![]() |
![]() ![]() ![]() |
|
Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) daxil olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.
O, MIT-in “Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanıb:
“Nəzrin Balayeva UNEC-ə 660 balla daxil olub və universiteti 99,03 ortalama ilə bitirib. O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb”.
Qeyd olunur ki, N.Balayeva “SOFAZ Stock Pitch Competition”, “Azerbaijan Business Case Competition (ABCC)” və “Enactus World Cup” yarışmalarının qalibidir: “Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda "Moonwake Investment" şirkətində biznes analitik kimi çalışır".
“Yeni Müsavat”ın əməkdaşı Nəzrin Balayeva ilə əlaqə saxlayıb. Müsahibəni təqdim edirik:
- Nəzrin xanım, ilk növbədə sizi təbrik edir, təhsil həyatının yeni pilləsində uğurlar diləyirik. İstərdik, sizi yaxından tanıyaq.
- Təşəkkür edirəm. Orta təhsilimi 146 saylı orta məktəbdə almışam. 2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda “Moonwake Investment” şirkətində biznes analitik kimi çalışıram.
- Magistr təhsili üçün MIT-i özünüz seçdiniz, ya tövsiyə üzrə belə qərar verdiniz?
- Birinci kursdan universitetləri araşdırırdım. Ən maraqlı universitet, ixtisas, imkanlar və s. baxımından MIT mənə xüsusilə maraqlı gəlmişdi. Yəni universiteti özüm seçdim.
- Necə düşünürsünüz, xaricdə təhsil şəxsən sizin üçün nə ilə yadda qalacaq?
- Fikrimcə, xaricdə təhsil ilk növbədə özümü formalaşdırmağımda böyük rol oynayacaq. Təhsil aldığım illərdə hətta başqa rayona, şəhərə belə səfər etməmişəm. Tamamilə başqa ölkədə, başqa mühitdə yaşamaq və təhsil almaq dünyagörüşümü artıracaq, özümü inkişaf etdirməyim baxımından önəmli olacaq. MIT-də təhsil xüsusilə texnologiya, süni intellekt sahələrində yeni bilgilər əldə etməyimə kömək edəcək. Bu universitet ilk növbədə texnologiya universiteti olduğu üçün çox böyük imkanları var.
- Karyera ilə bağlı konkret hədəfləriniz nədir?
- Maliyyə təhsili almışam və təhsilimi bu sahə üzrə davam etdirəcəyəm. İnvestisiyalara marağım var. Sosial sahələr - ekologiya, yenilənən enerjiyə investisiyalara xüsusi marağım var. Bu sahələrdə özümü daha da inkişaf etdirmək istəyirəm. Azərbaycanda neft və qazdan çox böyük asılılıq var. COP29-dan sonra Azərbaycanda və dünyada yaşıl siyasət prioritet istiqamətlərdən birinə çevrilib. Ona görə də bu sahədə peşəkar mütəxəssis olmaq istəyirəm.
- Seçim edərkən əsasən nəyə fikir verdiniz? Başqa universitetlər barədə düşündünüzmü?
- Əsas istəyim MIT idi. Oksford Universiteti, Kembric Universiteti barədə də düşünürdüm. Oksford Universitetinə ona görə müraciət etmədim ki, proqramda ekologiya və s. kimi məni maraqlandıran mövzulara yer verilmir. Kembric Universitetində isə proqram maraqlı, tədqiqatyönümlüdür. Müraciət etmişəm, hələ ki cavab yoxdur.
- Əgər müsbət cavab gəlsə, fikrinizi dəyişə bilərsiniz?
- Xeyr. Haradan qəbul gəlməsindən asılı olmayaraq, təhsilimi MIT-də davam etdirəcəm.
- Sizdən başqa azərbaycanlılar varmı o universitetdə? Maraqlanmısınız?
- Bəli, ötən il dövlət proqramı ilə iki qız bakalavr üzrə qəbul olundu. Bir nəfər isə artıq magistr pilləsində təhsilini başa vurub. Nihad adlı oğlan isə bakalavr təhsilini Sinqapurda bitirib, təhsilini MIT-də davam etdirəcək.
- Nə zaman yola düşəcəksiniz?
- İyunun sonu yola düşməliyəm, dərslər iyulun 1-də başlayır.
- Uğurlar diləyirəm!
Söhbətləşdi: Nigar HƏSƏNLİ
“Yeni Müsavat”
Müsahibəyə gedərkən ağlıma da gəlməzdi ki, Fidan Hacıyevanın seçdiyi məkan demək olar ki, həftədə bir neçə dəfə yanından keçdiyim binada yerləşir. Girişdə "Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi" lövhəsini görəndə fotoqrafımız İlkinə təəccüblə “Buradan dəfələrlə keçmişəm, amma ilk dəfədir ki, görürəm”, — dedim. Adaşımın baxışlarından anladım ki, bu təəccübüm onun üçün elə də önəmli deyil. İkimiz də susub pilləkənlərlə yuxarı, ikinci mərtəbəyə qalxmağa başladıq. Qapı zənginin səsini eşidəndə əmin oldum ki, sözün hər iki mənasında bura onun məktəbidir.
Xalq artisti Fidan Hacıyevanın APA-ya müsahibəsi
- Bu binanın qarşısından çox keçmişəm, amma birinci dəfədir görürəm.
- Hə. Diqqətlə baxmayanda bəzən görmək olmur.
- Məktəb neçə ildir fəaliyyət göstərir?
- 2015-ci ildən.
- Özünüz də dərs deyirsiniz?
- Təbii ki, elə indi dərsdən çıxmışam.
- Bəs, başqa haradasa dərs deyirsiniz?
- Konservatoriyada dərs deyirdim, sonra gördüm vaxt çatdıra bilmirəm, dayandırdım.
- Sonuncu dəfə opera səhnəsinə nə vaxt çıxmısınız?
- Bu yaxınlarda Fikrət Əmirovun “Sevil” operasında Gülüş obrazını oynamışam. Ümumiyyətlə, konsertlərim tez-tez olur. Məktəbimin nəzdində də təzəlikcə konsert zalı açmışıq. Orada da həm özüm, həm də tələbələrim çıxış edir. “Mədəniyyət” kanalında “Azərbaycan sədaları” adlı layihəm var, orada Azərbaycan klassik musiqilərini təbliğ edirik. Layihələrim və konsertlərim çoxdur. Bu dəqiqə əsas məqsədim aprelin 23-dən 29-a qədər İkinci Beynəlxalq Opera Festivalını keçirtməkdir. Bu il Üzeyir Hacıbəyovun 140 illiyidir və biz də Festivalın açılışını “Arşın mal alan” operası ilə edəcəyik. Mən burda əsasən gənclərə yer vermişəm. Bütün obrazları gənclər ifa edəcək. Mən isə xala obrazını canlandıracağam. Həmişə Gülçöhrəni, Asyanı oynamışam, bu dəfə isə xala obrazında olacağam (gülür).
- Maraqlıdır, nəyə görə festivala Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı adı verilib?
- Təşəbbüs mənim tərəfimdən olduğu üçün. Festival çərçivəsində keçiriləcək bütün layihələri də özüm yazıram. Hətta 2019-cu ildə yaratdığım qadınlardan ibarət “Metso Kamera” orkestri də festivalda çıxış edəcək. Daha sonra şəhid övladlarının təhsil aldığı Musiqi Akademiyası var, onlarla bərabər də festival çərçivəsində bir layihə edirəm. Bu yaxınlarda onlara ustad dərsi keçdim, inanın o qədər istedadlı uşaqlardır. Öz musiqi məktəbimdə də 2 şəhid övladı oxuduram və onlar da festivalda iştirak edəcəklər. Ən əsası bu festivalın mahiyyəti gənclərə operanı sevdirmək, düzgün çatdırmaqdır. Gənc opera ifaçıları da efirlərə, tədbirlərə çıxmaq istəyirlər, amma efirlərin vəziyyətini də özünüz görürsünüz. Mənim də bu festivalı keçirtməkdə əsas məqsədim onların böyük səhnəyə və böyük auditoriyaya çıxmalarıdır.
- Festivalın maliyyə tərəflərini kim qarşılayır?
- Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına təşəkkür edirəm. Onlar mənə simfonik orkestr, solistlər verdilər, reklam işlərində dəstək oldular. Digər tərəfdən, solistlər öz məktəbimin tələbələridir. Bir sözlə, birləşib bu layihəni həyata keçirik.
- İndiki şəraitdə görürük ki, hər yerindən duran müğənni olur. Bunu opera müğənnilərinə də aid etmək olar?
- Yox. Ona böyük səbir lazımdır, səbirdən başqa istedad da lazımdır, ən əsası böyük məktəb lazımdır. Mən 11 il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşam, daha sonra 2 il bakalavr, 2 il magistr, 2 il aspirantura təhsili almışam. 3 il də İtaliyada təhsil almışam. Bunlardan da əvvəl opera sənəti üçün Allah gərək sənə səs versin. Kim istəyir, gedib opera oxuya bilməz, gərək saydığım xüsusiyyətlər də olsun.
- Deyirlər musiqinin dili yoxdur. Siz özünüz də bir neçə dildə opera ifa etmisiniz. Necə düşünürsünüz, operanın dili olsaydı bu hansı dil olardı?
- Təbii ki, İtalya dili olardı. Çünki opera İtaliyada yaranıb və hər kəs də bilir ki, operanın vətəni İtaliyadır. Amma bizim də çox zəngin opera musiqilərimiz var. Bu yaxınlarda Türkiyədən Murat Orhan Can adlı məşhur dirijor gəlmişdi. O dedi siz nə qədər zəngin xalqsınız ki, sizin Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi nəhəng sənətkarlarınız olub. Bizim operada həm Qərbin, həm də Şərqin birləşməsi var.
- Azərbaycan operasının hazırkı vəziyyəti necədir?
- Düşünürəm ki, operanın reklamı yoxdur. Necə ki pop ifaçıları sosial şəbəkələrdə reklam olunurlar, eləcə də opera reklam olunmalıdır. Amma ümumilikdə opera janrının bütün dövrlərdə dinləyicisi az olub. Tarixən opera krallar üçün yazılıb. Saraylarda opera teatrları olub və krallar üçün orada opera ifa ediblər. Sonralar başlayıb, opera xalqa çıxmağa. Bizdə də vəziyyətin belə olmağı hardasa, normaldır.
- İlk dəfə 19 yaşında “Koroğlu” operasında Xanəndə qız obrazı ilə səhnəyə gəlmisiniz. Bu gün də səhnəyə çıxanda 19 yaşınızdakı kimi həyəcan hiss edirsiniz?
- Həyəcan məndə bir dəfə olub, o da İtaliyada solo konsertim zamanı. Mən orda 3 il oxudum və həmin konsert bir növ hesabat konserti idi. Bir anlıq özümə dedim ki, mən burda neyləyirəm? Çox həyəcanlı idim. Ən əsası məsuliyyət idi. Akademiyanın professorları, İtalyanın məşhur adamları gəlmişdi. Öz-özümə dedim, yox, mən burada Azərbaycanı təmsil edirəm, ona görə də möhkəm olmalıyam. Yadımda qalan həyəcan bircə bu olub.
- Müsahibələrinizin birində xanımlara tövsiyə etmisiniz ki, səhər tez oyanıb işlərini planlı şəkildə görsünlər. Bu qədər işin gücün arasında özünüz planlı iş görə bilirsiniz?
- Mən hər səhər saat 6-da oyanıram. O adam ki, yuxudan gec durur, o yaşamır, ən geci 7-də oyanmaq lazımdır, yoxsa mən yatım 10-da oyanım, belə olmaz. Səhər tezdən işinin başında olmalısan. İstirahət günlərində də çox yatmağı sevmirəm, mənim üçün çox yatmaq pintilikdir.
- Bu qədər işin gücün içində ev işlərini çatdıra bilirsiniz?
- Ona görə tez oyanıb işlərimi planlı şəkildə görürəm. Planlı edəndə hər şeyə vaxt çatır.
- Sənətdə qazandığınız uğurda planlı yaşamağınızın payı var?
- Əlbəttə var. Bunu bir dəfə dedim, çox müğənni mənə baxıb əməl elədi, faydasını gördü, sonra mənə təşəkkür elədi.
- Pozitiv qalmağı necə bacarırsınız?
- İnsan necə düşünürsə, elə də olur. Mən hətta müsahibəyə gəlməmişdən əvvəl söhbətimizin yaxşı alınacağınızı bilirdim.
- Ailədə necə pozitiv ola bilirsiniz?
- Mütləq pozitiv olmağa çalışıram. Anam bizimlə qalır, hərdən deyir buram ağrıyır, oram ağrıyır. Bilirəm ki, diqqət istəyir, qadınlarda var axı belə şeylər. Amma mən ona deyirəm ki, mənim yanımda pis şeylərdən danışma. Kimsə mənim yanımda neqativ şeylərdən danışmaq istəyəndə icazə vermirəm.
- Azərbaycan muğamı ilə opera sənəti arasında hansı bənzərlikləri görürsünüz?
- Üzeyir Hacıbəyov operalarında həm Qərbi, həm də Şərqi təcəssüm edib. Bütün dünya bəstəkarları bunu deyir. Biz xoşbəxt xalqıq ki, çoxlu sayda böyük bəstəkarlarımız və muğam operalarımız var. Buna görə də bizdə Qərb harmoniyaları ilə muğam çox gözəl sintez olunub.
- Söhbətimizi məktəbi gəzərək davam edə bilərik?
- Olar. Siz bilirsiniz ki, bura əvvəl bizim evimiz olub?
- Burada yaşamısınız?
- Bəli, 2015-ci ilə qədər burada yaşamışıq. Sonra buranı musiqi məktəbi elədik, özümüz başqa evə köçdük.
- Yoldaşınız bu qərarınızı necə qarşıladı?
- Yaxşı. O həmişə bütün işlərimdə mənə dəstək olub. Hətta burda qonşumuz evini satırdı, biz anamın evini satıb onu da aldıq. Məktəbi bir az da genişləndirdik.
- Niyə öz yaşadığınız evdə belə bir şey etmək qərarına gəldiniz?
- İmkanım buna çatırdı. Həm şəhərin mərkəzidir, həm də başqa yerdə belə bir şey etsəm, xərci çox olacaq.
- Bildiyim qədər öz evini məktəb edən başqa adam yoxdur bizdə?
- Bunu İtaliyada bir müəllimim var idi, onun evində görmüşdüm. Düzdür, o evin hamısını yox, bir hissəsini məktəb etmişdi. Mən isə bütün evi elədim.
- Doğulub, böyüdüyünüz evdir?
- Yox, bu evdə doğulmamışam, amma uşaqlığım burda keçib.
- Yəni bu evdə uşaqlıq xatirələriniz var?
- Var əlbəttə. Ona görə bütün günümü burda keçirirəm (gülür).
- Bütün otaqlarda rəsm tabloları var. Burada rəsm dərsləri də keçirsiniz?
- Əvvəl var idi, sonra dayandırdıq. Övladlarımın üçü də rəsm çəkə bilir. Burda da çoxu onların rəsmləridir.
- Övladlarınızdan musiqi ilə məşğul olan var?
- Bircə balaca oğlum Çarlz piano çalır. O birilər özləri üçün məşğul olurlar.
- Balaca oğlunuzun adı necə oldu?
- Çarlz. Tam adı Çarlz Emindir. İki adı var (gülür). Yadımdan çıxmamış sizi festivala dəvət edirəm, mütləq gəlin.
- Onda festivalda görüşənə qədər (gülürəm).
Danışa-danışa gəlib bayaq əyləşdiyimiz kabinetə çıxdıq. İçəridə uşaqların piano ifa edib oxuduqlarını görəndə gülümsəyərək “Artıq kabinetinizi da dərs otağı kimi istifadə edirlər”,- dedim. Amma artıq gec idi. O, məni eşitmirdi, musiqinin sehri altında tələbələrinə tamaşa edirdi. Biz də sakitcə içəri girəndən bizi bürüyən sehrdən çıxıb, bu fədakar insanı övladları ilə baş-başa qoyuruq.