Ardını oxu...
Amerika Birləşmiş Ştatları Qarabağa humanitar yüklərin Laçın və Ağdam yolu ilə eyni vaxtda çatdırılmasını alqışlayır və bunu “irəliyə doğru mühüm addım” hesab edir.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

Dövlət departamentinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir.

Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.
Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.

Mənbə: TASS
 
Ardını oxu...
Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb. Bu barədə Rusiyanın təbii sərvətlər naziri, iki ölkənin hökumətlərarası komissiyasının rəhbəri Aleksandr Kozlov məlumat verib.

“Yoldaş Kim Çen Inın rəsmi səfəri başa çatıb. Altı gün ərzində biz bir neçə müəssisədə, təhsil və mədəniyyət müəssisələrində olduq”, - o, qeyd edib.

Nazirin sözlərinə görə, Kim Çen In ən xırda detallarla maraqlanıb və diqqətli olub.

Ölkə başçısının zirehli qatarı Primorsk diyarındakı Artem stansiyasından Şimali Koreyaya yola düşüb.

 
Ardını oxu...
Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri və səfər çərçivəsində bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Səfər zamanı iki ölkənin rəhbəri təkbətək görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Həmin səfər zamanı iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Eyni zamanda, bu regionu təmsil edən dövlətlər də ölkəmizlə əlaqələrə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması və iştirak etməsi də bu reallığın göstəricisidir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, Gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Beləliklə, Mərkəzi Asiya ilə əlaqələrin, tərəfdaşlığın daha da genişləndirilməsi Azərbaycanın həm Asiya, həm Avropa üçün önəmini daha da artıracaqdır.

İlqar Əliyev – Dövlət İdrəçilik Akademiyası

 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-yə gedib.

Atatürk Hava Limanında təşkil edilən mətbuat konfransından sonra dövlət başçısı Nyu-Yorka yola düşüb.

Prezident Ərdoğanın BMT Baş Assambleyasında “Güvənin bərpası və Qlobal Həmrəyliyin Canlandırılması: 2030 Gündəmi və Davamlı İnkişaf Məqsədlərinə, Hamı üçün Sülh, Rifah, İnkişaf və Davamlılığa doğru fəaliyyətlərin sürətləndirilməsi” mövzusunda çıxış edəcək.

Ərdoğanın Nyu-Yorkda olarkən həmkarları başda olmaqla bir çox yüksək səviyyəli görüşləri gözlənilir. Türkiyə Prezidenti sentyabrın 20-də ABŞ təmaslarını başa vuracaq.
Ardını oxu...
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklifi bölgədə sülhə və əməkdaşlığa xidmət edir. Rusiya prezident Vladimir Putinin bu təklifə qarşı çıxacağını zənn etmirəm. Putin üçün əsas olan ABŞ-la Avropa İttifaqını Ermənistandan və bölgədən uzaq tutmaqdır. Əlbəttə, Kreml Türkiyənin Cənubi Qafqazdakı fəallığından, Azərbaycanla strateji müttəfiqliyindən məmnun deyil. Ancaq Putin ABŞ-la Türkiyə arasındakı seçimdə şübhəsiz ikinciyə üstünlük verər. Problem Ermənistanın baş naziri Nikol Paşinyanla bağlıdır. Ərdoğan dördlü görüş təklifini telefon söhbətində Paşinyana bildirib. Nikol Paşinyan son bir ildə Fransa prezidenti Emmanuel Makronun iştirakı olmadan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən çəkinir. Dördlü görüş perspektivi Paşinyanı daha çox qorxudur, çünki masanın bir tərəfində ermənilərin illərdir düşmən gözüylə baxdıqları Türkiyənin lideri, digər tərəfində də münasibətlərini pozmağa başladığı Rusiya prezidenti oturacaq. Vaşinqtonla Paris də dördlü görüş təklifindən məmnun qalmadıqlarından görüşün reallaşmaması üçün Paşinyana təzyiq edəcəklər.

Elxan Şahinoğlu - DİA.AZ
Ardını oxu...
Ağ Evin sabiq rəhbəri həbsdən qorxmadan ABŞ prezident seçkilərində iştirak etməyə hazırdır.
ABŞ-ın sabiq prezidenti Donald Tramp "cəhənnəmə doğru gedən" ölkəni xilas etmək istəyinə görə həbsdən qorxmadan prezident seçkilərində iştirak edəcəyini bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Ölkəmiz cəhənnəmə doğru gedir. Ölkəmiz dağılır. Mən isə bunu çox tez dəyişə və ABŞ-ı xilas edə bilərəm", - deyə Tramp "SiriuxXM" radiosuna verdiyi müsahibədə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinin vacibliyini vurğulayıb.
Bu yaxınlarda Ağ Evin sabiq rəhbəri bildirib ki, ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinə ABŞ hakimiyyətini qınamaq üçün əsas verib.
Onu da qeyd edək ki, Tramp Taker Karlsona verdiyi müsahibədə, Baydendən fərqli olaraq , Ukrayna münaqişəsini bir gündə başa çatdırmaq bacarığından danışıb və hazırki ABŞ prezidentinin "kifayət qədər səriştəsiz" olduğunu deyib.
Sputnik
 
Ardını oxu...
ABŞ-da 2024-cü ilin prezident seçkisində iştirak etmək istəyənlərin sayı 17 nəfərə çatıb. TEREF.AZ yazır ki, novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 13-ü Respublikaçılar Partiyasını təmsil edir. Bir nəfər – professor Kornel Uest Yaşıllar Partiyasının namizədi olmağa səy göstərir.

2024-cü il seçkisində Demokratlar Partiyasının namizədi olmaq istəyənlər hazırkı prezident Cozef Bayden, yazıçı və siyasətçi Marianna Uilyamson, hüquqşünas, yazıçı Robert Frensis Kennedidir.

Respublikaçılar Partiyasının namizədi olmaq uğrunda çalışanlar:

keçmiş prezident Donald Tramp,

keçmiş vitse-prezident Mayk Pens,

Florida ştatının qubernatoru Ronald Dion Desantis,

Şimali Dakota ştatının qubernatoru Duq Burqam,

Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli,

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi,

Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson,

Konqresin yuxarı palatası olan Senatın üzvü Tim Skott,

keçmiş konqresmen, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq zabiti Uill Herd,

sahibkar, yazıçı Vivek Ramasvami,

jurnalist Larri Elder,

biznesmen və din xadimi Rayan Binkli,

biznesmen Perri Conson.

Prezident seçkisinin ilk raundu 2024-cü il noyabrın 5-də olacaq. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin aşağı və yuxarı palatalarının birgə iclasında təsdiqlənməlidir.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.
Ardını oxu...
Son günlər Rusiya rəsmilərinin bəzi açıqlamaları Azərbaycanda birmənalı yozulmur. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın sentyabrın 13-də deməsinə görə, Bakının işğal olunmuş Ukrayna ərazilərində keçirilən seçkiləri tanımaması ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya diplomatik kanallar vasitəsilə Azərbaycana demarş edib.

Rusiya prezidenti Vladimir Putin isə sentyabrın 12-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında deyib: “Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil…”.

Putin xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistana öz təklifini edib: “İki rayon – Kəlbəcər və Laçın rayonları və bütünlüklə Qarabağ Ermənistanın yurisdiksiyası altında qalsın, amma 10-15 il ərzində cəhd göstərmələrinə baxmayaraq, Ermənistan rəhbərliyi bu varianta razılaşmayıb”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Putinin Şərqi İqtisadi Forumunda səsləndirdiyi fikirləri ümumən götürəndə Azərbaycanın maraqlarına uyğun bir çıxışdır: “Putin əvvəllər də bunu söyləyib, amma yenə də vurğulayıb ki, Qarabağ Azərbaycanın ərazisidir və bunu Ermənistan da Qarabağı bu cür tanıyır. Yəni, burada onun fikri bundan ibarətdir ki, Ermənistan tərəfi Rusiyanı ittiham etməsin. Putin Ermənistan rəhbərliyinin ittihamlarının qabağını almaq üçün bildirir ki, ilk növbədə Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Yəni, problem sizin probleminizdir”.

Deputatın sözlərinə görə, Putinin çıxışından məlum olur ki, torpaqlar işğaldan azad olana qədər danışıqlar prosesində beş rayonun Azərbaycana təhvil verilməsi deyilirdi, Kəlbəcər və Laçın rayonlarının məsələsində isə fərqli mövqe qoyulmuşdu: “Bu mövqedən Putinin da xəbəri olub. Yəni, Kəlbəcər və Laçın daha çox Ermənistanın nəzarət zonası kimi hesab olunub və Ermənistanın bu məsələdə güzəştsiz bir mövqe tutacağı bəlli idi. Həm də o bəlli olub ki, sanki Putin də bu fikrə şərik idi və “Kəlbəcər ilə Laçın Azərbaycan ərazisidir” kimi fikri olmayıb. Sadəcə 44 gün ərzində Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi zəfər bu planların üstündə xətt çəkdi”.

Rusiyanın demarşına gəlincə, Nəsirov qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməzdir: “Azərbaycan istənilən ölkənin ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşan dövlətdir və eyni yanaşmanı özünə münasibətdə tələb edir. Təsəvvür edək ki, Ukrayna Rusiyanın dörd əyalətini zəbt edir. Belə olan vəziyyətdə Azərbaycan Rusiyanın ərazi bütövlüyünü müdafiə edəcəkdi. Biz ərazi bütövlüyünün toxunulmazlığı kimi ali prinsiplərə hörmətlə yanaşırıq və dövlətlərə qiymət vermirik, prinsiplərə qiymət veririk”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Rusiya əslində hüquqa baxmır: “Rusiya yalnız gücə baxır, ona uyğun da hərəkət edir. Ukraynaya müdaxiləsi, Krımın işğalı və dünya arenasında onun digər hərəkətləri buna dəlalətdir. Bu, yeni bir şey deyil”.

Siyasi şərhçisinin sözlərinə görə, Putinin Şərqi İqtisadi Forumunda çıxışında dedikləri yeni deyil: “44 günlük müharibədən sonra Putin “RİA Novosti” agentliyinə müsahibədə demişdi ki, Rusiya tərəflərə “5+2″ formatını və Rusiya sülhməramlı kontingentinin regionda yerləşməsini təklif edirdi. Azərbaycan tərəfi da bunu qəbul etmişdi. Paşinyan buna razılaşmadı”.

A.Qasımlının fikrincə, müharibə dönəmində və ondan sonra da Rusiyanın bütün bəyanatları ona yönəlib ki, ermənilər Nikol Paşinyana dəstək verəcəksə, onlar Qarabağı görməyəcəklər: “Bu bəyanatı üç il ərzində fərqli formalarda Putin da, Lavrov da səsləndirib. Onların hamısının əsas mesajı odur ki, əgər Qarabağı istəyirsinizsə, Paşinyanı devirin”.

Politoloq vurğulayıb ki, Qarabağda separatçıların parlamentinin keçirdiyi “prezident seçkisi”ni dünyada heç kəs tanımadı və bununla bağlı bəyanat verdilər: “Bu, ABŞ, Avropa Birliyi, Avropa Şurası, BMT, Ukrayna, Moldova, digər ölkələr və qurumlardır. Rusiya bunların arasında yoxdur. Rusiya susur və Qarabağdakı separatçı rejimi tanımadığını demir. Mən Putin dönəmində bunu deyəcəklərinə inanmıram. Ola bilsin ki, dolayısı yolla Ukrayna ərazisində keçirilən “seçkilər”i tanımamağı ilə bağlı bəyanatla Azərbaycan müəyyən mənada Rusiyaya cavab verir. Amma Rusiya həmən aqressiv münasibət bildirdi və işarə verdi ki, Qarabağdakı qondarma seçkiləri tanıya bilər”.

Sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) “regional parlamentlərə deputat seçkiləri” keçirib.

Sentyabrın 9-da Azərbaycan XİN Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in heç bir qanuni qüvvəsi olmadığını bildirib.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfər edəcək və sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının görüşündə fəxri qonaq qismində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib. Beləliklə, bu sammitdə ilk dəfə olaraq regiondan kənar dövlət başçısı iştirak edəcək.

“Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edəcək”, – Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Tədbirin proqramına əsasən, Tacikistan prezidenti Emoməli Rəhmonla İlham Əliyev arasında ikitərəfli görüş, o cümlədən İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının görüşündə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, 2018-ci ildən keçirilən məşvərət görüşlərində əvvəllər Mərkəzi Asiyadan kənar ölkələrin dövlət başçıları iştirak etmirdilər. Eyni zamanda, onlara ən yüksək dövlət vəzifəsini tutmayan ölkələrin nümayəndələri də qatılıblar. Xüsusilə, Astanada keçirilən ilk iclasda Türkmənistanı o vaxtkı parlamentin rəhbəri Akca Nurberdiyeva təmsil edib. 2019-cu ildə Daşkənddə keçirilən görüşdə Qazaxıstanı eks-prezident Nursultan Nazarbayev təmsil edib. 2020-ci ildə təkbətək sammit keçirilməyib, 2021-2022-ci illərdə isə Türkmənistanın Avaza və Qırğızıstanın Çolpon-Ata şəhərlərində keçirilən görüşlərdə yalnız beş ölkənin prezidenti iştirak edib.

Proqrama əsasən, Rəhmonun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə də ikitərəfli görüşləri nəzərdə tutulub. İclasda bütün dövlət başçılarının çıxış edəcəyi də planlaşdırılır.

Dünyapress TV

Xəbər lenti