İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ dövlət katibi Entoni Blinkenə Qəzza zolağı ilə bağlı razılaşmaya doğru irəliləmək üçün məsləhətləşmələri davam etdirmək məqsədilə bu həftə Qahirəyə danışıqlar aparacaq nümayəndə heyəti göndərəcəyini bildirib.
Bu barədə "The Times of Israel" adı açıqlanmayan İsrail nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Mossadın kəşfiyyat direktoru David Barneanın başçılıq edəcəyi nümayəndə heyətinə Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar və girovların mübadiləsi üzrə koordinator, ehtiyatda olan general-mayor Nitzan Alon da daxildir. Nəşr qeyd edir ki, hər üç şəxs ötən həftənin sonunda Qətərdə Qəzza sövdələşməsinə dair danışıqlarda iştirak edib.
Qeyd edək ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi məqsədi ilə məsləhətləşmələrin yeni mərhələsi keçirilib.