Ardını oxu...
Paytaxt nəqliyyatındakı xaosa görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birbaşa məsuliyyət daşıyır. Cəmiyyət də haqlı olaraq agentliyi ittiham edir. Yollarda adicə xətlənmə işlərində ciddi qüsurlara yol verilib. Sanki hər şey sürücülərin cərimələnməsinə hesablanıb.
Bizimyol.info xəbər verir ki, AYNA ictimaiyyət qarşısında hesabat verməyi xoşlamır. Paytaxt nəqliyyatındakı xaosla bağlı düz-əməlli açıqlama eşitmirik. Vəziyyət getdikcə mürəkkəbləşir. Tıxaclar daha dözülməz hal alır.

Bir neçə gün əvvəl AYNA-nın məsul şəxslərindən biri sükutu pozmuşdu. Onda da ictimaiyyət qarşısında hesabat sayılacaq hər hansı ifadə işlətməmişdi.

AYNA nəqliyyat vasitələrinin parklanmasına görə hər ay milyonlar qazanır. Nə qədər qazandığını yalnız təxmin edə bilirik, dəqiq söyləmək mümkün deyil. Tapın görək niyə? Bəli, hesabatsızlığa görə! AYNA bu haqda danışmağı xoşlamır.

Agentlik parklanma işini qaydasına salmaq üçün müəyyən addımlar atdı. Mobil tətbiq yaradıldı, parklanma yerlərində xətlənmə aparıldı. Amma problem tam həllini tapmadı. Hər şeydən əvvəl harada gəldi parklanma ərazisi təyin olunub. Məsələn, metronun “Nəsimi” stansiyasına yaxın olan İlqar Cümşüdov küçəsində xətlər o qədər bərbad çəkilib ki, avtomobillərin rahat hərəkəti üçün nizam pozulub. Maşınlar məcburiyyətdən məhz parklanma yerlərinin üzəri ilə hərəkət etməli olur. Belə nümunələr çoxdur. O qədər çoxdur ki, hətta bir yazını belə boşluqlara həsr etmək mümkündür.

“AzParking” tətbiqində və ya uyğun mesajı göndərməklə parklanmanı qeydiyyata salmaq olur. Qaydalar belədir ki, sürücü ilk 15 dəqiqəyə görə pul ödəmir. Amma 16-cı dəqiqəyə keçəndə əvvəlki pulsuz müddət sıfırlanmır. Bir saatın tamamında yerə uyğun olaraq 40 qəpik, 70 qəpik və ya 1 manat tutulur. Yəni avtomobili saxlayanda ilk saat ərzində məhz 1 saat yox, 45 dəqiqə pulsuz verilir. Sürücü parklanma yerindən, məsələn, 1 saat 8 dəqiqə istifadə edibsə, onda 2 saatın haqqını ödəməli olur. Aşkar ədalətsizliyə yol verilir. Çünki qaydalarda ilk 15 dəqiqənin pulsuz olduğu aydın yazılıb.

AYNA heç nəyə fikir vermir. İctimaiyyət qarşısında hesabat verilmir, çatışmazlıqlar da aradan qaldırılmır. Milyonlar gəlir, lakin hara xərcləndiyini heç kimə demirlər. Özbaşınalığından qalmayan daha bir dövlət qurumunu kənardan izləyirik.

Aytən, Bizimyol.info
 
 
 
Ardını oxu...
Naftala İcra Hakimiyyətinin tenderi ləğv edilib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.

Məlumatda bildirilir ki, Naftalan İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarınə əsaslı təmir etmək fikrində olub. Bu məqsədlə 349 min manat pul da ayırıb.

Amma məlum olub ki, İcra Hakimiyyəti qiymətləndirmə prosesində şişirtməyə gedib və xərcləri çox göstərib. Elə bu səbəbdən də Anti-İnhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AİBNDX/SQ-9133/2024 saylı qərar qəbul edib. Həmin qərara əsasən Naftalan İcra Hakimiyyətinə tövsiyyələrlə yanaşı, xəbərdarlıq da edilib.

Xatırladaq ki, Naftalanın icra başçısı Vüqar Vahid oğlu Novruzovdur. 1980-ci il təvəllüdlü icra başçısının atası isə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovdur.
Ardını oxu...
Sərçə bazarı nə deməkdi, bilirsiniz, dünyanın hər yerində var. Yəni uzağı 2-3 saat çəkəcək. Erkən başlayıb günortaya bitəcək. Kəndli öz məhsulunu gətirib ucuza satacaq...
Ki... Bakıda market mafiyası bu qədim ənənəni bitirdi.
Lakin regionlarda qalır. Bu yay Xudatda yalnız bazar günləri olan Sərçə Bazarına getməli olurdum.
Bazarı dolaşmağı sevirəm. Dünyanın mühüm bazarlarından olan Qapalı Çarşı, Mısır Çarşısı, Təbriz, Tehran bazarları, Zənganın mis bazarı, Səmərqənd, Buxara, Almatı, Qahirə bazarlarını dolaşmışam... bazar möcüzədir, canlı tarixdir. Bu bazarlarda - bilinməyəni bilmirik - bilinən yaşı 500 olan dükanlar var... sanki dil açıb danışır.
Qayıdaq Xudatın hər bazar günü sübh başlayıb günortaya kimi bitən Sərçə Bazarına...
Öncə onu deyim ki, əgər bir vilayətdə idarəetməni bir baxışda görmək istəyirsənsə bazara get. Təkcə idarəetməni deyil, sosial vəziyyəti, ictimai münasibətləri də bazarda aydın şəkildə görmək olur. Məsələn, satıcıların məzlum görkəmi, ucdantutma dişsiz ağızlar, yer pulu verə biməyən qadınlar, onların üstünə şığıyan yekəqarın kişilər... lal hekayələrdir...
Hər dəfə bu bazara gedəndə düşünürdüm, görəsən bu qəsəbənin başçısı bu bazarın halını, bu tozu, bu pintiliyi, bu natəmizliyi... bu ayıbı görübmü?
Görübsə, dözübsə, dözürsə... çox pis. Demək, adam bu rəzalətlə razılaşır, çirkabla barış içindədir, bunu norma sayır.
Görməyibsə daha pis. Demək, adam tutduğu vəzifənin, idarə etdiyi torpağın dəyərini bilmir, insanını saymır. Dövlət vəzifəsinin bir fürsət olduğunu, bu fürsəti necə dəyərləndirməyin bütün gələcək nəslin, oğul-uşağın üzərində hansı təsirləri buraxacağından xəbəri yoxdur. `Gün bu gündür` nəfsini `gün bu gün deyil, bu günün sabahı var` fəlsəfəsinə çevirə bilməyib. Demək, adamın `Xalqın cəzalandıra bilmədiyini Xaliq cəzalandırır` dünyasından xəbəri yoxdur.
Nə isə...
Xudatın Sərçə Bazarını yaraşıqlı, təmiz, sahmanlı, muzey kimi bir bazar etmək üçün hər çür potensial var, məkan var, insan var, bazardan gələn gəlir var.
Daha nə lazımdır? Bir idarəetmənin daha nəyə ehtiyacı var ki, qəsəbənin bazarını abadlaşdırsın, yerə asfalt döşətdirsin, dəzgahlar düzdürsün, satıcılara önlük aldırsın?
Məncə, təməl ehtiyac mədəniyyətdir, görmüşlükdür, mədəni səviyyədir. Elə o üzdən də hər vilayətin idarəetmədəki mədəni səviyyəsini görmək üçün bazara gedin. Bir anda hər şey aydın olacaq.
Xudat bazarında qolçomaq kimi dolaşan şişman adamlar gördüm. İki qadını `yer pulu ver` deyə qısnamışdılar. Deyəsən, o qadınlar iki vedrə zoğalı ayaqüstü satıb qaçmaq istəyir, azacıq qazanca görə pul vermək istəmirdirdilər.
Ayaq saxlayıb bu deyişməyə tamaşa edirdim... əzablı idi. Qadınlar məzlum bir təbəssümlə içlərinə qısılmışdı, adam kükrəyirdi...
Demək, bu bazarda hər həftə yer pulu yığılır, təbii olaraq. Bəs bu pulları kim udur? Bu pul niyə bu bazarın abadlaşdırılmasına xərclənmir?
Xudatın Sərçə Bazarına hər bazar günü yerli, xarici Nabran istirahətçiləri, xüsusən yay aylarında minlərlə insan gəlir, bu bazarda hızlı bir alış-veriş var. Minlərlə insan toz-tozanağın içində, yarım-yamalaq dəzgahlarda, antisanitar bir şəraitdə... satır, alır...
Bu bazardan gələn gəliri yeyənlər isə bu mənzərənin rəzil mahiyyətini anlamırlar və bu rəzalətdən utanmırlar. Bu ayıbın ortada olmasından qəsəbə adına utanmırlar.
Görünür, idarəedən bu insanların bazar kültürü haqqında, `şəhərin qiymətini bazar` verər haqqında heç bir anlayışları yoxdur. Eləcə də, tutduqları vəzifə məsuliyyətləri, idarəetdikləri qəsəbə, o qəsəbənin əhalisi, gələni, gedəni... onların doymayan iştahları qarşısında xırda məsələdir.
Yoxsa, bu mənzərəyə necə dözmək olar?
Yolum Xudatın ənənəvi bazarına da düşdü bir dəfə. Bazarın ortası palçıq bataqlığı, kanalizasiya daşmış, üfunət bürümüşdü aləmi. Çamurun yaşıllaşmasından görünürdü ki, bu virus qaynağı dünənki məsələ deyil.
Bu idarəetmə sahiblərinin, bu dövlət məsuliyyəti olmayanların evlərinə, keçimlərinə, villalarına, arabalarına... tamaşa edin... düzdür, görmədim, amma hər halda təsəvvür etmək çətin deyil.
Bu ayrı-seçkilik nədir?
Dövlətə öz evi kimi baxmayan, vətəndaşı öz ailəsi kimi görməyən, başında durduğu qəsəbənin çirkabından utanmayan insanları haradan tapıb vəzifə verirlər... anlamaq olmur.
s.a. İstanbulda hər məhəllədə - Xudat qədər olan yüzlərlə məhəllədə həftənin bəlli bir günü bazar qurulur. Sərçə Bazarı kimi. Səliqə, nizam, təmizlik mükəmməl!
Niyə öyrənə bilmirsiniz?
Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir?
 
Ardını oxu...
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur.

Onların əməlindən əziyyət çəkən isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.

İttihama görə, təqsirləndirilən xanımlar onu Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Zərərçəkmiş şəxs həmin pulu oğlunun iştirakı ilə verib.

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövrü müddətində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaxında məhkəmə istintaqı başlayacaq.

Qeyd edək ki, Vəfa Allahverdiyeva bu ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. Onun barəsindəki cinayət işinə görə işdən çıxarıldığı istisna edilmir.
 
 
 
Ardını oxu...
Ağdam rayonu, Əhmədavar kənd sakini Mustafayev Alim Hümmət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“ Mən, Mustafayev Alim Hümmət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. 17.03.1959-cu ildə Ağdam rayonunun Əhmədavar kəndində anadan olmuşam. 1982-ci ildə Bakı şəhərində, Ema İsrailovna adlı qadınla tanış oldum. 15.01.1983-cü ildə Ema İsrailovna ilə Ağdam rayonunun Çəmənli kənd qeydiyyat şöbəsində nigahımız oldu. Müəyyən səbəblərə görə biz ayrılmalı olduq. Ema doğulduğu Qax rayonuna getdi. Qeydiyyat şəhadətnaməsini də özü ilə apardı. Mən Ağdam rayon məhkəməsinə boşanma ilə bağlı müraciət etdim. Ema məhkəmənin çağırışlarına məhəl qoymadı, məhkəməyə gəlmədi. Uzun fasilədən sonra 2013-cü il iyul ayında yenidən məhkəməyə müraciət etdim. Ema məhkəməyə gəlmədiyi üçün, onun iştirakı olmadan boşandıq. Elə həmin boşanmadan 4-5 ay aydan sonra Ema Qax rayonunda qeydiyyat şöbəsinin müdiri olmuş Şükürova Kəmalə Çingiz qızının iştirakı ilə, məni əvvəlki qeydiyyat surətini köçürməklə yenidən Qax rayonunun Qaxingiloy kəndində qeydə alaraq nigah keçmişdir. Məni guya Qax rayonunun Qaxıngiloy kəndində yaşamışam kimi qeyd ediblər. O kənd harada yeləşir mən bilmirəm. Nəhayət 26.10.2013-cü ildə Qax rayon məhkəməsində hakim Kiçikbəyov Atabəy oğlunun sədrliyi ilə, Şükürova Kəmalə, Ema İsrailovna və birdə şahidlərin iştirakı ilə məni itkin kimi qeydə almış və ölmüş kimi qərardar vermişlər. Çox maraqlıdır ki, hakimin burada marağı nə olubsa hər şeyə göz yumub. Heç bir araşdırma aparmadan, doğulduğum rayonla əlaqə saxlamadan belə qərar verib. Mənim bu işlərdən xəbərim olmayıb. Son 4 aydır təqaüdüm kəsiləndə məsələni bilmişəm. Döymədiyimiz qapı qalmadı. Adını çəkə bilmədiyim bir idarədən öyrəndim ki, 26.10.2013-cü ildə adını çəkdiyim işbazlar öldürüb basdırıblar. Bu işin üstü açılmasaydı mən öz əcəlimlə ölmüş olsaydım bilinməyəcəkdi. Nəticədə ailəm, azyaşlı övladım çox əziyyət çəkməli olacaqdılar. Əlbəttə ki, adını çəkdiyim adamlar qanun qarşısında cavab verməli olacaqlar.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. Araşdırıb məlumat verəcəyini bildirdi.

Aynurə İSMAYIL
 
Ardını oxu...
Socarda korrupsiya zənciri:

Müvafiq qürumlara əsaslı faktlar :

DogruXeber.az: - Xalqımızı maddi cəhətdən sınağa çəkən Azəriqaz İB haqqında bilməyənlər üçün bildirik ki, fərdi yaşayış evlərinə 2024 cü ilin may ayından sənədsiz evlər üçün qaz çəkilişləri dayandırılmışdır. Buna səbəb isə Cənab Prezidentin sərəncamını göstərirlər. Hansıki, sərəncamda 2023 cü ilin oktyabr ayına qədər tikilmiş evlər nəzərə alınmayıb. Məsələnin digər tərəfi çıxarışı olan evlərə texniki şərt verilir və pulsuz olduğu halda 160 manat rüsum tələb olunur, bunuda yarıtmaz Taarif Şurasının qərarı ilə əsaslandıdırlar. 160 manatı aldığı halda sayğacın materialı, xərci və quraşdırılmasını isə vətəndaş əlavə olaraq ödəyir. Bəs bu 160 manat nə üçündür? Elə küçələr varki, vətəndaş o küçələrə şəxsi vəsaiti hesabına boru alıb xətt çəkib, indi ora qoşulma icazəsinə görə nə az, nə çox 160 manat ödəniş? Hələ bu azmış kimi “Aska Azərbaycan ” MMC adı ilə əlavə 30 manat pul yığılır..( işçilər arasında türk pulu deyilir)

Layihərə razılaşma möhürü illərlə ödənişsiz idiki, bunada 10 manatdan pul yığılır . Əlavə olaraq sayğacın giriş hissəsi boru qaynaqla deyil, şlankla birləşdirilməlidir tələbi qoyulub və o şlank da 30 manatadır 1 ünvanda satılır, başqa heçbir yerdən satın ala bilməzsiniz.

2024 cü ilin may ayına qədər vətəndaş texniki şərti pulsuz alırdı ,bələdiyyə arayışı ilə sənədləşmə edirdi, layihələndirməyə 280 manat ödəniş edirdi, sayğacın materialı 20 manat, quraşdırılması 20 manat və nəticədə 320 manata başa gələn sayğac quraşdırma prosesi başa çatırdı. İndi yalnız çıxarışlı evlərə 160 manata texniki şərt verilir, 30 manat “Aska Azərbaycan ” MMC – ə ödənilir, 30 manat şlank və əlavə 20 manat material xərci, 20 manat quraşdırma xərci, 280 manat layihələndirmə xərci. Nəticədə 320 manata başa gələn sayğaclaşma prosesi indi 540 manata başa gəlir. Podratçılar təşkilatlarda işsiz qaldı, çoxu bağlandı, əhalinin ödənişi artdı. Olan millətə oldu hər zamankı kimi. Xalq olaraq nə qədərki nöqsanları dilə gətirməyəcəyiksə, bir o qədərdə zülmə məhkumuq.//Qafqazaz
Ardını oxu...
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İsmayıllı və Qəbələ rayonlarına səfər ediblər.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Onlar arıçılıq təsərrüfatı ilə məşğul olan ailələrlə görüşüblər.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi daha bir tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhərində yerləşən 3 obyektində və Mülki Müdafiə Qoşunlarının Quba rayonunda hərbi hissəsinin istilik sistemində avadanlıqların dəyişdirilməsi və cari təmir işləri həyata keçiriləcək.
Qeyd edək ki, 199.686,64 manatlıq satınalma müqaviləsi Gülnarə Nadir qızı Heydəri ilə bağlanıb.
Açıq mənbələrən belə məlum olur ki, FHN-lə Gülnarə Heydəri arasında satınalma müqaviləsi ilk dəfə deyil bağlanır. Ötən il nazirlik sözügedən şəxslə FHN-in urumlarının qazanxanalarında avadanlıqların dəyişdirilməsi və istilik sisteminin təmiri işlərini də həyata keçirib. Bunun müqabilində isə 206 895 manatlıq müqavilə imzalanıb.
Gülnarə Heydərinin DSX ilə də bir neçə iri tender razılaşması olub. Bunların arasında ən bahalı satınalma müqaviləsinin dəyəri 450 min manat təşkil edib.
Bildirək ki, Gülnarə Heydərinin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Tribunainfo.az-ın apardığı araşdırma zamanı isə belə məlumat əldə olunub ki, sözügedən şəxs əslən Naxçıvandandır. Güman edilir ki, o, FHN rəhbəri Kəmaləddin Heydərovla uzaq qohumluq əlaqəsinə malikdir.
 
Ardını oxu...
Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8 min 39 vahid artaraq 11 min 98 təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidməti açıqlayıb.
Açıqlanan məlumatdan belə görünür ki, 1 yanvar 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 3 min 59 olub.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda isə göstərilir ki, 1 yanvar 2023-cü il tarixində Naxçıvanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 72 min 637 nəfər olub.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 13-cü maddəsində muzdlu işçinin əmək müqaviləsi ilə işləyən şəxs olduğu yazılır.
Qeyd edək ki, daha əvvəl də Yeniavaz.com saytında bu barədə məlumat yayımlansa da, müvafiq dövlət qurumları açıqlanan ziddiyyətli məlumatlara aydınlıq gətirməyiblər.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız müvafiq sorğuya qurumdan cavab verilib ki, DSK 1 yanvar 2023-cü il tarixinə Naxçıvan MR-da qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı (72 min 637 nəfər) ilə bağlı qeyd edilən məlumatı təsdiq edir.
Lakin məsələyə aydınlıq gətirilməsi üçün bu ilin iyun ayında Dövlət Vergi Xidmətinə ünvanladığımız müvafiq sorğuya bu günə kimi cavab verilməyib.
 
Ardını oxu...
Yataq xəstəsi olan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu Ədliyyə naziri Fərid Əhmədovdan öz alacağını istəyir; “İcraçı mənim işimi icra etmir, xahiş edirəm pulumu Siz qaytarın”

Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:

“Cənab nazir!

Bildirim ki, Naxçıvanda Kərimli Murad adlı bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu mənimsəmişdir.

Mən, Şahbazov Akif Cümşüd oğlu, artıq gözləməkdən bezmişəm. “Ümid sonda ölər”, - deyib Sizə yenə müraciət edirəm. Xahiş edirəm ki, icraçının bəzi səbəblərə görə qarşı tərəfdən ala bilmədiyi 432 manat pulumun mənə ödənilməsinə göstəriş verəsiniz.

Əvvəla olaraq deyim ki, ərizə ilə məhkəməyə müraciət etdim. Qarşı tərəf Bərdə Məhkəməsində boynuna aldı ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib, məni aldadaraq 802 manat pulumu mənimsəmişdir.

Diqqətinizə çatdırım ki, hazırda Kərimli Murad mənə xəbər göndərir ki, “mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də”.

İcraçı isə bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır”.

Hörmətli redaksiya!

İlk dəfə sizin saytda şikayət gedəndən sonra icraçı Sadiqlə danışdım. O, mənə təklif etdi ki, barışın, bu məsələ həll olunsun. Sual verdim ki, bəs pulum nə vaxt ödəniləcək? Cavab verdi ki, tezliklə ödəyəcək. İcraçı o qədər səmimi danışdı ki, onun sözlərinə inanmışdım. Mənə dedi ki, biz kişiyik, barışıq ərizəsi yaz, göndər məsələni həll edək.

Öz başıma qərar vermədim. Zəng vurub “Hürriyyət”in Baş redaktoru Vüqar Tofiqoğlu ilə məsləhətləşdim. O da dedi ki, əgər icraçı “biz kişiyik” deyirsə, barışıq ərizəsini yaz göndər, qoy pulu alıb sənə versin. Onun dediyi kimi etdim. Elə həmin gündən də icraçı zəngləri qəbul etmədi. Yəni mənim kimi yataq xəstəsini bu dəfə də dövlət məmuru aldatdı.

Yenidən məhkəməyə müraciət etdim. Bu dəfə iş Məhəmmədəli adlı icraçıya tapşırıldı. Məhəmmədəli ilə də dəfələrlə danışmışam, mənə deyir ki, səbr et, gözlə. Nə qədər səbr edim, əslində, 432 manat böyük pul deyil, amma mənim o pula yaşamaq üçün ehtiyacım var. Təəssüf ki, bunu başa düşən yoxdur. Məhəmmədəli əvvəl 10 gün gözlə dedi, indi də deyir ki, 20 gün gözlə. İllərdir gözləyirəm, amma məhkəmənin qərarı icra olunmur.

Cənab nazir!

Bu səbəbdən də Sizdən xahiş edirəm ki, ya mənim pulumun tezliklə ödənilməsi haqda göstəriş verin, ya da siz özünüz ödəyin. Çünki illərdir gözləməyimə baxmayaraq, icra məmuru öz işini icra etmir. Özüm dəfələrlə icraçı ilə danışmışam, redaksiya əməkdaşları da danışır, lakin heç bir tədbir görülmür. Məndə olan məlumata görə, hətta bundan əvvəlki icraçı Sadiq qarşı tərəfdən 200 manat pul alıb deyə işi icra etmirmiş.

Xəstə adamın 10 qəpiyə belə ehtiyacı olur. Çünki iynə-dərman olmasa xəstəlik ağırlaşır və ölüm daha da yaxın olur. Bu səbəbdən də mənə aid olan pulu Sizdən istəməyəm məcburam. Ən azı ona görə ki, Sizin başında durduğunuz qurum bu məsələyə soyuqqanlılıqla yanaşır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti