Ardını oxu...
Ağcabədidə kəndlərin birində bələdiyyə üzvü seçilən şəxs Qəbələ şəhərində qalmaqala səbəb olub.
TEREF "Qaynarinfo"ya istinadən xəbər verir ki, Elşad Məmmədov (şərti) Ağcəbədinin kəndlərinin birinin bələdiyyə üzvü seçildiyi üçün iki dostuna Qəbələdəki restoranların birində qonaqlıq verib.

Dostlar yeyib-içdikdən sonra 225 manat hesab gəlib. Elşad Məmmədov üzərlərində o qədər pul olmadığı üçün hesabı bir neçə gün sonra ödəmək üçün restoran rəhbərliyindən vaxt istəyib. Amma restoran sahibi pulu tələb etdiyi üçün aralarında mübahisə yaranıb.

Elşad Məmmədov dostları ilə birgə restorandan qaçıb. Restoran sahibinin şikayəti əsasında isə saxlanılıb.

Ona İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Elşad Məmmədov dostları ilə birgə sərxoş olduğundan sözügedən hadisəni törədib.

O, məhkəmənin qərarı ilə 50 manat cərimə edilib.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən universitetin rektoru Mustafa Babanlının 2023-cü ilin iyulunda vəzifəsindən azad edilməsi ilə həmin post iki ilə yaxındır, boş qalmışdı. Bundan sonra ADNSU-ya Rüfət Eyvaz oğlu Əzizov rəhbərlik edəcək.

Kimya elmləri üzrə fəlsəfə doktoru olan Rüfət Əzizov 2023-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini tuturdu.

Qeyd edək ki, 45 yaşlı Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq qəbul olub. Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsi alıb.

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

“Cornell” Universiteti Ali İdarəetmə, “George Washington” Universiteti Layihələrin İdarə olunması və “Oxford” Universiteti Süni İntellekt Proqramlarını bitirib.

7 yanvar 2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin Əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
 
Ardını oxu...
Son illər Azərbaycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. Bəs 3-4 aylıq kurs bitirməklə gözəllik salonlarında, estetik mərkəzlərdə həkim-kosmetoloq işləmək nə dərəcədə düzgündür? Müvafiq tibbi təhsili olmayan, insan anotomiyasını bilməyən şəxslərin gözəllik salonlarında qanla bağlı müxtəlif prosedurlar həyata keçirməsi mümkündür?

Lent.az bu suallar ətrafında araşdırma aparıb.

Qeyd edək ki, bu gün hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu, heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Ancaq pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, ya da hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənənlər bu gün salonlarda qanla bağlı müxtəlif prosedurlar həyata keçirirlər. Məsələn, plazma liftinq (PRP), lazer epilyasiya, xalların yandırılması, ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. kimi qanla əlaqədar, həmçinin bədənə yad maddələr yeridilən prosedurlar salonlarda gerçəkləşdirilir. Plazma liftinq proseduruna diqqət edək. Bu prosedur zamanı damardan 100-200 qram qan alınır və qanın trombositlərlə zəngin plazma (PRP) hissəsi götürülərək müalicə olunacaq bölgəyə vurulur. Bu zaman həmin bölgədəki hüceyrələr yenilənir. PRP saç tökülməsi zamanı, üzü gəncləşdirmək üçün, ayaq, çiyin, dizdəki kirəcləşmələr və s. zamanı istifadə olunan prosedurdur. Göründüyü kimi, bu zaman qan bədənin bir yerindən alınır və kənarda müxtəlif əməliyyatlar aparılaraq trombositlərlə zəngin plazma bədənin digər yerinə vurulur. Bu zaman proseduru düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan da əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur.

Apardığımız araşdırmalar əsasında bir sıra dövlətlərin təcrübələri ilə də tanış olduq. Əldə etdiyimiz məlumatlara görə, Rusiyada bu sahə kifayət qədər inkişaf edib. Həkim-kosmetoloq ixtisası rəsmi şəkildə ölkənin Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Türkiyədə də kifayət qədər professional mütəxəssislər var. Hazırda Türkiyənin ən tanınmış ali təhsil ocaqlarında kosmetoloq olmaq üçün azı 3 il təhsil almaq şərtləri qoyulub.

Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur.

Bəs Azərbaycanda qanun nə deyir?

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub:

“Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşmış keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər”.

Lakin çox zaman bizdə xarici ölkələrdən fərqli olaraq adi qadın salonlarında "kosmetoloq” işləyən şəxslər çox zaman orta təhsilə malik olurlar. Mütəxəssislər isə deyir ki, kosmetoloq olmaq üçün farmakologiya, kimya, anatomiya, biokimya, dəri xəstəlikləri, onlara diaqnoz qoyulması və müalicə olunması sahəsində dərin biliklərə malik olmalıdır. Ali tibbi təhsili, kimya, biologiya, fizika və psixologiyadan ətraflı məlumatı olmadan necə kosmetoloq işləmək olar?

Fikirləşdik ki, bu suala ən yaxşı elə işin içində olan biri cavab verə bilər.

Bu səbəblə plastik cərrah Ülviyyə Ağazadəyə müraciət etdik.

O bildirib ki, həkim kosmetoloqlar əslində tibbi təhsilli dermatoveneroloqlar olmalıdırlar:

“Təbii ki, salon şəraitində kosmetoloji prosedurların aparılması çox təhlükəlidir. Nəinki pasiyentə iynə vurmaq, hətta adi maskanın edilməsi belə düzgün deyil. Çünki maskanın tərkibində belə allergen ola bilər, hansı ki pasiyentin bədəni buna əks-reaksiya göstərə bilər. Bu zaman əgər pasiyent şoka düşsə, salon şəraitində onu vəziyyətdən necə çıxarmaq olar? İnyeksiya, yəni iynə vasitəsilə həyata keçirilən, orqanizmə yad maddənin daxil olması ilə gerşəkləşən prosedurları gözəllik salonlarında etmək düzgün deyil. Çünki inyeksiyaların tərkibi o qədər də məsum deyil. Onların bəziləri tam gigiyenik və klinik şəraitdə həyata keçirilməlidir. Ona görə də belə asanlıqla insan həyatını təhlükəyə atmaq olmaz".

Bəs gözəllik salonlarında gigiyenik vəziyyət nə yerdədir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən saytımıza verilən məlumata görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığı üçün Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında müvafiq nəzarət tədbirləri həyata keçirilmir:

““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası 2 iyul 2013-cü il tarixli Qanununun 16.1.3. bəndinə əsasən, sahibkarlıq subyektində yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə konkret faktlara əsaslanan rəsmi məlumatlar, şikayətlər daxil olduqda aparıla bilər”.

Məlumatda bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanına əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:
1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;
2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;
3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi.
Bundan başqa, həmin qanunun 8.3. bəndinə əsasən “sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir”.

Əziz xanımlar, hər zaman gözəl görünmək istəmək hər birimizin haqqıdır. Lakin bunun üçün xeyli diqqətli olmaq gərəkdir. Gözəlliyin tələb etdiyi qurban canınız olmasın.
 
Ardını oxu...
 

Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub.

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişiklik daxil edilməlidir:

“Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.

Qeyd edək ki, zaman-zaman bu məsələ gündəmə gəlir, həkimlərin reklam olunması tənqid hədəfinə çevrilir. Əsas narazılıq isə TV-lərə çıxan həkimlərin reklam olunduqları kimi peşəkar olmaması ilə bağlıdır. Aparıcıların “bəh-bəh”lə təqdim etdikləri və təriflədikləri bu həkimlərə müraciət edənlər bir çox hallarda məyus olurlar. Yazılan müalicə və ya uğursuz əməliyyatları zamanı bu həkimlərin əsl “peşəkarlığı” ortaya çıxır.

Yeri gəlmişkən, yaxın vaxtlarda həmin həkimlərin telekanallara ödədiyi dodaq uçuran qiymətləri də açıqlanmışdı. Qeyd edilir ki, verilişlərin reytinqindən asılı olaraq 10 min, 17 min, 20 min, hətta 38 min manat ödəniş edən həkimlər var.

Narahatlıq doğuran əsas məsələ - şou və əyləncəli proqramlarda reklam olunan həkimlər pasiyent sarıdan korluq çəkmir, peşəkar həkimlər isə az pasiyentlə kifayətlənməli olurlar...

Bəs, həkimlər deputatın təklifi ilə razıdırlarmı?

Ardını oxu...

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini açıqlayıb:

“Həkim reklamları biabırçılıqdır. Bunlar səhiyyənin üz qarasıdırlar. Bu reklam həkimlik sənətinə hörmətsizlikdir. Bu insan çıxır orada oturur, onu şoumen adlandırırlar. “Bir nömrəli” həkimin üzü qızarmadan o camaatın üzünə baxır, bu, sadəcə biabırçılıqdır. Bu, yığışdırılmalıdır. Biz bunu dəfələrlə demişik. Amma bunun qarşısını vaxtında almaq lazım idi, gecikmişik. Reklamla çıxan adam artıq həkimliyi biznesə çevirir, dələduzluğa yol açır. Dünyada harada var həkim reklamı? İki-üç adam gəlir ora, böyük miqdarda rüşvət verir, pullar da hara yığılıb verilir, Allah bilir. Camaat da aldanır. Qınamıram, falçıya inanan insanlardır, aldanırlar”.

Ardını oxu...

Həkim-pediatr Vaqif Qarayev də mövzu ilə bağlı Musavat.com-a deyib ki, deputatın fikirləri ilə razıdır:

“Bu günə qədər məni də bir çox verilişlərə dəvət ediblər, qəbul etməmişəm. Çünki efirdə özünü tərifləyən həkimə nəinki ictimaiyyət, həkim kontingenti də pis baxır. Əslində necə olmalıdır. Ən yaxın klinika haradırsa, insanlar da ora getməlidir. Amma bizdə belə deyil. Qanunla pasiyentin həkim seçmək hüququ var. Bu kampaniya spontan başlayıb, bilərəkdən aparılır. Çünki dur deyən yoxdur. Misal üçün, Musa Quliyevin fikrinə Aqil Abbasın çox maraqlı bir replikasını oxudum. Deyir, “arvad boğuşmasına da efirdə həkimlər reklam olunur”.

Bu, sadəcə biabırçılıqdır. Belə olmamalıdır. Həkim xəstənin çarpayısının yanında tərif eşitməlidir, onun yeri oradır. Bəzi həkimlər əməliyyatı canlı şəkildə paylaşırlar. Bu olmaz! Əməliyyatı yalnız bir halda paylaşmaq olar, həkim auditoriyasında paylaşmaq olar. Ümumi publika üçün paylaşmaq olmaz. Bunu deyəndə həmkarlar inciyir. Bu məsələ elə həll edilməlidir ki, həkim xəstə axtarışına çıxmasın, xəstə də həkim axtarışına çıxmamalıdır. Bunun üçün icbari tibbi sığorta bütün klinikalarda, yəni həm özəl, həm də dövlət klinikalarında işləməlidir”.

Afaq MİRAYİQ,
Musavat.com

 
 
 
Ardını oxu...

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.
Ardını oxu...
Səhər saatlarında Gürcüstanın Bolnisi şəhərində yerləşən "Bolnisi" hotelində Azərbaycan vətəndaşı dünyasını dəyişib.

Regionpress.ge xəbər verir ki, şəxsin vəziyyəti gecə saatlarında pisləşib.

Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib. Hadisənin səbəbləri hələlik məlum deyil. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Qeyd olunur ki, mərhumun bir azyaşlı övladı var.
 
Ardını oxu...
Bu gündən etibarən "Azercell" abunəçiləri aylıq istifadə haqqı ödəyəcəklər.
İqtisadiyyat.az xəbər verir ki, hər ay mobil xidmətlərə (zənglər, internet, SMS və s.) 2 AZN-dən az pul xərcləsəniz, balansınızdan avtomatik olaraq 2 AZN (vergilər daxil) xidmət haqqı çıxılacaq.

Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Yəni əgər istifadəçi ay ərzində 2 AZN-dən çox xərcləsə, bu xidmət haqqı çıxılmayacaq.

Xidmət haqqı hesablanarkən "Paycell" və "Simkredit" xidmətləri nəzərə alınmır. Ay bitdikdən sonra, növbəti ay balansda kifayət qədər vəsait varsa, həmin ayın xidmət haqqı tam şəkildə çıxılacaq. Əgər balansda kifayət qədər pul yoxdursa, qalıq məbləğ hesabdan silinir və balans artırıldıqda qalan məbləğ avtomatik çıxılır.

Qeyd edək ki, "Bakcell" və "Nar Mobile" nömrələrində bu məcburi deyil. Hətta balansda 0,10 ₼ qalsa belə, məbləğ növbəti balans artımında deyil, yalnız ayın sonu çıxılacaq. "Azercell"də isə bu məcburidir və faktiki olaraq hər ay 2 manat ödənilməlidir.

2 manat faktiki vəsait qarşılığında 30 günlük bonus olaraq 25 dəqiqə şəbəkədaxili (ancaq "Azercell" abunəçilərinə) və 250 meqabayt təqdim olunur.

İmtina etmək üçün istifadəçi "Sadə" tarifinə qoşula bilər. Beləliklə, yalnız "Sadə" tarifi üçün 6 ₼ abunə haqqı ödəniləcək.
 
Ardını oxu...
Bu gün sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində yerləşən Bayraq Meydanında küləkli hava şəraitinə görə Azərbaycanın üçrəngli dövlət bayrağının cırılması ilə bağlı görüntülər yayılmışdı.

Bakı Bulvar İdarəsi Bayraq Meydanında dövlət bayrağının cırıldığı iddiaları ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Qurumdan Yenicag.az-a təqdim olunan rəsmi açıqlamada qeyd olunur ki, yayılan görüntülərdə bayraq burulduğu üçün cırılmış kimi görünür:

“Görüntülərdə bayrağın burulması nəticəsində cırıldığı təəssüratı yaranıb. Lakin dövlət bayrağına hər hansı zərər dəyməyib".
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil.
 
Ardını oxu...
Dünən ölkəmizdə Gömrük İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilib.

Gununsesi.info -nun məlumatına görə, bu münasibətlə DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir qrup əməkdaşı xüsusi rütbə ilə təltif edib.

Təltif olunanların siyahısında Camalov İlqar Elmar oğlunun da adı var.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, İlqar Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.

Burada maraqlı məqam odur ki, E.Camalov Baş prokurorun müavini kimi Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyini kurasiya edir.

İlqar Camalov isə atasının kurasiyasında olan Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin Rəqəmsal Ticarət Araşdırmaları Şöbəsinin rəisi vəzifəsini tutur.
 

Dünyapress TV

Xəbər lenti