Ardını oxu...
Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib.
“Unikal”ın əldə etdiyi məlumata görə, məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarına panoraması olan 20 hektar torpaq sahəsi ayrılıb. Lakin sonradan universitetin tikintisi həyata keçirilməyib. Həmin ərazi şeyxlə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülüb.Məlumata görə, ərazinin 10 hektarı şeyxin oğlu Məhəmməd Paşazadənin, digər 10 hektarı isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına sənədləşdirilib. Şeyxin oğlunun adına olan ərazidə "Blue City" yaşayış kompleksi tikilib və hazırda satış həyata keçirilir.
 
 
 
Ardını oxu...
Tələbələrin təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) halları açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qərarında bildirilib.

Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

– müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

– ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) – 2 il müddətinədək;

– səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);

– sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

– dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;

– xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

– Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər.

Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər./axar.az
 
Ardını oxu...
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən meşəlik ərazi baxımsız vəziyyətdədir.

Belə ki, 70 ildir əkilən şam ağaclarına düzgün qulluq göstərilmədiyindən budaqları qırılıb və çürüyüb.

Yaxınlıqda yaşayan sakinlər yerli icra orqanlarına müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Daha ətraflı “ATV Xəbər”in süjetində:

 
 
 
Ardını oxu...
Bir anlığa təsəvvür edin ki, gecə yarısı balansında heç bir vəsait olmayan debet kartınızdan pul çəkilir və bir müddət sonra bank sizə "borcunuz var, gəlin ödəyin” mesajı göndərir.

Bəlkə də bu durum kiməsə inandırıcı görünməyəcək, amma şikayətçi Rəvan Novruzovun KONKRET.az-a müraciətində Unibank-la əlaqədar yaranmış belə bir anlaşılmaz durumdan bəhs edilir.

Şikayətçinin sözlərinə görə, hadisə 2023-cü il sentyabrın 15-də gecə saat 02.15-də baş verib. Unibank-a məxsus debet kartından 10 saniyə ərzində pul çəkilməyə başlanıb:

"Balansım sıfır olduğundan kartımdan pul çəkmək mümkün deyildi. Haradasa 10 saniyə ərzində xarici valyuta üzrə 30 əməliyyat həyata keçirildi. Balansım -267.18 olanda isə kartım avtomatik olaraq bloklandı. Mən dərhal Unibank əməkdaşlarına zəng etdim və baş verənlərlə bağlı onları məlumatlandırdım. Mənə məsələnin araşdırılacağını dedilər”.

Amma aradan 6 ay keçdikdən sonra, 29 yanvar 2024-cü il tarixində Unibankdan şikayətçiyə "**6622 nömrəli kart üzrə overdraft borcunun olması haqda məlumat daxil olub. Bildirilib ki, 5 gün ərzində borc ödənməsə, kredit rəsmiləşəcək və bu, mərkəzi reyestrdə əks olunacaq.

Bu xəbərdarlıqdan şoka düşən Rəvan Novruzov Unibank-a təkrar müraciət etməli olur. Ona bildirilir ki, debet kartının məlumatları oğurlanıb və ABŞ-dən karta müdaxilə edilib. Avro və dollarla qida məhsulları almaq məqsədilə balansı "0” olan kartda overdraft borcu yaranıb.

"Mənə deyirlər ki, siz ərizə yazmalıydınız. Mən də deyirəm ki, bankla dərhal əlaqə yaratmışam və problemi qeydiyyata saldırmışam. Amma mənə ərizə yazmalı olduğum barədə heç nə deyilməyib. Yoxsa mən ərizə də təqdim edərdim. Fakt odur ki, mən vaxtında Unibank-ı məlumatlandırmışam”.

Şikayətçinin "kartın təhlükəsizlik sistemi düzgün işləmirsə, bunun əzabını mən çəkməliyəm?” və "balansımda pul olmaya-olmaya kartımdan necə pul çəkilə bilər?” kimi haqlı iradları da Unibank əməkdaşlarına təsir etməyib.

"Belə çıxır ki, mən istədiyim yerdən balansında pul olmayan debet kartı ilə alış-veriş edə bilərəm?! Belə xidmət yoxdur axı. Məndə şübhə yaranıb ki, kartımın məlumatlarını başqa şəxsə özləri ötürüblər. Hazırda qəribə vəziyyət yaranıb. Bank əməkdaşları karta kiberhücum olduğunu boyunlarına alırlar. Məndə onların etirafının 30 dəqiqəlik səsyazısı var. Amma bu məsələ ilə bağlı yardım etmirlər, hər gün məbləğin faizini artırırlar”, – deyə şikayətçi gileylənib.

Sosial şəbəkələrə nəzər salanda məlum olur ki, bu eybəcər durum təkcə bizim şikayətçinin başına gəlməyib. Məsələn, İlahə Qasımova adlı xanım şikayətlənib ki, hətta plastik kartınız oğurlanmasa və kart məlumatlarını keç kəslə paylaşmasanız, pulunuz olmasa belə oğurluq baş verə bilər. "Buna görə isə bank sizə həmin pulu borc olaraq yazacaq. Çünki belə hadisə mənim də başıma gəlib”.

O qeyd edib ki, noyabrın 13-də kartından pul çıxarılmasına cəhd edilib. Kartın balansında 4 manat olarkən, bu rəqəm -29 manata çevrilib.

"Tez kartımı blokladım və bu barədə bankın "İnstaqram” səhifəsinə yazdım. Sonra kartım öz-özünə app-dən silinib. 3 dəfə yazmağıma rəğmən, bankdan "heç bir yerdə məlumatlarımı paylaşmadığım halda hesabım necə oğurlana bilər?” sualıma heç bir qənaətbəxş cavab gəlmədi. Sadəcə cavab yazdılar ki, müdaxilə dələduzlar tərəfindən oluna bilər. Cavabın absurdluğunu görürsünüzmü? Yəni mənim kartımda böyük məbləğdə pul olsa və oğurlansaydı da eyni cavab veriləcəkdi?”.

Onun sözlərinə görə, daha absurd və həngamə isə bundan 4 ay sonra baş verib. Zərərçəkən xanıma "hesabınızda 29 AZN borc var, bunu ödəməsiniz kredit reyestrində qeyd olunacaq və cərimə olunacaqsınız” mesajı gəlib.

Xanımın iradına Unibank-dan "Kartda balans olmadığı halda 13.11.2023-də Globus Center Bravo üzrə 19.46 üsd ödəniş edilmişdir, bu səbəbdən overdraft formalaşıb” cavabı verilib.

KONKRET.az-a açıqlamasında hüquqşünas Sədrəddin İsgəndərov baş vermiş hadisəni təşviş doğuran hal kimi qiymətləndirib. "Çünki hazırda əksəriyyətimiz kartlardan istifadə edirik və hər kəs kiberhücuma məruz qala bilər”.

Hüquqşünas qeyd edib ki, Unibank-ın müştərisi tələblərində haqlıdır. "Deməli, bankın təhlükəsizlik sistemi düzgün işləmir. Çünki onun kartındakı balansdan pul çəkilərkən, müştəriyə alış-verişin baş tutub-tutmaması, pul çıxarılmasına icazənin verilib-verilməməsinə dair sorğu gəlməliydi”.

Sədrəddin İsgəndərov hesab edir ki, bu xəbər mütləq ictimailəşdirilməlidir, çünki uzaq Amerikadan müdaxilə inandırıcı gəlmir.

"Bu, çox güman ki, yerli hakerlər tərəfindən törədilir. Onlar Amerika və digər ölkələrin nömrələri ilə kartlara müdaxilə edirlər. Banklar bu hadisələrdən ciddi nəticə çıxarmalı və təhlükəsizlik sistemnə yenidən baxmalıdırlar”.

Hüquqşünas belə hücumlara məruz qalan müştərilərə məhkəməyə müraciət etməyi, təzminatı, o cümlədən hüquqi xərclərini də iddia ərizəsində göstərməyi məsləhət görüb.
 
 
 
Ardını oxu...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci sədri Rafiq Əliyev xələfi Hidayət Orucov haqda tənqidi fikirlər səsləndirib. O, Bakupost.az-a açıqlamasında H. Orucov haqda bunları deyib:

“Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük.

Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu”.
TEREF xəbər verir ki, Hidayət Orucovun cavabı özünü çox gözlətməyib. O, “Yeni Müsavat”a müsahibəsində bunları açıqlayıb:

“Əvvəllər də bir-iki dəfə mətbuatda nə isə dedi - mənim Dövlət Komitəsindən təzə gedən vaxtlarımda - əhəmiyyət vermədim. Heç indi də əhəmiyyət verməzdim. Amma indi elə yalanlar, uydurmalar, şər, böhtan deyib, elə qeyri-ciddi, nə keçmiş sədrə, nə professora yaraşan ifadələr işlədib ki... Bu məni çox təəccübləndirdi. Onu da deyim ki, Dövlət Komitəsinə sədr gedəndə də təəccüblənmişdim. İnanmazdım, hətta təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var. Məndən 5 il qabaq o komitə ulu öndərin sərəncamı ilə yaradılmışdı. Getdim, orada Dövlət Komitəsinin fəaliyyəti, statusu, görəcəyi işlərlə bağlı heç nə görmədim. Bir daha təkrarlayıram, mən inanmazdım, həm də təsəvvür eləməzdim ki, Azərbaycanda elə antidövlət komitəsi var”.

H. Orucov bildirib ki, o zaman Azərbaycanda situasiya çox mürəkkəb idi, çox ciddi problemlər var idi: “Yəni xarici missionerlərin ölkəmizə axını, onların təmsil olunduqları ölkələrdəki dövlət-din münasibətlərini burada təbliğ etmələri, İslam dəyərlərini özlərinə məxsus şəkildə yaymağa cəhd eləməsi, Azərbaycan üçün ənənəvi olmayan və Azərbaycan xalqının heç vaxt qəbul etmədiyi radikal təriqətlərin, mövhumatın burada yayılması və ilaxır. Bu məsələlərlə bağlı demək olar ki, heç bir iş görülmürdü. Əksinə, müəyyən adamlar da bu istiqamətdə heç narahat deyildilər. Hətta xarici missionerlərə şərait yaradanlar da istisna olunmurdu. Ona görə deyirəm ki, dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı heç bir iş görülmürdü. Adama belə gəlirdi ki, bu, elə antidövlət komitəsidir. Mən buna çox təəssüfləndim”.

O deyib ki, R. Əliyevin özü ilə heç bu barədə danışmaq istəməyib: “Onunla bu haqda danışmağın heç bir mənası yox idi, çünki o artıq işdən çıxarılmışdı. Lap dözülməzi o idi ki, bu, ümumiyyətlə, Dövlət Komitəsinin işi ilə məşğul olmurmuş. Mən orada fəaliyyətə başlayandan sonra əməkdaşlar dedilər ki, o, saat 11-12-də işə gəlirmiş, günorta 1-də, uzaqbaşı 2-də çıxıb gedirmiş və ondan sonra qayıtmırmış. Dövlət Komitəsini idarə edən maliyyə şöbəsinin müdiri onun yeznəsi imiş. Onun siyasətlə, dinlə heç bir əlaqəsi olmayıb, ticarətdə - “Azərittifaq”ın Ağdamdakı qurumunda işləyib. Əvvəla, yaxın qohumu ora işə götürmək olmaz, bu, öz yerində. Digər tərəfdən, “Azərittifaq”ın keçmiş işçisi siyasi bir qurumda, Dövlət Komitəsində, günün yarısından çoxunu sədrin yerinə necə işləyə bilər? O vaxt məlum oldu ki, bu adam 5 il komitə sədri işlədiyi dövrdə onun əsas diqqəti özünün maddi biznes maraqlarına yönəlib. Məsələn, “İrşad” hoteli tikdi, telefon şirkəti yaratdı və ilaxır”.

Xatırladaq ki, R. Əliyev komitəyə 2001-2006-cı illərdə, H. Orucov isə 2006-2012-ci illərdə sədrlik edib.
 

Ardını oxu...
Azərbaycanda “neft bumu” dövründə külli miqdarda vəsaitlər əldə edən məmurların bir çoxu sərvətlərini ölkədən çıxarıb. Onların sorağı Avropanın dəbdəbəli paytaxtlarından gəlir. Onlar bahalı daşınmaz əmlakların, milyonlarla avro dövriyyəsi olan şirkətlərin sahiblərinə çevriliblər. Bəzən işləri o qədər uğurlu getməsə də bu, onların zəngin həyatına təsir etmir.

Məsələn, bu gün mediada yayılan məlumatlardan məlum olur ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı və "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin gəlini olan Günel Rüstəmovanın direktoru olduğu "Gyunel Limited” şirkəti ötən ili zərərlə başa vurub. Zərər bu çevrələr üçün o qədər də böyük rəqəm deyil: cəmi 6 milyon 195 min 983 funt-sterlinq. Manatla ifadə etsək, 13,3 milyon manat.

Əhməd Əhmədzadə 1994-cü ildən 2021-ci ilə qədər Azərbaycanın su təsərrüfatına rəhbərlik edib. 30 ilə yaxın müddətdə bu sahəyə daxili və xarici mənbələrdən milyardlarla manat sərmayələr qoyulub.

Ardını oxu...

Amma gəlin su təsərrüfatındakı bugünkü durumuna dair Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun fikirlərinə diqqət edək: “Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik. Azərbaycanda su borularının 50 %-nin istismar müddəti bitib. Kür-Bakı kəmərində boruların istismar müddəti bitdiyi üçün yüksəktəzyiqli su verə bilmirik. Su itkilərimiz 39 %-dir. Bu, pis rəqəm deyil, amma ideal da deyil. Bizim hədəfimiz bunu 20 %-ə salmaqdır. Beynəlxalq təcrübədə itkilərin normal sayılan rəqəmi 10 %-dir. Bunu sıfır etmək mümkün deyil...”

Beləliklə, Z.Mikayılov su təsərrüfatında ciddi problemlərin olduğunu deyir. Dövlət indiyə qədər hər il bu istiqamətdə yüz milyonlarla dollarlıq əsaslı vəsait qoyuluşu həyata keçirdiyi halda, hələ də az qala ölkənin büdcəsi qədər sərmayə lazımdır? Bəs niyə buna ehtiyac yaranıb?

Deməli, uzun illər ərzində bu istiqamətə yönəldilən vəsaitlərin müəyyən hissəsi “havaya” sovrulub, daha doğrusu Londona və s. Avropa paytaxtlarına daşınıb, orada daşınmaz əmlaka, şirkətlərin kapitalaşmasına yatırılıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsəlinin əldə etdiyi sənədlər əsasında verdiyi məlumata görə, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, aktivləri Londonda 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.

Onun yazdığına görə, Cümə Əhmədzadə 2021-ci ildə Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Qeyd edilir ki, onun bu ölkədə xeyli sayda şirklətləri və daşınmaz əmlakları var.

Bu barədə başqa araşdırmaçı jurnalistlər də mediada və sosial şəbəkələrdə geniş informasiya yayıblar.

O, həyat yoldaşı Günel Rüstəmova ilə birlikdə dəbdəbəli həyat tərzi ilə Londonun, Parisin, Praqanın bahalı əyləncə məkanlarının sevimli simasına çevrilib.

Ardını oxu...

Bu faktlara əsasən skspertlər iddia edir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun dediyi su təsərrüfatını yenidən qurmaq üçün lazım olan 20 milyard manatın əhəmiyyətli hissəsini Əhmədzadələrin ölkə xaricinə daşıdığı sərvətlərdə tapmaq olar. Azərbaycanda yaxın illərin təcrübəsi göstərir ki, oliqarxların oğurladıqları pulların qaytarılmasının sadə mexanizmləri var. Sadəcə, onları işə salmaq lazımdır...

“AzPolitika.info”

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bakıda 11 yaşlı Xədicə Babazadə təxminən iki həftədir həyat mübarizəsi aparır. Uşaq diş müalicəsi üçün aparıldığı Bakı Sağlamlıq Mərkəzində komaya düşüb. Ona müayinə aparılmadan narkoz verilib, az sonra beynin əsas ocaqları iflic olub.
Bizimyol.info xəbər verir ki, Xədicə Babazadə valideynləri ilə Bakı Sağlamlıq Mərkəzinə fevralın 21-də gedib. Mərkəzin üçüncü mərtəbəsindəki stomatoloji kabinetə yaxınlaşıblar.

Atası Zamin Babayev deyir ki, uşaqda iki dişin müalicəsinə ehtiyac vardı:

“İki dişə plomb qoyulmalıydı. Həm də bir dişin kanalını təmizlətdirməliydik. Narkoza heç ehtiyac yox idi. Orada narkoz təklif eləyəndə həyat yoldaşım bununla razılaşmayıb. Stomatoloqun köməkçisi ilə yazışmalarımız da var. Mən həmin dialoqda iştirak eləməmişəm. Avtomobilə parkinq üçün yer tapıb yuxarı qalxana qədər artıq uşağa narkoz vermişdilər. Biz lap narkoz istəsək belə, həkimlər işə peşəkar yanaşmalıdır. Məsələn, müayinələr aparmalıydılar..."

Zamin Babayevin sözlərinə görə, təxminən 40 dəqiqə sonra stomatoloji kabinetin qarşısında ajiotaj hiss ediblər.

“Gördük ki, uşağın başına tibbi heyətin xeyli nümayəndəsi toplaşıb. Soruşanda dedilər, uşağın təzyiqi düşmüşdü, qaydasına salırdıq. Bizi beləcə aldatdılar. Guya reanimasiyaya yerləşdirirlər, bir saata evə yola salacaqlar. Ola bilər ki, anestezioloq uşağa dozadan artıq narkoz verib. Sonra nəzarət eləməyib, uşağın yanında olmayıb”.

Xədicə Babayeva dörd gün Bakı Sağlamlıq Mərkəzində saxlanılıb. Bu müddətdə valideynlərə hər dəfə dəqiq məlumat verilməyib. Babayevlər ailəsi sonradan öyrənib ki, beynin zədələnməməsi üçün ilk 72 saatdakı müdaxilə çox vacibmiş. Yeniyetmənin beyni uzun müddət oksigensiz qaldığından, koma qaçılmaz olub.

“Bakı Sağlamlıq Mərkəzində tibbi heyətin əsas məqsədi o idi ki, zaman qazansınlar, bizi mümkün qədər yubatsınlar. Həmin dörd gün ərzində çox yuxusuz qaldıq, yorğun düşdük. Onlar da istəyirdilər ki, bizi əldən salsınlar, baş verənləri sakit qarşılayaq”.

Zamin Babayev fevralın 25-dı qızını Bakı Sağlamlıq Mərkəzindən çıxararaq Mərkəzi Klinik Xəstəxanaya aparıb. Burada həkimlər ümidverici söz demirlər.

Beynin əsas ocaqları iflic olub. Həkimlər ümidverici söz demirlər. Beyinə hüceyrə kökü köçürülməli olduğu bildirilir. Heç bu da Xədicənin ayağa qalxacağına tam zəmanət vermir. Təxminən 10 əməliyyata ehtiyac var. Əməliyyatlar da Türkiyədə həyata keçirilməlidir. Təkcə bir aparata 20-30 min avro xərclənə biləcəyi deyilir.

Stomatoloq Bəhruz Rüstəmov işini doğru yerinə yetirdiyini iddia edir. O, birbaşa ifadələrlə deməsə də, məsuliyyəti anestezioloqun üzərinə atır:

“Mən əvvəlcə 46-cı dişin restavrasiyasını həyata keçirdim. Müalicə təxminən 15 dəqiqə sürdü. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirəndən sonra təcili digər anestezioloq-reanimatoloqları prosedur otağına çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim”.

Xədicə Babazadənin ağır komadan nə vaxt ayılacağı bilinmir. Nərimanov Rayon Prokurorluğu bu hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Zamin Babayevin anestezioloqun Nərmin adlı qadın olduğunu, amma onun ortada görünmədiyini deyir.

Bu hadisə ölkə səhiyyəsinin necə bərbad durumda olduğunu aşkar göstərir. Adicə diş müalicəsi uşağın sağlamlığının tamamilə sıradan çıxması ilə nəticələndi.
Ardını oxu...
"Uzun müddətdir ki, bir çox kargo şirkəti lisenziyasız fəaliyyət göstərir. Bu da rəqabət qaydalarını pozur. Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın".

Bu barədə Qaynarinfo-ya "Starex” şirkətinin biznesin inkişafı üzrə direktoru Pərviz Əzimov bildirib.

Pərviz Əzimovun toxunduğu məsələ barədə bir müddət əvvəl Qaynarinfo-da araşdırma yazısı dərc edilib. Həmin yazıda lisenziyasız fəaliyyət göstərən konkret şirkətlərin adı açıqlanıb. Maraqlıdır ki, dövlət qurumları da həmin şirkətlərin lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib.

Pərviz Əzimov deyib ki, müvafiq dövlət qurumları ilə təmaslarda onlara da eyni məzmunlu cavablar verilib. Yəni, bəzi şirkətlərin lisenziyasız fəaliyyət göstərməsi etiraf edilib. Lakin bunun qarşılığında heç bir tədbir görülməyib. "Beş ay öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bizə bir məktub göndərdi ki, filan-filan şirkətlərə məxsusu 50-yə yaxın təhvil məntəqəsinin lisenziyası yoxdur. Özləri etiraf edirlər ki, belə hallar mövcuddur və bu qanunsuzluqdur. Amma müvafiq tədbirlər görülməsinə gəlincə, deyirlər ki, bizim işimiz sadəcə rəy verməkdir. Qalanını gedin özünüz İqtisadiyyat Nazirliyi ilə həll edin", deyə direktor bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları ilə də əlaqə saxlanılıb:

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dedi ki, bizlik deyil, Dövlət Vergi Xidmətinə müraciət edin. Vergi dedi bəli, düz deyirsiniz, qanunsuzdur. Hələ aylar əvvəl dedilər ki, işi göndəririk Xətai rayon məhkəməsinə. Xeyli gözlədik, axırda zəng elədik məhkəməyə ki, nə yerdədir iş? Dedilər sizə yalan deyiblər, bizdə belə bir iş yoxdur".

Məsələ ilə bağlı Baş Prokuroluğa da müraciət edilib. Oradan bildirilib ki, bu işdə cinayət tərkibi var:

"Dəvət etdilər, getdik, yazılı məktubumuzu şifahi də izah elədik. Dedilər düz deyirsiniz. Bu yerlər qanunsuzdur və dövriyənin 50 000 AZN-dən yuxarı olduğunu nəzərə alsaq, bu cür fəaliyyət cinayət məsuliyyəti yaradır. Deyirlər, amma heç bir tədbir görülmür. Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində".
 
Ardını oxu...
Karl Marksın təbirincə ifadə etsək, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu.

Deyəcəksiniz ki, Ramiz Mehdiyev AMEA-dan çoxdan yola salınıb, onun məsələyə nə dəxli var? Amma son bir ayda sosial media şəbəkələrində akademiya ilə bağlı tənqidi statuslara nəzər salsaq, bunun ona çox dəxli olduğuna əminlik yaranır. Məhz Ramiz Mehdiyevin “islahat dəyişiklikləri” adı ilə elm məbədinə sırıdığı “nizam-intizam” qaydaları alimlərin canını boğazına yığıb. Prezident İlham Əliyevin iki aydan artıqdır, AMEA-nın yeni Nizamnaməsini təsdiq etdiyi, amma elm məbədinin hələ də Ramiz Mehdiyevin rəhbərliyi dövründə yazılmış qeyri-legitim “nizamnamə” ilə fəaliyyət göstərdiyi bildirilir.

Müşahidəmiz göstərir ki, alimlərin kəskin və davamlı etirazının iki başlıca səbəbi var: birincisi, elmi müəssisənin spesifikliyi nəzərə alınmadan alimlərlə inzibati administrasiya işçiləri kimi davranırlar. Onlardan səhər saat 9-dan 18-dək işdə olmaq tələb edilir. İkincisi, alimlərin əməkhaqqı orta aylıq əməkhaqqından çox aşağıdır və iş şəraiti müasir standartlara uyğun deyil.

Bəlli olur ki, alimlər əvvəlki rəhbərlərinin mütəvazi davranışının xiffətini çəkir, akademiyanın indiki prezidenti İsa Həbibbəylidən və sabiq prezidenti Ramiz Mehdiyevdən fərqli olaraq onların elmə və elm xadimlərinə həssaslıqla yanaşdıqları, kabinetlərinin qapılarının əməkdaşların üzünə taybatay açıq olduğunu, qəbula gələnləri saatlarla gözlətmədiklərini, əsl alimləri davamiyyət bəhanəsi ilə işdən azad etmədiklərini, inzibati-amirlik metodları ilə hərəkət etmədiklərini nisgillə xatırladırlar.

Yazılanlara inansaq, indi AMEA alimlərindən kəşflər, ixtiralar deyil, iş saatının yığılmış hesabı tələb olunur. Qeyd edilir ki, AMEA-nın turniketinin proqramlaşdırılması yenilənmədiyindən iş saatları düzgün hesablanmır. Bu da alimlər üçün “saat yığmaq” problemi yaradır. Halbuki, səhər 9-dan axşam 18-dək işləmək tələbi yalnız aparat əməkdaşlarına aid edilə bilər, elmi işçilərə sərbəst rejimdə çalışmaq şəraiti yaradılmalıdır.

AMEA-nın nəzdindəki institutların müxtəlif otaqlarında sıx şəkildə əyləşən elmi əməkdaşların heç də hamısının kompüterlə təmin edilmədiyi, həmin institutlardakı kitabxanalar yararsız durumda olduğundan ciddi elmi işlə məşğul ola bilmədikləri narahatlıq doğuran məqamlardandır.

10 il öncə alimlər üçün tikilmiş Mərkəzi Kitabxana ilə bağlı durum lap absurddur. Həmin kitabxananın illərdir alimlərin üzünə bağlı olduğu iddia edilir. Burası çox maraqlıdır: alimlərin kitabxanalarda çalışdıqları saatlar iş vaxtından çıxılır. Bu, işdən yayınmaq hesab edilir. Necə deyərlər, bu günləri də gördük!

Bundan başqa, alimlər müxtəlif tədbirlərdə, o cümlədən televiziya və radio proqramlarında iştirak etməsi Mehdiyevin miras qoyub getdiyi “nizam-intizam” qaydaları üzündən müşkülə dönüb. Bunun üçün “icazə vərəqi” doldurulub imzalatdırılmalıdır. Belə xoşagəlməz duruma görə alimlərin çoxu bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırıblar.

Dodaq qaçıran müqayisədir, amma, görəsən, Arximedə və ya Nyutona belə iş rejimi tətbiq olunsaydı, Arximed qüvvəsi və ya cazibə qanunu meydana çıxa bilərdimi?! Axı rəvayətlərə inansaq, biri vannada, digəri alma ağacının altında oturarkən bu qanunları kəşf ediblər.

Yaxın dostumun sözüdür: əgər alim hansısa “manıs”dan pis yaşayırsa, bu, cəmiyyətin anormalllığını göstərir.

Bunu biz demirik, AMEA əməkdaşları iddia edirlər ki, nəinki postsovet məkanında yerləşən ölkələrin alimlərindən xeyli dərəcədə az maaş alırlar, hətta ölkə üzrə orta aylıq əməkhaqqından çox aşağı əməkhaqqına məhkum ediliblər. Halbuki, elmi fəaliyyətə düzgün qiymətləndirmə sisteminin tətbiq olunması biabırçı duruma son qoya bilər. “Hər kəsə əməyinə görə” kimi dəyərləndirmə sistemi həm saxta “alim”lərdən və “ölü can”lardan qurtulmağa, əsl alimlərin rifah halının yüksəlməsinə, həm də elmi nailiyyətlərin əldə olunmasına xidmət edər.

Alimlərin iddiasına görə, elmi layihələrdə dəstəbazlıq, qohumbazlıq, tayfabazlıq prinsiplərinin əsas götürülməsi, qrant layihələrinin rifahın təminatçısı kimi qəbul edilməsi, yalnız qazanc əldəetmə hissinin öndə olması, gənc tədqiqatçılarla təcrübəli alimlər arasında koordinasiyanın olmaması, bəzən düşmənçilik səviyyəsinə gəlib çıxan rəqabət Azərbaycan elminə bəlalar gətirməkdədir.

İsa Həbibbəylinin kadrlarının bir çoxunun tutduqları məsul vəzifələrə uyğun gəlmədiyinə xüsusi diqqət cəlb edilib.

“Onların içərisində Azərbaycan dilinin orfoqrafiya qaydalarından xəbərsizlər də var, mətni üzündən höccələyərək oxuyanlar da, əlinə qələm aldığı gündən bircə dürüst cümlə yazmamışlar da. Müşavirələrdə 3 cümləlik çıxarışı 8 aya yazıb, 8 xətaya yol verən “savad”lılara təsadüf edilir. Məhz belələri Ədəbiyyat İnstitutuna utancverici olay yaşadırlar. İnstitutun rəsmi “Facebook” səhifəsində statusu paylaşanlar hələ də bilmirlər ki, “Ali Baş Komandan” söz birləşməsinin tərkibindəki sözlərin ilk hərfi böyük yazılmalıdır. Hələ mətnin son dərəcə bəsitliyindən danışmırıq. Bu statusu bəyənən “məsul” şəxslər, səhifənin idarəçiləri hara baxırlar? Görəsən, bu rəzalətə görə məsuliyyət daşıyan, xəcalət çəkən kimsə varmı? Ayaqqabını geyinmək bir şeydir, ağayana, məğrur yerimək başqa şey. Nəhayət, bu rəzalətə görə bir an öncə üzr istəməyi də unutmayın…”, – deyə AMEA əməkdaşlarından biri yazır.

Həmin sənədi tərtib edən “savadlı” şəxsin görkəmli alimləri attestasiya edən komissiyanın sədri təyin olunduğu, yüksək maaş, mükafat aldığı, üstəlik heç nəyə yaramayan “cızma-qaralarını” dövlət büdcəsi hesabına çap etdirdiyi, dəyərli alimlərin ərsəyə gətirdikləri kitabların dərcinə isə vəsaitin tapılmadığı vurğulanıb.

Onların fikrincə, AMEA-nın kabusu uzaqlaşdırılsa da, bu qurumda ciddi elmi islahatlara və yenidənqurmaya böyük ehtiyac var. Əks halda elmi azadlığın olmaması, inzibati-amirlik sisteminin eybəcər formasının tətbiqi milli elmimizin çöküşünü qaçılmaz edəcək.

AMEA-nın təəssübünü çəkənlər əmindirlər ki, belə vəziyyət çox çəkməyəcək. Azərbaycan dövlətinin qətiyyətli əli mehdiyevçi şəbəkəni tam ifşa edəcək və elmimiz qalib xalqımıza layiqli şəkildə inkişaf edəcək. Çünki xarici ölkələrin elmi dairələrində yüksək nəticələrə nail olan gənc azərbaycanlı alimlər indiki durumda olan AMEA-nın heç qapısından içəri keçmək belə istəməzlər.

KONKRET.az-ın ARAŞDIRMA Qrupu
 

Ardını oxu...
Geofizika və Geologiya İdarəsində müşahidə olunan özbaşınalıqlarla bağlı dia-az.info-ya giley dolu yeni müraciət daxil olub.

Müraciət müəllifi yazır:

"Geofizika və Geologiya İdarəsində maaşlara olan bütün əlavələr kəsilib.

Şənbə-bazar günləri işçini işlədib əməkhaqqısını vermirlər. Əvəzində istirahət verirlər... Saat 5-dən sonra axşam işə gedirsən, əlavə 4 saat yazılırdı... Onu da kəsiblər...

Bunların hamısı 2016-cı ilin mart ayından baş verməkdədir. Şənbə-bazar ödənişləri ləğv olunub. 2016-cı ilin avqust ayından "4 saat ödənişləri" ləğv olunub.

SOCAR-da bütün idarələr əlavə ödənişləri ödəyir, yalnız Geofizika və Geologiya İdarəsi ödəmir. Etiraz edirsən, deyirlər, daxili əmrdir...

Bunlar üçün ölkə qanunları heç bir əhəmiyyət kəsb etmir..."
 

Dünyapress TV

Xəbər lenti