İcra başçısının müavini vəzifəsindən sui-istifadə edərək Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özünküləşdirib
Şirvan şəhər Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini şəhər icra hakimiyyətinin müavini Orxan İbrahimovun ələ keçirməsi ilə bağlı AzFakt.com-a məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, İcra Hakimiyyəti başçının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Orxan İbrahimov vəzifəsindən sui-istifadə edərək Şirvan şəhər Gəmi Gəmi zavodu ətrafında yerləşən 13 hektar torpaq sahəsini ələ keçirib. Sosial şəbəkədə yayılan məlumatlarda isə bildirilir ki, ərazi Sabirbaddan olan bir qazinin adına sənədləşdirilirb. Yəni Orxan İbrahimov öz yaxın adamı olan Sabirabadlı qazinin adı ilə 13 hektar ərazini özünüküləşdirib.
Qeyd edək ki, orxan İbrahimovun atası Əhmədağa İbrahimov da məmurdur. Belə ki, Əhmədağa İbrahimov hazırda Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində işləyir. Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarətin hansı səviyyədə olmasını ortaya qoyan faktlar hər gün üzə çıxır. Vətəndaş Rasim Tağızadənin Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgəh” restoranında başına gələnlər də bu sahədə durumun, əslində, ürəkaçan olmadığını ortaya qoyur.
Rasim Tağızadə musavat.com-a göndərdiyi müraciətində yazır ki, iyunun 29-da 8 nəfərlik bir dost-qohum kollektivi ilə əylənmək və gözəl vaxt keçirmək niyyəti Bilgəh qəsəbəsindəki həmin restorana üz tutublar:
“Lakin əyləncəmiz günün sonunda restoran rəhbərliyinin təqdim etdiyi hesabla korlandı. Belə ki, restoran tərəfindən təqdim edilən hesabda, əsası və mənşəyi bilinməyən 40 manatlıq “Extra depizot” - bu nədirsə yeni məsələdir və 70.32 manatlıq “Service Charge”, yəni “Servis haqqı” ödənişi öz əksini tapıb. Bu yeni olan “Extra depozit”ə və “Servis haqqı”na etiraz etsək də, restoran rəhbərliyi bu etiraza əhəmiyyət verməməklə “bizdə qaydalar belədir, hara istəyirsiniz şikayət edin” klassik cavabla ödənişi tələb etdilər. Üstəlik tələb etsək də, qanunla nəzərdə tutulan kassa çeki də təqdim edilmədi. Restoran tərəfindən yalnız “Qostevoy şot” adlı sifarişi əks etdirən proqram təminatlı cihazdan qəbz verildi”.
Vətəndaş Rasim Tağızadə hesab edir ki, bu cür xoşagəlməz hərəkətlər həm ölkəmizin qüvvədə olan qanunlarına, həm də müştərilərə açıqca hörmətsizlikdir: “Bu məsələ araşdırılmalıdır və qanunda nəzərə tutulan tədbirlər görülməlidir. Bu hallarla bağlı aidiyyəti üzrə dövlət orqanlarına da, müraciət ünvanlamışıq. Bilgəhdə həmin restorana gedəcək olan müştərilərə bu tip “Servis haqqı” adı altında əlavə ödənişlər tələbinə məruz qalmamaları üçün özləri ilə plastik boşqab, stəkan, çəngəl, qaşıq və bıçaq götürmələrini, eləcə də restoranın mətbəxindən onların sifariş etdikləri yeməkləri və içəcəkləri gətirməsi üçün özləri ilə ofisinat əvəzi əlavə bir şəxs də aparmalarını tövsiyyə edirəm. Axı “İstanbul Meyhane Bilgəh” restoranında bu xidmətlər pulludur”.
Bakıda - düz paytaxtın mərkəzində daha bir tikinti özbaşınalığı... Söhbət Yasamal ərazisində Tağı Şahbazi və Qədirli küçələrinin kəsişməsində qanunsuz olaraq inşa edilmiş oteldən və bu otelin ətrafda yaşayan sakinlərə verdiyi narahatçılıqdan - əslində isə cəhənnəm əzabından gedir.
Otel necə tikilib...
Sakinlərin Dia-az.İnfo-ya bildirdiklərindən belə aydın olur ki, inşası təxminən 3 il əvvəldən başlayan və tikintisi boyunca bir ayrı, tikilib qurtarandan sonra isə ətrafda yaşayanlara bir ayrı dəhşətlər yaşayan bu otel indi sahiblərinin özbaşınalığı səbəbindən əməlli-başlı problemə çevrilib.
Qeyd edək ki, tikildiyi zaman həmin ərazinin 4 yanının fərdi mənzillər olması nəzərə alınmayıb ki, bu da əslində ilk əvvəl yerli icra qurumlarının və digər müvafiq dövlət təşkilatlarının günahı, daha dəqiqi isə özbaşınalığıdır.
Hər halda, aşağıdakı fotolardan da aydın şəkildə görünür ki, otel dörd tərəfdən yaşayış evləri ilə əhatə olunub və bu evlər köçürülmədən burda hansısa inşaat işlərinin həyata keçirilməsi belə doğru deyildi və həm də ən başlıcası qanunlarımızla qadağandır.
Amma kimdir qanun dinləyən...
Bəli, hal-hazırda sakinlərin narazılığından da belə aydın olur ki, artıq 3 illik məşəqqətli inşaat işlərinin ardından açılışa hazırlanan oteldə son tamamlama işləri görülür. Amma bu tamamlama işləri zamanı otelin sahibləri ayılıblar ki, bəs obyektlərinə gediş-gəliç üçün yol nəzərdə tutmayıblar. Bayaq dedik axı... otel 4 tərəfdən yaşayış evləri ilə əhatələnib.
Sakinlər bildirir ki, ilk əvvəl Qədirli küçəsi istiqamətindən özünə yol planlayan otel sahibləri bunun perspektivsiz olduğunu gördüyündən indi də Tağı Şahbazi istiqamətindəki evlərin sahiblərinin günlərini qara edib, onların yeganə gediş-gəliş yollarında ağalıq etməyə başlayıb.
Bununla bağlı yerli icra hakimiyyətindən və hüquq-mühafizə orqanlarından kömək istəyən sakinlərlə söhbətimiz isə uzun çəkmədi... Çünki hər şey gün k8imi aydın idi....
NÖVBƏTİ YAZIDA:
- Bu məşəqqətli otel hansı məmurundur və burada hansı nazirliyin hesabına pulların silinməsi ehtimalı var? - Sakinlərin sözlərinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar hansı reaksiyanı verdilər...
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Bundan həvəslənən bir çoxları deputat olmaq sevdasına düşüb. Belə şəxslər üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar. Bu arada interpress.az-ın əldə etdiyi məlumata görə, belə şəxslərdən biri də mətbuatda Yasamal rayonunda yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibi Fəhmin Əlizadəni döyməsi ilə məşhurlaşan Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşının rəhbəri Cəlal Qurbanovdur. Məlumata görə, Cəlal Qurbanov artıq deputat olmaq üçün hərəkətə keçib. İş adamı seçkilərlə bağlı prosesə hazırlıq aparır.
Belələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırır. Bu tipli şəxsləri əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər. Çox təəssüflə qeyd etməliyik ki, baş tacımız olan şəhid ailələrini özünə qalxan seçən Cəlal Qurbanov kimi şəxslər Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar. Məlumata görə, iş adamı yaxın çevrəsinə “yuxarıdan” razılıq almışam, deputat olmağıma heç bir problem yoxdur” deyərək hazırlıqlara başlayıb. Məlumata görə, Cəlal Qurbanov 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olacağını çəkinmədən hər yerdə deyir. Qeyd edək ki, həmin dairənin deputatı Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir. Digər mənbənin məlumatına görə, Cəlal Qurbanov Yasamal rayonunun deputatı olmaq üçün danışıqlar aparır. Bununla bağlı, cumhuriyyet.az olaraq bildirək ki, C. Qurbanov iki il öncə qalmaaqallı xəbərlə gündəmə gəlmişdi. Belə ki, Cəlal Qurbanov 2022-ci il aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində dava salıb. C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.Rəsmi məlumata görə, Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, sonradan tərəflər arasında barışıq əldə olunmuşdur.
Son günlər medianın diqqət mərkəzində olan və dəyəri 800 min manat qiymətləndirilən mənzilin iki sahibkar tərəfindən necə ələ keçirilməsi ilə bağlı ətraflı araşdırma aparmışıq. Mustafayeva Məlahət adlı vətəndaş Azinforum.az-a verdiyi eksklüziv videomüsahibədə iddia edir ki, Nərimanov rayonu Mirəli Qaşqay 94 mənzil 25 də olan 300 kvadrat metrə yaxın, dəyəri təxminən 800 min manat olan mənzili 221 min manat pula görə bir neçə nəfər əlbir olaraq ələ keçiriblər. Bunlardan biri : iqtisadiyyat ünversitetinin (UNEC) müəllimi Vüsal Quliyev, digəri isə Eldar Əliyev adlı iş adamıdır. Onlara himayədarlıq edən isə Nərimanov rayon İcra probosiya şöbəsinin rəisi Zaur Abdullayevdir. Azinforum.az mənzilin ələ keçirilməsində adları hallanan hər iki şəxslə əlaqə saxlayıb. Vüsal Quliyev və Eldar Əliyev isə bildirirlər ki, ailənin başçısı Mustafayev Yaşar hər iki şəxsdən külli miqdarda pul götürüb qaytarmadığı üçün girov kimi qoyduğu ev müsadirə olunaraq hərrac vasitəsilə onların mülkiyyətinə keçib. Dia-az.İnfo hər iki tərəfin mövqeyinin əks olunduğu həmin materialı təqdim edir:
Xəbər verdiyimiz kimi Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılaraq ekskavatorla hasarı və evi dağıdıraq həyətində olan ağacları qırıblar. XALQ.AZ-a daxil olan məlumata görə hadisə Murtuza Muxtarov 145 küçəsində baş verib. Həmin ünvanda tikinti aparan şirkət isə “FENIKS-AA” MMC -dir. Aşdırmalarımıza görə “FENIKS-AA” MMC şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2019-cü ildən müavini olan İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsusdur.
Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Qeyd edək ki, “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
Qeyd edək ki, İlqar İsbatovun oğlu Aydın Aydınlının “Feniks-AA” MMC-i bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Həmçinin bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 milyon 304 min manatlıq olan 22 müqavilə müsabiqə keçirilmədən müqavilə bağlanaraq öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edilərək Şuşada Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini “Feniks-AA” MMC-nin rəhbəri Aydın Aydınlıya verib.
Araşdırmalarımızla məlum olub ki, İlqar İsbatovun 30 yaşlı oğlu Aydın Aydınlının adı gündəmə ilk dəfə 2011-ci ildə gəlib. Həmin il atasına məxsus “Ranger Rover” markalı, 90 FZ 100 nömrəli idarə edən Aydın Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Tural Qaslmov (ad soyadlı şərtidir) uşağı vurub. Həmin uşaq xəstəxanada vəfat edib. Hadisənin sonrakı gedişatı barədə hər hansı məlumat yoxdur. Həmçinin qeyd edək ki, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti hadisə ilə bağlı açıqlama verib. Məlumatda bildirilir ki, sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə “İbrahim-Q” MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Lakin “İbrahim-Q” MTK Ə. Hüseynzadə 53 küç. binası tikilir, amma olay M. Muxtarov 145 küç. baş verib. Araşdırmalarımız görə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatda qeyd olunub ki, Murtuza Muxtarov küçəsi, 145 ünvanında “FENIKS-AA” MMC lahiyəsi ilə inşa işləri aparılır. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti niyə ictimayyətə yanlış məlumat verir? Araşdırmalarımı davam edir. Məsələdə adı çəkilən şəxslərin açıqlamasını dərc etməyə hazırıq.
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən növbəti dəfə şikayət edirlər. Belə ki MTK rəhbərliyi qonşu şirkət – “Caspian” MTK-nın avtomobil dayanacağına yol açmaq üçün binanın 1-ci blokundan 7 metr hündürlükdə qazılmaqla yeraltı keçid inşa etmək niyyətindədir. Bunun üçün sakinlərə məktub ünvanlayaraq onların razılığını almaq istəyir. Belə ki, “Pilot Residence” rəhbərliyi mövcud layihəni kobud şəkildə pozaraq, yaşayış kompleksinin mövcud ərazisində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya şəhər icra hakimiyyətindən dövlət icazəsi olmadan öz biznes obyektlərinin tikintisini davam etdirmək istəyir. Və təəccüblüdür ki, yanlış arqument olaraq, heç bir şəkildə əsaslı tikinti layihələrinin təsdiqi üçün birinci qurum olmayan FHN ilə razılaşma istifadə olunur.
Lakin adları aşağıda qeyd olunan bina sakinləri bu addımla razı olmayaraq, MTK-nın planını birmənalı olaraq rədd edirlər. Qəribədir ki, MTK-nın öz funksiyasını, verdiyi vədləri icra etməməsi ilə bağlı məhkəmə işləri davam edə-edə sakinlərin iradəsinin əksinə növbəti addım atmağa hazırlaşır. Səbəb isə digər şirkətə külli miqdarda borcunun olması səbəbindən bunu müəyyən qədər kompensasiya etmək istəyidir.
Bu işdə təhlükəli məqamlar da var. Belə ki, Bakının mərkəzində təpə ərazidə tikilən 12 mərtəbəli yaşayış binasının layihədən kənara çıxılması – yəni altının qazılması onun bünövrəsinə, seysmik -zəlzələ yükünə mənfi təsir göstərə bilər. Bu da nəticədə artıq bəzi mənzillərində çatları olan binada çatların artmasına və müəyyən uçqunlara səbəb ola bilər. Bu işləri bir halda həyata keçirmək olar ki, layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənsin, yenidən geologiya işləri görülsün və bundan sonra yüksək ixtisaslı mütəxəssislərin rəyi əsasında bərpa-gücləndirmə və digər zəruri işləri aparılsın. Belədə sakinlər də arxayınlaşardı ki, məsuliyyət bu işə zəmanət verən dövlət qurumunun üzərində olacaq.
Üstəlik, binanın üzərində tikildiyi torpaq sahəsinin də fərqli geoloji xüsusiyyətləri var. vaxtilə bu ərazi “Kolodeznaya” – yəni quyuların olduğu yer olub. Bakının yaşlı sakinləri deyir ki, vaxtilə Çəmbərəkənd parkı, Mətbuat prospekti, İçərişəhər metrosu həndəvərindəki həyətlərdə çoxlu quyular var idi. Torpaq boşluqlarında – quyularda yığılan bu sulardan heç vaxt içmək üçün istifadə olunmayıb.
Sakinlər isə şikayət edərək bildirir ki, MTK-nın müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə planı varsa, niyə onlardan icazə istəyirlər? “İndi, 2024-cü ilin iyun ayında, yəni mövcud layihəni başa çatdırmadan təxminən 5 il sonra qonşu MTK-dan hansısa məhkəmə çəkişmələri ilə bizi, evdə yaşayan ailəni şantaj etməyə çalışırlar. “Caspian” MTK-nın sahibi özü iyunun əvvəlində həyətə gələrək bizimlə görüşdü və şikayət etdi ki, “Pilot Residence” sahibləri onun 5 (!) ildir “evlərini köçürdüyünə görə” borcunu bağlamırlar. Əslində bunun bizə nə aidiyyatı var?! Gedin qonşu MTK ilə problemlərinizi həll edin və nəhayət bizim evin sakinləri qarşısında öhdəliklərinizi bağlayın. Hər şeyin həddi var!”, – deyə ciddi narazılıqlar edirlər. “Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin və Səbail rayon icra hakimiyyəti başçısının qəbullarında olmuşuq – hazırda işin bütün təfərrüatları ilə tanışıq. Layihəmiz 2017-ci ilin fevral ayında 2019-cu ilin sonuna qədər tam başa çatdırılması şərti ilə təsdiq edilmişdir. 2019-2020-ci illər ərzində şirkət qanunsuz tikililəriylə yaşayış kompleksimizin bütün layihəsini eybəcərləşdirib. Həyətdə uşaqların oynamağına, sakinlərin istirahətinə imkan yoxdur. 220-yə yaxın ailə normal həyat şəraitindən məhrum olub. Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?!”, – deyə sakinlər gileylənir. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində əsaslı tikinti layihələrinə təsdiq verəcək yeganə dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. FHN-nin tikinti layihələrinə təsdiq vermək səlahiyyəti yoxdur, yalnız rəy vermək və nəzarət funksiyaları mövcuddur.
Dövlət Su Ehtiyatları Agentliyi ! Bu rəsmi dövlət qurumu olsa da rəhbəri Zaur Mikayılov buranı şəxsi holdingi kimi idarə edir. Hətta, öz yaxınlarını, qohumlarını və tanışlarını ətrafına toplayan Mikayılov onlara, "istədiyiniz kimi kollektivi qurun, idarə edin" deyə tapşırıq - daha doğrusu ixtiyar da verib.
"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl "Zaur Mikayılov qudasını özünə müşavir təyin etdi" başlığı ilə yerli mediada yayımlanan məlumatlar böyük rezonans doğurdu.
Qeyd edək ki, Əsəd Şirinov Zaur Mikayılovun vəzifəyə təyin etdiyi ikinci qudası idi. Bundan az əvvəl də digər qudası Fuad Quliyevi özünə müşavir təyin etmişdi. Lakin, sonradan Fuad Quliyevi aparat rəhbəri təyin edən Mikayılov beləcə Qazaxıstanda "Coca-Cola" şirkətinə rəhbərlik edən qudası Əsəd Şirinov üçün vakansiya yeri hazırlamış oldu.
Yerli medianın gündəminə ard-arda bomba kimi düşən bu xəbərlərin yaratdığı səs-küydən deyəsən biraz narahat olan Zaur Mikayılov media gündəminə bir şayiə ötürdü ki, güya qudası istefa verib. Lakin, məlumatı dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışan mətbuat nümayəndələrinin heç biri ilə qurum tərəfindən iltifata keçilmədi. Bu isə o, deməkdir ki, "qohumcanlı" Mikayılovun "iz itirmək planı" istədiyi nəticəni vermədi.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, bizim Zaur Mikayılov təkcə qohumcanlı deyil, eyni zamanda keçmişini unutmayan, "dostcanlı" mehriban insandır. Onun bu keyfiyyətlərinin bariz nümunəsi elə əvvəllər özünün işlədiyi "Bravo" marketlər şəbəkəsinin bir neçə çalışanlarını savad səviyyəsinin azlığına, çoxluğuna baxmadan əvvəl "Melorasiya və Su Təsərrüfatı" ASC -nə, indi də Dövlət Su Ehtiyatları Agentliyinə daşımasıdır. Özü də qurumun içindən redaksiyamıza verilən məlumata görə marketdən gələnlərin hamısına mühüm vəzifələr həvalə olunub.
Yuxarıda da qeyd etdiyimiz kimi Zaur Mikayılov əvvəl "Melorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsində çalışırdı.
Ölkə başçısının 30 mart 2023-cü il tarixli fərmanına əsasən Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı və rəhbəri də Zaur Mikayılov oldu. Fəaliyyətinə və strukturuna nəzər salanda, sadəcə qurumun adı dəyişdirildiyini görmək olar. Amma, ağrıdıcı məqamlardan biri də budur ki, onsuzda Melorasiya və Su Təsərrüfatı ASC olaraq özünü doğrultmayan bu qurumun səlahiyyətləri daha da artırıldı və keçmiş "Azərsu" ASC də "İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi adı ilə Zaur Mikayılovun "caynağına" verildi.
"Tanımadığı adamlarla işləməyi xoşlamayan" Zaur müəllim demək olar ki, dərhal kütləvi ixtisarlar apararaq qurum çalışanlarını parçaladı.
Təsəvvür edin ki, Bakının Yasamal , Nərimanov, Nəsimi, Sabunçu, Binəqədi və digər rayonlarında Sukanal idarələrinin rəisləri işdən azad ediliblər. İdarələrin digər çalışanlarına isə "özünüzə iş tapın" xəbərdarlığı, daha doğrusu bildirişi göndərilib.
Görünür bu qurumda işləmək şansına nail olmaq üçün ya Zaur Mikayılovla mütləq şəkildə qohum olmaq lazımdır, ya da "Bravo" marketdə iş təcrübəsi.
Maraqlıdır, bu qədər insanların özlərinə harada iş tapmalarını tövsiyyə edirsiniz, Zaur müəllim?
Varmı bildiyiniz iş yerləri?
Hələ bu harasıdır?!
Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə kütləvi ixtisarlar qərarı Zaur Mikayılovun "ürəyini tam soyutmayıb". O, eyni zamanda keçmiş "Azərsu" işçilərinin maaşlarının azaldılmasına və çalışma dərəcələrinə görə əmək haqlarına edilən əlavələrin ləğvinə də qərar verib.
İndi keçək işdən çıxarılanların yerinə yeni təyinatlara !
1. Nəzarət Ölçü Cihazları İdarəsinin (ən gəlirli idarə hesab olunur) rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Zaur Mikayılovun qudasının 1996 ci il təvəllüdlü yaxın qohumu gətirilib.
Xatırladaq ki, Eyvaz Hüseynov keçmiş "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğludur.
2. Su Tikinti idarəsinə 1992 - ci il il təvəllüdlü (qudanın qohumu olduğu deyilən) Orxan İmanlı təyin olunub.
Mənbənin məlumatına görə bu şəxs hər kəslə kobud davrandığı və söyüşlə danışdığı üçün bütün işçilər ondan narazıdır.
3. Yasamal rayon Sukanal idarəsinə 1988 - ci il təvəllüdlü Orucov Sərxan təyinat alıb.
4. Nəqliyyat idarəsinə 1996-cı təvəllüdlü, "Bravo" supermarketlər şəbəkəsindən gələn Sabir Cabrayılov təyin olunub.
5. Keçmiş "Azərsu" ASC sədri Qorxmaz Hüseynovu 3 il əvəz edən Köçərli Həsənovu "İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin rəhbər təyin edib. Halbuki, köçərli Həsənovun adı bir zamanlar korrupsiyada hallanırdı. Belə ki, Qaradağ rayonunda milyon manatlıq dəyəri olan qalın stendli böyük borunun satışında Köçərli Həsənovun da adının keçdiyi deyilirdi. Amma, nə hikmətsə, bu məsələdə günahlandırılıb işdən çıxarılan Qaradağ rayon Sukanal idarəsinin rəisi Elnur Əliyev oldu.
Abşeron rayonunda "Qurd dərəsi" adlanan ərazidə yaşayan sakinlərin "DogruXeber.az"a kütləvi müraciətlərində sakinlər iddia edirdi ki, "Azərsu" ASC-nin məsul əməkdaşı əraziyə su borusunun çəkilməsi üçün onlardan müxtəlif məbləğlərdə pullar alıb. Lakin, ümumilikdə 40.000 (qırx min) manatdan yuxarı pul yığılmasına baxmayaraq, bugünə qədər də vətəndaşların su problemləri öz həllini tapmayıb.
Qeyd edək ki, sözügedən vətəndaşlar məsələdə Köçərli rolunun olduğunu iddia edirdilər və hətta bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etdiklərini deyirdilər.
Bundan əlavə, "DogruXeber.az" az informasiya agentliyi olaraq, həmin vətəndaşların redaksiyamıza rəsmi müraciətləri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, "Azərsu" ASC rəhbərliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Lakin, təəssüflər olsun ki, bugünə qədər nə sorğularımız cavablandırılıb, nə də vətəndaşların iddiasında adı çəkilən məsul şəxslər barəsində qanuni tədbir görülüb.
Köçərli Həsənovun bütün etdiklərinə rəğmən vəzifəsinin artırılması isə hansı "fəaliyyət formaları" ilə Zaur Mikayılovun "rəğbətini qazanmağın" mümkünlüyünün bariz nümunəsidir.
Daha bir real nümunə isə Londonda Milyonluq villaları və oğlunun avtomobil kolleksiyası ilə məşhur olan müavin Rafiq Aslanova, eləcə də sərvətlər ilə kolleqasından heç də geri qalmayan və müxtəlif korrupsiya hallarında adı çəkilən digər müavin Zakir Quliyevə mühüm vəzifələrin həvalə olunmasıdır.
Bu qədər qanunlara meydan oxumaq" və əks davranışlar Zaur Mikayılovun fəaliyyətini izləyən hər kəsdə haqlı şübhələr yaradır.
Yəqin, oxucularımız da bizimlə razılaşar ki, Dövlət məmurunun xalqı "qıcıqlandırma prinsipləri" xalqı dövlətə düşmən etmək məqsədi kimi görünür.
Adam sanki, dövlətdən və xalqdan nəyinsə qisasını alır.
P.S: Qeyd edək ki, Zərdab, Kürdəmir, Şəmkir, Ağdam və Balakən rayonlarının Suvarma Sistemləri İdarələrinin rəislərinin dövlət büdcəsinə vurduqları külli miqdarda ziyanlar və digər qanunsuz əməlləri barəsində dəfələrlə göndərdiyimiz bütün sorğular bugünə qədər də cavabsız qalıb
Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat
Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO https://dogruxeber.az/2023/07/10/yerli-yezid-ordusu-fermerlr-zlm-dir-vdeo.html "Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO
Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin rəhbəri Eyyub Kərimli özünün “Facebook” profilində “Medistyle Hospitl”da baş verən qanunsuzluqlarla bağlı paylaşım edib. O, iddia edir ki, sözügedən şirkət vətəndaşların hüquqlarını pozmaqla yanaşı, vergidən dəd külli miqdarda vəsait yayındırır. Onun statusunu olduğu kimi dərc edirik:
“Dünən (srağagün – red.) “Medistyle Hospitl”da böyük bir qanunsuzluq və özbaşınalıqla üzləşdim. Deməli, ailə üzvümün əməliyyatı üçün Dr Elşad Rzayevə müraciət etdik. Analizlər və əməliyyat üçün böyük məbləğdə vəsait ödədik və bu gün (dünən) saat 9:00-a əməliyyat təyin edildi.
Onu da qeyd edim ki, ödənişi yalnız nəğd formada tələb etdilər, nəğdsiz ödənişi qəbul etmirlər. Ödəniş zamanı qəbz və pasientlə bağlanan müqaviləni surətini istədim, bunların heç biri təqdim edilmədi.
Dünən (srağagün) gecə həkim mənə zəng edib müxtəlif qeyri ciddi səbəblər göstərməklə, əməliyyatı edə bilməyəcəyini bildirdi.
Siz təsəvvür edin, ödəniş qəbzini və xidmət müqaviləsinin surətini istədiyim üçün, çəkinib, əməliyyatdan imtina etdilər. Deməli, bu klinika həm vergidən yayınır, həm pasientin hüquqlarını kobud formada pozur.
Dövlət Vergi Xidmətindən bununla bağlı ciddi ölçü götürməyi, media nümayəmdələrindən isə xahiş edirəm ki, bu məsələni geniş işıqlandırsınlar. Həkim mənə deyir ki, "bilirsiz, savadlı insanlarla işləmək istəmirik, orta bilikli insanlarka işləmək daha rahatdır”. Yəni onları şikəst qoymaq”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevə yeni vəzifə verilib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. Onu da bildirək ki, 20 ilə yaxın Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olan Zakir Quliyev haqqında mediada ilginc iddialar yer alıb.
Ölkə mətbuatında yer alan məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, Zakir Quliyevə məxsus Bəciravan kəndi ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanasına Elçin adlı qardaşı rəhbərlik edir. Elçin isə gündəlik fəaliyyətə nəzarət məqsədilə Sabirabaddan gətirdiyi Kamranı karyerə rəhbər təyin edib. Bütün bu məlumatlara onu da əlavə edək ki, Elçin Quliyevin Fətullahçı şəbəkəyə aid olması haqda da söz-söhbət dolaşır. Elçin Quliyevin 2015-ci il parlament seçkilərində nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapıb. Məsələn, YAP- ın siyahısı elan olunmasından bir gün sonra Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı ailədən çıxdığını xüsusi qeyd elədi. Həmçinin Ceyhun Osmanlı deputat olduğu vaxtlarda rayona bir qayda olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib getdiyini Sabirabadda hamı yaxşı bilir. Ceyhun Osmanlı rayonda qaldığı zaman da, onların evində qalırdı. Başqa bir nümunə, Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxs olob. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəbəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı.
Bundan başqa cumhuriyyet.az olaraq Zakir Quliyevə bağlı mediada yer almış başqa bir məlumat da diqqətimizi cəlb etdi: “Bütün ölülərə allahın rəməti olsun. Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Onu da, hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi”.
Yeri gəlmişkən, rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsi haqqında mediada yer alan iddialara istinadən cumhuriyyet.az-a daxil olan məlumatları diqqətinizə çatdıraq:
– Ən böyük vəzifəli Quliyev Zakirdir. O, Su Meliorasiya Cəmiyyətində sədrin, yəni Əhməd Əhmədzadənin müavini vəzifəsində işləyir. Bu yaxınlarda Sabirabaddan daxil olan məlumatlarda deyilirdi ki, Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradır. Və əhali arasında Quliyevlər iddia edirlər ki, bu vətəgə Kəmaləddin Heydərovundur.
– Elçin Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.
– Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib.
– Quliyevlərin əmisi oğlu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur.
– Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir.