Ardını oxu...
Bayden Amerika ictimaiyyətinə "zəif yaddaşı olan mərhəmətli, yaxşı niyyətli bir yaşlı kişi" kimi görünür

Artıq ikinci həftədir ki, ABŞ-da bir nömrəli mövzu Prezident Co Baydenin sağlamlığıdır. Prezidentin koqnitiv qabiliyyətləri barədə danışmağa səbəb ABŞ Ədliyyə Nazirliyinin bəyanatı olub ki, siyasətçi hələ 2017-ci ildə vitse-prezident postunu tərk edərkən özü ilə apardığı məxfi sənədləri düzgün saxlamamaqda ittiham olunmayacaq. Bu işdə Baydenin günahına dair kifayət qədər sübut olmayıb. Eyni zamanda, xüsusi prokuror Robert Heur 81 yaşlı Prezidenti sənədləri “səhv ucbatından” saxlayan “yaxşı niyyətli və zəif yaddaşa malik yaşlı adam” kimi təsvir edib.

Ədliyyə Nazirliyinin rəsmi sənədində yaddaş problemlərinin qeyd olunması qalmaqala səbəb olub. Getdikcə daha çox amerikalı Baydenin yeni Prezidentlik müddəti üçün çox yaşlı olduğuna inanmağa başlayıb. “Lenta.ru” niyə səhhətindəki problemlərin Baydenin prezident seçkilərində iştirakına mane ola biləcəyini və bunun onun ABŞ Demokrat Partiyasındakı mövqelərinə necə təsir edəcəyini araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir:

“Prezident vəzifəsinə uyğun deyil”

81 yaşlı Co Baydenlə bağlı koqnitiv problemlər çoxdan xəbər olmaqdan çıxıb: Prezident dəfələrlə ölkələri qarışdırıb, Kambocaya Kolumbiya deyib, mərhum siyasətçilərlə (keçmiş Almaniya kansleri Helmut Kol və Fransa Prezidenti Fransua Mitteran) ünsiyyət qurmağa çalışıb və s.

Ancaq indi sağlamlıq problemləri təsdiqlənir. Əgər əvvəllər Co Baydenin koqnitiv qüsurları sosial şəbəkələrdə və media səhifələrində bir qədər istehza ilə müzakirə olunurdusa, indi rəsmi hesabatda siyasətçinin yaddaşının pozulmasının konkret və qorxulu nümunələri birbaşa müəyyən edilib.

“Komandamızla müsahibə zamanı Baydenin yaddaşı pisləşdi. Nə vaxt vitse-prezident olduğunu xatırlamırdı, seçkinin birinci gününü, səlahiyyət müddətinin bitməsini, ikinci müddətin nə vaxt başladığını unudub. Cəmi bir neçə il keçməsinə baxmayaraq, oğlunun nə vaxt öldüyünü xatırlamırdı”, xüsusi prokuror Robert Heur bildirib.

Co Bayden Amerika ictimaiyyətinə "zəif yaddaşı olan mərhəmətli, yaxşı niyyətli bir yaşlı kişi" kimi görünür.

Politoloq, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov bildirir ki, Robert Heurun hesabatında Prezidentin səhhətindəki problemlərin qeyd olunması həqiqətən onun imicinə pis təsir edir: “Fakt budur ki, Respublikaçılar Partiyası Co Baydenin yaddaşı və koqnitiv problemləri ilə bağlı ritorikalarında istifadə edir. İndi bu, rəsmi sənəddə qeyd olunur və artıq mövcud olan stereotipin güclü təsdiqinə xidmət edir. Sanki əvvəllər yalnız bir insanın dəli olduğu güman edilirdi, indi bu dəlilik rəsmən təsdiqlənir. Əlbəttə ki, prinsipial olaraq yeni heç nə təqdim olunmayıb, amma köhnənin təsdiqi var”.

Keçmiş prezidentlər - Barak Obama və Donald Trampın həkimi işləmiş Ronni Cekson “Fox News” telekanalında Co Baydenin səhhətindəki problemlərə görə “prezidentimiz olmağa uyğun olmadığını” deyib: “Bu, əsl milli təhlükəsizlik problemidir. Demək istəyirəm ki, bu, həmişə milli təhlükəsizlik məsələsi olub, lakin bu, hər gün daha da pisləşən milli təhlükəsizlik məsələsidir”.

Digər həkimlər də problemin ciddiliyindən danışırlar: məsələn, Con Hopkins Universitetinin professoru Marty Makari qeyd edib ki, Prezidentdə yaşla bağlı demensiyanın əlamətləri var.

“Tutaq ki, beş il əvvəllə müqayisədə bugünkü iş tərzində çox nəzərə çarpan bir fərq var. Bu, həqiqətən də kədərlidir”, - Makari qeyd edib.

"Mən nə etdiyimi bilirəm"

Hesabat dərc edildikdən qısa müddət sonra Ağ Ev Robert Heura cavab verib ki, Co Baydenin yaddaşına dair “yersiz tənqid” “qeyri-dəqiq, əsassız və səhvdir”.

Tələsik təşkil edilən mətbuat konfransında Co Bayden özü yaddaş problemlərinin qeyd olunmasına qəzəblə reaksiya verdi: “Yaddaşım yaxşıdır. Mən yaxşıyam. Orada sənəddə qeyd olunur ki, oğlumun nə vaxt öldüyünü xatırlamıram. Bu məsələni qaldırmağa kim cəsarət etdi? Mənim ən yaxşı niyyətim var, mən yaşlı adamam və nə etdiyimi bilirəm. Mən prezidentəm və bu ölkəni ayağa qaldırıram. Ağ Evin rəhbəri olandan bəri görün nələr etmişəm”.

Ağ Evin mətbuat katibi Karin Jan-Pierre də Co Baydenin sağlam olduğunu və heç bir koqnitiv testə ehtiyac duymadığını vurğulayıb: “Prezident hər gün zehni qabiliyyətlərini, nə etdiyini və nə düşündüyünü sübut edir”. Lakin mətbuat katibinin keçən ilki həkimin verdiyi vədlərə və prezidentlə ünsiyyət təcrübəsinə istinadları heç də kömək etmədi.

Onun partiyadaşları da prezidenti müdafiə etməyə başlayıblar. ABŞ-ın vitse-prezidenti Kamala Harris Prezidentin koqnitiv problemlərinə istinadları “qeyri-dəqiq, yersiz” və “siyasi motivli” adlandırıb.

Nəhayət, Demokrat Partiyası Robert Heuru ittiham etdi ki, xüsusi prokuror Respublikaçılar Partiyasından prezidentliyə potensial namizədi Donald Trampla bərabər plan qurub və seçkilərdə onun əsas rəqibi Baydeni zəiflətmək istəyir.

Buna baxmayaraq, qalmaqalı yatırtmaq cəhdləri müsbət nəticə vermədi. Əksinə, Co Baydenin səhhəti mövzusunun ictimai şəkildə şişirdilməsi artıq adi amerikalılar arasında müzakirə mövzusudur. “ABC News”un dərc etdiyi sorğuya əsasən, vətəndaşların 86 faizi Co Baydenin Prezident olmaq üçün çox qoca olduğuna inanır. Üstəlik, narazıların sayı artır: ilin əvvəlində respondentlərin 76 faizi bu fikirlə razılaşıb.

ABŞ Demokrat Partiyasına rəğbət bəsləyən amerikalılar prezidentliyə namizədin Co Baydendən daha gənc olmasını istəyirlər. Maraqlıdır ki, amerikalıların da Prezidentdən cəmi dörd yaş kiçik olan Donald Trampın yaşından da şikayətləri var, lakin vətəndaşların cəmi 62 faizi, respublikaçıların isə cəmi 35 faizi onun qocalığını problem kimi göstərir.

Demokratik praymerizlər: Bayden olmasa kim?

Politoloq Aleksey Naumovun fikrincə, Co Baydenin səhhəti ilə bağlı problem artıq partiya daxilini aşıb və ümumamerikalıların məsələsinə çevrilib: “İndi Baydenin koqnitiv problemləri seçki yarışında əsas amildir. Lakin qalmaqala baxmayaraq, ABŞ Demokrat Partiyasının rəhbərliyi öz əsas namizədinin seçki kampaniyasını gücləndirməkdə israrlıdır. Hazırda Demokrat Partiyasının namizədləri arasında Co Bayden şübhəsiz lider olaraq qalır və vəziyyətin dəyişməsi ehtimalı azdır. Hazırkı Prezidentin praymerizlərdəki yeganə rəqibi, konqresmen Din Fillips ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədi seçəcək partiyanın qurultayında bir nəfərin də dəstəyini almayıb”.

“Yeni namizədlərin seçki yarışına qoşulması demək olar ki, mümkün deyil. Əksər ştatlarda praymerizdə iştirak üçün siyahılar artıq formalaşıb. Bununla belə, amerikalı jurnalistlər getdikcə daha çox qeyd edirlər ki, demokratlar “B” planını nəzərdən keçirirlər. Vəziyyətdən çıxış yolu Co Baydenin özünün qurultaydan əvvəl yarışdan çıxdığını elan etməsi və onu dəstəkləyən nümayəndələrdən başqasına səs vermələrini istəməsi ola bilər. Amma bu yol prezidentin istəyindən asılıdır, o da öz növbəsində səhhətindəki problemlərdən şikayətlənmir”, - deyə an alitik qeyd edib.

Onun sözlərinə görə, Baydenin yaddaş problemlərinin başqa bir müzakirəsi yeni səviyyəyə çatsa da, ABŞ-dakı seçki yarışını əsaslı şəkildə dəyişdirə bilməyəcək.

Müəllif: Turan Abdulla
ayna.az
 
 

 


Ardını oxu...
“Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 15-i hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

“İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı.

Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.

Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.

Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.

Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir”, - deyə məlumatda qeyd olunur.
 
Ardını oxu...

ABŞ prezidenti Çozef Baydenin Misir və Meksika prezidentlərini qarışdırmasından sonra onun ağlı, yaddaşı, fiziki durumu bütün dünyada yenidən müzakirə predmeti olub. Bir sıra başqa mövzularla yanaşı, onun prezidentliyə namizədliyi, eləcə də seçiləcəyi təqdirdə ölkəni idarə edə bilib-bilməyəcəyi barədə polemika gedir.

Bu söhbətlərin fonunda ABŞ-ın vitse-prezidenti Kamala Harrisin personasının ön plana keçməsi də müşahidə olunur. Ən azı artıq Amerika siyasi elitası bunu açıq şəkildə müzakirə edir.

Bu vəzifədə olduğu 3 ildə Kamala Harris nəinki vitse-prezident kimi, heç ölkənin ayrı-ayrı nazirləri qədər populyarlıq qazanmayıb, həmişə prezident Baydenin, dövlət katibi Entoni Blinkenin və digər nüfuzlu siyasi xadimlərin kölgəsində qalıb. Ancaq Cozef Baydenin başına bir iş gələcəyi, yəni ən azı öz səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə isə bu qadın ölkənin birinci şəxsi, Demokratlar partiyasının ən nüfuzlu üzvü və böyük ehtimalla prezidentliyə namizədi olacaqdı.

Bu variant hələ də qüvvədədir və yeni prezidenti seçilib Ağ Evə yerləşməsinə hələ 11 ay vaxt var, o zamana qədər çox şeylər ola bilər.

Belə görünür ki, 58 yaşlı, indus əsilli Kamala Harris bu vəzifəni icra etməyə hazırdır. O, ABŞ-ın xüsusi prokuroru Robert Hurun prezidentin psixi problemlərini bilavasitə etiraf edən yüksək profilli hesabatının yayılmasından iki gün əvvəl “xidmət etməyə” hazır olması barədə bəyanat verib. Onu da qeyd edək ki, 2021-ci ilin 19 noyabrında Bayden narkoz altında bayğın olarkən Harris bir günlük də olsa ABŞ prezidenti vəzifəsini icra edib və bu tarixə bu cür də qeyd olunub.

Prokuror Hur isə bir il ərzində Baydenin vitse-prezident olarkən təhlükəsizlik qaydalarına zidd olaraq Ağ Evdən götürdüyü və ofisində saxladığı gizli sənədlərlə bağlı vəziyyəti araşdırıb. O, amerikalı liderə qarşı ittiham irəli sürməmək qərarına gəlib, çünki Baydenin məhkəməsində münsiflər heyəti onu sadəcə olaraq "pis yaddaşı olan gözəl qoca" hesab edib bəraət qazandıracaqdılar. Baydenin ağlı, prokurorun fikrincə, həqiqətən də "buludlu"dur və "ciddi şəkildə məhduddur". Prezident Bayden hətta prokuror komandası ilə danışanda da, hansı illərdə vitse-prezident olduğunu və ya siyasi karyerasının digər mühüm hadisələrini xatırlaya bilməyib.

Ağ Evin keçmiş həkimi respublikaçı Ronni Cekson payızda Baydenin vəziyyətinin sürətlə pisləşdiyini qeyd edib.

“Mən üç prezidentə baxmışam. Ona görə də baş komandan və dövlət başçısı olmağın nə demək olduğunu bilirəm. Bu, həm zehni, həm də fiziki cəhətdən yorucu işdir. Bu adam bu işi görə bilməyəcək. O, hər gün bizə bu işi bacara bilməyəcəyini sübut edir, amma daha da pisləşəcək”, - deyə mütəxəssis bildirib.
Ehtimal ki, Cekson prezident Baydenin alzheymer xəstəliyi və ya demans olmadığını, normal yaşa bağlı "idrak problemləri" olduğunu açıqlayıb. "Gəzərkən büdrəyir, axmaq-axmaq danışır, harada olduğunu, nə etdiyini unudur, adları, tarixləri xatırlaya bilmir. Belə bir şəxs nüvə kodlarına nəzarət etməli deyil",- həkim deyib.

“Nəsə səhvdir və yüngülvari olsa da, bunu ictimaiyyətə izah etmək lazımdır. At tövlədən çıxıb (bu atalar sözü sirlərin üzə çıxdığını ifadə edir. Bayden nəinki müəyyən dərəcədə xəstədir, həm də səhhəti haqqında obyektiv sübutlar təqdim etməyi gecikdirir”, - Bronksdakı qocalar evinin birinci dərəcəli həkimi Stüart Fişer bildirib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer isə deyir ki, Ağ Evin hazırkı həkimləri Baydenin psixi sağlamlığını normal qiymətləndiriblər. Hökumət həkimi Kevin O'Konnorun sözlərinə görə, prezidentin gündəlik hərəkətləri onun çox aktiv və baş verənlərdən xəbərdar olduğunu göstərir. Jan-Pyer bildirir ki, prezidentin "iti ağlı" var və onunla "saysız-hesabsız saatlar" keçirdiyi üçün onun zehni qabiliyyətlərinə şübhə etmir. Sübut kimi o, Baydenin medianın gözlənilməz suallarına tez və istehza ilə cavab verdiyini qeyd edib.

Beləliklə, açıqca görünür ki, Ağ Ev administrasiyası da, Demokratlar partiyasının rəhbərliyi də Baydeni bir kənara qoyaraq, ölkənin və partiyanın gələcəyi üçün yeni persona üzərində işləmək istəmirlər. Bu, “döngədə at dəyişdirməmək” məsələsidir, ancaq həkim Fişerin dediyi iş olubsa, “at tövlədən çıxıb”sa, demokratlar daha çevik olmalıdırlar.

Əslində bizə Baydenin səhhət problemlərinə baxmayaraq sona qədər hakimiyyətdə qalması sərf edir. Çünki Ermənistanla sərhəd problem davam edir, hər dəfə imzalanacağı gözlənilən sülh sazişinə güllə atılır, bütün bunların fonunda ABŞ-ın vitse-prezidenti, qatı ermənipərəst kimi tanınan Kamala Harrisin dövlət başına keçməsi bizə sərf etməz. Ona görə ki, o təqdirdə onun hansı addımlar atacağını bilmək olmaz. Ola bilər, o da dövlət katibi Entoni Blinken kimi baş verməmiş hadisəyə dair ittihamnamə düzəltsin. Xatırladaraq ki, bir neçə ay öncə Blinken Azərbaycanın Ermənistana hücum etmək fikrinə düşməsini göstərən elementləri necəsə sezmiş və demişdi ki, ABŞ buna qarşı olacaq. Düzdür, o, sonradan bu sözlərinə düzəliş etməli oldu, amma artıq əsl niyyətini və mövqeyini açıqlamışdı.

 
Ardını oxu...
Dünyanın ən yaxşı 100 şəhəri siyahısında Türkiyənin 3 şəhəri də yer alıb.

İngiltərənin “Euromonitor” tədqiqat şirkəti dünyanın ən yaxşı 100 şəhərinin siyahısını dərc edib.

Həmin siyahıda İstanbul 23-cü, Antalya 57-ci, Bodrum 93-cü yerdə qərarlaşıb.

Qeyd olunub ki, siyahıya daxil olan şəhərlər nəzərdən keçirilərkən iqtisadi, ticarət və turizm göstəriciləri olmaqla 55 fərqli meyar nəzərə alınıb.

Paris siyahının lideridir. İkinci yerdə Dubay, üçüncü yerdə Madrid, növbəti yerdə isə Tokio və Amsterdam qərarlaşıb.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonu “təhlükəli insan” adlandırıb.

Putin bunu jurnalist Pavel Zarubinlə söhbətində bildirib.

Rusiya liderinin sözlərinə görə, o, Karlsondan sərt suallar gözləyirdi ki, ona eyni ruhda cavab verə bilsin. Bununla belə, jurnalist səbirli olub və onu dinləyib. Siyasətçi həmçinin əlavə edib ki, jurnalist planını ciddi şəkildə yerinə yetirib.

Qeyd edək ki, Putinin amerikalı jurnalistlə müsahibəsinin tam mətni fevralın 9-u Kremlin saytında yerləşdirilib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.

Mənbə: qafqazinfo.az
 
Ardını oxu...
“Prezident Vladimir Putinin Ukraynada müharibəyə fasilə verilməsi ilə bağlı ABŞ-la danışıqlar aparmağa çalışdığı barədə məlumat həqiqətə uyğun deyil”.

Azpost.info xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Reuters” agentliyi fevralın 13-də yazıb ki, Putin vasitəçilər vasitəsilə ABŞ-a Ukraynadakı münaqişəni dondurmağı təklif edib. Agentliyin Rusiya mənbələri iddia edib ki, dövlət başçısı digər məsələlərlə yanaşı, Yaxın Şərqdəki ərəb tərəfdaşları vasitəsilə atəşi dayandırmağa hazır olduğunu bildirib.

Eyni zamanda, Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmaqdan imtina edib.
 
Ardını oxu...
Gürcüstanın Marneuli rayonundan olan Mirzə Süleymanov yüksək diplomatik vəzifəyə təyin olunub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, ABŞ-nin Texas Universitetində bakalavr və magistr dərəcəsində təhsilini başa vuraraq Gürcüstana qayıdan Mirzə Süleymanov Gürcüstan Respublikasının Sloveniyadakı səfirliyinin 1-ci katibi vəzifəsinə təyin edilib.

Qeyd edə ki, Mirzə Süleymanov uzun illər Gürcüstan Parlamentinin üzvü olmuş Azər Süleymanovun oğludur.
 

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.

O, Avropa İttifaqının ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib. \\Metbuat.Az
 
Ardını oxu...
Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb.

Lent.az xəbər verir ki, hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib.

Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.

Hesabatda göstərilir: “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib".

MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir ki, yüksək qiymətləndirilir.

Son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır.

Diqqətəlayiq haldır ki, MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək göstərici olaraq qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olmuşdur.

Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində son illər aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, Dövlət Başçısının dediyi kimi, “təhlükəsizlik adası” imicini qazandırıb.
 
Ardını oxu...
ABŞ və Britaniya digər G7 ölkələrini Ukrayna üzrə “xüsusi elçi” vəzifəsini təsis etməyə çağırır.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən məlumat verilib.

Məlumata görə, ehtimal edilir ki, bu şəxsin Ukrayna Prezidenti Volodimir Zelenskiyə daimi çıxışı olacaq. O, həmçinin Ukrayna rəhbərliyinin ABŞ və Britaniya ilə razılaşdırılmayan addımlarını blok etməli olacaq.

Cənab “X” roluna isə Qərb NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqi təyin edə bilər.
Ardını oxu...
Mənbə: KP.ru “Telegram”
 

Dünyapress TV

Xəbər lenti