öz dövlətləri üzərində hüquqlarının həyata keçirilməsini dəstəkləməyə davam edir.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) ləğvi də çətindir. İsrail hesab edir ki, Agentliyin əməkdaşları oktyabrın 7-də HƏMAS-ın hücumunda iştirak ediblər və belə bir rüsvayedici fakt Agentliyin səlahiyyətlərinin başqa quruma ötürülməsi üçün əsas olmalıdır. Lakin İsrail UNRWA işçilərinin hücumda iştirakına dair hərtərəfli sübut təqdim etmədiyi üçün Agentlik fəaliyyətini davam etdirir.

Məlumdur ki, İsrail UNRWA ilə münasibətləri gərginləşdirib. Buna səbəb təşkilatın fələstinli qaçqınların statusunu miras yolu ilə ötürmək qərarına gəlməsidir. Bu qaçqınların sayının 1949-cu ildəki 750 mindən 2024-cü ildə 5 milyona yüksəlməsinə səbəb oldu. Onların eyni vaxtda öz evlərinə qayıtması ehtimalı Fələstin-İsrail danışıqlarında əsas şərtlərdən biri və onun həyata keçirilməsinin çətinliyinə görə ən problemli şərtlərdən biri olaraq qalır. Beş milyon fələstinlinin qayıdışı İsraildə demoqrafik tarazlığın pozulmasına gətirib çıxaracaq, İsrail dərhal yəhudi xarakterini itirəcək və Yaxın Şərqdə başqa bir ərəb dövlətinə çevriləcək.

Beynəlxalq ictimaiyyətin əksəriyyəti 1967-ci ildən əvvəlki sərhədlər daxilində tam hüquqlu Fələstin dövlətinin yaradılmasını müdafiə etməkdə davam edir. Münaqişənin həlli BMT-nin vurğuladığı kimi, işğala son qoymaqdan keçir. Və Fələstin qismən tanınan dövlət olaraq qalsa da, onun BMT-nin tamhüquqlu üzvü olmaq hüququ mayın əvvəlində Baş Assambleyanın iclasında təsdiqlənib.

“Qəzzadakı müharibə açıq yaradır və bütün bölgəyə sirayət etmək təhlükəsi yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə əmin yolu İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığı, Qüdsün hər iki dövlətin paytaxtı olmaqla iki dövlətli həll yoludur”, BMT baş katibi Antonio Quterreş bəyan edib.

İsrailin “The Jerusalem Post” nəşri aralıq nəticələrə yekun vuraraq qeyd edir ki, hazırkı müharibədə İsrail qalib gəlir. Qəzet yazır ki, silahlı fələstinli qruplar İsrail Müdafiə Qüvvələri tərəfindən məhv edilib və sektorun sərhədləri tamamilə hərbi nəzarət altındadır.

Bununla belə, Qəzza zolağının müharibədən sonrakı strukturu təkcə fələstinlilər üçün deyil, həm də əhalisi Netanyahu hökumətinə qarşı fəal şəkildə etiraz aksiyaları təşkil edən İsrail üçün aktual problem olaraq qalır.

Eyni zamanda, müharibəni effektiv və tez bir zamanda sona çatdıra bilməmək, eləcə də artan beynəlxalq təzyiqlər Baş nazir Benyamin Netanyahunun mövqeyini ölkə daxilində getdikcə daha təhlükəli edir. İsrail isə dünya səhnəsində hər gün dəstəyini itirir.

Müəllif: Turan Abdulla

 

Ardını oxu...
  

"Euronews" telekanalı Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı reportaj hazırlayıb.

Musavat.com xəbər verir ki, telekanal Azərbaycan prezidenti İlham Əliyevin neft hasil edən ölkələri qlobal iqlim problemlərini həll etmək üçün daha çox pul ödəməyə çağırmasına diqqət çəkib.

O, 6-cı Peterburq İqlim Dialoqunda çıxış edərək deyib: “Həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və necə uğur qazanacağımız buna bağlıdır. Hər bir ölkə öz maliyyə imkanlarına və gündəliyinə uyğun olaraq üzərinə düşən işi görməlidir”.

"Euronews" Prezident Əliyevin ölkənin COP29 ilə bağlı ambisiyaları barədə bu açıqlamasına da yer verib:

“Biz bütün tərəflər üçün rahat bir mühit yaratmaq istəyirik. Qoşulmama hərəkatında körpülərin qurulmasında böyük təcrübəmiz var”.

Reportajda qeyd edilib ki, Azərbaycan lideri, həmçinin sərhədyanı əməkdaşlığın vacibliyini vurğulayıb:

“Biz Avropa İttifaqı ölkələri ilə fəal işləyirik. Biz strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıq”.

Musavat.com


Ardını oxu...
     

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Dünyapress TV

Xəbər lenti