Ardını oxu...
ABŞ Laçın dəhlizi ilə yanaşı, alternativ marşrutları da qəbul edir

Ermənistanın müraciəti ilə çağırılan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası başa çatıb. İclasda Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağda yaşayan etnik erməniləri “blokada” və ya “humanitar böhran”la üz-üzə qoymaqda ittiham edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bu iddiaları rədd edib.

“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır”, – Yaşar Əliyev deyib.

O bildirib ki, Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Yaşar Əliyev həmçinin qeyd edib ki, Azərbaycan Qarabağda yaşayan erməni sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən olan ABŞ-ın nümayəndəsi Laçın dəhlizi ilə yanaşı, alternativ marşrutları da qəbul etdiyini qeyd edib. BMT Təhlükəsizlik Şurasının iclasında hər hansı yekun bəyanat və ya qətnamə qəbul edilməyib.

Sərhəd-buraxılış məntəqəsi nə vaxt qurulub?

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib. Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib. Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb. Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi böyük və kiçik dövlətləri seçim qarşısında qoyub. Əsas sual budur: Sən kiminləsən və hansı dəyərləri bölüşürsən? Rusiyanın yanında olmaq Ukrayna torpaqlarının işğalına və təcavüzə haqq qazandırmaqdır. Rusiyanın işğalçı müharibəsini yalnız Şimali Koreya və ya Suriya kimi dövlətlər dəstəkləyə bilər, qalanları Rusiya ilə münasibətləri pozmamaq üçün sadəcə Kremllə dialoqu davam etdirirlər.
Hindistan Kremllə dialoqu davam etdirən ölkələrdəndir. Ancaq Dehli son illərdə Qərblə daha çox yaxınlaşıb. Bunu Hindistanın baş naziri Narendra Modinin son səfərləri də sübut edir. Modi iyun ayında ABŞ və Fransaya səfərlər edib, bu iki ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Modi baş nazir olduğu 2014-cü ildən bu yana Parisə 7 dəfə səfər edib. Fransa Rusiyadan sonra Hindistanın ikinci ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Hindistan ilbəil Rusiyadan aldığı hərbi texnikanın sayını və çeşidini azaldır.
Modi ABŞ-da yüksək səviyyədə qəbul olundu. ABŞ prezidenti Cozef Bayden texnolgoiya və müdafiə sahəsində ölkəsinin Hindistanla əməkdaşlığını genişləndirəcəyini açıqlayıb. Vaşinqton Çini durdurmağın yollarından birinin Hindistanla sıx əməkdaşlıqdan keçdiyini görür. Digər tərəfdən Vaşinqton Dehlinin Pekinlə texnologiyalar sahəsində dərin əməkdaşlığının əleyhinədir.
Vaşinqton Hindistanın iqtisadi potensialını yüksək qiymətləndirərək gələcəkdə bu ölkənin Çinə alternativ ola biləcəyi qənaətindədir. Bunu indidən söyləmək çətindir. Doğrudur, Hindistan iqtuisadiyyatı dinamik inkişaf edir, ancaq Çinə alternativ olmaq üçün uzun yol qət edilməlidir. Hindistanın Çinə alternativ olması üçün Dehlinin qonşu ölkələrin iqtisadiyyatlarına yatırımlarını artırması da lazımdır.
Dehlinin ərəb və Afrika ölkələrinə də marağı artıb. Narendra Modi iyun ayında Misirə də səfər edib bu ölkənin prezidenti Sisi ilə görüşmüşdü. Dehli Misirin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvlüyünü dəstəkləyir.
Narendra Modi 2024-cü il parlament seçkilərində mövqeyini daha da gücləndirmək üçün Hindistanın bölgədə hərbi gücünü artırmağa qərar verib. Modi məhz bu məqsədlə Qərb ölkələri ilə hərbi sahədə əlaqələrini gücləndirməyə qərar verib. Ancaq Modi balans siyasətindən də imtina etməyib. Misal üçün NATO-nun son Vilnyus zirvə toplantısına Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Yeni Zellandiya və Avstraliyanın baş nazirləri dəvətli idilər. Modi bu toplantıda iştirak etməmişdi.
“Atlas” Araşdırmalar Mərkəzi
Ardını oxu...
BMT Təhlükəsizlik Şurasında hansısa qərar yalnız Laçın yolu ilə bağlı qəbul edilə bilər ki, bunun da heç bir hüququ əsası olmayacaq. Laçın yolu Azərbaycanın suveren ərazisidir. Yəni Azərbaycan öz ərazisi ilə bağlı istənilən qərarı verə bilər. Bu, beynəlxalq hüquqda da belədir. Ayrıca, hansısa anti-Azərbaycan qərarın qəbulu BMT-nin nüfuzunu sarsıda bilər.

TEREF.AZ bildirir ki, teleqraf.com-a açıqlamasında Natiq Miri belə deyib.

Onun sözlərinə görə, son qlobal gəlişmələr fonunda BMT kimi bir mötəbər təşkilatın artıq heç bir işə yaramadığı gerçəyi üzə çıxdı:

“Deyək ki, belə bir qərar qəbul olundu, bunun icra mexanizmi də olmalıdır. Fələstin-İsrail münaqişəsi ilə bağlı son 60 ildə onlarla qətnamə qəbul olunub. İcra olunubmu? Pakistanla Hindistan arasında Cəmmu və Kəşmirlə bağlı konkret qətnamələr var. Bu qətnamələri Hindistan birmənalı şəkildə pozub.

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası vaxtilə Azərbaycanla bağlı ümumilikdə 6 qətnamə qəbul etmişdi. Bu qətnamələri Azərbaycanın özü təkbaşına həyata keçirdi.

Azərbaycanı dəstəkləyən qardaş Türkiyə artıq bəyan edib ki, gerçəklər nəzərə alınmalıdır. Bu o deməkdir ki, heç bir hüquqi əsası olmayan, konkret korporativ və xristian həmrəyliyi maraqlarını güdən anti-Azərbaycan qətnaməsi qəbul olunmayacaq. Olsa belə, buna adekvat reaksiyalar veriləcək. Bu təpkilərin içində Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatların keçirilməsi kimi qərarları da ola bilər.

Türkiyə bəyan edib ki, 2020-ci ildə olduğu kimi, yenə də Azərbaycanın yanında olacaq. BMT nə edəcək? Yeni bir müharibə başladacaq? Sülhə töhfə verə bilməyən BMT belə bir qərar çıxararsa, bu, sülhün qarşısını almaq, yeni müharibənin önünü açmaq demək olacaq.

44 günlük müharibədən sonra qalan işlər tamamlanmalıydı. Yalnız iki il sonra Laçında buraxılış keçid məntəqəmizi qura bildik. Bu, beynəlxalq hüquqa görə, bizim təbii haqqımızdır. Məsələlərin yubanmasında Ermənistan və havadarları məsuliyyət daşıyır. Biz gözləməməliyik, həmişə gündəmi biz yaratmalıyıq. Biz qalib ölkəyik. Azərbaycan vaxt itirmədən Qarabağla əlaqəli qalan məsələləri həll etməlidir. Ya dinc, ya da qeyri yolla, əsas hədəf Azərbaycanın bütövləşməsi olmalıdır. Bütün ərazilərdə suveren hüquqlarımız bərpa edilməlidir”.

Natiq Miri vurğulayıb ki, Ermənistan kimi dörd dövlətə cavab verə biləcək qədər silahımız, gücümüz var:

“Hansısa danışıqlara, güzəştlərə ehtiyac yoxdur, məsələ hansı yolla həll edilə bilərsə, o addımlar da atılmalıdır. İndi Azərbaycan üzərində yeganə təzyiq mexanizmi Qarabağ məsələsidir, bu da həll olunmalıdır. Digər məsələlər avtomatik olaraq çözüləcək. Yəni BMT-nin çıxaracağı qərarları gözləməli deyilik, biz gündəm, hadisələr yaratmaqla prosesi idarə etməli, bütün dünyanı da bunları qəbul etməyə məcbur etməliyik. Nə qədər gec deyil, Azərbaycan hərbi-siyasi cəhətdən hərəkətə keçməlidir.

Gələcəkdə mümkün təxribatların qarşısını bəri başdan almaq üçün Müdafiə Nazirliyi təcili qaydada Qarabağdakı ermənilərə müraciət etməlidir.

Ermənilər bütün texnikaları, hava müdafiə və artilleriya sistemlərini mülki obyektlərdə yerləşdiriblər. Demək, Azərbaycana qarşı ciddi təxribat hazırlanır. Müdafiə Nazirliyi bəyanat verməlidir ki, mülki erməni əhalisi ayıq olun, bu cür texnikaların evlərinin yaxınlığında yerləşdirilməsinə imkan verməsin, əks təqdirdə hərbi hədəfə çevrilə bilərsiniz. Hansı erməni ölmək istəyər? Belə bir ajiotajı Qarabağ ermənilərinin içində yaratmalı idik, yaratmalıyıq.

Ermənistan subyekt deyil, müstəqil qərar verə biləcək ölkə deyil, Ermənistan kənardan idarə olunur. Belə bir ölkə ilə necə sülh bağlamaq olar? 10 noyabr sənədinə imza atan Paşinyan bu gün həmin anlaşmanın bəndlərini yerinə yetirmir. Demək, Azərbaycan bundan dərs almalıdır. Bundan sonrakı addımları özümüz müəyyənləşdirməliyik. Qardaş Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı da təxminən bu yöndə verilmiş mesaj kimi dəyərləndirmək lazımdır”.
 
Ardını oxu...
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.
***
22:14
Azərbaycan Xarici İşlər Nazirliyi də telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
Bakupost.az xəbər verir ki, bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneçilik törətdiyi bildirilib.
Sergey Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Ardını oxu...
“Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO üzvlüyünü əldə edə bilər”.

Ovqat.com-un məlumatına görə, bu sözləri NATO Baş Katibinin ofisinin rəhbəri Stian Jenssen Norveçin VG nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, münaqişənin sona çatmasına yol aça bilər.

Yenssen həmçinin vurğulayıb ki, bu, onun subyektiv fikridir, “Kiyev Moskvaya ərazi verməyə borclu deyil”.

Stoltenberqin ofisinin rəhbəri hesab edir ki, Ukraynada münaqişənin sona çatması təkcə bu savaşda iştirak edən tərəflərin deyil, həm də bütün dünyanın maraqlarına cavab verir.

NATO yetkilisinin bu sözləri Ukraynanı güzəştə çağıran ilk bəyanat deyil. Bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirmişdi ki, Ukrayna münaqişəyə son qoymaq üçün böyük ehtimalla ərazisinin bir hissəsini Rusiyaya verməli olacaq. Eynilə Ukraynanın əks-hücumlarından gözlədikləri nəticəni ala bilməyən digər NATO ölkələrinin bu müharibənin bitirməsi üçün Kiyevə təzyiq etdikləri də iddia olunur. Bildirilir ki, NATO ölkələri Ukraynaya hərbi yardımları çatdıra bilməyəcəklərindən ehtiyatlanırlar.

Amma Ukrayna yetkililəri onlara edilən bu təkliflə razılaşmaq fikrində deyillər. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Trampın sözügedən təklifini rədd edərək ona cavab vermişdi ki, bu cür bəyanatlar yalnız münaqişənin gərginləşməsinə və digər Şərqi Avropa ölkələrinə sıçramasına gətirib çıxara bilər.
 
 
 
Ardını oxu...
Avqustun 18-də Vaşinqton sammitində ABŞ, Yaponiya və Cənubi Koreya Tayvandakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İclasdan sonra ölkələr Çinin suveren Tayvanın statusunu dəyişmək istəyindən narahatlığını ifadə edəcəklər.

Birgə bəyanatda Tayvan boğazında sülh və sabitliyin qorunması ilə bağlı müddəa var.

Qeyd olunur ki, bəyanatın mətni ABŞ-nin bu məsələ ilə bağlı əvvəlki mövqelərinə uyğun olmalıdır. Eyni zamanda, bu, Pekinlə ritorikanın kəskin artmasına gətirib çıxarmamalıdır.

Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Suk-yol avqustun 18-də Vaşinqtonda üçtərəfli sammit formatında ilk dəfə görüşəcəklər.
 
Ardını oxu...
“Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir”.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir: “Bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.

Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.

Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib”.

Bəyanatda o da bildirilib ki, bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi: “Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.

İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.

Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.

Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi.

Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı.

Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistan bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur.

Bu gedişatla yanaşı, son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.

Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.

Yuxarıda qeyd olunanlar, 30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır.

Eyni zamanda, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən fərqlənir.

2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətini aparır. Eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.

Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməni əsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir.

Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir”.
Ardını oxu...
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb.

“Report” xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

İstanbuldakı Dolmabahçe Prezident Ofisində baş tutan görüşdə tərəflər TDT-nin gündəliyindəki mövzuları və üzv dövlətlər arasında xüsusilə iqtisadi, ticari, nəqliyyat və gömrük sahələrindəki əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Baş katib vitse-prezidentə Təşkilatın son fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT X sammitinə hazırlıq barədə məlumat verib.

Vitse-prezident Cövdət Yılmaz Türkiyənin TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa güclü bağlılığını bir daha vurğulayıb.
 
Ardını oxu...
ABŞ prezidenti Co Baydenin miqrasiya siyasəti ABŞ tarixində ən böyük səhv ola bilər.

Bu sözləri ABŞ-ın keçmiş lideri Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, hazırkı dövlət başçısının administrasiyasının siyasəti ABŞ tarixində indiyə qədər yol verilmiş ən böyük və ən dağıdıcı səhv kimi tarixə düşə bilər.

Tramp etiraf edib ki, Baydenin belə axmaqlığa və səriştəsizliyə yol verə biləcəyinə inana bilmir. ABŞ-ın eks-prezidenti öz postunda hazırkı Amerika liderinin siyasətini tənqid edərək, ölkənin “birinci sinif şagirdinin zəkasına, ideyasına və IQ-yə malik olan şəxs” ucbatından məhv olacağını iddia edib. Onun fikrincə, bunun davam etdirilməsinə imkan vermək olmaz.

Xatırladaq ki, aprel ayında Tramp indiki Amerika liderinin miqrasiya siyasətini tənqid etmişdi. O qeyd edib ki, Baydenin dövründə ABŞ-ın cənub sərhədi faktiki olaraq yox olub və ölkəyə milyonlarla miqrant gəlib. Eks-prezident hesab edir ki, bu səbəbdən ABŞ “zibilliyə çevrilib”.
 
Ardını oxu...
Böyük Britaniya və Türkiyə qeyri-qanuni miqrasiyanın Avropaya axınını azaltmaq üçün saziş imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Suella Braverman məlumat verib.

“İki ölkə arasında əldə edilmiş razılığa görə, Türkiyənin və Britaniyanın polis xidmətləri qanunsuz miqrasiya, insan alveri və qayıq ticarətinə qarşı geniş birgə əməliyyatlar keçirəcəklər” – deyə Suella Braverman vurğulayıb.

Xatırladaq ki, Britaniyanın Baş nazir Rişi Sunak iqtidara gəlməzdən əvvəl seçicilərə ölkədə qeyri-qanuni miqrasiyanın qarşısını alacağına dair söz vermişdi.
 
 
 

Dünyapress TV

Xəbər lenti