Ardını oxu...
Sumqayıtda film kimi cinayət hadisəsi olub.

TEREF Lent.az-a istinadən, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, Ə. Z. satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanılıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb.

Bundan başqa, Ə. Z. naməlum şəxsdən “Makarov” markalı tapança, ona aid 1 ədəd daraq və 176 ədəd patron əldə edərək, qardaşının işlədiyi taxta emalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib.

Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı S. K.-nın polisə xəbər verdiyini düşünüb. Bunun üçün o, S. K.-nı görüşmək adı ilə çağıraraq, avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna S. K. ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı Ə. Z. mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə S.K.-nın boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb.

Ev sahibi qayıdanda isə ona 10-15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib. Lakin sonradan evə qayıtmayıb.

Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə. Z. saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Ə. Zülfüqarov 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ardını oxu...
Tolqa Şahin adlı Türkiyə vətəndaşı Azərbaycanda iş adamlarına zərər vurub. Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq “Cənclik 94” MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır.

Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bizimyol.info” məlumat yayıb.

Bildirilib ki, Tolqa Şahin “Gənclik 94” MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin “Gənclik 94” MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, “Gənclik 94” MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan “Prefabrik” MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. “Gənclik 94” MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib. Yəni ağır cinayət əməllərinə görə təqsirləndirilən şəxs azadlığa buraxılıb. Prokurorluq Anar Kərimovun həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmaqdan nədənsə imtina edib.

Tolqa Şahin dələduzlardan ibarət şəbəkə qurubmuş

Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov “Arenol Construction” MMC-nin direktoru olub. “Gənclik 94”-dən tikinti materiallarını “Prefabrik” MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; “A Frame”, “Lenora”, “Tikinti Materiall” MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş mütəşəkkil dəstədən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri cinayətkar şəbəkə yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını, pulunu əlindən almaq olub.

Anar Kərimov Anar Kərimov, Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən şəxs
Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus “Prefabrik” MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan “Cahid -T” MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.

Tolqa Şahin Qarabağ qazilərini də aldadıb

Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqlarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli “biznesmen”in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.

“Gənclik 94”-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, “Arenol”-da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, “Prefabrik” MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla “Bakı Abadlıq Xidməti” MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.

İstintaqdan gizlənən Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti”ni nə birləşdirir?

Sual olunur: dələduzluqda ittiham olunan, istintaqdan gizlənən, hazırda axtarışda olan Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti” MMC-ni nə birləşdirir?

Məsələ ondadır ki, anlaşmaya əsasən “Bakı Abadlıq Xidməti” MMC podrat işlərini Tolqa Şahinə məxsus “Lenora” MMC və Prefabrik” MMC (keçmiş adı “Arenol Group”) şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər “Bakı Abadlıq Xidməti” MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda “Bakı Abadlıq Xidməti” MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.

Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu “Gənclik 94” MMC-yə ödənilməlidir. Çünki “Bakı Abadlıq Xidməti” Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də “Gənclik 94”-ə borcludur. Ancaq “Bakı Abadlıq Xidməti” ilə Tolqa Şahin arasında “Gənclik 94” MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə “Gənclik 94” öz pulunu “Bakı Abadlıq Xidməti” MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: “İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində “Gənclik 94″-ə olan borcunu bağlasın”.

Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.

Tolqa Şahinin ölkədın çıxışına qadağa qoyulub

Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə “Gənclik 94” də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.

Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.

Tolqa Şahinin arxasında kimlər dayanıb?

Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.

Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.

Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!

P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib, Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Xüsusilə külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.
 
Ardını oxu...
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə hökm elan olunub.

Elvin Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvin Cəfərovun adı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə şahid qismində keçirdi.

143 milyon manatlıq mənimsəmə işində şahid olan Elvin Cəfərovla bağlı istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində aparılıb.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəydiyi müəyyən edilib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi fürsətdən lazımınca istifadə etməyib, ziyanı qarşılamayıb. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb.

2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Onların hər biri Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.

Hazırda Bakı Apellyasiya Məhkəməsində onların apellyasiya şikayətlərinə baxılır.
 
 
 
Ardını oxu...
İki gündür sosial şəbəkənin gündəmini və saytların “Cəmiyyət” bölməsini küçə davası ələ keçirib. Sonradan namus məsələsi üstündə baş verdiyi deyilən məlum hadisə ətrafında qızğın müzakirələr gedir. Müzakirələr hərtərəflidir, tərəflərin tərəfində dayanan rəy sahiblərinin hamısı haqlıdır - hər iki tərəfdəkilər.

Əvvəla ondan başlamaq lazımdır ki, heç kəs başqasının namusuna dil və əl uzatmamalıdır. Əgər uzadarsa...

İkincisi, namusuna dil (və ya əl) uzadılan kəs o dil (və ya əl) sahibini vəhşicəsinə döymək (və ya öldürmək) haqqına sahib deyil (ən azı, qanuni baxımdan).

Yaxşı, o zaman başqasının namusuna dil və ya əl uzadanın cəzası nədir? Namusuna dil və ya əl uzadılan tərəfindən zopalanmaqmı? Qanun deyir ki: XEYR!

Bəs, nədir cəzası? Cərimə olunmaqmı? Tənbehmi? Şiddətli töhmətmi? "Ayıb olsun" tipində ictimai qınaqmı? Buna da qərar vermək çətindir.

Digər tərəfdən, namusuna dil və ya əl uzadılan tərəf dilinə söyüş, əlinə zopa almaq haqqını hardan alır?! Özündənmi? Qətiyyən! Qanundanmı? Qanun deyir: "mən kimsəyə elə bir haqq vermirəm".

Və: əgər biri digərinin namusuna dil və ya əl uzadarsa, birinci tərəf nə etməli, necə davranmalıdır?

İlk ağla gələn QANUNa müraciət etməkdir - qanuna sığınmaq, qanun keşikçilərindən mədəd ummaqdır: "O, mənim namusuma sataşıb" deyərək, məsuliyyəti qanunun üzərinə atmaqdır - cəzanın qanunisini diləməkdir.

Qanuni dövlətdə bundan başqa yol yoxdur! Ola da bilməz!!!

İndi özümüzü qoyaq qanunun yerinə... Nə cavab verərdik? Yəni, qanun nə desin? Onun "kəsəcəyi barmaq" kimi incidəcək? Ya da onun "kəsəcəyi barmaq"dan məlhəm çıxacaqmı ki, namus yarasını sağaltsın?

Qanunun özünün qarnındakı boşluqdan "su sızırsa", özünəmi məlhəm olsun, yoxsa himayəsi altındakılaramı?

Qanun keşikçilərinin özləri də eyni çətirin altında, eyni "səhnənin" tamaşaçıları qismindədirlər. Özlərini qarşılarındakıların yerinə qoyurlar, yəqin ki... və eyni tərəddüdü yaşayırlar.

Təxminən, 15-16 gün əvvəl idi, şər qarışmaq üzrəydi. Məhəllədən evə qalxırdım. İki əlimdə zənbil - marketdən çıxmışdım.

Binamızın döngəsinə çatanda qəribə bir mənzərə ilə üzləşdim: tanımadığım bir nəfər binamızın divarına (həm də yanından keçənlərin gözü qarşısında) kiçik təbii ehtiyacını təmin etməklə məşğul idi.

Dayandım yanında, təəccüb və təəssüflə nəsə demək istədim. Amma heç nə deyə bilmədim. İrad bildirmədim. Sadəcə, başımı bulayıb yoluma davam etdim.

Ona heç nə demədiyimin səhvmi-düzmü olduğunu düşünə-düşünə addımlayarkən, arxadan bir səs gəldi: "Nədi, əəə, nə yan-yan baxırsan"? Və arxasınca bir söyüş...

Bir anda dayandım. Ona geri dönmədən, əllərimdəki zənbilləri yerə qoydum. Təhqir olunmuşdum, cavabsız qoya bilməzdim.

Amma necə cavab verim? Ya onun qandığı dildə cavab verməliydim, ya da qanuna müraciət etməliydim.

Onun qandığı dil - zopadır. "Adam" həm ictimai tərbiyəsizliyinə, həm də şəxsimə yönəlik davranışına görə ən YEKƏ ZOPAnı haqq edirdi.

Bəs, qanun nə deyir(di) onun haqqında? Cəmiyyətin divarına işəyənə qanun gülüb keçirmi, yoxsa hiddətlənirmi?

Gülüb keçirsə, o zaman "cəmiyyətin divarına niyə işəyirsən" təəssüfü ilə, başını bulayıb keçən və arxadan təhqir olunan vətəndaş üçün qanun nədir?

Bəs, hiddətlənərsə…

Həmin anda mən üçüncü yolu seçməsəydim - dişimi sıxıb, kürəyimə saplanan söyüşü "udub", yoluma davam etməsəydim və zopalar havaya qalxsaydı, qanun kimin tərəfində olacaqdı?

Təbii ki, qanun deyəcəkdi ki, "mənə tərəf gələrdin". Amma hansı halda və hansı tərəfə? Mən qanuna nəyi göstərməliydim: divardakı ləkələri, yoxsa kürəyinə sancılan təhqiri?

Və yazıq qanun, bir divarı batıran avaraya, bir də ona baş qoşan axmağa baxıb gülməzdimi ki, “mən bu avaraya nə cəza verim, ay axmaq?”.

QANUN sadəcə olaraq və haqlı olaraq deyir ki: “Dalaşmayın!”

Gerisini özünüz bilərsiniz…

Müəllif: İsmayıl Məmmədli - AYNA-az
 

Ardını oxu...
  

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Hazırda sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Gürcüstandan sonra digər qonşu ölkələrlə də quru yolunun açılıb-açılmayacağıdır. Bakı–Tiflis istiqamətində qatar reyslərinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından vacib addımlardan biridir.

Maraqlıdır, Gürcüstandan sonra hansı ölkələrlə sərnişindaşıma prosesi bərpa oluna bilər?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News24.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.

O, xüsusilə qatar sərnişindaşımalarının bərpasının vacibliyini vurğulayıb:

"Bizim vətəndaşlar üçün ən çox maraq doğuran məsələlərdən biri qonşu ölkələrlə dəmir yolu nəqliyyatının bərpa olunmasıdır. Artıq verilən rəsmi açıqlamalardan belə görünür ki, Bakı–Tiflis qatar reysi yaxın zamanda fəaliyyətə başlayacaq. Bunun may ayında reallaşması gözlənilir və ümid edirik ki, bu, tezliklə həyata keçiriləcək. Hazırda Azərbaycanın bir çox rayonlarından Gürcüstana sərnişin daşınması həyata keçirilir. Bu tendensiya davam edərsə, gələcəkdə digər qonşu ölkələrlə də bu əlaqələrin genişlənəcəyini proqnozlaşdıra bilərik".

Deputat həmçinin vurğulayıb ki, Gürcüstanla sərnişindaşımanın bərpasından sonra Bakı-Moskva və Bakı-Qars istiqamətlərində də qatar reyslərinin fəaliyyətə başlaması mümkün ola bilər:

"Böyük ehtimalla, Gürcüstandan sonra Rusiya ilə, ən azından Bakı-Moskva qatar reysinin bərpası gündəmə gələcək. Əgər proseslər planlaşdırıldığı kimi gedərsə və təhlükəsizlik məsələləri tam həll olunarsa, bu istiqamətdə də addımlar atıla bilər. Əvvəllər bu reyslər fəaliyyət göstərirdi, indi isə onların yenidən işə düşməsi gündəmdədir".

Deputat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hazırda əsasən yük daşımaları üçün istifadə edildiyini qeyd edərək, bunun gələcəkdə sərnişindaşıma məqsədilə də aktivləşdirilə biləcəyini bildirib:

"Bakı–Tiflis–Qars dəmiryolu xətti əsasən yükdaşımalar üçün istifadə olunur. Amma gələcəkdə sərnişindaşımaların da burada işə düşməsi planlaşdırılır. Əgər Gürcüstanla sərnişindaşıma uğurlu alınarsa, növbəti addım olaraq həm Rusiya, həm də Türkiyə istiqamətində qatar reyslərinin bərpası mümkün olacaq. Bu proses tədricən həyata keçiriləcək və ümid edirik ki, bu il ərzində ən azı Gürcüstanla sərnişindaşıma tam gücü ilə bərpa olunacaq".

Naqif Həmzəyev əlavə edib ki, Bakı–Tiflis reysinin açılması ilə vətəndaşlar daha rahat və sərfəli nəqliyyat imkanlarına sahib olacaq:

"Hazırda avtobus və şəxsi avtomobillərlə səfər edən sərnişinlər üçün qatar nəqliyyatı daha təhlükəsiz və komfortlu alternativ olacaq. Bundan əlavə, gələcəkdə Bakı-Moskva və Bakı-Qars reyslərinin bərpa olunması turizm və ticarət sahəsində də müsbət dəyişikliklərə yol aça bilər".

Ardını oxu...
“Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.

Maraqlıdır, “Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az”a açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:

‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.

Məsələnin kökü ondan ibarətdir ki, vaxtilə Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan insanlarla yanaşı, bu xidmətdən əyləncə məqsədilə istifadə edən vətəndaşlar da vardı. Nəticədə onlar vəziyyətdən sui-istifadə edirdilər və qanunda boşluqlar mövcud idi. Taksi şirkətləri hər kəsi taksi sürücüsü kimi dəvət edirdilər və burada qanunsuz əməllər baş verirdi. Bu səbəbdən şikayətlər hədsiz dərəcədə çoxalmışdı. Ölkədə fəaliyyət göstərən xarici taksi operator şirkətləri isə bu şikayətlərə əhəmiyyət vermirdilər. Sertifikatı olmayan, müvafiq kursu keçməyən, meyarları uyğun gəlməyən sürücülərin həmin taksi şirkətlərində qeydiyyatdan keçməsi qadağandır’’.

Ekspert diqqətə çatdırıb ki, şirkət operatorları hansısa şəxsin meyarlara uyğun gəlmədiyi halda onunla işləyərsə, taksi operatorları külli miqdarda cərimə oluna bilər:

”Təəssüf ki, bəzi taksi şirkətlərinin operatorları sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqədardır’’.
 
Ardını oxu...
44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayev Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilib.

Gununsesi.info-nun xəbərinə görə, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir.

Ceyhun Ağayev iddia edib ki, o, Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır.

Məsələ ilə bağlı Adil Əliyevin özünün mövqeyini öyrənmə çalışsaq da, lakin icra başçısı telefonun dəstəyini qaldırmayıb.
 
Ardını oxu...
Son zamanlar Azərbaycanın müxtəlif ərazilərində xırda təkanların qeydə alınması, aşağı maqnitudalı zəlzələlərin baş verməsi bəzi insanlarda dağıdıcı zəlzələ xofu yaradıb. Özəlliklə iki il öncə Türkiyədə baş verən faciədən sonra bir çoxları “bizdə də ola bilər” əndişəsindədir. Türkiyə mətbuatında bəzi seysmoqların təlaşlı açıqlamaları da bu gərginliyi artırır.

Bəs, mütəxəssislər nə düşünür: doğrudanmı, xırda təkanlar böyük zəlzələnin xəbərçisidir

Bizim.Media-nın sualını cavablayan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikrincə, bunlar əsassız hay-küydür:

“Mən dəfələrlə demişəm, yenə də deyirəm. Azərbaycanda elə seysmoaktiv bölgə yoxdur ki, orda yaxın zaman üçün dağıdıcı zəlzələ gözlənilsin. Belə xırda təkanlar olmalıdır, bu, normaldır. Yəni Yerin daxilində gedən tektonik proseslərdir. Bu təkanlardan da bəziləri hiss olunandır. Mən istəyərdim, hay-küyçü proqnoz verənlər onu əməli cəhətdən sübut eləsinlər ki, nəyin əsasında bu qənaətə gəliblər. Onlar camaatı çaşdırmaqla məşğuldurlar. Belə adamlara inanmaq lazım deyil".

Q.Yetirmişli bildirib ki, Respublika Seysmologiya Mərkəzi mütəmadi olaraq il ərzində kompleks tədqiqatlar aparır:

"Biz də həmin elmi tədqiqatlara söykənib deyirik ki, narahatlığa heç bir ehtiyac yoxdur. Çünki bizim mərkəz yalnız seysmologiya ilə yox, geomaqnetika, qravitasiya sahəsinin ölçülməsi, maillik, yerdaxili hərəkətlərin izlənməsi və s. kimi kompleks işlər görür. Yəni bizim işimiz ancaq zəlzələ olanda onu qeydə almaqla məhdudlaşmır. Burada kompleks şəkildə tədqiqat işləri aparırıq və bu, ilboyu davam edir”.

Q.Yetirmişli qeyd edib ki, qısa müddətdə baş verən zəlzələləri proqnozlaşdırılmaq mümkün olmasa da, tədqiqatlar aktivliyin artması haqda qənaətlər ortaya qoyur:

“Öncədən qısamüddətli zəlzələnin vaxtı, gücü, dərinliyi haqda nəsə demək mümkünsüzdür. Deyə bilməzsən ki, ayın filan tarixində filan yerdə, filan saatda bu gücdə zəlzələ olacaq. O tez də ola bilər, gec də. Amma ehtimal edə bilirsən ki, hansı bölgədə güclü aktivlik gedir”.

Ən çox zəlzələlərin hansı bölgədə olmasına gəlincə, Q.Yetirmişli bildirib ki, təkan sayının çox olması bu məsələdə əhəmiyyət daşımır:

“Azərbaycanda ötən il 5 mindən artıq zəlzələ qeydə alınıb. Xəzərdə, Lənkəran, Lerik və Sabirabadda 5-dən yuxarı maqnutudalı zəlzələ olmuşdu. Ən zəif təkanlar isə Şamaxı-İsmayıllı bölgəsində qeydə alınıb. Amma say məsələsi əhəmiyyət kəsb etmir. İndiyədək yüksək maqnitudalı zəlzələ sayı ən çox 2012-ci ildə olub. Həmin il altı dəfə 5,5 baldan yuxarı yeraltı təkan qeydə alınıb. Deməyim odur ki, sutka ərzində 80-dən çox yeraltı təkan olur. Təkcə bu gün 36 təkan qeydə almışıq. Yəni məsələ say deyil. Xırda təkan sayı heç nəyə dəlalət eləmir”.
 
Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub

UNEC-dən Tribunainfo.az-a bildirilib ki, Nəzrin Balayeva MIT-in maliyyə ixtisası üzrə magistr səviyyəsinə təqaüdlə təhsil almaq hüququ qazanıb.

Nəzrin Balayeva UNEC-ə 660 balla qəbul olub və 99.03 ortalama ilə universiteti bitirib.

O, beynəlxalq nüfuzlu “Chartered Financial Analyst (CFA) level 1” sertifikasiyanı (ilk 10 faizdə) qazanan ən gənc tələbə olub.

UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb, eyni zamanda AQA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünə layiq görülüb.

“SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir.

Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda “Moonwake Investment” şirkətində biznes-analitik kimi çalışır.
 
Ardını oxu...
Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.

Bu barədə "DİA-AZ"a Maliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.
 

Dünyapress TV

Xəbər lenti