![]() |
![]() ![]() ![]() |
|
Musavat.com-un növbəti həmsöhbəti Xalq artisti, 81 yaşlı aktrisamız Lətifə Əliyevadır.
-Lətifə xanım necəsiniz?
- Nə yaxşıyam, nə də pis. Evdar nənəyəm, qoca bir arvadam. Heç nə ilə əlaqəm yoxdur. Taleyimə baş əyib oturmuşam. İndi cavanların dövrüdür, canları sağ olsun. Qoy oynayıb yaratsınlar. Allah onların işlərini avand etsin. Mənim ürəyim heç nə istəmir. Uca rəbbimə sığınıb durmuşam, heç nədə gözüm yoxdur. Günümü efirlərə baxmaqla keçirirəm.
-81 yaş sizə nəyi verib, nəyi aldı?
- Həyatdır da. Nə verməlidir ki... Mən acgöz adam olmamışam.Allahın yaratdığına min şükür. Yaxşını da, pisi də, haqsızlığı da görmüşəm. Hamı necə mən də elə.
-Səhhətiniz nə yerdədir?
-Yaşlı adamam, ayaqlarım ağrayır. Başım gicəllənir, heç yerə çıxa bilmirəm. Mənim də taleyim budur. Balalarım, nəvələrim mənə qulluq edirlər. Nə var ona qane oluram. Fikirləşmirəm ki, televiziyalar məni niyə efirə dəvət etmirlər. Heç vaxt təmannam olmayıb. Payıma nə düşübsə, ona qane olmuşam.
-Sənət dostlarınız yada salırmı?
-Naibə Allahverdiyeva zəng edir. Hamısı mənimlə görüşmək istəyir, ancaq mən istəmirəm. Bir balaca əsəbiyəm, buna görə müalicə alıram. Allah sənət yoldaşlarım Nicat Kazımovun, Elşən Rüstəmovun, Nübar Novruzovanın direktorumuzun canını sağ etsin, onları çox sevirəm. İş yoldaşlarımdan çox razıyam, məni unutmurlar.
Nəvələrim də başımı qatır. Hamıs böyüyüb, ailə qurublar. Oğlan nəvəm yanımdadır. Uşaqlardan çox razıyam.
- Bəs tamaşada oynamağın xiffətini çəkmirsiniz?
- Əlbəttə, çəkirəm. Ayaqlarım ağrayır, sağalsam, yaşıma uyğun istənilən obrazı oynayaram. Ürəyimdə bunun xiffətini çəkirəm.
- Müalicə olunursunuz. Maddi baxımdan çətinlik çəkmirsiniz ki?
- Mən Prezidentin fərdi təqaüdçüsüyəm. O təqaüd olmasa, mən məhv olaram, müalicələrimi çatdırmaram. Bu yaxınlarda Zaur Baxşəliyevin təşkilatçılığı ilə reabilitasiya mərkəzində pulsuz müalicə aldım. Dizlərim əməliyyat olunmalıdır, amma qorxuram.
Şahanə Rəhimli,
Musavat.com
Musavat.com -un həmsöhbəti Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzdur.
- Yücel bəy, Ermənistan həm atəş açır, həm sülh deyir. Hansına inanırsız?
- Anadoluda belə bir ifadə var: Yalançı, sözünə güvənilməyən insanlar haqqında deyirlər ki, bir Allahın dediyinə inanaram, başqa heç nəyə. Bu o deməkdir ki, şəxsin bütün kəlmələri yalandır. İndi biz Ermənistanın hansı sözünə inanaq ki. Səhər bir söz deyirlər, axşam ayrı. Antalyada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyir ki, sülhün zamanını və yerini təyin edək. Növbəti gün Ermənistan mövqelərə atəş açır. Açığı, onların “sülh quşu” olduğuna inana bilmirəm. Ermənistan ilk olaraq üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməli və Azərbaycanın tələblərini nəzərə almalıdır. Ermənistanın sülh istəməsi ilə bağlı niyyətini görmürəm. Sülh istəyən dövlət İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı günü atəş açmaz. Əgər sülh istəyirsə, sərhədə Avropa İttifaqının müşahidəçilərini niyə yığır? Bir yandan ABŞ ilə iş birliyi edir, digər yandan Zəngəzurda İranla hərbi təlim edir. Məgər bunlar dostanə addımlardır? Bu mənada Ermənistanın heç bir sözünə inanmıram.
- Avropa İttifaqı da İrəvana hərbi-siyasi dəstəyi artırır. Brüsselin məqsədi nədir?
- Avropa İttifaqı qızışdırıcı mövqedədir. İstismar etməyə, özünün köləsinə çevirməyə yeni yer axtarır. Avropada öz problemlərini həll edə bilməyən dövlətlər Qafqazda ədalətdən, haqdan uzaq bir şəkildə Ermənistanı qıcıqlandırır, ona “daydaylıq” edir. Ermənistan regionda Avropanın maşasıdır. Bununla da Ermənistanda revanşizm duyğularını bəsləmiş olurlar.
- Bəli, Ermənistanda hələ də separatçı qruplar yığıncaqlar keçirir, "artsax" mübarizəsindən dəm vururlar. Yeni müharibə gözlənilirmi?
- Onlar 2020-ci ildən əvvəlki statuslarına dönmək üçün fürsət gözləyirlər. Sülhün olmaması üçün əllərindən gələni edirlər. Azərbaycana qarşı həm siyasi, həm də hərbi fəaliyyətlər göstərirlər. Ermənistanda belə bir yol tutulması Azərbaycanın səbrini daşıra bilər. Lakin yeni müharibə ehtimalını düşünmürəm. Çünki Ermənistan haqsız durumda olduğu üçün heç kim sonuna qədər onun arxasında durmayacaq.
- Türkiyə-İsrail arasında Bakıda görüş oldu, gərginlik azalacaqmı?
- Türkiyə-İsrail arasında Bakıda görüş keçirilməsi təbii ki, gərginliyi, qarşı-qarşıya gəlməməyi, çatışma ehtimalını azaltmağa yönəlib. Suriyada İran və Rusiyanın boşluğu tam olaraq doldurulmayıb. Bu baxımdan İsraillə Türkiyə arasında gərginliyin yaşanma riski var. Hər iki tərəf gərginliyi azaltmaq üçün addım atacaqlarını bildirdi. Çünki Suriyanın düzəninin yenidən formalaşdığı bir dönəmdə Türkiyə və İsrail arasında gərginliyin yaranması davam edən Üçüncü dünya müharibəsi prosesinin Orta və Yaxın Şərqdəki qığılcımı olar.
- Türkiyə - Ermənistan normallaşma prosesi Bakısız sürətlənə bilərmi?
- Bu prosesi Azərbaycan-Ermənistan prosesindən kənarda görmürəm. Azərbaycanla mövcud problemlərini həll etmədən, sülh müqaviləsini bağlamadan Türkiyə ilə barışmaq, problemləri həll etməyə çalışırlar. Bu, Ermənistanın bir oyunudur. Türkiyə heç bir zaman Ermənistanla sərhədləri açacaq qədər normallaşmanı Azərbaycanın koordinasiyası olmadan etməyəcək. Ermənistanın 4 qonşusu var, onlardan biri Azərbaycan, digəri Ermənistandır. Ermənistan bu iki dövlətlə halallaşmadan Afrika ölkəsi mövqeyində qalmağa davam edəcək.
Şahanə Rəhimli
Musavat.com
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirdiyi brifinq zamanı guya Rusiya Prezidenti Vladimir Putinə Ukraynada atəşkəslə bağlı “dedlayn” – yəni son tarix qoyduğu iddia olunub.
Lakin rəsmi yayım materiallarına və Trampın çıxışına əsasən, bu məlumat həqiqəti əks etdirmir.
Rəsmi videotranslyasiyada Trampa belə bir sual ünvanlanıb:
“Prezident Tramp, siz Rusiyanın Ukraynaya hücumunun səhv olduğunu demisiniz. Bu səhv nədən ibarət idi? Və siz Putinə atəşkəs üçün hər hansısa bir dedlayn təyin etmisinizmi?”
Tramp bu suala konkret “bəli” və ya “xeyr” cavabı verməyib. O, yalnız müharibənin başlanmasının ümumiyyətlə səhv olduğunu bildirib:
“Bəli. Səhv ondadır ki, bu müharibənin başlamasına ümumiyyətlə imkan verildi. Əgər Bayden səriştəli olsaydı və Zelenski də səriştəli olsaydı — gerçi, mən bu barədə əmin deyiləm — bu baş verməzdi. Onunla (Zelenski ilə) çətin görüşümüz oldu. Daim nəsə istəyirdi — daha çox və daha çox…”
Tramp əlavə edib ki, onun prezidentliyi dövründə Putin bu məsələni heç gündəmə gətirməyib və ABŞ-da keçirilən saxtalaşdırılmış seçkilərdən sonra müharibə başlayıb:
“Mən prezident olduğum 4 il ərzində Putin bu məsələyə toxunmayıb belə. Amma seçkilər saxtalaşdırıldıqdan və mən postumu tərk etdikdən sonra bu müharibə başladı. Bu müharibənin baş verməsi üçün heç bir əsas yox idi. Bayden onu dayandıra bilərdi.”
“Putinə açıq demişdim: bunu etmə!”
Tramp deyib ki, özü dövründə Putin belə bir müharibəyə cəsarət etməzdi:
“Mən ona açıq demişdim: bunu etmə! Sən bunu etməyəcəksən. Bu onun sevimli oyuncağı idi, amma o bu addımı atmazdı. Sadəcə, neftin qiymətini endirmək lazım idi. Bayden isə qiymətləri süni şəkildə yüksək saxladı, çünki hasilatı çətinləşdirdi. Əgər qiymətlər aşağı olsaydı, bu müharibə baş verməzdi. Amma mən hakimiyyətdə olsaydım, heç nə olardı.”
“Bu — Baydenin müharibəsidir, mən onu dayandırmaq istəyirəm”
Tramp bugünkü itkiləri “böyük fəlakət” adlandıraraq bildirib:
“Bu gün hər həftə təxminən 2500 gənc ölür — həm ruslar, həm ukraynalılar. Amma heç kimə maraqlı deyil. Deyirlər, axı onlar nə sizin, nə də bizim ölkəmizdəndirlər. Amma mən bunu dayandırmaq istəyirəm. Bu 2500 nəfərin ölməsi — bu qırğındır.”
O, Ukraynadakı müharibəni ABŞ-da baş vermiş vətəndaş müharibəsinə bənzədib və əlavə edib:
“Bu, bizim dövrümüzdə baş verməməli idi. Amma müasir dövr özü də çox qəddardır. Bu müharibə olmamalı idi. Bayden onu dayandıra bilərdi. Zelenski də dayandıra bilərdi. Putin isə heç başlamamalı idi. Hamı günahkardır.”
Nəticə: Trampın çıxışında Putinə rəsmi şəkildə “atəşkəslə bağlı dedlayn” təyin etdiyi haqda konkret bəyanat yoxdur. Yayılan iddialar kontekstdən çıxarılmış və ya səhv şərh olunmuşdur.
Musavat.com