Xameneinin müşaviri: “Azərbaycan İran torpağıdır, iki əsr əvvəl ayrılıb”
İranın dini lideri Əli Xameneinin müşaviri Saadullah Zarei “Region Monitor” saytına verdiyi müsahibəsində bəzi iddialarla çıxış edib.

"DogruXeber.az" xəbər verir ki, o, Azərbaycana qarşı da bəzi fikirlər səsləndirib.

Zarei deyib ki, onlar Ermənistanla münasibətlər qurarkən Azərbaycan Respublikası və Azərbaycan şiə xalqının həssas münasibətini nəzərə alıblar. “İran və Ermənistan arasında əlaqələrin inkişafı İslam Respublikası üçün əvəzsiz olmayıb. Başqa sözlə, biz bunun əvəzini ödədik”.

Onun sözlərinə görə, Ermənistanla İranın münasibətləri Azərbaycanda İrana qarşı mənfi reaksiyaya səbəb olub. “Lakin biz bu əlaqələri qoruyub saxlamışıq və davam etdirmişik”.

Zarei iddia edib ki, İran Azərbaycanla Ermənistan arasındakı müharibəyə müdaxilə etməyib. Ardından isə Azərbaycan ərazilərinin İrana məxsus olduğunu dilə gətirib. “Bu, vaxtilə İranın qədim coğrafiyasının bir hissəsi olan bölgədir. Bu bölgənin mədəniyyəti mədəniyyətimizə, təhlükəsizliyi təhlükəsizliyimizə, iqtisadiyyatı iqtisadiyyatımıza, tranzit yolları maraqlarımıza bağlıdır. İran Azərbaycan qarşısında götürdüyü dostluq öhdəliklərini həmişə yerinə yetirib. Bilirsiniz ki, bu region iki əsr əvvəl İrandan ayrılıb”.

Xameneinin müşaviri Azərbaycanın İsraillə əlaqələri məsələsinə də toxunub. “Azərbaycan, məncə, başa düşür ki, nə Amerika, nə də İsrail onun qonşusu deyil. Onun yeganə böyük qonşusu İran İslam Respublikasıdır. Ona görə də biz İsrailin və ya ABŞ-ın burada hər hansı işlər görməsi ilə bağlı şayiələri ciddi qəbul etmirik”.

Zarei Şimal-Cənub dəhlizinin çox əhəmiyyətli olduğunu qeyd edərək, “Azərbaycanın, Ermənistanın, Gürcüstanın, bizim, Rusiyanın, hətta Türkiyənin, Avropanın tələbləri gərginlik yaratmadan bu genişmiqyaslı dəhliz çərçivəsində həll oluna bilər” deyə bildirib.

Xameneinin müşaviri Türkiyənin bostanına da daş atmaqdan qalmayıb. “Baxın, biz hesab edirik ki, Türkiyə regionun dövlətlərindən biridir, maraqları, əlaqələri, hüquqları var. Türkiyənin də Qafqazda fəal rol oynaması caizdir. Amma hazırda Türkiyə və şəxsən cənab Ərdoğan Cənubi Qafqazda münaqişəni qızışdırırlar”.

O müsahibəsində bildirib ki, İranın Azərbaycana qarşı heç bir ərazi, sərhəd və ya başqa heç bir iddiası yoxdur. “Amma reallığı şişirdən, yanlış yozumlarla Azərbaycan ictimaiyyətinə çatdıranlar var”.//Tribunainfo.az

Dünyapress TV

Xəbər lenti