Bu gün – martın 25-də İrəvanda Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistan Türkiyə millisini qəbul edir.
Bakı vaxtı ilə saat 21:00-da başlayan qarşılaşmada ermənilər yenə də öz amplualarında olublar. Onlar əxlaqsızlıq etməklə yanaşı, təxribat da törədiblər.
Türkiyənin istiqlal marşı çalınarkən, ermənilər etik davranışı pozaraq himni fitə basıblar. Bundan əlavə ermənilər meydana separatçıların əski parçasını da keçiriblər.
Erməni erməni olaraq qalır, onların sağalması möcüzə olardı. Möcüzə isə yəqin ki, olmayacaq.
Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ının Bakıya gətirəcəyi heyət açıqlanıb.
Klubun rəsmi saytı xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçu yer alıb.
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Ermənistanda azarkeşlər Türkiyənin dövlət himnini fitə basıb.
Lent.az xəbər verir ki, futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin qrup oyunu çərcivəsində Türkiyə millisi Ermənistanın qonağı olub. Oyun başlanmazdan əvvəl Türkiyənin dövlət himni səsləndirilən zaman azarkeşlər himni fitə basıb.
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriyaya qarşı səfər matçını şərh edib.
Oxu.Az xəbər verir ki, italyan mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil edilən mətbuat konfransında bunları deyib: “27-ci dəqiqəyə kimi bərabər oyun gedirdi. İlk qola qədər elə böyük problemimiz olmurdu. Öz oyunumuzu göstərməyə çalışır, top saxlayırdıq. Hesab açıldıqdan sonra sakitliyimizi itirdik. Son dəqiqələrə qədər bizim üçün çətin oldu və əziyyət çəkdik”.
Təcrübəli mütəxəssis buraxılan qollar zamanı yol verilən səhvlər barədə danışıb: “Hesab açılana qədər bərabər oyunu saxlamağa çalışırdıq. Ardınca səhvdən top buraxdıq. İkinci qoldan sonra komanda inamını bir az itirdi”. De Byazi millidə debüt edən Yusif İmanov və Azər Əliyevin oyununu dəyərləndirib: “Gələcəkdə bizim üçün lazımlı ola bilərlər. Azər Əliyev təcrübəli oyunçudur. Elvin Cəfərquliyevin sarı vərəqəsi olduğu üçün onu əvəzlədik. Bəxtiyar və Anton arasında şübhəm var idi. Uzqq səfərdən gəldiyinə görə Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.
Qətər 2022-də dünya çempionluğunu qazanan Argentina millisinin superulduzu Lionel Messi hələ ki, PSJ-də istədiyini tapa bilmir. Qaynarinfo xəbər verir ki, ardıcıl ikinci mövsümdür ki, Çempionlar Liqasında 1/4 finalı görmədən mübarizədən kənarlaşdırılan Fransa komandası ilə müqaviləsi mövsümün sonunda bitəcək Messiyə Devid Bekhemin sahibi olduğu MLS komandası İnter Mayamidən təklif gəlib. Hələ Paris klubu ilə müqavilə bağlamazdan əvvəl Messini heyətində görmək istəyən “İnter Mayami” rəhbərliyi mövsüm sonunda 35 yaşlı argentinalı ulduzu transfer etməyin yollarını axtarır. MLS-də futbolçulara veriləcək maaşlarda məhdudiyyətlər olduğu üçün Lionel Messinin illik maaşını ödəyə bilməyəcək “İnter Mayami” bunun formulunu tapıb. Devid Bekhem ulduz futbolçuya klubda 5 faizlik pay təklif edib. Bu görünməmiş təklifə hələ də cavab verməyən Messinin böyüdüyü və əfsanəyə çevrildiyi Barselonaya qayıtması da gündəmdədir.
Məşhur sovet jurnalisti Valeri Vinokurov “Sport Ekspress” nəşrinə müsahibəsində SSRİ futbol tarixinin ən yaxşı oyunçuları haqqında danışıb.
– Streltsov sovet futbolu tarixində bir nömrəli oyunçudur?
– Yaşin bir nömrədir.
– Şəxsən sizin üçün birinci kimdir?
– Ən çox Sergey Salnikov xoşuma gəlirdi.
– Tariximizdə Streltsovdan güclü olan üç futbolçunun adını çəkə bilərsiniz?
– Sevgi güc üçün deyil! Tutaq ki, İqor Netto görkəmli futbolçudur. Amma oyunun mənə yaxın deyildi. Ancaq Nikolay Dementyev daha yaxındır. Ələkbər Məmmədov və ya Yura Kuznetsov kimi. “Virtuozlar dördlüyü” adı altında qeyd yazdım. Orada Nikolay Dementyev, Salnikov, Məmmədov və Kuznetsov var idi.
– Sovet İttifaqının ən yaxşı üç futbolçusu?
– İlk növbədə Yaşin. Salnikov və Yura Kuznetsov. Əgər dördüncü lazımdırsa, onda Ələkbər Məmmədov.
Beynəlxalq Xokkey Federasiyası Şurası Rusiya və Belarus yığmalarının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb.
Nəticədə iki ölkənin xokkey yığması 2023/24 mövsümündə olacaq yarışlarda iştirak edə bilməyəcəklər.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Şura Rusiya və Belarus komanda və klublarının təşkilatın himayəsi altında keçirilən yarışlara qayıtması ilə bağlı təhlükəsizlik risklərini nəzərdən keçirib.
Riskin qiymətləndirilməsi əsasında Beynəlxalq Xokkey Federasiyasının İdarə Heyəti müəyyən edib ki, Rusiya və Belarus yığmalarının geri qayıtması hələlik təhlükəsiz deyil. Beləliklə, Rusiya və Belarus milliləri 2023/24 mövsümünü buraxacaqlar.
Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda iştirakına qadağa qoymağı tövsiyə edib.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.
*** Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.
Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.