Ardını oxu...
Türkiyədə Çanaqqala (Dardanel) boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.

Gəmilərin hərəkətinin nə zaman bərpa olunacağı məlum deyil.
 
Ardını oxu...
Dünən ölkəmizdə Gömrük İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilib.

Gununsesi.info -nun məlumatına görə, bu münasibətlə DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bir qrup əməkdaşı xüsusi rütbə ilə təltif edib.

Təltif olunanların siyahısında Camalov İlqar Elmar oğlunun da adı var.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, İlqar Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.

Burada maraqlı məqam odur ki, E.Camalov Baş prokurorun müavini kimi Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyini kurasiya edir.

İlqar Camalov isə atasının kurasiyasında olan Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin Rəqəmsal Ticarət Araşdırmaları Şöbəsinin rəisi vəzifəsini tutur.
 
Ardını oxu...
Ölkənin böyük dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Zeytun Pharma” şirkəti İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 7 fevral tarixində hakim Firuzə Kərimovanın sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

“Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir”, – proqramda qeyd olunub.

Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə
verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və
119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
 
 
 
Ardını oxu...
Ali Məhkəmədə məşhur həkim Öndər Tulumbacının kassasiya şikayətinə baxılıb.

Öndər Tulumbacı tanınmış vəkil Əkrəm Həsənovu Cinayət Məcəlləsinin 147-ci – böhtan maddəsi ilə ittiham edən şikayətini Xətai rayon Məhkəməsinə vermişdi.

Öndər Tulumbacı Əkrəm Həsənovun Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda fikirlərini böhtan hesab edirdi.

Vəkil Əkrəm Həsənov sosial şəbəkə hesabında həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı. Həmin yazıdan sonra həkim Öndər Tulumbacı vəkili onu böhtan atmaqda ittiham etməklə məhkəməyə müraciət etmişdi.

Məhkəmə prosesləri getdiyi zaman Əkrəm Həsənov Öndər Tulumbacını ittiham etməyə hazırlaşdığını demişdi. Bildirmişdi ki, Cinayət Məcəlləsində cinayət barəsində yalandan xəbərçilik maddəsi var. Yəni şəxs bilə-bilə yalan məlumat verirsə, yalandan olaraq cinayətdə ittiham edirsə, buna görə məsuliyyət nəzərdə tutulur. Vəkil qeyd etmişdi ki, Öndər Tulumbacının şikayətində birbaşa böhtan var.

Vəkilin yazdıqlarından sitat: “Yazır ki, onu dələduz adlandırmışam, rüşvət verib Ali Məhkəmənin qərarını əldə etmişəm. Halbuki mənim sosial şəbəkədəki hesabımda belə bir şey yoxdur. Mən onu nə dələduz adlandırmışam, nə də Ali Məhkəməyə rüşvət vermişəm. Mən bundan sonra sosial şəbəkədəki məlum statusumda hər hansı bir dəyişiklik etsəm belə, bu, görünəcək, bilinəcək.

Öndər Tulumbacı məlum xüsusi ittihamında mənə böhtan atıb. Hesab edirəm ki, Öndər Tulumbacı mənim şikayətimi oxuyandan sonra emosional vəziyyətdə olub və belə bir böhtanlar yer alan şikayət yazıb. Öndər Tulumbacı məhkəməyə gəlməli, xüsusi ittihamda yazdığı yalanlara görə cavab verməlidir. Tulumbacının şikayəti çox qeyri-ciddi (xeyli qrammatik səhv var, yazımın tarixini belə yanlış göstərib və s.), əsassız və hətta gülüncdür. Yəni heç diqqətəlayiq deyil. Təbii, bu o demək deyil ki, məhkəmə prosesinə hazırlaşmıram. Əksinə, şikayət verildikdən sonra süni mayalanma sahəsini daha dərindən öyrənir, dəhşətə gəlir və problem üzrə araşdırmalarımı genişləndirmək əzmindəyəm. Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır! Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə arvadı isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə, belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadı haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam. Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm.

Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu, absurddur. Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib.
Buna görə də bu işdə qərar kişinin xeyrinə olub.

Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib. Nə isə, qayıdaq Tulumbacıya. Şikayətdə özü mənə böhtan atıb. Yazıb ki, guya mən onu dələduzluqda ittiham etmişəm və yazmışam ki, “məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.)” müvafiq Qərar verilib. Halbuki, mənim yazımda belə şeylər ümumiyyətlə yoxdur! Tulumbacı şikayətdə yazır ki, guya mənim yazımdan sonra “hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalıb”.

Başa düşdüyüm qədər o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirdiyimdən narazıdır. Çünki guya nəticədə potensial müştəri bazası azalıb. Lakin Qərarı ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur. O cümlədən maarifləndimə kontekstində. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanının preambula hissəsində deyilir ki, “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı”dır. Şəffaflığı təmin etmək üçün biz hüquqşünaslar mühüm qərarlar haqda cəmiyyətə məlumat verməliyik. Mən də bunu etmişəm. Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Söhbət genofonddan gedir. Bu sahədə hazırda ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Görəsən, buna görəmi şəhidlərimiz canlarını qurban verdi ki, indi qadınlarımız naməlum kişilərdən uşaq doğsun?! Cənab Prezident fevralın 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən deyib:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Bundan sonra deyib: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir… Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq…” Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki, həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər. Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!”

Xətai rayon Məhkəməsi Öndər Tulumbacının xüsusi ittiham qaydasında verdiyi şikayətini təmin etməmişdi. Bakı Apellyaysia Məhkəməsi də şikayəti əsassız saymışdı. Ali Məhkəmə də aşağı məhkəmə instansiyaların iş üzrə qərarlarını qüvvədə saxlayaraq Öndər Tulumbacının kassasiya şikayətini təmin etməyib.

Musavat.com
 

Ardını oxu...
Azərbaycanda üç dövlət qurumunun birləşdiriləcəyi gözlənilir. Etibarlı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, hökumətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vahid qurumda birləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Qeyd olunur ki, yaxın zamanlarda müzakirələr yekunlaşacaq və ölkə başçısı tərəfindən müvafiq qərarlar veriləcək.

Bu qurumlar əmlak sektorunda dövlət siyasətinin icrasını həyata keçirir.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir.

Həmçinin ƏMDX-nin:

-müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

-müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

-dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;

-Dövlət Əmlakının Reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək və s. kimi çoxsaylı vəzifləri var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

Komitə şəhərsalma və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir.

Komitə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini də (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) həyata keçirir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mənbə bildirir ki, dövlət qurumlarının birləşdirilmə ehtiyacı əmlak sahəsinin idarə olunmasında çoxsaylı bürokratik əngəllər, korrupsiya, rüşvət və s. neqativ əməllərin qarşısının alınması, dövlət siyasətinin daha çevik mexanizmlərlə həyata keçirilməsi ehtiyacından irəli gəlir. Gözlənilir ki, hər üç qurumun ehtiyac olmayan çoxsaylı strukturları, ştat vahidləri ciddi ixtisarlara məruz qalacaq və müasir texnolgiyalara əsaslanan çevik idarəetmə qurumları təşkil olunacaq.

“AzPolitika.info”
 
Ardını oxu...
Maliyyə Bazarında kiber dayanıqlığın gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2024-2026 illəri əhatə edən maliyyə sektorunun inkişaf Strategiyasının təşəbbüslərinin icrasına başlanılıb.
Bankların qarşısında informasiya təhlükəsizliyini gücləndirməklə bağlı tələb qoyulacaq. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Mərkəzi Bankından (AMB) verilmiş cavabda bildirilib.
Mart ayından banklar qarşısında yeni tələblər qüvvəyə minəcək!
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bankların kiber mühafizə sistemlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər" rəhbər tutaraq aşağıdakı tədbirləri həyata keçirməklə təmin oluna bilər. Bütün tələblər nəzarət subyektlərində məlumatların oğurlanmasının qarşısının alınması üçün tələb olaraq qeyd olunub. 2025-ci ilin mart ayından etibarən Tələblər qüvvəyə minəcək. (https://e-qanun.az/framework/56708).
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov bugünlərdə keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutduğunu açıqlayıb.
O, bildirib ki, nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır.
"Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq", - deyə o qeyd edib.
Əsas tələblər nə olacaq?
AMB-dan sorğumuza verilmiş cavabda o da bildirilib ki, kart məlumatlarının sosial mühəndislik (social engineering) metodu ilə oğurlanmasının qarşısı alınması üçün Banklar və Ödəniş təşkilatıarı tərəfindən müştərilər üçün maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirməlidir. Eyni anda Antifraud (Dələduzluğa qarşı mübarizə) şöbə və ya bölmələri tərəfindən ödənişlər davamlı şəkildə 24/7 monitorinqi tövsiyyə edilir.
"Əlavə olaraq bildirmək istərdik ki, Maliyyə Bazarında kiber dayanıqlığın gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2024-2026 illəri əhatə edən maliyyə sektorunun inkişaf Strategiyasının təşəbbüslərinin icrasına başlanılıb-(https://www.cbar.az/pages/strategy). Mərkəzi Bank tərəfindən ödəniş xidmətlərindən təhlükəsiz formada istifadənin təmin edilməsi məqsədilə davamlı olaraq qabaqcıl ölkə təcrübələri izlənilməklə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət həyata keçirilir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 35.2-ci maddəsinin tələbinə əsasən hazırlanmış "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 mart 2024-cü il tarixli 12/2 nömrəli Qərarı ilə təsdiq edilib. Qayda ödəniş xidməti istifadəçilərinin etibarlı autentifikasiyası, habelə onların fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyinin və bütövlüyünün qorunması, həmçinin dələduzluq və digər qanunsuz fəaliyyət risklərinin azaldılması istiqamətində konkret tələbləri nəzərdə tutur",deyə AMB-dən bildirilib.
Mərkəzi Bank onu da bəyan edib ki, onlar tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir: "Ötən dövr ərzində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanmış və Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanıb. Cari il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur".
Kartlardan pul oğurluğu hansı üsullarla həyata keçirilir?
Azərbaycan Mərkəzi Bankı kartlardan oğurluqların səbəbini açıqlayıb. Sorğumuza cavabda bildirilib ki, fırıldaqçılar kartlardan pul oğurlamaq üçün müxtəlif üsullarla əl atırlar.
"Fırıldaqçılar özlərini bank əməkdaşı kimi təqdim edərək zənglər edərək, maillər yazaraq və ya telefona mesajlar göndərərək kart məlumatlarını əldə etməyə və vəsaitlərdən qanunsuz olaraq istifadə etməyə cəhd göstərə bilərlər. Son dövrlərdə fırıldaqçılar tərəfindən ən çox istifadə olunan metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır. Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır", deyə Mərkəzi Bankdan bildirilib.
Kart məlumatlarını paylaşmayanların da kartından oğurluq olur
Mərkəzi Bank vətəndaşların bank kartı barədə məlumatları paylaşmadığı halda belə oğurluq hallarının olduğuna da aydınlıq gətirib.
Mərkəzi Bankdan bildirilib ki, göndərilmiş müxtəlif linklər və şühbhəli saytlarda kart sahibi əməliyyat apardıqda dələduzlar məlumatı əldə edir və olur ki, darknet və ya başqa şəbəkələr vasitəsilə üçüncü tərəflərə bu məlumatı satırlar: " Nəticədə müəyyən müddət keçir və kart sahibi fərqli mənbələrdən kartından pul çıxarıldığını aşkar edir. Ümumiyyətlə tövsiyyə olunur ki, onlayn əməliyyatlar üçün aşağı balansı olan ayrıca debet kartlardan istifadə edilsin. Həmçinin öz istifadə göstəricilərinidən asılı olaraq bir əməliyyat üçün maksimal limitlər müəyyən etsin. Bu kimi addımlar kart sahibini böyük itkilərdən sığortalamış olur. Bəli qeyd edildiyi kimi, bəzi saytlarda ödəniş aparıldığı zaman OTP tələb olunmaya bilər. Kart sahibi tərəfindən limitlərin tətbiqi vəsait itkisinin qarşısını ala bilər".
Kart hesablarından pulların oğurlanması ilə bağlı şikayətlər kəskin artıb!
Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son vaxtlar kart hesablarından pulların oğurlanması ilə bağlı şikayətlər kəskin artıb. Elə həftə yoxdur ki, kart hesabından pul oğurluğu ilə bağlı ona şikayət daxil olmasın.
Ə.Həsənov deyir ki, əksər hallarda kart barədə məlumatları elə kart sahiblərinin özləri dələduzlara verirlər:
"Əksər hallarda kiberdələduzlar vətəndaşları bankların adından zəng edərək aldadır və kart məlumatlarını ələ keçirirlər. Bəzi hallarda isə vətəndaşlar internet saytlarından onlayn alış-veriş edərək kart məlumatlarını ora yerləşdirirlər. Ona görə də, vətəndaşlara tövsiyə olunur ki, kart məlumatlarını heç kəsə verməsinlər. Tanınmayan saytlardan alış-veriş etməsinlər".
Banklar həmişə günahı vətəndaşın boynuna atır
Amma Ə. Həsənov deyir ki, bu, heç də həmişə vətəndaşın günahkar olduğu anlama gəlmir. Onun sözlərinə görə, bəzən banklar vətəndaşları günahkar çıxardırlar ki, onlar kart məlumatlarını kiberdələduzlara verirlər.
"Banklar sistemi elə qurmalıdırlar ki, kartdan istifadə zamanı hər dəfə vətəndaşın mobil telefonuna sms gəlsin, OTP kod daxil edildikdən sonra kartdan vəsait çıxılsın. Bankların belə bir xidməti var. Vətəndaş bilərəkdən yaxud bilməyərəkdən bu məlumatları təsadüfən kiberdələduzlara verə bilər. Amma bankların da bir mühafizə sistemi olmalıdır. Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir. Kiberdələduzlar vətəndaşın mobil telefonunu görə, ora müdaxilə edə bilmirlər. Bəzən sms xidmətlərə qoşulan müştərilərə də otp kod gəlmir, və vəsait kartdan silinir. Artıq bunun günahı vətəndaşlarda yox, banklardadır", Ə.Həsənov bildirib.
Bankların informasiya təhlükəsizliyi sistemində boşluqlar var!
Hüquqşunas deyir ki, böyük məbləğlər kartdan çıxardıldıqda bankın mühafizə sistemi sms təsdiqi olmazsa, kartı avtomatik bloklamalıdır:
"Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması faktı banklardakı bu boşluğu üzə çıxartdı. Bank sms təsdiqlənmirsə müştəriyə zəng edib kartdan vəsaitin onun tərəfindən çəkilib-çəkilmədiyini dədiqləşdirməlidir. Çünki, banklar xaricə pul köçürdükdə müştərini "sual atəşinə" tuturlar. Bu onu göstərir ki, bankların informasiya təhlükəsizliyi sistemi zəifdir. Çünki, bəzən vətəndaş kart məlumatlarını ikinci şəxsə ötürmədikdə belə çıxılır. Bu xüsusilə müştərisi çox olan banklarda müşahidə olunur. Bu da bankların loru dildə desək, acgözlüyündən qaynaqlanır. İri bankların o qədər müştərisi var ki, onlar bütün müştərilərinin hesablarının təhlükəsizliyini qoruya bilmirlər. Bu zaman banka sual oluna bilər ki, təhlükəsizliyi təmin edə bilməyən bank bu qədər müştəriyə niyə xidmət götürmək öhdəliyi götürür?".
Xatırladaq ki, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər"ə əsasən, maliyyə qurumları informasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (İTİS) davamlı təkmilləşdirməli, bu istiqamətdə informasiya təhlükəsizliyi siyasəti hazırlanmalıdır. Bu siyasətə azı ildə 1 dəfə ayrıca baxıla, habelə risklərin idarə edilməsi sisteminə baxılarkən yenidən nəzərdən keçirilə və tələb edildikdə müvafiq dəyişikliklər edilə bilər. Bundan başqa, İTİS-in davamlılığının, adekvatlığının və effektivliyinin təmin edilməsi üçün dəyişikliklər edildikdə informasiya təhlükəsizliyi siyasətinə növbədənkənar qaydada yenidən baxıla bilər.
Bu Tələblərə uyğunluğun qiymətləndirilməsini kənar auditor I kateqoriya nəzarət subyektlərində (banklar, sığortaçılar, mərkəzi depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul təşkilatları və ödəniş sistemlərinin operatorları) ildə 1 dəfədən az olmayaraq, II və III kateqoriya nəzarət subyektlərində (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları və investisiya fondlarının idarəçiləri; kredit ittifaqları istisna olmaqla, bank olmayan kredit təşkilatları) 2 ildə bir dəfədən az olmayaraq aparacaq.
 
Ardını oxu...
Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzindəki oteldə baş verən yanğından xilas olan işçi hadisənin baş vermə səbəblərindən danışıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

78 nəfərin həlak olduğu yanğından xilas olan hotel əməkdaşı Tuni Urhanın sözlərinə görə, sahibkarların səhlənkarlığı olmasaydı, faciənin qarşısını almaq mümkün olardı.

Onun iddialarına görə, yanğın pilləkənindən başlayaraq yanğınsöndürən balonlara qədər hər bir şeydə ciddi xətalara yol verilib. Belə ki, yanğın pilləkənlərinə çıxış hər mərtəbədə qoyulmayıb, yalnız SPA olan mərtəbədən pilləkənə çıxmaq mümkün olub.

Pilləkənlər taxtadan olub və üstü xalça ilə örtülüb. Bu da yanğının sürətlə yayılmasına səbəb olub.

Tuni Urhan deyib ki, hoteldə yanğınsöndürən balonlar olmayıb və yanğın siqnalı da aktiv edilməyib. Buna görə də hotelin qonaqları yanğından gec xəbər tutublar. Avtomatik yanğınsöndürmə sistemi isə ümumiyyətlə işə düşməyib.

Hotelin əməkdaşı hələ ötən ilin dekabrında müvafiq qurumlar tərəfindən hotelə baxış zamanı bir sıra xətaların aşkarlandığını da qeyd edib.

Liftlərdən birinin nasaz olması səbəbindən üzərinə bildiriş yapışdırılsa da, hoteldə həmin liftdən istifadəyə davam edilib.

Tuni Urhan bütün bu problemlər fonunda hətta personal arasında “bu mövsümü də salamat başa vura bilsək, xoşbəxt olarıq” deyə zarafatın da yayıldığını vurğulayıb. Onun sözlərinə görə, yanğın zamanı yardım çağırılanda belə onun miqyası barədə yanlış məlumat verilib, ona görə də yanğınsöndürənlər hadisə yerinə gələndə artıq çox geniş ərazini əhatə edən alovun qarşısını almaq da dərhal mümkün olmayıb.

Xatırladaq ki, Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Hadisə nəticəsində 78 nəfər ölüb, 52 nəfər xəsarət alıb.
 
Ardını oxu...
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olub.

Referans.az xəbər verir ki, sözügedən ərazidə yerləşən küçələrdən birində yaranan antisanitar vəziyyət küçədən keçənləri təngə gətirib.

Ərazidə yaşayanların iddialarına görə, küçə artıq bir neçə aydır ki, məişət tullantıları ilə dolub daşır. Buna baxmayaraq, aidiyyatı qurum nə ərazini təmizləmir, nə də həmin küçədə yaşayan sakinlərə yaratdıqları natəmizliklə bağlı xəbərdarlıq etmir.
İddialara görə, sözügedən küçədə bəzən müxtəlif heyvan cəsədlərinə də rast gəlinir. Bu isə birbaşa xəstəlik mənbəyi və Hövsan sakinlərinin evinə ayaq açan təhlükədir.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Mahal” Mənzil-Tikinti Kooperativinin sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, “Mahal” MTK-a tərəfindən Binəqədi rayonunda vətəndaş Vaqif Həsənova (şərti) məxsus qaraj söküldüyü üçün razılaşdırılmış 57885 manat kompensasiya illərdir ödənilmir.

Bu barədə məhkəmə qərarı olmasına baxmayaraq, “Mahal” MTK tərəfindən vətəndaşın kompensasiyasının ödənilməsi təmin edilməyib. MTK Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş icra sənədinin icrasından yayınıb.

Məhkəmənin qərarı ilə MTK-nın qanuni təmsilçisi və sədri Rəhimov İlqar Vəliyəddin oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.
O da məlum olub ki, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194627.9 manat vergi borcu var. Bununla əlaqədar olaraq MTK-nın bütün bank hesablarına sərəncam qoyulub.

Qeyd edək ki, “Mahal” MTK, “Mahal Şirkətlər Qrupu”na daxil tikinti şirkətidir. “Mahal Şirkətlər Qrupu”nun qanini təmsilçisi və direktoru Rəhimov Elvin Adil oğludur.

İlqar Rəhimov “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə dəfələrlə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb.
 

Dünyapress TV

Xəbər lenti