Xəbər verdiyimiz kimi dünən, martın 14-də Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxov 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş Bahadur Abbasovun qızı İncini qəbul edib, şikayətini dinləyəcəkdi. Görüş dünən baş tutub. Amma təəssüf ki, nazir əfəndi onu əliboş yola salıb. Üstəlik, iradını da bildirib. Deyib ki, “niyə mənim adımı media orqanlarında hallandırırsan. Guya, bununla mənə nəsə edəcəyini düşünürsən? Sən şikayət etdin də, mənə nə oldu? Mən heç kimdən çəkinmirəm və məni kimsə bu kreslomdan tərpədə bilməz”. Dia-az.info bildirir ki, bununla bağlı tanınmış jurnalist Heydər Oğuz paylaşım edib. Jurnalist daha sonra əlavə edib: "Haqsızmı? Əlbəttə, deyil. Adam əmisi “Dizayn” İlqarın zamanında Naxçıvanın korrupsiyada ən çox adı hallanan Tibbi sığortanın rəhbəri idi. Hətta oradakı fəaliyyətinə görə Naxçıvanın tibbi sığortası tamamilə qurumuşdu və xəstələrin bu imtiyazdan istifadə etməsi tamamilə dayandırılmışdı. Bütün bunlara rəğmən nə oldu? “Canişin” həzrətləri tərəfindən adam nəinki cəzalandırılmadı, hətta gətirilib Səhiyyə naziri qoyuldu. Və onu “canişin” əfəndiyə “təbərrük və əvəzedilməz kadr” kimi kim təqdim edib, bilirsinizmi? Bilmirsinizsə, mən deyim: Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun ən ünlü siması kimi Prezident Aparatından qovulan Əli Həsənovun qardaşı oğlu Anar Həsənov. Hansı ki, rəsmi vəzifəsi Azərbaycan DGK-nın mühüm bir idarəsinin məsul işçisi olmasına baxmayaraq, faktiki vəzifəsi 3 aydan bir “canişin” əfəndi üçün Prezidentə məruzə yazmaqdır və bu məqsədlə də ona Ali Məclisin binasında belə xüsusi kabinet ayrıldığına dair əlimdə mötəbər məlumatlar var. Bir sözlə, Naxçıvanı “canişin” qədər idarə edən bir adamın adamı olan nazir kimdən çəkinməlidir - “canişin”dən? Əlbəttə, yox. Cinin canı şüşədə olan kimi, “canişin”in də canı “5 kolon”un əlindədir. Heç nə demirəm. Anar müəllim 3 ay qeyri-rəsmi vəzifəsindən qeyri-rəsmi məzuniyyətə çıxsa, “canişin” əfəndi Prezidentə məruzə əvəzinə nə göndərəcək - “Məlikməmməd nağılı”. Hərçənd ki, indi göndərdiklərinin də “Məlikməmməd nağılı”ndan fərqli bir şey olmadığına inanıram. Bu baxımdan Samiq Sadıxovu qınamalı deyilik. Adam niyə və kimdən çəkinməlidir ki? Onun və üzvü olduğu komanda üçün ən yaxşı kadrlar, təbii ki, tibbi savadları olmayan və Bakıda işlədikləri qısa müddət ərzində ən müxtəlif idarələrdən “yarıtmaz fəaliyyətinə” görə işdən qovulanlar ola bilər. Üstəlik, Bahadur Abbasov şəhid olanda 5 yaşında olan nazir əfəndi nə bilir 1992-ci ildə şəhidlərimizin fədakarlığı sayəsində nələr qazanmışıq? Onun və özü kimi işçilərinin şəhid övladlarına kobud davranışları, Türklər demişkən, qayət normaldır. Və şəxsən mən bütün bunların günahını onda yox, ona himayədarlıq edənlərdə görürəm. Özünü və ailəsini dolandırmaq üçün kiçik bir iş istəyən şəhid balası niyə “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə at oynadanların yanına göndərilməlidir ki, bu cür sayğısız münasibətlə qarşılansınlar? O boyda Naxçıvanda şəhid övladına veriləcək başqa bir iş yoxmu?"
Lənkəran rayonu, Liman şəhər sakini Nəzərov Şirzad Mirzərəhim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ş.Nəzərov yolları bərbad hala salan qurumlardan şikayətçidir:
“Biz, sakinlər, yolların bərbad vəziyyətə salınmasından şikayətçiyik.
Burada bəzi qurumlar yolları bərbad vəziyyətə salır və işləri bitdikdən sonra düzəltmirlər. Narahatçılıq və qorxu içindəyik. Yollarda böyük-böyük çuxurlar qazıblar, azyaşlı uşaqlar, qocalar bu yoldan istifadə edərkən əziyyət çəkirlər. Yağış yağdıqda isə çuxurlar su ilə dolur və görünməz hala gəlir. 3-4 metr dərinlikdə olan quyuya körpə uşaq düşsə, sağ qalmaz.
İcra hakimiyyəti bu vəziyyətə göz yumur, şikayətlərə baxmır, təmir işləri aparmır.
Sanki bəzi məmurlarda "erməniləşmə gedir", qoca-cavan fikirləşən qalmayıb. Can verdiyimiz, şəhid verdiyimiz torpaqlar niyə bu günə salınır? Hansısa bir məqsədlə qazılsa belə, daha sonra niyə təmir edilmir? Bu sualların cavabını biz ala bilmirik.
Fövqəladə vəziyyətin içindəyik görən, kömək edən yoxdur".
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Minbir zəhmət və dövlət büdcəsinin subsidiyaları hesabına yetişdirilən soğan məhsulu çölllərdə çürüyüb gedir, yiyə duran isə yoxdur…
Vaxt itirmədən keçək mətləbə: “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyətini bəlkə də çoxları bilmir, o cümlədən fermerlər də. Axı fermerin vaxtı hardadır ASC-nin rəsmi saytına girib «Əsasnamə»sini oxuyub bəzi mətləblərdən hali olsun. Amma düşünürəm ki, oxumasalar yaxşıdır. Çünki oxusalar, görərlər ki, “Aqrar Tədarük və Təchizat” ASC hansı səlahiyyətlərə və dövlətin fermerlərin adına verdiyi halal pullarına, səlahiyyətlərinə və s. sahibdir, eləcə də fermerlərə arxa-dayaq durmaq vəzifəsidir, onun yetişdirdiyi məhsulun real alıcısıdır, bax onda fermerlərin başına hava gələr…
Bəs “Aqrar Tədarük və Təchizat” ASC niyə öz missiyasını həyata keçirmir?
Məlumat üçün bildirək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyevdir. Açığı, cənab Aqil Quliyevin barəsində rəhbəri olduğu qurumun rəsmi saytında heç bir məlumat öyrənə bilmədik. Yəni, öyrənmək istəyirdik ki, sədr sahə mütəxəssisidir, yoxsa yox?! Öyrənə bilmədik… Amma başqa məsələləri öyrəndik. Məsələn, öyrəndik ki, sən demə, “Aqrar Tədarük və Təchizat” ASC-nin əməlli-başlı missiyası varmış. Qurumun rəsmi saytında da elə belə yazılıb və biz də oxuyub təəccüb qaldıq, lakin başımıza hava gəlmədi, amma başqa çox maraqlı və zəruri fikirlər gəldi. İndi o fikirləri aidiyyəti dövlət qurumları və oxucularla bölüşməli olacağıq.
Fermerlərin bunları oxuması qadağandır!
…Çünki istəmirik ki, aşağıdakıları oxuyandan sonra fermerlərin qanı it qanına dönsün.
Beləliklə, “Aqrar Tədarük və Təchizat” ASC-nin Missiyasına nəzər yetirək:
«-Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və
dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında özünəməxsus rol oynamaq;
-Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;
-Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək!».
Yazıq fermer, di bunu oxuyub dəlixanaya düşmə!
Bu hələ harasıdır, ASC-nin «Gələcəyə baxışımız» bölməsində isə devizi belədir:
«-İnnovativ həllər tətbiq edərək, ölkədə kənd təsərrüfatı bazarının tam təkmil səviyyəyə çatdırılmasında lokomotiv rol oynamaq;
-Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılmasında iştirak etmək;
-Fermer və qida istehsalçılarının aqrar ticarət zəncirində iştirakını təşkil etmək və dəstəkləmək;
-Kənd turizmi və ekoturizmin inkişaf etdirilməsində iştirak etmək;
-Kənd təsərrüfatı və emal sənayesi məhsullarının istehsalını, ixracını təşviq etdirmək və dəstəkləmək;
-Yerli fermer və qida istehsalçılarının məhsullarının ölkə xaricində təbliğində və müsbət reputasiyasının yaradılmasında iştirak etmək» və s.
Yeri gəlmişkən, sosial media resurslarında Elmi redaktoru Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorekroru, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi olan Bəyalı Xanalı oğlu Ataşovun, rəyçiləri Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Arif Şəkərəli oğlu Şəkərəliyev, Bakı Biznes Universitetini kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar kənd təsərrüfatı işçisi İslam Hacı oğlu İbrahimov, Azərbaycan Kooperasiya Universitetinin “İqtisadiyyat” fakültəsinin dekanı, iqtisad elmləri doktoru Elşən Əli oğlu İbrahimov, müəllifi isə Nizami Cəlal oğlu Qafarov olan “Aqrar istehlak bazarının formalaşması və inkişafının iqtisadi problemləri” monoqrafiyasına rast gəldik.
Sahibkarların -fermerlərin deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin «dilində» yazılmış monoqrafiya!
Monoqrafiya ötən il buraxılıb. Monoqrafiyada «Azərbaycanda aqrar istehlak bazarının formalaşmasının nəzəri-metodoloji aspektləri nəzərdən keçirilir, aqrar istehlak bazarının iqtisadi mexanizminin zəruriliyi əsaslandırılır, aqrar istehlak bazarının inkişafında beynəlxalq təcrübə araşdırılır, istehlak bazarının iqtisadi müayinəsinin aparılması prinsipləri və müasir üsulları müəyyənləşdirilir, aqrar istehlak bazarın inkişafı və əhalinin aqrar-ərzaq məhsulları ilə təminatı, eləcə də əsas növ aqrar-ərzaq malları üzrə ixracın təşviqi və dəstəklənməsi məsələləri tədqiq edilir…» və s.
Hətta müəllif monoqrafiyanın girişində yazır ki, «Monoqrafiya öz əhatə dairəsi, tədqiqatın dərinliyi və aktuallığı baxımından əhəmiyyətli olmaqla, aqrar sahədə və istehlak bazarında çalışan mütəxəssislər, sahibkarlar, maliyyə-bank işçiləri, eləcə də doktorant və magistrlər tərəfindən istifadə edilə bilər».
Amma düşünürük ki, başqalarını deyə bilmərik, sahibkarlar çətin bu monoqrafiyada yazıları başa düşsün. Niyə? Çünki monoqrafiya fermer-sahibkarların deyil, “Aqrar Tədarük və Təchizat” ASC-nin «dilində» yazılıb. O dili isə ASC mütəxəssislərindən başqa kimsə çətin ki başa düşsün…
Bəs fermerlərin dilini kim bilməlidir?
Dünya şöhrətli alim Xudu Məmmədov deyirdi: «Deməyin ki, daşın, quşun, heyvanın dili yoxdur… Deyin ki, daşın, quşun, heyvanın… dilini bilmirəm!».
Rəhmətlik sağ olsaydı, indi həm də deyərdi: «Deməyin ki, fermerlərin Prezidentə şikayət edən dili yoxdur… Deyin ki, onların dilini hələki başa düşən yoxdur…».
Bəli, onların dilini bilən olsaydı, məsələn, Vahid Məhərrəmov adlı müəllif ən azından «“Aqrar Tədarük və Təchizat” ASC-nin fəaliyyətində səmərəliliyinin artırılması yolları» adlı vəsait yazanda fermerlərin də dilini bilib dərdini ağlayardı… Müəllif yazır: «Bu araşdırmada dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirən, səhmləri dövlətə məxsus “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətin fəaliyyəti təhlil edilib və dövlətin bu sahədə iştirakçılığının səmərəliliyinin artırılması ilə bağlı təkliflər verilib».
Hörmətli Vahid Məhərrəmov bu kitabını, deyəsən, təzəlikcə yazıb. Telefonunu tapa bilmədik zəng edib soruşaq ki, ASC-nin səmərəliliyinin artırılması yolları hamıya məlumdur, məhsulu tarlada çürüyən fermerlərə də. Bəs fermerlərin-sahibkarların fəaliyyətinin səmərəliliyinin artırılması üçün neyləmək lazımdır??? Axı onlar min zəhmətlə becərdiyi məhsulunun bəzən maya dəyərini belə geri qaytara bilmir. Bilirsimz niyə? Çünki «Əsasnaməsi»ndə fermerlərə arxa-dayaq durmalı olan ASC rəhbərliyi yuxarılara hesabat verəndə ən azından cənab Prezident İlham Əliyevin etimad və etibarını göz önünə gətirmir ki, axı, bu binəva fermeri niyə torpaqdan küsdürürük??? Və hələ də onların göz yaşlarına, probleminə, batan məhsuluna, itən ümidinə… inanmaq istəmirik!!! Niyə? Səbəbini bilmək istəyənlərə videoçəkilişləri təqdim edirik… Baxın və nəticə çıxarın…
“Aqrar Tədarük və Təchizat” ASC-ni yox, fermeri tərifləmək əvəzinə…
Aqil Məhərrəmov fermeri yox, “Aqrar Tədarük və Təchizat” ASC-ni tərifləyir. Adam dəli olmaq istəyir. Görün nə yazır: «…Son illər ölkənin neft gəlirlərinin azalması öz növbəsində dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyinin artırılmasını və büdcə vəsaitlərindən qənaətlə istifadəni zəruri edir. Xüsusən də dövlət satınalmalarında şəffaflığın təmin olunması aktual məsələyə çevrilir. Apardığımız araşdırmanın mövzusu dövlətə məxsus Səhmdar Cəmiyyətin dövlət satınalmalarında şəffaflığın artırılması istiqamətində alternativ həll yollarının axtarılmasıdır. Qeyd edilməlidir ki, “Dövlət Aqrar Ticarət Şirkəti” Məhdud Məsuliyyətli və “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətləri kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…».
Necə??? Bir də səsləndirin: «“Dövlət Aqrar Ticarət Şirkəti” MMC və “Aqrar tədarük və təchizat” ASC kənd təsərrüfatı məhsullarının ticarəti, tədarükü, təchizatı sahəsində fəaliyyət göstərirlər…»??? Görəsən, müəllif bunları nəyə əsaslanıb yazıb? Bu hələ harasıdır, yazır: «…“Dövlət Aqrar Ticarət Şirkəti” MMC öz qarşısında ölkədə kənd təsərrüfatı məhsullarının bazar infrastukrturunu inkişaf etdirmək, kiçik və orta fermerlərin bazarlara çıxışını asanlaşdırılmaq kimi vəzifə qoymuşdur. “Aqrar tədarük və təchizat” ASC isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə yaradılmışdır».
Bir daha məsləhət görürük ki, bu reportajı-yazının fermerlərin oxuması qəti qadağandır… Yoxsa, həqiqətən də, oxuyub havalanacaqlar ki, axı, bu nağılları kim yazıb və necə uydurub?!
Ağdamın Ergi düzündə çürüyən soğan tayaları və “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə “Aqrar tədarük və təchizat” ASC-nin «Missiya»sı…
...Redaksiyaya daxil olmuş oxucu sorğusunu və şikayəti əsas tutaraq neçə gün əvvəl hər bir istehlakçının, deməli, hər birimizin maraqlarına xidmət edən bir problemi araşdırmaq qərarına gəldik. Söhbət Bakı bazarlarında bir ay əvvəl od qiymətinə satılan, elə indinin özündə də pərakəndəsatışda bir kilosu 50-70 qəpiyə olan soğanı əkib-becərənlərin «Təzadlar»a yazıb göndərdiklərinin nə dərəcədə həqiqət olduğundan gedir. Odur ki, yolumuzu şikayətçilərin ünvan verdikləri Ağdamın Erjgi qəsəbəsinə salmalı olduq.
Qeyd edim ki, Ergi qəsəbəsi Haramı düzünün Ağdam ərazisinə aid hissəsindədir. Bu ərazidə sovetlər dönəmində məhbuslar üçün düşərgə, sonralar isə Ağdamın o vaxtkı birinci katibi Sadıq Murtuzayevin təşəbbüsü ilə Yemçilik Təsərrüfatı salınmışdı. Lakin Ermənistanın Qarabağdakı işğalçılığı bu ərazilərə məcburi köçkünlərin axınını bərqərar etdi. 1992-1993-94-cü illər ərzində Ergi ərazisində on minlərlə ailə məskunlaşdı. Prezident Sərəncamı ilə ərazidə kökünlərin çoxluğu nəzərə alınaraq qəsəbə də salındı. Onların məşğuliyyəti isə, əsasən, kənd təsərrüfatı sahələrindəki əkin və biçin işləridir.
Yeri gəlmişkən, hazırda Ergi ərazisi Azərbaycanın soğana olan tələbatının böyük bir hissəsini təmin edən əkin sahələri ilə diqqəti cəlb edir. Amma və lakin…
Bağlanmış "Lider" televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı Nailə Əliyeva ilə birgə Novruz bayramı öncəsi Tailanda tətilə yollanıblar.
TEREF publika.az-a istinadən xəbər verir ki, Phuket adasında istirahət edən cütlük qızmar havada istirahət zamanı çəkilən foto və videolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
N.Əliyeva ölkənin simvollarından sayılan əhliləşdirilmiş nəhəng fillərlə şəkillər çəkdirib. Bundan əlavə, məşhur cütlük yaxta gəzintisi zamanı romantik anlarını lentə alıblar.
Sözügedən foto və videolarını isə onlar sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.
Nailə həmin paylaşımına "Əsl kişi qadınının zəif olmasına icazə verir. Azad... Yalnız o zaman özünü etibarlı əllərdə hiss edər" şərhini yazıb.
Qeyd edək ki, Ədalət ilə Nailə Əliyevlərin iki oğlan və bir qız övladı var.
"Azəriqaz" İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin rəisi Kamran müəllimin yəqin ki, bu gün idarəsində baş verənlərdən xəbəri yoxdur. Yox, əgər xəbəri varsa, o zaman hüquqi məsuliyyət daşıyır və gec-tez buna görə cavab verməli olacaq... Yox, xəbəri yoxdursa, o zaman daha da pis... Necə rəhbərdir ki, idarəsindəki qanun pozuntusundan xəbərsizdir və pis rəhbər kimi işdən getmək zorundadır...
Dia-az.info bildirir ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı yenə də diqqətləri "Azəriqaz" İstehsalat Birliyi Təmir Tikinti İdarəsindəki neqativlərə yönəldib. M.Qəhrəmanlı bildirib:
" "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin Qaz Kəmərlərinin sökülməsi sahəsinin ezamiyyəyə göndərilən işçilərindən mehmanxana xərcləri barədə sənəd(çek)tələb edən və sənəd təqdim edilmədiyi halda ezamiyyə xərclərinin ödənilməyəcəyini bildirən mühasib Samir Rəhmanov üçün təkrar marifləndirmə: Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməsi tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2021-ci il 13 saylı qərarına əsasən Ezamiyyə xərclərinin normaları haqqında 25 yanvar 2008-ci il, 14 saylı qərarının "1-1. bəndi ( Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. ") ləğv olunub".
Hər halda, M.Qəhrəmanlı olduqca mühüm bir məqama toxunub... Çünki söhbə çox ciddi yeyintidən gedir...
Azərbaycanda idxalçıların və supermarketrlərin qurduğu monopoliya şəbəkələrinin ölkədəki bahalaşmada oynadığı rolu xüsusi izah etməyə ehtiyac yoxdur. Bunun üçün marketlərdəki qiymətlərə nəzər yertirmək və onları digər qonşu dövlətlərlə maüqayisə etmək kifayətdir...
Ölkəmizdə digər ölkələrlə müqayisədə xeyli baha olan məhsullardan biri də kərə yağıdır. Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə – marketlərə çatana qədər elə “yoldaca” 2 dəfə bahalaşır. Bu da inhisarçılığın xalqımıza verdiyi “töhfələrdən” biridir.
“AzPolitika” xəbər verir ki, ölkədəki kərə yağı bazarında fed.az-ın apardığı araşdırmaya görə, kərə yağlarının idxal qiyməti ilə onların müştəriyə satış qiyməti arasında böyük fərq var və bu fərq hər il artmaqdadır. Belə ki, 10 il əvvəl marketlərdə satılan xarici kərə yağının qiyməti ilə həmin yağın idxal qiyməti arasında cəmi 58% fərq var idisə, hazırda bu fərq 100%-i keçib, yəni 2 dəfədən artıqdır.
Belə ki, araşdırmaya əsasən, 2014-cü ildə Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının idxal qiyməti (burada və bundan sonrakı bütün hallarda söhbət il üzrə orta qiymətdən gedir –müəl.) cəmi 4,34 manat olub. Həmin ildə yağın pərakəndə satış şəbəkəsində, yəni marketlərdəki son qiyməti isə 6,86 manat təşkil edib. Başqa sözlə, kərə yağının marketdəki satış qiyməti – onun idxal qiymətindən 2,52 manat artıq olub ki, bu da “cəmi” 58% artım deməkdir.
İlk baxışdan yağın qiymətinin gömrükdən marketə qədər 58% artması yüksək bahalaşma kimi görünə bilər. Amma görünür, həmin vaxt inhisarçılar daha insaflı olublar. Çünki sonrakı illərin rəqəmləri göstərir ki, bu, son 10 ildə ən zəif bahalaşmadır. Sonrakı illərdə qiymətlər daha sürətli artıb.
Devalvasiyaların tar-mar elədiyi 2015-ci ilin iqtisadi göstəricilərini nəzərə almasaq, 2016-cı ildə kərə yağının 1 kiloqramı ölkəyə 5,73 manatdan idxal edilirdi. Həmin yağın marketlərdə satış qiyməti isə artıq 10,57 manatı keçmişdi. Başqa sözlə, market qiyməti ilə gömrük qiyməti arasındda fərq 4,84 manata və ya 85%-ə yüksəlmişdi.
2017-ci ildə bu fərq ilk dəfə 100%-i keçərək 104% təşkil etdi. Bu, o demək idi ki, kərə yağının market qiyməti gömrükdə qeydiyyat qiymətini 2 dəfədən çox üstələyir. 2018-ci ildə bu rəqəm 75%-ə düşsə də, sonrakı illərdə yenidən artıb və 2019-cu ildə 95%-ə, 2020-ci ildə 98%-ə, 2021-ci ildən sonra isə 100%+ə yüksəlib.
Yenicə başa çatan 2023-cü ildə isə kərə yağının market və gömrük qiyməti arasında fərq daha yüksək həddə çatıb – 108%. Yeri gəlmişkən, bu “rekord” münasibəti ilə monopolistlərimizi və supermarket şəbəkələri sahiblərini təbrik edə bilərik!
Ötən il xaricdən Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib, yəni yağın 1 kiloqramının idxal qiyməti 9,47 manat olub. Onun marketdə satış qiyməti isə ortalama 19,67 manat, yəni gömrük qiymətindən 10,2 manat baha olub.
Təsəvvür edin ki, 2016-cı ildən 2023-cü ilədək kərə yağının idxal qiyməti cəmi 3,74 manat artdığı (9,47 manat – 5,73 manat) halda, onun marketlərdəki satış qiyməti 9,10 qəpik artıb. Yəni, son 8 ildə marketlərdəki qiymətlər gömrükdəki qiymətlərdən 3 dəfə çox artıb.
Bunun əsas səbəblərindən biri ölkədə market şəbəkələrinin sürətlə böyüməsi və ərzaq mallarının satışında marketlər şəbəkəsinin payının artmasıdır. Bu sahədə rəqabətin azalması isə qiymətlərin yüksək səviyyədə saxlanılmasına səbəb olur.
Araşdırma onu da göstərir ki, xaricdən gətirilən kərə yağının idxal qiymətinin dəyişməsi onun marketlərdə satış qiymətinə alıcı üçün daha pis istiqamətdə təsir edir. Yəni, bahalaşma olduqda yağın market qiyməti idxal qiymətindən daha sürətlə artır, yağın idxal qiyməti ucuzlaşanda isə bu, market şəbəkəsində ya ümumiyyətlə hiss olunmur, ya da çox cüzi hiss olunur.
Belə ki, 1 kq kərə yağının idxal qiyməti 2016-cı ildə 5,73 manat, 2017-ci ildə 8,23 manat, 2018-ci ildə 9,78 manat, 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.
2017-ci ildə yağın gömrük qiyməti 44% artdığı halda, onun market qiyməti 59% artıb. 2019-cu ildə yağın qiyməti gömrükdə 11% ucuzlaşdığı halda, marketlərdə cəmi 1% ucuzlaşıb.
Bir sözlə, kobud desək, Azərbaycan vətəndaşı gömrükdən 5 manata keçən ərzağı mağazada 10 manata almalı olur.
Monopoliyaların at oynatmadığı ölkələrin əksəriyyətində belə bir mənzərə mümkün deyil. Çünki oralarda kimlərinsə əhalinin cibinə girməklə, onsuz da kasıb olan milləti daha da kasıblaşdırmaqla hədsiz dərəcədə varlanmasına göz yumulmur. Azərbacanda isə bu sahəyə cavabdeh qurumlar “qış yuxusuna” gedib. Top atsan belə oyanmazlar ...
Əliyev Zahir Sədi oğlu. 4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olmuşdur. Kursları bitirən Zahir Əliyev Azərbaycan Daxili Qoşunlarının "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "çavuş" rütbəsi almışdır.
20.09.2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə keçirilən antiterror əməliyyatı zamanı Kəlbəcər rayonunda şəhid olub və doğulduğu Lerik rayonunun Soru kəndində uğrunda öldüyü torpağa tapşırılıb. Ailəli idi, iki azyaşlı qız övladı yadigar qaldı.
Bu gün isə onun doğulduğu Soru kəndinin sakinləri "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, rayonunun, xüsusilə də 10 şəhid vermiş, 50-dən çox qəhrəman oğlu müharibədə döyüşmüş Soru kəndinin problemlər içində aciz qaldığından gileylənirlər.
Onlar bildirirlər ki, "qaz xətti kəndimizin içindən keçir, amma bizə bu dövrdə hələ də mavi yanacaq verilmir. Yollarımız da ki, bərbad vəziyyətdə. Biraz da yağış yağan kimi keçilməz olur".
Maraqlıdır ki, "əcnəbinin seyrə balonlarla çıxdığı" (M.Ə.Sabir) bir dövrdə Lerikin 36 yaşlı gənc icra başçısı Əkbər Abbasov da tabeliyində olan rayonun bu cür bərbad vəziyyətinə biganə qalır. Sakinlər bildirirlər ki, mövcud durumları ilə bağlı müraciət etmədikləri qurum qalmayıb, hətta şəhid Zahir Əliyevin 9 yaşlı qızı Nilay da ölkə başçısı ilə görüşərkən, problemlər içində sürətlə böyüyən körpə ürəyi ilə birinci növbədə kəndin problemlərinin aradan qaldırılmasını xahiş edib.
Bütün bunlara rəğmən aidiyyatı qurumlar da, Rayon rəhbərliyi də hələ ki, seyirçi mövqeyində dayanıblar.
Güman edirik ki, qısa zamanda Lerik rayonunun Soru kəndinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ən azından ilkin addımlar atılacaq.
Ötən gün Bakı Biznes Mərkəzində Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının ikinci iclası keçirilib. Toplantıda maraqlı bir informasiya verilib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib ki, Orta Dəhliz boyunca Rəqəmsal Platforma yaradılır və o, bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək. Onun sözlərinə görə, bu platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır və o, bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub. Bu çox maraqlı məsələdir. Çünki , daha öncədən də Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibi ilə fiber optik rabitə xəttinin çəkilməsini nəzərdə tutuan TransXəzər rəqəmsal layihəsi vardı. Bununla bağlı hökumətlərarası anlaşmalar var. Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri AzerTelecom və Kazakhtelecom arasında “Rəqəmsal İpək Yolu” -əsas hissəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi ilə bağlı müqavilələr bağlanıb, ortaq müəssisə yaradılıb. Bu açıqlamadan isə belə anlaşılır ki, yeni bir Orta Dəhliz rəqəmsal platforması yaradılır. Güman ki, bu layihə daha çox nəqliyyat marşrutunun rəqəmsallaşdırılmasını nəzərdə tutacaq. Hələlik digər maraqlı tərəflər bununla bağlı açıqlama verməyiblər. Osman Gunduz TEREF
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov yaxın zamanlarda vəzifəsindən azad ediləcək...
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə Fəxri Kazımovun vəzifədən çıxarılmasına səbəb İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin qənaətbəxş olmaması və qurumdan İqtisadiyyat nazirliyinə, Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlərdir.
İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən Milli Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun da narazı olduğu bildirilir.
Taleh Kazımov formalaşdırdığı yeni sistemdə Fəxri Kazımovu görmək istəmir.
Məlumatda Fəxri Kazımovun vəzifədən çıxarılmaması üçün Fondun Himayəçilik Şurasının sədri, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevə və Milli Bankın İdarə Heyətinin sədri Taleh Kazımova nüfuzlu şəxsləri minnətçi saldığı iddia edilir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondundan əsas şikayətçi olan kateqoriya evsiz və aztəminatlı ailələrdir. Bu şəxslər əsasən “Elektron ipoteka və kredit zəmanət” sisteminin “kirayə mənzillərin” alışının elektron sistemindən narazılıq edirlər.
İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” və “GT Solution” şirkətinə indiyədək ümumilikdə 9 milyon manat ödəyib.
Xatırladaq ki, Fəxri Kazımov 2008-ci ildən İpoteka Fonduna rəhbərlik edir