Ardını oxu...
Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.

Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 294,9 min nəfər olub, onlardan 5 milyon 11,4 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Onu da bildirək ki, məşğul əhalinin 1 milyon 759 min nəfərini əmək müqaviləsiylə işləyən şəxslər təşkil edib. Onların 881,7 min nəfəri dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınab işsiz şəxslərin sayı isə 222,8 min nəfər olub, onların 46%-ini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 404 manat olub.
 
Ardını oxu...
Əməkdar müəllim Almaz Həsrət ilk dərs günü ilə bağlı sosial media hesabında valideynlərə müraciət edib. Onun müraciəti sosial şəbəkə istifaçiləri tərəfindən müsbət qarşılanıb. Sherg.az aktual olduğundan əməkdar müəllimin qeydlərini təqdim edir:

“Hörmətli valideynlər, övladlarınızı, bizə əmanət etdiyiniz şagirdlərimizi bərabər qoruyaq. Onları əlavə dərslərlə, repetitor yanına göndərməklə, yarı ac-yarı tox, uzaq məsafələrə nəqliyyatla getməklə, təki ali məktıbə daxil olsun deyə yükləməyin!”

Pedaqoq vurğulayıb ki, şagirdlər əlavə dərs yükləməsindən sinirlərinə hakim ola bilmirlər. Onun sözlərinə görə, şagirdlərin hazırlıq müəllim sayını deyil, onlara sevgini artırmaq lazımdır:

“Övladlarınızın uşaqlıqlarını, əsl məktəb həyatını əllərindən qoparmayın. İmkan verin öz həyatlarını istədikləri kimi rahat yaşasınlar. Əlavə dərs yükləməklə yormayın, yuxusuz qalmalarının ucbatındandır ki, sinirlərinə hakim ola bilmirlər. Övladlarınızı sevin, onlara diqqət və qayğınızı çoxaldın. Hazırlıq müəllim sayını deyil, sevginizi və övladınızla xoş anlarla dolu günlər keçirmə saatlarınızı artırın. Sonra gec olar”.
 
Ardını oxu...
Təmassız kartlar həyatımıza girdiyi üçün artıq nağd pul daşımırıq. Rahatlığı ilə yanaşı, təəssüf ki, bu kartlar insanların özlərini daha azad hiss etmələrini təmin edir. Amma bu vəziyyət düşündüyümüz qədər etibarlı deyil.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, tədqiqatlar göstərir ki, təmassız ödənişlər bizim xərcləmə davranışımıza “mənfi” təsir göstərir.

Nəzarətsiz xərcləyirsinizsə və bu vəziyyətdən şikayət edirsinizsə, sizə mətni oxumağı tövsiyə edirik.

2006-cı ildən həyatımıza daxil olan təmassız kartlardan istifadə bizim nağd pul xərcləmələrimizə də çox təsir edib

Nağd ödənişlər əsrlərdir bizə xidmət etsə də, kart sistemlərinə keçdiyimiz bu günlərdə nağd pul daşımaq yükdən başqa bir şey hiss etmir. Və görünür, biz nağd puldan istifadə etməməklə yaxşı iş görmürük.

Mövzu ilə bağlı araşdırmalar sübut etdi ki, kartla edilən ödənişlər daha çox xərcləməmizə səbəb olur. Adelaide Universiteti və Melburn Universiteti 17 fərqli ölkədə xərcləmə vərdişlərini müəyyən edən araşdırma aparıb.

Nəticələr təəccüblüdür

Çünki araşdırma nəticəsində müəyyən edilib ki, insanlar kart və ya QR ilə ödəniş edərkən heç vaxt puldan narahat olmurlar. Beləliklə, əlimizdə fiziki olaraq toxunduğumuz nağd pul olmadıqda, büdcəmizdən daha az narahat oluruq; Nəzarətsiz xərcləyə bilərik.

Tədqiqatçılar, planlaşdırılandan çox xərcləməmək üçün nağd puldan istifadə etməyin lazım olduğunu söyləyərək, əlinizdə fiziki kağız pulların olmasının nə qədər xərclədiyinizə nəzarət etmək gücü verdiyini söyləyirlər.

Ancaq inflyasiya nağd və ya təmassız ödənişlərə o qədər də təsir etmir

Bu bir həqiqətdir ki, insan öz xərclərinə nəzarət edərək büdcəsini tənzimləyə bilər, lakin iqtisadi şəraiti yaxşı və pis olan ölkələrdə araşdırma aparıldıqda inflyasiya səviyyələri ilə bağlı toplanan məlumatlarda nağd pulla təmassız xərclər arasında o qədər də fərq görünmür.

Beləliklə, əslində bu, xərclər balansı və büdcə planlaması üçün olduqca vacib görünür.

Nağdsız cəmiyyət hazırda bir az utopik səslənir. Çünki yaxın gələcəkdə nağd puldan istifadə edənlərin sayı çox az olacaq kimi görünür. Xərclərimizi buna uyğun planlaşdırsaq, gələcəkdə xoşagəlməz nəticələrlə qarşılaşmayacağımız ehtimalı daha yüksək ola bilər.
 

     
Ardını oxu...
Körpəyə siqaret verildi, şəkli paylaşıldı: hansı cəza veriləcək?
Sosial şəbəkələrdə azyaşlının yaxınları tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.

TEREF axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, xoşagəlməz görüntülər Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:

"Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon İcra Hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib".

Valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur:

"Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər".
 
Ardını oxu...
Bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında deyilir.

Bildirilib ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

“Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq”, - məlumatda vurğulanıb.
 
Ardını oxu...
Balakən rayon sakini Baradov Rasim Eyvaz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. R.Baradov vakansiya olmasına rəğmən, “Bazarstore”da işə götürülməməsindən şikayətçidir:

“Mən, Baradov Rasim Eyvaz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, veteranam. 2 ay əvvəl Bakıda “Al Market”də işləyirdim. Valideynlərimin xəstəliyi ilə əlaqədar iş yerimin Balakən rayonunda yerləşən “Al Market”lərdən birinə dəyişilməsini istədim. Lakin məni “Al market”ə köçürmədilər. Ona görə də öz ərizəmlə işdən ayrılıb, rayona qayıtdım.

Avqustun 29-u Balakən rayonunda yerləşən “Bazarstore” marketində işə qəbul üçün onlayn görüş var idi. Mən də işə qəbul olunmaq üçün müraciət etdim. Vakansiya var idi. Buna baxmayaraq, məni işə qəbul etmədilər.

Məni hansı səbəbdən işə götürmədiklərinin səbəbini aydınlaşdırmağa çalışdım. Dəfələrlə müraciət etsəm də, “Bazarstore” marketin tabe olduğu “Azərsun” şirkətindən mənə heç bir cavab vermirlər. Halbuki, bunu bilmək mənim haqqımdır. Bu səbəbdən, sizin sayt vasitəsilə “Azərsun” şirkətinin rəhbərliyindən xahiş edirəm ki, mənim hansı səbəbdən “Bazarstore” marketdə işə götürülmədiyimlə bağlı məlumat verilsin”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 2 saylı yataqxanasında məskunlaşan İsmayılov Vaqif Teyfur oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, gözdən birinci qrup əlildir və 2012-ci ildən ev növbəsində olmasına baxmayaraq, ona ev verilmir:

“Mən, İsmayılov Vaqif Teyfur oğlu, sizdən xahiş edirəm ki, səsimi dövlət başçısına çatdırasınız. Bilirəm ki, saytlar və qəzetlər Prezident Administrasiyası tərəfindən izlənilir. Bu səbəbdən də ölkə başçımıza sizin sayt və qəzet vasitəsilə müraciət edirəm.

Cənab Prezident!

Mən, 1-ci qrup əlil vətəndaş kimi, Sizə bildirim ki, 2012-ci ildən ev növbəsindəyəm. Ailəliyəm, övladlarım var. Bilirəm ki, dövlət tərəfindən biz əlillər üçün evlər tikilib paylanılır. Özüm Nərimanov rayonunda qeydiyyatdayam. Oradan ev almaq üçün tələb olunan pulu verə bilmədim. Ona görə də, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev mənə qərəzli şəkildə ev vermir.

Nərimanovdan mənə ev vermirlər, çünki yerinə görə orda evlər bahadır. Cəmiyyətə yaxşı hörmət etməlisən ki, o evdən sənə də yazsınlar. Sədr özü kimə, hardan məsləhət bilsə, ordan da ev verir.

28 aprel 2022-ci il tarixində Sosial xidmətlər tərəfindən Agentliyə dəvət olundum. Orada mənə Ramana qəsəbəsindən 3 otaqlı təmirsiz ev veriləcəyi deyildi. Təmirsiz deyildikdə, bu dərəcədə olacağını bilmirdim. Gedib mənzilə baxış keçirdik. Gördüm ki, mənzil bərbad gündədir, imtina elədim. Həmçinin, ailə tərkibimə uyğun kvadrat deyildi. Otaqlar xırda-xırda və 9-cu mərtəbədə idi. Bu kimi səbəblərdən imtina etdim.

Üstəlik, içində heç bir avadanlıq yox idi, komendat hamısını götürüb, neynəyibsə edib.

Ağentliyin direktor müavini Zaur İbrahimovun qəbuluna yazıldım. May ayının 13-də qəbul etdilər. Problemimi bildirdim, amma mənə kömək edə bilməyəcəklərini dedilər.

Agentliyin direktoru Vüqar Behbudovun da qəbuluna yazıldım. İyun ayının 16-da onun qəbulunda oldum. Eynilə problemimi danışıb, kömək istədim. Rişxənd edərək bildirdi ki, minnətin olsun, hələ dövlət sənə bunu layiq görüb. Dedim ki, çox sağ olsun, amma bu ev məni qane etmir. 68 yaşımda mənə verilən mənzil təmirsiz, ucuq dağıqdırsa, mən orada necə yaşayım?! Mənim vəsaitim olsaydı mənzili təmir edərdim, yoxdur ki, evi götürmədim.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qəbuluna yazıldım. Özü qəbul etmədi, müavini Hidayət Abdullayevlə görüşdüm. O da köməklik edə bilməyəcəyini bildirdi. Həmin gündən sonrada ayda 2 dəfə qəbula yazılıram, amma bir faydası olmur. Nazirin qəbulu yoxdur, regionlarda qəbul edir deyirlər.

Bu günə kimi aldadılıram, qəbula alınmıram. Bütün bu saxtalaşdırmanın səbəbkarı nazirliyin sektor müdiri Telman Həsənovdur. Bu adam istəmir ki, mənə səliqəli ev verilsin.

Prezidentin köməkçisi Natiq Əmirovun da qəbulunda oldum. Ancaq ondan da mənə kömək olmadı.

Cənab Prezident!

Sizdən xahiş edirəm, tapşırıq verəsiniz, heç olmasa aşağı mərtəbədən, təmirli ev verələr, gedib ailəmi başıma yığıb orada yaşayım. Getmədiyim qurum, qapılarını döymədiyim idarə qalmayıb. Bizə kömək edin, zəhmət olmasa”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalır. Məktəbə yeni başlayacaq olan uşaqlar həyəcan, hətta təşviş və qorxu hisləri keçirə bilirlər. Hər il yeni dərs ilinin ilk günlərində birincilərdən sinifdə ağlayanlar az olmur.
Onlar məktəbdə əvvəlcə heç görmədiyi uşaqlarla qarşılaşacaq, tapşırıqlar da daxil olmaqla, bir çox qaydalara əməl etməli olacaqlar. Məktəb həyatı uşaqlar üçün yeni bir sosial mühitdir.
Mütəxəssislər bildirir ki, məktəb uşağın imkanları daxilində onun bütövlükdə inkişafı və həyatda sağlam ruhlu, uğurlu və xoşbəxt olması üçün uyğun mühit hazırlayır.
Bəs, uşaqları bu yeni sosial mühitə necə hazırlamaq lazımdır?

Psixoloq Sevinc Həbibova "Sherg.az"a söyləyib ki, birinci sinifə başlayan uşaqlar ilk vaxtlar məktəb mühitinə adaptasiya ola bilmirlər:
''Çünki onların çoxu 5 yaşınadək baxçaya getdikləri üçün ancaq oyunlar oynayaraq yeyib-yatıblar. Bu dövrdə isə uşaqların valideynləri övladlarını çox əzizlədikləri üçün onlar tam böyümürlər. Birincilərin əksəriyyəti dərsdə 1 saat qalmamış ağlayaraq valideynlərini istəyirlər. Çünki onlar uşaqdırlar və hələ ayaqyoluna belə sərbəst gedə bilmirlər. Təbii ki, bu mərhələdə ibtidai sinif müəllimləri xüsusi rol oynayır. Qeyd edim ki, yeni məktəbə gələn şagirdləri başlanğıcda çox yükləmək olmaz. Arada məntiqi oyunlar oynamaq, birlikdə idman etmək lazımdır. Qeyd edim ki, müasir dövrün uşaqlarına köhnə dövrün dəyərləri ilə yanaşmaq doğru deyil. Məsələn, əvvəllər uşaqlar mühitə daha tez adaptasiya olurdular. Yeni nəslin uşaqları isə komforta düşkündürlər. Valideyn övladında məktəbə getməklə bağlı hansısa problem olduğunu müşahidə edərsə, mütəxəssisə müraciət edə bilər. Ümumiyyətlə, hər birimizin böhran dövründə psixoloqa ehtiyacı var. Həmçinin, müəllimlər də birincilərlə səmimi söhbətlər etməlidirlər. Şagirdləri çox dərslə yükləmək onlara psixoloji cəhətdən pis təsir edir. Uşaq məktəbdən evə gələndə valideynin onun gününün necə keçirdiyi barədə söhbət etməsi şagirdin rahatlamasına kömək etməklə yanaşı, məktəbə adaptasiyasını da sürətləndirir".
 
Ardını oxu...
Gəncə şəhəri, Turan küçəsi 106 ünvanında yaşayan Hüseynov İsmayıl Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmə xeyrinə qərar çıxarsa da, icra olunumur:

“Mən, Hüseynov İsmayıl Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

3 övladım var, yaşadığım ev atamdan bizə miras qalıb. Ev və torpaq sahəsi cəmi 530 kv.metrdir. Tikili sahə isə 92.3 kv.metrdir.

Atam sağlığında bacım Hüseynova Esmira və qardaşım Hüseynov Şairə vəsiyyətnamə verib. Atam öldükdən sonra notarial qaydada mənə 1/8 pay düşdü.

Aramızdak ev söhbətinə görə, bacı və qardaşlarımla narazılıq var idi. Bunlar birləşib, öz haqlarını digər bacım Hüseynova Esmiraya verdilər. Hazırda isə, qarşı tərəf mənim evdə yaşamağıma imkan vermir.

11 ildən artıqdır ki, həyətdə çadır qurub, yoldaşımla orada yaşayırıq. Onlar məni “ləyaqətsiz vərəsə” etmək istəsələr də, bu, mümkün olmadı. Kompensasiya ilə əlaqəli iddiaları da təmin edilmədi.

2016-cı ildə yoldaşımın adına bankdan 2000 dollar pul götürüb, atamın razılığı ilə həyətin künc hissəsində yarımtikili tikdirdim. Atamın vəfatından sonra isə Esmira (bacım) tikintini başa çatdırmağıma imkan vermədi.

Məhkəmə prosesi zamanı da yenə haqsızlıqla üzləşdim.

Deməli, məhkəmə eksperti Səidov Elmar mənə düşən payın mümkünsüz olduğunu qeyd etdi. Bu cavab mənə şübhəli gəldi. Onun dedikləri mümkün deyildi. Bu ev ata yurdudur və hər bir övlad arasında bölünməlidir.

Məsləhətləşdiyim vəkillərin dediyinə görə, bu iddianı bir daha qaldıra bilmərəm. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm.

Sonradan 92.3 kv.m evə köçürülmə və istifadə hüquqlarımın müəyyən edilməsi iddiası ilə məhkəməyə müraciət etdim. Məhkəmə işə baxdı və qərar qəbul etdi.

Qətnamədə deyilir ki, iddia təmin edilsin, Hüseynov İsmayıl Turan küçəsi 106 N ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün və istifadə qaydaları müəyyən edilsin.

Məhkəmə qərarlarının icra idarəsindən mənə yazılı halda məktub gəldi. İcraçı Səməd İsmayılovun icraata başlaması haqqında yazı idi. Təklif olunurdu ki, borclu Hüseynova Esmira Əli qızı 10 gün müddətində icranı könüllü təmin etsin. İcra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirləri görülsün. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişləri borcludan tutulsun. İcra sənədinin icrasının təmin edilməsi üçün borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulsun.

Mən icraçı Səməd İsmayılovun qəbulunda oldum. O, mənə dedi ki, arxayın get, səni otağın girişində yerləşdirəcəm. Qarşı tərəf mənə “icra ilə necə danışmaq lazımdır, yaxşı bilirəm” dedi. Sonra icraçı ilə görüşüb nə danışdılar bilmirəm, bir neçə gün sonra Səməd İsmayılov bizə gəldi və akt yazdı. Mən onun sözünə arxayın olub akta imza atdım.

Evdə bəzi otaqları gözdən keçirib, 3 tərəfdən aynayla bağlı 10 kv.m-lik mətbəxin yarısını, yəni 5 kv.m yeri göstərib, “plastiklə bağla və burada yaşa”, - dedi. Amma kommunal haqqında heç nə demədi. Onu da qeyd etdi ki, bu yerdə ancaq sən yaşaya bilərsən, yoldaşın yox.

Mən Məhkəmə qərarlarının icra idarəsinin rəisi Ələmdar İbrahimovun qəbulunda gözləyərkən, məndən qabaq Səməd İsmayılov onun otağına girdi, 3-4 dəqiqədən sonra çıxıb getdi. Ələmdar İbrahimov məni qəbul etdi və dedi ki, biz səni darvazadan içəri salmalıyıq, qalan şeyləri özünüz həll edin. Bu cavabın qarşısında mən nə etməliyəm? Belə haqsızlığın qarşısında acız qalmışam. Əlimdə məhkəmənin qərarı olsa da, icraçı ayrılan 11.5 kv.m yaşayış sahəsini alıb vermir. Az yaşım yoxdur, bu yaşdan sonra harda yaşamalıyam? Belə qərar olar ki, özün yaşa, yoldaşın yox?!

Mən Azərbaycan Respublikasının səlahiyyətli şəxslərindən problemimlə bağlı kömək istəyirəm”.

P.S. Hazırda vətəndaşların ən çox narazı olduğu qurumlardan biri Ədliyyə Nazirliyidir. İşlədiyimiz şikayətlərə əsasən deyə bilərik ki, bəzi icra nümayəndələrinin dediyi “mənə heç kəs heç nə edə bilməz” ifadəsi həqiqətdir. “İcra” dedik, hazırda məhkəmə qərarını icra edəcək şəxs yada düşür. Lakin hazırda vəziyyət tam əksinədir. İcraçı işlə tanış olur, hansı tərəf onun üzünə yaxşı baxırsa, problemi o yöndə həll edir və yaxud da çalışır.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti