Ardını oxu...
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

"Cebhe.info" xəbər verir ki, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.
 
Ardını oxu...
“Yeni sistemin işə düşməsindən sonra bir sıra xoşagəlməz hallar aradan qalxacaq”

Son günlər əmlak amnistiyası ilə bağlı xəbərlər yayılır. Bildirilir ki, bu, kommunikasiya xətlərinin üzərində, yüksək gərginlikli elektrik verilişi xətlərinin altında və dəmir yollarının ərazisində yerləşənlər istisna olmaqla, bütün sənədsiz tikililərə şamil ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən yayılan xəbərlərdə qeyd olunur ki, bundan sonra həyat və sağlamlıq üçün təhlükə yaratmadan tikintisinə icazə verilən ərazilərdə tikilən yaşayış binaları xüsusi elektron resurs vasitəsilə qeydiyyata alınacaq: “Vətəndaşların əmlakı dövlət reyestrində qeydiyyata alınacağı üçün elektron qeydiyyat artıq kağız daşıyıcı tələb etməyəcək. Mənzil sahibləri dəyərli vaxtlarını itirməyəcəklər, çünki bütün bu yeniliklər onları kağız sənədləri toplamaq və zədələndikdə və ya itirildikdə onu axtarmaq çətinliyindən azad edəcək”.

Məlumatda layihənin sosial yönümlü olduğu vurğulanır: “Heç bir ailə öz evindən qovulmayacaq. Ancaq dəmir yolu xətləri arasında tikilən yaşayış evlərinin özəlləşdirilməsini gözləmək düzgün olmazdı, çünki belə ərazilərdəki evlər insanların həyatı üçün təhlükə yaradır. Amma sağlamlıq və həyat üçün təhlükə yaratmayan, sənədi olmayan bütün evlər qeydiyyata alınacaq”.

Bütün bunlar dövlət başçısının fərmanına uyğun olaraq həyata keçirilir. Dövlət qurumu bu təşəbbüsü “qeydiyyat və kadastrlaşdırmanın məzmununda yeni mərhələ” adlandırır.

Görünən odur ki, inqilabi yenilik prosedurların sadələşdirilməsindədir: “Vətəndaşlar və şirkətlər dövlət qurumlarından sənədlər alıb, bu kağızları mülkiyyət hüququnun tanınması üçün qeydiyyat strukturlarına aparıb, qanunla müəyyən edilmiş müddətdə lazımi sənədləri alıblar. İndi bütün dövlət orqanları tərəfindən verilən sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya olunacaq. Alınan daşınmaz əmlak birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq”.

Sonra, əmlakın idarə edilməsi üçün İnternetdən istifadənin rahatlığı haqqında öyrənə bilərsiniz. Vətəndaşlar faktiki yaşayış yerindən və qeydiyyatdan asılı olmayaraq bu işlə məsafədən məşğul ola bilərlər.

Rəsmi qurum əlavə edir ki, yeni sistemin işə düşməsindən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən mənzillərin eyni vaxtda bir neçə nəfərə satışı dayandırılacaq: “Bununla da yaşayış sahəsinin etibarsız hesablanması kimi problemə son qoyulacaq, dövlət reyestrindən çıxarış olmadan mənzillərin özgəninkiləşdirilməsi proseduru sadələşəcək. Bizim bildiyimizə görə, bəzi mənzil-tikinti kooperativləri çıxarışı olmayan mənzili bir sakindən digərinin adına keçirərkən mülkiyyətçilərdən xeyli pul tələb edirlər. Yeni sistem bu problemi də aradan qaldıracaq. Tikintiyə icazə alındığı andan portalda çoxmənzilli yaşayış binasının xüsusi simulyasiyası yaradılacaq və bu resurs vasitəsilə mənzillərin satışı və digər daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək”.

Artıq uzun illərdir ki, paytaxtda və şəhər kənarında yüz minlərlə ev sənədsiz qalıb və belə daşınmaz əmlakın sahibləri faktiki olaraq mülkiyyət hüququndan məhrum ediliblər. İlk dəfə deyil ki, vətəndaşlara bu məsələnin həlli ilə bağlı vədlər verilir, amma illər keçsə də, bu cür mənzil tikintisinin sayı və mövcud vəziyyətin həlli üçün rəsmi qurumların konkret addımları barədə heç bir məlumat yoxdur.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev AYNA-ya açıqlamasında deyib ki, hazırda yüz minlərlə sənədsiz fərdi həyət evləri və alqı-satqı aktı olmayan torpaq sahələri var: “Bu daşınmaz əmlakın böyük hissəsi Bakı və Abşeron ərazisində yerləşir. Söhbət sovet dövründən, eləcə də ötən əsrin 90-cı illərindən müvafiq qeydiyyat prosedurlarından keçməmiş evlərdən gedir. Mülkiyyətçilərin dövlət qeydiyyatından çıxarışının olmamasının əsas səbəbi evlərin başqa məqsədlər üçün ayrılan ərazilərdə tikilməsidir. Belə ki, bir vaxtlar kolxoz və sovxozlar, müxtəlif təşkilatlar tərəfindən vətəndaşlara torpaq sahələri verilirdi. Daha sonra icra hakimiyyətləri, bələdiyyələr bu işə cəlb olundu, lakin belə torpaq sahələri mənzil tikintisi üçün nəzərdə tutulmadığından vətəndaşlar evlərinin sənədini ala bilmədilər”.

Təxmini hesablamalara görə, 500-600 mindən çox fərdi evin hələ də dövlət reyestrindən çıxarışı yoxdur və belə mənzillərin sahibləri mülkiyyət hüququndan məhrumdurlar. AYNA-ya problemin mənşəyindən danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bildirib ki, 2000-ci illərdən Bakıda və şəhərin kənarında başlayan tikinti bumu insanların mənzil tikintisi üçün torpaq sahələri almasına və ya zəbt etməsinə səbəb olub: “Vətəndaşlar bələdiyyə torpaqlarını tikintiyə icazə almadan alıblar. Vətəndaşlar qanunvericiliyin incəliklərini dərk etmədən, 90-95% hallarda bələdiyyədən torpaq sahəsi almaq qərarı ilə kifayətləniblər, yerli icra hakimiyyəti orqanlarından tikintiyə icazə alınmayıb”.

Hazırda dövlət belə evləri qeydiyyata almır. Bəzi məlumatlara görə, 60 minə qədər sənədsiz bina təhlükəli və ya yaşayış üçün yararsız ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqlarının, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz kommunikasiyalarına yaxın ərazilərdə tikilən evlərdir. Eyni zamanda, evlərin bir hissəsi qanunla mənzil tikintisi qadağan olunan kənd təsərrüfatı torpaqlarında tikilib. Mütəxəssislər əvvəllər əhalinin sıx məskunlaşdığı kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi və imkan daxilində yüksək gərginlikli elektrik xətlərinin köçürülməsi yolu ilə bu problemin həllini təklif edirdilər.

Sənədsiz mənzillərin qeydiyyatı üçün hələ 2020-ci ildə bələdiyyələrə tapşırıq verilib ki, qanunsuz tikililər haqqında bütün lazımi məlumatları toplamaq üçün öz əməkdaşlarını sorğu vərəqələri ilə təmin etsinlər. Amma bu kampaniyanın nəticələri hələ məlum deyil.

Müəllif: Emma Rzayeva
 
 


 
Ardını oxu...
Son vaxtlar tələbə qızların arasında nişanlananların, ailə həyatı quranların sayı xeyli artıb. Bu hal tədris prosesinə necə təsir edir? Bununla bağlı hər hansı bir məhdudiyyət tətbiq etmək olarmı?

Bu mövzuda psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlama verib:

“Çox təəsüflər olsun ki, biz hazırda məktəblərdə bunu daha çox müşahidə edirik. Ən böyük səbəblərdən biri odur ki, 9-cu sinifdən sonra repititor yanına gedən qızlarımız birdən-birə böyüyürlər. Hazırlığa gedən qızlarımız 10-cu və 11-ci sinifdə məktəbə getmirlər. Getmədikləri üçün də uzun dırnaqlardan, müxtəlif boyalardan istifadə edirlər. Nəticədə həddən artıq böyük görünürlər”.

Ekspert bəzən 18-19 yaşlı qızların 2-3 oğlanla münasibəti ola bildiyini deyib:

“Dost, sinif yoldaşı və ya tələbə yoldaşı olmalıdır. Bunlar hər yaş dövründə insana lazımdır. Amma sevgi münasibətlərində onlar çox tez addım atırlar. Buna səbəb informasiyannı çoxluğu və gənclərin yeniyetmə dövründə idarə olunmamasıdır. Buna isə birbaşa evdə valideynlər və məktəbdə psixoloqlar nəzarət etməlidirlər”.

Ekspert əvvəlki dövrlərə baxdıqda indiki yeniyetmələrin öz fikirlərini çox rahatlıqla ifadə edə bildiyini vurğulayıb:

"Görürük ki, hər şey Avropadakı kimi açıq-aşkardır. O zamanlar biz gizlədə bilirdik, utanırdıq. Amma indi 14-15 yaşlarından sonra hər şeyə özlərini hazır hiss edirlər. “Mən uşaq deyiləm, mənim öz həyatım, hüquqlarım var. Mən istədiyim zaman ailə qura bilərəm” deyirlər. 16-17 yaşındakı qızlar “Biz ailəyə hazırıq” deyə sanki üsyan edirlər. Amma cinsi hazırlığın olması ailəyə hazır olmaq demək deyil”.

A.Ələkbərova erkən evliliklərin, boşanmaların dərs gedişatına birbaşa təsir göstərdiyini bildirib:

“Ali məktəbə qəbul olan bir çox qızlarımız ailə hayətı qurduğundan dərslərini çatdıra bilmirlər. Buna görə onlar ali məktəbdən uzaqlaşırlar, təhsillərini "dondururlar". Qurduğu ailə ilə öz xəyallarındakı həyata uyğun olaraq yaşıya bilmədikləri zaman sanki birdən “oyanırlar”. Belə olduğu zaman da “Mən ayrılıram. Öz ayaqlarımın üzərində duracam və öz kariyeramı quracam” deyirlər. Sonra da yenidən ali məktəbə getmək istəyirlər”. Nəticədə arada bir neçə il itir, bir çox planlar yarımçıq qalır".
 
Ardını oxu...
Əmək müqaviləsinə xitam verilməsi barədə: Əmrin surəti, İşçinin Əmək kitabçası və İşəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
İşçi işdən çıxarkən - ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
Əmək haqqının və ya son haqq-hesabın verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə - hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının və son haqq-hesabın azı bir faizi məbləğində ödənc verilməlidir.
İşçinin əmək kitabçasının müəyyən edilmiş vaxtda, son iş günü verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə - işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Təkcə dövlətin deyil, cəmiyyətin də hədəfləri müəyyən edilməlidir. Cəmiyyət öz-özlüyündə bu hədəfləri müəyyənləşdirmək iradəsinə sahib deyil. İnsanlara yön, istiqamət verilməlidir. Məhz bundan sonra cəmiyyətin hara getməli olduğunu ictimai şüurda nümayiş etdirmək və hədəflər müəyyənləşdirmək mümkündür.
Siyasi müzakirələri dini-təriqətlərarası aqressiv müzakirələr əvəzləyib
Birinci amil: Ölkədə siyasi rəqabət mühiti tamamilə sıfırlanıb, siyasi müzakirələr yoxdur, bütün siyasi partiyalar iflic olub, cəmiyyətdə siyasi fiqurlara qarşı bərpası mümkünsüz etimadsızlıq formalaşıb. Dərin boşluq yaranıb. Məhz bu boşluqda dövlət və cəmiyyət özü üçün ayrı-ayrı “hədəflər” müəyyən edib:
A) cəmiyyətdə siyasi müzakirələri dini-təriqətlərarası müzakirələr əvəzləyib. Cəmiyyətdə aqressiv “dindarlaşma” prosesi başlayıb. 20 il əvvəl cəmiyyətdə siyasi fikirlərə görə parçalanma (daha doğrusu, rəqabət) var idisə, bu gün cəmiyyət dini görüşlərinə görə iki hissəyə haçalanmağa hamilədir. İslam siyasiləşməkdədir.
B) dövlət texnoloji dili və biznes metodologiyasını önə çəkib. Müzakirələr bu yöndədir: dizayn, imaging (şəkilləndirmə), climate (iqlim), forum, cultural reflexes (mədəni tədbirlərin təşkili), iqtisadi layihələr və s.
Cəmiyyət dövlətə “uduzur”, ayaqlaşa bilmir. Ümumiyyətlə, bu, baş verməlidirmi? Dövlət cəmiyyəti ardınca aparmalıdır.
Dövlət iqtisadiyyat resursları üzərindən inkişaf ideologiyasını işləyir. Bəs, cəmiyyət? Hazırda xalq hansı ənənəvi və yaxud yeni və fundamental ideologiyanın daşıyıcısıdır?
İdeoloji sahə tormozlanıb. Hər şey pul qazanmağa, layihələr qazanmağa hesablanıb. İdeologiya yoxdurmu? Var – Azərbaycançılıq!
Mən təklif edirəm ki, Azərbyacan hökumətinin üzvləri Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixli inaqurasiya nitqini oxusunlar. Bu nitq cəmiyyətdə sağlam hədəflərin müyyənləşdirilməsi və ictimai şüura oturması üçün fundamental material verir. İ.Əliyev dövlət başçısıdır və onun işlətdiyi heç bir ifadə təsadüfi deyil, dəqiq koordinatlara hesablanmış ifadələrdir. Prezidentin fikirləri təkcə Azərbaycanda deyil, bütün dünyada xüsusi həssaslıqla izlənilir – müxtəlif dövlət başçıları, təşkilatlar həmin ifadələri analiz edirlər. Bəs, bizim məmurlar bu analizləri aparırlarmı? Heç şübhəsiz, bir gün bu çıxışlarda qaldırılan məsələlərlə bağlı real hesabatlar tələb olunacaq. Kim, necə cavab verəcək, bunu zaman göstərəcək.
Problemlərin plasdarmı…
Cəmiyyətdə hədəflər yaratmağa, sağlam ideoloji əsaslar formalaşdırmağa mane olan əsas və “betonlaşmış” problemlər mövcudur:
1. Narkomaniya və narkotik maddələrin satışı (genefondu məhv edilən, şikəst xalq ideologiya daşıyıcısı ola və mili-mənəvi, mental dəyərlərinə sahib çıxa bilməz və s.). Paralel olaraq, cinayətkarlığın səviyyəsi artır, törəmə cinayətlər meydana gəlir.
2. Məhkəmə sistemindəki kökü nöqsanlar – (ədaləti dövlət qurumlarında və məhkəmələrdə tapa bilməyən insanlar kriminal qrupların rəhbərlərinə üz tutaraq problemlərini bu şəkildə həll etməyə məcburdur və s.)
3. Sosial problemlər – (Təcrübə göstərir ki, sosial problemlər çoxaldıqca, insanlar kənar qüvvələrin təsiri altına daha tez düşə bilirlər)
Ölkədə ailə institutlarının total hücumlara məruz qalması və fahişəliyin düşünülmüş təbliğatı – arealının şiddətli şəkildə genişlənməsi spontan risklər vəd edir.
Müəllif: Samir Feyruzov
 
Ardını oxu...
Bu gün pensiyaçıların 90 %-i sosial sığorta əsaslı pensiya alır.

İndex.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10 %-dir: “Onların pensiyası sosial sığorta kapitalı ilə deyil, aldıqları əməkhaqqının faizi ilə ölçülür”.
 
Ardını oxu...
İqtisadçı professor Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bu barədə onun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, təqdimatı Azərbaycan Baş prokurorluğu verib.

“Bu hazırkı qurama cinayət işinə münasibətdə maksimum istintaq müddətidir. 3 aylıq müddətin 2 ayı polisin (“Bandotdel”in) təşəbbüsü, 1 ayı isə Azərbaycan Baş prokurorunun təqdimatı ilə artırılıb”, o bildirib.

Qalib Toğrul qeyd edib ki, qardaşı barəsində aprelin 22-də seçilmiş ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

“Qardaşım həftədə iki dəfə polisə gedib, imza atmalıdır. Müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, yaşadığı məntəqə hüdudunda polisdə qeydə alınmış yaşayış yerini dəyişə bilməz. İstənilən anda polis orqanına çağırıla bilər. Hətta iradəsinin əksinə olsa (yəni istəməsə, razılıq verməsə) belə, polis onun yaşadığı mənzilə (evə) gələ bilər”, o qeyd edib.

Qalib Toğrulun sözlərinə görə, qətimkan tədbirinin dəyişdirilməsi nəticəsində qardaşının ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb.

“Elektron qolbaq olduğuna görə qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlayaraq polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq”, o əlavə edib.

Qalib Toğrulun dediklərini istintaqı aparan Daxili İşlər Nazirliyindən (DİN) və Baş Prokurorluğundan dəqiqləşdirmək mümkün olmayıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəz edib.

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.
 
Ardını oxu...
Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək.

TEREF "Report"a istinadla xəbər verir ki, iclasda bir sıra müraciətlərə və təşkilati məsələlərə baxılacaq.

Toplantının sonunda baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada təqdim olunacaq.

Qeyd edək ki, bu il indiyədək komissiyanın beş iclası keçirilib və ümumilikdə 500-dən çox müraicətə baxılıb.
 
Ardını oxu...
Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.

TEREF lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqil düşünmək və fikirləri müdafiə etmək qabiliyyətini uşaqlarda "bağlayırlarsa", bu bacarığı yenidən öyrənmək çətin ola bilər.

Hansı addımlar uşağınıza öz fikrini bildirməyə kömək edəcək?

Uşağın dediklərinə qulaq asın

Uşaqlar valideynlərin onların sözlərinə reaksiyasını mükəmməl qiymətləndirir və nəticə çıxarırlar. Əgər valideynlər övladlarını dinləmirlərsə, daim onların sözünü kəsirlər və ya məhəl qoymurlarsa, uşaq öz fikirlərini hər kəslə bölüşməkdən tamamilə imtina edə bilər.

Uşaqların fikirlərinə hörmət edin

Uşağınızın bəzi axmaq və düşünülməmiş şeylər danışdığını görsəniz belə, ona deməyə ehtiyac yoxdur. Gənc yaşlarından hər kəsin əsaslı və aydın rəyi olmur. Ancaq uşaqların dediklərinə hörmət etmirsinizsə, onların fikirlərini sadəcə dəyərsizləşdirə bilərsiniz.

Uşağınızın fikirlərini soruşun

Uşaqlar bu bacarığı müntəzəm olaraq tətbiq etməsələr, düşünməyi öyrənməyəcəklər. Buna görə də uşaqlardan nə düşündüklərini soruşmağa dəyər. Bu, gündəlik vəziyyətlərə, tədqiqatlara, hətta kitablara və filmlərə də aid edilə bilər.
Ardını oxu...
Ötən il Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 erkən evliliyin qarşısı alınıb.

Yeniavaz.com xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Bildirilir ki, erkən evliliyə ən çox Gədəbəy, Lənkəran, Abşeron və Şabran rayonlarında cəhd edilib. 2023-cü il ərzində Gədəbəy rayonunda 29, Lənkəran rayonunda 22, Abşeron rayonunda 16, Şabran rayonunda isə 15 erkən evlilik cəhdləri olub və qarşısı alınıb.

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması (18 yaşından 17 yaşına) ilə bağlı daxil olan məlumatlar araşdırılıb və üzürlü səbəblər müəyyən edildikdən sonra 233 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) iqtisadi rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. 2022 ci ildə Qazax, Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl olub. Xüsusilə Bərdə (26 icazə), Biləsuvar (21), Ağcabədi (20) və Yevlax (15) rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək rayonları) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.
 

Dünyapress TV

Xəbər lenti