Ardını oxu...
Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir...

Ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə – marketlərə çatana qədər elə “yoldaca” 2 dəfə bahalaşır. Bu da inhisarçılığın xalqımıza verdiyi “töhfələrdən” biridir.

“AzPolitika” xəbər verir ki, ölkədəki kərə yağı bazarında fed.az-ın apardığı araşdırmaya görə, kərə yağlarının idxal qiyməti ilə onların müştəriyə satış qiyməti arasında böyük fərq var və bu fərq hər il artmaqdadır. Belə ki, 10 il əvvəl marketlərdə satılan xarici kərə yağının qiyməti ilə həmin yağın idxal qiyməti arasında cəmi 58% fərq var idisə, hazırda bu fərq 100%-i keçib, yəni 2 dəfədən artıqdır.

Belə ki, araşdırmaya əsasən, 2014-cü ildə Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının idxal qiyməti (burada və bundan sonrakı bütün hallarda söhbət il üzrə orta qiymətdən gedir –müəl.) cəmi 4,34 manat olub. Həmin ildə yağın pərakəndə satış şəbəkəsində, yəni marketlərdəki son qiyməti isə 6,86 manat təşkil edib. Başqa sözlə, kərə yağının marketdəki satış qiyməti – onun idxal qiymətindən 2,52 manat artıq olub ki, bu da “cəmi” 58% artım deməkdir.

İlk baxışdan yağın qiymətinin gömrükdən marketə qədər 58% artması yüksək bahalaşma kimi görünə bilər. Amma görünür, həmin vaxt inhisarçılar daha insaflı olublar. Çünki sonrakı illərin rəqəmləri göstərir ki, bu, son 10 ildə ən zəif bahalaşmadır. Sonrakı illərdə qiymətlər daha sürətli artıb.

Devalvasiyaların tar-mar elədiyi 2015-ci ilin iqtisadi göstəricilərini nəzərə almasaq, 2016-cı ildə kərə yağının 1 kiloqramı ölkəyə 5,73 manatdan idxal edilirdi. Həmin yağın marketlərdə satış qiyməti isə artıq 10,57 manatı keçmişdi. Başqa sözlə, market qiyməti ilə gömrük qiyməti arasındda fərq 4,84 manata və ya 85%-ə yüksəlmişdi.

2017-ci ildə bu fərq ilk dəfə 100%-i keçərək 104% təşkil etdi. Bu, o demək idi ki, kərə yağının market qiyməti gömrükdə qeydiyyat qiymətini 2 dəfədən çox üstələyir. 2018-ci ildə bu rəqəm 75%-ə düşsə də, sonrakı illərdə yenidən artıb və 2019-cu ildə 95%-ə, 2020-ci ildə 98%-ə, 2021-ci ildən sonra isə 100%+ə yüksəlib.

Yenicə başa çatan 2023-cü ildə isə kərə yağının market və gömrük qiyməti arasında fərq daha yüksək həddə çatıb – 108%. Yeri gəlmişkən, bu “rekord” münasibəti ilə monopolistlərimizi və supermarket şəbəkələri sahiblərini təbrik edə bilərik!

Ötən il xaricdən Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib, yəni yağın 1 kiloqramının idxal qiyməti 9,47 manat olub. Onun marketdə satış qiyməti isə ortalama 19,67 manat, yəni gömrük qiymətindən 10,2 manat baha olub.

Təsəvvür edin ki, 2016-cı ildən 2023-cü ilədək kərə yağının idxal qiyməti cəmi 3,74 manat artdığı (9,47 manat – 5,73 manat) halda, onun marketlərdəki satış qiyməti 9,10 qəpik artıb. Yəni, son 8 ildə marketlərdəki qiymətlər gömrükdəki qiymətlərdən 3 dəfə çox artıb.

Bunun əsas səbəblərindən biri ölkədə market şəbəkələrinin sürətlə böyüməsi və ərzaq mallarının satışında marketlər şəbəkəsinin payının artmasıdır. Bu sahədə rəqabətin azalması isə qiymətlərin yüksək səviyyədə saxlanılmasına səbəb olur.

Araşdırma onu da göstərir ki, xaricdən gətirilən kərə yağının idxal qiymətinin dəyişməsi onun marketlərdə satış qiymətinə alıcı üçün daha pis istiqamətdə təsir edir. Yəni, bahalaşma olduqda yağın market qiyməti idxal qiymətindən daha sürətlə artır, yağın idxal qiyməti ucuzlaşanda isə bu, market şəbəkəsində ya ümumiyyətlə hiss olunmur, ya da çox cüzi hiss olunur.

Belə ki, 1 kq kərə yağının idxal qiyməti 2016-cı ildə 5,73 manat, 2017-ci ildə 8,23 manat, 2018-ci ildə 9,78 manat, 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.

2017-ci ildə yağın gömrük qiyməti 44% artdığı halda, onun market qiyməti 59% artıb. 2019-cu ildə yağın qiyməti gömrükdə 11% ucuzlaşdığı halda, marketlərdə cəmi 1% ucuzlaşıb.

Bir sözlə, kobud desək, Azərbaycan vətəndaşı gömrükdən 5 manata keçən ərzağı mağazada 10 manata almalı olur.

Monopoliyaların at oynatmadığı ölkələrin əksəriyyətində belə bir mənzərə mümkün deyil. Çünki oralarda kimlərinsə əhalinin cibinə girməklə, onsuz da kasıb olan milləti daha da kasıblaşdırmaqla hədsiz dərəcədə varlanmasına göz yumulmur. Azərbacanda isə bu sahəyə cavabdeh qurumlar “qış yuxusuna” gedib. Top atsan belə oyanmazlar ...

“AzPolitika.info”
Ardını oxu...

Əliyev Zahir Sədi oğlu.
4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olmuşdur. Kursları bitirən Zahir Əliyev Azərbaycan Daxili Qoşunlarının "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "çavuş" rütbəsi almışdır.

Ardını oxu...

20.09.2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə keçirilən antiterror əməliyyatı zamanı Kəlbəcər rayonunda şəhid olub və doğulduğu Lerik rayonunun Soru kəndində uğrunda öldüyü torpağa tapşırılıb.
Ailəli idi, iki azyaşlı qız övladı yadigar qaldı.

Bu gün isə onun doğulduğu Soru kəndinin sakinləri "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, rayonunun, xüsusilə də 10 şəhid vermiş, 50-dən çox qəhrəman oğlu müharibədə döyüşmüş Soru kəndinin problemlər içində aciz qaldığından gileylənirlər.

Ardını oxu...

Onlar bildirirlər ki, "qaz xətti kəndimizin içindən keçir, amma bizə bu dövrdə hələ də mavi yanacaq verilmir. Yollarımız da ki, bərbad vəziyyətdə. Biraz da yağış yağan kimi keçilməz olur".



Maraqlıdır ki, "əcnəbinin seyrə balonlarla çıxdığı" (M.Ə.Sabir) bir dövrdə Lerikin 36 yaşlı gənc icra başçısı Əkbər Abbasov da tabeliyində olan rayonun bu cür bərbad vəziyyətinə biganə qalır. Sakinlər bildirirlər ki, mövcud durumları ilə bağlı müraciət etmədikləri qurum qalmayıb, hətta şəhid Zahir Əliyevin 9 yaşlı qızı Nilay da ölkə başçısı ilə görüşərkən, problemlər içində sürətlə böyüyən körpə ürəyi ilə birinci növbədə kəndin problemlərinin aradan qaldırılmasını xahiş edib.

Ardını oxu...

Bütün bunlara rəğmən aidiyyatı qurumlar da, Rayon rəhbərliyi də hələ ki, seyirçi mövqeyində dayanıblar.

Güman edirik ki, qısa zamanda Lerik rayonunun Soru kəndinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ən azından ilkin addımlar atılacaq.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Ötən gün Bakı Biznes Mərkəzində Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının ikinci iclası keçirilib.
Toplantıda maraqlı bir informasiya verilib.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib ki, Orta Dəhliz boyunca Rəqəmsal Platforma yaradılır və o, bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək.
Onun sözlərinə görə, bu platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır və o, bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub.
Bu çox maraqlı məsələdir.
Çünki , daha öncədən də Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibi ilə fiber optik rabitə xəttinin çəkilməsini nəzərdə tutuan TransXəzər rəqəmsal layihəsi vardı.
Bununla bağlı hökumətlərarası anlaşmalar var.
Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri AzerTelecom və Kazakhtelecom arasında “Rəqəmsal İpək Yolu” -əsas hissəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi ilə bağlı müqavilələr bağlanıb, ortaq müəssisə yaradılıb.
Bu açıqlamadan isə belə anlaşılır ki, yeni bir Orta Dəhliz rəqəmsal platforması yaradılır.
Güman ki, bu layihə daha çox nəqliyyat marşrutunun rəqəmsallaşdırılmasını nəzərdə tutacaq.
Hələlik digər maraqlı tərəflər bununla bağlı açıqlama verməyiblər.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Lökbatan-Qobu yolunda işıqlandırma sistemi yoxdur. Bu da xüsusən günün axşam saatlarında həm sürücülərə, həm də piyadalara təhlükəli vəziyyət yaradır.

Bundan başqa, yoldakı nişanlanma xətləri silinib. Bu da sürücülərə əlavə çətinlik yaradır.

Sürücülər mövcud vəziyyətlə bağlı öz narazılıqlarını ifadə ediblər.

“Yollar bərbad haldadır, nəzarət edən də yoxdur. Burada həftədə 2-3 dəfə qəza baş verir”, - deyə sürücü qeyd edib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin yolun işıqlandırılmasına onlar cavabdeh deyillər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Ardını oxu...
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov yaxın zamanlarda vəzifəsindən azad ediləcək...

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə Fəxri Kazımovun vəzifədən çıxarılmasına səbəb İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin qənaətbəxş olmaması və qurumdan İqtisadiyyat nazirliyinə, Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlərdir.

İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən Milli Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun da narazı olduğu bildirilir.

Taleh Kazımov formalaşdırdığı yeni sistemdə Fəxri Kazımovu görmək istəmir.

Məlumatda Fəxri Kazımovun vəzifədən çıxarılmaması üçün Fondun Himayəçilik Şurasının sədri, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevə və Milli Bankın İdarə Heyətinin sədri Taleh Kazımova nüfuzlu şəxsləri minnətçi saldığı iddia edilir.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondundan əsas şikayətçi olan kateqoriya evsiz və aztəminatlı ailələrdir. Bu şəxslər əsasən “Elektron ipoteka və kredit zəmanət” sisteminin “kirayə mənzillərin” alışının elektron sistemindən narazılıq edirlər.

İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” və “GT Solution” şirkətinə indiyədək ümumilikdə 9 milyon manat ödəyib.

Xatırladaq ki, Fəxri Kazımov 2008-ci ildən İpoteka Fonduna rəhbərlik edir

Poliqon.info
 

Ardını oxu...
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, hüquqlarının etibarlı təmin olunması istiqamətində mühüm addımlar atılır, onlara yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi, asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tabeli qurumların fəaliyyətinə nəzarətin artırılması, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində tədbirləri gücləndirir.

Bununla yanaşı Penitensiar Xidmətə tabeli qurumlarda müəyyən nöqsanlar da var ki, bununla bağlı sosial şəbəkələrdə və elektron mediada vaxtaşırı məlumatlar yaılır. Cəzaçəkmə müəssisələrində məmurın səlahiyyətlərdən sui-istifadə edərək rüşvətxorluq hallarına yol vermələri, məhkumlara qarşı qanunazidd hərəkətlər etmələri barədə də kifayət qədər şikayətlər yayılıb.

Aktualinfo.org-un Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tabeli qurumlarda yol verilən nöqsanlarla bağlı apardığı araşdırma isə tamamilə fərqlir. Burada söhbət məhkumların hüquqlarının pozulmasından deyil, ciddi maliyyə pozuntularından gedir.

Ədliyyə Nazirliyi Pentensiar Xidməti Avtonəqliyyat Təsərrüfatının balansında nə qədər nəqliyyat vasitəsinin olması barədə konkret məlumatımız yoxdu. Amma burada nəqliyyat vasitələrinin saxlanılmasına ayrılan dövlət vəsaitləri barədə rəsmi mənbələrdən məlumat əldə edə bilmişik.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Pentensiar Xidməti Avtonəqliyyat Təsərrüfatının Satınalma Komissiyası tərəfindən 16.03.2022-ci il tarixində 2023-cü ildə alınacaq zəruri malların və xidmətlərin satınalma planları açıqlanmışdır. Qurum satınalma planlarına 4 açıq tender, 1 kotirovka sorğusu daxil edilmişdir. Penitensiar xidmətin avtonəqliyyat təsərrüfatının balansında olan avtomobillərin ehtiyat hissələrinin və təmir işlərinin, dəftərxana ləvazimatının, Penitensiar xidmətin avtonəqliyyat təsərrüfatının balansında olan avtomobillərin ehtiyat hissələrinin və təmiri işlərinin, ehtiyyat hissələri və sürtkü materiallarının satınalmaları.

Amma satınalmaların internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Pentensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatı 2023-cü il üzrə satınalma planlarına daxil etdiyi və keçirilmiş açıq tender və kotirovka sorğuları üzrə bağlanılmış müqavilələr barədə qanunla müəyyən edilmiş qaydada internet portalında heç bir məlumat yerləşdirməmişdir. Amma “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə satınalan təşkilat müqavilə bağlanıldıqdan sonra 5 bank günü ərzində məlumatlar ictimaiyyətə açıqlanmalıdır.

Yol verilən bu kimi nöqsanlara aydınlıq gətirilməsi məqsədi ilə Pentensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatının Satınalma Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verdilər ki, məlumatlar artıq portalda mövcuddur. Bir il əvvəl keçirilmiş tenderlərin nəticələrini satınalmaların vahid internet portalına yerləşdirməklə qurum rəsmiləri yol verdikləri nöqsanları etiraf etmş oldular.

Qeyd edək ki, bu kimi hallar sıradan bir nöqsan deyil. Bunun arxasında dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması, qiymətlərin şişirdilməsi kimi korrupsiyaya yol açan hallar da ola bilər. İndi isə qurumun bir il əvvəl keçirdiyi tenderlərin nəticələrinə diqqət edək.

Qurum sürtkü materiallarının satınalınması üzrə 06.10.2023-cü ildə başladığı tender müsabiqəsinin nəticəsini 12.03.2024-cü ildə açıqlayıb. “İLÇİN.İ” MMC ilə 59.946,8 manat məbləğində bağlanmış müqavilənin bitmə tarixi isə 29.12.2023-cü il göstərilib.

Penitensiar xidmətin avtonəqliyyat təsərrüfatının balansında olan avtomobillərin ehtiyat hissələrinin və təmir işlərinin satın alınması üzrə 01.02.2023-cü ildə başlanmış tender müsabiqəsinin nəticəsi də 12.03.2024-cü ildə açıqlanıb. “Kerba Avto Service” MMC ilə bağlanmış 296.655,54 manat məbləğində dəyərləndirilən müqavilənin bitmə tarixi isə 30.12.2023-cü il göstərilib.

Pentensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatının Satınalma Komissiyası “Kerba Avto Service” MMC ilə avtomobillərin ehtiyat hissələrinin və təmir işlərinin satın alınması üzrə 20.06.2022-ci ildə başlanmış tender müsabiqəsinin nəticəsini də 12.03.2024-cü ildə açıqlayıb. 220.396,86 manat məbləğində dəyərləndirilən bu müqavilənin bitmə tarixi isə 30.12.2022-ci il göstərilib.

“Kerba Avto Service” MMC ilə avtomobillərin ehtiyat hissələrinin və təmir işlərinin satın alınması üzrə 16.03.2022-ci ildə başlanmış tender müsabiqəsinin nəticəsini də 12.03.2024-cü ildə açıqlayıb. Bu müqavilənin dəyəri isə 280.014 manat olub.

Göründüyü kimi Pentensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatı “Kerba Avto Service” MMC ilə 2022-2023-cü ildə ümumi dəyəri 797 065 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Göründüyü kimi dövlət Pentensiar Xidmətin nəqliyyat vasitələrinin saxlanılmasına kifayət qədər vəsait ayırır. Avtonəqliyyat Təsərrüfatının balansında olan avtomobillərin böyük əksəriyyətinin yeni alınması ehtiyyat hissələrinin alınmasına ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.

Pentensiar Xidmətin Avtonəqliyyat Təsərrüfatı əsaslı təmir işlərinin satınalınması üzrə 15.11.2022-ci ildə başladığı kotirovka sorğusu müsabiqəsinin nəticəsini 12.03.2024-cü ildə açıqlayıb. Bu satınlmada isə 20.203,78 manat dəyəri olan müqavilə “EUROSERVİSE” MMC ilə bağlanılıb.

Qurum dəftərxana ləvazimatları üzrə 31.03.2023-cü ildə başladığı kotirovka sorğusu müsabiqəsinin nəticəsini 12.03.2024-cü ildə açıqlayıb. Bu satınlmada isə 6.107,5 manat dəyəri olan müqavilə “DROBRAKS GROUP” MMC ilə bağlanılıb.

2022-ci ildə isə dəftərxana ləvazimatları üzrə keçirilmiş kotirovka sorğusunun nəticəsi atınalmaların portalında 05.08.2022-ci ildə açıqlanıb. Dərc edilmiş məlumta görə Avtonəqliyyat Təsərrüfatı “DLM QRUP” MMC ilə 149.661,76 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Bundan başqa Penitensiar Xidmətin Avtonəqliyyat Təsərüfatının balansında olan avtomobillərin ehtiyyat hissələrinin satınalınması üzrə keçirilmiş açıq tenderdə qalib “AVTOSERVİS 555” MMC olub və 149.661,76 manat məbləğində satınalma müqaviləsi bağlanması barədə məlumat 09.09.2021-ci ildə dərc edilmişdir.

Bu kimi məlumatlardan da göründüyü kimi Penitensiar Xidmətin Avtonəqliyyat Təsərüfatı satınalmaların təşkilində ciddi qanun pozuntularına yol vermiş, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmişdir. Təftiş orqanları tərəfindən araşdırılırsa burada maliyyə pozuntularına da yol verildiyi aşkar oluna bilər.

Bunlardan başqa. Pentensiar Xidməti Avtonəqliyyat Təsərrüfatının Satınalma Komissiyası 2022-2023-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirməmiş, satınalmanın nəticələrini qanunla müəyyən edilmiş vaxta açıqlamamışdır. Bu da keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bu şübhələri satınalma müqaviləsi bağlanan şirkətlərin fəaliyyəti biraz da artırır. Belə ki, “Kerba Avto Servıs” MMC (VÖEN – 1306216631) 05.08.2019-cu ildə təsis olunub. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 37A, m. 24-də yerləşir. “Kerba Avto”nun rəsmi saytında qeyd olunur ki, bu marka “Türklər LTD şirkəti”nə məxsusdur. “Kerba Avto Servıs” MMC-nin qanuni təmsilçisi İlqar Muradxan Fərəci Nurəddin oğlu eyni zamanda “My Auto Servıce MMC” MMC-nin (VÖEN- 2004794361) qanuni təmsilçisidir. Elektron medianın yazdığına görə “Kerba Avto Servıs” MMC bu günə kimi onlarla şübhəli tender müsabiqəsinin qalibi olub. “EUROSERVİSE”, “DROBRAKS GROUP”, “DLM QRUP” MMC-lərin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Pentensiar Xidmətin rəisi Ədliyyə nazirinin müavini Mirsaleh Seyidovdur. O, bu vəzifəyə Prezident İlham Əliyevin Sərəncamı ilə 30 iyul 2023-cü ildə təyin edilib. Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilmiş Ceyhun Həsənovun quruma rəhbirliyi dövründə rüşvət və korrupsiya hesabına topladığı pullarla özünə geniş biznes şəbəkəsi qurduğu barədə elektron mediada təkzib olunmamaış çoxsaylı məlumatlar var. Xidmətin Avtonəqliyyat Təsərrüfatının başında kimin durduğu barədə isə məlumat yoxdu.

Aktualinfo.org
 
Ardını oxu...
Martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir.

Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib. Bu mövzu artıq bir növ adiləşdiyindən məhkəmənin son qərarı mətbuatımızda elə də geniş yer almadı, müzakirə olunmadı...

Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil.
Ardını oxu...
Bəlkə də bu məbləğ onun üçün ciddi əhəmiyyət kəsb etmir və bunun ingilislər tərəfindən müsadirə olunması onun heç vecinə də deyil. Ancaq məsələ təkcə maliyyə, biznes məsələsi deyil. İşin mənəvi tərəfini bir yana qoyaq, zatən Azərbaycanda məmurların, deputatların əhəmiyyətli bir qismi utanc hissini çoxdan öz “mənəviyyat menyusu”ndan silib atıblar. Elə Feyziyevin də bu baş verənlərdən xəcalət hissi keçirdiyinə şahidlik edənlər yoxdur. Əksinə, bu adam yerli saytları, jurnalistləri açıq mətnlə təhqir edir, məhkəməyə verir və buna görə ona “gözün üstə qaşın var” deyən yoxdur...

Lakin məsələnin siyasi tərəfi də var axı. “Şöhrət” ordeni daşıyan bu adam Azərbaycan parlamentinin deputatıdır və bu qalmaqal təkcə onun öz şəxsi məsələsi hesab edilə bilməz. Bu gün erməni mətbuatı və Qərbdə Azərbaycana qənim kəsilmiş dairələr Britaniya məhkəməsinin qərarlarını əllərinə alaraq, bar-bar bağırırlar. Lakin belə görünür ki, Azərbaycanın adı, nüfuzu çox az adamı maraqlandırır və sonda bütün bu məsələlər “islanmışın yağışdan nə qorxusu” misalına gedib çıxır...

Ümumiyyətlə, istənilən cəmiyyətin, xalqın, hətta dövlətçiliyin evi o vaxt yıxılır ki, ölkədəki məmur elitası ilə biznes elitası birləşir, eyniləşir və bütövləşir. Azərbaycanda uzun müddət “boz kardinal” qismində söz sahibi olmuş Ramiz Mehdiyevin dövründəki bu birlik özünü Ziya Məmmədovdan, Fazil Məmmədovdan, Elman Rüstəmovdan və digərlərindən tutmuş Mehdiyevin özünə qədər bir çox məmurların biznes imperiyalarında göstərdi. Bir çoxları “Mehdiyev dövrü”nün bitməsi ilə bu məmur-biznes oliqarxiyasının da bitəcəyini, ən azından xeyli zəifləyəcəyini gözləyirdi.
Ardını oxu...
Doğrudan da müəyyən zaman kəsiyində Ziya Məmmədovun, Fazil Məmmədovun, Zakir Qaralovun, Eldar Mahmudovun və digərlərinin biznes imperiyaları ya çokdü, ya da “əl dəyişdi”. Yüksək vəzifələrə “qərb təhsilli” daha gənc kadrlar gətirildi. Bəs bununla da biznes mühiti dəyişdimi, şəffaflaşdımı, məmur-oliqarx müdaxiləsindən qurtuldumu?

Təəssüf ki, tam olaraq yox! Yenə də inhisarçılıq, ayrıseçkilik, məmur oliqarxiyasının at oynatması, dövlət qurumlarının yersiz müdaxilələri, süründürməçilik, korrupsiya, vergi və gömrükdəki həm qanunvericilikdən, həm də “qeyri-məmur biznesi”nə ögey münasibətdən qaynaqlanan problemlər, bank vəsaitlərinin əlçatmazlığı, məhkəmələr və s. məsələlər həll olunmamış qalır.

Hələ onu demirik ki, yeni “Qərb təhsilli” nazirlərin, məmurların, deputatların bir çoxunun “biznes həvəsi” əvvəlkilərdən bir o qədər də geri qalmır. Onların da arasında samballı biznesi olanlar az deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mədəniyyət Nazirliyinə, Rabitə Nazirliyindən Səhiyyə Nazirliyinə qədər ayrı-ayrı nazirliklərin tenderlərinə və bu tenderləri “qazanan” şirkətlərə diqqət yetirmək kifayətdir ki, ümumi mənzərə barədə təsəvvür yaransın...

Ümumiyyətlə, Azərbaycanda 5-6 fağır və “təsadüfi” deputatı çıxsaq, irili-xırdalı öz biznesi olmayan məmur, deputat tapmaq çətindir. Hüquq-mühafizə orqanlarından tutmuş iqtisadi, sosial, hətta mədəniyyət və idman sektoruna qədər əksər dövlət quqrumlarının rəhbərliklərində iri biznesləri olanlar bu gün də var.

Elə Milli Məclisdə də həmin mənzərədir. Parlamentdə iri və əksər hallarda “çirkli” biznesi olan deputat təkcə Cavanşir Feyziyev deyil. Adlarını çəkmək istəsən, siyahı uzandıqca uzanır. Bu adamların Feyziyevdən yeganə fərqi ondadır ki, onlar daha tədbirli tərpəniblər, varidatlarını daha etibarlı şəkildə yerləşdiriblər və Feyziyev qədər “uzaqlara” getməyiblər. Bir də Feyziyev “dərman biznesi” adı altında bu xalqın cibindən çıxardığı milyonların bir hissəsini ingilislərə yedirtsə də, bunlar özləri yeyirlər. Ancaq millət üçün bunun heç bir fərqi yoxdur...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıtda iş adamları ilə yerli İcra Hakimiyyəti orqanı arasında uzun illərdir davam edən borc məsələsi ciddi qalmaqala çevrilib…

JAMAZ.İNFO-ya məlumat verən sahibkarlar bildirmişdilər ki, ötən ilin fevral ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həmin iş adamlarına "barışıq” təklif edib.

"Barışıq” da ondan ibarət olub ki, həmin sahibkarlar borclarını aldıqlarına dair "vəsaitlərin ödənilməsinə dair zəmanət məktubu” verməli və bunu notarial qaydada təsdiq etməlidirlər. Həmin məktub hazır olduqdan bir gün sonra isə onların borcları tam ödəniləcək.

Həmin məlumatda vurğulanırdı ki, sahibkarların bir neçəsi Fərəcovun şirin dilinə aldanıb, buna razılıq veriblər. Bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, eyni zamanda Zakir Fərəcovun "sağ əli” kimi tanınan Gündüz Əliyev "borc vəsairlərinin verilməsinə dair zəmanət məktubu”nu hazırlayaraq, onu sahibkarlara təqdim edib. Həmin sahibkarlardan bir neçəsi həmin sənədi notarial qaydada təsdiqləyib. Bir gün sonra isə pulun verilmədiyini, hətta etiraz etdiklərinə görə, təhdid olunduqlarını görən iş adamları elə notarial qaydada həmin "zəmanət məktubu”nu ləğv etdiriblər. Ardından da rəsmi qurumlara teleqarmla müraciət edərək, belə bir sənədin hüquqi əhəmiyyət daşımadığını bildiriblər.

Həmin hadisənin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, Zakir Fərəcov sözügedən "zəmanət məktubu”nu əlində əsas tutaraq, rəsmi qurumları inandırmağa çalışırmış ki, borc söhbəti yoxdur. Bundan xəbər tutan həmin iş adamlarının bir neçəsi dərhal rəsmi qurumlarla əlaqə saxlayaraq, vəziyyəti izah etdikdən sonra durum dəyişib. Belə ki, dövlət qurumları Zakir Fərəcovdan həmin pulun sahibkaralara qaytarılmasını tələb ediblər.

Elə mərəkə də bundan sonra qopub. JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcov bu məsələdən sonra o, şöbə müdiri Gündüz Əliyevi yanına çağıraraq, problem həll etməyi tapşırıb. Əliyev isə sahibkarları sakitləşdirmək üçün borcun ən azından yarısını verməyin vacib olduğunu, əks təqdirdə daha çox başlarının ağrıyacağını deyib. Bu söz isə Fərəcovun xoşuan gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Hətta iddialara görə, icra başçısı şöbə müdirini otağından belə qovub.

Hal hazırda Gündüz Əliyev sahibkarları sakitləşdirmək və borc məsələsini yoluna qoymaq üçün onlarla görüş keçirməyə cəhd edir. Lakin iş adamları pulları qaytarılmadığı təqdirdə, hər hansı görüşdə iştirak etməyəcəklərini bildiriblər. Üstəlik, xəbərdarlıq ediblər ki, yaxın günlərdə rəsmi qurumların nümayəndələri ilə görüşərək, problem yenidən qaldıracaqlar. Üstəlik, o da məlum olub ki, "zəmanət məktubu” söhbətinə əsaslanan İcra Hakimiyyəti özü çətin duruma düşüb. Çünki həmin sənədin notarial qaydada ləğv edilməsi, hazırda isə ondan istifadənin özünün "saxtakarlıq” olması rəsmi qurumlara məlum olub.

Xatırladaq ki, 2016-cı ildən bəri yaranan bocr qalmaqalı nəticəsində sahibkarlara müxtəlif işlərin görülməsi müqabilində 10 milyon manat ödənilməlidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan bütün dövlət qurumları kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi də bir çox xidmətləri və tələb olunan malları qanunla müəyyən olunmuş qaydada, satınalmalar yolu ilə alır. Buraya dəftərxana və təsərrüfat mallarından, ofis mebellərinin satınalımasından tutmuş, ekspertizaların aparılması üçün kimyəvi maddələrin satın alınmasına, komputerlərə, printerlərə, lokal şəbəkələrə və turniketə texniki xidmətdən tutmuş, mərkəzin balansında olan avtomobillərin təmiri, ehtiyyat hissələrinin, yağ və sürtgü materiallarının dəyişdirilməsi xidmətlərinin, Mərkəzin inzibati binalarında cari təmir işlərinin satınalınmasına qədər müxtəlif növ malların və xidmətlərin satın alınması daxildir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü ildə bu məqsədlərlə bir neçə açıq tender və kotirovka sorğusu həyata keçirib. Onların arasında bir neçə açıq tender müsabiqəsinin nəticələri xüsusilə diqqət çəkir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xüsusi kriminalistik, laborator, kompüter, telefoniya, qazanxana, dayanıqlı enerji təchizatı üzrə avadanlıqların, soyutma sistemləri və məişət texnikasının əldə edilməsi və quraşdırılması işlərinin satınalınması üzrə 15.09.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsində zərflərin açılış tarixini 19.10.2023-cü ilə müəyyənləşirib. 06.12.2023-cü il tarixdə tender müsabiqəsinin yekunlaşdırıldığını və “BAKINITY” MMC ilə 2.335.999,98 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 07.12.2023-cü il tarixdə açıqlayıb. Tenderin başlanma tarixi 06.12.2023-cü il, bitmə tarixi isə 30.12.2023-cü ilə müəyyən edilib.

Tenderin əsas şərtlər toplusunda qeyd olunanlara görə qalib şirkət 24 gün ərzində Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi və Sabunçuda yerləşən İnzibati binasında 64 adda və müxtəlif sayda avadanlıqların alınması və quraşdırılması işlərini həyata keçirməli olub. Sizcə qısa bir vaxtda bu mümkündürmü? Əsasən kompüter və kompüter avadanlıqlarının satınalınması üzrə ixtisaslaşmış bir şirkət istilik sisteminin, laborator avadanlıqların alınması və onun quraşdırılmasını necə təşkil edib? Bir az şübhəli görsənmirmi?

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2023-cü ildə daha bir şübhəli satınalma müqaviləsini “SİRR-M” MMC ilə bağlayıb. Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri Səbail, Sabunçu rayonlarında yerləşən inzibati binalarında və Sumqayıt regional bölməsində cari təmir işlərinin satınalınması üzrə bağlanan bu müqavilənin qiyməti 253.160,06 manat təşlil edib və satınalmaların portalında 12.12.2023-cü il tarixdə açıqlanıb. Tenderin başlanma tarixi 05.12.2023-cü il, bitmə tarixi isə 27.12.2023-cü ilə müəyyən edilib. Sual yaranır. Sözügedən MMC Səbail, Sabunçu və Sumqayıtda 22 gün ərzində nə kimi təmir işləri apara bilər?

Qeyd edək ki, Məhkəmə Ekspertizası Mərkəzi ilə “SİRR-M” MMC arasında 275.885,27 manat məbləğində daha bir satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmalarının vahid internet portalında 06.07.2023-cü il tarixdə açıqlanıb. Məlumatdan da görsəndiyi kimi, açıq tender müsabiqəsinə 24.01.2023-cü il tarixində başlanılıb. Tendrdə zərflərin açılış tarixi isə 23.02.2023-cü il tarixə müəyyən edilib. Tenderin şərtlər toplusuna görə MMC Məhkəmə Ekspertizası Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18 ünvanda yerləşən inzibatı binasında təmir işləri aparmalı olub.

Burada da şübhəli məqamlar var. Tender zərfləri 23.02.2023-cü il tarixdə açılıbsa, məlumat nə üçün qanunvericiliyin tələblərinə uyğun olaraq 10 bank günü ərzində deyil, üstündən üç ay keçdikdən sonra, 06.07.2023-cü il tarixdə açıqlanıb?

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi “SİRR-M” ilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən inzibati binalarında cari təmir işlərinin satınalınması üzrə 276.295,14 manat məbləğində bir satınalma müqaviləsi də 17.11.2022-ci ildə bağlayıb. Tenderin şərtlər toplusunda aparılacaq bu təmir işlərinin də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 18-də aparılacağı göstərilir. Buradan belə çıxır ki, Ekspertiza Mərkəzi göstərilən ünvanda təmir işlərinin aparılması üçün “SİRR-M” ilə ümumi olaraq 552 180 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Məhkəmə Ekspertizası Mərkəzi “SİRR-M” arasında 17.11.2022-ci ildən 27.12.2023-cü ilə qədər ümumi olaraq 805 340 manat məbləğində 3 satınalma müqaviləsi bağlanılıb.

Bəs “SİRR-M” haqqında nə kimi məlumatlar var? Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİRR-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 03.06.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MASALLI RAYONU, YEDDİOYMAQ Ə/V, qanuni təmsilçisinin isə Qulamov Vüsal Nəsrəddin oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, “SİRR-M” MMC-nin adı 2016-cı ilə qədər “BAYRAM-M” MMC olub. Dövrü mətbuatın 2014-cü ildə yaydığı məlumatda “BAYRAM-M” MMC-nin 25 kilometrlik Şorsulu-Xırmandalı yolunun çəkilişini 200 milyon manata həyata keçirməsi və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində iştirakçı olduğu bildirilir. Məlumatda həmçinin qeyd edilir ki, Şirkətin təsisçisi Ramazan Zeynalovdur. Arayış üçün bildirək ki, R.Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumu, ölkənin tanınmış iş adamlarından sayılan Hacı Mazandır. İş adamı ictimai rəydə rəsmi ad və soyadı ilə yox, məhz Hacı Mazan kimi tanınır. Rəsmi olaraq şirkətin ticarət avadanlıqlarının idxalı, satışı və təmiri ilə məşğul olub. Yəni şirkət yol tikintisi üzrə ixtisaslaşmayıb. Bu halda şirkətin hansı yolla 200 milyon manatlıq tenderi udmasının özü qaranlıq məqamlardan biri və birincisidir.

Aktualinfo.org-un Dövlət Vergi Xidmətinin reyesr məlumatları üzərindən apardığı araşdırmada məlum oldu ki, Zeynalov Ramazan Hüseyn oğlu 2018-ci ildə “SİRR-M” MMC-nin qanuni təmsilçisi kimi göstərilib. Göründüyü kimi Hacı Mazanın sahib olduğu şirkət daha çox qeyri leqal işlərin görülməsi ilə tanınır. Araşdırmalarımızda həmçinin məlum oldu ki, “SİRR-M” MMC ancaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş tenderlərin qalibi olub. Əldə etdiyimiz məlumata görə Hacı Mazan hazırda paytaxtın Nərimanov rayonunda binaların fasadlarında və dam örtüklərində təmir işlərinə rəhbərlik edir. Amma rəsmi məlumatlarda şirkətin adına heç yerdə rast gəlinmir.

Göründüyü kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qalib elan etdiyi “SİRR-M” MMC haqqında çoxsaylı qaranlıq məlumatlar var. MMC-nin adının “BAYRAM-M” kimi yol tikintisinə heç bir aidiyyatı olmayan, 200 milyon manatlıq layihənin talan edilməsində hallanması, sonra da, “SİRR-M” MMC kimi Məhkəmə Ekspertizası Mərkəzinin keçirdiyi 3 tenderin qalibi olması, müəyyən şübhələrə yol açır.

Biz bir mətbuat orqanı olaraq ötən il Fikrət Məmmədovun hələ Ədliyyə naziri olduğu dövrdə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin bu şübhəli tenderlərinin “SİRR”-ni çözməyə çalışdıq. Lakin təəssüflər olsun ki, qurum rəsmiləri bununla bağlı heç bir açıqlama vermədi. Ümid edək ki, yeni Ədliyyə naziri Fərid Əhmədov Məhkəmə Ekspertizası Mərkəzinin üç satınalma müqaviləsi bağladığı “SİRR-M” MMC ilə işbirliyinin “SİRR”-nin çözülməsinə yardımçı olacaq.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsi ötən ilin avqustundan Elçin Qasımova həvale olunub. Bu təyinata qədər o, Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi olub. Daha əvvəl isə Mərkəzinin rəisi vəzifəsini kimin içra etməsi barədə məlumat yoxdu.

Aktualinfo.org
 
Ardını oxu...
Babək rayonunda əkinçiliklə məşğul olan fermerlərə çatacaq subsidya və gübrələr verilmir. Buna səbəb, rayon İcra Hakimiyyətinin bələdiyyələrlə əlbir olub, subsidiyaların bir hissəsini mənimsəmək üçün etdiyi fırıldağın üzə çıxması olub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup fermer məlumat verib. Fermerlər deyirlər ki, rayon rəhbərliyi daha çox subsidiya alıb, mənimsəmək üçün əkinə yarasız əraziləri saxta yolla əkin sahəsi kimi bir neçə şəxsin adına sənədləşdirərək, yerli Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib. Yoxlamalar zamanı saxtakarlıq üzə çıxdığından, nazirlik rayon üçün veriləcək bütün subsidiyaları təsdiqləməkdən imtina edib.
Rayon rəhbərliyinin fırıldağının qurbanı isə, sadə fermerlər olub. Onlar deyirlər ki, subsidiya ala bilmdəiklərindən sahələrini şumlayıb, tapanlayan traktorçilara borclu qalıblar. Traktorçular isə onlardan pullarını tələb edir.
Fermerlərdən K. Qurbanov deyir ki, gübrələrin vaxtında verilməməsi məhsuldarlığa ciddi təsir edəcək:
“Rayonun başçısı Rasim Məmmədov kənd icra nümayəndələri və bələdiyyə sədrləri ilə əl-ələ verib, saxtakarlıq ediblər. Nazirlikdən gizlin artıq subsidiya yazıb, pulları mənimsəmək istəyiblər, alınmayıb. İki dövlət qurumu arasında olan problemdir, əziyyəti biz çəkirik. Yəni, başçı nazirliyə fırıldaq gəlib, cəzasını biz çəkirik. Bu il 15 hekdar buğda əkmişəm. Hər hektar üçün traktorçuya raktorçular 120 manat ödəməliyəm. Əvvəlcədən razılaşmışıq ki, hektar üçün 50 manatını bu başdan ödəyim, qalanını torpaq pulu veriləndə ödəyək. Lakin, torpaqpulunu verməyiblər. İndi onlar haqlı olaraq pullarını istəyir, bizim də vermək imkanımız yoxdur. Düşmüşük pis vəziyyətə. Gübrə də almamışıq. Torpağa gübrə verməyin əsil vaxtıdır. Payızda fosfor gübrəsi də verə bilməmişəm. Bu səbəbdən məhsuldarlıq xeyli aşağı olacaq və qazancımız olmayacaq”.
Fermer Nazim Məmmədov da subsidiyaların vaxtında verilməməsindən şikayətlənir:
“Bu il 10 hektar taxıl əkmişəm, raktorçulara borclu qalmışıq. Hektara 70 manat torpaqpulu verilməlidir. Ala bilmirik. Bu gün-sabah edirlər. Hökumətdən pul almaq üçün bələdiyyə və icralar saxtakarlıq edərək əkinə yararsız, dərəni, təpəni sənədləşdirib əkilmiş kimi nazirliyə göndəriblər. Həm də eyni sənədi fərqli bir neçə adamın adından göndəriblər. Nazirlik isə bunu bilir və sənədləri təsdiq etmir. Bu günə qədər icralar həmişə bu cür saxtakarlıqlar edərək dövlətin yüz minlərlə pulunu mənimsəyirlər. Onlar saxtakarlıq edərək pul qazanmaq istəyirlər, əziyyətini, ziyanını isə biz fermerlər çəkirik”.
Babək rayon İrca Hamikiyyətindən fermerlərin iddialarına cavab vermək istəmədilər.

Dünyapress TV

Xəbər lenti