"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Xəbər verildiyi kimi, işğalçı Rusiya diktatoru Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını bildirib. Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında deyib ki, Sovet İttifaqı dağılanda “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”. Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi. Bunun ardınca isə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina “TASS”-a bildirib ki, SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır... Bunun ardınca Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edərək bildirib ki, hüquqi baxımdan Kobyakov haqlıdır.

Bundan əvvəl də müxtəlif Kreml ideoloq və təbliğatçıları, deputatlar tərəfindən SSRİ miqyasında imperiyanın bərpasına yönəlmiş fikirlər səsləndirilmişdi. Ancaq bu dəfə daha məsələ daha ciddi və rəsmi fiqurlar tərəfindən qaldırılıb. O da maraqlıdır ki, bu gedişlər Trampla Putinin telefon danışığından sonra baş verib.

Elə məhz Putin və Trampın mayın 19-da gecəki son telefon danışığından dərhal sonra – ertəsi gün Rusiyanın baş diplomatı Sergey Lavrovun postsovet məkanının həssas nöqtələrindən olan Ermənistana səfər etməsi və onun dolayısıyla revanşist erməniləri Qarabağ ocağını yenidən körükləməyə çağırışları bəlkə də Kremlin “keçmiş Sovet məkanı bizimki olub və olacaq” mesajı verməsidir...

Məsələnin ciddiliyini həm də ABŞ-ın sabiq Dövlət katibi Entoni Blinkenin hələ 2022-ci ilin yanvarında, yəni Rusiyanın Ukraynaya təcavüzündən xeyli əvvəl “CNN” kanalına müsahibəsində söylədiyi bu fikirlər göstərir: “Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə Kremlin əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir...”

Aydındır ki, çağdaş geo-siyasi və geo-iqtisadi durumda gerçəkdən imperiyanın keçmiş sərhdələrinin bərpasına nail ola bilməsələr də, hər halda Kremlin başda Putin olmaqla xirtdəyəcən zibil, cinayət içində olan rəhbərləri buna cəhdləri son imkanlarınadək davam etdirəcəklər...

Bəs, görəsən, Putini keçmiş SSRİ sərhədləri çərçivəsində imperiyanı de-yure və de-fakto bərpa etməyə ruhlandıran, ona güc verən digər amillər hansılardır? Putinin, Rusiyanın imperiyanı əvvəlki sərhədlərində rəsmən bərpa etmək üçün hansı potensialı, hansı konkret resursları var?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“Əvvəla, onu deyim ki, Sovet imperiyasını bərpa etmək və hətta onun sonunu gətirən Beloveşjsk anlaşmasına xitam vermək cəhdləri absurddur. Absurddur ona görə ki, artıq postsovet respublikalarının hamısı həm de-yure, həm de-fakto müstəqil dövlətlərdir. Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər, tam imperementasiya edə bilməyiblər. Bununla belə, artıq həmin ölkələrin hər biri beynəlxalq hüququn subyektidir, müxtəlif beynəlxalq təşkilatların üzvüdür və dünya tərəfindən hər mənada tanınmış müstəqil dövlətlərdir. Ona görə də Putinin müşavirinin, Duma üzvlərinin və s. SSRİ-nin guya qanunsuz ləğv olunmasıyla bağlı bəyanatları bir xülyanın nəticəsidir və bunlar sadəcə populist bəyanatlardır. Bu gün Putin Ukrayna bataqlığına düşməsinə ilk növbədə öz əhalisi qarşısında bəraət qazandırmaq üçün guya məqsədinin SSRİ-ni bərpa etmək olduğunu göstərir. O bilir ki, Rusiyanın özündə bu cür imperialist sentimentlər olduqca güclüdür. Onların əksəriyyəti həmin o sovet nostalgiyasını yaşayırlar. Rusiya diktatoru da bundan istifadə edərək təbliğat aparır. Başqa bir səbəb də o ola bilər ki, Putin bununla dünyanı təhdid etməyə çalışır. Yəni demək istəyir ki, əgər Ukrayna məsələsində güzəştə getməsəniz, başqa ölkələrə də hücum edə bilərəm. O başqa nə cür SSRİ-ni bərpa edə bilər? Heç kəs gedib könüllü o ittifaqa qoşulası, o imperiyanı bərpa edəsi deyil. Belə çıxır ki, Putin dünya birliyinə alver təklif edir. Amma mən güman etmirəm ki, kimsə bu alverə gedəcək. Yəni dünyada mən bir neçə sözü keçməyən, heç bir əhəmiyyəti olmayan ölkə xaric hansısa dövlətin buna yaşıl işıq yandıracağına inanmıram. Hətta Rusiyanın guya yaxın müttəfiqi sayılan Çinin və yaxud İranın da...

Qaldı Putinin keçmiş SSRİ sərhədlərində imperiyanı bərpa etmək üçün gücünün, potensialının nə qədər olmasına... Ukraynaya 3 ildən artıq bir dövrdə genişmiqyaslı təcavüz etməsinə baxmayaraq, Rusiya həmin ölkənin maksimum 20 faizini nəzarətə götürə bilib. O ərazinin də xeyli hissəsini Moskva öncədən, 2014-cü, hətta 2012-ci ildən başlatdığı separatçı hərəkat nəticəsində faktiki olaraq nəzarətə götürmüşdü. Yəni Rusiyanın real potensialının ən obyektiv göstəricisi budur. İndi, təsəvvür edin ki, Putin Ukrayna ilə paralel başqa ölkələrin də ərazisini ələ keçirməyə çalışa, buna inanmıram. Birincisi, ona görə ki, bunu etməyə ona imkan verməzlər. İkincisi də, onun buna gücü çatmaz. Çünki Rusiya hazırda dərin böhran içərisindədir. Deyilən işğalları o dövlət həyata keçirə bilər ki, onun buna real potensialı olsun. Rusiyanın isə belə bir potensialı yoxdur, ola da bilməz və bu gedişlə olmayacaq da... Bu səbəblərdən bir daha deyirəm ki, SSRİ-nin bərpasına yönəlmiş çağırışlar, açıqlamalar yalnız populist bəyanatlardır. Və həmin bəyanatlar da Ukrayna məsələsində alverə hesablanıb. Yəni demək istəyir ki, Ukraynada mənə güzəştə gedin, yoxsa mən başqa respublikalara da hücum edərəm. Ancaq mahiyyət etibarilə bu nə baş tutacaq bir sövdələşmədir, nə də bir populist bəyanat, təbliğat kimi də uzun müddət tab gətirə bilər...”

 

Dünyapress TV

Xəbər lenti