Günün ilk matçında Mərakeşlə İspaniya üz-üzə gəldi. Oyunun əsas və əlavə vaxtı qolsuz başa çatdı. Belə olan təqdirdə qalib penaltilər seriyasında müəyyənləşir.
Penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Mərakeş 1/4 finala, İspaniya isə evə yollanır. Teref.az
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.
“Report”un məlumatına görə, 35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.
Argentina millisinin kapitanı, xüsusən də, “pentakampeonlar”ın güclü oyunçulardan formalaşdığını söyləyib: “Kameruna məğlubiyyət istisna olmaqla, Braziliya çox yaxşı futbol oynayır. Onlar ən çox sevilənlərdən biri olmaqda davam edirlər. Həmçinin, topu qəbul edərkən nə etdiklərini çox dəqiq bilən Fransa da güclüdür. Bu iki komandanın şanslarını yüksək hesab edirəm”.
Qeyd edək Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq. Fransa həmin mərhələdə İngiltərəyə rəqib olubsa, Braziliya millisi bu gün 1/8 finalda Cənubi Koreyanı sınağa çəkəcək.
Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.
İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.
İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.
Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.
Fransa millisinin futbolçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya qol vurmaqla tarixə düşüb. Teref.az Apasport.az saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 44-cü dəqiqədə fərqlənməklə millidə 52-ci qolunu vurub.
Bu göstərici ilə o, 51 qol vurmuş Tyeri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu olub. Jiru hazırda 3 qolla mundialın da ən sərrast 7 futbolçusundan birinə çevrilib.
Bundan başqa, Antuan Qrizmann Fransa millisinin ardıcıl 71 matçında forma geyinən ilk futbolçu adını qazanıb. O, 2017-ci ildən etibarən Fransa millisinin bütün oyunlarında iştirak edib.
Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.
"Sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.
4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.
Son 50 ildə futbol üzrə dünya çempionatının qalibinə təqdim edilən məşhur kubok İtaliyanın Milan şəhəri yaxınlığındakı Paderno Duqnanodakı müəssisələrin birində istehsal olunur.
18 karatlıq qızıldan hazırlanan bu kubokun hündürlüyü 39 santimetr, çəkisi 6,2 kiloqramdır.
Dizaynı italyan heykəltaraş Silvio Qazzaniqa tərəfindən hazırlanmış kubok 1973-cü ildə nümayiş etdirilib və ilk dəfə 1974-cü ildə Almaniyanın ev sahibliyi etdiyi dünya çempionatında qalibə təqdim olunub.
Unikal görünüşə malik kubok final matçının sonunda təşkil edilən mərasimdə qalib komandaya verilir.
Maraqlı məqam ondan ibarətdir ki, qalib gələn komanda kubokun qızıl ilə örtülmüş nüsxəsini alır, kubokun əsli isə həmişə FIFA-nın ixtiyarında qalır.
Sahibinə kubok yalnız müxtəlif təntənəli mərasimlər zamanı müvəqqəti təqdim edilə bilər.
Kriştianu Ronaldu 2022-ci il dünya çempionatında qrupda 1-ci yeri tutmaq arzusunda olduğunu açıqlayıb. Portuqaliya 6 xalla H qrupuna başçılıq edir, Qana 2-ci yerdədir (3 xal). Son turda portuqallar Cənubi Koreya ilə qarşılaşacaq.
“Pley-off təmin olunub, lakin biz 1-ci yeri tutmaq istəyirik. Bu komanda üçün və bizim məqsədlərimiz üçün heç bir məhdudiyyət yoxdur. Gəlin daha artığını edək! Portuqaliya, irəli!”, - hücumçu sosial şəbəkədə yazıb.
Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
Son turda Tunis yığması ilə qarşılaşan “xoruzlar” rəqibinə uduzub – 0:1.
Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.