Ardını oxu...
Politoloq Qabil Hüseynli Ermənistandakı son durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyanın Ermənistana silah satışı və ya onu silahlandırmasını bərpa etdiyi barədə məlumat yayılıb. Ukraynada müharibənin davam etdiyi, yaxud özünün silaha ehtiyacının olduğu vaxtda Rusiyanın Ermənistanı yenidən silahlandırmasında hansı marağı var?

- Rusiya Ermənistanı əlindən çıxarmaq istəmir. Ən müxtəlif yollarla Ermənistanın Qərbə meyllənməsinin qarşısını almağa çalışırlar. Üstəgəl, Ermənistan vasitəsilə Cənubi Qafqazdakı mövqelərini qorumaq istəyirlər. Rusiya həddindən artıq təhlükəli ölkədir. Özlərinin də dediyi kimi, Rusiyanı ağılla dərk eləmək mümkün deyil. Amma Ermənistanın yumşalması və Rusiya ilə ortaq dil tapması məsələsinin özü də sual yaradır. Zənnimcə, bu, təhlükəli tendensiyadır və Cənubi Qafqazda yeni gərginliyə səbəb ola bilər.

- Baş nazir Nikol Paşinyan isə bəyan elədi ki, fürsət düşən kimi, Avropa Birliyinə üzvlük prosesinə başlayacaqlar. Əgər İrəvanın yolu Qərbədirsə, Rusiya erməniləri necə yenidən özünə sarı çevirəcək?

- Nikol Paşinyan Avropa tərəfdarı olan hökumət başçısıdır. Amma Nikolun ətrafı və müxalifət düşərgəsində xeyli adam var ki, Rusiya tərəfdarıdır. Hətta Rusiya bir dəstə hazırlayır ki, Ermənistanda dövlət çevrilişi həyata keçirsin. Moskva həmin adamlar vasitəsilə Ermənistanı öz təsir dairəsində saxlamaq niyyəti güdür. Ermənistan daxilində mürəkkəb proseslər gedir. Rusiyanın Ermənistandakı “5-ci kolon”u Paşinyan və komandasının səylərinin qarşısını almağa çalışır. Rusiyanın Ermənistan ordusundakı şəbəkəsi, həmçinin Rostovda hazırlanan xüsusi qüvvələr də bura daxildir. Bütün qüvvələrdən Ermənistanda aranı qarışdırmaq üçün istifadə etmək niyyətindədirlər. Paşinyanın bunun öhdəsindən necə gələcəyini görəcəyik.

- Rusiya Prezidenti Vladimir Putin bu günlərdə keçmiş həmkarı Robert Köçəryana zəng elədi. Söhbətin doğum günü təbriki ilə bağlı olduğu deyilsə də, bunun yaxın günlərdə İrəvanda başlayacaq Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyaları ərəfəsində baş tutması da diqqət çəkir. Putinin zəngini həm də bununla əlaqələndirmək olarmı?

- Məncə, elə bununla əlaqəlidir, siqnal verirlər. Anti-Nikol düşərgəsində yer alan adamlara bir mesajdır ki, hərəkətə keçin. İndi Rusiya bir əlində iki qarpız tutmağa çalışır: həm Ukrayna ilə döyüşür, həm də Ermənistanda dövlət çevrilişinə cəhd göstərir. Rusiya təhlükəli oynayır. Rusiya bölgədə gərginliyi artıracaq addımlar atmamalıdır. Görünən budur ki, Rusiya Cənubi Qafqazda yeni cəbhə açmaq istəyir.

- Hesab etmək olarmı ki, Rusiya Ermənistanda öz maraqlarına uyğun siyasi qüvvəni hakimiyyətə gətirsə, onun Azərbaycana da münasibəti dəyişəcək?

- Mütləq! Rusiya Ermənistanda özünə uyğun siyasi komandanı hakimiyyətə gətirsə, bundan Azərbaycana qarşı istifadə edəcək, yeri gəlsə, Gürcüstana qarşı yönəldəcək. Rusiyanın oyunları o qədər mürəkkəb və təhlükəlidir ki, bu barədə birmənalı fikir bildirmək asan deyil.

Rusiya Cənubi Qafqazı qarışdırmaq ərəfəsindədir. Bu qarışıqlıq Azərbaycana qarşı da çevrilə bilər.

- Ümumiyyətlə, hazırkı situasiyada Ermənistanda dövlət çevrilişi ehtimalı nə qədər mümkündür?

- Bu durum ABŞ və ya Qərbin mümkün gəlişmələrdə hansı mövqeni tutacağından asılıdır. Qərb bu vəziyyətə qarşı əks-gedişlər eləsə, o zaman deyə bilərik ki, Rusiyanın cəhdləri boşa çıxacaq. Güman edirəm ki, Qərb Rusiyaya keçid verməyəcək. Nikol Paşinyan ABŞ və Avropa Birliyindən ciddi dəstək alır. Məncə, onlar nə baş verdiyini bilirlər və mümkün gəlişmələrə qarşı hazırlıqlıdırlar.
 

Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Dövlət katibi Entoni Blinken ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Ağ evin Zəngəzur dəhlizi ilə yanaşı, sülh müstəvisində aparılan danışıqlara bu qədər maraq göstərməsi nə ilə bağlıdır?

- Əslində Amerikanın Azərbaycana və Ermənistana qarşı heç bir istəyi yoxdur. Ağ evin burada öz maraqları var. Bu ilin noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Prezidentliyə “Respublikaçılar” partiyasının namizədi Donald Tramp bu ya digər formada “Demokratlar”ın namizədi olan Kamala Harrisi üstələyir. Trampa qarşı ikinci dəfə edilən sui-qəsdən sonra onun yenidən mövqeyi güclənib, siyasi çəkisi artıb. İndi də bir növ onu zərərsizləşdirməyə çalışırlar. Eyni zamanda Amerika bu məsələlərdə Rusiya və Çini də dövriyyədən çıxarmaq istəyir. Ağ ev bu istiqamətdə əsas işləri İranın əli ilə görür. İranın yeni prezidenti Məsud Pezeşkianın bu məsələlərə başqa cür yanaşacağı ehtimal edilsə də, bunun əksi baş verir.

- Pezeşkianın Azərbaycanla və bölgə ilə bağlı ziddiyyətli mövqe sərgiləməsinə səbəb nədir?

- İranda Pezeşkianın addım atmasına SEPAH imkan vermir. Demək olar ki, SEPAH onu saymır. İşləri, gücləri Azərbaycanı hədələməkdən ibarətdir. Azərbaycanın bölgədə və qlobal miqyasda güclənən mövqeyi Tehran rejimini narahat edir. Amerikanın bölgə ilə bağlı artan fəallığı da bununla bağlıdır. Vaşinqton öz əlaltılarını yenidən oyuna qoşur. Eyni zamanda SOROS-un əlaltıları da dirçəlir. Gürcüstandan Azərbaycana keçmək istəyirlər.

- Zəngəzur dəhlizi ilə bağlı Amerikanın əsas hədəfi nədən ibarətdir?

- Amerika bu bölgədə özünün iqtisadi maraqlarını güdür. Zəngəzur dəhlizinin açılması Çinin Avropa bazarına girişini təmin edəcək. Rusiya da bundan böyük fayda götürəcək. Kreml buradan ucuz xammal əldə edəcək. Çinin isə artan innovativ məhsullarının Avropaya çatdırılması daha da asanlaşacaq. Beləliklə, Çin məhsulları Avropa bazarlarına Zəngəzur dəhlizi ilə cəmi 8 günə çatdırılacaq.

- Ermənistan razılaşdırılmış məsələləri əhatə edəcək razılaşmaya imza atmağın mümkünlüyünü gündəmə gətirir. Azərbaycanın yarımçıq sülh sənədinə imza atması nə dərəcədə realdır?

- Burada söhbət çərçivə sülh sənədindən gedir. Çünkin ilkin razılaşma məhz bunu ehtiva edir. Ermənistanda referendum keçirilmədən də bunu etmək mümkündür. Erməni tərəfi də konstitusiya ilə bağlı əsassız idialarla çıxış edir. Azərbaycan Konstitusiyasında qeyd edilib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisidir. Erməni tərəfi isə bunu başqa müstəviyə keçirmək istəyir. Burada siyasi varislik Azərbaycan adının davam etməsi ilə bağlıdır. Konstitusiyada Azərbaycanın Xalq Cumhuriyyəti dövründəki ərazi qeydi yoxdur. Ermənistan konstitusiyasında isə Azərbaycana və Türkiyəyə qarşı açıq şəkildə ərazi iddiaları yer alıb. Bunlar aradan qalxmayınca yekun sülh sənədinin imzalanması mümkün deyil.
 
Ardını oxu...
  

Uzun illərdir ABŞ-nin Nyu-York şəhərinin Bruklin əyalətində fəaliyyət göstərən “Baku Palace” (Bakı Sarayı-red) restoranı sadəcə həmyerlilərimizin deyil, amerikalıların da tez-tez ziyarət etdiyi məkanlardandır. İyirmi üç il öncə qapılarını açan və ABŞ-də yerli sakinlərə, Nyu-Yorkda yaşayan müxtəlif xalqların nümayəndələrinə Azərbaycan mətbəxinin ləziz təamlarını təqdim edən restoran bu gün də populyarlığını qoruyub saxlayır. Xoş abu-havası və təmtəraqlı görünüşlü restoran Nyu-Yorkda fəaliyyət göstərən bir çox ictimai-iaşə obyektlərindən fərqlənir. Restoranın içi Azərbaycandan gətirilmiş atributlar və digər əşyalarla bəzədilib. Buranın sahibi Eldar Sultanov bir vaxtlar Bakının tanınmış cərrahlarından olub. "Report"un müxbiri onunla elə “Baku Palace” restoranında həmsöhbət olub:

- Necə oldu ki, Amerikaya köçməyə qərar verdiniz?

- Uzun illər Bakıda, 5 saylı Şəhər Klinik Xəstəxanasında cərrah işləmişəm. Bir xəstəmin müalicəsi ilə məşğul idim. Artıq vəziyyət elə həddə çatmışdı ki, ona Azərbaycanda tam sağalması üçün zəruri tibbi yardım edə bilmədik. Pasiyenti əvvəlcə İstanbuldakı Amerika xəstəxanasına, ordan isə ABŞ-yə, Nyu-Yorka apardım. İki ay Nyu-Yorkda qaldıqdan sonra Bakıya qayıtdım. Altı ay sonra yenidən Nyu-Yorka qayıtmağı və özümü burada sınamağa qərar verdim. Bu, 1997-ci ilə təsadüf edir.

Ardını oxu...

ABŞ-yə gəldiyim ilk gündən elə Nyu-Yorkda fəaliyyət göstərən “Baku Palace” restoranında çalışmağa başladım. Ötən 27 ildə ancaq bir ictimai iaşə obyektində çalışdım, o da “Baku Palace” restoranı oldu. Həmin vaxtlar övladlarımdan birinin 9, digərinin 12 yaşı var idi. İki il sonra ailəmi bura gətirə bildim. Ailəmi dolandırmaq, övladlarımı oxutmaq üçün peşəmin, sevə-sevə çalışdığım və böyük əmək sərf etdiyim həkimliyin dalınca gedə bilmədim. Çünki Amerikada həkim olmaq üçün mütləq təhsilimi davam etdirməli idim, bunun üçünsə illər lazım idi. Düşündüm ki, Allah mənə yeni başlangıc veribsə, bunu ailəm üçün istifadə etməliyəm.

“Baku Palace” indi Bruklində digər xalqların nümayəndələrinin inşa etdiyi restoranlardan ən böyüyüdür. Restoranda eyni anda 500-dən çox qonaq qəbul etmək olur.

- “Baku Palace” restoranının yaranma tarixi necə olub?

- Restoranın qurucularından biri Ukrayna yəhudisi, digəri isə Azərbaycan yəhudisi Mikayıl Davudov olub. Restoran açılışının qarşısının alınmasına çox cəhdlər edilib. Xatırlayıram, 2002-2003-cü illərdə senator səviyyəsində xəbərdarlıq gəldi ki, nə qədər, buradayıq, restoran açılmayacaq. Onların kim olduğunu və bizi niyə maneələrlə üz-üzə qoymalarının səbəbi indi də qaranlıqdır. Ancaq onu deyə bilərəm ki, böyük təzyiqlərlə və əziyyətlərlə üzləşdik.

- Mətbəxinizdə Azərbaycanın hansı yeməkləri var və daha çox tələbat hansı təamlaradır?

Ardını oxu...

- Ən çox bəyənilən yeməklərimiz kabab, qutab və dolmadır. Mətbəximizdə daha çox Azərbaycanın zəngin və ləziz yeməklərinə yer verilir. Ancaq bundan başqa qonaqlarımıza bir çox xalqların və ölkələrin mətbəxindən də ləziz yeməklər təqdim edirik. Bəzi ərzaqlarımızı, mürəbbələri, kompotları və çayları Bakıdan gətiririk. Ət və balığı isə buradan alırıq.

Qonaqlarımız daha çok rusdillli yəhudilərdir. Son vaxtlar Nyu-Yorka köçən özbəklər, taciklər, türkmənlər, gürcülər toylarını və digər mərasimlərini “Baku Palace” restoranında edirlər. Onlarla yanaşı amerikalı qonaqlarımız da az deyil. Onlar da toylarını, mərasimlərini burada edirlər.

- “Baku Palace” restoranının qonaqları arasında hansı məşhurlar olub?

- Ötən illər ərzində “Baku Palace” restoranına onlarla məşhur insanı qonaq etmişik. Təkcə Nyu-Yorkdan deyil, ABŞ-nin müxtəlif şəhər və ştatlarında yaşayan və bura sadəcə Azərbaycan mətbəxini dadmaq üçün gələn xeyli sayda amerikalı var. Hətta keçmiş dövlət katibi Hilları Klinton da qonağımız olub. İyirmi üç ildə o qədər maraqlı hadisələrlə qarşılaşmışam ki, bilmirəm hansını danışım.

- Həmyerlilərimiz necə, “Baku Palace” restoranını tez-tez ziyarət edirlərmi?

- Əlbətə, Azərbaycan yeməkləri üçün darıxan hər kəs özünü “Baku Palace” restoranında tapır. Ancaq onu da deyim ki, restoranın qiymətləri Bakıdan ABŞ-yə yeni koç edənlərin büdcələrinə uyğun olmaya bilər.

- “Baku Palace”i Nyu-Yorkdakı digər restoranlardan fərqləndirən nədir?

Ardını oxu...

- Restoranımızda digər heç bir ictimai iaşə obyektində olmayan özəl üsuldan istifadə edilir. Belə ki, mətbəximizdə kömürdən istifadə edə bilirik. Kömür ətlərə və yeməklərə xüsusi dad verir. Kömürdə bişən yeməklərin dadı digərlərindən çox fərqlidir. Kömürdən istifadə üçün icazə almaq üçün üç il mübarizə apardıq, ancaq əziyyətimiz müsbət nəticə verdi. Bunun üçün xeyli vəsait də xərclədik.

- “Baku Palace” restoranı sizin üçün nə ifadə edir?

- Bakı mənim keçmişim, cavanlığım, tələbəlik illərimdir. Bakının abu-havası başqadır. İnanmıram ki, xaricdə yaşayan azərbaycanlılardan kimsə Bakı üçün darıxmasın. Məqsədim burada Bakını yaşatmaq, onun ruhunu Nyu-Yorkda qorumaqdır.

- Gələcək planlarınız?

- İstəyirik əvvəlcə restoranı genişləndirək. Ən böyük arzularımdan biri də odur ki, Azərbaycandan peşəkar aşpazları tapıb gətirək. Bunun üçün əvvəllər çox cəhd etdik, ancaq alınmadı. Çox vaxt viza problemləri ilə qarşılaşdıq, digət tərəfdən gətirdiyimiz bəzi aşpazlar burda özlərini tapa bilmədilər. Aşpaz məsələsində çox çətinlik çəkirik. Əlbəttə, peşəkar aşpazlarla Azərbaycan mətbəxini daha yaxşı təqdim edə bilərik.


Ardını oxu...
Politoloq İlqar Vəlizadə Ermənistanın silahlanması və Zəngəzur dəhlizi ilə bağlı sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan müdafiə naziri Suren Papikyan Pekində çinli həmkarı Donq Junla görüşdü. Hər iki tərəf görüşdə hərbi əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan etdi. Maraqlıdır: bir müddət əvvəl Azərbaycanla strateji tərəfdaşlığa dair müqavilə imzalayan Çinin Ermənistanla hərbi əməkdaşlığa nə vadar edir?

- Ümumiyyətlə, Çin həmişə müxtəlif ölkələrlə balanslaşdırılmış siyasət aparmağa çalışır, bunu açıq şəkildə bildirib. Bu, Çinin ənənəvi diplomatiyasıdır. Ölkələr müxtəlif və maraqları fərqli ola bilər, amma Çin üçün əsas odur ki, öz nüfuzunu bütün dünya və ayrı-ayrı bölgələrdə saxlasın, yaxud oralarda təmin eləsin.

Ermənistanın da Çinlə əməkdaşlıqda maraqları var. Madam ki, Çinin Avrasiyada güclü nüfuzu var, Ermənistan da bundan yararlanmağa çalışır. Bundan istifadə edərək, müəyyən qədər öz maraqlarını təmin etmək istəyirlər.

Papikyanın səfərinə gəlincə, son dövrlərdə Çinin Avrasiyada hərbi-siyasi nüfuzu artıb, bu da ermənilərin diqqətini çəkir. Həmçinin Ermənistan Çində istehsal olan silah-sursat maraq göstərir, bunlardan əldə etməyə çalışır.

Maraqlıdır ki, Çinlə münaqişəli durumda olan Hindistan Ermənistan üçün əsas hərbi-texniki tərəfdaş sayılır. İndi Ermənistan bu məsələdə bir balans yaratmaq axtarışındadır.

- İndi Ermənistan Çin silahlarına da maraq göstərirsə, Pekin də bu ölkənin silahlandırılması prosesinə qoşula bilərmi?

- Bunu istisna etmək olmaz. Çinin də marağındadır ki, Hindistan Ermənistanda dominantlıq eləməsin, buradakı nüfuzu kritik həddə çatmasın. Çin çalışacaq ki, Ermənistanı öz orbitinə daxil eləsin.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan günlərdir Yaponiyadadır. Tokioda müxtəlif səviyyələrdə görüşlər keçirilib və təhlükəsiz sahəsində əməkdaşlıqdan danışılıb. Yaponiyanın bu sahədə Ermənistanla əlaqəni sıxlaşdırmasında hansı marağı var? Üstəgəl, Tokio ötən il Qarabağ erməniləri üçün İrəvana 1 milyon dollardan çox pul ayırmışdı. Yaponlar niyə neytrallıqlarını pozurlar?

- Məsələyə həmin ölkələrin prizmasından yanaşmaq lazımdır. Yaponiyanın da regionda öz maraqları var. Hazırda ayrı-ayrı güclər və dövlətlər arasında Cənubi Qafqaz uğrunda rəqabət gedir. Yaponiya da öz maraqlarını ifadə etməyə çalışır. Yeri gəlmişkən, Yaponiya regionun digər ölkələri Azərbaycan və Ermənistanla münasibətlərdə də fəaldır, müəyyən sahələrdə layihələr həyata keçirilir. Ümumiyyətlə, bəzi maraqlı dövlətlər regiona kompleks şəkildə baxırlar. Bura Çin də, Yaponiya da daxildir. Hər bir maraqlı ölkə də regiona girmək üçün bir açar tapmağa çalışır.

Qənaətimə görə, Yaponiya bölgəyə Qərb və ya İran kontekstində yanaşmır, bu, bir qədər fərqli yanaşmadır. Əlbəttə, bütün hallarda, bu dövlətlər Ermənistanla əlaqə saxlamaq və ya bunu sıxlaşdırmaq niyyətindədirlər. Amma bu dövlətlər əsas sravkanı daha böyük və nüfuzlu ölkələrə edirlər. Məqsəd də öz maraqlarını gücləndirmək və ya təmin etməkdir. Zəif ölkəyə hansısa stavka isə onlara heç nə qazandırmayacaq. Sadəcə o zəif ölkədə də təmsil olunmaq, orada olmaq istəyirlər. Buna görə də, müxtəlif üsullara əl atırlar.

- Ümumiyyətlə, niyə Cənubi Qafqazda marağı olan dövlətlər dərhal Ermənistana silah-sursat vermək haqda düşünür: Bu sıraya İranı, Papikyanın bu günlərdə olduğu Cənubi Koreyanı, Yunanıstan, Hindistan, Fransa, ABŞ və digər Qərb dövlətlərini aid edə bilərik.

- Sadaladığınız ölkələrin yanaşmaları fərqlidir. Hərənin öz proqram və doktrinası var. Buna görə də, onları ümumiləşdirmək çətindir. Bu ölkələrin Ermənistanla hərbi əlaqələrini möhkəmləndirmələri ondan irəli gəlir ki, bu, İrəvanın marağından irəli gəlir. Əgər Ermənistan bunu istəyirsə, bu, xüsusən də regionda maraqlarını gücləndirmək istəyən ölkələr üçün önəmli faktora çevrilir. Maraq varsa, demək, təkliflər dəyərləndiriləcək. Təklifin miqyasından asılı olaraq nüfuz da formalaşır. Məsələn, bunu Hindistan-Ermənistan əlaqələrinə baxanda görə bilərik.

Hindistan Ermənistanda öz mövqelərini ona görə məhkəmləndirir ki, bunu İrəvan da istəyir. Bu da özünü əsasən infrastrukturun yaradılması və hərbi tərəfdaşlığın artırılmasında özünü göstərir.

- Cənubi Qafqazda artıq bir Rusiya-İran gərginliyi də yaşanır, Zəngəzur dəhlizi məsələsi iki ölkəni üz-üzə qoyub. Bu gərginlik necə bitəcək? Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədiyanla görüşdə dedi ki, Moskva bununla bağlı Tehranla anlaşmasına sadiqdir. Söhbət hansı anlaşmadan gedir?

- Tərəflərin mövqeləri müəyyənləşib. Heç kim öz mövqelərindən geri çəkilmək niyyəti və marağında deyil. Yəqin ki, söhbət qırmızı xətlərin yenidən müəyyən olunmasından gedir. Çox güman, Rusiya İranı inandırmağa çalşıb ki, Zəngəzur dəhlizinin 10 noyabr anlaşması çərçivəsində açılması Tehranın maraqlarına toxunmayacaq və sair. Böyük ehtimalla, bu məsələ bir daha müzakirə olunub.

İranın dəhlizin açılmasına yanaşmasına gəlincə, bu, Rusiya üçün o qədər də əhəmiyyət kəsb eləmir. Çünki Rusiya İranın maraqlarını nəzərə almağa çalışır və bunu ona izah edir. Amma Rusiya əsasən öz maraqları çərçivəsində addımlar atır və atacaq. Bu qaçılmazdır. Rusiya bunu İrana izah etməyə çalışır, çünki vaxt keçdikcə, bu dəhliz Rusiya üçün xüsusi və daha böyük əhəmiyyət kəsb edir. İndi İran bunu istəyir-istəmir, bu, Rusiya üçün üçüncü dərəcəli məsələdir.

Teleqraf.com
 

Ardını oxu...
“Yuxu kimi” serialındakı Cövdət obrazı ilə məşhurlaşmış aktyor Niyaz İlyasoğlu Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Niyaz bəy, siz “Yuxu kimi” serialından əvvəl “Pərvanələrin rəqsi” serialında oynamısız. Amma, deyəsən, o qədər diqqət cəlb etməmisiniz. Bu nə ilə bağlı idi?

- "Pərvanələrin rəqsi"ndə mən kiçik bir obraz oynamışam. Bundan başqa, ANS-in iki serialında epizodik rolda çəkilmişəm. İlk böyük obrazım "Sonuncu fəsil" serialında olub. Deməzdim ki, diqqət cəlb etmədim. O dövr üçün kifayət qədər maraqlı, effektli serial idi, "Yuxu kimi" qədər populyar olmasa da.

Sadəcə, bu serial bir mövsüm efirdə oldu. Ondan sonra xeyli durğunluq yaşadım. Heç yerdə çəkilə bilmədim. Ara-sıra xırda-para epizodlarda oynadım.

- Bu "qara zolağa" neçə düşmüşdüz?

- Bilmirəm nə ilə bağlı idi. Amma mən "İmtahan" serialında epizoda çəkiləndən sonra dedilər ki, bilsəydik, səni daha böyük rola çağırardıq. Səbəbi kəşf olunmamaq idi...

- Yeddi filmdə çəkiləndən sonra nəhayət “Yuxu kimi”də böyük uğur qazandınız. Yəqin ki, gözləməyə dəyərdi. Ümidinizi üzməmişdiniz ki?

- Gözləməyə dəyərdi, əlbəttə. Ümidimi üzməmişdim. Mən həyat yoldaşıma da deyirdim, elə bir rol istəyirəm ki, özümü göstərə bilim, özümü təsdiq edim, məncə, ondan sonra yaxşı olacaq. Və o rol gəlib çıxdı. "Yuxu kimi"dəki Cövdət obrazı...

- Həyatda kifayət qədər mehriban insansız. Niyə Cövdət rolunu sizə verdilər? Bəlkə insanlara bəlli olmayan qaranlıq tərəfləriniz var?

- Hər kəsin insanlara bəlli olmayan qaranlıq tərəfləri var, bu aydındır. Amma onu deyə bilərəm ki, Cövdət neçə görünübsə, o, Niyazdan dolayı elə görünüb. Yəni Cövdətin əsəbi, qaranlıq tərəfləri Niyaza məxsusdur. Tanıyanlar bilir ki, mehribanam, danışıb-gülənəm, düzdür, əsəbiləşməyim də olur. Mənfi enerjimi mən Cövdət üçün saxlamışdım, onun üçün istifadə edirdim.

Sizə deyim ki, Rövşən İsaxın rejissor komandası məni əslində "Yuxu kimi"yə Aqşin obrazı üçün dəvət etmişdi. Hətta demişdilər ki, o rol sənin üçün yazılır. Ssenari hazır oldu, məni Aqşin kimi dəvət etdilər. Tərəf-müqabillərimlə müəyyən səhnələri məşq edərkən, rejissorların baxışlarından sezirdim ki, deyəsən, Aqşin rolu məndə alınmayacaq. Həmin baxışlar deyirdi ki, hər şeyi düz edirsən, amma bizim istədiyimiz bu deyil.

Eyni zamanda Cövdət obrazının - mənfi qəhrəmanın seçimləri gedirdi. Aktyorlar gəlirdi, gedirdi, yoxlayırdılar, uyğun aktyor tapa bilmirdilər. Birdən Rövşən müəllimin fikrindən keçdi ki, gəl səni Cövdət kimi yoxlayaq. Cövdət obrazını sınaqdan keçirdik və məlum oldu ki, mənim obrazım elə Cövdət olacaq.

- Beləcə, Niyaz İlyasoğlu pis oğlan imici qazandı...

- Məndə elə bir kompleks yoxdur. Düzdür, istəyirəm müsbət obraz oynayım. Hazırda "Xəyanət" serialında ikinci mövsümdən bir obrazda oynayıram. Əvvəl demişdilər ki, mənfi obrazdır, oynadıqca görürəm ki, yox, mənfi deyil, mən istəyən kimidir. Cövdət qədər ağır və çətin deyil. Eyni zamanda, ürəyimə yatan obrazdır.

-“Yuxu kimi” serialında sizin obrazınız elə populyar oldu ki, hətta baş rol ifaçılarını sıxışdırıb çıxardı. Adətən mənfi rol ifaçılarını baş rola keçirmirlər. Bu sizin uğurunuz idi?

- Cövdətin baş obrazların yerinə keçməyi və onlara yaxınlaşması, məncə, bu səbəbdən oldu: Cövdət nə qədər mənfi olsa belə, həm də pozitiv obraz idi. Anasıyla, atasıyla danışmağı, öz təbirincə zarafat eləməyi, ironik yanaşmaları camaatda nə qədər qıcıq doğururdusa, bir o qədər də simpatiya yaradırdı.

Beş il davam edən serialın sonunda gördüm ki, tamaşaçılar onu olduğu kimi qəbul ediblər. Yəni, bildik, pis oğlansan, hərdən aldadırsan, oğurluq edirsən, badalaq gəlirsən, kələk qurursan, hiylə işlədirsən, ancaq biz səni artıq belə qəbul etmişik. Və inandırım sizi, Cövdət adaya düşəndə elə tamaşaçılar vardı ki, ağlaya-ağlaya yazırdılar, səs göndərirdilər ki, axı bu niyə belə oldu...

Halbuki o, layiqli cəzasını aldı. Və "layiqli cəzanı aldı" deyənlər də həddindən artıq çox idi. Amma Cövdətin adaya düşməyinə mən özüm də pis olmuşdum. İçimdə qəribə hisslər vardı. Elə o sonuncu çəkiliş günündə də adada Cövdətlə vidalaşdım. Onu o adada buraxdım, gəldim.

- Darıxmırsız ki?

- Yox, darıxmıram Cövdət üçün. Onunla yenidən görüşmək fikrim də yoxdur. Mən başqa bir obraz yaratmaq üçün onunla vidalaşmalıydım.

- Niyaz bəy, müsbət rolu oynamaq asandır, yoxsa mənfi rolu?

- Tamaşaçılar məni yolda, küçədə, ya mağazada görəndə deyirlər ki, müsbət rol oynamaq çətindir, ona görə əlavə təşəkkür edirik sizə. Mənim özümə qalanda, məncə, ancaq vəziyyəti oynamaq çətindir. Yəni düşdüyün situasiyada ancaq doğru oyun göstərmək, doğru oynamaq çətindir. Düzünə qalsa, mənfini oynamaq doğrudan da bir balaca çətindir.

- Serialın qazancı necədir?

- Serialın qazancı yoxdur. Bəzən elə düşünürlər ki, əgər seriala düşdünsə, on minlər, yüz minlər qazanacaqsan. Hər halda Azərbaycanda belə deyil. Bildiyim və bilmədiyim səbəblərdən...

- Bəlkə uyğun reklam bazarı yoxdur?..

- Ola bilər. Hər halda daha yaxşı ola bilər və olmalıdır.

- Bəs serialın sonu necə, daha yaxşı ola bilərdimi? Düzü, bir az gözlənilməz oldu, mücərrəd bitdi. Adadan qurtula bildinizmi, yoxsa ömrünüzü kimsəsiz adada Robinzon kimi başa vurdunuz, bəlkə qurda-quşa yem oldunuz?

- Serialın sonuyla bağlı çox etirazlar oldu, bir az "mücərrəd", bir az "mənasız" deyənlər də oldu. Amma realllıq onda idi ki, serial bitməliydi. Ssenaristlər, rejissorlar belə qərar verdilər.

Bəzi tamaşaçılar yazır ki, Cövdət özüylə telefon götürüb iki-üç gündən sonra zəng edə bilərdi. Amma iki-üç gündən sonra adadan xilas olmaqdan söhbət getmir. Şərtim ondan ibarət idi ki, sən o adada qalmalısan. Əgər 15 gündən sonra birtəhər xilas olub qayıdıb gəlsəydim, yenə şərt pozulurdu.

Sonra polis, məhkəmə... Ona görə Cövdət istəsə belə ordan çıxa bilmir artıq. Deməzdim Cövdət qurda- quşa yem oldu, baş çıxardacaq ordan. Yəni ordadır Cövdət, cəzasını çəkir.

- Sizcə, indi seriallarda niyə müsbət obrazlar azdır?

- Deməzdim, seriallarda müsbət obrazlar azalıb. Hər serialda müsbət də var, mənfi də, bu da dramaturgiyanın qanunudur. Qarşı-qarşıya durmuş qütblər, tərəflər olmalıdır. Amma mənfi obrazlar baxılır, bu reallıqdır. Və onu gözəl oynayanda, xüsusilə baxılır.

- Serialda xanımınıza qarşı kobud davranışınızla seçilirdiniz. Həyatda qadınlara qarşı necəsiz?

- Serialda bəli, Ləman xanıma qarşı kobud idim, nifrətin kökü də ordan doğurdu. Həyatda xeyr, əsla elə deyiləm. Hərdən qışqırıb-bağırmağım var, amma əl qaldırmaq mənlik deyil. Buna ehtiyac da yoxdur, bir şeyi danışıb həll etmək olar. Şükür, mənim xanımım da anlayışlıdır.

- Düzdür ki, ən böyük sevgilər nifrətdən yaranır?

- Nə bilim, vallah, elə deyirlər. Amma bizim məhəbbət nifrətdən yaranmayıb. Bir az başqa cür olub.

- Həyat yoldaşınızın sözlərinə görə, əvvəlcə sizdən xoşu gəlməyib, tədricən sevib. Sizin kimi üzügülər, pozitiv insan niyə sevilməkdə gecikib ki?

- Həyat yoldaşım mənim haqqımda düşünüb ki, özündənrazıdır, yekəxanadır, ona görə ilkin təəssürat başqa cür olub.

Adətən, az danışan adamam, çox danışmağı xoşlamıram, ona görə adamlara sirli gəlir ki, bu adam kimdi, nəçidi. Pozitiv olmağım adaptasiyadan sonra başlayır.

- Həyat yoldaşınız Könül Şahbazova da sizinlə serialı paylaşdı. Birlikdə serialda oynamağın daha çox yaxşı tərəfləri var, ya əksinə? Məsələn, bir-birinizin nöqsanlarını görürsüz, tənqid edirsiz və sair.

- Birlikdə serialda rol almağın yaxşı tərəfləri də var, yaxşı olmayan tərəfləri də var. Əlbəttə, bir-birimizin fikrini soruşanda tənqidlər də olurdu. Bəzən hansısa fikirlərimi deyirdim, çünki serialın içində bişmişdim artıq. Amma Könül xanım da rolunu yaxşı ifa etdi.

- Təcrübədə görürük ki, bir-biri ilə evli sənət adamları bir-birinin uğurunu qısqanırlar. Sizin üçün belə təhlükə yoxdur ki?

- Niyə qısqanaq ki? Nəticədə qazandığımız hər şey ailənin büdcəsinə gəlir. Bu maddi tərəfi. Sənət tərəfindən məsələyə baxanda isə, əgər daha da yüksəlirsənsə, niyə də qısqanasan ki? Siz dediyiniz o halda ola bilər ki, biri çox məşhurdur, biri heç məşhur deyil. Biz ikimiz də az-çox tanınırıq. Həm teatr, həm DƏ film sahəsində.

- İki övladınız var. Övladlarınızın incəsənət aləmində olmasını istərdinizmi?

- Bəli, iki övladımız var. İndiki vəziyyətdə incəsənətə o qədər də böyük qayğı görmürəm. Əgər belə davam edəcəksə, incəsənət sahəsində olmalarını istəmirəm. Amma düşünürəm ki, mən onları heç vaxt məcburiyyət qarşısında qoymaram. Yəni təkid eləmərəm ki, incəsənət sahəsində olmalısız, gəlin, mən də sizə kömək edəcəyəm. Öz həyatlarıdır, qoy öz seçimləri olsun: sənət seçimi, ailə seçimi. Təki doğru seçim olsun.

- Deyəsən yoqa ilə məşğul olursuz?

- Yox, yoqa ilə məşğul olmuram. Elə bir şəklim var, sadəcə meditasiya edirəm.

- Bəs boş vaxtlarınızda nə edirsiz?

- Boş vaxtlarım o qədər çox olmur. Olanda doyunca yatıram. Vaxtım olanda kitab oxuyuram, mümkün qədər stress atmağa çalışıram; sənətdən, işdən, heç nədən danışmaq istəmirəm. Yeni, fərqli üslubda olan filmlərə, seriallara baxmağı çox xoşlayıram.

- İyirmi ildən sonra özünüzü harda görürsüz?

- İyirmi ildən sonra özümü yenə bu sənətdə görürəm. Amma hər şeyin "daha"sını istərdim. Daha gözəl, daha yaxşı, daha maraqlı, daha fərqli rollar - həm teatrda, həm kinoda. Və daha gəlirli, nə yalan deyim. Hər şeyin "daha" olması üçün çalışırıq, ümidvaram, elə də olar, əziyyətimiz yerdə qalmaz.

Ardını oxu...
Hərbi-siyasi analitik, polkovnik Üzeyir Cəfərov Zəngəzur dəhlizi ilə bağlı son gəlişmələr və Ermənistanın şərti sərhəddəki təxribatları barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı gərginlik yaşanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun son Zəngəzur açıqlaması İranı o qədər təlaşlandırıb ki, məsələni müzakirə etmək üçün Moskvaya hərbi heyət göndərdilər. İndiyədək dəhlizlə bağlı ən müxtəlif ölkələr bəyanatlar verib, fikirlər səsləndirib, amma İran o qədər təlaşlanmamışdı. Bəs bu dəfə niyə belə qorxdular?

- İranın davranışları qəribədir, nə istədiyi məlum deyil. İran ümumi fikirlərlə nəsə danışır, amma nə istədiyini açıq demir. Qənaətimə görə, İran Zəngəzur dəhlizi açılacağı təqdirdə gələcəkdə büdcəsinə daxil olacaq milyardların əlindən çıxacağını düşünərək bu bəyanatları verir. Heç kim bu dəhlizi açmaqla sərhədi dəyişmək və ya harasa itələmək fikrində deyil. İran nədən narahatdır, doğrusu, bilmirəm.

İran son vaxtlar Rusiya ilə soyumuş münasibətləri bir qədər də soyutdu. İş o yerə çatıb ki, hətta Rusiyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə də çağırdılar. Bu gün Ermənistan öz yerinə qərar verə bilmir, bunu onun adından başqaları etməyə çalışır. İran da bundan istifadə edərək, marşrutu öz ərazisinə salmaq istəyir. İranın bütün cəhdləri bununla bağlıdır.

Ermənistanın bir fikri də var ki, Zəngəzur dəhlizinə ABŞ-ın hansısa özəl mühafizə şirkəti nəzarət edə bilər. Mən bunu ciddi saymıram. Düzdür, yenə də deyirlər ki, dəhlizə nə Rusiya, nə də Ermənistan nəzarət eləsin, nəzarət bir kənar beynəlxalq mühafizə şirkətində olsun. Belə olacağını düşünmürəm. Dəhlizə Ermənistan nəzarət edə bilər, amma bununla bağlı bizə qaneedici təhlükəsizlik zəmanəti verməlidir.

Biz həmçinin alternativ yol kimi İran ərazisindən də istifadə etməyi düşünürük, artıq bununla bağlı Tehranla razılaşmamız var. Amma İran ərazisindən Naxçıvana getmək vaxt itkisidir. Bununla belə İran ayağını dirəyib ki, Zəngəzur dəhlizi açıla bilməz. Görünür, İran dəhlizə nəzarətin Rusiyada olmasını da istəmir, Ermənistan da buna qarşı çıxır. Bu minvalla məsələ uzanır.

Ermənistan 2020-ci ildə Rusiyaya razılıq verəndə durum fərqli idi, Moskvadan çəkinirdilər. Amma sonradan Ukraynadakı müharibədə zəif düşdükdən sonra etiraz eləməyə başladılar. Hətta “Zvartnots”dakı Rusiya sərhədçilərini də çıxardılar. Bu gün də dəhlizə nəzarətin Rusiya yox, Ermənistanda olmasını istəyirlər və bunda da israrlıdırlar. Hələlik durum belədir.

- İran Zəngəzur məsələsi kontekstində Ermənistana dəstək bəyanatları versə də, bunlar İrəvanda adekvat reaksiyalarla qarşılanmır. Belə desək, sanki İrəvan Tehranın bu canfəşanlığına etinasız yanaşır. Sizcə, bu belədirmi?

- Mən belə başa düşürəm ki, İranla Ermənistan arasında gizli razılaşma var. Bu razılaşma da ondan ibarətdir ki, hər iki dəhliz işləməlidir – həm Zəngəzur, həm də İran ərazisindən keçən yol. Azərbaycan da dəhlizləri şaxələndirmək istəyir, yəni İran problem yaradanda Ermənistan, Ermənistan da problem yaradanda İran üzərindən keçəcək. İran öz maraqlarını saxlamaq üçün Ermənistanla gizli razılaşmaları həyata keçirməyə çalışır. Bunu ona görə əminliklə deyirəm ki, Rusiya avqustun əvvəlində hərbçilərini “Zvartnots”dan çıxardıqdan sonra ABŞ yük təyyarələri İrəvana gəldilər.

İranın özünün bəyan etdiyi bir “qırmızı xətt” anlayışı var. Necə olur ki, Ermənistan ABŞ-dan böyük dəstək alır, amerikalılarla hərbi təlimlər keçirir, amma İranın səsi çıxmır? NATO təyyarələri İran sərhədinə qədər gəlirlər, amma Tehran yenə də susur. Amma İran Azərbaycan ərazisində olmayan hansısa İsrail hərbçilərindən danışır. Görünür, İranla Ermənistan arasında nələrsə razılaşdırılıb, prosesi də bu şəkildə aparmağa çalışırlar.

- Bəs İran niyə Rusiyaya göstərdiyi təpkiləri ABŞ-a göstərmir və ya göstərə bilmir?

- Bunun izahı odur ki, İran öz zəifliyini bir neçə dəfə sübut edib. Qasım Süleymani öldürüləndə İran dedi ki, bunun qisası alınacaq, ABŞ cəzalandırılacaq və sair. Heç nə olmadı. Üstəgəl, Süleymaniyə keçirilən anım tədbirində çox böyük terror aktı həyata keçirildi. İkincisi, İbrahim Rəisi helikopter qəzasına düşdü, amma İran saatlarla onun yerini müəyyən edə bilmədi. Üçüncüsü, İsrail İranın Suriyadakı konsulluğunu vurduqdan sonra Tehran yenə qisas vədi verdi. Apreldə guya İran İsrailə 300-dən çox raket və dron atdı, bəs nəticəsi nə oldu? Sonuncu: İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi. Sonra “İsraili bu gün vuracağıq”, “Sabah vuracağıq” nağılı danışmağa başladılar. Hadisənin üstündən nə qədər keçib?! Nə oldu? Heç nə.

Bunlar İranla bağlı sadaladığım azsaylı faktlardır. Digər məsələlər də var. Bu gün bəzi dövlətlər də var ki, İranı nələrəsə vadar eləmək, ardınca buna görə onu cəzalandırmaq istəyirlər. Hələlik Tehran bu addımları atmır. Çünki qabağında dura bilməyəcək, ehtiyat edir. Bu da İranı susmağa məcbur edir.

İran öz gücünü bilir. İranın gücü olsaydı, çoxdan balaca İsrailə qarşı addımlar atardı. İran bilir ki, hərəkət eləsə, dənizlərdə gözləyən döyüş gəmilərindən misli görülməmiş cavablar alacaq. İran bu səbəbdən Ermənistan ərazisində baş verənlərə də təpki göstərə bilmir. Əslində, göstərib özünü birabır eləməkdənsə, susmaq yaxşıdır. Susmaq da razılıq deməkdir.

- Axır vaxtlar ermənilər tez-tez haqqında bəhs etdiyimiz Zəngəzur istiqamətindən atəşkəs rejimini tez-tez pozurlar, atəşlər də çox vaxt Naxçıvan yönündə açılır. Uzunmüddətli sakitlikdən sonra artan erməni təxribatları nədən xəbər verir, hansı məqsədlərə xidmət edir?

- Məsələnin içində Ermənistanla yanaşı, həm də bu ölkədə yerləşən Rusiya hərbçiləri var. Ötən həftə Ermənistan prezidenti Beşinci Ordu Korpusunun komandiri Sasun Badasyanı işdən çıxardı. İttihama görə, o, Rusiya hərbçiləri ilə əlbir olub həm Naxçıvan, həm də Qarabağ istiqamətində Azərbaycana qarşı təxribatlar həyata keçirib. Bu adam ötən ilin fevralında vəzifəyə təyin olunmuşdu. Badasyan vasitəsilə Azərbaycanın mövqeləri atəşə tutulurdu. Baş nazir Nikol Paşinyanın təkidli tələbi ilə prezident həmin korpusun komandirini vəzifəsindən uzaqlaşdırdı.

Badasyan postundan uzaqlaşdırılıbsa, bəs bu gün baş verənlər nədir? Ermənistan ordusuna yenə də Rusiya hərbçilərinin təsiri qalır. Ermənistanın Azərbaycan, Türkiyə və İranla sərhədlərini kim qoruyur? Rusiya hərbçiləri və ya sərhədçiləri. Necə olur ki, Rusiya hərbçiləri ermənilərin sərhəddə atəşkəs rejimini pozmasına mane olmurlar? Buna görə düşünürəm ki, bu məsələ təkcə Ermənistanla bağlı deyil.

Paşinyanın özü də girov vəziyyətindədir. Ermənistan ordusunda idarəolunmaz bəzi qurumlar var. Bu qurumlar hanısa formada Paşinyana təzyiq göstərirlər. Unutmayaq ki, 44 günlük müharibədən sonra Paşinyanın istefası ilə bağlı sənədi imzalayan general və polkovniklərin bir hissəsi hələ də Ermənistan silahlı qüvvələrinin sıralarındadır.
 
Ardını oxu...
Bu il yekunlaşmaq üzrədir. İlin sonunda pensiya və əməkhaqlarında artım gözləniləndir. İqtisadçıların fikrincə, növbəti il üçün minimum əməkhaqqı 400 manat ola bilər. Bir neçə ay öncə mübahisələndirilən saat hesabı əmək haqqına keçid məsələsi ilə bağlı isə məlumat hələki yoxdur.

Mövzu ilə Referans.az-a danışan iqtisadçı - ekspert Natiq Cəfərli deyib ki, hazırda Azərbaycanda orta əmək haqqının artım tempi təxminən 6-7 faiz arasıdır:

"Bu baxımından məsələyə yanaşsaq, yəqin ki, yenidən formalaşan Parlamentin noyabr ayında büdcə zərfinə baxması üçün müddət başlanacaq. Dekabrda 2025- ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcənin tərkibində minimum əməkhaqqının artması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım gözləniləndir. Maraqlı detal bundan ibarətdir ki, bəzi mətbuat orqanlarında gedən yazılarda və deputatların açıqlamalarında bildirilirdi ki, saat hesabı minimum əmək haqqına keçid baş verə bilər. Bununla bağlı rəsmi mövqe, açıqlama görmədik. Ancaq mediada yazıların getməsinə şahid olduq".

İqtisadçı hesab edir ki, əgər minimum əməkhaqqından saat hesabı əməkhaqqına keçid baş verəcəksə, yeni qanun layihəsinə ehtiyac yaranacaq və "aylıq hesablanan minimum əmək" haqqı sözlərinin bütün qanunvericilik aktlarından çıxarılmasına ehtiyac yaranacaq: "Onlarla qanunda dəyişikliyə ehtiyac var. Bütün bunları yanvar ayınadək çatdırıb edə biləcəklərmi, bilmirəm. Yanvar ayınadək bu məsələlər həllini tapmalıdır ki, yeni qaydalar işə düşsün. Amma, ən azı bununla bağlı müzakirələr var. Çox ehtimal ki, indiki sistem qalsa, minimum əmək haqqı hazırda 345 manatdır, 35 manatadək artım gözələnilir ki, bu da 380 manat edir".

"Hazırda ölkədə normativ hüquqi aktlara görə 8 saatlıq iş rejimi tətbiq edilir. Hətta, 5 günlük iş hissəsini hesablasaq, indiki 345 manatı saat hesabına böləndə, saata təqribən 1 manat 80 qəpik düşmür. Bu çox aşağı göstəricidir. Ciddi artım olmalıdır ki, insanların büdcəsinə təsir eləsin. Tənzimlənmə mexanizmi çox dəqiq olmalıdır. Bəlkə də bizim xəbərimiz yoxdur, artıq bununla bağlı çoxdan işləyiblər, hər şey hazırdır, qəflətən bu sistemə keçid alacağıq. Söz- söhbət varsa, çox güman ki, bu sistemə keçid baş verəcək. Bizdə bir problem də bundan ibarətdir ki, əmək bazarında dövlət sektoru üstünlük təşkil edir. Onların işləmə qaydası necə hesablanacaq? Bu əmək haqqı bazarında yeni dəyişlikliklər tələb edir. Ona görə də yeni sistem köklü dəyişikliklərə səbəb olmalıdır", - deyə müsahib sözlərinə əlavə edib.

Ekspert bildirir ki, aylıq əmək haqqında indiki sistem qalsa, qanunvericilikdən digər məsələ də çıxarılmalıdır. Bu VÖEN -lə çalışan insanların əldə etdiyi əmək haqqı ilə bağlıdır: "Bizdə VÖEN -lə çalışan 800 minə yaxın insan var. Əmək haqqı artan kimi, onların vergi yükü avtomatik olaraq artır. Bu doğru deyil. Qanunvericlikdə bu dəyişikıik də əksini tapmalıdır ki, VÖEN -lə çalışanlarda bu böyük problem yaratmasın".

Natiq Cəfərli sonda qeyd edib ki, yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də artmın olması dəqiqdir, Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8- 10 faiz artım gözləniləndir.
 

Ardını oxu...
Politoloq Zərdüşt Əlizadə Zəngəzur dəhlizi və Ermənistan ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması İranda etirazla qarşılandı. Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra ölkənin rəsmi mediası Moskvanı tənqid etməyə başlayıb. İran niyə Zəngəzur mövzusundan qorxur?

- Çünki İran çox gözəl anlayır ki, Zəngəzur dəhlizi açılsa, Amerika bunun üzərindən bütün Trans-Xəzər dəmir yolunu (Orta dəhliz) nəzarətə götürəcək. Bu durumda Zəngəzur qapı rolunu oynayacaq, kilidi də Amerika və ya Qərbdə olacaq. Qərb istəyir ki, Ermənistanda yerləşib Cənubi Qafqaza nəzarət eləsin. İran bilir ki, Ermənistan gələcəyini NATO-ya girməkdə görür. Bu zaman NATO gəlib Ermənistanın İranla sərhədində oturacaq. Bu əməliyyat da Zəngəzur dəhlizindən başlayır. Zəngəzur dəhlizi açılsa, Qərb-Ermənistan yaxınlaşması daha da güclənəcək. İran bunu istəmir.

- Dəhlizə həm də Rusiya nəzarət eləmək istəyir, amma İran buna da qarşıdır.

- İran yaxşı başa düşür ki, artıq zaman Rusiyanın zamanı deyil. Yəni indi heç nə Rusiyanın istəyi ilə olmur. Rusiya çox şey istəyir, amma bunları nə Qərb, nə də Ermənistan istəyir. Rusiyanın geri çəkilməsinə nail olacaqlar. Rusiyanın yaratdığı boşluğu da Qərb dolduracaq. Ümumiyyətlə, İran Zəngəzur dəhlizinin açılmasını istəmir.

- Zəngəzur ətrafında gedən proses necə yekunlaşacaq?

- Zəngəzur uğrunda gedən mübarizə nüfuz mübarizəsidir. Dünənə qədər Cənubi Qafqazda üstün tərəf Rusiya idi, indi Qərb bunu etməyə çalışır. Ermənistan əvvəl bölgədə Rusiyanın forpostu idisə, indi də Qərbin forpostu olmaq istəyir. İran isə bunu bəyənmir.

- İran gedişata mane ola biləcəkmi?

- Hələlik İran prosesə mane olmaq üçün Ermənistana təsir edə bilir. İndi Ermənistan İrandan hərbi-siyasi baxımdan asılıdır. Hindistandan Ermənistana verilən silahlar necə çatdırılır? İran ərazisi ilə. Hələlik İran Ermənistanı yolundan döndərə bilir. Çalışacaq ki, prosesi dayandırsın və ya ləngitsin.

- Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələr başlayıb. Sizcə, bu proses necə bitəcək?

- Bu, 2027-ci ildən əvvəl olmayacaq. Bilmirəm, Ermənistan müxalifətinin payızdakı mitinqlərindən sovuşsalar, bəlkə də prosesi sürətləndirəcəklər. Amma hələlik Paşinyan deyir ki, 27-ci ildən əvvəl olmayacaq. Yəni qarşıda ən azı üç il var.

- Ermənistan müxalifətinin payız hazırlığından gözləntiniz necədir? Artıq sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da prosesə qoşulub.

- Onlar 20 ildən artıq hakimiyyətdə olan adamlardır. Bu dövrdə çoxlu sayda cinayətlər törədiblər – oğurluq ediblər, qanunları pozublar və sair. Buna görə də nüfuzları aşağıdır. İndi həmin adamların ətrafında olanlar bir yerə toplaşırlar, nəsə eləməyə çalışırlar. Yəni hamı onları yaxşı tanıyır. Bu qüvvələr hakimiyyəti dinc yolla dəyişmək gücündə deyillər. Ümid edirlər ki, bəlkə bu payızda qan tökülsə, onda silah gücünə dəyişiklik üçün zəmin yaranar. Qan tökülməsini istəyirlər. Axırıncı mitinqlərdə parlamentin önündə bunun üçün çox çalışdılar, amma polis imkan vermədi. Ancaq bu dəfə Robert və Serjdən sərt göstərişlər var ki, çalışın, bu dəfəki qarşıdurmalarda qan tökülsün, bir neçə nəfər öldürülsün. Bundan sonra da şivən qoparsınlar ki, cəllad Paşinyan xalqı qırır. Bununla silahlı qiyam üçün zəmin yaratmaq istəyəcəklər.

Köçəryan və Sərkisyanın bu qanlı zəmin üçün silahı da, adamları da var. Paşinyan bunları bilir, buna görə də öz müdafiəsini gücləndirir və hazırlığını görür, ordunu da, polisi də hazırlayır. Amerika səfirliyinin 2500 əməkdaşı var, onların 200-300-ü diplomatdır, qalanı silahlı adamlardır. Onlar Paşinyanı qorumaq üçün gəliblər. Paşinyan amerikalıların adamıdır, istəyirlər ki, hakimiyyətdə qalsın.
 

Ardını oxu...
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizinə görə İranla Rusiya arasında münasibətləri gərginləşdirən əsas səbəblər nədən ibarətdir? Qərbə qarşı olan Tehran bu məsələdə onların mövqeyini bölüşməklə Kremlə hansı mesajı verməyə çalışır?

- İran Ermənistanla eyni mövqedən çıxış edir. Tehranın burada öz maraqları var. İstəyi odur ki, bölgədə mövcud olan bütün kommunikasiya xətləri İrandan keçsin. Beləliklə, o, özünün mümkün nəzarət mexanizmlərini saxlamağa nail olsun. Gələcək beynəlxalq ticarət sisteminin də ən fəal üzvü olmaq üçün İran bütün imkanlarını səfərbər edir. Zəngəzur dəhlizinin açılması əslində Azərbaycanı mərkəzə çevirir. Azərbaycanla birlikdə olan ölkələr də bu prosesdə iştirak edə bilər. Rusiyanın isə maraqları aydındır. Ona görə də, İranın başqa bir dövlətin ərazisində yollara nəzarət etmək istəyi beynəlxalq sistemin pozulması deməkdir.

- İranın bu prosesi sona qədər vakkumda saxlamaq imkanları varmı?

- Tehranın bu prosesdə özünün qərəzli istəklərini reallaşdırmağa gücü yoxdur. Sadəcə olaraq Rusiyanın indiki halda o zəifliyindən İran maksimum yararlanmağa çalışır. Amma bu məsələdə əsas şərt Azərbaycanın istəyidir. Bakının niyyətinin reallaşmasına heç kəs maneə ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması mütləqdir. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Bunun isə qarşısını almağa heç kəsin imkanı çatmayacaq.

- Gürcüstanın Zəngəzur dəhlizinin açılmasında narahatlağı nədən ibarətdir?

- Bu, sırf rəqabətlə bağlı olan məsələdir. Gürcüstan hazırda bütün yolların öz ərazisindən keçdiyi fonunda əsas roldadır. Ona görə də, yeni bir sistemin formalaşması onlara sərf etmir.

- Amerikanın Zəngəzurun dəhliz yox, adi yol prinsipində açılması ilə bağlı mövqeyi nəyə hesablanıb?

- ABŞ-ın bölgə ilə bağlı siyasəti erməni diasporasının istəyi üzərində qurulub. Amerikada bu il prezident seçkiləri keçiriləcək. Ona görə də, amerikalı siyasətçilər erməni lobbisi ilə sıx bağlıdır. Əslində Amerikanın Zəngəzur dəhlizi məsələsində ciddi baxışları yoxdur. Prinsip olaraq ABŞ belə bir sistemin mövcudluğunu müsbət qəbul etməlidir. Çünki bu beynəlxalq ticarət və yeni nəqliyyat sistemləri üçün müsbət addımdır. Real dövləti maraqları kontekstində erməni lobbisinin mövqeyi deyil bu amillər əsas götürülməlidir.
 
Ardını oxu...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan yenidən sülhdənyayınma yolunu tutub. Sülhə yeganə maneə olan Ermənistan Konstitusiyasını dəyişməkdən çəkinən Paşinyan bu azmış kimi, Azərbaycanı da ölkəsinə qarşı “ərazi iddiası”nda ittiham edir. Üstəgəl, deyir ki, sülh müqaviləsini imzalamağa hazırdır. Paşinyan nə etməyə çalışır, niyə davranışları ziddiyyətlidir?

- Üç ay əvvələ qədər sülh müqaviləsinin imzalanması üçün Azərbaycana yalvarırdı. Makron və Blinkenin əlinə keçəndən sonra ürəkləndi, silahlar almağa başladı, militaristləşdirmə xəttini tutdu. Üstəgəl, ölkə daxilində reytinqini xeyli yaxşılaşdırdı. Əvvəl Konstitusiyada Azərbaycan əleyhinə olan müddəaları götürməyə razı idisə, indi vaxt istəyir, müxtəlif bəhanələr uydurur. Belə görünür ki, sülh müqaviləsini imzalamağa o qədər də meylli deyil.

Yaxın günlərdə iki ölkənin sərhəd komissiyaları arasında bir əsasnamə imzalandı. Bu, sərhədlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə qarşıdurmanın qarşısının alınması ilə bağlıdır. Yaxın vaxtlarda əsasnamənin mətni mətbuatda dərc olunacaq. Digər yandan, Paşinyan sülh müqaviləsini imzalamaq istəyi ilə bağlı bir süni görüntü yaratmağa çalışır. Çünki buna görə Qərb qurumlarından xeyli vəsait əldə etmək istəyir. Bu baxımdan, axır vaxtlarda xeyli ürəklənib. Amma həm də sülh prosesini əngəlləyəcək fikirlər tapmağa çalışır.

Zənnimcə, bəzi Qərb ölkələri Ermənistanı sülhə gətirmək üçün ona təzyiq göstərir. Düzdür, bu zaman Ermənistanın tərəfini tuturlar, amma həm də bölgədə isti müharibənin baş verməsini istəmirlər. Burada Fransa istisnadır. Bu isti müharibəni istəyən həm də Rusiyadır. Buna görə də, hələlik bölgədə sülh və əmin-amanlıq tam bərqərar olmur, bu da sülh müqaviləsinin imzalannasına əngəllər yaradır.

- Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik təklifinə cavab verən Ermənistan baş naziri söylədi ki, Bakı ilə ikitərəfli danışıqlar formatına üstünlük verir. Buna onun Putinin təklifindən imtinası kimi baxa bilərikmi?

- Rusiya regionda qalmaq üçün min oyundan çıxır. Bundan əvvəl sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərindən imtina eləmişdi. İndi birdən-birə nə oldusa, sülh müqaviləsinin bağlanmasının önəmindən danışmağa başlayıb. Əlbəttə, Putinin vasitəçilik missiyasını üzərinə götürmək istəyi aranı qarışdırmaq cəhdidir. Rusiyanın olduğu yerdə sülh xeyli çətin olacaq.

- Bəs Ermənistanı silahlandıran Qərb ölkələrinin, eləcə də Hindistanın məqsədləri nədir? Xarici işlər naziri Ceyhun Bayramov bu kontekstdə bildirdi ki, Ermənistana ciddi təhdid mənbəyi ola biləcək vədlər də verilir. Söhbət hansı vədlərdən gedir?

- Hindistan və Fransa Ermənistana silah verməyə başlayanda deyirdilər ki, “müdafiə silahları”dır. İndi məlum olur ki, bunlar ölümcül silahlardır, hücum xarakterlidir. Ermənilər bununla bağlı müxtəlif bəhanələr uyudururlar ki, Azərbaycan İsrail, Bolqarıstan, Serbiya, İtaliya, Belarus və digər ölkələrdən silah alır. Bunlar bəhanələrdir. Əlbəttə, ölkə özünün əmin-amanlıq və təhlükəsizliyini təmin etmək üçün silah almalı, ordusunu gücləndirməlidir. Amma bu durum revanşist hədəfləri və ərazi iddiaları olan Ermənistandan fərqlənir. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğu, revanşist məqsədlər güddüyü kimsəyə sirr deyil. Bunu elə onu silahlandıran ölkələr də bilirlər.

Ermənistanın silahlanma məsələsi ilə bağlı Azərbaycana yönəlik əsassız iddiaları sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi daşıyır. Ermənilər bu məsələni xeyli uzatmaq istəyirlər. Amma vəziyyət hər nə qədər qarışıq görünsə də, ötən günlərdə tərəflər arasında sərhədlə bağlı bir əsasnamə imzalandı. Bəziləri hesab edirlər ki, bu, sülh müqaviləsinin imzalanması prosesinə müsbət təsir edəcək bir anlaşmadır. Bunu zaman göstərəcək.

- Proses kifayət qədər mürəkkəb görünür. İrəvanın həm sülhdən yayınması, həm də silahlanması vəziyyəti qarışıq hala gətirir. Sizcə, bu durum bizi hara aparır – sülh, ya yeni bir savaşa?

- Zənnimcə, hərbi toqquşma və ya müharibə olmayacaq. Bölgədə isti müharibə istəyən Rusiyadır, amma onun özü uçuruma doğru gedir. İndi Rusiyanın əlində elə güclü vasitələr yoxdur ki, bunlarla bölgəni qızışdırsın. Yaxın Şərq və dünyanın digər nöqtələrində qarşıdurmalar ola bilər, amma mənim zənnimcə, Ermənistanla bizim aramızdakı vəziyyət çətin olsa da, sülhə doğru gedir.

- Paşinyan dolayı yolla onu da etiraf elədi ki, 1918-20-ci illərdə Zəngəzur, Dərələyəz, Göyçə və digər bəzi ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Hətta bununla bağlı Antanta dövlətlərinə təqdim edilən 1919-cu il xəritəsinə də istinad elədi. Paşinyanın bu gözlənilməz etirafı nə ilə bağlıdır?

- Paşinyan elə bir adamdır ki, arada həqiqətləri də deməkdən çəkinmir. Özü də Tarix fakültəsini bitirib, yəni tarixi bilgiləri zəngindir. Bəli, Zəngəzur, Göyçə, Dərələyəz, Vedi və digər ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Paşinyan məhz bunu etiraf elədi. SSRİ dönəmində bu ərazilər qanunsuz olaraq Azərbaycandan qoparılıb və Ermənistana ilhaq edilib.

Dünyapress TV

Xəbər lenti