“Məktəb dərsliyinin ən ciddi problemi onun şagirdin şüur və bilik səviyyəsinə uyğun olmamasıdır”.
Bu fikirləri məktəb dərsliklərinin durumu və yol verilən nöqsanlar barədə danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dərsliklərin dilində akademik yüklənmə, üslub qəlizliyi nəzərəçarpan dərəcədədir:
“Məktəb dərslikləri ilə bağlı məsələlərə zaman-zaman təhsil ekspertləri olaraq münasibət bildirmişik. Lakin biz dərsliklərlə bağlı problemlərdən danışarkən əsas meyarlardan bəhs etmirik. Yəni “aysberq”in görünməyən tərəflərini kölgədə qoyuruq. Məsələn, tarix dərsliyində xronoloji xətanın olmaması, şəklin yanlış verilməməsi, riyaziyyat fənnində hər hansı düsturun əksikliyi kimi səhvlərin olmaması arzuolunandır. Təbii ki, bunlar texniki xətalardır.
Digəri isə dərsliyin mahiyyət və məzmun cəhətdən olan xətalardır. Dərsliyin dilinin ağırlığı, üslubunun qəlizliyi, akademizmin həddindən artıq yüklənməsi onun məzmun cəhətdən ciddi nöqsanıdır. Dərslik şəxsiyyətyönümlü predmet rolunu oynamalıdır. Bu gün dərslikdə öz əksini tapan mövzular kurikulumun funksiyalarına, məzmun xətlərinə uyğun gəlməlidir.
Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin tabeliyində Dərsliklərin Monitorinq Mərkəzi mövcuddur. Bu iki mərkəz öz səylərini birləşdirməli, ortaq mexanizm cızmalıdır. Təhsil İnustitutunda bu məsələlərlə məşğul olan müvafiq şöbə də var. Lakin dərsliklərin qiymətləndirilməsi və onun nəticələrinin çıxarılması beş ildən bir həyata keçirilən prosedurdur. Bu prosedurdan çıxmaq hələ ki mümkün deyil. Dərsliklər həddindən artıq sərt tələblər əsasında hazırlanmalı və qəbul edilməldir.
Bu gün dərsliklərin dilində akademik yüklənmə, üslub qəlizliyi nəzərəçarpan dərəcədədir. Bu məsələlərdən bəhs etmək yerinə, Azərbaycan dili dərsliyində hər hansı vulqar ifadə işləndiyini görən zaman bu məsələni qabardırıq. Məktəb dərsliyinin ən ciddi problemi onun şagirdin şüur və bilik səviyyəsinə uyğun olmamasıdır. Şagird şəxsiyyət olmaq yolunda addımlayan bir fərddir. Məktəb onu bu istiqamətdə yetişdirməlidir. Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini şəxsiyyət kimi formalaşdıran vasitədir. Fikrimcə, dərsliklərə yanaşma dəyişilməli, onun hansı dərəcədə strateji alət olduğu şagird, müəllim, valideyn, ən əsası bu dərsliyi hazırlayan şəxslərə də mahiyyət etibarı ilə anlaşılan olmalıdır”.
Deyir “ağası gülüm olanın, başına külüm olar”. Bunu boş yerə demir. Məsələn; bir işin başında işini bilməyən, özünü düşünən adam olanda bu deyim deyilir. Ötən gün qarşıma bir serialda "jurnalistika" peşəsini təhqir edən bir kadr çıxdı. Çəkiblər. Təbii ki, qanunlardan xəbəri olmayan və savadsız biri tərəfindən anlamsız söz yığınıyla kirlənmiş "ssenari" hazırlanıb. Məncə, bunu jurnalistlərdən "hayıf" çıxmaq üçün planlayıblar. Söhbət nədən gedir? Başlayaq...
Bir müddət əvvəl Xəzər rayonunda məktəblərin birinin şagirdi məktəb direktorlarından birinin qardaşı qızı, həmyaşıdı sayılan digər qızın başında yumurta sındırıb, saçını kəsib, üstəlik də alnına təhqiramiz ifadə yazdı. O ifadəni yazandan fərqli olaraq mən burada qeyd etməyəcəm, təbii ki. Sosial şəbəkələrdəki ictimai rəy də, bu hadisə ilə bağlı material hazırlayan jurnalistlər də bunun günahını çürüməyi açıq yara kimi görünən təhsil sistemində və o sistemin fəaliyyətsiz qalmağı seçən strukturlarında olduğunu qeyd etdik. Dedik ki, uşaqlara məktəbdə dərs keçilsə və təlim-tərbiyə verilsə bu kimi hallar olmaz. Çəkdik, yazdıq. Nəticədə nə oldu? Hadisənin qəhrəmanı çıxdı dedi ki, “vecimə də deyilsiniz”.
Araşdırma göstəricilərinə, ekspert rəylərinə əsaslanaraq qadın müəllimlərin say çoxluğunun oğlan uşaqlarının psixologiyasına təsir etdiyini bildirdik. Dedik ki, qadın müəllimlərin sayəsində oğullarımızı az qala “qız” kimi davranır. Bu da sistemin bəzi "sarı" siminə toxunmuş ki, "kim"insə və ya "kimlər"insə xoşuna gəlmədi.
Elina hadisəsini də xatırladıq, xatırlatdıq... Kimə deyirsən? Bu qulaqdan alıb, o biri qulaqdan ötürürlər...
Mənim şəxsən və təəssüf ki, qonşum olan keçmiş məktəb direktorunu yad etdim...
Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının keçmiş qadın direktorundan da danışmışdım. Məktəblərə gətirilən, şagirdlərin cibinə "girən" VMA-lardan da bəhs etməsək olmazdı...
Uzun sözün qısası, "düz söz, acı olur". Direktorlara istefa ərizəsi yazdıra bilməyən nazirlik bizə imla yazdırmaq niyyətinə düşüb. Demək istəyib ki, siz bizi tənqid edirsiniz, görək imla yaza bilirsinizmi?
Əminəm ki, bu ssenarini də şəxsi həyatında uğursuzluqla qarşılaşmış, hansısa depressif bir yazar işçisi hazırlayıb. Əks halda jurnalistlərə "söz" demək üçün, sözün əsl mənasında baş işlətməlisən...
Qanunlara, jurnalistlərin hüquqlarına baxmalısan. Məsələn; KİV haqqında qanunun 8-ci maddəsində deyilir: "Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Elm və Təhsil nazirliyinin balansında olan məktəblərlə bağlı qanunvericlikdə hərhansı məhdudiyyət yoxdur".
Yəni jurnalist kimi istənilən məktəbə daxil olub, reporatj hazırlaya bilərik. Bilərik deyirəm, sadəcə. Bəs edə bilirikmi? Xeyr. Çünkü məktəbin divarlarına 10 addım yaxınlaşan kimi qanundan bixəbər, təhsil ocağının hansısa "savadsız" nümayəndəsi çıxır qarşına. Siqnalizasiya tonunda tələb edir ki, "nazirlikdən icazən olmalıdır".
İndi sual: Hansı nazirlikdən? Jurnalistin peşə öhdəliyini yerinə yetirməsinə qeyri-qanuni və qeyri-rəsmi "məhdudiyyət" qoyan nazirlik? O nazirlik ki, təhsil ocağında təhsil mühiti yaratmaq əvəzinə ocaqda külü qalan təhsilin tozunu xalça altına süpürür... Xalçanın da üzərinə çıxıb, "gəlmə, görmə, eşitmə, bilmə, yazma" deyirsə... Hələ öz vəzifə öhdəliyini yerinə yetirmək əvəzinə, jurnalistin peşə öhdəliyini yetirməyinə mane olur. Bu davranışı çox fəxrli iş kimi göstərmək üçün də sözləri topalanmış, ucuz "ədəbiyyat" aurasındakı monoloqu görüntü halına gətirib. Baruta alovla yaxınlaşmaq, bu olsa gərək...
Təəssüf ki, nazirliyin fəaliyyətində hiss edilən başqa bir nüans var. Bir-iki press relizini tirajlayan, bayramlarda "ekskluziv" hədiyyə alan və üzünə bütün "qapılar" açılan bir miqdar "müxbir" kütləsi də diqqətdən kənarda qala bilməz. Bəlkə də, elə bu ssenarini həmin kütlənin "üzv"ünə verib, "yazdırıblar"...
Vizual çirkabın sahibi də, sifarişçisi də, maliyyəçisi də dursun kənarda. Onsuz da həmişə kiminsə yanında durmaqla irəli gedəcəklər. Mənim çağırışım, sualla qarışıq elə təhsilin əsas təmsilçisinədir: Cənab nazir,
Məktəblərdə 10-11 siniflərdə uşaqların nə ilə məşğul olduğundan xəbəriniz varmı?
Müəllimlərin repetitorluq etmək üçün məktəbdə dərs keçməyib ancaq xəbəriniz varmı?
Təhsilin “t” hərfinin belə silindiyindən xəbəriniz varmı?
Varsa, göstəriş və tapşırıqlarınızı məsul idarələrinizə bildirərsiniz. Video çəkmək uşağın vəzifəsi deyil, tənqid etmək müəllimin vəzifəsi deyil, hansısa şəxsə məhdudiyyət qoymaq da nazirliyin işi deyil. Nazirlik öz problemlərini aradan qaldırsın ki, bizə imla yazısı istəmək əvəzinə, gördüyünüz real və eyni zamanda müsbət işlərin nəticəsindən yazmağımız gözlənilsin. Bizim sizdən ilk gözləntimiz budur...
Marketlər müştəriləri aldatmağa davam edirlər, ölçü götürən isə tapılmır
Ötən yazılarımızdan birində bəzi marketlərin saxta endirim kampaniyasından bəhs etmişdik. Məqsədimiz, onsuz da ən müxtəlif üsullarla hər gün cibimizə girərək milyonlar qazanan marketləri neqativ hallardan çəkindirmək idi. Amma təəssüf ki, bəzi marketlər nəinki “ağıllanmaq” istəmir, əksinə, gözəl və rəngarəng plakatlarla “endirim” xəbərləri verib, alıcını aldatmaq üçün hər gün yeni üsullar icad edirlər.
“Endirim” oyunu üzərində alıcıları aldatmaq istəyən mağazalardan biri də bazara nisbətən yeni daxil olan “Tam Store” marketlər şəbəkəsidir. Şəbəkə möhtəşəm “endirim” xəbərləri ilə insanları şirnikləndirib, mağazaya gətirməyi bacarır. Lakin müştəri bəzən almaq istədiyi hansısa “endirimli” məhsulun qiymətində heç bir endirimə rast gəlmir. Etiraz isə həmişə olduğu kimi, cavabsız qalır…
Bakı sakini Rafiq Muradov da “Tam Store”dakı “endirim” kampaniyasından şikayətlənir. O, deyir ki, mağazaların çoxunda saxta endirim taktikasından istifadə edirlər. Amma başqaları bunu incə formada etdiyi bir zamanda, “Tam store” ən kobud üsula əl atır.
“Martın 10-da metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında yeni açılan “Tam market”in önündən keçirdim. Marketin pəncərəsinə endirim elanları yerləşdirildiyini gördüm. Məsələn, 2 kiloqramlıq “Harika” ununun qiyməti 50 faiz endirimlə 1 manat 67 qəpiyə düşmüşdü. Elanda yazılıb ki, 2 kiloqramlıq unu 6-12 mart tarixlərində bu qiymətə almaq mümkündür. Məni cəlb etdi, fikirləşdim ki, bayram öncəsi endirimdən yararlanım. Amma içəri girib həmin məhsulun rəfdə və eyni zamanda kassadakı fərqli (!) qiymətini gördükdə, xəyal qırıqlığına uğradım. Deməli, elanda göstərilir ki, məhsul 3 manat 34 qəpikdən 1 manat 67 qəpiyə düşüb. Amma rəfdə 3 manat 50 qəpik (!) qiymət qoyulub. Kassada isə məhsul 3 manat 34 (!) qəpikdir. Və bu, kampaniyanın bitmə tarixinə 2 gün qalmış baş verir. Qiymət fərqi digər məhsullarda da var. Məsələn, bir tanışım deyir ki, marketin Biləcəri filialında aldığı toyuq filesinin qiymətində də fərq olub və fərqi evdə aşkar edib. Niyə insanları aldadırlar?”
Məhsul kassada yoxlanılıb və endirim olmadığı aşkar edilib. Rafiq Muradov xəzinədardan və mağaza əməkdaşlarından niyə qiymət fərqi olduğunu soruşub. Onlar isə heç bir cavab verə bilməyiblər. Ardınca məsələyə mağazanın inzibatçısı qarışıb və bu məhsula endirim olmadığını bildirib. Ona mağazanın pəncərəsinə yapışdırılan elanı göstərəndə də susaraq cavab verməyib. Bu zaman mağaza əməkdaşlarından biri rəhbərliyin göstərişi ilə rəfdəki qiyməti yığışdırıb.
Pressklub.az alıcının şikayətini aydınlaşdırmaq üçün sözügedən marketlə əlaqə saxlayıb. Lakin “Tam Store”-nin nümayəndəsi Ülkər Xaliqova şikayəti rədd edərək, belə bir şeyin olmadığını, hətta şəkillərin köhnə olduğunu iddia edib: “Əmin olun ki, biz endirim mövzusunda çox həssasıq. Ümumən şəbəkə olaraq, yalan reklam yaymaq bizim üçün yolverilməzdir. Və heç vaxt bu cür reklamlara əl atmamışıq”.
Əməkdaşımız şəkillərin yeni olduğunu bildirəndən, çəkilişlərin vaxtını sübut edən dəlilləri (şəkillərin çəkilmə zamanı) göstərəndən, hətta inzibatçının “bu məhsul endirimdə deyil” dediyi video görüntünün olduğunu bildirdikdən sonra qarşı tərəf səssiz qalıb. Bir qədər sonra isə başqa bir məsul şəxs əməkdaşımıza zəng edib, həmin mağazadakı administratorun yeni gəldiyini, məsələdən xəbəri olmadığını və buna görə də yanlış anlaşılma olduğunu qeyd edib. Elandakı qiymətlə rəfdəki qiymət fərqinə gəldikdə isə bunun araşdırılacağını və problemin aradan qaldırılacağını bildirib. Əslində inzibatçının yeni və ya köhnə olmasının problemə heç bir aidiyyəti yoxdur. Endirim kampaniyasının elan edilməsi də, kassada məhsulun qiymətinin müəyyən edilməsi mərkəzləşdirilmiş formada tənzimlənir. Yəni, problemin səbəbi başqadır…
Bu cür hallar qanunsuzluq sayılır və istehlakçının hüquqlarının pozulması deməkdir. İstənilən şəxs, bununla bağlı məhkəməyə müraciət edərək, marketdən mənəvi və maddi təzminat tələb edə bilər. Ona görə də, istehlakçılar bu vəziyyətlə qarşılaşdıqda qanun çərçivəsində hüquqlarını tələb edə bilər.
Digər tərəfdən, aidiyyatlı qurumlar da insanları bu formada aldadan şəbəkələrə qarşı ölçü götürməyə borcludurlar.
"Lanset" klinikasına yeni baş həkim təyin edilib. Bakupost.az xəbər verir ki, bu posta professor Əliyev Şahin Həşim oğlu gətirilib. Şahgin Əliyev bir müddət əvvəl qalmaqallı məhkəmə işi ilə bağlı gündəmə gəlmişdi. Həmin məhkəmə işinə görə o, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri vəzifəsindən azad edilmişdi. Məhkəmə prosesində məlum olmuşdu ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institutun rektoru vəzifəsinə təyin etdirməsini istəyib. Sonradan aldadıldığını bilərək, məhkəməyə müraciət edib. Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib. 4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ordubadda kimsəsiz ahıllara xidmət göstərən 12 nəfər qadın sosial işçi “öz istəkləri ilə” yarım ştatlı işə keçmələri haqda ərizə yazmağa məcbur ediliblər. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup işçi məlumat verib. Şikayətçilər deyirlər ki, bunu etməkdə məqsəd, onların maaşının yarısını başqalarının adına yazıb, mənimsəməkdir. Şikayətçilərdən B.M. deyir ki, ərizəni yazmayacaqları təqdirdə işdən qovulmaqla hədələniblər: “Martın 14-də Naxçıvan ƏSMN Sosial Xidmətlər Agentliyinin Ordubad rayon sektorunun müdiri Niyazi Quliyev gəlib dedi ki, ərizə yazıb, yarım ştata keçməlisiniz. Biz razılaşmadıq. Hədə-qorxu gəldi ki, yazmayan biryolluq işdən qovulacaq. Məcbur qalıb, hamımız yazdıq. Guya ki, ahılların sayı azdır, tam ştatı haqq etmirik.Lakin, bizdə olan məlumata görə, Niyazi Quliyev və digərləri bizdən kəsilən ştatları öz qohumlarının adına yazıb, mənimsəmək istəyirlər. Yəni, biz işləyəcəyik, maaşımızın yarısını yuxarıdakılar mənimsəyəcək. Bu insafsızlıqdır axı”. Digər şikayətçi S.N. deyir ki, onlara ciddi tapşırıq verilib ki, maaşlarının kəsilməsi ilə bağlı mətbuata şikayət etməsinlər: “Müdir dedi ki, ƏƏSM Nazirliyindən tapşırılıb ki, hamı yarım ştata keçməlidir. Hərəmiz 5-6 ahıla qulluq edirik. Çoxu da kəndlərdədir. Ucqar kəndlərdə olanlar da var. Neçə ildir belə işləyirik. İndi deyirlər, sizin işiniz tam ştata uyğun gəlmir, ərizə yazın, öz xoşunuzla yarım ştata keçin. Bizi işdən qovmaqla hədələdilrə, məcbur olub, yazdıq. Sonra dedi ki, mətbuata şikayət etsəz, işdən tam qovulacaqsınız. İndi bilmirik necə edək. Onsuz da maaşımız az idi- 500 manat. Bu pula onsuz da kəndləri gəzməyə dəyməzdi. İndi onun yarısını da kəsdilər. Necə olacaq, bilmirik”. Naxçıvan MR ƏƏM Nazirliyindən işçilərin iddialarını cavablandırmaq isitəmədilər.
Xəbər verdiyimiz kimi dünən, martın 14-də Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxov 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş Bahadur Abbasovun qızı İncini qəbul edib, şikayətini dinləyəcəkdi. Görüş dünən baş tutub. Amma təəssüf ki, nazir əfəndi onu əliboş yola salıb. Üstəlik, iradını da bildirib. Deyib ki, “niyə mənim adımı media orqanlarında hallandırırsan. Guya, bununla mənə nəsə edəcəyini düşünürsən? Sən şikayət etdin də, mənə nə oldu? Mən heç kimdən çəkinmirəm və məni kimsə bu kreslomdan tərpədə bilməz”. Dia-az.info bildirir ki, bununla bağlı tanınmış jurnalist Heydər Oğuz paylaşım edib. Jurnalist daha sonra əlavə edib: "Haqsızmı? Əlbəttə, deyil. Adam əmisi “Dizayn” İlqarın zamanında Naxçıvanın korrupsiyada ən çox adı hallanan Tibbi sığortanın rəhbəri idi. Hətta oradakı fəaliyyətinə görə Naxçıvanın tibbi sığortası tamamilə qurumuşdu və xəstələrin bu imtiyazdan istifadə etməsi tamamilə dayandırılmışdı. Bütün bunlara rəğmən nə oldu? “Canişin” həzrətləri tərəfindən adam nəinki cəzalandırılmadı, hətta gətirilib Səhiyyə naziri qoyuldu. Və onu “canişin” əfəndiyə “təbərrük və əvəzedilməz kadr” kimi kim təqdim edib, bilirsinizmi? Bilmirsinizsə, mən deyim: Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun ən ünlü siması kimi Prezident Aparatından qovulan Əli Həsənovun qardaşı oğlu Anar Həsənov. Hansı ki, rəsmi vəzifəsi Azərbaycan DGK-nın mühüm bir idarəsinin məsul işçisi olmasına baxmayaraq, faktiki vəzifəsi 3 aydan bir “canişin” əfəndi üçün Prezidentə məruzə yazmaqdır və bu məqsədlə də ona Ali Məclisin binasında belə xüsusi kabinet ayrıldığına dair əlimdə mötəbər məlumatlar var. Bir sözlə, Naxçıvanı “canişin” qədər idarə edən bir adamın adamı olan nazir kimdən çəkinməlidir - “canişin”dən? Əlbəttə, yox. Cinin canı şüşədə olan kimi, “canişin”in də canı “5 kolon”un əlindədir. Heç nə demirəm. Anar müəllim 3 ay qeyri-rəsmi vəzifəsindən qeyri-rəsmi məzuniyyətə çıxsa, “canişin” əfəndi Prezidentə məruzə əvəzinə nə göndərəcək - “Məlikməmməd nağılı”. Hərçənd ki, indi göndərdiklərinin də “Məlikməmməd nağılı”ndan fərqli bir şey olmadığına inanıram. Bu baxımdan Samiq Sadıxovu qınamalı deyilik. Adam niyə və kimdən çəkinməlidir ki? Onun və üzvü olduğu komanda üçün ən yaxşı kadrlar, təbii ki, tibbi savadları olmayan və Bakıda işlədikləri qısa müddət ərzində ən müxtəlif idarələrdən “yarıtmaz fəaliyyətinə” görə işdən qovulanlar ola bilər. Üstəlik, Bahadur Abbasov şəhid olanda 5 yaşında olan nazir əfəndi nə bilir 1992-ci ildə şəhidlərimizin fədakarlığı sayəsində nələr qazanmışıq? Onun və özü kimi işçilərinin şəhid övladlarına kobud davranışları, Türklər demişkən, qayət normaldır. Və şəxsən mən bütün bunların günahını onda yox, ona himayədarlıq edənlərdə görürəm. Özünü və ailəsini dolandırmaq üçün kiçik bir iş istəyən şəhid balası niyə “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə at oynadanların yanına göndərilməlidir ki, bu cür sayğısız münasibətlə qarşılansınlar? O boyda Naxçıvanda şəhid övladına veriləcək başqa bir iş yoxmu?"
Lənkəran rayonu, Liman şəhər sakini Nəzərov Şirzad Mirzərəhim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Nəzərov yolları bərbad hala salan qurumlardan şikayətçidir:
“Biz, sakinlər, yolların bərbad vəziyyətə salınmasından şikayətçiyik.
Burada bəzi qurumlar yolları bərbad vəziyyətə salır və işləri bitdikdən sonra düzəltmirlər. Narahatçılıq və qorxu içindəyik. Yollarda böyük-böyük çuxurlar qazıblar, azyaşlı uşaqlar, qocalar bu yoldan istifadə edərkən əziyyət çəkirlər. Yağış yağdıqda isə çuxurlar su ilə dolur və görünməz hala gəlir. 3-4 metr dərinlikdə olan quyuya körpə uşaq düşsə, sağ qalmaz.
İcra hakimiyyəti bu vəziyyətə göz yumur, şikayətlərə baxmır, təmir işləri aparmır.
Sanki bəzi məmurlarda "erməniləşmə gedir", qoca-cavan fikirləşən qalmayıb. Can verdiyimiz, şəhid verdiyimiz torpaqlar niyə bu günə salınır? Hansısa bir məqsədlə qazılsa belə, daha sonra niyə təmir edilmir? Bu sualların cavabını biz ala bilmirik.
Fövqəladə vəziyyətin içindəyik görən, kömək edən yoxdur".
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Minbir zəhmət və dövlət büdcəsinin subsidiyaları hesabına yetişdirilən soğan məhsulu çölllərdə çürüyüb gedir, yiyə duran isə yoxdur…
Vaxt itirmədən keçək mətləbə: “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyətini bəlkə də çoxları bilmir, o cümlədən fermerlər də. Axı fermerin vaxtı hardadır ASC-nin rəsmi saytına girib «Əsasnamə»sini oxuyub bəzi mətləblərdən hali olsun. Amma düşünürəm ki, oxumasalar yaxşıdır. Çünki oxusalar, görərlər ki, “Aqrar Tədarük və Təchizat” ASC hansı səlahiyyətlərə və dövlətin fermerlərin adına verdiyi halal pullarına, səlahiyyətlərinə və s. sahibdir, eləcə də fermerlərə arxa-dayaq durmaq vəzifəsidir, onun yetişdirdiyi məhsulun real alıcısıdır, bax onda fermerlərin başına hava gələr…
Bəs “Aqrar Tədarük və Təchizat” ASC niyə öz missiyasını həyata keçirmir?
Məlumat üçün bildirək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyevdir. Açığı, cənab Aqil Quliyevin barəsində rəhbəri olduğu qurumun rəsmi saytında heç bir məlumat öyrənə bilmədik. Yəni, öyrənmək istəyirdik ki, sədr sahə mütəxəssisidir, yoxsa yox?! Öyrənə bilmədik… Amma başqa məsələləri öyrəndik. Məsələn, öyrəndik ki, sən demə, “Aqrar Tədarük və Təchizat” ASC-nin əməlli-başlı missiyası varmış. Qurumun rəsmi saytında da elə belə yazılıb və biz də oxuyub təəccüb qaldıq, lakin başımıza hava gəlmədi, amma başqa çox maraqlı və zəruri fikirlər gəldi. İndi o fikirləri aidiyyəti dövlət qurumları və oxucularla bölüşməli olacağıq.
Fermerlərin bunları oxuması qadağandır!
…Çünki istəmirik ki, aşağıdakıları oxuyandan sonra fermerlərin qanı it qanına dönsün.
Beləliklə, “Aqrar Tədarük və Təchizat” ASC-nin Missiyasına nəzər yetirək:
«-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və
dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;
-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;
-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək!».
Yazıq fermer, di bunu oxuyub dəlixanaya düşmə!
Bu hələ harasıdır, ASC-nin «Gələcəyə baxışımız» bölməsində isə devizi belədir:
«-İnnovativ həllər tətbiq edərək, ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasında lokomotiv rol oynamaq;
-Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasında iştirak etmək;
-Fermer və qida istehsalçılarının aqrar ticarət zəncirində iştirakını təşkil etmək və dəstəkləmək;
-Kənd turizmi və ekoturizmin inkişaf etdirilməsində iştirak etmək;
-Kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını, ixracını təşviq etdirmək və dəstəkləmək;
-Yerli fermer və qida istehsalçılarının məhsullarının ölkə xaricində təbliğində və müsbət reputasiyasının yaradılmasında iştirak etmək» və s.
Yeri gəlmişkən, sosial media resurslarında Elmi redaktoru Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorekroru, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi olan Bəyalı Xanalı oğlu Ataşovun, rəyçiləri Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Arif Şəkərəli oğlu Şəkərəliyev, Bakı Biznes Universitetini kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar kənd təsərrüfatı işçisi İslam Hacı oğlu İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı, iqtisad elmləri doktoru Elşən Əli oğlu İbrahimov, müəllifi isə Nizami Cəlal oğlu Qafarov olan “Aqrar istehlak bazarının formalaşması və inkişafının iqtisadi problemləri” monoqrafiyasına rast gəldik.
Sahibkarların -fermerlərin deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin «dilində» yazılmış monoqrafiya!
Monoqrafiya ötən il buraxılıb. Monoqrafiyada «Azərbaycanda aqrar istehlak bazarının formalaşmasının nəzəri-metodoloji aspektləri nəzərdən keçirilir, aqrar istehlak bazarının iqtisadi mexanizminin zəruriliyi əsaslandırılır, aqrar istehlak bazarının inkişafında beynəlxalq təcrübə araşdırılır, istehlak bazarının iqtisadi müayinəsinin aparılması prinsipləri və müasir üsulları müəyyənləşdirilir, aqrar istehlak bazarın inkişafı və əhalinin aqrar-ərzaq məhsulları ilə təminatı, eləcə də əsas növ aqrar-ərzaq malları üzrə ixracın təşviqi və dəstəklənməsi məsələləri tədqiq edilir…» və s.
Hətta müəllif monoqrafiyanın girişində yazır ki, «Monoqrafiya öz əhatə dairəsi, tədqiqatın dərinliyi və aktuallığı baxımından əhəmiyyətli olmaqla, aqrar sahədə və istehlak bazarında çalışan mütəxəssislər, sahibkarlar, maliyyə-bank işçiləri, eləcə də doktorant və magistrlər tərəfindən istifadə edilə bilər».
Amma düşünürük ki, başqalarını deyə bilmərik, sahibkarlar çətin bu monoqrafiyada yazıları başa düşsün. Niyə? Çünki monoqrafiya fermer-sahibkarların deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin «dilində» yazılıb. O dili isə ASC mütəxəssislərindən başqa kimsə çətin ki başa düşsün…
Bəs fermerlərin dilini kim bilməlidir?
Dünya şöhrətli alim Xudu Məmmədov deyirdi: «Deməyin ki, daşın, quşun, heyvanın dili yoxdur… Deyin ki, daşın, quşun, heyvanın… dilini bilmirəm!».
Rəhmətlik sağ olsaydı, indi həm də deyərdi: «Deməyin ki, fermerlərin Prezidentə şikayət edən dili yoxdur… Deyin ki, onların dilini hələki başa düşən yoxdur…».
Bəli, onların dilini bilən olsaydı, məsələn, Vahid Məhərrəmov adlı müəllif ən azından «“Aqrar Tədarük və Təchizat” ASC-nin fəaliyyətində səmərəliliyinin artırılması yolları» adlı vəsait yazanda fermerlərin də dilini bilib dərdini ağlayardı… Müəllif yazır: «Bu araşdırmada dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirən, səhmləri dövlətə məxsus “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyəti təhlil edilib və dövlətin bu sahədə iştirakçılığının səmərəliliyinin artırılması ilə bağlı təkliflər verilib».
Hörmətli Vahid Məhərrəmov bu kitabını, deyəsən, təzəlikcə yazıb. Telefonunu tapa bilmədik zəng edib soruşaq ki, ASC-nin səmərəliliyinin artırılması yolları hamıya məlumdur, məhsulu tarlada çürüyən fermerlərə də. Bəs fermerlərin-sahibkarların fəaliyyətinin səmərəliliyinin artırılması üçün neyləmək lazımdır??? Axı onlar min zəhmətlə becərdiyi məhsulunun bəzən maya dəyərini belə geri qaytara bilmir. Bilirsimz niyə? Çünki «Əsasnaməsi»ndə fermerlərə arxa-dayaq durmalı olan ASC rəhbərliyi yuxarılara hesabat verəndə ən azından cənab Prezident İlham Əliyevin etimad və etibarını göz önünə gətirmir ki, axı, bu binəva fermeri niyə torpaqdan küsdürürük??? Və hələ də onların göz yaşlarına, probleminə, batan məhsuluna, itən ümidinə… inanmaq istəmirik!!! Niyə? Səbəbini bilmək istəyənlərə videoçəkilişləri təqdim edirik… Baxın və nəticə çıxarın…
“Aqrar Tədarük və Təchizat” ASC-ni yox, fermeri tərifləmək əvəzinə…
Aqil Məhərrəmov fermeri yox, “Aqrar Tədarük və Təchizat” ASC-ni tərifləyir. Adam dəli olmaq istəyir. Görün nə yazır: «…Son illər ölkənin neft gəlirlərinin azalması öz növbəsində dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyinin artırılmasını və büdcə vəsaitlərindən qənaətlə istifadəni zəruri edir. Xüsusən də dövlət satınalmalarında şəffaflığın təmin olunması aktual məsələyə çevrilir. Apardığımız araşdırmanın mövzusu dövlətə məxsus Səhmdar Cəmiyyətin dövlət satınalmalarında şəffaflığın artırılması istiqamətində alternativ həll yollarının axtarılmasıdır. Qeyd edilməlidir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” Məhdud Məsuliyyətli və “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətləri kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…».
Necə??? Bir də səsləndirin: «“Dövlət Aqrar Ticarət Şirkəti” MMC və “Aqrar tədarük və təchizat” ASC kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…»??? Görəsən, müəllif bunları nəyə əsaslanıb yazıb? Bu hələ harasıdır, yazır: «…“Dövlət Aqrar Ticarət Şirkəti” MMC öz qarşısında ölkədə kənd təsərrüfatı məhsullarının bazar infrastukrturunu inkişaf etdirmək, kiçik və orta fermerlərin bazarlara çıxışını asanlaşdırılmaq kimi vəzifə qoymuşdur. “Aqrar tədarük və təchizat” ASC isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə yaradılmışdır».
Bir daha məsləhət görürük ki, bu reportajı-yazının fermerlərin oxuması qəti qadağandır… Yoxsa, həqiqətən də, oxuyub havalanacaqlar ki, axı, bu nağılları kim yazıb və necə uydurub?!
Ağdamın Ergi düzündə çürüyən soğan tayaları və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə “Aqrar tədarük və təchizat” ASC-nin «Missiya»sı…
...Redaksiyaya daxil olmuş oxucu sorğusunu və şikayəti əsas tutaraq neçə gün əvvəl hər bir istehlakçının, deməli, hər birimizin maraqlarına xidmət edən bir problemi araşdırmaq qərarına gəldik. Söhbət Bakı bazarlarında bir ay əvvəl od qiymətinə satılan, elə indinin özündə də pərakəndəsatışda bir kilosu 50-70 qəpiyə olan soğanı əkib-becərənlərin «Təzadlar»a yazıb göndərdiklərinin nə dərəcədə həqiqət olduğundan gedir. Odur ki, yolumuzu şikayətçilərin ünvan verdikləri Ağdamın Erjgi qəsəbəsinə salmalı olduq.
Qeyd edim ki, Ergi qəsəbəsi Haramı düzünün Ağdam ərazisinə aid hissəsindədir. Bu ərazidə sovetlər dönəmində məhbuslar üçün düşərgə, sonralar isə Ağdamın o vaxtkı birinci katibi Sadıq Murtuzayevin təşəbbüsü ilə Yemçilik Təsərrüfatı salınmışdı. Lakin Ermənistanın Qarabağdakı işğalçılığı bu ərazilərə məcburi köçkünlərin axınını bərqərar etdi. 1992-1993-94-cü illər ərzində Ergi ərazisində on minlərlə ailə məskunlaşdı. Prezident Sərəncamı ilə ərazidə kökünlərin çoxluğu nəzərə alınaraq qəsəbə də salındı. Onların məşğuliyyəti isə, əsasən, kənd təsərrüfatı sahələrindəki əkin və biçin işləridir.
Yeri gəlmişkən, hazırda Ergi ərazisi Azərbaycanın soğana olan tələbatının böyük bir hissəsini təmin edən əkin sahələri ilə diqqəti cəlb edir. Amma və lakin…
Bağlanmış "Lider" televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyeva ilə birgə Novruz bayramı öncəsi Tailanda tətilə yollanıblar.
TEREF publika.az-a istinadən xəbər verir ki, Phuket adasında istirahət edən cütlük qızmar havada istirahət zamanı çəkilən foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
N.Əliyeva ölkənin simvollarından sayılan əhliləşdirilmiş nəhəng fillərlə şəkillər çəkdirib. Bundan əlavə, məşhur cütlük yaxta gəzintisi zamanı romantik anlarını lentə alıblar.
Sözügedən foto və videolarını isə onlar sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.
Nailə həmin paylaşımına "Əsl kişi qadınının zəif olmasına icazə verir. Azad... Yalnız o zaman özünü etibarlı əllərdə hiss edər" şərhini yazıb.
Qeyd edək ki, Ədalət ilə Nailə Əliyevlərin iki oğlan və bir qız övladı var.
"Azəriqaz" İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin rəisi Kamran müəllimin yəqin ki, bu gün idarəsində baş verənlərdən xəbəri yoxdur. Yox, əgər xəbəri varsa, o zaman hüquqi məsuliyyət daşıyır və gec-tez buna görə cavab verməli olacaq... Yox, xəbəri yoxdursa, o zaman daha da pis... Necə rəhbərdir ki, idarəsindəki qanun pozuntusundan xəbərsizdir və pis rəhbər kimi işdən getmək zorundadır...
Dia-az.info bildirir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı yenə də diqqətləri "Azəriqaz" İstehsalat Birliyi Təmir Tikinti İdarəsindəki neqativlərə yönəldib. M.Qəhrəmanlı bildirib:
" "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Qaz Kəmərlərinin sökülməsi sahəsinin ezamiyyəyə göndərilən işçilərindən mehmanxana xərcləri barədə sənəd(çek)tələb edən və sənəd təqdim edilmədiyi halda ezamiyyə xərclərinin ödənilməyəcəyini bildirən mühasib Samir Rəhmanov üçün təkrar marifləndirmə: Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarına əsasən Ezamiyyə xərclərinin normaları haqqında 25 yanvar 2008-ci il, 14 saylı qərarının "1-1. bəndi ( Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. ") ləğv olunub".
Hər halda, M.Qəhrəmanlı olduqca mühüm bir məqama toxunub... Çünki söhbə çox ciddi yeyintidən gedir...