Ardını oxu...
(İlk xəbər 22.02.2024-cü ildə yayımlanıb)

Hüquqşünas Natiq Ələsgərov Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir.

Qaynarinfo xəbər verir ki, Natiq Ələsgərov sözügedən qurumu sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edir.
Hüququşünas bununla bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.

Natiq Ələsgərov bildirib ki, Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ənənəvi Abşeron sortlarından ibarət əncir bağı salıb. Dövlət ona bu iş üçün subsidiya da ayırıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş icazə kodu ilə “Agro Turizm” sahəsini də inkişaf etdirməyə başlayıb.

Hüquqşünasın sözlərinə görə, həmin torpaq sahəsində qanunvericliyin tələblərinə uyğun olaraq təsərrüfat anbarı tikintisinə başlayıb: “Tikintiyə başladıqda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkəşkül kəndi üzrə Elməddin adlı nümayəndəsi bildirdi ki, tikinti işlərinə icazəni mən vermirəm. O, Mirqasım adlı şəxsə zəng edərək mənimlə görüşməsini tapşırdı. Dedi ki, nə lazımdırsa verəcək, yəni, mən verəcəm, məsələni həll edin. Mənə sonuncunun nömrəsini yazıb təqdim etdi. Mirqasım adlı şəxs ilə görüşdükdə, bildirdi ki, rəhbərlik ilə razılaşdırıb, sənə xəbər edəcəm. Mirqasım telefon vasitəsi ilə mənə dedi ki, rəhbər yox idi, təzə gəlib və 30 min manat istəyirlər tikinti üçün. Ona bildirəndə ki, mən təyinatı üzrə tikinti aparıram və bu məbləğ həddindən artıq çoxdur, cavabı özünün sadəcə vasitəçi olduğunu bildirdi. Nəhayətdə mənə dedi ki, 25 min manata razılaşdılar, pulu gətir və tikintini apar.

Mirqasımla danışıqlar apardığım bir vaxtda Elməddin adlı icra nümayəndəsi zəng etdi ki, işini icra elə tez bitir, elə eləmə mən əraziyə gəlim. Nəhayət, noyabrda Abşeron İcra Hakimiyyətinin inzibati binasının qarşısında rüşvət olan vəsaiti aparıb təqdim edəndə, Mirqasım bildridi ki, pulu say, ver əməkdaşımıza, həmin şəxs başçının qohumudur və pulları bu şəxs alır. Həmin şəxs maşınıma əyləşərək pulları bir-bir saydı və götürdü. Yəni Mirqasım adlı şəxs məndən rüşvəti almadı, pulu digər vəzifəli şəxs aldı. Qeyd etdiklərim cinayət işinin materialları ilə tam sübuta yetirilir. Bu günə olan nəticə belədir ki, cinayət işi üzrə yalnız Mirqasım adlı şəxs həbs edilib, digər vəzifəli şəxs – məni Mirqasıma yönəldən təhrikci və rüşvəti alan şəxs həbs edilməyiblər!”

Natiq Ələsgərov əlavə edib ki, bu azmış kimi gecə ilə gəlib tikintinin bir hissəsini söküblər.

“Prezident Adminstrasiyasında qəbul zamanı Abşeron İcra Hakimiyyətinə yanımda zəng etdilər, bildirdilər ki, bu işlərə son qoyun, vətəndaşı inçitməyin, müraciətinə cavab verin. İcra Hakimiyyətinin başçısının 1-ci müavini “baş üstə” deməsinə baxmayaraq, 22 yanvar tarixindən bu günə qədər müraciətimə heç bir cavab verilməyib”.

Mirqasım Mirişli Abşeron İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsələhətçi işləyib. O, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, Natiq Ələsgərovun iddialarına münasibət öyrənmək istəsə də, bu, mümkün olmayıb.

Pirəküşkülün icra nümayəndəsi Elməddin Firidovla da əlaqə saxlamağa cəhd etdik. Onun xidməti nömrəsinə zəng vursaq da, operatorun cavabı belə oldu: “Bu nömrəyə xidmət göstərilmir”.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu posta 19 yanvar 2022-ci ildə təyin edilib. Bundan əvvəl isə Nərimanov rayonuna başçılıq edib.

***

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verib. İcra Hakimiyyətinin açıqlamasını təqdim edirik:

Qaynarinfo.az xəbər saytında 20.02.2024-cü il tarixində “Abşeron RİH-lə bağlı rüşvət iddiası: Baş məsələhətçi həbs olunub, icra nümayəndəsindən xəbər yoxdur” başlığı altında yazıda vətəndaş Natiq Ələsgərovun fikirləri yer alıb. Sözügedən məqalə ilə bağlı Abşeron RİH-i olaraq bildiririk ki, Torpaq Məcəlləsinin 13.2-ci maaddəsinə əsasən kənd təsərrüfat təyinatlı torpaq sahələrində yalnız müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin torpaq sahələrinin tikinti və ya digər məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq müvafiq təyinata keçirilməsindən sonra mümkündür.

Torpaqların kateqoriyaya aid edilməsi və bir kateqoriyadan digərinə keçirməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətinə aiddir və bu NK-nin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarına əsasən icra olunur.

O cümlədən qeyd edilməlidir ki, tikinti məqsədləri üçün ayrılmış müvafiq kateqoriyaya aid edilən torpaq sahələrində qeyri-yaşayış təyinatlı tikililərin inşasına icazənin verilməsi tikinti sifarişçisi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi alındıqdan sonra mümkündür. Bu da AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə tənzimlənir.

Hazırda sözügedən iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və istintaq tədbirləri həyata keçirilir”.
 
 

 


Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olduğu deyilən “MKT İstehsalat Kommersiya” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə ittiham edilir.
Bu maddə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və Mərkəzi Banka təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulması, “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması ilə bağlıdır.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Martın 12-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.
Şirkətin ittiham olunduğu maddəyə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923, 51 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.
Rövşən Həsənov “GP Cotton Holdings” MMC-nin də qanuni təmsilçisi olub. Bu şirkət artıq “MKT İstehsalat Kommersiya” MMC-yə birləşib.
Bir neçə il əvvəl Kəmaləddin Heydərova məxsus olduğu deyilən 6 şirkət “MKT İstehsalat Kommersiya” MMC-yə qoşulduğunu bəyan edib. Bunlar aşağıdakı şirkətlərdir:
“Beynəlxalq Ticarət Mərkəzi” MMC
“MKT-Araz Futbol Klubu” MMC,
“Leqno-İmişli” ММC
“Leqno-Neftçala” ММC
“İmişli Sənaye İnşaat” MMC
“İnnovasiya Fermer Təsərrüfatı” MMC
Mediada “MKT İstehsalat Kommersiya” MMC-nin Kəmaləddin Heydərova məxsus olması barədə kifayət qədər yazılıb. Hətta MKT abreviaturasındakı K hərfinin Kəmaləddin Heydərovun adının baş hərfi olduğu iddia edilir.
 

Ardını oxu...
"Tam təminat içində (hansı işlərinə görə?!), bütün elmi titulların sahibi İsa Həbibbəyli elmdə alış-verişə və rüsvətə "yox" deyən, dövlət və xalqa daha çox fayda verə biləcək alimi ölümə tərk edib şəxsi həzzi üçün Polşadan hansısa Pşemislavı, Martini axtarır. Belə titullu şəxsin dövlətin elm qurumunda nə işi var axı?! Paradoksallıq!
İsa Həbibbəyli, illərlə zülm etdiyiniz İdris Abbasov Polşanın deyil, böyük vəzifələr tutub laqeyd qaldığınız Azərbaycanın vətəndaşıdır!"

Ardını oxu...
AMEA rəhbəri İsa Həbibbəyli

O, daha sonra bildirib: "Vicdan, yenə də vicdan! Bu vətəndaş bu dövlətə Polşa vətəndaşları - pşemislavlardan, martinlərdən, hətta sizdən daha çox faydalıdır. Bəs niyə onu ailəliklə maddi ehtiyaclara dücar edib, görməzdən gəlirsiniz?

Nə Allahdan, nə dövlətdən, nə də rəhbərdən həzər edirsiniz...

Ardını oxu...
Dilçi-alim İdris Abbasov

PS. Neçə gündür, qaldığımız kirayədə istiliyi də kəsiblər. Soyuq, imkansızliq və xəstəlik. Bu cür biganə akademik taxt-tacınız dağılsın, halal yaşamaq nəsibiniz olsun, İsa Həbibbəyli! Təbii və təəssüf ki, siz tək nüsxə deyilsiniz. Toxun acdan nə xəbəri..."
Ardını oxu...
Hər il Dövlət Proqramı çərçivəsində yüzlərlə tələbənin dünyanın nüfuzlu universitetlərində təhsil almaları dövlət hesabına təmin edilir. Bu məqsədlə milyonlarla vəsait ayrılır. Amma baxın, həmin tələbələrin siyahısı açıqlanmır. Qərb təhsilli Emin Əmrullayev, Elm və Təhsil Nazirliyi, nəyi gizlədirsiniz?
O siyahılarda nazir, deputat, büdcəyeyən məmurların əziz-xələflərinin, qohum-əqrəbalarının adlarının ortaya çıxacağından, ifşa olunacaqlarındanmı çəkinirsiniz?
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz səhifəsində yazır.Daha sonra Cavanşir bəy fikirlərini şərh edərək yazır:
Emin Əmrullayev biz o istedadların hamısını tanımaq istəyirik. Dırnaqarasında yazmadım ki, aralarında həqiqətən istedadlı insanlar var, amma neçə faizdir..? Elə onları da tanıyıb fərəhlənmək, təhsilimizin bərbad gününə baxıb təsəlli almaq istərdik.
Emin Əmrullayev, sizin Kolumbiya Universitetində təhsil aldığınız illərdə o siyahını əldə etmək mümkün idi.
Məsələn, yadımdadır ki, bir neçə il əvvəl açıqlanan bir siyahıda Britaniya Universitetlərində təhsil alacaq tələbələrin siyahısında "müxalif" deputatlardan birinin qızının və qardaşı oğlunun adı qeyd olunmuşdu. Hansı ki, o deputatın xaricdə öz hesabına ən azı 10 tələbə oxutmaq imkanı var.
Yaxud ölkənin səhiyyə sisteminin canına çökmüş biri öz qızına amerika umiversitetində laboratoriya təhsili vermək üçün təqaüd proqramından yararlanır, üstəlik övladı təhsilini başa vurduqdan sonra orada yaşamağa üstünlük verir. Nə gözəl, Azərbaycanın büdcəsi hesabına Amerika, Avropa üçün kadrlar hazırlanır.
Cavanşir Həsənli
 
Ardını oxu...
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasına dəyişiklik gözlənilir.

Məlumata görə TƏBİB-in Müşahidə Şurasının üzvləri artırılacaq.

Bildirilir ki, TƏBİB-in Müşahidə Şurasında yer almaq istəyən şəxslərdən biri də deputat Kəmaləddin Qafarovdur. Lakin onun dərman monopolisti kimi tananması və bir sıra korrupsiya layihələrində adının keçməsi Qafarova ciddi problemlər yaradıb.
TƏBİB-dəki mənbə deyir ki, Kəmaləddin Qafarov bir müddət öncə eyni cəhdi hansısa nazir postunu tutmaq üçün də edib, amma nail ola bilməyib.

Kəmaləddin Qafarov Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin Baş direktor müavinidir.

Mediada yazılanlara görə Kəmaləddin Qafarov “Kanon” apteklər şəbəkəsinin sahibidir.

Onun eyni zamanda ölkəyə onkoloji dərman preparatları və vasitələri gətirən xeyli sayda şirkətlərinin də olduğu yazılıb.

K. Qafarova aid olan şirkətlərdən biri də “Azəri Med” MMC olduğu deyilir.

Mövzu ilə bağlı Kəmaləddin Qafarovla əlaqə saxlamaq mümkün olmayıb. Ümumiyyətlə, Kəmaləddin Qafarov mediaya qapalı deputatlardan sayılır və ictimai rəyi ümumən nəzərə almır.(Arqument.az)
 
Ardını oxu...
Cümə axşamı London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 22 daşınmaz əmlaka həbs qoyub.

OCCRP-in (Korrupsiya və mütəşəkkil cinayətkarlığı Araşdırma Mərkəzi) dərc etdiyi sənədlərə görə, 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlak 2023-cü ilin iyun ayında dondurulub. Bütün bu müddətdə Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib.

Ailənin vəkili əmlakın qanuni yolla əldə edildiyini iddia edərək hakim Naycela Pulu əmlaka həbs qoyulması qərarını ləğv etməyə razı salmağa çalışıb.

Qeyd edək ki, bundan əvvəl Feyziyevin ailəsi Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (NCA) sanksiyalarına məruz qalıb. Britaniya hakimiyyəti hesab edib ki, Feyziyevin və onun ailə üzvlərinin bank hesablarındakı milyonlarla funt sterlinq “2017-ci ildə OCCRP-nin açıqladığı və “Azərbaycan camaşırxanası” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması sxemindən gəlir.

2022-ci ildə Böyük Britaniya həmin vəsaitdən 5,6 milyon funt sterlinqi (7,56 milyon ABŞ dolları) Feyziyevin xanımı, böyük oğlu Orxanın və qardaşı oğlu Elman Cavanşirin hesablarından müsadirə edib.

Feyziyevin və xanımının daşınmaz əmlakının dondurulması barədə qərar çirkli pulların yuyulması yolu ilə əldə edildiklərinə dair “ciddi sübutlar” səbəbindən onları satmağa və ya kiməsə verməyə yol vermir.

Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak eksklüziv Chelsea Barracks kompleksində dəyəri 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) çox olan iki rezidensiyadır. Feyziyev onları 2020-ci ildə alıb. Hələ o vaxtlar Britaniya hakimiyyəti çirkli pulların yuyulması faktlarını araşdırırdı.

Dondurulmuş digər əmlaklar arasında Ricents- parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var. Feyziyev bu əmlakı 2008-2018-ci illərdə 10 milyon funt sterlinqdən (13,7 milyon dollar) çox qiymətə alıb.

NCA-nın məlumatına görə, ümumilikdə dondurulmuş əmlak 50 milyon funt sterlinqdən (63 milyon ABŞ dolları) çox qiymətləndirilir.

Feyziyev parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub. Britaniya məhkəməsi onun qohumlarına məxsus 5,6 milyon funt sterlinqdən çox vəsaiti müsadirə etdikdən bir neçə ay sonra o bu vəzifələrdən kənarlaşıb.

Vəkilin mətbuata verdiyi açıqlamaya görə, ailə əmlakın müsadirə edilməsindən məyus olub, lakin NCA-nın tələb etdiyi kimi, 15,4 milyon funt sterlinqin yox, 5,6 milyon funt sterlinqin götürülməsindən “razı qalıb”.

2017-ci ildə OCCRP-nin “Azərbaycan landromatı” adlı araşdırması Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd saxta şirkət vasitəsilə ölkədən çıxarılan təxminən 2,9 milyard dollarlıq mürəkkəb yuyulma sxemini ortaya qoyub.

Turan agentliyi London məhkəməsinin dünənki qərarı ilə bağlı şərh verməsi xahişilə Cavanşir Feyziyevin köməkçisinə sorğu göndərib. Agentlik deputatın və ya onun qanuni nümayəndəsinin fikrini dərc etməyə hazırdır.(Turan)
 
 
 
Ardını oxu...
Hesablama Palatasının Bakı şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalara başladığı bildirilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığı qeyd olunur.

Mənbənin sözlərinə görə yoxlamalar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddiası ilə bağlı aparılır.

Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova Bizim.Media-ya açıqlamasında “Yoxlamalar plana uyğun olaraq aparılır” cavabını verib.

Hesablama Palatasından isə onlara rəsmi sorğu ilə müraciət etməyimiz istənilib. Qurumun email ünvanına rəsmi sorğu göndərsək də, hələki açıqlama verilməyib.

Qeyd edək ki, idarə rəhbərinin adı əmək mübahisələləri ilə bağlı qalmaqallarda çəkilir. İddialara görə İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürüb, işə götürülən şəxslərin təqdimatını isə onun tapşırığı ilə kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədova hazırlayıb. Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Bundan əlavə İbrahim Əliyevin müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər. Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir.
 

Ardını oxu...
Köhnə Astara-Lənkəran yolunun uzunluğu 42 kilometrdir.

Rayonun əksər kəndləri bu yola bağlıdır. Yeni İpək Yolu salınandan sonra bu yoldan şikayətlər var.

Astara rayonu Ərçivan kənd sakini Fəxrəddin Məmmədovun bildirməsinə görə, həmin yolda hərəkət etmək çətinləşib: "Köhnə yol Ərçivan kəndinin ortasından keçir. Kəndin ortasında və sonunda yol daha çox dağılıb. Hamımız bu yoldan istifadə edirik. Soruşanda deyirlər ki, yolda təmir gedir. Bir ilə yaxındır ki, yol bu vəziyyətdədir. Əvvəllər İrana gedən yük maşınları buradan keçirdi, yola baxırdılar. İndi həmin maşınlar yeni salınmış İpək Yolundan keçirlər".

Yolda dağıntılar gözə dəyir. Köhnə körpülər sökülərək yeniləri qurulub. Yola tökülmüş torpaq necə varsa, elə də qalıb...

"Maşını hər ay təmirə verirəm"

Maşxan kəndindən keçən yol da eyni vəziyyətdədir. "RAF" mini avtobusunun adının çəkilməsini istəməyən sürücüsü də yoldan gileylidir: "Əvvəllər bu yolu 20-25 dəqiqəyə gedirdik. İndi bir saat çəkir. Maşın dağılır. Bu dağılmış yolun hesabına maşını hər ay təmirə verirəm. Yeni İpək Yolu köhnə yoldan bir qədər uzaqdır. Ona görə camaat ora gedə bilmir. Həm də İpək Yolunun hər iki tərəfindən məftildən çəpər çəkilib. Köhnə yol da bu gündə. Görürük körpü salırlar, yolun üz təbəqəsini götürüblər. Neçə vaxtdır ki, iş dayanıb. Biz əziyyət çəkirik".

"Uşaqlar bu yol ilə məktəbə gedirlər"

Rayonun Təngərüd kəndindən keçən yoldan maşınlar aşağı sürətlə hərəkət edir. Yol daralıb. Maşınlar bir sırada hərəkət etməyə çalışırlar. Təngərüd kəndinin də adının çəkilməsini istəməyən bir sakini deyir ki, yolun belə vəziyyətdə olmasından beziblər: "Nə qədər dözmək olar. Minik maşınım var, bu yola görə ondan istifadə etmirəm. Yol qaydalarını bir balaca pozan kimi cərimə gəlir. Bəs bu yolun bu vəziyyətə düşməsində kimdir günahkar? Vaxtında təmir etsəydilər, yol bu vəziyyətə düşməzdi. Həyətlərdə yetişdirilən kənd təsərrüfatı məhsullarını bu yol ilə bazarlara daşıyırıq. Uşaqlar bu yol ilə məktəbə gedirlər. Gedirsən mağazaya, yola çıxırsan, palçığa düşürsən. Bizim ölkəmiz elə də kasıb deyil...".

Astara şəhər sakini, ictimai fəal Asən Həşimlinin deməsinə görə, ötən il iki dəfə kəndlər sel sularına məruz qalıb: "Sel suları bir neçə körpünü apardı, təsərrüfatlara külli miqdarda ziyan dəydi. 40 kəndin rayonla əlaqəsi üzülmüşdü... Su özünə yol tapıb Xəzər dənizinə axa bilmir. Su dənizə axsın deyə, Lənkəran-Astara yolunun üstündə olan körpüləri təzələyirlər. Bu yaxşıdır. Lakin yolları da bərbad vəziyyətə salıblar. Deyirlər, yola yeni asfalt çəkəcəklər. Gözləyirik".


Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2 şirkətlə ümumi dəyəri 5 milyon 706 min 609 manat 80 qəpik olan 7 satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Fondun açıq tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN – 1400126121) ilə 5, Bakı Dövlət Layihə İnstitutu (VÖEN – 1700162811) ilə isə 2 müqavilə bağlayıb.
Fond tərəfindən “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna
- Tərtər rayonu Umudlu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 853 min 730 manat;
- Şuşa rayonu Malıbəyli kəndində yerləşən yaşayış kompleksinin (14 bina) layihələndirilməsi üçün 457 min 250 manat;
- Şuşa rayonu Malıbəyli qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 991 min 790 manat;
- Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün 997 min 690 manat;
- Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 784 min 700 manat ayrılacaq.
Bunlardan başqa Fond tərəfindən Bakı Dövlət Layihə İnstitutuna
- Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi üçün 667 min 655 manat 80 qəpik;
- Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsi üçün isə 953 min 794 manat ayrılacaq.
Məlumat üçün onu bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bir mənbədən satınalma metodu əsasında imzaladığı müqavilənin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.
Onu da bildirək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri rəhbərlik edir.
 
Ardını oxu...
Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir bu məsələ beynimi məşğul edirdi. İşin hüquqi yollarını düşündüyüm halda, həm də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məntiqsiz qərarının təsiri altındaydım. Çünki ortada bir ailənin faciəsindən, bir birindən ayrı düşməsindən söhbət gedir.

Fərrux Aghnaeimayan Sirus oğlu1982-ci il Təbiriz şəhərində dünyaya gəlib. Əsilli, nəsilli, köklü, köməcli azərbaycanlıdır. Təbrizin elə bir məntəqəsində dünyaya gəlib ki, biz oranın adına tarixdə Əsli və Kərəmin dastanında rast gəlirik. Söhbət Təbrizin ən qədim məntəqələrindən biri olan, Kərəmin doğulub, boya, başa çatdığı Qara Məlikdən gedir. Bu gün də həmin məntəqədə Kərəmin qəbri və üzərində inşa edilmiş məqabərəsi mövcuddur.

Fərrux 2006-cı ildə Azərbaycana gəlib. 2012-ci ildə isə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub. Həyat yoldaşı Həmidə Məhərrəmova İsmayıl qızı Laçın rayonu, Mığıdərə kəndindəndir. O da həyatın az məşəqqətini yaşamayıb. Ailəsi ilə birlikdə Laçından məcburi köçkün düşüb. Evlərini, yurdlarını itirib. Bakıda aldığı təsəllisi isə ailəsi, övladıdır.

Fərrux bacarıqlı, peşəkar bir maşın ustasıdır. Azərbaycana gəldikdən sonra qanuni olaraq müxtəlif təmir sexlərində çalışaraq, sərmayə toplayır və 2023-cü ildə özünə təmir sexi açır. Vergi ödəyicisi olur, üstəlik, 6 Azərbaycan vətəndaşını da işə götürür. Amma…

Məsələnin əmması odur ki, Təbrizli balası Azərbaycanda müvəqqəti yaşamaq vaxtı bitməsinə az qalmış, sənədlərini toplayaraq Azərbaycan Miqrasiya Xidmətinə təqdim edir. Hər il olduğu kimi, zəruri olan bütün sənədləri qaydasında olur. Lakin Miqrasiya Xidməti həmin sənədlərə əsasən onun Azərbaycanda müvəqqəti yaşamaq hüququnu təmin etmir və bunu da “Miqrasiya Məcəlləsi”nin 55-ci maddəsi ilə əsaslandırır. Bu barədə bir qədər sonra yazacam.

Təbiətçə sakit adam olan, heç nəyə qarışmayan, ailəsini və işini düşünən Fərruxa məsləhət görülür ki, yenidən müraciət etmək üçün Azərbaycanı tərk etməli, yenidən viza alaraq ölkəyə gəlməlidir. O da Miqrasiya Xidmətinin təklifini qəbul edərək, ölkəni tərk edir və…

Mərəkə də bundan sonra başlayır. Belə ki, Fərrux Azərbaycanın Təbrizdəki Konsulluğuna müraciət edərək, onlardan viza verilməsini istəyir. Lakin Konsulluq dəfələrlə edilən müraciətlərə, qanuni əsaslara rəğmən viza verməkdən imtina edir. Daha doğrusu, müraciətlərə rədd cavabı verir. İstər Təbrizdəki Konsulluğumuz, istərsə də Azərbaycan Xarici İşlər Nazirliyi rədd cavabını Miqrasiya Xidmətinin qərarına əsasən verdiyini bildirir. Problemin də məhz Miqrasiya Xidməti ilə həll edilməsini qeyd edir.

Fərruxun həyat yoldaşı Həmidə Məhərrəmova Prezident İlham Əliyevə müraciətində yazır: “Cənab Prezident! Mənim həyat yoldaşım Azərbaycandan deportasiya olunmayıb. O yenidən sənədlərini təqdim etmək üçün prosedur gərəyi, ölkəni tərk edib. Ötən ilin noyabrından isə Azərbaycana gəlməsinə icazə verilmir. Mən hazırda işləmirəm. Heç işləyə də bilmərəm. Çünki övladıma baxmalıyam, xüsusi qayğıya ehtiyacı var. Evə yeganə gəlir gətirən isə həyat yoldaşımdır və onun da Azərbaycana girişinə imkan vermirlər. Hal hazırda mən və 5 yaşlı qızım Nəfəs acınacaqlı durumdayıq”.

Laçın rayonu, Mığıdərə sakini olan Həmidə Məhərrəmova dövlət başçısından imdad diləyərək, ərinin ölkəyə gəlməsinə yardımçı olmasını xahiş edir. Bununla əlaqədar, Miqrasiya Xidmətinə göstəriş verməsini rica edir.

İndi isə Miqrasiya Xidmətinin rəsmi olaraq əsas gətirdiyi 55-ci maddəyə diqqət yetirək. “Miqrasiya Məcəlləsi”nin məlum maddəsində xarici ölkə vətəndaşına daimi və müvəqqəti yaşayış hüququnun verilməməsinin səbəbləri göstərilib. Maddənin 0.1-ci bəndində deyilir ki, şəxs Azərbaycanda asayişi pozduqda, milli təhlükəsizliyə xələl gətirdikdə müvəqqəti yaşamaq hüququ ləğv edilir. Bu bəndin Fərruxla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki Təbrizli balasının belə bir hərəkəti olsaydı, dövlət orqanları çoxdan onunla bağlı tədbir görərdilər. Yəni, belə rahatlıqla əlini-qolunu sallayaraq ölkəni tərk etməsinə imkan verməzdilər.

Digər bəndlərdə isə sənədlərin saxtalaşdırılmasından, şəxsiyyəti müəyyən edən sənədlərin olmamasından, yalan məlumat verilməsindən, ağır cinayət törətməkdən, özünün və ailə üzvlərinin tələbatını ödəmək imkanı olmamasından, ölkəni tərk etməsindən, davamlı olaraq 180 gün ölkə xaricində qalmasından və sairə bəhs olunur.

Ümumiyyətlə, 55-ci maddədə qeyd olunan səbəblərin heç birinin Fərruxla əlaqəsi təsdiq olunmur. Çünki Fərrux ağır cinayət törətməyib, ailəsini dolandırmaq üçün yetərli maddi imkanı var, üstəlik, 6 Azərbaycan vətəndaşını işlə təmin edəcək gücdədir. Azərbaycan dilini bilir, zatən, özü də azərbaycanlıdır. Sənədləri isə qaydasında olub.

Burada bir məsələ qalır ki, Fərrux Aghnaeimayan sənədlərini Miqrasiya Xidmətin nəzərdə tutulan müddətdən az vaxtda təqdim edib. Amma bu da onun Azərbaycanda müvəqqəti yaşamaq hüququnun əlindən alınması üçün əsas ola bilməz. Miqrasiya Xidməti onun evliliyini, bu nigahdan övladının olmasını, habelə vergi ödəyicisi kimi iş sahibi olmasını nəzərə almalıydı və möhlət tanımalıydı. Üstəlik, Fərruxun ailəsi ilə birgə yaşamaq hüququ var ki, o, Azərbaycan qanunvericiliyi isə qəti şəkildə təsbit edilib və əsas götürülür. Yəni, Miqrasiya Xidmətinin bu qərarı ilə Təbrizli balasının hüququları pozulub.

Nəticədə, dövlət xidməti heç nəyi nəzərə almadan, kəsib atdığı məsələ bir ailənin faciəsinə çevrilib. Bakıda qızı həsrətlə atasının gəlməsini gözləyir. Ata isə Təbrizdə Azərbaycana gəlmək üçün döymədiyi qapı, yalvarmadığı qurum qalmayıb.

Bildiyim qədər Azərbaycan Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov çox insaflı, peşəkar və bacarıqlı biridir. Üstəlik, Azərbaycanda az sayda məmurlardan hesab olunur ki, canlı yayınlar edərək, vətəndaşların, şikayəti olan şəxslərin suallarını cavablandırır. Üstəlik, Miqrasiya Xidməti ölkədə elə dövlət qurumlarındandır ki, adı heç vaxt qalmaqallı məsələlərə qarışmayıb.

Bəs, belə olan halda xidmət necə olub ki, bütün sənədlərin qaydasında, qanunla Azərbaycanda yaşaması üçün heç bir əngəl olmayan Təbrizli balasını öz körpəsindən, ailəsindən uzaq salıb? Belə ədalətsiz qərarı necə verib?

Yox, əgər bizim bilmədiyimiz ciddi səbəblər varsa, o zaman Dövlət Xidməti onları açıqlasın ki, biz də dost və düşmənimizi tanıyaq.

Ümid edirəm ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti bu yazdıqlarımı nəzərə alıb, açıqlama verəcək. Həmçinin Təbrizli Fərruxun ailəsinə qovuşmasına mane olan səbəbləri aradan qaldıracaq.

Fikrət Fəraməzoğlu,

JAMAZ.İNFO-nun baş redaktoru
Ardını oxu...
Ardını oxu...
 
 

 

Dünyapress TV

Xəbər lenti