Ardını oxu...
“Xəbər verdiyimiz kimi, bir müddət əvvəl vəkil Aqil Layıc “Facebook” sosial şəbəkə hesabında “Yelo Bank”ın filial müdiri olduğu deyilən Vüqar Xəlilovun müştəriyə qarşı kobud davranaraq ona fiziki zorakılıq tətbiq etdiyinə dair məlumatı ictimailəşdirib.

İddiaya görə, filial müdiri bankda xidmətin gecikməsinə etiraz edən müştərini təhqir edib, daha sonra isə onu döyərək çənəsini sındırıb. Məsələ ilə bağlı “Yelo Bank”a müraciət edilsə də, onlar əvvəlcə iddiaların araşdırıldığını, daha sonra isə “Cebheinfo.az”-ın soğusuna cavabda Vüqar Xəlilov adlı şəxsin bankda çalışmadığını bildirib. Vəkil son paylaşımında hadisədə adı keçən şəxsin adının səhv qeyd edildiyini və əslində sözügüdən şəxsin Vüqar Xəlilov yox, Mirzəzadə Vüqar Rəhman oğlu olduğunu açıqlayıb. Xəsarətlə bağlı tibbi rəy də paylaşıma əlavə olunub.
Ardını oxu...
Həmçinin, onun barəsində Yasamal polis İdarəsinə müaciət edildiyi bildirilib.

"Cebheinfo.az" məsələ ilə bağlı yenidən "Yelo Bank" ilə əlaqə saxlayıb. Bank iddiaları nə təsdiq, nə də təkzib edib. Bankdan verilən açıqlamada növbəti dəfə bildirilib ki, qeyd olunan şəxs onların əməkdaşı deyil. Həmçinin, mövzu ilə bağlı əlavə məlumat verməkdən imtina ediblər.
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi 1 ilə yaxındır ki, davam edir. Musavat.com xəbər verir ki, keçirilən prosesdə zərərçəkmiş şəxslərin vəsatətləri əsasında mobil operatorlara təqsirləndirilən şəxslərin səsyazılarının, mesajların alınması barədə verilən sorğunun cavabı gəldiyi elan olunub.

Hakim deyib ki, həmin səsyazıları, mesajlar olan disklər məhkəmədədir:

“Tərəflərdən kim istəsə, gəlib tanış ola bilər. Məhkəmə həmin telefon danışıqlarını, səsyazılarını sənədlərin tədqiqi mərhələsində səsləndirəcəyik”.

Şahid qismində Füzuli Rəhimov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyıb, Nuridə Seyidovanın sürücüsü olub:

“700 manat əməkhaqqı təklif etdilər. Əvvəlki iş yerimdə 420 manat alırdım. Buna görə razılaşdım, işə çıxdım. Məni sürücü kimi işə götürdülər. Nuridə xanım dedi ki, işin uşağı məktəbə aparmaq olacaq. Mən də onun uşağını məktəbə və hazırlıq kurslarına aparmışam. Mən Nuridə xanımın yanına Aynur xanımın vasitəsi ilə işə düzləmişəm. Aynur xanım bu işi həyat yoldaşıma deyib”.

Hakim deyib ki, təqsirləndirilən şəxslərin iş yerləri harda olub, nə işlə məşğul olublar, pul alış-verişində nə rolun olub – bu barədə danış.

Şahid isə qeyd edib ki, onun pul alışında rolu olmayıb.

“Sənə topa ilə pul veriblər, onlar aparıb valyutaya dəyişmisən, bu barədə danış” – deyə hakim müraciət edib.

Şahid qeyd edib ki, bir neçə dəfə verilən pulu bankda xarici valyutaya çevirib. Əlavə edib ki, təqsirləndirilən şəxslərin yanında 5 ay işləyib.

Vəkillərin suallarını cavablandıran şahid deyib ki, iki dəfə pul götürüb, həmin pulların nə olduğunu bilməyib. Həmin pulu da gətirərək təqsirləndirilən şəxslərə veriblər.

Təqsirləndirilən Aysel Məmmədova bildirib ki, 7500 manat zərərçəkmiş Lamiyənin, 23 min isə Kamil Əhmədovun olub.

Nuridə Seyidova deyib ki, bu məbləğlərdə verilən pulların alınması yadında qalmayıb:

“Füzuli müəllim mənə pul gətirib. Amma yadımda qalmayıb. Mənə verilən pulları saymışam. Amma bu məbləğlər yadımda deyil”.

Füzuli Rəhimov bildirib ki, o, ofisdə olmayıb, maşında olub:

“İçəridə nə baş verib, nə iş görüblər. Mənim bundan xəbərim olmayıb”.

Kamil Əhmədov deyib ki, gömrük hospitalının həyətində pulu iki nəfər alıb, sayaraq götürüb:

“Mircəlal həkim dedi ki, get Aysel müəllimin yanına, pulu ona ver. Mən də Ayselə verdim”.

Aysel Məmmədova isə bildirib ki, Kamil Əhmədovdan 23 min manatı alınaraq sayıb və həmin pulu Nuridə Seyidovaya çatdırılması üçün Füzuli Rəhimova verib.

Nuridə Seyidova isə deyib ki, alınan pulları klinikalara köçürüblər. Onun sözlərinə görə, gömrük hospitalına, mərkəzi klinika və xarici klinikalara köçürüblər, bununla bağlı əlində qəbzlər var.

Hakim deyib ki, Kamil Əhmədovun həyat yoldaşı xəstə olub, onun pulunu niyə başqa xəstə üçün köçürübsüz?

Nuridə Seyidova bildirib ki, Kamil Əhmədovun növbəsinə vaxt olduğu üçün digər xəstələrin müalicəsinə yönlədiblər.

Daha sonra şahid qismində ifadə verən Toğrul Kərimov deyib ki, şirkətdə kompüter və mühasibatlıq işində, Nuridə Seyidovanın köməkçisi işləyib:

“Nuridə xanım işə çağırdı. Mən də “Çinar” Plazada olan ofisə gəldim. Soruşdum ki, işim nə olacaq? Dedi ki, sənəd işləri ilə məşğul olasan. Bir qədər sonra Nuridə mənə dedi ki, xarici pasportun var? Dedim ki, yoxdur. Sonra ASAN xidmətdən pasport aldım. Bundan sonra Türkiyəyə getdim. Ora apardığım pulu bir nəfər gələrək götürdü”.

Şahid qeyd edib ki, 400 manat maaş alıb, vergi işlərini kimin görməsindən xəbəri olmayıb.

Hakimin “yüz minlərlə pul gətirdi, sən də orda mühasibatlıq işini görmüsən, nə edirsən pulları” sualına şahid belə cavab verib:

“Mən bütün pulları Nuridə Seyidovaya vermişəm. Pulları nə ediblər, bundan xəbərim olmayıb. Mən pul görməmişəm. Mənim işim sənədləşmə aparmaq olub”.

Hakim Azad Məcidov deyib ki, alınan pulların hesabatı verilməyib:

“Vergiyə heç bir sənəd verilməyib. Pulu kassaya qoyub sənədləşmə aparmaq əvəzinə aparıb Nuridə Seyidovaya vermisən. Nuridə Seyidova da deyir ki, mənə pul tam çatmayıb, arada bölünüb. Burada yüz minlərlə məbləğdən söhbət gedir. Alınan pulların 18 faiz vergi ödənilməsi olmalı idi. Dövlətə 1 manat da olsun vergi ödənişi olmayıb. Xəstələrə də pullar xərclənməyib.

Şahid pullara görə məsuliyyətə cəlb oluna bilərdi. Sən bəlkə də fiziki məhdudiyyətli şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Mən müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan, həm də dollar şəklində almısan. Bunun özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır və iş onunla görülməlidir. Nuridə də deyir ki, pulu ona verməmisən.

Kassaya da daxil etməmisən. Ümumiyyətlə, dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir”.

Şahid bildirib ki, işçi kimi Nuridə Seyidovaya tabe olub:

“Mənə də maaşı Nuridə xanım verib. Aysel Məmmədova və Aynur Bayramova da orada həkim kimi işləyiblər. Onlar mənə heç bir göstəriş verməyib. Onlar da xəstələri qəbul ediblər. Onlar qəbul etdikləri pulları mənə versələr də, bütün pulları Nuridə xanıma vermişəm. Mən pulları sayıb Nuridə xanıma çatdıranda onun kiməsə pul verməsini görməmişəm.

Ölkə xaricinə Nuridə xanımın göstərişi ilə pullar göndərmişəm. Amma nə qədər pul yadımda qalmayıb. Mənim kartıma da pullar gəlib. Nuridə xanım deyib ki, filankəs pul göndərib, get onu çıxart gətir. Deyirdi ki, heç bir problem yoxdur. Müdir mənə nə deyib, mən də onu etmişəm. Pulları çekləri ilə birlikə gətirərək Nuridə xanıma vermişəm. Belə pulların gətirilməsi çox olub. Bundan başqa, Nuridə xanımın göstərişi ilə şirkətin ünvanını dəqiq tanımayan pasiyentləri qarşılayıb ofisə gətirmişəm”.

Nuridə Seyidovanın suallarına cavab verən şahid deyib ki, ofisdə Aynur Bayramova və Aysel Məmmədovaya pul verməsinin şahidi olub:

“Amma nə qədər pul verdini deyə bilmərəm. Mən pulu saymışam, stolun üstünə qoymuşam. Aysel də, Aynur da pul verib, mən də pulu sayaraq götürmüşəm. Həmin pulları da Nuridə xanım götürüb. Nuridə xanım ayda bir-iki dəfə Aynura, Ayselə pul verib. Amma bunun şahidi olmamışam. Onların arasında pul bölgüsünü söhbətlər əsasında eşitmişəm. Amma görməmişəm. Onlar üçü otaqda oturub söhbətlər aparıblar. Amma mən həmin söhbətlərdə iştirak etməmişəm”.

Şahid qeyd edib ki, birinci ofisdə pulları özləri sayıblar:

“Lakin ikinci ofisə keçəndən sonra pul sayan maşın alındı. Bundan sonra pasiyentlərdən alınan pulları maşında sayırdılar”.

Daha sonra Toğrul Kərimova belə az məbləğdə Nuridə Seyidovanın yanında işləməsi barədə suallar verilib.

Bildirib ki, Nuridə Seyidova ona boynunun əyriliyinin düzəldilməsi ilə bağlı müalicəsinə köməklik göstərəcəyinə söz verib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər.

Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses aprelin 2-də davam etdiriləcək.
 
Ardını oxu...
"Kəpəz MTK" paytaxtın arxitektur görünüşünü pozur, sakinlərin təhlükəsizliyinə ciddi risklər yaradır...

Bu iddialar "Kəpəz MTK" ilə bağlı Yenixeber.org-a daxil olmuş məlumatda yer alır:

Yazıb bildirmək istəyirəm ki, "Kəpəz MTK"-ya məxsus Bakı şəhəri Mirzə Fətəli Axundov küçəsi. 177-178 ünvanlarında yerləşən binaların damları yaşayış üçün nəzərdə tutulmasa da, hal-hazırda yaşayış məqsədli mənzil düzəltmək məqsədilə orda təmir-tikinti işlərinə başlayıblar və dam örtüyünü tam sökərək bir mərtəbə də qaldırmaq üçün işlər görürlər, bu şəhərin arxitektur görünüşünə zidd olmaqla yanaşı, gələcəkdə bu evləri alan vətəndaşlar üçün də böyük risk amilidir və mümkün fövqaladə hal anında insan tələfatına gətirib çıxara bilər.

Söhbət 6-cı paralel adlanan küçə, Bravo supermarket olan 2 binadan ibarət kompleksdə, hər iki binadan gedir.

Yenixeber.org olaraq xatırladaq ki, dəfələrlə qanunsuz əməllərindən yazılan "Kəpəz MTK"nın sabiq deputat Mahir Aslanova məxsus olduğu bildirilir.
Ardını oxu...
 
Ardını oxu...
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

"Bu əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 460-cı maddəsinə əsasən, hətta az miqdarda vergiləri, ödəməkdən yayınmağa görə - inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir".

Vəkil bildirib ki, qanunvericiliyə əsasən, hansısa yolla gəlir əldə edirsənsə et, onun vergisini dövlətə mütləq ödəməlisən:

"Əks halda vətəndaşı məsuliyyət gözləyir. Dediyiniz qəbildən olan dırnaq ustası, dərzi və sair xidmət sahələrində çalışanlar da vergi ödəməlidir. Düzdür bəzən onları aşkar etmək olmur. Bunun üçün gərək şikayət daxil olsun. Lakin daxil olarsa Dövlət Vergi Xidməti tərəfindən obyektiv araşdırma aparılır".
Ardını oxu...
Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şəki rayonu, Baş Şabalıd kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davan etdirilir.
Ardını oxu...
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı sədri Mirvari Gahramanli bildirilib.
Mirvari Gahramanli yazır:
"Bu gün günorta saatlarında Azneft İB 1 saylı İxtisaslaşdırılmış Neft Mədən Xüsusi Texnika İdarəsinin (İNM XTİ) qaldırıcı kran maşınısti Zahid Tağıyev iş vaxtı Neft Daşlarının 4-cü mədən ərazisində kran qarışıq dənizə düşüb. Allah rəhmət eləsin."
SOCAR-ın “Azneft” İstehsalat Birliyindən isə bildiriliblər ki, mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.
Ruhu şad olsun!
TEREF
 
 
 
Ardını oxu...
Martın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

Bu barədə Nazirlər Kabientindən (NK) məlumat verilib.

Bildirilib ki, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verib.
 

 

Ardını oxu...
Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.

Gununsesi.info xəbər verir ki, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.

Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.

Həmçinin Suranaxı rayonu, Səttar Bəhlulzadə küçəsində Bülbülə magistral su xəttindəki qəza ilə əlaqədar Sabunçu rayonu, Ramana qəsəbəsində də suyun verilişi dayandırılıb.
 

         
Ardını oxu...
Baş Prokurorluq Azərbaycanın axtarışa verdiyi bir sıra təqsirləndirilən şəxslər barədə Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi bildiriş yaymağa başlayıb.

Teleqraf xəbər verir ki, məcəllənin qeyd olunan maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan – Baş Prokurorluğun İstintaq Baş İdarəsi - təqsirsizlik prezumpsiyasına riayət etməklə, bu məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları İctimai televiziya və radio (İTV) vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc edir.

Məcəllənin 54-2-ci maddəsi isə “Çağırış” vərəqi adlanır. Bu maddənin ikinci bəndi çağırış vərəqəsində istintaqı həyata keçirən orqanın adı, çağırışın vaxtı, ittihamın mahiyyəti və digər məlumatların göstərilməsini vacib sayır.

Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov Teleqraf-a açıqlamasında deyib ki, bundan sonra təqsirləndirilən şəxslərlə bağlı qiyabi icraat tətbiq olunacaq: “Qiyabi icraat o hallarda tətbiq olunur ki, təqsirləndirilən şəxs cinayət təqibini həyata keçirən orqandan gizlənir və ya dəfələrlə göndərilən çağırışlara baxmayaraq, məsuliyyətdən yayınır və ya Azərbaycandan kənarda gizlənir. Qiyabi icraatın əsas məqsədi budur ki, həmin şəxsin istintaq və məhkəmədən yayınmasının qarşısı alınsın, bütövlükdə cinayət işinin araşdırılmasına mane olmasın”.

2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər.

V.Cəfərov qiyabi icraatın mahiyyətini bu cür izah edib: “Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.

Onun sözlərinə görə, bütün axtarış, çağırış tədbirləri nəticə vermirsə, istintaq orqanı (təqsirsizlik prezumpsiyasına riayət etməklə) çağırış barədə informasiyanı İctimai televiziya, radio vasitəsi ilə yayır, eləcə də rəsmi internet səhifəsində yerləşdirir: “Bu, sonuncu cəhddir ki, şəxs ya özü çıxsın ortaya, ya da xəbəri olsun ki, barəsində qiyabi proses başlayacaq”.

Qiyabi icraatın prosedurana gəlincə, vəkil deyib: “Məsələn, A şirkətinin direktoru M. böyük məbləğdə vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cü maddəsi) və ya dələduzluq (Cinayət Məsəlləsinin 178-ci maddəsi) ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Onun haqqında iş başlanıb, evinə, ofisinə rəsmi çağırış vərəqələri göndərilib, telefonla xəbər edilib. Lakin o, ölkədən çıxaraq gizlənib və göndərilən bütün çağırışlara məhəl qoymur. 3 ay ərzində axtarış elan olunub, İnterpol xətti ilə axtarılır. Nəticə olmadıqda, prokurorluq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə vəsatət göndərir ki, biz bu şəxsə qarşı qiyabi icraat başlayaq. Məhkəmə dəyərləndirir ki, bütün prosedur addımlar atılıb, həmin şəxsə müdafiəçi təyin edilib, televiziyada və rəsmi saytlarda məlumat yerləşdirilib. Məhkəmə müsbət qərar verərək qiyabi icraatın aparılmasına icazə verir. Bu nümunədə məhkəmə və istintaq prosesi artıq həmin şəxsin iştirakı olmadan davam etdirilir”.

Teleqraf-ın araşdırmasına görə, aşağıdakı şəxslər barədə Azərbaycanın müvafiq məhkəmələri axtarış elan edib. Müvafiq prosedura uyğun olaraq onlar barəsində qiyabi icraat aparılacaq.

Rəsul Quliyev: Azərbaycan Milli Məclisinin sabiq sədri

1996-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən sabiq spikerlə bağlı iki cinayət işi mövcuddur.

Birincisi, onun 1980-ci illərin sonları, 1990-ci illərin əvvəllərində Bakı Neftayırma Zavoduna rəhbərlik etdiyi dövrdə yol verdiyi qanunsuzluqlarla bağlıdır. R.Quliyev xüsusi ilə külli miqdarda neft məhsullarını xarici şirkətə satıb pulunu mənimsəməkdə ittiham olunur. Bu cinayət işi üzrə ona Cinayət Məcəlləsinin külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Digər cinayət işi isə dövlət çevrilişinə cəhdlə bağlıdır. O, 2005-ci ilin 18 oktyabrında Ukraynanın Simferopol şəhərində Azərbaycanın tələbi ilə İnterpolun axtarışında olduğu üçün saxlanılmışdı.

2005-ci ilin 19 oktyabrda dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılaraq onun barəsində axtarış elan edilib. Həmin cinayət işi ilə əlaqədar olaraq, o dövrdə iqtisadi inkişaf naziri olan Fərhad Əliyev, dövrün səhiyyə naziri Əli İnsanov və həmin vaxt Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev, sabiq maliyyə naziri Fikrət Yusifov və deputat Fikrət Sadıqov da saxlanılmışdılar. Məhkəmə onlara azadlıqdan məhrumetmə cəzası versə də, Rəsul Quliyev istintaqdan yayındığı üçün mühakimə edilməsi mümkün olmayıb.

Elşad Abdullayev: Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru

Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi ayrılmaqla istintaqı tamamlanaraq 26 avqust 2013-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub. Onun tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Mahir Cavadov: Xətai rayonunun keçmiş prokuroru

M.Cavadov 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamının təşkilində günahlandırılaraq beynəlxalq axtarışa verilib. O, həmin qiyamdan sonra ölkəni tərk edərək Avstriyada sığınacaq tapıb. Ona görə də M.Cavadovu cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb

Arif Məmmədov: Azərbaycanın Avropa Şurası və Avropa İttifaqı yanında daimi nümayəndəliklərinin keçmiş rəhbəri, fövqəladə və səlahiyyətli səfir

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Keçmiş diplomat istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Elnur Nağızadə: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi

E.Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.

Zamirə Hacıyeva: Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı

Ona Cinayət Məcəlləsinin 179-cu maddəsinin (mənimsəmə və ya israf etmə) 3.1 (mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 3.2. bəndləri (külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülərək barəsində axtarış elan olunub.

Tələt Əliyev: Azərbaycanın Ukraynadakı keçmiş səfiri

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) ilə ittiham verilərək barəsində axtarış elan olunub.

Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Süleyman Süleymanlı:

Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin bir sıra maddələri o cümlədən 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb. Adı çəkilənlər təqsirləndirilən şəxs qismində cəlb ediliblər və Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilərək barələrində axtarış elan olunub. Lakin istintaqdan qaçıb gizləndikləri üçün onları cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb.

İnqilab Kərimov: AXCP üzvü, AXCP sədri Əli Kərimlinin əmisi oğlu

Fransada məskunlaşan İ.Kərimov haqqında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanılıb. İnqilab Kərimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində axtarış elan olunub.

Fikrət Hüseynli: Azərbaycanlı siyasi mühacir

Onun barəsində 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri cinayət işi qaldırılıb və axtarışa verilib.

Bizim siyahımızda axtarışda olan bir qrup şəxsin adları yer alıb. Azərbaycanın axtarışa verdiyi və istintaqdan qaçıb gizlənənlərin siyahısı isə genişdir.

Daxili İşlər Nazirliyinin bu il yanvarın 25-də yaydığı məlumata görə, 2024-cü ildə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunub.
 
Ardını oxu...
"2023-cü ilin oktyabr ayından çıxarışı olmayan torpaq sahələri üzərində aparılacaq tikintilərə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Buna görə hazırda çıxarışlı torpaqlara tələbat artıb. Çıxarışı olmayan torpaqların qiymətində stabillik müşahidə edilsə də, çıxarışı olan torpaqların qiymətində artım var".

Bunu Oxu.Az-ın əmlak bazarındakı vəziyyətlə bağlı suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert qeyd edib ki, yeni tikilən, təməl mərhələsində olan binaların da qiymətində ciddi artım müşahidə edilir.

O bildirib ki, artıq paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin məhdud olması və qiymətlərin kəskin artması səbəbi ilə tikinti şirkətləri tikintidən imtina ediblər:

"Hazırda tikinti aparan şirkətlər daha çox qəzalı kimi qeydə alınmış çoxmənzilli binaları sökərək onların yerində yeni binalar inşa etməyə üstünlük verirlər. Bu da tikinti xərcini daha çox artırır. Ona görə ki, həmin şirkətlər tikinti apardıqları ərazidə yaşayan sakinlərin hər birinə, qaydalara uyğun olaraq, köç və kirayə xərcləri verirlər. Kirayə xərcləri ortalama iki-üç il davam edir. Daha sonra tikinti şirkətləri həmin binalardan onlara tam təmirli, ümumi sahəsi daha geniş olan mənzillər verirlər".

E.Fərzəliyev deyib ki, hazırda əksər tikinti şirkətləri bu cür layihələrdən yararlana bilmirlər:

"Müəyyən problemlər var ki, ölkədəki tikinti şirkətlərini bu cür layihələrdən uzaqlaşdırır. Tikinti üçün icazənin alınması, sənədləşmə prosedurlarının çətinləşməsi, tikinti normativlərinin sərtləşdirilməsi (binalar arasında məsafənin saxlanması, həmin binalarda yaşayan sakinlərin mənzil sayına uyğun olaraq avtopark üçün yerlərin, yaşıllıq ərazilərin ayrılması və s.) səbəbi ilə artıq çox sayda tikinti şirkətini bu cür layihələrdən kənarda qoyur".

O bildirib ki, hazırda Bakının Nərimanov, Nəsimi, Yasamal rayonlarının mərkəzi ərazilərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında bir kvadratmetrin qiyməti üç-dörd min manat arasında dəyişir:

"Bu da o deməkdir ki, tikilməkdə olan ikiotaqlı 100 kvadratmetrlik mənzillər əmlak bazarında artıq 300-400 min manata təklif olunur".

Aləmdə Nəsib
 

Dünyapress TV

Xəbər lenti