Ardını oxu...
Hindistanın “EurAsian Times” xəbər saytının bu həftə verdiyi məlumata görə, Ermənistan və Hindistan arasında 41,5 milyon dollar dəyərində antidron sistemlərinin alınması üçün müqavilə imzalanıb.

Ermənistan həmçinin Fransa ilə də hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlı görünür.

Türkiyədə yaşayan jurnalist Könül Şahin Ermənistanın müdafiə sistemində yeni tərəfdaşlar axtarışı barədə BBC Azərbaycanca üçün yazıb.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs EurAsian Times-a bildirib ki, Ermənistan Hindistanın Zen Technologies şirkətilə bu müəssisənin istehsalı olan Zen Anti-Dron Sisteminin (ZADS) alınması barədə razılığa gəlib.

Hindistanın Hərbi Hava Qüvvələri şirkətin anti-dron sistemlərini 2021-ci ildə öz arsenalına daxil edib. Ölkənin quru qoşunları isə Zen Technologies şirkətinə 20 ədəd ZADS sifarişi verib və anti-dron sistemlərinin 2024-cü ildə quru qoşunlarına təslin ediləcəyi bildirilir.
Bu sistem dronları aşkarlayıb sinifləndirir və onların rabitə sistemini pozaraq neytrallaşdırır.

Ermənistanla imzalanan müqaviləyə sistemlərlə işləmək üçün hərbi personalın hazırlanmasını nəzərdə tutan təlimlər də daxil edilib.

Zen Technologies oktyabrda Ermənistanda şirkətin filialını açmaqla bağlı razılaşmanın əldə olunduğunu bildirib. Bundan əlavə, müəssisə Ermənistanda biznes imkanlarını yaratmaqla yanaşı, Yerevanı satış, dəstək və xidmətlərlə təmin etmək niyyətindədir.
Ermənistan hələ 2022-ci ildə Hindistanla ümumi dəyəri 250 milyon dollar olan PINAKA - Qrad-tipli reaktiv yaylım atəş sistemlərinin, eləcə də tank əleyhinə raketlərin və digər növ hərbi sursatların alınmasına dair müqavilə imzalayıb, The Economic Times yazıb.

Ermənistan oktyabrda Fransa ilə də hərbi əməkdaşlıq müqaviləsi imzalayıb.

Ermənistan və Fransa arasında imzalanan bu hərbi əməkdaşlıq müqaviləsini rəsmi Bakı “Cənubi Qafqaz regionun daha da hərbiləşdirilməsi yolunun” seçilməsi kimi qiymətləndirsə də, rəsmi Yerevan bunun müdafiə məqsədi daşıdığını bildirib və bu qərarın ölkənin təhlükəsizlik mühitini daha əhatəli etməyə yönəlik bir addım olduğunu söyləyib.

Fransa ilə hərbi əməkdaşlıq nələri nəzərdə tutur?
Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lecornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq.

Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir.

Bu saziş Ermənistanın Qərb ölkəsilə imzaladığı ilk belə müqavilədir.

Parisdə Ermənistanın müdafiə naziri Suren Papikyanla keçirdiyi birgə mətbuat konfransında Lecornu bildirmişdi ki, hazırda Ukraynada istifadə edilən bu radar sistemi “müstəsna aşkarlama imkanları” ilə tanınır.

“Erməni xalqının tarixinin çətin anlarında olduğu kimi, bu gün də Ermənistan ətrafındakı mürəkkəb hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı bizim tərəfimizdədir, bu da ən böyük təqdirə layiqdir və buna görə mən bir daha minnətdaram”, - Suren Papikyan deyib.

Müdafiə nazirləri, həmçinin “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı niyyət memorandumu imzalayıblar.

Fransanın müdafiə naziri silahların müdafiə xarakteri daşıdığını qeyd edib.

“Bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir”.

Lecornu sosial media hesabından verdiyi açıqlamada “Ermənistan özünü müdafiə etməli və xalqını qoruya bilməlidir” deyib və əlavə edib ki, Fransa Ermənistanın qurudan müdafiə qüvvələrinə təlim keçəcək, ordunun islahatı və modernləşdirilməsinə dəstək verəcək.

O bildirib ki, fransalı bir zabit Ermənistan Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndəriləcək.

Silah-sursatın xərci necə qarşılanacaq?
Azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə BBC News Azərbaycancaya deyib ki, “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir.

“Görünən odur ki, Ermənistan Silahlı Quvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Xatırlatmaq istəyirəm ki, 44 günlük və ondan sonrakı hərbi toqquşmalarda Azərbaycan Ermənistanın hava hücumundan müdafiə qoşunlarının texniki vasitələrinin çoxunu sıradan çıxarmışdı”, - o bildirib.

Aqil Rüstəmzadə Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı genişləndirmək istədiyini, amma Qərb ölkələrinin istehalsal etdiyi silahların baha olduğunu və Ermənistanın buna büdcəsinin yetərli olmadığını deyir.

"Bildiyimiz kimi, hava hümundan müdafiə sistemlərinin tərkibində fərqli zenit-raket kompleksləri də olur. Böyük ehtimalla, Ermənistan bundan sonrakı mərhələdə Fransadan zenit-raket komplekslərini də alacaq. Amma onu qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin istehsal etdiyi silahlar bahadır və Ermənistan maliyyə vəsaiti çox olmayan bir ölkədir. Bu proses necə intensiv şəkildə və hansı miqyasda baş verəcək, bu məndə suallar doğurur”, o bildirir.

Fransanın “Le Monde” qəzetində saziş imzalanandan sonra dərc edilən məqalədə bu müqaviləyə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, Fransanın Ermənistana dəstəyi üçün təlimlərin də daxil olduğu xatırladılıb və Ermənistanın bu xərcləri necə ödəyəcəyinin sual altında olduğu qeyd edilib:

“Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdir. Amma Yerevanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”, -Le Monde yazıb.

“Qərb düşərgəsilə münasibətlərdə “mühüm hadisə”
Erməni politoloq Hraçya Arzumanyan Ermənistanla Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında müqavilənin imzalanmasını təkcə Ermənistan-Fransa münasibətlərində deyil, ümumiyyətlə Qərb düşərgəsi ilə münasibətlərdə “mühüm hadisə” kimi qiymətləndirir.

O, BBC News Azərbaycancaya bildirib ki, Ermənistanın formal olaraq, hələ də KTMT üzvü və Rusiyanın hərbi müttəfiqi olmasına baxmayaraq, bu, öz öhdəliklərini yerinə yetirməmiş və faktiki olaraq, “Ermənistana xəyanət etmiş” Rusiya ilə əlaqələr əvəzinə, Qərbdə yeni əlaqələr yaratmaq və təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtarmaq üzrə ilk addımdır.

“Bu, əvvəllər Rusiya, Türkiyə və İran tərəfindən tamamilə avtoritar rejimlərin nəzarəti altında hesab edilən Cənubi Qafqaz üçün Qərbin strategiyası çərçivəsində yeni regional təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak etmək üzrə mühüm addımdır”, - Hraçya Arzumanyan deyir.

Fransadan alınan silah sursatın necə çatdırılacağı bəlli deyil, ancaq daha öncə Hindistandan tədarük edilən silahlar İran ərazisindən Ermənistana çatdırılmışdı.
 
 
 
Ardını oxu...
"Azərbaycanın atdığı addımlar Rusiyanın Cənubi Qafqazda zəifləməsinin təməlini yaratdı"
Bu sözləri Kanal 13-ə müsahibəsi zamanı Real Partiyasının İcraçı katibi, iqtisadçı Natiq Cəfərli söyləyib.
"Azərbaycan dünyaya Rusiyanı üzərinə götürdüyü öhdəlikliyini yerinə yetirə bilməyən ölkə kimi təqdim elədi. Bu isə onların Cənubi Qafqazda legitimliyinə çox böyük zərbə oldu"-deyə, o əlavə edib.

Mənbə: Kanal 13
Təqdim etdi: (Ərsoyun Bloqu)

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
Britaniya Müdafiə Nazirliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və keçmiş prezident Dmitri Medvedev Britaniya nazirliyinin “Rusiya əhalisinin zehninə anti-qərbçiliyi aşılamaq və onun yaxın qərb qonşularını qorxutmaq məqsədi daşıyan tarixin silahlanması” adlandırdığı sənədlər yayıblar.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Ukrayna ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, Putinin dərc etdiyi sənədlər “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” adlı 242 sənəd toplusudur. 11-ci əsrdən 20-ci əsrə qədər zamanı əhatə edən sənədlər Putinin Kremlin hazırkı Ukrayna siyasətinə haqq qazandırmaq cəhdidir və onlara prezidentin “təfsiredic şərhləri” daxildir.

Medveden yazısı isə Britaniya nazirliyinin sözlərə görə onun “guya” Rusiya-Polşa münasibətlərinin tarixi haqda “yazdığı” məqalədir. Britaniya nazirliyinin məlumatına görə o, Polşanı “aqressiv revizionist rusofobik siyasətlə” məşğul olmaqda ittiham edir və Polşanı hərbi hücumla hədələyir.

Zelenskidən nikbinlik

Rusiyanın ölkəsinə hərbi müdaxiləsinə qarşı mübarizə aparan Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Paris Sülh Forumunda nikbin nitqlə çıxış edib.

“Məhz sülhü həqiqətən qiymətləndirən hər kəsin əməkdaşlığı və birliyi fəlakətlərin qarşısını ala və xalqların iztirablarını dayandıra bilər. Bu məsələdə hər bir xalq əhəmiyyətlidir,” o, cümə günü deyib. "Bunu xatırlamaq vacibdir."

Onun sözlərinə görə, “dünyada hər kəs adına nəyə isə guya qərar verə bilən “heç bir böyük millət” yoxdur… “Bütün millətlər bərabərdir və hər bir xalq hörmətə layiqdir,” Ukrayna lideri bildirib.

Aİ-nin Ukraynaya yardımı

Bu arada isə Avropa İttifaqı ölkələri Rusiyanın hərbi müdaxiləsinə qarşı sərt hərbi kampaniyası davam etdiyi üçün Ukraynaya uzunmüddətli 21,4 milyard dollarlıq hərbi yardım ayırmaq barədə ehtiyatlı davranırlar.

Aİ-nin müdafiə nazirləri ötən iyul ayında Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrell tərəfindən təklif edilən planı çərşənbə axşamı Brüsseldə müzakirə etməyə hazırlaşır. Ancaq diplomatlar deyirlər ki, Almaniya da daxil olmaqla bir çox ölkə Ukraynanın müdafiəsini gücləndirmək üçün Qərbin daha geniş təhlükəsizlik öhdəliklərinin bir hissəsi kimi dörd il ərzində hər il 5 milyard dollara qədər vəsait ayırmaq barədə şübhələrini dilə gətiriblər.

Birliyin diplomatik xidmətinin məlumatına görə, Aİ artıq 26 milyard dollar dəyərində silah və avadanlıq şəklində yardım edib. “Almaniyanın çoxlu sualları olub... və haqlı olaraq. Söhbət çoxlu puldan gedir,” adının açıqlanmasını istəməyən yüksək səviyyəli diplomat deyib.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Tehranın Yaxın Şərq böhranının həlli istiqamətində birgə addımlar ata biləcəyini istisna etməyib.

O, bu barədə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə sammitinin keçirildiyi Ər-Riyaddan qayıdarkən jurnalistlərə bildirib.

Media təmsilçilərindən birinin “Qəzza ilə bağlı İranla birgə addımlar atıla bilərmi?” sualına Türkiyə Prezidenti “Belə addımların atılmaması üçün heç bir səbəb yoxdur”, - deyə cavab verib.
“Gəlin qətiyyətli addımlar ataq. Lakin bu addımları atarkən emosiyalardan uzaqlaşıb beynəlxalq diplomatiyanı hərəkətə keçirməyi bacarmalıyıq. Bütün bunları edərkən həm İran xalqına, həm də türk xalqına mesajlar verə bilməliyik. Əgər buna nail ola bilsək, əlbəttə ki, çox yaxşı olardı”, - Ərdoğan qeyd edib.

Mənbə: Haber Global
Ardını oxu...
İsrail – Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsi, xüsusilə mülki şəxslərin hazırkı eskalasiyadan ən çox əziyyət çəkən tərəf olması ciddi narahatlıq doğurur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxış edərkən bildirib.

O, Bakı adından münaqişə qurbanlarının ailələrinə başsağlığı çatdırıb.

Eyni zamanda, iclasda Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Ardını oxu...
"Qarabağ xalqı"nın (? - red.) hüquqlarının qorunması vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “SivilNet”ə müsahibəsində deyib.

“Biz beynəlxalq hüquqa və BMT normalarına uyğun olaraq Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu o demək deyil ki, oradakı insanların hüquqları pozulmalıdır. Hesab edirik ki, Qarabağ xalqının (? – red.), Qarabağ xalqının hər bir nümayəndəsinin hüquqları təmin edilməlidir, onların öz hüquqlarını reallaşdırmaq imkanı olmalıdır. Bu, heç kimin, o cümlədən Azərbaycanın gözardı edə bilməyəcəyi reallıqdır.

Qarabağ böhranı başlayanda və qarabağlılar Ermənistana gələndə bir qrup qaçqın Qafana yerləşmişdi, mən gedib onlardan niyə ərazini tərk etdiklərini soruşdum, dedilər ki, həyatları təhlükədə idi. Başqalarını öz vətəndaşı adlandıran ölkə şərait yaratmalıdır ki, bu insanlar özlərini təhlükəsiz hiss etsinlər, bu ərazini, bu torpağı tərk etməsinlər. Biz “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq”, - Sübhani bildirib.

Sübhani Ermənistandan keçən yol haqqında “dəhliz” sözünün işlənməsi haqda qeyd edib ki, bu sözün arxasında onların (Azərbaycanın – red.) gizli fikri var:

“Biz Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və onun beynəlxalq sərhədlərini pozan hər şeyə qarşıyıq. Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər”.

Səfir vurğulayıb ki, İran nəqliyyat əlaqələrinin bərpasının əleyhinə deyil, lakin Ermənistanın nəzarətindən kənarda yolların mövcudluğunu qəbuledilməz hesab edir:

“Biz Ermənistanın suverenliyindən kənara çıxan və Ermənistanın müstəqilliyini şübhə altına alan o rabitə və kanalların əleyhinəyik. Bizim nöqteyi-nəzərimizdən Ermənistanın nəzarəti və suverenliyi altında olmayan yol qəbuledilməzdir”.

Qeyd edək ki, məkrli surətdə erməni əhalini “Qarabağ xalqı” adlandıran və onların guya həyatlarına təhlükə olduğu üçün Qarabağdan getdiyini deməklə, təxribat törədən, Zəngəzur dəhlizinin məntiqini təhrif edən Sübhaninin açıqlamalarına Azərbaycan XİN artıq cavab verib və İranın buna reaksiyasını gözlədiyi vurğulanıb.

Mənbə: Axar.az
 
Ardını oxu...
Beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurası anklavda silahlı münaqişəyə dərhal son qoymaq üçün Qəzza zolağına müdaxilə etməlidir.

TASS xəbər verir ki, bunu Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Sabah Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə birgə sammitində çıxışı zamanı deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, Fələstindəki faciəvi hadisələr beynəlxalq ictimaiyyətin bu problemin ədalətli, hərtərəfli və yekun həllini tapa bilməməsinin bariz nəticəsidir. İsrar edirik ki, Qəzza xalqına təcili humanitar yardım çatdırılmasını təmin etmək və onların məcburi köçkün düşməsinin qarşısını almaq lazımdır", - vəliəhd bildirib.
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

Bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.

Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.

MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.

Tikinti və işçi layihələri TOKİ hazırlayacaq.

Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. (Report)
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib.

Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib.

Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Erməni mediasının iddiasına görə, İbrahim Rəisi çıxışında “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlətməyib. Bunun sübutu kimi isə İranın rəsmi mediasında görüşlə bağlı gedən xəbərlər göstərilib.

Qeyd edək ki, həqiqətən də İranın rəsmi xəbər agentlikləri Əliyev-Rəisi görüşü haqda məlumat dərc etsələr də, təfərrüatı işıqlandırmayıblar və çıxışlardan sitatları dərc etməyiblər. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib.

Buna baxmayaraq, İran Prezidenti Rəisinin rəsmi saytında görüşlə bağlı nisbətən daha müfəssəl məlumat var. Burada da çıxışların tam mətni verilməyib, ancaq Rəisinin “Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirik”, “Qarabağda bərpa işlərində yardıma hazırıq” kimi sözləri əksini tapıb.

Görünür, İran mediası Ermənistanla “dostluq-qardaşlıq” əlaqələrinə “xələl gətirməmək” davranışı nümayiş etdirib, ermənilər isə bundan istifadə etməyə çalışıblar. Lakin Prezident Rəisinin rəsmi saytındakı məlumatı nəzərdən keçirməyi və görüşün videsunu izləməyi “unudublar”.
 
Ardını oxu...
Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından üç il ötür.

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.

Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.

Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi:

“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”.

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.

İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, “uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.

Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.

Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.

Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.
Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərə son qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta “qələbə” təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraq dediyi kimi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.

Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.

Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunan uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlət başçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur edib.

İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.

10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!

2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin dırnaqarası ünsürləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi.


Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti