Ardını oxu...
İranın polis və təhlükəsizlik qüvvələri şənbə günü səhər saatlarında tanınmış siyasi fəal Abbas Lisanini Ərdəbildəki evində nəzarət altına alıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələr bu barədə məlumat yayıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən türk fəallardan əldə etdiyi məlumata əsasən, şənbə günü çox sayda polis və mülki geyimli məmur Abbas Lisanini saxlamaq üçün onun evinə gediblər.

Evdə axtarış aparan məmurlar evin DVR kamera cihazlarını müsadirə ediblər.

Siyasi fəalın daha əvvəl məhkum olduğu Yəzd şəhərinə sürgün cəzasının icrası ilə əlaqədar həbs olunduğu təxmin edilir. O, təqribən üç həftə əvvəl Ərdəbil polis şöbəsinə çağırılmış, ancaq müraciət etməmişdi.
Lisani 2023-cü ilin fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.

Ərdəbil Məhkəməsi daha sonra cəzaya boyun əymədiyinə görə siyasi fəalın Yəzd şəhərində məcburi iqamət cəzasının üçdə bir dəfə artırılmasına dair hökm çıxarıb.
Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə təqribən 20 il ərzində dəfələrlə həbs, mühakimə, təhdid və digər təzyiqlərə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.
 
 
 
Ardını oxu...
Soyuq müharibə dəhşətləri: Moskva 246 nəfərin ölümünü niyə gizlədə bilmədi?

İkinci dünya müharibəsindən dərhal sonra başlayan soyuq müharibə 1961-ci ilin Berlin və 1962-ci ilin Karib böhranları ilə özünün kulminasiyasına çatdı. SSRİ-də 1964-cü ildə hakimiyyətə gələn Leonid Brejnevin daha mülayim xarici siyasət yürütməsi nəticəsində onilliyin sonlarından etibarən beynəlxalq münasibətlərdə “gərginliyin azalması” deyilən dövr başladı.

Bu dövrdə Brejnev bir sıra Qərb liderləri - Nikson, Ford və Karter (ABŞ), Pompidu və Jiskar d’Esten (Fransa), Brandt və Şmidtlə (Qərbi Almaniya) - ilə yaxşı əlaqələr qura bildi. Münasibətlər o qədər normallaşdı ki, sovet lideri 1973-cü ildə ABŞ-a səfəri zamanı soyuq müharibənin artıq arxada qaldığını bildirdi.

Təəssüf ki, belə olmadı. 1970-ci illərin ortalarından Brejnevin səhhətində problem yaranır və tədricən daha aqressiv mövqeli üçlüyün - xarici işlər naziri Andrey Qromıko, müdafiə naziri Dmitri Ustinov və KQB sədr Yuri Andropov - təsiri altına düşür. 1979-cu ilin sonlarında sovet qoşunlarının Əfqanıstana müdaxiləsi ilə “gərginliyin azalması” dövrü bitdi və soyuq müharibənin “şaxtası” şiddətləndi.

ABŞ-da 1980-ci il prezident seçkilərində Ronald Reyqanın qələbəsi, SSRİ-də isə Brejnevin 1982-ci ildə ölümündən sonra Yuri Andropovun hakimiyyətə gəlməsi kimi hadisələr münasibətləri lap pisləşdirdi. Gərginliyin pik nöqtəsi isə SSRİ-nin Cənubi Koreyaya məxsus “Boeing-747” sərnişin təyyarəsini vurması nəticəsində 1983-cü ilin sentyabrında yaşandı.

***

Nyu York - Ankoric - Seul marşrutu ilə (reys 007) uçan və “Korean Air Lines” aviaşirkətinə məxsus “Boeing-747” Nyu Yorkun Kennedi hava limanından avqustun 31-də UTC vaxtı ilə 04:25-də (yerli vaxtla 00:25-də) qalxdı. O, Alyaska ştatının Ankoric hava limanında yerə endi: həm yanacaq doldurmaq, həm heyəti dəyişmək üçün. Təyyarə 13:00-da (yerli vaxtla 04:00) yenidən havaya qalxdı. Onun göyərtəsində 246 sərnişin və 23 heyət üzvü vardı. Təyyarəni təcrübəli pilotlar - 45 yaşlı kapitan Çon Bönin və 47 yaşlı birinci pilot Son Donhvi idarə edirdilər

Şimali Sakit Okeanda uçuşlar üçün beş hava dəhlizi var. Bəhs etdiyimiz KAL-007 NOPAC (North Pacific) adlanan bu dəhlizlərin ən şimalda olanı - R20 ilə uçmalı idi. Həmin dəhliz SSRİ-nin qapalı hava məkanına girməmək üçün Yaponiya istiqamətində uzanır və Honşu adasının şimalında qövs cızaraq, Seula üz tuturdu.

Amma Koreya “Boeing”i uçuşun əvvəlindən bu dəhlizdən daha şimalda uçmağa başladı və get-gedə dəhliz ilə arasındakı məsafə böyüdü. Məsələn, marşrut üzrə birinci olan BETHEM nöqtəsini keçəndə kursdan yayınma 22 km idi. Altıncı nöqtə NİPPİ-dən isə 290 km uzaqdan keçdi. Təyyarə Ankoricdən Seula düz xətlə uçurdu və onun uçuş trayektoriyası SSRİ ərazisinin üzərindən keçməli idi.

Yolüstü təqvimin dəyişdiyi xətti keçən “Boeing-747” Kamçatka yarımadası tərəfdə SSRİ hava məkanına daxil olanda yerli vaxtla artıq 1 sentyabr, saat 05:33 idi (UTC vaxtı ilə 31 avqust saat 16:33).
Uçuş SSRİ-nin məxfi hərbi obyektlərinin üzərindən keçirdi. Sərhəd pozucusunu yaxalamaq üçün havaya dörd təyyarə qaldırıldı. Amma onlar “Boeing”ə çatana qədər sovet məkanı qurtardı və KAL-007 beynəlxalq suların üzərində uçuşunu davam etdirdi. Amma irəlidə yenə sovet ərazisi vardı.

UTC vaxtı ilə saat 18:02-də təyyarə Saxalin adası tərəfdə yenidən sovet hava məkanına daxil oldu. Yenə Su-15 təyyarələri havaya qaldırıldı. Onlardan birinin pilotu mayor Gennadi Osipoviç “Boeing”lə vizual kontakt yarada bildi. Pilota xəbərdarlıq atəşi açmaq əmr olundu. Osipoviç təyyarənin topundan 200-dən çox mərmi buraxdı, amma effekti olmadı.

KAL-007 bir müddət sonra yenidən sovet hava məkanından çıxacaqdı. Qərar qəbul etmək lazım idi və Osipoviçə təyyarəni vurmaq əmr edildi. Pilot 5 km arxa məsafədən “Boeing”ə tərəf iki hava-hava raketi buraxdı. Onlardan biri yan keçdi, ikincisi isə quyruğun yanında partlayaraq idarə sistemini zədələdi, füzelyajın hermetikliyini pozdu. Saat 18:26 (yerli vaxtla 06:26) idi.

Təyyarə bir müddət yuxarı qalxdı, sonra isə aşağı düşməyə başladı. Enmə sürəti get-gedə artırdı və nəhəng “Boeing-747” böyük sürətlə Laperuz boğazına düşdü. Göyərtədə olan 269 nəfərin (23-ü heyət üzvü olan 105 Koreya Respublikası vətəndaşı, konqresmen Larri Makdonald daxil olmaqla 62 ABŞ, 28 Yaponiya, 23 Tayvan vətəndaşı və s.) hamısı həlak oldu. KAL-007 vurularkən R20 dəhlizindən 560 km şimalda uçurdu.

***

Hadisənin baş verdiyi dövrün ab-havasını, sovet hərbçilərinin amansızlığının səbəbini anlamaq üçün yenidən siyasətə qayıtmaq lazımdır.

1983-cü ilin martı ABŞ prezidenti Ronald Reyqanın iki demarşı ilə yadda qaldı. O, əvvəlcə çıxışlarının birində SSRİ-ni “şər imperiyası” adlandırdı. 15 gün sonra isə “Ulduz müharibələri” adını alacaq Strateji Müdafiə Təşəbbüsü (SDI) ilə çıxış etdi. SDI kosmosda yerləşdirilən elementlər vasitəsilə ABŞ üzərində raketdən müdafiə çətiri yaradılmasını nəzərdə tuturdu. Əgər bu alınardısa, iki ölkə arasında paritet ABŞ-ın xeyrinə ciddi şəkildə pozulacaqdı. Bir çoxlarının fikrincə, SDI blefdən başqa bir şey deyildi və əsl məqsədi iqtisadi vəziyyəti onsuz da ağır olan SSRİ-ni bu istiqamətdə araşdırmalara milyardlar xərcləməyə sövq etmək idi. Hər halda, SDI Moskvada ciddi narahatlıq doğurdu.

Cənubi Koreya təyyarəsinin taleyinə bəlkə də həlledici təsir göstərən hadisə isə həmin il aprelin 4-də baş verdi. ABŞ-ın 6 ədəd “A-7 Corsair” hücum təyyarəsi Uzaq Şərqdə, Kiçik Kuril cərgəsində SSRİ-nin hava məkanına girdi və Zelenıy adası üzərində bombalama hərəkətlərini imitasiya etdi.

Sovet HHM sisteminin hadisəni çarəsiz izləməsi Moskvada kəskin reaksiya doğurdu. Buradakı təyyarələr yeni MiQ-31-lərlə əvəzləndi. Hərbi komandirlərə, xüsusən də Uzaq Şərq hərbi dairəsinin HHQ komandanı Valeri Kamenskiyə və 40-cı qırıcı aviasiya diviziyasının komandiri Anatoli Kornukova ciddi xəbərdarlıq edildi.

Həmin insidentdən beş ay sonra KAL-007 SSRİ-nin hava məkanına daxil olanda məhz Kornukov təyyarənin vurulması göstərişini verdi.

***

Sovet rəhbərliyinə verilən ilkin məlumatda kəşfiyyat təyyarəsinin vurulduğu deyilirdi. Amma Nyu Yorkdan Seula uçan sərnişin təyyarəsinin yoxa çıxması məlum olanda Kremldə hadisənin gerçək mahiyyətini anladılar. Sovet İttifaqı Kommunist partiyasının Siyasi bürosunun həmin gün keçirilən iclasında vəziyyətdən çıxış yolları müzakirə edildi və müdafiə naziri Dmitri Ustinovun təyyarənin vurulmasını inkar etmək təklifi qəbul olundu.

Əgər təyyarəni vurmaq birinci səhv idisə, bunu inkar etmək ikinci səhv oldu. Sovet rəhbərliyi hesab edirdi ki, faktı kimsə sübut edə bilməyəcək. Əksi baş verəndə isə etiraf etmək məcburiyyətində qaldılar və yalançı durumuna düşdülər. Əvvəldən etiraf edilsəydi, faktın özü bəlkə bu qədər ikrah doğurmazdı.

Bu, Yuri Andropovun iştirak etdiyi son Siyasi büro iclası idi. O, həmin gün istirahət üçün Krıma yollandı. Orada soyuqlayan Baş katib Moskvaya xərəkdə qayıtdı və ömrünün son beş ayını xəstəxanada keçirərək, 1984-cü ilin fevralında öldü.

İtmiş sayılan təyyarənin taleyi ilə bağlı Cənubi Koreyada, Yaponiyada müxtəlif versiyalar irəli sürülürdü: texniki səbəblərdən qəzaya uğramasından tutmuş sovet ərazisinə girdiyinə görə enişə məcbur edilməsinə qədər. Amma ABŞ-ın dövlət katibi Corc Şults səhər mətbuat konfransı keçirərək təyyarənin sovet hərbçiləri tərəfindən vurulduğunu dedi və bu hərəkəti pislədi.

Moskva isə buna TASS agentliyinin sentyabrın 2-də yaydığı xəbərlə cavab verdi. Bildirilirdi ki, təyyarə SSRİ sərhədlərini pozub, sovet qırıcılarının siqnallarına əhəmiyyət verməyərək Yapon dənizinə tərəf uçub və radarların ekranından yox olub.

Ruslar hələ bilmirdilər ki, Uzaq Şərqdəki sovet hərbçilərinin bütün radiodanışıqları çoxdan ABŞ kəşfiyyatı tərəfindən dinlənilir. Sentyabrın 1-dəki danışıqlar da istisna deyildi. Vaşinqton antisovet təbliğatı naminə kəşfiyyat sirrini açmaqdan çəkinmədi. Ştatların BMT-dəki nümayəndəsi Cin Kirkpatrik qeydə alınan səs yazısını sentyabrın 6-da ictimailəşdirdi. Bundan sonra Moskvanın etirafdan başqa yolu yox idi.

Sentyabrın 9-da SSRİ Silahlı qüvvələrinin Baş qərargah rəisi marşal Nikolay Oqarkov arxasında xəritə, əlində göstərici mətbuat konfransı keçirdi. Bu dəfə təyyarənin vuruması etiraf edildi, amma iddia olundu ki, söhbət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən planlaşdırılan təxribatdan gedir və “Boeing” kəşfiyyat tapşırığı yerinə yetirirmiş. Oqarkov dedi ki, uçuş zamanı sayrışan işıqlar yandırılmayıb (mülki təyyarələrdə yanmalıdır) və xəbərdarlıq məqsədilə işıqsaçan mərmilərdən açılan atəşə pilotlar reaksiya verməyib. Amma bir dəfə yalançı çıxan tərəfin ikinci iddiasına inanan çətin tapılardı.

ABŞ sovetlərin sərhəd pozucusunun sərnişin təyyarəsi olmasını bildikləri halda vurduqlarını iddia etdi və güclü təbliğat kampaniyasına başladı. Reyqan hadisəni “barbarlıq və qeyri-insani qəddarlıq aktı” adlandırdı. Dünyanın bir çox ölkələrində SSRİ əleyhinə mitinqlər keçirildi. Ən kəskin etirazlar, əlbəttə, Cənubi Koreyada oldu. SSRİ-nin beynəlxalq nüfuzu tarixi boyu ən aşağı nöqtəyə düşdü.

Ağ ev əslində Moskva əleyhinə elə bir ciddi addımlar atmadı. Amma təbliğat və hərbi təlimlər kimi əzələ göstərişləri SSRİ-də ciddi narahatlıq doğurdu. Bir gün Vaşinqtonda anladılar ki, qorxu sovetləri geriyə dönüşü mümkünsüz addımlar atmağa sövq edə bilər. Zatən, sovet hərbçilərini 1983-cü il sentyabrın 1-də o cür davranmağa sövq edən də qorxu idi. Amerikalılar sovetlərin qorxusundan qorxub, şiddəti azaltdılar.

***

Beynəlxalq mülki aviasiya təşkilatı (ICAO) qəzanı araşdırmaq üçün komissiya yaratdı. Komissiyaya Kac Frostell rəhbərlik edirdi. Qaydalara görə, araşdırmada dörd ölkə iştirak etməli idi: SSRİ (qəza onun ərazisində baş vermişdi), Cənubi Koreya (təyyarənin sahibi), ABŞ (təyyarə istehsal olunan ölkə) və Yaponiya (təyyarə onun nəzarətində olan hava dəhlizi ilə uçmalı idi).

Amma SSRİ əməkdaşlıqdan imtina etdi. Təyyarəni vuran pilotla danışmağa icazə verilmədi, radar məlumatları təqdim olunmadı. Belə halda, komissiyanın ilk vəzifəsi KAL-007-nin həqiqətən sovet ərazisinə daxil olub-olmadığını dəqiqləşdirmək idi.

Problem onda idi ki, o zaman Şimali Sakit okeanda uçuşların xeyli hissəsi radarlar tərəfindən tutulmayan ərazidə keçirdi. Dispetçerlər təyyarələrin harada olduğunu özləri müəyyənləşdirə bilmirdilər, pilotların məlumatına güvənirdilər. KAL-007 pilotlarının yapon dispetçerə verdikləri məlumata görə isə onlar R20 dəhlizi ilə uçurdular.
“Korean Air Lines” aviaşirkətinin 007 reysi ilə “əkiz”, eyni marşrutla 15 dəqiqə gec uçan başqa bir reysi də vardı: KAL-015. O da R20 dəhlizi ilə hərəkət edirdi. KAL-015-in qara qutusundan iki təyyarə arasındakı danışıqları dinləyən komissiya üzvləri təəccüblü bir fakt aşkar etdilər: KAL-015-in pilotu arxadan güclü külək əsdiyini deyir, KAL-007-nin pilotu isə küləyin öndən əsdiyini xəbər verir.

Qısa zaman fasiləsi ilə eyni dəhlizdə uçan iki təyyarənin iki fərqli hava şəraiti ilə üzləşməsi izaholunmaz idi. Daha doğrusu, bir izahı ola bilərdi: onlar eyni dəhlizlə uçmurlar. Bu, KAL-007-nin gerçəkdən də marşrutdan yayınmasının ilk işarəsi idi. Həmin ehtimalın doğru ola biləcəyini göstərən daha bir məqam o idi ki, uçuş zamanı KAL-007 və Ankoricdəki dispetçer arasında radioəlaqədə bir neçə dəfə problem yaranmışdı. Onlar KAL-015 vasitəsilə əlaqə qura bilmişdilər.

Amma daha dəqiq faktlar lazım idi və köməyə yenə ABŞ hərbçiləri gəldilər. Sən demə, onların məxfi, mülki radarlardan daha güclü radarları ərazidəki bütün uçuşları qeydə alırmış. Həmin radarların məlumatına görə, KAL-007 Ankoricdən havaya qalxandan az sonra düz xətlə Seula istiqamət götürüb və sovet hava məkanına girib. Aydın oldu ki, Moskva bu məsələdə yalan danışmır və təyyarə vurulan zaman R20 dəhlizindən 560 km uzaqda olub.

İndi komissiyanın qarşısında duran növbəti vəzifə o dövrün ən qabaqcıl naviqasiya cihazlarına malik “Boeing-747”-nin hansı səbəbdən dəhlizdən bu qədər yayınmasını müəyyənləşdirmək idi. Bunu ən dəqiq qara qutular izah edə bilərdi. Hər təyyarədə iki qara qutu olur. Onlardan biri danışıqları yazır, digəri isə uçuşun parametrlərini, avadanlıq və sistemlərin göstəricilərini qeyd edir.

Qutuların axtarışına qəzanın ertəsi günü başlanılmışdı. Bir tərəfdə SSRİ, digər tərəfdə isə ABŞ, Cənubi Koreya və Yaponiya axtarırdılar. Amma həftələrlə sürən axtarışlar nəticəsiz qaldı. Yayınmanın səbəbini öyrənmək üçün başqa yol tapmaq lazım idi. Kac Frostell yardım üçün “Boeing” və naviqasiya sisteminin istehsalçısı olan “Litton” şirkətinə müraciət etdi.

“Boeing-747” o zaman üçün ən qabaqcıl İnersial Naviqasiya Sistemi (INS) ilə təchiz edilmişdi. Qaydalara görə, pilotlar uçuşa başlamazdan əvvəl INS-ə R20 dəhlizindəki 9 nöqtənin koordinatlarını daxil etməli idilər. Uçuşa maqnit kursu ilə başlanılır, havaya qalxandan az sonra isə INS-i qoşmaq lazım idi.

Frostell “Boeing” və “Litton” şirkətlərinin köməyi ilə trenajorda uçuşun simulyasiyasını həyata keçirdi. Məlum oldu ki, KAL-007-nin trayektoriyası ilə yalnız bir halda uçmaq olar: avtopilot təyyarəni INS-ə əsasən deyil, maqnit kursu ilə idarə edəndə.

Bu, o demək idi ki, ya pilotlar INS-i qoşmayıb, ya da gec qoşublar və sistem işə düşməyib. Belə ki, INS-in aktivləşməsi üçün dəhlizdən maksimum 7,5 dəniz mili (13,9 km) uzaqlıqda olmaq olar. Daha uzaq olanda isə sistem təyyarəni dəhlizə qaytarmır. Daha bir problem onda idi ki, kompüter təyyarənin olduğu yeri gerçək koordinatlara görə deyil, INS-ə əsasən deyirdi. Pilotlar da kompüterin göstəricilərinə baxıb dispetçerə, məsələn, NEEVA nöqtəsini keçdiklərini deyirdilər, halbuki ondan xeyli uzaqda idilər.

Araşdırma zamanı daha bir önəmli fakt aşkar edildi. ABŞ kəşfiyyatı həmin gün sovet hərbçilərinin ballistik raket sınağı keçirəcəklərini gözləyirdi. Belə sınaqlar zamanı Arxangelsk vilayətində yerləşən Plesetsk kosmodromundan qalxan raket Kamçatkadakı Kura poliqonuna düşürdü.

Amerikalılar bu sınağın nə qədər uğurlu keçdiyini öyrənmək istəyirdilər. Bu məqsədlə ABŞ HHQ-nə məxsus “Boeing RC-135” kəşfiyyat təyyarəsi sovet sərhədləri yaxınlığında dövrə vururdu. Bir ara onun trayektoriyası ilə KAL-007-nin trayektoriyası kəsişdi (fərqli hündürlüklərdə) və sovet radarlarında bir nöqtəyə çevrildilər, sonra da ayrıldılar. RC-135 isə “Boeing-707”-nin bazasında yaradılmışdı. Bixəbər adam üçün onunla “747”-ni səhv salmaq çətin deyildi.

ICAO komissiyasının əlində elə bir dəlil-sübut olmadığından araşdırma belə hallar üçün tez, üç ay ərzində yekunlaşdı. Dekabrın 2-də elan edilən rəy də dəlillərə deyil, ehtimala əsaslanırdı. Deyılirdi ki, INS-in qoşulmaması və ya gec qoşulması üzündən avtopilot HEADING rejimində qalıb və maqnit kursu ilə uçub. Pilotlar məsuliyyətsizlik edərək cari koordinatları yoxlamayıblar.

Əldə olanlar əsasında bundan artığına nail olmaq mümkün deyildi. Bütün səylərə baxmayaraq, təyyarənin düşdüyü yer tapılmamışdı. Yalnız bəzi parçalar, baqajlar, əşyalar və azsaylı insan parçaları... Bəzilərini amerikalılar, yaponlar, koreyalılar su üzündən tapmışdı, bəziləri sahilə çıxmışdı, bəzilərini də sovet tərəfi tapıb vermişdi. Qara qutular tapılsaydı...

***

Saxalin səmasında yaşanan faciəyə SSRİ-nin süqutu ərəfəsində maraq artdı. İndi sovet qəzetləri daha rəsmi mövqeni təkrarlamrdılar, belə mövqeni sorğulayır, özləri araşdırma aparır, istədikləri məlumatları bölüşürdülər.

1991-ci ilin yanvarından başlayaraq “İzvestiya” qəzetində Saxalin faciəsindən bəhs edən 40 material çap edildi. Qəzet əməkdaşları artıq təqaüdə çıxan və Maykopda yaşayan Gennadi Osipoviçi də tapıb müsahibə almışdılar. Bu müsahibə marşal Oqarkovun üç yalanını ifşa edirdi. Pilot deyirdi ki, təyyarənin üzərində və qanadlarında sayrışan işıqların yanmasını yerə xəbər verib və xəbərdarlıq atəşini işıqsaçan mərmilərlə deyil, adi mərmilərlə açıb. Səbəb Rusiya və sovet ordusunun köhnə problemi idi: təchizat. Hərbi hissə işıqsaçan mərmilərlə təchiz olunmamışdı. Qaranlıq havada isə koreyalı pilotların adi mərmiləri görmək ehtimalı sıfıra yaxın idi.

Üçüncü yalanı bir qədər ətraflı təsvir etmək lazımdır. Aviasiyada qəza siqnalı (mayday) göndərmək üçün xüsusi tezlik nəzərdə tutulub - 121,5 mHs. Bu tezlikdə adi danışıqlar aparmaq qadağandır. Koreya təyyarəsində üç radio vardı. Bunlardan biri dispetçerlə, ikincisi KAL-015 ilə əlaqə üçün istifadə olunurdu. Üçüncü radio isə 121,5 mHs tezliyində saxlanılmışdı. Marşal Oqarkov mətbuat konfransında iddia edirdi ki, sovet pilotu həmin tezliyə keçərək, Koreya təyyarəsi ilə əlaqə saxlamağa çalışıb, ancaq cavab almayıb.

Osipoviç isə dedi ki, təyyarəsində cəmi bir radio vardı, onunla da dispetçerlə əlaqə saxlayır, komandirlərin göstərişlərini dinləyirdi. Həmin radionu 121,5 mHs tezliyinə keçirməyə fürsəti olmadığından “Boeing”lə əlaqə saxlamayıb. Beləcə, Oqarkovun məşhur mətbuat konfransında daha bir yalan danışdığı ortaya çıxdı.

Amma Osipoviç vurduğu “Boeing”in kəşfiyyat uçuşu həyata keçirdiyinə əmin idi və pilotların onu gördüyünü deyirdi. O, fikrini onunla əsaslandırırdı ki, vurulmazdan az əvvəl “Boeing” sürətini aşağı salıb. Osipoviç bunu təqibdən yayınmaq cəhdi kimi qiymətləndirirdi, çünki reaktiv təyyarə mülki təyyarənin uçduğu aşağı sürətlə uça bilməz, yerə düşər.

“İzvestiya” materialların birində sensasiya partlatdı: sovet dalğıclarının Cənubi Koreya təyyarəsinin nəinki parçalarını, hətta qara qutularını da tapdığını xəbər verdi. Bu məlumat bütün dünyada böyük rezonans doğurdu.

Sovet dalğıcları təyyarənin düşdüyü yeri sentyabrın 15-də müəyyənləşdirmişdilər. Təyyarə nisbətən dayaz yerə böyük sürətlə çırpıldığından xırda tikələrə parçalanmışdı. Ən böyük parçalar 3-4 metr uzunluğunda idi.

Qəzadan 50 gün sonra, oktyabrın üçüncü dekadasında qara qutular tapıldı və Moskvaya aparıldı. Dinlənilən səslərdə pilotların kəşfiyyat uçuşu həyata keçirdiklərini, sovet hava məkanında olduqlarını bilmələrini, sovet qırıcısını gördüklərini sübut edən heç nə yox idi.

Onlar hətta vurulduqlarını anlamamışdılar. Naməlum səbəbdən təyyarənin hermetikliyinin pozulduğunu anlayan pilotlar belə hallarda etməli olduqları ilk şeyləri etdilər: dərhal oksigen maskası taxdılar, sərnişinlərə də eyni şeyi etməyi tapşırdılar və dispetçerdən oksigenin çox olduğu hündürlüyə, 3 min metrə enmək icazəsi istədilər. Amma az sonra təyyarənin idarəsini itirdilər. Bu müddət ərzində də sovet hava məkanı, qırıcı təyyarə və raket haqqında heç bir söz deyilmədi. Belə faktlar Moskvanın versiyasını təsdiq etmirdi və qutuların tapılmasını gizlətmək qərara alındı. Hərçənd, gözdən pərdə asmaq üçün axtarışlar noyabrın sonlarına qədər imitasiya edildi.

SSRİ-nin süqutundan 10 ay sonra, 1992-ci il oktyabrın 14-də Rusiya prezidenti Boris Yeltsin KAL-007-nin qara qutularını Cənubi Koreya prezidenti Ro De Uya verdi. Yeni faktlar əldə edən ICAO komissiyası araşdırmasını yenidən başladı. Ruslar bu dəfə komissiya ilə yaxından əməkdaşlıq etdilər, sovet hərbçilərinin təyyarəni vurmazdan əvvəl danışıqlarının lent yazısı da komissiyaya təqdim olundu.

Uçuş parametrlərini nəzərdən keçirən komissiya 1983-cü ildə səsləndirilən ehtimalın doğru olduğunu aşkar etdi. Avtopilot INS rejiminə keçməmiş və təyyarəni maqnit kursu ilə uçurmuşdu.

Araşdırma “Boeing”in guya təqibdən yayınmaq üçün sürəti aşağı salması barədə Osipoviçin iddiasına da cavab tapdı. Qarşıdan əsən küləklə üzləşən pilotlar Seula gecikməmək üçün dispetçerdən daha yüksək hündürlüyə qalxmaq icazəsi istəmişdilər və həmin eşalona qalxarkən sürətləri azalmışdı, necə ki, maşın yoxuşa qalxanda sürəti azalır.

Sovet hərbçilərinin danışığı isə onların sərhəd pozucusunu həqiqətən də kəşfiyyat təyyarəsi hesab etmələrini ortaya qoydu. Doğrudur, Osipoviç dispetçerə təyyarənin sayrışan işıqlarla uçduğunu demişdi. Amma dispetçer bunu eşitməmişdimi, yoxsa önəm vermədiyindən unutmuşdumu, aydın deyil. Amma diviziya komandiri Kornukov dispetçerdən sayrışan işıqların yanıb-yanmamasını soruşanda mənfi cavab aldı.

Faktlar göstərdi ki, 1983-cü ildə yalan danışan təkcə Moskva olmayıb, Vaşinqton da yalan danışıb. Amerikalılar əvvəldən bilirmişlər ki, ruslar sərnişin təyyarəsini bilə-bilə vurmayıblar, onu hərbi təyyarə hesab edib vurublar. Cin Kirkpatrikin o zaman BMT-də səsləndirdiyi yazılar redaktəyə məruz qalıb, sovetlərin təyyarəni kəşfiyyatçı zənn etmələrini göstərən hissələr silinib.

Saxalin səmasında baş verən faciə bəzi texniki yeniliklərə səbəb oldu. Prezident Reyqan amerikalıların hazırladıqları və o vaxta qədər hərbi məqsədlər üçün nəzərdə tutulan GPS naviqasiya sistemindən bütün dünyada mülki məqsədlər üçün istifadəsinə icazə verdi. 1986-cı ildən etibarən ABŞ, SSRİ və Yaponiya Şimali Sakit okeanda uçuşlara birgə nəzarət etməkdən ötrü vahid sistem yaratdılar. Üstəlik, üç ölkənin dispetçer xidmətləri arasında birbaşa əlaqə yaradıldı.

Təyyarənin vurulması əmrini verən Aleksey Kornukov nə mükafatlandırıldı, nə danlandı. 1998-2002-ci illərdə Rusiya HHQ-nin Baş komandanı oldu. Ordu generalı rütbəsində istefaya çıxdı və 2014-cü ildə 72 yaşında öldü.

Gennadi Osipoviç 1984-cü ildə “Qırmızı Ulduz” ordeni ilə təltif edildi, amma səbəb kimi KAL-007 göstərilmirdi. 1989-cu ildə aviasiya insidenti zamanı katapult edərkən onurğa sütununu sındırdı. Yerişi bərpa olsa da, daha uça bilməzdi və istefaya getdi. Maykopda yaşadı və 2015-ci ildə 70 yaşında öldü.
Yadigar Sadixlı
pressklub
 
Ardını oxu...
"Daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir".

Bu carədəi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkisinin başlamasına dair mətbuat konfransında deyib.

MSK sədri seçiciləri fəal olmağa çağırıb.
 
Ardını oxu...
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilir.

125 deputat mandatı uğrunda 990 namizədin mübarizə apardığı seçkidə saat 08:00-da səsvermə başlayıb və saat 19:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
 
Ardını oxu...
Bəhruz Ermənistana hansı məlumatları ötürüb?“No War” kimi tanınan təxribatçı dəstənin bir üzvü olan Bəhruz Səmədov 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində deyilir.

Bildirilib ki, həmin dəstənin üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkə üçün məsul dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər.

Qeyd edilib ki, B.Səmədovun əlaqəyə girdiyi şəxslər arasında İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar:

“Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda maqistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətlə öz X hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib”, - süjetdə deyilir.

Bundan başqa vurğulanıb ki, Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur.

“Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirildiyi nəzərə alınsa Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur”.

Süjetdə deyilir ki, Bəhruz Səmədov adı çəkilən Ermənistan Respublikası vətəndaşlarının tapşırığına əsasən Azərbaycanla Ermənistan arasında həmsərhəd rayonları və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib. Bundan başqa həmin tapşırıqların yerinə yetirilməsi çərçivəsində Bəhruz Səmədov Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb:

“Ermənistan Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib”.

Süjetdə bildirilir ki, Ermənistan Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən Lilit Şahverdyanın “Lilit Stepanakert” adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq edib, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə Azərbaycan dövlətinə xəyanət edib.

“Bundan əlavə olaraq Bəhruz Səmədov vaxtı ilə Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən “Hüseyniyyun” cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib”.

Bildirilib ki, qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 23 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə 4 ay müddətinə həbs edilib.

Materialda vurğulanır ki, Bəhruz Səmədovun Azərbaycan əleyhinə fəaliyyəti yalnız qeyd edilənlərlə bitmir:

“O, erməni diasporu tərəfindən Praqada “Azərbaycan dövləti tərəfindən Qarabağda etnik təmizləmə aparılması, erməni mədəni irsinin məhv edilməsi” mövzusunda təşkil olunan tədbirdə iştirak edərək Ermənistan dövlətinin maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirmiş, o cümlədən həmin tədbirdə iştirak edən zaman təsisçisi olduğu “SAMQ” teleqram qrupuna “milli kimliyimdən və qanımdan utanıram, azərbaycanlıların ermənilərə etdiklərinə görə onlardan üzr istəyirəm, Azərbaycanda yeganə pozitiv hərəkat birbaşa Azərbaycan adlı dövlətə və kimliyə qarşı olmalıdır” məzmunlu mesajlar yazaraq, dövlətə qarşı təbliğat təşkil edib”.

Materialda bildirilir ki, Bəhruz Səmədov 26 may 2024-cü ildə erməni kilsəsi tərəfindən Praqada təşkil olunmuş digər tədbirə də eyni məqsədlə cəlb olunmuş, orada da eyni mövqedən çıxış edib.

 
 
 
Ardını oxu...
Sakinlər yola görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb

“Yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız. Kəndimizə giriş çay üzərindən quraşdırdığımız taxta parçalarının üzərindən keçir, çay daşanda uşaqların gediş-gəlişi təhlükəli olur. İşıq, qaz, kənddaxili yollarımızla bağlı problemlərimiz var. Uzun illərdir ki, dərdimizi dinləyən bir məmur tapmırıq”.

Masallının Təklə kəndinin sakinləri Meydan TV-yə kənddəki problemlərdən danışırlar. Onlar Meydan TV-yə yazdıqları məktubda iddia edirlər ki, kəndin uzun illərdir həllini tapmayan saysız-hesabsız problemi var. Bu problemlərin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, qulaqları boş vədlər eşidib.

Kəndin girişindəki taxta “körpü”

Məktubda imzası yer alan sakinlərdən biri Həsən Həsənov bu problemlər ətrafında danışır. Söhbətə yoldan başlayır. Deyir, kəndə giriş üçün bir əsas yol var ki, o da Viləş çayının üzərindəki taxta parçalarından ibarətdir:


“İllərdir ki, özümüz çayın əsas qolunun üzərindən kəndə keçid etmək üçün taxta parçaları bərkitmişik. Sizə göndərdiyimiz fotolardan da görəcəksiniz ki, o taxtanın üstündən maşın keçə bilməz. Özümüz zorla o tərəf-bu tərəfə keçirik. Hökumət kəndə bir yol çəkmir ki, rahat get-gəl edək. Kəndə gəlmək üçün maşını qonşu kəndlərdə saxlamalı, o taxtanın üstündən keçməli oluruq”.

Sakinlər yola görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb:

“Rəhmətlik Heydər Əliyev deyirdi ki, yol mədəniyyətdir, təəssüf ki, biz bu mədəniyyətdən uzaq bir kənddə yaşamaq məcburiyyətindəyik. Kənddə ağır xəstə olanda, yanğın baş verəndə nə təcili yardım, nə də yanğınsöndürənlər yetişə bilir”.

Sakinin sözlərinə görə, kənddaxili yollar da bərbad vəziyyətdədir:

“Yağış, qar yağanda kənddaxili yollar keçilməz olur. Uşaqlarımız məktəbə çətinliklə gedib-gəlirlər”.

Seldən sonra…

2015-2022-ci illər ərzində kəndə bir neçə dəfə sel gəlib. Olan-qalan təsərrüfatları yuyub aparıb, evlərə zərər vurub. Ancaq dəymiş zərərə görə kəndlilərə kompensasiya ödənilməyib:

“Əhali kənddən Fövqəladə Hallar Nazirliyinin göndərdiyi qayıqlarla çıxarıldı. Təsərrüfatlarımız, evlərimiz su altında qaldı. Hökumət bizimlə maraqlanmadı. Çayın içərisi hələ də təmizlənməyib, 2020-ci ildən işlər yarımçıq qalıb”, – sakin sözünə davam edir.

Köhnə transformator işə yaramır

Kənddə işıq problemi də var. Sakinlərin deməsinə görə, 2016-cı ildə kabelləşmə işləri aparılsa da, transformator quraşdırılmayıb. Hazırda istifadə olunan 3 kilometr aralıdakı transformatorsa tələbatı ödəmir. Qaz olmadığı üçün elektrik cihazlarından istifadə etmək məcburiyyətindədir. Ancaq bu, köhnə transformatorla mümkün olmur. Tez-tez ya transformator, da elektrik cihazları sıradan çıxır:

“Məsələylə bağlı Masallı Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynova da müraciət etmişik. Bu qədər sakinin problemi nəzərə alınmır, insanları çarəsiz duruma salırlar”.

Sakinlər deyir, kənddə qaz olsa elektrik cihazlarına üstünlük verməzlər. Kəndə qaz xətti çəkilib, ancaq bir çox evə sayğac qoyulmayıb, qaz verilməyib:

“Evlərə qaz sayğacı qoyulmur, pul tələb olunur. Qarşıdan qış gəlir, havalar soyumağa doğru gedir. Yenə istilik baxımından çətinlik çəkəcəyik. Meşələrə ayaq basa bilmirik, ağacların kəsilməsi inzibati məsuliyyət yaradır. Axı niyə bu qədər qoca, uşaq soyuqdan donmalıdı?”

İcra hakimiyyəti bələdiyyəyə tövsiyələr edib

Masallı rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlər dəfələrlə bu quruma da müraciət ediblər. İcra hakimiyyəti də aidiyyəti qurumlara məktub göndərib, problemlərin həlli üçün müraciət edib. Aidiyyəti qurumlardan gələn cavablarda kənddəki bu problemlərin aradan qaldırılması üçün işlər aparıldığı bildirilib:

“Təklə ərazi nümayəndəsinin və Təklə kənd bələdiyyəsinin nümayəndələrinin iştirakıyla problemlər araşdırılıb. Yol Təklə bələdiyyəsinin balansında olduğuna görə çayın üzərindən salınmış körpünün və yolun təmir edilməsi üçün bələdiyyəyə tövsiyələr olunub. Bələdiyyənin təqdim etdiyi arayışa görə, vətəndaşların dəstəyi ilə sözügedən körpüdə təmir işləri aparılması üçün hazırlıq işləri aparılıb. Qaz sayğaclarının quraşdırılması ilə bağlı “Qaz təchizatı haqqında” Qanun sakinlərə izah edilib, bildirilib ki, müvafiq sənədlərini toplayaraq Masallı ASAN Xidmətə müraciət etməlidilər”.

Meydan TV
 
Ardını oxu...
Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

“Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”.

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib.
 
 
 
Ardını oxu...
SOCAR Azneft İB rəhbərliyinin diqqətinə
Şikayət neftçi xanımındandır
Problemin diqqətlə araşdırılmasına ciddi ehtiyac duyulur☝️
Salam Mirvari xanım! Mənim yoldaşım "28 May" NQÇİ də çalışır. Əvvəllər bir həftəlik rejimdə çalışırdı, indi isə 15 günlük. Bir neçə dəfə müraciyət etsədə 15 günlükdən bir həftəlik rejiminə keçirmədilər. Necə olur idarə işçiləri rəisə müraciyət edib bir həftəlik işləyə bilir sadə fəhlə isə yox?! Əgər qanun hamı üçündürsə onda niyə onlara olar amma mənim yoldaşıma yox? Təzə rəis gəlib idarəyə, ümid edirdik ki, bəlkə o göz işığı verər camaata amma yox. Köhnə hamam köhnə tas. İcazə yoxdursa onda bir həftəlik işləyənləri də eləsinlər 15 günlük. Xahiş edirəm mənim bu yazımı dərc edəsiniz, bəlkə insafları oyanar.
Mirvari Gahramanli
 
 
 
Ardını oxu...
Bakıda obyektin qarşısının zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəriman Nərimanov rayonundan gedir.

Belə ki, Yanvar Nəsirov və Zeynal Xəlilov küçələrinin kəsişməsində (keçmiş Montin bazarının yanında) yerləşən "RR Construction" tikinti şirkətinin qarşısı qanunsuz olaraq zəbt olunub: "Əvvəl sakinlərlə birgə avtomobilimizi orada rahat park edə bilirdik. Lakin indi dəmir maneələr quraşdırılaraq ərazi özəlləşdirilib. Aidiyyəti qurumlardan xahiş edirik ki, dövlətin yolunu şəxsi parklanmaya çevirən şəxsləri məsuliyyətə cəlb etsin və quraşdırılmış dəmir maneələr sökülsün" - deyə oxucu bildirib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Ardını oxu...
 
Ardını oxu...
Ötən gün gecə saatlarında yük maşını və mopedin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə kuryer işləyən mopedin sürücü benzin daşıyan yük avtomobilinin təkərləri altında qalaraq ölüb. Faciəvi hadisə ölkədə fəaliyyət göstərən minlərlə moto-kuryerin təhlükəsizliyini bir daha gündəmə gətirir.

Digər moped sürücülərinin aqibətinin də belə olmaması üçün hansı tədbirlər görülməlidir?

Analoji qəzalarla bağlı “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı moto-kuryerlərin bəsit səhvlərə yol verdiyini vurğulayıb: socar vakansiya

“Moto-kuryerlər, ümumiyyətlə, moped, motosiklet sürücüləri ilə bağlı son vaxtlar narahatlıq doğuran vəziyyət müşahidə edilməkdədir. Onların iştirakı ilə baş verən qəzalarda primitiv səhvlərə yol verilir. Bu da acı və ağır hadisələrlə nəticələnir. Təəssüf ki, belə hadisələrə görə həmin nəqliyyat vasitələrinin sürücüləri həyatlarını itirirlər. Nəticənin faciə doğurmaması üçün sürücülərin diqqətli olması, yol hərəkəti qaydalarına əməl etməsi lazımdır. Təəssüf ki, onlar bəzən idarə etdikləri nəqliyyat vasitəsinə bir oyuncaq kimi baxırlar. Dəfələrlə bu şəxslərə xəbərdarlıq olunub, müxtəlif tədbirlər görülüb. Texniki nasaz nəqliyyat vasitələri ilə yola çıxan moped sürücüləri, eyni zamanda digər qayda pozuntularına yol verənlər də var”.

Ekspert məsələ ilə bağlı bir sıra tövsiyələr də verib:

“Belə hallarla mübarizə aparmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün təbliğat işlərinə ehtiyac var. Sözügedən nəqliyyat vasitəsinin sürücüləri hər hansı bir şirkətin əməkdaşlarıdır. Bu baxımdan, hesab edirəm ki, bu şirkətlərlə elə bir iş qurmaq lazımdır ki, onlar öz əməkdaşlarına təsir edərək, yol hərəkəti qaydalarına əməl etmələri üçün razılaşsınlar. Əks halda, çox ciddi fəsadlarla qarşılaşacağıq”.
 

Dünyapress TV

Xəbər lenti