Ardını oxu...
OPEK+ koalisiyası sentyabrın 5-də neft hasilatı üzrə yeni razılaşma əldə edib. Qərar oktyabrda Azərbaycanın gündəlik xam neft hasilatını 717 min barrelə endirməyi nəzərdə tutur.

Sentyabr üçün gündəlik hasilat norması 718 min barreldir.

OPEK+ koalisiyasında OPEK-dən Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, Konqo, Küveyt, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, qeyri-OPEK ölkələrindən Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan yer alır.

Energetika Nazirliyinin 6 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 99,06 dollara satılır.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67 dollarla başlayıb.

Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel göstərilib.
 
Ardını oxu...
Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.
Söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.
Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.
Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.
Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb.
Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha gətirilir.

 
Ardını oxu...
Böyük Britaniyanın yeni Baş naziri Liz Trass enerji böhranına qarşı mübarizə proqramını açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Dauninq-stritdəki iqamətgahın qarşısında hökumət başçısı kimi ilk çıxışı zamanı deyib.

Yeni Baş nazir artan elektrik tarifləri ilə mübarizə üçün bir sıra tədbirlər həyata keçirəcəyinə söz verib.

"Biz insanların dözülməz elektrik ödənişləri ilə üzləşməməsini təmin edəcəyik", - Trass qeyd edib.
 
Ardını oxu...
ABŞ dollarında 2022-ci ilin aprelindən müşahidə edilən yeni bahalaşma dalğası hələ də davam edir.

Dolların aparıcı 6 valyutaya qarşı orta məzənnə dəyərini ifadə edən dollar İndeksi bu gün 110 səviyyəsini keçib.

Dörd ay əvvəl indeks 98 səviyyəsində idi. Ötən müddətdə ABŞ dollarının aparıcı valyutalara qarşı orta dəyərinin 12 faizdən çox yüksəlməsi qeydı alınıb.

Dollardakı bahalaşma ABŞ-da yüksək inflyasiyaya qarşı mərkəzi bankın (FED) sərt pul-kredit siyasəti yürütməsidir. FED rəsmiləri bəyan edib ki, yüksək inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini davamlı artıracaqlar. Hazırda 2,25-2,5 səviyyəsində olan uçot dərəcəsinin sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda 2,75-3 həddinə qaldırılacağı güman olunur. İnflyasiya səviyyəsinin enməyəcəyi təqdirdə dərəcənin 3,75-ə qədər artırılacağı proqnozlaşdırılır. Uçot dərəcəsinin artması ilə paralel olaraq FED dövriyyədə olan dolların miqdarını da azaldır.

Hər iki dəyişiklik isə dolların bahalaşmasına səbəb olur
 
Ardını oxu...
İran Ermənistanda avtomobil istehsalına başlamağı planlaşdırır.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ticarət təşkilatının sədri Əlirza Peymanpak deyib.
Ətraflı

O bildirib ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanla görüşdə ticarət əlaqələrinin inkişafı, tranzit mallarına alternativ yollara, eləcə də birgə məişət və elektron texnikaların birgə istehsalına dair məsələləri müzakirə ediblər.

Həmin görüşdə İranın Ermənistanda avtomobil istehsalı həyata keçirmək istəyindən də bəhs olunub.

Əlirza Peymanpakın sözlərinə görə, Ermənistanda İslam Respublikasının Ticarət Mərkəzinin açılması münasibətilə bu il oktyabrın ortalarında İranın ticarət nümayəndəsi İrəvana səfər edəcək.
 
Ardını oxu...
Azərbaycanda bank sistemi bir fəlakətdir. Müştərilər nadir hallarda bank xidmətlərindən razı qalırlar. Çünki banklar vətəndaşa deyil, özünə xidmət prinsipini kredo seçiblər. Belə yanaşma isə heç bir halda insanları məmnun edə bilməz. Odur ki, tez-tez sosial şəbəkə platformalarında, onlayn mediada, həmçinin müxtəlif müraciət və şikayət məktublarında bankların bərbad, soyğunçu, müştərilərin cibinə girən siyasətindən bəhs olunur.
Məlum olur ki, faizlər yüksəkdir, Mərkəzi Bank bu məsələdə onlara heç bir təzyiq göstərmir və ölkədəki iqtisadi reallığı, əmək haqlarını, gəlirləri nəzərə almağı tövsiyə etmir, nəticədə banklar da vətəndaşları soğan qabığı kimi soymaq maliyyə-kredit siyasəti həyata keçirirlər. Nəinki dünyanın inkişaf etmiç ölkələrində, hətta qonşu İran, Gürcüstan, Türkiyə və digər ölkələrdə vətəndaşları boğan, yuxarı faizlərlə qanını içən bank sektorunu görməzsiniz.
Əksinə, banklar vətəndaşları məmnun etmək üstündə rəqabət aparır, müxtəlif kampaniyalar, layihələr reallaşdırır, müştərilərə cəlbedici təkliflər irəli sürür ki, digər banklara müraciət etməsinlər. Bu mənada təkcə fiziki şəxslər, ipoteka götürən vətəndaşlar deyil, o cümlədən fermerlər, sahibkarlar da həvəslənirlər, stimul qazanırlar.
Ancaq Azərbaycan bankları kustar, primitiv və biabırçı xidmət üzərində dayanıb – yüksək faizlə kredit verib ödəyicinin dərisinə saman təpmək, elementar pul transferlərindən komissiya tutub rahat şəkildə qazanmaq. Buna sadə formada cibgirlik də demək olar, qumar da…
Yəni dünyada ən adi məsələ maliyyə köçürmələri, kartdan karta ödənişlər, post-terminal, yaxud bankomadan vəsait çıxarışlarıdır. Azərbaycanda isə banklar vətəndaşın cüzdanına girir, ona çatacaq halal pulu bankomatdan çıxardığı üçün komissiya tuturlar. Hazırda əksər banklar hər 100 manata 1 manat, hətta 50 manat da bankomatdan çıxarmaq istəsən, yenə 1 manat faiz alırlar. Oğurluq, quldurluq, mənimsəmə…
TİA.Az məlumat verir ki, bu məsələdə əndazəni aşan isə “Bank Respublikadır”. Sözügedən subyektin bankomantından başqa bankın kartı ilə məcburiyyətdən pul çıxarmaq istəyəndə hər 100 manata 2-3 manat komissiya tutur.
Bu da “öz daxili işimdir” adı ilə müştərinin cibinə girib pulunu götürməkdir. Misal üçün bu günlərdə belə halla qarşılaşan müştərilərdən birinin sözlərinə görə, 168 manat vəsait çıxarıb, buna görə ondan 4 manat faiz tutulub. Təbii ki, haqsızlıqdır, qanunla tənzimlənməmiş addımdır.

Bu mövzuda TİA. Az-a danışan hüquqşünas, bankçılıq üzrə ekspert Əkrəm Həsənov deyir ki, komissiya haqlarının təyin edilməsində banklar sərbəstdir:
“Bankomatlardan həmin bankın kartı yox, bir başqa bankın kartı ilə pul çıxarılarsa, müəyyən məbləğdə komissiya tutulur. Burada qanunvericilik heç bir məhdudiyyət qoymayıb.
Ümumiyyətlə, “Banklar haqqında” qanuna görə, banklar öz bank xidmətləri üzrə şərtləri, o cümlədən komissiya haqları və faizləri müəyyən etməkdə tam sərbəstdirlər. O zaman vətəndaş nə etməlidir? Burada vətəndaşın edə biləcəyi yalnız bir şey var: bank seçəndə əvvəlcə bankın şərtləri ilə tanış olub sonra istifadə etmək…”
 
Ardını oxu...
Müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür.

"Buna baxmayaraq qeyd edilməlidir ki, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir. Digər tərəfdən, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir".

Qoşqar Təhməzli qeyd edib ki, bu sahədə FAO, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların həyata keçirdiyi geniş miqyaslı və məqsədyönlü çalışmalar, o cümlədən bitki mühafizəsi sahəsində yeni standart və təlimatların hazırlanması dünyada bitki örtüyünün qorunması, aclığın və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılması üçün olduqca əhəmiyyətlidir.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilmiş, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı tədbirlər, iqtisadiyyatın bütün sahələrində aparılan ardıcıl islahatlar kənd təsərrüfatı və qida sənayesinin yüksəlişinə, sahibkarlığın inkişafına ciddi zəmin yaratmışdır. Eyni zamanda, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Onu da qeyd edim ki, artıq karantin nəzarətində olan məhsulların ölkəmizə idxalı elektron sistem vasitəsilə tənzimlənməkdədir. Bununla yanaşı, hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, sınaq protokollarının və fitosanitar sertifikatların hazırlanması prosesləri tam olaraq elektron formada aparılır".

Sədr vurğulayıb ki, yaxın gələcəkdə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası, eləcə də E-Phyto sisteminə qoşulması nəzərdə tutulur.
 
Ardını oxu...
Dünyanın ən varlı adamlarının siyahısı dəyişib.

Teleqraf.com “Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, hindistanlı iş adamı amerikalı milyarderi keçərək dünyanın 3-cü ən zəngini olub.

Dünyanın ən zəngin 10 adamının siyahısını təqdim edirik:

Siyahıya Cənubi Afrika əsilli investor və sahibkar İlon Mask liderlik edib. O, dünyanın ən qiymətli avtomobil “Tesla”nın istehsalçısı və kosmik xidmətlər şirkəti “SpaceX”in baş direktorudur. İlon Maskın 246 milyard dollarlıq sərvətinin mənbəyi “Tesla” və “SpaceX” şirkətlədir.

İkinci yerdə qərarlaşan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 151 milyard dollardır. Sərvətinin mənbəyi “Amazon” və “Blue Origin” şirkətidir.

Üçüncü yerin sahibi hindistanlı milyarder Qautam Şantilal Adaninin sərvəti 141 milyard dollardır. Bu il “Adani Grop”un səhmləri 95 faiz artıb.

Dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti, fransız iş adamı Bernar Arno siyahıda dördüncü yerdə qərarlaşıb. Onun 130 milyard dollarlıq sərvətinin mənbəyi “LVMH”, “Christian Dior SA” şirkətləridir.

Amerikalı sahibkar, “Microsoft” şirkətinin sahibi Bill Geyts 115 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin beşinci adamıdır.

Amerikalı proqram mühəndisi, dünyanın ən böyük axtarış sistemi olan “Google”un ana şirkəti “Alphabet”in həmtəsisçisi Larri Peyc sərvəti 100 milyard dollardır.

"Berkshire Hathavay"ın sahibi Varren Buffett 98,4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin yeddinci adamdır. O, ümumilikdə 48 milyard dollarla ABŞ-da indiyə qədər edilən ən böyük ianəni edib.

Larri Peyc ilə birlikdə “Google”u quran amerikalı proqram mühəndisi Sergey Brinin sərvəti 95,9 milyard dollar olub. Ötən illə müqayisədə sərvətində 3.2 milyard dollar azalma olsa da, dünyanın ən zəngin səkkizinci adamdır. O, 2019-cu ildə “Google”un ana şirkəti olan Alphabet”in prezident postunu tərk edib, lakin idarə heyətinin üzvü olaraq qalır.

"Oracle"ın qurucusu və rəhbəri amerikalı iş adamı Larry Ellison 93,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin doqquzuncu adamı olub. O, həmçinin 2018-ci ilin dekabrında “Tesla”nın 3 milyon səhmini aldıqdan sonra şirkətin idarə heyətinə qatılıb.

Dünyanın ən böyük proqram təminatı şirkəti "Microsoft"un keçmiş rəhbəri Stiv Balmer 92,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin onuncu adamı olub. O, 2014-cü ildə vəzifəsini tərk etsə də, “Windows” əməliyyat sistemi və “Xbox” oyun konsolunu istehsal edən “Redmond” şirkətinin səhmdarı olaraq qalır. Balmer həmçinin “LA Clippers” basketbol komandasının sahibidir.

Müəllif: Yeganə Oqtayqızı
 
 
 
Ardını oxu...
Dolların əsas dünya valyutaları qarşısındakı dəyəri son 20 ilin ən yüksək həddinə çatıb.

Belə ki, ABŞ dollarının digər altı əsas valyutalar (avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı) səbətinə nisbətini ölçən DXY indeksi sentyabrın 1-də 1,02% artaraq 109,81 bənd təşkil edib. Bu, 2002-ci ilin iyun ayından bəri göstəricinin ən yüksək qiyməti olub.

Qeyd edək ki, dolların bahalaşması faiz artımı gözləntiləri fonunda baş verir. Son 40 ildə rekord həddə çatan qiymət artımını cilovlamaq üçün ABŞ Federal Ehtiyat Sistemi son dörd iclasında əsas uçot dərəcəsini artırıb.

Mənbə: RBC
 
 
 
Ardını oxu...
Unun qəymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.

Bəzi çovdar tərkibli çörəklərin qiymətində iki, hətta üçqat bahalaşma müşahidə olunur.

Alıcılar bildiriblər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.

Bəzi çörək zavodlarından qeyd edilib ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır.

Digər çörək zavodlarından da bildirilib ki, çörəklərin bir-birinə nisbətən daha baha olması istehsal texnologiyası və tərkibində olan komponentlərlə bağlıdır. Həmçinin bununla yanaşı, çövdar unu, çovdar səmənisi və digər məmulatlar xaricdən gətirilir ki, hazırda dünyada müşahidə olunan siyasi-iqtisadi vəziyyət idxal xərclərinə də təsir edir.

Dünyapress TV

Xəbər lenti