
Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əlisahib Əzizovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.
TEREF xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilib. Təqsirləndirilən şəxs 2 il müddətinə tikinti sektorunda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Əlisahib Əzizov məhkəmə iclas zalından dərhal həbs olunub.
İttihama görə, təqsirləndirilən şəxs Əlisahib Əzizov “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.
Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.
Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş “prorab” məhkəmədə özünü təqsirli bilməyib.
Nəsimi Rayon Məhkəməsi ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi “Melissa Group” tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib.
Məlumat üçün bildirək ki, ötən il mətbuatda Nəsimi rayonunda adıçəkilən şirkət tərəfindən qanunsuz söküntü işləri aparılması haqda vətəndaş şikayəti daxil olmuşdu. Bundan başqa, “Pilot-16” MMC-nin adı müxtəlif tikinti qalmaqallarında, eyni zamanda obyektlərin söküntüsü işlərində də hallanıb.
Qeyd edək ki, “Pilot-16” şirkətinin rəsmi baş direktoru Aslan Quliyevdir. Ancaq mətbuatda yayılan və təkzib olunmayan məlumatlara görə, şirkətin real sahibi oliqarx keçmiş deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımovdur.
Eyni zamanda xatırladaq ki, “Pilot-16” “Vinte Qrup” şirkətinə aiddir və o qrupun da rəsmi rəhbəri Vüqar Qasımovdur.