Ardını oxu...
TÜRKLÜYƏ XİDMƏT ETMİŞ TÜRKÜN AZMAN ŞƏXSİYYƏTLƏRİ SERİYASINDAN
19-CU YAZI. TURANI GERÇƏKLƏŞDİRƏN BÖYÜK TÜRK XAQANI
ƏMİR TEYMUR
Hər bir xalqın, millətin tarixi missiyası onun gücü, yaratdığı mədəniyyəti, qurduğu dövlət və İmperatorluqlarla ölçülürsə, hər bir fərdin gücü - qüdrəti onun fiziki və mənəvi enerjisi də mənsub olduğu millətə və milli mədəniyyətə xidməti ilə ölçülür. Bu baxımdan bəşər tarixinə istiqamət verən Türklər dünya xalqları içərisində birinci yerlərdən birini tutduğu kimi, tarixi şəxsiyyətlər içərisində də Böyük Türk Xaqanı Əmir Teymur birinci yerlərdən birini tutur.
"Hər millətin tarixi meydanda. Əcnəbilər "Böyük İskəndər", "Böyük Napoleon" - deyə öz qəhrəmanlarına abidələr yapdırır, heykəllər tikdirirlər. Fəqət bizlər! "Bizlər isə, Çingiz kimi Cahangirləri, Teymur kimi qəhrəmanları xunxar, canavar deyə ləkələmək istəyirik"-deyən, böyük mütəfəkkir Hüseyn Cavid nə qədər haqlıdır. Çünki “biz özümüzə, qövmümüzə, irqimizə, tariximizə yabançıların gözümüzə taxdığı gözlüklə baxırıq. Əgər Türkləri, Türklərin keçmişini olduğu kimi görmək istəsək yabançıların taxdığı gözlüyü qırıb ataraq, tariximizə öz Türk gözümüzlə baxmalıyıq. Yəni babalarımızın buraxdığı əsər və vəsiqələri tədqiq edib, ona görə hökm verməyə çalışmalıyıq”. (Yusuf Akçura, Bax:Ahmet Temir, Yusuf Akçura, Ankara, 1987, səh 65)
Bizlər də məhz bu böyük Türkçü ideoloqların fikir və düşüncələri işığında tariximizi incələməli, dahi şəxsiyyətlərimizi, o cümlədən də Türk birliyi ideyasının həyata keçiricisi, məfkurəvi Türk dövləti olan Turanın savaşçısı və yaradıcısı əzəmətli Türk Xaqanı Əmir Teymuru özünə layiq şəkildə tədqiq edib gec də olsa öz millətimizə və bəşəriyyətə təqdim etməliyik.
Əmir Teymur 8 aprel 1336-cı ildə Səmərqəndin Güneyindəki Keş (indiki Şəhri-Səbz) şəhərində anadan olmuşdur. Atası Əmir Turağay, anası Təkinə Xatundur. Atası Əmir Turağay Barlas Türk boyunun başbuğu olmuşdur. Səmərqənd və Keş bölgələrində hakim mövqedə olan Barlas Türk boyu o dövrdə Cığatay Xanlığının tabeliyində idi. Çingizoğullarından qalma bir xanlıq olan Cığatay Xanlığı da Qızıl Orda Xanlığı kimi artıq bir Türk dövləti durumuna gəlmişdi.
Cığatay xanlığı içərisində qarışıqlıqlar çıxınca Teymurun atası Əmir Turağaydan sonra Barlas boyunun başbuğu olan əmisi Hacı Barlas Keşdən qaçaraq Xorasana getdiyindən Barlas boyuna Teymur "Bəy" olaraq başçılıq etməyə başlamışdır. Teymur Bəyin bu hərəkətini alqışlayan Cığatay Xanı Tuğluq Teymur onun dəstəkləmişdi. Cığatay birlikləri başqa bölgələrə getdiyindən Əmisi Hacı Barlas öz dəstəsi ilə geri dönmüş, lakin Teymur Bəy əmisinə qarşı çıxdığından Teymurun ətrafındakı əskərlər onu tərk etmiş, əlacsız qalan Teymur Bəy əmisinin yanına getmiş və ondan üzr istəmişdi.
Cığatay Xanı Tuğluq geri dönüncə, Hacı Barlas yenidən Xorasana qayıtmış və orada üsyançılar tərəfindən qətlə yetirilmişdir. Bundan sonra Cığatay Xanı oğlu İlyas Xocanı Türküstana vali təyin etmiş Əmir Bəyciki ona birinci, Teymur Bəyi isə ikinci yardımçı göndərmişdi. Bu vəziyyətə hirslənən Teymur Bəy yeznəsi Kabil hökmdarı Mir Hüseynin yanına getmiş, onunla birləşərək güclü bir ordu yaratmışdılar. Birləşmiş ordular Qunduz bölgəsindən keçərək Türküstana daxil olmuş, onlara qarşı çıxan Cığatay ordusunu məğlub edərək, Keş şəhərini ələ keçirmiş, İlyas Xocanı İli Bölgəsinə qaçmağa məcbur etmişdilər. Teymur Bəy Mir Hüseynlə birgə İlyas Xocanı Xocəndə qədər qovaraq, Daşkənddə qərarlaşmışdılar. Beləliklə Teymur Bəyin bu ilk səfəri ilə Türküstan Moğollardan qurtulmuş, Cığatay xanədanının nüfuzu bir qədər qırılmışdır.
Atası Tuğluq Teymurun ölümündən sonra hakimiyyət başına keçən Türküstan valisi İlyas Xoca 1364-cü ildə yeni və güclü bir ordu ilə Teymur Bəyi və Mir Hüseyni yenmiş, Mir Hüseyn Qunduzun quzeyinə, Teymur Bəy isə Bəlxə doğru qaçmağa məcbur olmuşdu. Cığatay xanı İlyas Xocanın 1365-ci ildə bir Duğlat Əmiri tərəfindən öldürülməsi ilə Teymur Bəy və Mir Hüseyn yenidən Türküstana sahib çıxmışdılar. Mir Hüseynin bacısı, Temur Bəyin arvadı öləndən sonra, onların arasındakı əlaqə sarsılmış və Mir Hüseyn Teymur Bəyi Karaşidən uzaqlaşdırmışdı.
Teymur Bəy yavaş-yavaş güclənərək şəhəri yenidən ələ keçirmiş, az sonra Buxaraya da sahib olunca Mir Hüseyn güclü ordu ilə Hücuma keçdiyindən Teymur Bəy Xorasana çəkilmiş, orada müxtəlif bölgələri dolaşaraq, yeni bir ordu yaratmış və yenidən Mir Hüseyn onunla yaxınlaşaraq dostluq münasibətlərini bərpa etmiş və özü Əfqanıstana çəkilmişdi.
Teymur Bəy ərazidəki Türk boylarını öz ətrafında toplayaraq gücləndikdən sonra Mir Hüseyni məğlub edərək, onu əsir götürmüş, Mir Hüseyn hər şeydən çəkilərək, Həccə getmək üçün Teymurdan icazə almışdır. Yolda ikən yanındakılar Mir hüseyni öldürərək, Bəlx camaatını qılıncdan keçirmiş, şəhəri yağmalamışdılar.
Öncə İl, Ulduz, Fərqanə bölgələrini və Bəlx şəhərini ələ keçirməklə Teymur Bəy Türküstan və bütün Orta Asiyanın hökmdarı olmuşdur. 1370-ci ildə 34 yaşında hökmdar elan olunan Əmir Teymur özünü Çingiz Xanın varisi kimi göstərsə də, Çingiz Xanın nəslindən olan Uyğur hökmdarı Xızır Xanın qızı ilə evlənsə də, o Moğol hakimiyyətinə son qoyaraq, bölgədə çoxdan gözlənilən Türk hakimiyyətini yenidən bərpa etməyə müvəffəq olmuşdur.
Əmir Teymur əsasən Türklərdən ibarət ordusu ilə bütün Türküstan ərazisini vahid dövlət ətrafında birləşdirdikdən sonra ilk olaraq Əfqanıstan və Doğu İranı, 1381-ci ildə Xorasanı, Şiraz və Kirmanı, İraqın ərəb bölgəsini, Azərbaycanı, Mardin və Diyarbəkrdən keçərək Gürcüstanı işğal edərək Qızıl Orda Xanı Toxtamışın üzərinə yürümüşdü. Hələ 1376-cı ildə Toxtamış Qızıl Orda dövlətini yenidən canlandırmaq üçün Səmərqəndə gələrək Əmir Teymurdan Ağ Orda hökmdarı Urus xana qarşı yardım istəmiş, Teymur da Orta Seyhun bölgəsində bulunan Otrar, Çabran və Sığnaq şəhərlərini Toxtamışın ixtiyarına vermişdi. Toxtamış Ağ Orda ilə savaşda iki dəfə məğlub olub, yenidən Əmir Teymura sığınmış, Əmir Teymur Toxtamışın bir şey edə bilmədiyini görüb, özü Urus Xanın üzərinə yürümüş, onu məğlub etmişdir. Əmir Teymurun yardımı ilə Qızıl Orda Xanlığını ələ keçirən Toxtamış, Ağ Orda Xanlığı ilə Qızıl Orda Xanlığını bir araya gətirərək Cuci ulusunu Batı Xanın dövründə olduğu kimi yenidən tək xanın hakimiyyəti altında birləşdirməyə müvəffəq olmuşdu.
Moskva knyazı Dmitri, Kulikova savaşında Mamay Xanı məğlub etmişdisə də yeni Xan Toxtamış öncə Mamayı, 1382-ci ildə isə Dmitrini məğlub edərək Moskvanı tutmuş, dövlətini Seyhundan Dnestrə, Otrardan Kiyevə qədər böyüdərək Əmir Teymurun himayəsindən çıxmağa çalışmışdı. O, Teymurun ona etdiyi yaxşılıqları unudaraq Litva knyazlığı, Misir Məmlük Türkləri və hətta Osmanlı Sultanı İldırım Bəyazidlə əlaqə yaratmış və Əmir Teymura qarşı çıxmışdı. Bütün Qızıl Orda Xanları kimi Azərbaycanın zənginliklərini ələ keçirmək istəyən Toxtamış da Əmir Teymurun uzaqda olduğunu düşünərək, bölgəyə hücum etmiş, Təbrizə qədər irəliləmiş, ölkəni yağmalayaraq geri dönmüşdü. 1386-cı ildə Əmir Teymurun Azərbaycana gəlişi iki dövlət arasındakı çatışmanın başlanğıcı olmuşdur. 1387-ci ildə Toxtamış Dərbənd üzərindən Azərbaycana girərkən Teymurun oğlu, Azərbaycan valisi Miranşah Toxtamışın qarşısını almış, onu önünə qataraq qovalamış və bir çox əsir ələ keçirmişdi. Əmir Teymur Çingiz nəslinə hörmət əlaməti olaraq əsirləri bağışlamış, Toxtamışa xəbərdarlıq etmişdisə də onun xəbərdarlığına baxmayaraq Toxtamış Seyhun sərhəddinə hücum edərək, Çabran şəhərini dağıtmışdı. Bunu eşidən Əmir Teymur Qərb yürüşünü təxirə salaraq geri dönmüş, Teymurun geri döndüyünü eşidən Toxtamış qaçmışdı. Müəyyən bir vaxtdan sonra Toxtamışın yenidən Dərbənd üzərindən Şirvana hücum etməsindən qəzəblənən Teymur Misir səfərini yarımçıq qoyaraq 1395-ci ildə Toxtamışın üzərinə yürümüş və onu taxt-tacdan məhrum etmişdi.
1398-ci ildə Hindistan səfərinə çıxan Əmir Teymur ilk öncə İndus hövzəsini ələ keçirən nəvəsi - Məhəmmədlə birgə Hindistana daxil olarkən Dehli Türk Sultanı Mahmudun ordusu ilə qarşılaşmış, Hindlilərin döyüş filləri Teymur süvarilərinin qarşısında duruş gətirə bilməmiş, döyüş meydanı kəsik xortumlar və ölü fillərlə dolmuşdu. Teymur böyük bir törənlə Dehli şəhərinə girərkən, Sultan Mahmud Qucurat Krallığına sığınmış, din adamlarının xahişi ilə xalq bağışlanmış, 200 illik Türk Sultanlığının xəzinəsi Teymurun əlinə keçmişdi. Dehlidə Xütbəni öz adına oxutduran Əmir Teymur Hindistan imperatoru kimi iki həftə sonra böyük qənimət və fillərlə geri dönmüşdü. Dönərkən, Kəşmir Bəyi ona tabe olacağını yəmin etdiyindən Əmir Teymur Kəşmirə toxunmamış, Pəncaba Seyid Xızırı vali təyin etmişdi.
Artıq Yaxın Şərqdə Əmir Teymurun qarşısında iki mühüm Türk dövləti - Suriya və Misir Türk Məmlük dövləti və Osmanlı dövləti var idi. Əmir Teymur Suriya və Misir Türk Məmlük dövləti ilə dostluq yaratmaq üçün elçi göndərmiş, lakin Sultan Barkuk Teymurun elçisini öldürtmüşdü. Teymurdan qaçan Bağdad Sultanı Əhməd Cəlayirli və digər qaçaqlar onlara sığındığından Əmir Teymur 1399-cu ildə üçüncü Qərb səfərinə çıxaraq qışı Azərbaycanda keçirdikdən sonra öncə Gürcüstanı, sonra Ərdəhan, Qars, Bingöl, Sivas və Malatyanı, daha sonra 1400-cü ildə Hələb və Şamı, 1401-ci ildə isə Bağdadı zəbt edərək, Təbrizə dönmüşdü.
Bütün Orta Asiya, Əfqanıstan, Uyğurustan, İran, Azərbaycan, Gürcüstan, Qızıl Orda, Xarəzm, İraq, Hindistan və Suriya kimi ölkələri öz hakimiyyəti altında birləşdirən Əmir Teymurun önündə ən böyük qüvvə kimi Osmanlı dövləti qalmışdı. Əmir Teymurla Osmanlı Sultanı məğrur İldırım Bəyazid arasında uzunmüddətli qarşılıqlı yazışmalar olmuşdu. Əmir Teymurun Bəyazidə göndərdiyi tarixi məktublar, çox səmimi olduğu halda, İldırım Bəyazidin Teymura yazdığı məktublar əksinə həddən artıq təhqiredici olmuşdu. Bu faktı bütün tarixi mənbələr təsdiq edir. Əmir Teymur İldırım Bəyazidə sığınan rəqibləri Qaraqoyunlu hökmdarı Qara Yusifi və Bağdad hakimi Əhməd Cəlayirlini təhvil verəcəyi təqdirdə onun kafirlərlə apardığı cihada ehtiram əlaməti olaraq, yardım edəcəyini vəd etmiş və İldırım Bəyazidi "Sultani-Rum" adlandırmışdı. İldırım Bəyazid isə əksinə, Əmir Teymuru "Kəlbi-əqur" (Qapağan it), "Kafir" adlandırmışdı ki, bütün bunlar da Əmir Teymurun İldırım Bəyazid üzərinə yürüməsini qaçılmaz etmişdir. Beləliklə Əmir Teymur dördüncü Qərb səfərini Osmanlı Türklərinə qarşı yapmışdı. Tarixdə məşhur Ankara savaşında dövrün iki azman Türk ordusu baş-başa gəlmişdi.
Xristian Qərbə qalib gələn müsəlman Osmanlı Türkləri Şərqli müsəlman Türklərə məğlub olmuş, Əmir Teymur 1402-ci ildə Qazilər dövləti olan Osmanlı dövlətinin Sultanı, məğrur İldırım Bəyazidi əsir almış, Anadolunu yenidən bəyliklərə parçalamış, Osmanlıların uzun müddət ala bilmədikləri İzmir və Foçanı Bizanslıların əlindən 15 gün müddətində alaraq, 1404-cü ildə ana yurdu Türküstana dönmüşdü. Əmir Teymur 1405-ci ildə Çingizoğullarını qovaraq Çində hakimiyyət başına gələn Minq Xanədanına qarşı səfərə çıxarkən yolda xəstələnərək vəfat etmiş, paytaxt Səmərqənddə dəfn olunmuşdu. Ruhu şad olsun.
Göy Türklər, Qaraxanlılar, Səlcuqlular və Osmanlılar dönəmində başlayan, Teymurlular dönəmində də davam etdirilən "Türklük ruhu" Əmir Teymurun sayəsində yenidən canlanaraq, bütün bölgələrdə fars və ərəb ruhunu sındırmış, yeni bir Türklük dönəmi başlamışdır. Əmir Teymur hakimiyyətdə olduğu 35 il müddətində Tanrı dağlarından tutmuş Volqa sahillərinə, Hindistandan Anadoluya qədər böyük bir ərazidə yerləşən, Xarəzm, İran, Azərbaycan, İraq, Suriya, Rusiya və Hindistanı, Anadolu və Gürcüstanı öz iradəsi və idarəsi altına ala bilmişdi. O, 1371 və 1379-cu illərdəki ilk yürüşlərində Xarəzmi, 1389-cu ilə qədər beş səfəri ilə Əfqanıstan və Uyğurustanı, 1401-ci ilə qədər dörd səfəri ilə Xorasan, Şiraz, Kirman, İran, Azərbaycan, Gürcüstan, İraq və Güney Anadolunu, 1391-1398-ci illərdə beş yürüşü ilə Qızıl Orda Xanlığına daxil bugünkü Rusiyanı, 1398-1399-cu il səfəri ilə hindistanı, 1400-1401-ci illərdə Suriya və Bağdadı, 1402-ci ildə Ankara savaşı sonunda Osmanlı dövlətinə aid Anadolu ərazilərini və o dövrdə Bizanslıların əlində olan İzmir və Foçanı Xristianlardan təmizləyərək öz hakimiyyəti altına almış, müəzzəm bir Türk İmperatorluğu içərisində bir Turan dövləti yaratmağa nail olmuşdur.
Əmir Teymur və oğulları dönəmində Türkistan, Azərbaycan və Xorasanda böyük memarlıq abidələri yaradılmış, Təbrizdə, Bağdadda tikdirdikləri mədrəsə və məscidlər, xüsusən Səmərqənddə həyata keçirdiyi parlaq quruculuq işləri Əmir Teymuru ümumtürk tarixinin əvəzsiz simalarından birinə çevirmişdi. Əmir Teymur paytaxtı Səmərqəndi mədəniyyət müəssisələri ilə bəzəmiş, onu orta əsrlərin mədəniyyət mücəssiməsinə çevirmiş, fəth etdiyi ölkələrdəki alim, sənətkar, memar və ustaları paytaxta toplamış, bir Türk Ronessansı yaradaraq Türk və dünya mədəniyyət xəzinəsinə ərməğan etmişdir.
Əmir Teymur Türk düşüncəsini siyasətə tətbiq edən müzəffər bir fateh olmuşdur. Onun zamanında Orta Asiyada Türk-müsəlman milətçiliyi son zəfərə ulaşmışdı. (Prof.Dr Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 185) "Teymurun hakimiyyəti ilə Orta Asiya tarixində Türklük dövrü hökmran olmuşdur. Teymura qədər gəlib keçən Qəznəlilər, Xarəzm hökmdarları əsl Türk irqindən olsalar da onların Türklükdən xəbəri olmayıb. Onlar İran mədəniyyətinə pərəstiş ediblər. Əmir Teymur isə Moğol-Çin aləmi üzərində Türklük qələbəsini təcəssüm etdirib, Türkə layiq üstünlüyünü göstərməyə çalışıb, İmperatorluğunun rəsmi dövlət dili Türk dili olub". (Vamberi German, Əmir Temur, Bakı 1991, səh 54)
Əmir Teymur və onun yürüşləri haqqında məşhur Macar alimi Rasonyi də göstərir ki, "Teymur əsl bir Türk ailəsinə mənsubdur. Təşkilatçılığı, komandanlıq qabiliyyəti, zəkası və cəsarəti sayəsində bir nəsil boyu sürən müharibələr sonunda Çingizinkinə bərabər bir İmperatorluğun hökmdarı oldu. Ön Asiya və Hindistanın fəthi üçün girişdiyi səfərlər ən böyüklərindəndir. Teymurun keçdiyi yerlər çox dağıntılar və ölümlər görməklə bərabər, məğlub etdiyi iki böyük rəqibinə qarşı göstərdiyi alicənablığı da tarixdə məşhurdur. Bunlardan biri Qızıl Ordanın nankor xanı, Orda sülaləsindən Çingiz Xanın oğlu Cucinin böyük oğlu, Batı Xanın qardaşı Orda nəslindən olan Toxtamışdır ki, Teymurun yardımı ilə taxta çıxdığı halda ona (Əmir Teymura - A.M) qarşı gəlmiş, Azərbaycana və Buxaraya belə hücum etmiş, yağma və dağıntılar yapmışdır. Qəzəblənən Teymur 1395-ci ildə onu məğlub edərək, taxt-tacdan məhrum etmiş, Moskvaya qədər irəliləmişdir. Digəri isə Osmanlı Sultanı İldırım Bəyazid idi ki, 1402-ci ildə Ankara savaşında Teymura əsir düşmüşdü". (Bax Rasonyi, göstərilən əsəri, səh 187)
O dövrdə Əmir Teymuru ziyarət edən İspaniya elçisi Klavijo öz xronikasında Əmir Teymurun doğruçu olduğunu öymüş, onun sənətkarlara, alimlərə, ustalara hörmətlə yanaşdığını, onları ətrafına topladığını, böyük memarlıq abidələri tikdirdiyini yazmışdır. (Bax: Klavijo, Səyahətnamə, Ankara 1938)
Həqiqətən də Əmir Teymurun gördüyü işlər, onun işıqlı fəaliyyəti heç də fatehlik ovqatından az olmamışdır. Onun tikdirdiyi, mədrəsə, məscid və digər memarlıq abidələri və həyata keçirdiyi böyük quruculuq işləri Əmir Teymuru Türk tarixinin əvəzedilməz şəxsiyyətlərindən birinə çevirmişdi. Tarixdə çox nadir şəxsiyyətlər haqqında bədii-tarixi əsərlər yazılmışdır. Bu nadir tarixi şəxsiyyətlərdən biri də Böyük Türk Xaqanı Əmir Teymurdur. Əmir Teymur haqqında Türk və dünya tarixində XIV-XV əsrlərdən yazılmağa başlamışsa da onun bədii obrazı XVI əsrdən Avropada, XIX əsrdən isə Türk ədəbiyyatında öz əksini tapmışdır. Əmir Teymur haqqında ilk bədii-tarixi əsəri İngilis dramaturqu Kristofer Marlo yazmışdır. O 1587-88-ci illərdə yazdığı "Böyük Tamerlan" faciəsində Əmir Teymurun həyat və fəaliyyətini əks etdirmiş, fatehi fövqəladə qüdrətli şəxsiyyət kimi təqdim etmişdir.
Ümumiyyətlə Avropada XVI əsrdən - Kristofer Marlodan başlayaraq, Höteyə, XX əsr Amerikan yazıçısı Harold Lenmbə qədər fateh Teymur mövzusu həmişə diqqət mərkəzində olmuşdur.
Türk ədəbiyyatında Əmir Teymurun bədii-tarixi obrazı, müxtəlif aspektlərdən yanaşılsa da Əhməd Cevdət Paşa, Əbdülhəq Hamid, Əlibəy Hüseynzadə və xüsusilə Hüseyn Cavid tərəfindən işıqlandırılmışdır. Əmir Teymurla İldırım Bəyazidin son görüşünü "Ankara savaşı"nın finalında Əhməd Cevdət Paşa belə təsvir edir:" Teymur çadırından çıxıb bir kaç addım irəli atdıqdan və əl sıxışdıqdan sonra ağırlamağa sayğı ilə Yıldırım Bəyazidin əlindən tutdu, çadır içinə götürdü, məclisin baş köşəsinə oturtdu və könül alacaq sözlər ilə yabançılığı gidərdi:"Xatirinizi xoş tutunuz. Bir kaç gün istəyə uymayan günlərin keçməsindən ümidsiz olmayınız"- dedi". (Bax: Türk edebiyyatı tarihi, İstanbul 1982, səh 137)
Dahi Hüseyn Cavid də bu səhnəni öz əsərində belə təsvir etmişdi:" Buyurun, şövkətli Sultanım! Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz...İştə mən şu məktubdakı (İldırım Bəyazid Əmir Teymura bir neçə təhqiredici məktubla cavab vermişdi. - A.M) sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim". (Hüseyn Cavid, seçilmiş əsərləri, III cild, Bakı 1971, səh 77) Türk ədəbiyyatında Əmir Teymura milliyətçi baxış Əlibəy Hüseynzadə, Əbdülhəq Hamid və Ziya Göyalpla başlayıb, Hüseyn Cavid və Nihal Atsızla sona çatır. Əbdülhəq Hamid özünün "Teyflər keçidi" əsərində Teymuru xarakterizə etmiş və onun dilindən göstərmişdir ki, “Bən ərəcim (axsağım), fəqət yolumda sanma axsadım, Tatarü-Türkü müttəhid (birləşdirmək) etməkdir məqsədim”. (Əbdülhəq Hamid, Teyfler keçidi, Bax: Aydemir Şevket Süreyya, Enver Paşa, İstanbul 1971, səh 36)
Əlibəy Hüseynzadə özünün "Siyasəti-fürusət" əsərinin Əmir Teymura aid olan hissəsini məhz "Teymurnamə" adlandırmış və Əmir Teymurla bağlı mənbələrdə ortaya çıxan bütün ideoloji-siyasi suallara dolğun cavab vermişdir.
Əlibəy Hüseynzadə öz elmi məqalələrində də Əmir Teymur və Çingiz Xan mövzusuna diqqətlə yanaşmağı tövsiyə etmiş və göstərmişdi:" Türk və Tatarların iftixarı olan Çingizlilərə və Teymurlulara...şübhəsiz öz qövmünü əhya edən, öz məmləkətlərini abad edən, öz millətini tərəqqiyə sövq etdirən, onu mədəniyyətin ali mərtəbələrinə çıxardıb, şərəf qazandıran bu böyük Cahangirlərə öz qövm və milləti nəzəri ilə deyil, başqa və rəqib millətlərin nəzəri ilə baxarsaq, böylə Cahangirlər haqqında əlbəttə, yaxşı söz deyə bilməriz". (Əlibəy Hüseynzadə, Türklər kimdir və kimlərdən ibarətdir? Bakı 1997, səh 210)
İsmayıl bəy Qaspıralı da özünün "Mükalimeyi-səlatin" əsərində Əmir Teymura yüksək münasibətini bildirmiş, “Toylarda bulunduğu zaman "Teymurun dolusu", "Teymurun marşı" adlı marşları çaldırmış, bu iki marşın nota alınıb yaşadılmasını tövsiyyə etmişdir". (Bax: Kırımer Cafer Seydahmet, Kaspıralı İsmayıl bey, İstanbul 1996, səh 32)
Türk tarixinə Osmanlı təəssübkeşliyi baxımından deyil, Türk millətçiliyi baxımından yanaşan Nihal Atsız da Əmir Teymuru Hunlar, Göy Türklər və s. kimi məfkurəvi bir Türk dövləti qurmaq istəyən bir hökmdar hesab etmiş, onu Türkiyə Türklərinin düşməni hesab etməyin yanlış və günah olduğunu bildirmiş, Teymuru gələcəyi görən bir dahi şəxsiyyət kimi təqdim etmiş və göstərmişdir ki: "Slavyan təhlükəsini görən Teymur, Yıldırıma Leh, Rus və Litvalıları müştərək zərərsizləşdirmək təklifini etmişdi. Avropa ordularını təpələyən ən böyük cəngavər Yıldırım, təəssüf ki, bunu rədd etmişdir. Əcəba, rədd etməsəydi və o iki möhtəşəm ordu (Osmanlı və Teymur ordusu - A.M) birləşsəydi nə olardı?!". (Nihal Atsız, Türk tarihinde meseleler, İstanbul 1990, səh 37)
Əmir Teymur haqqında yayılan bədii-tarixi əsərlər içərisində ən mükəmməli Hüseyn Cavidin fatehin adını daşıyan beş pərdəli dram əsəridir. Həqiqətən də Hüseyn Cavidin təsvir etdiyi Teymur, tarixi Türk Xaqanı Temurun özüdür. Müəllif Teymuru xarakterizə edərkən, tarixi mənbələrə əsaslanmışdır. Sənətkar əsərində Cücənin dilindən Xaqan Teymurun bütün həyat və fəaliyyətini, xarakterini, apardığı müharibələri, məğlubiyyət və qələbələrini qısa və yığcam şəkildə elə bir dillə xülasə etmişdir ki, o söz və ifadələrin tutumu onlarla tarixi əsərin məzmununu özündə ehtiva edir. Əsərə müraciət edək:
"Mana Xaqanlar Xaqanı Turağay oğlu Teymur derlər! Mən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü-nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, kəndim Gürgan nəslinin baş qəhrəmanı...Mən 12 yaşımda ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. Mənimlə görüşənləri ciddi bir vüqar və hörmətlə qəbul edərdim. On səkkiz yaşımda minicilik və avcılığa həvəs etdim. Vaxtımın çoxunu Quran oxumaqda, şahmat oynamaqda və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Qurd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəziri ilə pozuşdum. Oradan uzaqlaşdım, Türkmənlərə əsir düşdüm, sonra bir çox arxadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim, gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə boylə axsaq qaldım. Əvət, mənim yaralı Arslan, Mənim Topal Qaplan! Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhərinə vardım. Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir elan olundum. Qəmər Ələddinlə çarpışıb, qalib gəldim. Qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qalalarını devirdim. Azərbaycan qucağıma atıldı. Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular üsyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. Əvət, mənim Cahangir dahi!...Mən dövlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xalqı ümüd ilə qorxu arasında tutdum. Bir çox nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və töhmətlər eşitdim. Fəqət məni tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım... Daima ordu və rəiyyətin əhvalını iyiləşdirməyə çalışdım. Mən həqq və ədalət nümayəndəsiyəm. Əgər bir məmələkətdə zülm və istibdad güclənərsə, kənardan baxıb duramam. Xalqın əmniyyəti üçün zülmün kökünü qazmaq və o məmləkəti uslandırmaq istərim. İştə buna görədir ki, Xorasana girdim, bütün İranı devirdim. Moskva tərəflərini sardım, Hindistana vardım. Əvət, mənim Böyük Teymur! Mənim sarsılmaz İmperator!". (Hüseyn Cavid, Seçilmiş əsərləri, III cild, Bakı 1971, səh 43-45)
Tarixi hadisələrə həssaslıqla yanaşan sənətkar, Əmir Teymurla İldırım Bəyazid arasındakı savaşda Əmir Teymuru haqlı çıxarmışdı. Doğrudan da tarixi sənədlər göstərir ki, Əmir Teymur İldırım Bəyazidə hörmətlə yanaşmış, onunla müharibə etmək istəməmişdir. Belə ki, bir çox tarixi sənədlərlə yanaşı XVI əsrdə yunanca bir "Anonim Osmanlı tarixi" adlı əsərdə də Əmir Teymurun İldırım Bəyazidə yazdığı bir məktubda göstərilir ki: "Sənin yabançılara qarşı etdiyin müharibə yerindədir. Fəqət öz dindaşlarımız olan Türklərə qarşı müharibə istəyirsənsə demək yaxşı bir adam deyilsən. Onlar sənə qarşı əsla qəbahət işləmədilər. Haqsızlıq edirsən". (Bax: Anonim Osmanlı tarixi, Ankara 1973, səh 103)
İldırım Bəyazidin təhqiredici məktubundan qəzəblənən Əmir Teymurun dilindən Cavid öz əsərində göstərir ki, "Mən (Əmir Teymur) ondan (İldırım Bəyaziddən) qardaşca məhəbbət bəklərkən iştə aldığım cavab. Ah Yıldırım, Yıldırım! Mən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tülküləri mənim üzərimə şımartıyorsun. Qara Yusiflə Əhməd Cəlayirli məni gözəl tanıyırlar, fəqət Yıldırım!.. Zərər yox, o da tanır. Mən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda durmayıb, Mazandaran çaqqalları kimi, ormanlara qaçdılar. Moskvaya hücum etdim, Rus knyazları qorxudan şimal ayıları kimi ürküşüb dağılmağa başladılar. Hindistana yürüdüm, Sultan Mahmud (Dehli Türk Sultanı nəzərdə tutulur - A.M) Qanq nəhri kənarındakı qaplanlar kimi oxlarıma şikar olub diz çökdülər. Əvət, bir gün gələr ki, məğrur Yıldırım da paytaxt Bursada Teymuru qarşılar və o zaman, iştə o zaman mənim kim olduğumu haqqı ilə anlar. Əvət Teymuru saymayanlar kəndi əlləri ilə kəndilərinə məzar qazmış olurlar". (Hüseyn Cavid, seçilmiş əsərləri, III cild, səh 22-23, 34)
Həqiqətən də məğrur İldırım Bəyazid "öz əli ilə özünə məzar qazmış", Ankara savaşında Əmir Teymura məğlub olaraq əsir düşmüşdü. Əmir Teymurla İldırım Bəyazidin - bu iki qan və can qardaşının savaşı yalnız fürsət gözləyən düşməni - xristian dünyasını və qonşu məmləkətləri məmnun etmiş, İstanbulun fəthini 50 il gecikdirmiş, (Tarixi faktlar göstərir ki, İldırım Bəyazid İstanbulu fəth etmək üçün hazırlıqlara başlamışdı. - A.M) Qızıl Orda imperatorluğu xanlıqlara parçalanmış, nəticədə Rus dövlətinin yaranması üçün real zəmin yaranmış, Qərbdə Türk gücü zəifləmiş, Əmir Teymurun vəfatı ilə də Turan ayrı-ayrı dövlətlərə bölünmüşdü.
Hüseyn Cavidin əsərində Teymurun dilindən deyilən: "Avropalıların dilləri başqa, ürəkləri daha başqadır" (səh 26), "Əhalini incidən bir hakim, yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur. Qırbacı qədər nüfuz və iradəsi olmayan bir hakim hökumət naminə ən çirkin və silinməz bir ləkədir" (səh 16), "Əfsus ki, "insan" adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey! İştə şu qaba və miskin həşəratı uslandırmaq üçün, onların pas tutmuş kirli vicdanlarını yıkamak üçün yalnız Teymur qılıncı lazım!" (səh 19-20), "mən məğrurları əzmək üçün yaradılmış bir alah bəlasıyam. Tökdüyüm qanlar da yalnız haqq və ədalət naminədir". (səh 20) "Mən indiyə qədər Qurultaysız, Şurasız bir şey yapmadım. Çünki Şurasız bir məmləkət cahil bir şəxsə bənzər ki, tutduğu işlər, söylədiyi sözlər nədamət (peşmançılıq - A.M) və fəlakət doğurar. Mən daima hakim və aqil şəxsləri dinlədim, böyük sərdarlar ilə müşavirə yapdım. Yalnız hərb ilə mübarizəyi deyil, sülh mənafeyini də düşündüm. Mən şu nəhayətsiz ölkələri gah tədbir və siyasətlə, gah sülh və mərhəmətlə, gah təhdid və şiddətlə, gah da əfv və mülayimətlə idarə etmək istərim. Mən hər işdə səbat və istiqaməti sevdiyim kimi ehtiyatdan da xoşlanırım. Lazım gələrsə, bəzən düşmanlarıma qarşı səbr və təhəmmül (təmkin - A.M) göstəririm. Bəzən də qafil və cahil görsənməkdən zövq alırım" (səh 21), "Məğrurlar həqiqəti görməzlər" (səh 18), "İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar" (səh 20) və s. kimi fikirlərlə dahi sənətkar öz ideal qəhrəmanının həqiqi portretini yaratmışdı.
Əmir Teymurdan sonra da Teymuroğulları Uluqbəy, Hüseyn Bayqara, Babur və Cahanşah şanlı bir tarix yaratmışlar. Ümumiyyətlə Əmir Teymurdan və İldırım Bəyaziddən sonra Avropadan Hindistana qədər Türk - İslam Bayrağını XIX əsrin sonlarına qədər dalğalandıranlar da bu iki nəhəng Türkün şəcərəsini təmsil etmişlər.
Ruhları şad olsun!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
TEREF.AZ
 
 
 

Ardını oxu...
 
 

 
Gecə saatlarında vəfat edən müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.

 

Mərhumun dostu, bəstəkar-müğənni Murad Arif Teleqraf.com-a açıqlamasında Rəhim Rəhimlinin vəfat etməsi xəbərini saytlardan öyrəndiyini bildirib:

"Dərhal evinə gəldim. Rəhimin bir çox insanın üzərində mənəvi haqqı var. Burada sənət dostlarından daha çox fanatlarının olmasını və izdihamla dəfn olunmasını istəyərdim. Onunla bir ay əvvəl danışmışdım və yazmışdı ki, "Dostum, səni görə bilmədim". Onunla çox danışırdım, amma heç vaxt səhhətində problem olduğunu söyləməyib. Əcəldi.... Anası ilə yaşayırdı. Onun itkisi anası üçün çox ağırdı. Rəhim son illərini anasının müalicəsinə həsr etdi. Anası ağır xəstədir. O, anasını Türkiyəyə müalicəyə aparırdı. Çox xeyirxah və yaxşı insan idi".

Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmasından vəfat edib. Hazırda ifaçının evində media nümayəndələri və sənətçinin yaxınları var.

O, bu gün 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.

***

Müğənni Rəhim Rəhimli Səbail rayonunda yerləşən mənzilindən son mənzilə alqışlarla yola salınır.

Mərhumun vida mərasimində xalq artisti Aygün Kazımova, müğənnilər Niyam Salami, Zamiq Hüseynov, Vasif Məhərrəmli, əməkdar artist Elza Seyidcahan, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Kamilə Babayeva, Lalə Əlimuxtarova, Turan İbrahimov, Samir Bayramlı, bəstəkar-müğənni Murad Arif və bir çoxları iştirak edirlər.

***

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.

 

XalqXeber.Az
Ardını oxu...
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.
Ardını oxu...
 

Ardını oxu...
“Fərman haqqında danışmaq mənim üçün həm şərəflidir, həm də bir az çətindir. Fərman müəllim, təkcə bizim Fərmanımız deyildi, o Azərbaycan incəsənətinin teatr cəmiyyətinin böyük, dahi Fərmanı idi.Fərman müəllim Azərbaycan incəsənətinə o qədər yenilik gətirmişdi ki, sadəcə bəxti gətirmədi ki, o yenilikləri təsdiq etməyə, nəin ki, ömür vəfa etmədi, zəmanə dəyişdi. Dünyamız tamamilə fərqli oldu, başqa problemlərə başları qarışdı, bu arada da Fərman dünyasını dəyişdi. Onun yaradıcılığı doğurdan çox fərqli idi. O ramkaya sığmayan adam idi, ondan ötrü hansısa format söhbəti yox idi. O öz obrazlarına Fərman kimi baxırdı, çox qəbul edilən olurdu”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Fərman Şəkilinin (Abdullayevin) həyat yoldaşı İradə Abdullayeva deyib. O daha sonra əlavə edib.

“Bizim çoxlu xarici dostlarımız var idi. Onun norveçli dostları tamaşasına baxandan sonra özünə heç nə demədilər, gəlib dedilər ki, “biz bir qruppa gətirmək istəyirik Azərbaycana, sən onlara master klass keç”. Sonra öyrəndik ki, Norveçdə Danvik məktəbi var, oradan aktyorluğun tələbələrindən gətirirdilər. Fərman onlara 1 həftəyə yaxın master-klass, dərs keçirdi. Onun bacarıqları var idi, heyf ki, istifadə etmədilər. Çünki o 30 il dünyaya tez gəlmişdi, 30 il gec gəlsəydi ondan istifadə edərdilər. Fərman ancaq aktyor deyildi, həm rejissor, ssenarist, müəllif idi. Onun dərin mənalı, neçə-neçə əsərləri var. Hansı ki, bir neçəsi festivallarda birinci yer tutub. Onun “Dahi” əsəri var idi. “Dahi” əsərində o Ayşad Məmmədovla birlikdə pantomim tamaşa qurmuşdu. Ondan 2-3 il sonra Pantomim teatrı yarandı. O Azərbaycan teatrında mono tamaşanın, Pantomim teatrının, klounadanın, kloun janrının əsasını qoyub. Uşaq personajı kimi “Şurum-Burum” u seçdi. Onun sənət dostları da ona qarşı idilər ki, “sən Teymurləngi oynamısan, böyük obrazlar yaratmısan”. O deyirdi ki, balaca obraz yaratmaqla özümü kiçiltmirəm” deyə sənətkarın həyat yoldaşı deyib.

İradə Abdullayeva həyat yoldaşının son günündən də danışıb.

“Fərman 1 ilə kimi xəstə oldu, o xəstəliyini biləndən 11 ay sonra dünyasını dəyişdi. Xəstəlik dönəmində də o qədər özünü məğrur tuturdu, aparırdı ki. Bizə ürək-dirək verirdi. Mənə də deyirdi ki, “niyə pis olursan?!”. O dedi ki, “səni sonra biləcəksən kimə tapşırmışam”. Sonradan bildim ki, məni hamıya-anasına, bacısına, qardaşına, oğullarına tapşırıb ki, ondan muğayat olsunlar. Rəhmətə gedən günü də ayaqüstə idi. Birdən təzyiqi tamam 40-a düşdü, təcili yardım çağırdıq. Sonra yaxınlaşdım, əlini tutdum, dedi ki, “mən səni çox istəyirəm”. Mənə belə baxdı, gözünü açıb-bağladı, yəni ki, artıq bitdi.. Gülümsədi, gözləri yumuldu” deyə İradə Abdullayeva bildirib.
Ardını oxu...
 

Prezident İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
 
Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir.

Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.

Bildirilir ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.

Qeyd olunur ki, zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

“Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə Sərəncamda bildirilir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

XalqXeber.Az
Ardını oxu...
“Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Qlazqo və ya Liverpul şəhərində keçiriləcək.

Təşkilatçılığa namizəd şəhərlərin qısa siyahısı yeddidən ikiyə endirilib. Ya Qlazqo, ya da Liverpulun müsabiqəyə ev sahibliyi edəcəyinə qərar verilib. Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərləri isə siyahıdan çıxarılıb.

Ən çox təklif irəli sürülən isə çay sahilində arenaları olan Qlazqo və ya Liverpul olub.

Yekun qərarın bir neçə həftə ərzində veriləcəyi qeyd edilir.
Ardını oxu...
Məşhur müğənni Şakira altı vergi cinayətində şübhəli bilinərək İspaniyada mühakimə olunacaq.

Bu barədə Kataloniya Ali Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Şakira 2012-2014-cü illərdə vergidən yayınma ilə bağlı cinayətlərdə şübhəli bilinir.

İspaniya prokurorluğu Şakiranın 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin vergiləri ödəmədiyi üçün müğənnidən 23 milyon avro məbləğində cərimə tələb edir.
 
Ardını oxu...
“2-ci Qarabağ müharibəsinin 2 ili tamam olur. 30 il həsrətini çəkdiyimiz, düşmən tapdağı altında qalan Qarabağ torpağımızı 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi, müzəffər ordumuzun sayəsində zəfər qazanaraq azad etdik. Əlbəttə ki, biz buna görə Ali Baş Komandanımıza, igid şəhidərimizə, müzəffər ordumuza, qazilərimizə borcluyuq. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə can sağlığı versin. Bu 2 il ərzində əlbəttə ki, biz çox işlər görmüşük. Qarabağa yeni yollar çəkmişik, 2 aeroport tikmişik, infrastrukturlar qurulur, yeni binalar tikilir, dəmir yolu xətti, qaz, işıq və su xəttləri çəkilib. Bunlar çox qısa zaman ərzində böyük işlərdir. 2 il ərzində bir daha başa düşdük ki, biz öz işimizi özümüz görməliyik, özümüzə güvənməliyik. Başa düşdük və gördük ki, dünyada ikili standart hökm sürür, ədalət prinsipi yoxdur. Bu gün kimin gücü varsa, haqq da onun tərəfindədir. Baxmayaraq ki, biz haqlıyıq, amma Avropa ölkələrindən daha çox əks tərəfə dəstək görürük. Biz artıq güclü bir dövlətik, güclü ordumuz var. Hər şeyin öhdəsindən də özümüz gələ bilirik və gəlirik də. İnanıram ki, tezliklə qalan xırda problemləri də həll edəcəyik. Çünki düşmənin təxribatları hələ ki, dayanmır. Bu günlərdə yenə də bizim itkilərimiz oldu. Yumruq halında birləşib torpaqlarımızı işğaldan azad etdik, bu gün də yumruq halında birləşib ordumuzun arxasında dayanmalıyıq, dövlətimizə dəstək olmalıyıq”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib. O daha sonra əlavə edib.

“Ağdama gedəndə "4 yol" deyilən bir yer var. Orada bir polis postu da var idi. Ordan keçib, Ağdama gedirdik. Amma daha gedə bilmirdik. Ürəyimizdən qara qanlar keçirdi, ordan Ağdamın dağlarını, Şahbulağı görürdük, amma biz öz torpağımıza gedə bilmirdik. Bunu Allah da götürmədi! Biz 27 il səbrlə, ümidlə gözləmişik. Qulu Ağsəs deyirdi ki, “bizim ilk qazandığımız yüksəklik ruh yüksəkliyi oldu” deyə sənətkar deyib.

Xalq artisti müharibədə şəhid olan qardaşı oğlundan da danışıb.

“Qarabağ müharibəsində qardaşım öz oğlu ilə vuruşdu. Qardaşım 1-ci Qarabağ müharibəsində də döyüşmüşdü, qazi idi. Qardaşım oğlu atamızın adını daşıyırdı-İsrafil İbrahimov! Könüllü olaraq cəbhəyə yollanmışdı. Anasına demişdi ki, ya qazi kimi qayıdacam, ya da şəhid kimi. Şəhid olmamışdan 1 gün əvvəl hamımıza zəng etdi, halallıq aldı. Bəlkə də ürəyinə dammışdı. Dedim ki, özünü qoru. Dedi ki, “əmi, biz vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur” deyə sənətkar bildirib.
 
 
Ardını oxu...
Məngü xan 1253-cü ilin baharında qardaşı Hüləgü xanı Azərbaycan səfərinə yola saldı. Səfərin əsas hədəfləri Nizari İsmaililər və Abbasi Xilafəti idi. Hüləgünün Azərbaycana gəlib çatması tam 3 il zaman aldı.
1256-cı ildə Azərbaycana daxil olan Hüləgü ilk olaraq diqqətini hərbi fəaliyyətləri Kit Boğa tərəfindən başladılan ismaililər məsələsinə yönəltdi. Böyük ehtimalla, Hüləgü ismaililər haqqında geniş və ətraflı məlumata sahibdi. Belə ki, moğollarla ismaililər arasında yaxşı münasibətlər Göyük xan dövründə kəsilmiş və buna səbəb olaraq ismaililərin lideri III Məhəmmədin Abbasi xilafəti ilə Fransa-İngiltərə arasında moğollara qarşı yaratmaq istədiyi "Müsəlman-Xristian ittifaqı" göstərilmişdir.
Hüləgü hələ 1253-cü ildən ismaililərə qarşı kəşfiyyat xarakterli əməliyyatlara start vermişdi. Tərəflər arasında Kuhistan, Girdkuh, Kəmali, Mihrin, Tun və Turşizdə döyüşlər başlamışdı. 1255-ci ildə moğollar ismaili qalalarının alınmasına mancanaqları cəlb etməyə başladılar. Tusu bu yolla ələ keçirdilər. Moğol ordularına Kökə İlqay ilə Kit Boğa başçılıq edirdilər.
Hüləgü ismaililərin son şeyxi Rüknəddin Hürşahdan qalaları yıxdırıb, təslim olmasını tələb etmişdi. Lakin Hürşah müqaviməti davam etdirərək vaxt uzatmağı lazım bildi. 1256-cı ildə Yasavur Noyonun başçılığında moğol ordusu Rudbara gəldi. Moğol dəstələrinin dağa çıxmasını gözləyən ismaili fədailər ciddi müqavimət göstərdilər. Üzüyuxarı dağa çıxmağın çətinliyini anlayan Yasavur ordunu geri çəkməyə məcbur oldu.
Hüləgü dağlardakı yüzlərlə qalanı itkisiz ələ keçirə bilməyəcəyini yaxşı bilir, ismaili şeyxi də vaxtı uzadaraq vəziyyəti moğolların əleyhinə çevirəcəyini hesablayırdı. Artıq səbr, vaxtı uzatmaq, keçilməz dağ yollarında düşməni sıxışdırıb tələf etmək, ani basqın və hücumlarla qarşı tərəfin dirəncini qırmaq Həsən Səbbahdan etibarən ismaili hərbi taktikasının əsasını təşkil edirdi. İsmaililər bu yolla dəfələrlə Səlcuqlara qalib gəlmişdilər. Ancaq Hüləgü daha inadkar idi, üstəlik, bölgəyə yayılmış bütün hərbi dəstələri Alamut ətrafına cəmləşdirməyə davam edirdi. Çəmbər daralırdı.
Böyük bir sahəyə yayılan moğol ordusu hər qala, hər divar və hər dağ ətrafında ağır döyüşlər aparırdı. Çevrəni mükəmməl bilən nizari-ismaili dəstələri moğollara aman vermirdilər. Müharibə tam bir əsəb döyüşünə çevrilmişdi. Boğa Teymur ilə Kökə İlqay əmrindəki moğollar Ostandar yaxınlığından keçib Xəzər sahilinə çatmış və ismaili torpaqlarını tam mühasirəyə almışdılar.
8 Noyabr 1256-cı ildə Hüləgünün çadırı Meymendiz qalasının cənubunda ucaldıldı. Meymendiz ismaililərin Alamut və Lemsar adlanan böyük qalalarının dibində yerləşirdi. Beləliklə, moğollar Alamuta daha bir hücum gerçəkləşdirdi. Moğollar ətrafdakı ağacları kəsib mancanaqlarla yuxarıya atmağa başladılar. Dağ başında daş-kötük döyüşü cərəyan edirdi. Mazandaran və Təbəristan dağlarında tam bir qiyamət yaşanırdı. Döyüşlər səngiyib gecə düşdükdə bu dəfə meydanı vəhşi heyvanlar alırdı. Çaqqallar, canavarlar, vəhşi donuzlar və pələnglər dağa, vadiyə səpələnmiş leşləri qapışırdılar. Digər tərəfdən, Hüləgü moğollara aid bütün hərbi gücü Alamutun ətrafına toplayırdı. Gətirdiyi silahlardan biri Çində istehsal olunmuş mənzili 2500 addım olan mancanaq idi. İsmaili şeyxinin əlində nəinki canlı güc qalmış, hətta qalalarda ciddi aclıq yaşanırdı. Sonunda Hürşah təslim olduğunu açıqladı. Qardaşı İranşahı və Kiya adlı oğlunu Xacə Nəsirəddin Tusinin nəzarətində qaladan aşağıya göndərdi.
Hürşahın təslim qərarı ilə 100 ismaili qalası təslim oldu. Anacaq əmrə qarşı çıxıb döyüşən qalalar da vardı. Hürşahın qala komandiri 15 dekabra qədər silahı əlindən buraxmadı. 20 Dekabrda isə Hüləgü Alamuta qalxdı. Şəhərin əzəmətinə təəccüb etdi, hətta təəccübdən barmağını dişlədi. Bir qrup alimə kitabxanada işə yaramayan kitabların toplanmasını əmr etdi. Sonra şəhər ordunun ixtiyarına tərk edildi. Alamut bir daha özünə gəlməyəcək şəkildə talan edildi.
Hürşah və onunla birlikdə əsir alınan son ismaililər uzun yaşamadılar. Hürşah 9 adamı ilə birlikdə 9 mart 1257-ci ildə böyük xana göndərildi. Həqarət və təhqirlərə məruz buraxıldığı bir səfər yaşadı. Onu Məngünün hüzuruna çıxardılar. Böyük xan ona ağır sözlər dedi və sonra hüzurundan qovdu. Hürşah və adamlarını Moğolustandakı Hinqay dağı ətəklərində boğazladılar. Qəzvində qalan ismaili şeyxinin ailəsi beşikdəki uşağına qədər Hüləgünün əmrilə qılıncdan keçirildi. Ümumilikdə təslim olan 12 min ismaili qətl edildi. Məngünün fərmanı ilə heç bir ismaili sağ buraxılmadı. Ata-Məlik Cüveyni Alamutun son görüntüsünü belə ifadə edir: "Alamut boynu yerdə, diz çökmüş dəvəyə oxşayır".
Əkbər Nəcəf, Hüləgü xan
Teref.az
 

Dünyapress TV

Xəbər lenti