Ardını oxu...
Vaşinqton Ermənistan və Azərbaycanı tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan kompromislərə getməyə çağırır.

Qeyd edək ki, bu sözləri ABŞ dövlət katibinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.

“Ermənistan və Azərbaycan liderləri ilə həm həmin departamentin ən yüksək, həm də alt kabinet səviyyəsində əməkdaşlığı davam etdiririk, onları tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan çətin kompromislərə getməyə çağırırıq”, – deyə Miller vurğulayıb.

Maraqlıdır, Vaşinqton Ermənistan və Azərbaycandan hansı məsələlər üzrə kompromisə getməsini istəyir?

TEREFR.AZ bildirir ki, məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya şərhində ABŞ-ın dövlət rəsmisi Metyu Millerin bu bəyanatının arxasında duran əsas mahiyyətlə bağlı fikrini açıqlayıb:

“ABŞ deyəndə ki, Ermənistan kompromisə getməlidir, Ermənistanın dövlət kimi öz hüquqlarından imtinasını nəzərdə tutmur. Amma Vaşinqton erməni ictimaiyyətinin qonşularına qarşı yanlış düşüncələr və təsəvvürlərdən xilas olmasını istəyir. ABŞ-ın dövlət rəsmisi Ermənistanla bağlı ifadəsində məhz bunu nəzərdə tutub. Vaşinqton Ermənistan hakimiyyəti vasitəsilə erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq hüquqa və Ermənistanın daxili hüquqlarına zidd deyil.

Yəni beynəlxalq hüququn normalarına görə, hər hansı bir dövlət digər dövlətə öz ərazisindən yol verməyə məcburdur. Erməni ictimaiyyətində belə yanlış təsəvvür dolaşır ki, əgər onlar öz ərazilərindən Azərbaycana Naxçıvana çıxış əldə etmək üçün yol versələr, bu, Ermənistan dövlətini və xalqını fəlakətə aparacaq. Ermənistan hakimiyyətinin erməni ictimaiyyətinə bu kimi fikirlərin və təsəvvürlərin yanlış olduğunu başa salması kompromisdir.

O ki qaldı Azərbaycanın hər hansı məsələ üzrə kompromisə getməsinə, ölkəmizdə bir çoxları hesab edir ki, əgər Ermənistandan azərbaycanlılar məcburi şəkildə deportasiya olunublarsa və onlar öz torpaqlarına qayıda bilmirlərsə, onda ermənilər də Azərbaycanda yaşamamalıdır və ölkəni tərk etməlidir. Bu, çox yanlış düşüncədir”.

Z.Əlizadə hesab edir ki, ictimaiyyətimiz belə bir düşüncədən əl çəkməlidir:

“Belə bir düşüncə, belə bir təsəvvür Azərbaycan konstitusiyası və qanunları ilə ziddiyyət təşkil edir. İnsanları milliyyətinə, irqinə və dini mənsubiyyətinə görə qiymətləndirmək olmaz. Ona görə də Qarabağda məskunlaşan erməni əhalisinin hüquqları Azərbaycan konstitusiyasına və qanunlarına uyğun təmin edilməlidir.

Necə ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan digər etnik millətlər bu hüquqlardan azad və sərbəst istifadə edirlər. Azərbaycan ictimaiyyətində bu mövqeyin qarşısının alınması özü bir kompromis olacaq. Vaşinqton kompromis məsələsində Ermənistan və Azərbaycanı öz daxili suveren hüquqlarından imtina etməyə yox, hər iki ölkənin ictimaiyyətinin yanlış təsəvvürlərdən xilas olmağa çağırır”.
 

Ardını oxu...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində nazir Ceyhun Bayramov həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də xarici işlər naziri Hakan Fidan, eləcə də digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı ətrafında geniş fikir mübadiləsi aparılıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Laçın yolundakı son hadisələrlə bağlı Ermənistana mesaj ünvanlayıb: “Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər. Azərbaycana qarşı ittihamlar əsassızdır”. Türkiyə lideri Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”. Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirən Prezident Ərdoğan enerji və nəqliyyat sahələrində birgə əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğunu söyləyib. Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib.
DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, bəzi ölkələr bölgə oyunlarına daxil olmaq və Azərbaycana təzyiq göstərmək istəyir. Partiya rəhbərinin sözlərinə görə, Cənubi Qafqaz regionu uğrunda açıq mübarizə gedir: "Əllərinə imkan düşüb ki, Ermənistan tərəfindən qurulmuş bir şouda iştirakçı olsunlar, mövqe qazansınlar. Bu savaşın "dəhliz" uğrunda olmadığı bəllidir. Türk dünyasına qarşı bir savaşın elementidir. Aysberqin görünən tərəfidir. Rusiyanın Türkiyəyə qarşı bəyanatları, problem yaratmaq istəkləri, Putinin son açıqlamaları göstərir ki, bir az qisasçılıq və Türkiyəni küncə sıxmaq niyyətləri var. Rusiya rəsmisi açıq şəkildə bəyan edir ki, bölgəyə NATO üzvü Türkiyənin gəlməsi regionda vəziyyəti gərginləşdirəcək və s. Yəni bölgədə həm Rusiyanın maraqları var, həm də Qərb regiona gəlmək üçün Ermənistandan maşa kimi istifadə edir. Bu məsələdə ziddiyyətli dövlətlər də artıq ortaq davranırlar. Bölgə uğrunda savaşda bəzi təxribatların olması, təzyiqlərin edilməsi mümkündür. Belə məqamda Azərbaycan şər qüvvələrin qarşısında tək dayanmalı deyil. Ona görə də indiyə qədər görülmüş profilaktik tədbir olaraq Türk Dövlətləri Təşkilatının ərsəyə gətirilməsi və xarici siyasətdə ortaq hərəkət etmə qərarları reallaşdı. Artıq kifayət qədər inteqrasiya olunmuşuq. Türk dövlətlərinin həmkarlar ittifaqları belə ortaq mövqedən çıxış edirlər. Cənab Ərdoğanın dediyi kimi, "biz gələcəyimizi ortaq müəyyənləşdiririk". Bütün potensialımızla birlikdəyik. Hər iki ölkə bir-biri ilə qarşılıqlı məsləhətləşmələr aparır".
F.Quliyev vurğulayıb ki, Azərbaycana olan təzyiqlər lokal xarakter daşımır: "Bu, Türk Dövlətləri Təşkilatına, yeni dünya düzənində artıq güc elementinə çevrilmiş bloka qarşı olan davranışdır. Ona görə də möhkəm dayanmaq lazımdır. Artıq Türkiyənin də verdiyi mesajlar göstərir ki, israrlıyıq və geri çəkilməyəcəyik. Bir addım geri çəkilsək, üstümüzə daha çox gələcəklər. Haqlı olduğumuz yerdə geri çəkilməli deyilik. Həm cənab Hakan Fidan tərəfindən Laçın yolu ilə bağlı verilən mesaj, həm də hörmətli Ərdoğanın Zəngəzur dəhlizi və sülh prosesi ilə bağlı açıqlamaları çox önəmlidir. Kimsə bizə humanitar yardım gətirirsə, onun miqdarını, keçmə müddətini, təyinatını Azərbaycan özü müəyyənləşdirər. Dünyanın bütün dövlətləri də işə qarışsa, mənası yoxdur, daxili işimizə qarışa bilməzlər. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı da göstərir ki, Ermənistan və dəstəkçiləri bizə nə qədər sıxıntı verməyə çalışsalar da, Azərbaycan və Türkiyə öz haqlı mövqeyindən dönməyəcək. Şübhə yox ki, qardaş ölkə rəhbərliyi və XİN başçısı Hakan Fidanla digər mühüm məsələlər də müzakirə olunub. Bütün hallarda hazırlığımızı görüb yolumuza davam etməliyik. Velosiped effekti deyilən bir anlayış var. Velosiped mütləq hərəkətdə olmalıdır, dayansa, yıxılar. Belə məsələlərdə daim irəli getməliyik. Yol xəritəmiz doğrudur. Bunun da "okey"ini Türkiyədən almışıq".
 
Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri əsasən altı istiqamət üzrə əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycanla Türkiyə arasında Qarabağda baş verən hadisələr fonunda gələcək addımlar üçün bəzi dəqiqləşdirmələrə ehtiyac yaranır.

Türkiyənin Qarabağ üzrə regional və beynəlxalq oyunlara cavab olaraq adekvat davranışlarının regional miqyasının cərəyan edən proseslərlə əlaqəli ölçülməsi işi aparılır.

Çünki Türkiyədə prezident seçkisindən sonra Ankara Rusiya ilə Qərb arasındakı tarazlıq oxunun bir qapısını NATO-nun genişlənmə proqramı üçün açdı.

Türkiyə ilə Qərb arasındakı strateji yaxınlaşma Azərbaycanın aktivinə fayda verir, hərçənd, Ankara Moskva ilə münasibətləri soyutmaq yoluna qədəm qoymur.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin diplomatik-siyasi, yoxsa hərbi üsullarla açılışına hazırlıq mərhələlərində Türkiyənin yeri regional gündəliyinin içərisində qabarıqlaşır.

Türkiyə xarici işlər naziri Hakan Fidanın “Zəngəzur dəhlizinin açılmasının böyük önəmi var” deməsi perspektiv üçün Ankaranın bu yöndə ata biləcəyi addımlardan xəbər verir.

İkincisi, Türkiyənin xarici siyasət arenasındakı islam dininin mühafizəsi motivləri Azərbaycanın da strateji yanaşmasına məzmun əlavə edir. Türkiyə xarici işlər naziri Hakan Fidanla Ceyhun Bayramovun birgə mətbuat konfransında Quranın yandırılması aksiyalarını pisləməsi həmin məntiq əsasında diqqətəlayiq bəyanatlardır.

Üçüncüsü, Azərbaycanla Türkiyə Ankaranın Körfəz regionu və İsraillə münasibətlərini formatlamasından irəli gələn yerlərini regional müstəvilərdə müəyyən etməlidirlər. Çünki Türkiyə regionda əsas aktorlardan biridir, onun Yaxın Şərqdə, Körfəz regionunda maraqlarına toxunan hadisələr və ya ideyalar Ankara üçün çətinlik yarada bilər.

Tənliklərin həllində strateji müttəfiq kimi Azərbaycanın Türkiyəyə dəstəyi qaçılmazdır, buna görə də Bakı-Ankara gündəliyində həmin məsələlər üzrə prioritetlərin müəyyən edilməsi başadüşüləndir.

Dördüncüsü, Bayramovun Türkiyə səfəri FETÖ-yə qarşı birgə mübarizədə yeni hədəflərin koordinatlarını tutmaq və onları ifşa etmək planları ilə bağlı koordinasiyalı işin təşkilinə yönəlib.

Türkiyə FETÖ əleyhinə mübarizədə Azərbaycanı lazımi kəşfiyyat məlumatları ilə təmin edir. Görünür, Türkiyənin gizli qovluqlarında FETÖ-nün Fetullah Gülenin aldığı təlimatlar əsasında, yenidən təşkilatlanması, onun praktiki fəaliyyətində daha əvvəllər təcrübədən keçirilməmiş fəaliyyətə başlayacağı ilə bağlı ciddi kəşfiyyat məlumatları mövcuddur.

Beşincisi, Rusiya-Ukrayna müharibəsinin mənfi geoiqtisadi təsirlərinə qarşı energetika sahəsindəki əməkdaşlıqdan doğan reaksiyaların çevikliyini artırmaqdır.

Bu, Cənub Qaz Dəhlizi beynəlxalq enerji layihəsi və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Çin mərkəzli hesab edə bilərik) istiqamətində xüsusilə önəm qazanır. Bakı ilə Ankara Avropaya hər iki halda Avropaya keçiddə təsiredici və diktəedici rıçaqlara sahibdirlər.

Bu amil Azərbaycanın və Türkiyənin strateji genişlənməsi üçün enerjidir ki, bunun bəhrələrini yenə dərmək Bakı-Ankara masasında müzakirə olunur.

Altıncısı, Türk Dövlətləri Təşkilatının (TDT) proqramını praktiki şəkildə genişləndirmək, onun mövqeyini dəyişən dünya nizamı arasında yerbəyer etmək və mövqelərini daha da inkişaf etdirməkdir.

Beləliklə, proqnoz kimi səsləndirsək:

- Azərbaycanla Türkiyə arasındakı danışıqların yeni raundundan sonra regionda bədxassəli şişlərin kəsilib-atılması istiqamətində mühüm addımlara şahidlik edə bilərik.

Buraya terrorizmlə mübarizədən tutmuş hərbi-siyasi təhdidlərin önlənməsinə qədər geniş aspekt daxildir.

Aqşin Kərimov,
Siyasi şərhçi - DİA.AZ
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.

"Haber Global" xəbər verir ki, Hakan Fidanın Ceyhun Bayramovu qarşılamasımda diqqəti çəkən məqamlar yaşanıb.

Belə ki, Ceyhun Bayramovu qarşılayan Hakan Fidan salamlaşarkən, "Evinizə xoş gəldiniz” - deyib.

 
Ardını oxu...
31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən "DogruXeber.az"a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla keçirilən görüşün yekunlarından danışıb. Lavrov şərhlərində həm ikitərəfli, həm də üçtərəfli formatda bir neçə əsas mesajı çatdırdı:

-Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təminatları məsələsinin həllinə Azərbaycanın ərazi bütövlüyü kontekstində yanaşılacaq.

-Ermənistan tərəfi Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə qarşılıqlı əlaqədə olmağa inandırmaq, onların hüquqlarını Azərbaycanın hüquqi sahəsi və beynəlxalq öhdəliklər çərçivəsində əlaqələndirmək üçün dərhal səylərin vacibliyini qəbul edir.

-Ən vacib məqsəd maneəsiz hərəkəti təmin etmək və bölgə boyunca nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasıdır.

-Rusiya öz mövqeyindədir ki, Sərhəd delimitasiyasından əvvəl Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanması lazımdır.

-Ermənistan tərəfi də Azərbaycan kimi öz ərazisində yaşayan milli azlıqlara ekvivalent zəmanət verməyə hazırdır.

-Lavrov regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı konkret məsələlərin həlli tapşırılan baş nazirin üç müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun köməyi ilə konstruktiv nəticə əldə etməyin vacibliyini vurğulayıb.

-Üstəlik, Rusiya həm Ermənistan, həm də Azərbaycan tərəflərinin təkcə Rusiya Federasiyasından vasitəçi kimi deyil, digər potensial vasitəçilər kimi də istifadə etməkdə maraqlı olduğunu tanıyır.

Bundan əlavə, Rusiya bu ilin sonunda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə daha bir sammit çağırmağı planlaşdırır.

Azadlıq Radiosunun köşə yazarı və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov Lavrovun “Çətin sual”proqramı zamanı verdiyi açıqlamaların təhlilini təklif etdi. Dubnovun sözlərinə görə, Moskva görüşü hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Brüssel görüşünün davamıdır. O hesab edir ki, bu, danışıqlar prosesində Qərblə Moskva arasında ehtimal olunan rəqabətin şişirdildiyini göstərir. Bunun əvəzinə, proses əvvəldən hər iki tərəf tərəfindən koordinasiya edildi və mövcud nəticələr bu əməkdaşlığın nəticəsidir.

Dubnov daha sonra bu koordinasiyanın Yerevana təzyiqi artırmaqla həyata keçirildiyini düşünür. Eyni zamanda, Bakı müzakirə sahəsini genişləndirir ki, bu da Moskva və Qərbi ilkin fərziyyələrindən kənara çıxan daha geniş məsələlərlə məşğul olmağa məcbur edir.(Turan)

 

 

Ardını oxu...
İyulun 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir-Abdullahianın dəvəti əsasında Tehrana səfər edib.

Nazirlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar apardıqdan sonra birgə mətbuat konfransı keçiriblər və bir sıra diqqətçəkən açıqlamalar veriblər.

Hüseyn Əmir-Abdullahian bəyan edib ki, Ermənistan xarici işlər nazirinin Tehrana səfərinin əsas məqsədi İran prezidenti ilə Ermənistan baş nazirinin son görüşündə əldə olunmuş razılaşmaların icra vəziyyətinin nəzərdən keçirilməsi olub.

Əlbəttə, danışıqlarda ikitərəfli əlaqələrə dair məsələlər də müzakirə obyekti olub. Lakin İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan da aydın olur ki, Mirzoyanın Tehran səfərində hər halda Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh danışıqları diqqət mərkəzində dayanan əsas mövzu olub.

Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin İrana səfəri başlamazdan bir neçə saat öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də Cənubi Qafqazla bağlı məsələlərin ölkəsi üçün fövqəladə əhəmiyyət daşıdığını bildirib və İranın qonşular arasında ixtilafların dinc yolla həlli prosesinə dəstəyini ifadə edib. Ermənistanlı həmkarı ilə birgə mətbuat konfransında Hüseyn Əmir-Abdullahian Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını alqışladıqlarını bildirərək deyib:

“Qafqaz böyük güclər arasında mübarizə və çəkişmə meydanına çevrilməməlidir. Qafqazın böyük güclər arasında rəqabət səhnəsinə çevrilməsi regionumuzda sülhə imkan verməyəcək və bölgədə ciddi çağırışlar doğuracaq.
Bu gün Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları barədə həmkarımla söhbət etdik. Əminik ki, bölgədə müharibəyə əsaslanan nizamın sonu çatıb və indi Qafqaz regionunda sülhə əsaslanan nizamın bərqərar olması zamanı yetişib”.

Əmir-Abdullahian əlavə edib ki, bu sülhün yaranması üçün dövlətlər və xalqlar arasında münasibətlərdə dostluq və əməkdaşlıq dilindən istifadə olunmasına ehtiyac var.

O həmçinin İranın “üç üstəgəl üç” formatını dəstəklədiyini, Ermənistan və Azərbaycanın da iştirak edəcəyi bu görüşün baş tutması üçün səylərini davam etdirəcəyini bəyan edib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
25 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşlərdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğu diqqətə çatdırılıb.

Sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən 15 iyun tarixində keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyi Nazir tərəfindən bildirilib. Hazırda, Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.


***

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.

Qeyd edək ki, üçtərəfli danışıqlardan əvvəl C.Bayramovla S.Lavrov arasında görüş olub.

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.
 

24 iyul 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Ardını oxu...
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) katibliyi Qurani-Kərimin təhqir edilməsi halları ilə əlaqədar İsveçin təşkilatdakı xüsusi nümayəndəsinin statusunun dayandırılması barədə qərar qəbul edib.

Müvafiq bəyanat bazar günü təşkilatın saytında dərc olunub.

“İƏT Katibliyi İsveçin təşkilatdakı xüsusi nümayəndəsinin statusunun dayandırılması ilə bağlı qərarı barədə Stokholm hökumətini məlumatlandırıb”, - sənəddə deyilir.

Qeyd olunur ki, İƏT-in icraedici orqanı növbədənkənar iclasdan sonra onun baş katibi Hüseyn Brahim Tahaya “xüsusi nümayəndənin statusunun dayandırılması da daxil olmaqla, Qurani-Kərimin və digər islami dəyərlərin təhqir olunduğu istənilən ölkə ilə katibliyi əlaqələndirən rəsmi çərçivələrə yenidən baxılması üçün mümkün addımları nəzərdən keçirməyi” tövsiyə edib.
Bildirilir ki, İƏT-in baş katibi bəzi üzv dövlətlərin İslamın müqəddəs kitabına qarşı təkrar təcavüz hallarına etiraz olaraq gördüyü tədbirləri alqışlayıb. O, təşkilat ölkələrini İsveç hakimiyyətinin hərəkətlərindən narazılıq nümayiş etdirmək üçün məqsədəuyğun hesab etdikləri tədbirləri görməyə çağırıb.

Mənbə: TASS
 

Dünyapress TV

Xəbər lenti