Ardını oxu...
2024-cü ildə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 374,3 milyon manat olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,7 %-i hüquqi şəxslərin, 48,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü illə müqayisədə 14,6 % artaraq 1 milyard 205,2 milyon manat olub.
Ardını oxu...
Əgər belədirsə Əmək Məcəlləsini ləğv etmək daha düzgün olmazmı ??? Boş yerə Qanunumuz var deyə insanlara ümidlər verməyək. Açıq aşkar:
10 il işçiyə əmək məzuniyyəti verməmək?
İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanı verməmək?
Əmək haqqı kartını işçiyə verməmək?
Əmək haqqını nağd şəkildə ödəmək?
İşçinin son haqq-hesabı verməmək?
İzahat almadan, bir araşdırma aparmadan işçinin əmək müqaviləsini ləğv etmək?
Böyük intizam xarakterli olmayan sadə mübahisəyə görə, heç vaxt xəbərdarlıq almayan və intizam məsul cəlb olunmayan işçinin əmək müqaviləsini ləğv etmək?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin tələblərinə əməl etməmək?
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-n sədri Mirvari xanımın işçiilə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar etirazlarrını oxudum.
Əmək hüququ sahəsində uzun müddət çalışan bir hüquqşünas kimi məndə bu halda İşəgötürən tərəfindən aşağıda göstərilən ciddi qanun pozuntularına yol verildiyini düşünürəm:
1. AR Əmək Məcəlləsinin tələblərinə əsasən, İşəgötürən intizam tənbehini verərkənişçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bildiyim qədər də işçi Sara Rəhmanova bu müəssisədə ən azı 10 ildən çox işləmiş, işlədiyi müddətdə hər hansı bir xəbərdarlıq və ya intizam məsuliyyətinə cəlb olunmamışdlr. Bu halda, hətta bu hadisədə əsl günahkar bilinməsə belə, nədən və hansı əsaslardan sadə bir mübahisəyə görə işçinin əmək müqaviləsi ləğv edilməklə, işçiyə qarşı ən ağır intizam tənbehi tədbiq olunsun? Məgər, ehtimal olinan xəta xarakterinə görə bu qədər ağırmı ki, işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilsin?
2. Əgər bir işçi hər hansı bir intizam xətasına yol veribsə, nədən bu hadisə heç olmasa ən azı - 1 həftə müddətində araşdırmır? Nədən bu hadisə baş verəndən bir neçə saat sonra işçi tələm-tələsik işdən azad olunur, heç bir araşdırma aparılmadan? Bu İşəgötürənin bir daha qərəzli olmasını sübut etmirmi?
Kim, hansı vəzifəli şəxs, qurum müəyyən etdi ki, baş vermiş hadisə bu qədər ağır və ya təhlükəlidir və bu hadisədə məhz Sara xanım günahkardır? Əgər 2 nəfər işçi arasında mübahisə baş veribsə, nədən mübahisənin bir tərəfi işdən azad olunur, digər tərəfi isə heç bir məsuliyyət daşımır?
3. AR Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən: İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.Bu halda da AR Əmək Məcəlləsinin bu tələbidə pozulmuş işçidən yazılı İzahat alınmamış, hətta bu hadisədən sonra qanunsuz olaraq iş yerinə velə buraxılmamışdlr. İşçinin özünü müdafiə etmək hüququ nədən pozulub?
4. İşçinin bildirdiyinə görə işlədiyi müddətdə ona əməkhaqqı kartıda verilməmişdir.Hesab edirəm ki, aidiyyatı üzrə hüquq mühafizə orqanları bu faktıda araşdırmalldırlar.Əgər bu hal təsdiq olunarsa bu halda İşəgötürən artıq əmək intizamı məsuliyyəti deyil, cinayət məsuliyyəti daşıyır.
5.AR Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən: əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İşçinin bildirdiyinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinin 1 nüsxəsi AR Əmək Məcəlləsində nəzərdə tutulanqaydada ona verilmıyib, əmək müqaviləsində olan imza belə ona məxsus deyil.
6. Bu hadisədə ən maraqlı hal odur ki, işçinin əmək müqaviləsinin ləğv edən vəzifəli şəxslər, eyni zamanda mübahisənin tərəfləri olmaqla, qanunsuz qərar vetməkdə maraqlı olublar. Həm mübahisə tərəfi olmaq, həm də özü barədə qərar vermək qanunauyğun deyil.
7. AR Əmək Məcəlləsinin 188-ci maddəsinə ısasən, İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyəti olan işəgötürən tərəfindən verilə bilər. Verilən cavablar isə sübut və təsdiq edir ki, hadisələrin bu həddə çatmasında işəgötürən olmayan və müəssisədə özünü: sahibkar, təsisçi, müəssisəni almaq istəyən sahibkar, hüquqşünas və sair kimi təqdim edən şəxs tərəfindən edilib, faktiki olaraq qərar da onun tərəfindən verilib.
8. İşçinin bildirdiyinə görə ona işlədiyi 10 il müddətində əmək məzuniyyəti verilməyib. AR-sı Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
9. AR Əmək Məcəlləsinin 310-cu maddəsi: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: MADDİ, İNTİZAM, İNZİBATİ VƏ YA CİNAYƏT məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) suriyalılar üçün 235 milyon avroluq humanitar yardım elan edib.

İndex.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyası 2025-ci ildə həm Suriya daxilində, həm də qonşu ölkələrdəki suriyalılar üçün 235 milyon avro məbləğində yeni humanitar yardım göstərəcək:

“Dəməşqdəki keçmiş hökumətin süqutundan sonra Aİ humanitar yardımın çatdırılmasını gücləndirmək üçün Humanitar Hava Körpüsü uçuşları daxil olmaqla bütün səviyyələrdə çalışır. Yeni yardım paketi ərzaq təminatı, tibbi yardım, səhiyyə xidmətləri, həssas əhali qrupunun zorakılıq və istismardan qorunması, münaqişə səbəbindən köçkün düşmüş insanların sığınacaqla təmin edilməsi, təmiz içməli su və sanitariya qurğularına çıxış, təsirə məruz qalmış uşaqlara təhsil dəstəki kimi məsələləri əhatə edir”.

Məlumatda vurğulanıb ki, bu gün Aİ-nin Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissar Haca Labib (Hadja Lahbib) təşkilatın mülki şəxslərə kritik yardım göstərmək öhdəliyini təsdiqləmək üçün Suriyaya səfər edir:

“Bu, Əsəd rejiminin devrilməsindən sonra Aİ komissarının ölkəyə ilk səfəridir”.
 
Ardını oxu...
Yardımlı rayon sakini, hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Zeynal Hətəmov övladı 2016-cı il təvəllüdlü Yusif Hətəmovun pensiyasının kəsilməsindən şikayətçidir.

Məsələ ilə bağlı Sitat.info-ya danışan Zeynal Hətəmov dalağı və öd kisəsi əməliyyat edilərək çıxarılan Yusif Hətəmovun əlillik dərəcəsinin ləğv edilməsindən narahatlığını ifadə edib: "Övladım 2016-cı il təvəllüdür, anadangəlmə xəstədir. Ödündə və dalağında yaranan problemə görə doğulduğu gündən buyana müalicələrdən keçib. 2018-ci ildə komissiyadan keçdik, əlil olması barədə sənəd verdilər. 2018-ci ildən 2021-ci ilə qədər əlllik pensiyası verilib 2021-ci ildə də komissiyadan keçərək 2024-cü ilə qədər əlillik pensiyası almağa davam etmişik.BU müddətdə Yusifin durumu müalicələrlə yaxşılaşmadığına görə, 2022-ci ilin dekabrında əməliyyatla öd kisəsi və dalağı çıxarıldı. 2024-cü il noyabrın 11-də əlillik müddəti bitdiyi üçün oğlum yenidən komissiyada baxışdan keçib, Forma 88 göndərilib. Noyabrın 15-də məsələyə baxılıb, 22-də imtina verilib. Qaynar xətlə əlaqə saxladıq, sənədlərdə problem olduğunu qeyd ediblər".

Z.Hətəmov deyir ki, sonuncu dəfə ötən ilin dekabr ayının 24-də oğlunun səhhətinə əyani baxış keçirilib və ondan sonra hər hansı məlumat ala bilməyiblər: "Cənab nazirdən xahiş edirəm ki, bizə məsələnin həlli ilə bağlı kömək etsin. Övladım xəstədir, dərmanlarını ala bilmirəm. Çox xəstə və zəif uşaqdır, məktəbə davamlı gedə bilmir. Xahiş edirəm, cənab nazir, bizim səsimizi eşidin, övladımın əlillik pensiyasını bərpa edin".

Məsələ ilə bağlı Sitat.info-nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, xəstədə əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib: "Yardımlı rayon sakini 28.07.2016-cı il təvəllüdlü Hətəmli Yusif Zeynal oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 04.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib".
 
 


 
Ardını oxu...
  

Çinli milyarder Riçard Lyu Tsyandun 60 yaşdan yuxarı hər kəsə 10.000 yuan (1.400 dollar) nağd pul paylamaqla doğma kəndinin sakinlərini həyəcanlandırıb.

Musavat.com Lent.az-a istinadla bildirir ki, Sutsyan əyalətinin Quanman kəndində Lyunun illik səxavətliyi ay təqvimi ilə yeni il ərəfəsində baş verir.

Milyarder deyir ki, 1990-cı illərin əvvəllərində universitetdə oxumaq üçün Pekinə gedərkən onun üçün 500 yuan (70 dollar) və 76 yumurta bağışlayan həmkəndlilərinə son dərəcə minnətdardır.

50 yaşlı Lyu ölkənin aparıcı elektron ticarət saytı olan “JD.com”un yaradıcısı və sədridir.

Ötən ilin aprelində açıqlanan Hurun Qlobal Zəngin Siyahısına görə, Lyunun sərvəti 49,5 milyard yuan (6,8 milyard ABŞ dolları) təşkil edərək, onu qlobal maqnatlar siyahısında 427-ci yerdə saxlayır.

Onun hədiyyələr turu 2016-cı ildə həyat yoldaşı Çjan Tsetyan ilə kəndi ziyarət edərkən başlayıb.

Hər bir yaşlı kəndli üçün 10.000 yuandan əlavə, Lyu hər ailəyə yemək, geyim və məişət texnikası da daxil olmaqla, cəmi minlərlə yuan olan hədiyyələr göndərib.

Lyu həyatını kənddə ibtidai və orta məktəbdə keçirib. 1992-ci ildə Çinin nüfuzlu Renmin Universitetində təhsil almazdan əvvəl o, kəndi çətinliklə tərk edib. Ailəsi o qədər yoxsul idi, universitet təhsili üçün pul ödəmək üçün qismən həmkəndlilərinə güvənməli olub.

"Həmkəndlilərimin köməyi dünyaya doğru addımladığım başlanğıc nöqtəsi olub", - Lyu bir dəfə xatırladıb

Ardını oxu...
Bakı şəhərində qanunsuz tikinti halların qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir.

Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur.

Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir.

Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş planının da mühüm rol oynayıb. Baş plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır.

Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur.

Maraqıdır, bu qadağa tikinti sektoru və əmlak bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bunun əmlak bazarına heç bir təsiri yoxdur:

“İcra başçılarına bu qadağa qoyulub, amma heç bir icra başçısı öz adına tikinti şirkəti açıb bina tikmir. Məhz burada söhbət təkcə icra başçılarından getmir. Bəzən tikinti sahəsində maraqlı olan məmurlar belə, kənar şəxslərin adına şirkət açıb bu işi onlara gördürürlər.

Belə ki, həmin şəxslər şirkətlərdə görünmürlər, şirkətləri yalnız maliyyələşdirir və kənardan idarə edirlər. İstər icra başçıları, istərsə də yüksək vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Onlar tikintini maliyyələşdirir, icazələrin alınmasını təmin edir, lakin görünən tərəflər tam başqa olur".

O , bu baxımdan tikinti sektorunda ciddi bir dəyişiklik görmür:

"Bildirim ki, qanunvericiliyə əsasən vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Hazırda bu qanunun hansı formada nəyə və necə təsir edəcəyini bilmirəm”.
 

Ardını oxu...
Tovuz rayonunun Cilovdarlı kəndində yeni uşaq bağçası tikilib.

Musavat.com News24.az-a istinadən xəbər verir ki, uşaq bağçasının yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

Uşaq bağçasında təkcə Cilovdarlı kəndində yaşayan uşaqlar deyil, ətraf kəndlərdəki uşaqlar da təhsil ala biləcəklər.

Qeyd edək ki, uşaq bağçası hüquq elmləri doktoru, professor İlham Rəhimovun şəxsi təşəbbüsü və maliyyə vəsaiti hesabına anası Məmmədova Hava Oruc qızının xatirəsinə inşa edilib.

Uşaq bağçasının direktoru Aytən Məmmədova bildirib ki, uşaq bağçası lazım olan bütün avadanlıqlarla təmin olunub.

“Uşaq bağçasında tibb bacısı otağı, bədən tərbiyəsi zalı, yemək, karantin, uşaqların müayinəsi və ilkin tibbi yardım göstərilməsi üçün prosedur otaqları fəaliyyət göstərəcək. Həmçinin hər cür avadanlıqlara təchiz edilmiş camaşırxana nəzərdə tutulub”, - deyə o əlavə edib.

 

 
 
 
 
 

 

A.Məmmədova qeyd edib ki, uşaq bağçası üç qrupdan ibarət, 55 yerlikdir.

“Uşaqların bağçada geyinməsi üçün standart geyim formaları tikilib. Uşaqlar bağçaya gələrkən ev paltarlarını dəyişib bu paltarları geyinəcəklər.

Uşaqların təhsil alması, oyuncaqlarla oynaması üçün bütün şəraitlər yaradılıb, müəllimlər üçün otaqlar, oğlan və qız uşaqları üçün ayrıca yataq otaqları, mətbəx, bufet, habelə aşpaz otaqları nəzərdə tutulub.

Bağçada uşaqların təfəkkürü nəzərə alınmaqla qruplar üzrə dərslər keçiriləcək. İki korpusdan ibarət olan uşaq bağçasının hər korusunda 27 uşaq təhsil ala biləcək.

Bundan əlavə, uşaq bağçasının həyətində müasir idman meydançası tikilib. Uşaqlar asudə vaxtlarında müəllimlərinin nəzarəti altında müxtəlif oyunlar oynaya biləcəklər”, - deyə o qeyd edib.

Uşaq bağçasının direktoru Cilovdarlı kəndinin sakinlərinin xəyallarını gerçəkləşdirib, bu cür müasir uşaq bağçası inşa etdirdiyi üçün professor İlham Rəhimova dərin təşəkkürünü bildirib.

 
 
 
Ardını oxu...
Bugünlərdə Türkiyə Prezidenti Ərdoğan gənclərə müraciətində bildirib ki, evliliyə ilk addımını atan gənclərə 2 il güzəştli 150 min lirə faizsiz kredit dəstəyi təklif ediləcək.

O qeyd edib ki, yeni evlənənlərə verilən faizsiz kredit dəstəyi 81 əyalətin hamısında həyata keçiriləcək:

“Bizim doğum sayı və əhali artımı həyəcan təbili çalır. 2001-ci ildə doğum nisbətimiz 2,38 olduğu halda, bu gün bu rəqəm 1,51-ə düşüb. Əhalinin illik artım tempi 2023-cü ildə mində 1,1-ə düşüb.

Uşaq və gənclərimizin sayı azaldığı halda, tariximizdə ilk dəfə olaraq yaşlı əhalimiz 10 faizi ötüb. Türkiyə gənc və ixtisaslı əhali baxımından qan itirməkdədir. Lazımi tədbirləri görməsək və siyasəti həyata keçirməsək, problem düzəlməz həddə çatacaq.

Biz bu təhlükəni 20 il əvvəl hiss etdik. 2007-ci ildə biz ən azı 3 uşağa çağırış etmişdik ki, diqqəti doğumun azalmasına və əhalinin artım tempinə cəlb edək. Əhalinin planlaşdırılması adı altında aparılan araşdırmaların gizli məqsədlər güddüyü bildirilir. İnanıram ki, zaman bizi bu məsələdə təsdiqləyəcək. Ən azı 3 uşaq çağırışımızı bir daha bildiririk. Ailə cəmiyyətin təməlidir, bizim ən qədim və ən köklü institutlarımızdan biridir”.

Qeyd edək ki, Azərbaycanda da son illər ailə qurmaq istəyən gənclərin sayı azalmaqdadır. Bu gün vətəndaşlar gənc yaşda evlənməyə üstünlük vermirlər. Bu isə müəyyən problemlərə yol açır, o cümlədən doğum sayına da öz təsirini göstərir. Gənclər gec ailə qurmanın səbəbini müxtəlif amillərlə, əsasən də sosial problemlərlə əlaqələndirirlər. Ölkəmizə də ilk dəfə ailə quran gənclərə faizsiz kredit, ucuz ev verilməsi kimi layihələr həyata keçirmək mümkündürmü?

Məsələ ilə bağlı sosioloq Rəşad Əsgərov ”Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, hazırda ölkədə sosial yardım, işsizlik müavinəti, məşğulluqla bağlı yardımlar azdır:

“Belə olan halda inanmıram ki, hələlik ev almaq, ailə qurmaq, daşınan əmlak almaq üçün gənclərə hansısa yardımlar həyata keçirilsin. Ən yaxşısı odur ki, biz Avropa Sosial Xartiyasına qoşulmuşuq. Bu xartiyaya əsasən minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi həcmində olmalıdır. Hələ biz bunu reallaşdıra bilməmişik.

Bu halda insanlara faizsiz kredit vermək, ev almaq, yaxud nikaha təşviq eləmək kimi ehtimalı aşağıdır. Bu ancaq ideya formasında ola, nəzəriyyədə öz əksini tapa bilər. Ancaq reallaşdırmaq hələ ki, qeyri-mümkündür. Bu haqda danışmaq da insanlarda belə fikir formalaşdıra bilər ki, yaxın bir neçə ildə tətbiq olunacaq”.

Hmsöhbətimiz bildirib ki, ölkədə daha çox özəl bank sektoru inkişaf edib:

“Onlar da daha çox öz maraqlarını güdür və yaxud daha çox rentabelli olmağa çalışırlar. Özəl sektorun vətəndaşlara faizsiz kredit verməsi və yaxud dövlət büdcəsindən müəyyən vəsaitin ayrılması qeyri-mümkün görünür”.

Sosioloqun sözlərinə görə, əvvəllər nikaha girən cütlüklərin yaş həddi regionlarda daha aşağı, şəhərdə isə yuxarı olurdu:

“Ailədə bir neçə uşaq dünyaya gələndən sonra fikirləşirdilər ki, hansısa peşəsi də olmalıdır, sonra təhsil almağa yönəlirdilər. Ancaq sonrakı dövrdə insanlar Qərbi Avropa, yaxud qonşu ölkələrin təcrübəsini öyrənməklə fikirləşdilər ki, əvvəl maariflənək, təhsil alaq, sonra evlənək.

Bu isə həm regionlarda, həm də paytaxtda nikah yaşının artmasına səbəb oldu. Sonrakı mərhələdə bu, daha böyük miqyas aldı. İnsanlar artıq karyera qurmaq, öz ayaqları üzərində durmaq, gəlir biznesi təşkil etmək barədə düşündülər və bundan sonra evlənməyə üstünlük verdilər. Bu da oğlanlar arasında nikah yaşını 30-a , qızlar arasında 24-25 yaş, şəhərlərdə isə daha yuxarı həddə yaxınlaşdırdı.

Eləcə də bəzi insanlar əməkhaqqı rentabelli olmadığına görə evlənmək istəmir, fikirləşir ki, gəliri heç özünü dolandırmağa çatmır. O zaman evləndikdən sonra ikinci, yaxud üçüncü ailə üzvünü necə saxlayacaq. Buna görə evlənmə yaşı həmin tendensiya ilə artır.

Bu gecikmə də gənclər arasında nikaha meyilliyi, tez ailə qurmaq meylini aşağı salır. Bu tendensiya artıq Avropa ölkələrində geniş vüsət alır, biz də orta göstərici ilə onlara yaxınlaşırıq.

Azərbaycanda da nikaha girənlərin sayında azalma var. Bunun da səbəbini sosial problemlərlə, məşğulluqla, gəlirlərin azlığı ilə əlaqələndirilir. Müəyyən ailələrdə psixoloji, ailə problemləri də var. Ancaq əksəriyyətdə sadalanan məsələlələr özünü göstərir ki, bu da nikaha girənlərin azalmasına səbəb olan amillərdəndir”.
 
Ardını oxu...
Fonddan bildirilib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan bildirilib.
Məlumata görə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.
Qeyd edilib ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.
Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2024-cü ildə adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,4% təşkil etmişdir.
Eyni zamanda, ötən il ərzində şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin həcmində 2023-cü illə müqayisədə 2 dəfəyədək artım qeydə alınıb. Belə ki, ötən il ərzində 275 sayda 28,3 mln. manat həcmində (2023-cü ildə 147 sayda 14,3 mln. manat həcmində) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.
 
Ardını oxu...
Dövlət Neft Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC Dövlət Neft Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, Neft Fondu ümumilkdə 160 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 147 min 200 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 920 manat olacaq.
Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 2 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb:
Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı);
Dövlət Dəniz və Liman Agentliyi – 290 manat;
“Baktelekom” MMC – 270 manat;
“Aztelekom” MMC – 270 manat;
Minatəmizləmə Agentliyi – 550 manat.

Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.
 

Dünyapress TV

Xəbər lenti