Ardını oxu...
Şamaxı rayon sakini Aqşin Şirinov İkinci Qarabağ müharibəsindən qayıdandan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxarıldığını öyrənib.

Aqşin Şirinovun atası Sahib Şirinov bildirib ki, oğlu 2019-cu ildə “DOST” İş Mərkəzində işə düzəlib. Həmin ilin iyulunda hərbi xidmətə gedib, daha sonra əsgər kimi müharibədə iştirak edib. Atanın sözlərinə görə, müharibədən qayıdandan sonraki 1 il ərzində əsəb xəstəliyindən müalicə alıb. Təkrar iş ilə bağlı müraciət etdikdə məlum olub ki, 2019-cu ilin noyabrında, yəni hərbi xidmətdə olduğu müddətdə işdən çıxarılıb. Sahib Şirinov bildirib ki, həmin dövrdə Aqşinin hərbi xidmətdə olduğunu təsdiqləyən sənədləri “DOST” İş Mərkəzinə təqdim edib, lakin oğlunu işə bərpa etməyiblər.

“Aqşin 2019-cu ilin iyulun 26-da hərbi xidmətə gedib. Hərbi xidmət dövründə müharibədə iştirak edib, orderlərlə tərtib olunub. Müharibədən sonraki 1 il ərzində müalicə alıb”-, S.Şirinov bildirib. Qeyd edib ki, müalicəsi tamamlanandan sonra yenidən “DOST” İş Mərkəzinə müraciət ediblər:

“Dedilər ki, Aqşin noyabrın 18-də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarılıb. Yəni, əsgərliyə gedəndən 3 ay sonra işdən çıxarılıb. Həmin maddədə göstərilir ki, vəzifə borcunu yerinə yetirə bilmədiyi üçün işdən çıxarılıb”.

Ata deyib ki, müharibədən qayıdandan sonra psixi vəziyyəti normal olmadığından iş üçün müraciət edə bilməyiblər. Amma maraqlıdır ki, hərbi xidmətdə olduğu dövrdə işdən necə çıxara bilərlər?

“Dedilər ki, işdən çıxarılmasına səbəb işdə olmamasıdır. Halbuki əsgərlikdə olduğunu bilirdilər”, – ata deyir.

“Dəfələrlə müraciət etsəm də, eyni sözü deyirlər. Bildirirlər ki, 2 ay müddətində Aqşinin əsgərlikdə olmağı barəsində rəsmi müraciət etməli imişik. İş yerinə məlumat vermək Səfərbərlik Xidmətinin səlahiyyətindədir. Bununla bağlı “DOST” İş Mərkəzindən bizdən heç bir sənəd tələb edilməyib. 2-3 ay ərzində bir dəfə də zəng edib Aqşinin harada olduğu ilə bağlı maraqlanmayıblar”,-deyə fikrini bitirir.

S.Şirinov onu da bildirib ki, oğluna hər hansı bir yerdə iş təklif olunmayıb.

“DOST” İş Mərkəzindən Meydan TV-yə bildiriblər ki, məsələ ilə bağlı həmin şəxsin özü ilə danışılıb və vəziyyət izah olunub.

Şikayətçi deyib ki, ona məhkəməyə müraciət etmək məsləhət görülüb, lakin vəkil tutmağa maddi imkanı çatmadığı üçün bunu edə bilmir.

Hüquqşünas Azər Məmmədov isə bildirib ki, işçilərlə işəgötürənlər arasında əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllədə əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunub. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını məcəllənin 70-ci maddəsi müəyyən edir. “C” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçinin qəsdən və ya səhlənkarlıqla əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirməmiş olması, iş yerində işin, istehsalın, əmək intizamının normal ahəngi pozulmalı və ya işə götürənin qanunla qorunan mənafeyinə hər hansısa formada ziyan dəyməlidir.

““C” bəndi ilə işdən çıxarılan işçi məhkəməyə müraciət etməlidir. Təcrübə göstərir ki, işçi haqlı olduğu halda məhkəmə hüquqlarını bərpa edir”, – hüquqşünas deyib.
 
Ardını oxu...
Ötən gün Xətai rayonunda kütləvi dava zamanı tələbə Elmir Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirən şəxs tutulub.
"Sherg.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Məktəblərin qısa müddət ərzində açılmasına baxmayaraq, dəhşətli hadisələrin sayı durmadan artdığını vurğulayan sosioloq Lalə Mehralı “Sherg.az”a deyib ki, təhsil ocaqlarında aqressiyanın artması insanı ciddi düşünməyə və narahat olmağa vadar edir:

''Əvvəllər elm ocaqlarında belə hadisələrə nadirən rast gəlirdik. Ancaq indiki dövrdə uşaqların bir-birinə aqressiyası o həddə çatır ki, onlar problemi danışmaqla deyil, zorakılıq tədbiq edərək həll etməyə çalışırlar. Məktəb daxilində bıçaqla, beşbarmaqla gəzən, hər fürsətdə sinifyoldaşına sataşan məktəbli potensial cinayyətkardır. Yəni, bir uşaq haqda belə sözləri deməyə məcbur oluruqsa, vəziyyətin hansı həddə olduğunu təxmin etmək çətin deyil. Uşaqlar məktəbə öyrənməyə yox, kimisə döyməyə, öldürməyə gedir. Artıq məktəblər zon, məktəblilər isə vorzokon olublar. Hər biri öz qanunu başqalarına diqtə etməyə çalışır. Uşaqların niyə bu vəziyyətdə olması və hansı səbəbdən zorakılığa meyl etmələri araşdırılmalıdır. Təhsil müəsisələrində nəzarət yoxdur deyərək günahı onlara atmaq düzgün deyil. Çünki məktəb, universitet Hüquq Mühafizə Orqanı sayılmır, polislər hər an orada axtarış aparmağa məcbur deyillər. Yəni, hər uşağın yoxlanılması heç vaxt cəhətdən qeyri-mümkündür. Belə olan halda məsuliyyət valideynlərin və şagirdlərin öhdəsinə düşür. Valideyn evindən çıxanda övladını yoxlamalı, məktəbə gedərkən nə geyindiyinə nəzarət etməlidir. Əgər bir uşaq cibində kəsici alətlə məktəbə girməyə cəsarət edirsə, onun cinayyət törədəcəyi açıq-aydındır. Ümumiyyətlə, uşaqlarda aqressiyanın yaranmasının bir neçə səbəbi var. Bu faktoralara qida, ətraf-mühit, ailə, uşağın məşğuliyyəti daxildir".
 
Ardını oxu...
Tanınmış yazıçı, kulturoluq Aydın Xan Əbilovun son açıqlaması böyük səs-küy yaradıb.

Gənc xanımların təbii yolla ana olmaq istəməməsini tənqid edən yazıçının bu məsələdə anasını gündəmə gətirməsi birmənalı qarşılanmayıb.

"Anam 8 övladı iynəsiz-kənar müdaxiləsiz doğdu, heç biri ölüb eləmədi, hələ abort etdiklərini demirəm..." - deyən A.Əbilovun bu fikirləri sosial şəbəkələrdə qınaq atəşinə tutulub. vakansiya

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu sosial şəbəkələrdə bu tip müzakirələrin aparılmasının əleyhinə olduğunu deyib:

“Bu gün biz sosial şəbəkələrdə hər şeyi paylaşırıq. Elə mən özüm də beləyəm, oğlumun, qızımın toyunu, nəvələrimi paylaşıram. Amma düşünürəm ki, sosial şəbəkələrdə cəmiyyətdə olan problemləri müzakirə etmək, başqalarının bu mövzuda fikirlərini öyrənmək, problemin həlli yollarını axtarmaq daha faydalı olar.

“Facebook” ondan ötrüdür ki, biz orada cəmiyyət, ailə zorakılığı, uşaqlara münasibət haqqında müzakirələr edək.

Biz gərək dodaq şişirtmə, yan böyütməni müzakirə mövzusu etməyək. Gərək ənənəvi ailələrimizdən, analarımızın, nənələrimizin ailədə gözəl münasibətindən danışaq, onların neçə dəfə abort etməsindən yox!

Biz ailə dəyərlərini gündəm etməliyik, keçmişdə ailədə ata, ana arasında necə münasibət olduğunu xatırlatmalıyıq”.

N.Cəfəroğlu bildirib ki, sosial şəbəkələrdə gənc nəslə örnək ola biləcək ailə modelləri paylaşılmalı, onlar maarifləndirilməlidir:

“Analarımızın müharibə vaxtı yeməyə bəzən bir parça çörəkləri belə olmayıb, ərləri müharibədə olublar. Həmin dövrdə tək-tük qadın yolunu azıb, amma hamısı bir parça çörəyi halal zəhməti ilə qazanıb. Onlar neft buruqlarında, zavodlarda səhərdən axşama qədər işləyiblər, bir tikə çörəyi əxlaqları ilə evlərinə gətiriblər. Biz belə şeyləri sosial şəbəkələrdə danışmalıyıq, gənc nəsilə bunu öyrətməliyik.

Cavan qızlar nəyinsə hesabına bahalı telefon, 500 manatlıq palto aldırmaqla xoşbəxt olmayacaqlar!

Bu gün tərbiyəli, savadlı qızlarımız evdə qalıb, “şütdülüm” qızlar isə hər şey əldə ediblər. Mən həm də Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri olduğum üçün belə şeyləri müşahidə edirəm. Oğlanlar bəzən 3 uşaqla ailəsini atıb gedib küçə qızlarını alırlar. Bunlar hamısı sosial problemdir, biz bu məsələləri müzakirə etməliyik. Həmin qızları necə bu yoldan uzaqlaşdıracağımızı tapmalıyıq.

Tənqid etmək olar, amma hər şeyin bir həddi var. Bu gün xaricdə oturub hökuməti tənqid edənlər var, onlar normal tənqidi təhqirlə qarışdırırlar, ailə dəyərlərinə dil uzadırlar. Onlar anlamır ki, buna baxan xanımlar var. Heç kəs demir ki, tənqid olmasın, bu normaldır, lakin təhqir yolverilməzdir! Kiminsə anasını, atasını müzakirəyə çıxarmaq olmaz”.
Ardını oxu...
Rusiyada miqrasiya qeydiyyatında olan xarici vətəndaşların sayı açıqlanıb.

APA xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin 1 sentyabr 2024-cü il tarixinə görə 6 174 777 əcnəbi vətəndaş miqrasiya uçotuna alınıb.

Rusiya Əmək miqrantlarının həmkarlar ittifaqından bildirilib ki, DİN rüb, altı ay və il üzrə miqrasiya qeydiyyatlarının sayını açıqlayırdı.

"Anladığınız kimi bunlar fərqli rəqəmlərdir. Eyni şəxs altı ay ərzində iki dəfə, bəziləri isə üç dəfə miqrasiya üçün qeydiyyatdan keçə bilər. Bu, bir ildə dörd dəfə də mümkündür. İndi biz bilirik ki, Rusiya ərazisində rəsmi, qanuni olaraq 6 milyon 175 min xarici vətəndaş yaşayır. Bu, bəzi “mütəxəssislərin” sadə insanları qorxutduğu kimi 15 və ya 20 milyon deyil", - deyə İttifaqdan bildirilib.
 
Ardını oxu...
Müsəlman Şərqində qadına ilk seçki hüququ verən dövlət…

Bəli, tarixdə bu cür imza ilə qalmaq, əlbəttə, kiçik məsələ deyil. Lakin dünya nisbətində də, Azərbaycanda da ümumi götürəndə qadınların sosial-ictimai, siyasi məsələlərdə azlıq təşkil etdiyi görünür.

Məsələn, günü bu gün də istənilən seçkidə qadın azlığı müşahidə olunmaqdadır. Əlbəttə, bunun da psixoloji, sosial, təbiət genetikası kimi faktorları vardır. O cümlədən, həm patriarxal düşüncə, həm mentalitet, həm də digər başqa səbəbləri demək olar. Lakin görürən odur, artıq bu tabular qırılmaq üzrədir. Üstəlik, bir yandan da müasir dünyanın gender bərabərliyi və bu yöndə olan məsələləri var. Dünya arenasında qadın Prezidentlərin belə olduğunu nəzərə alsaq, aşağı sahələrdə gender bərabərliyinin qorunmaması bir qədər yaxşı hal deyil.

Bəs, Azərbaycan bu istiqamətdə nələr edir?!

Artıq bir çox mühim vəzifələr var, orada məhz qadınların aktivliyini, dövlətyönümlü səriştəliyini görmək olur. Düzü, çox adam ələxsus da siyasətin qadınlar üçün olmadığını, onların bunu bacara bilməyəcəyini düşünüb, düşünür, bəlkə də düşünəcək. Qadın və kişi təbiətinin fərqliliyini nəzərə alsaq, məsələlərin haqlı və haqsız tərəfi vardır. Fəqət diqqə edilsə, Azərbaycan siyasətində də, digər sahələrində də son illər müsbət dəyərləndirilə biləcək addımlardan biri də qadınların nisbətən önə çıxmasıdır. Sözsüz, bunun özü Azərbaycan hökümətinin bəşəri düşüncələrə, dəyərlərə, gender bərabərliyinə hesablanmış addımıdır və bütün hallarda müsbətdir. Belə proseslərdə dünya ilə ayaqlaşmamaq mümkün olmur.

Bu addım ilk öncə Parlamentdə sezilir. Vitse-spikerin qadın olmasından tutmuş, vəkillər arasında əvvəlki illərə nisbətdə qadınların sayının və aktivliyinin artması, əlavə olaraq İcra başçısı müavininin qadın olması və başqa məsələlər bəzi məsələlərə bariz nümunədir.

Bəs qadınların rəhbər vəzifələrdə azlıq təşkil etdiyi sahə varmı? Əlbəttə, var. Məsələn, media, televiziyalarımız. Bu gün Azərbaycanda nə qədər media başqanı qadın var? Çox deyil, 1-2 nəfər. Bu gün televiziya rəhbəri nə qədər qadın var?

O da çox deyil, 1-2 nəfər, üstəlik, çox bilinən televiziyalarda yox. O da məlum, gender bərabərliyi ilə bağlı qanunvericilik bazası var. QHT agentliklərində bu istiqamətdə çoxsaylı layihələr maliyyələşsə də, nədənsə, televiziyalarda proqramlar bu işləri görmək istəmir. Bəs nədir səbəb? Bir nəzarət palatası varmı? Varsa, hansı işə baxır, niyə bütün bunların hesabı soruşulmur? Ayrılan maliyyələr və onların layihələri hara, kimlərin cibinə gedir?

Xüsusi ilə televiziyaların vəziyyətinin yaxşı olmadığını etiraf etməkdə də fayda vardır. Bəs bu niyə? Nədir səbəb? Nə üçün gender bərabərliyi məsələləri burada qorunmur? Ümumiyyətlə, niyə televiziyalarımız bu vəziyyətdədir?

Artıq şablon sözə, etiraza çevrilsə də, deməmək olmur. Birmənalı və qeyd-şərtsiz şəkildə ailə institutunun dağılmasına, dəyərlərin məhv olmasına gətirib çıxaran bu verilişlərin sonu nə olacaq? Məsələn, təsadüfü bir kanalı açırsan və budur, mənzərə göz boyamır, ikisini bir deşikdən çıxardır: “Ər efirdə yoldaşını axtarır, deyir, qayıt gəl, məlum olur, sözügedən yoldaş da qoşulub qaçıb. Buna baxmayaraq, ər həmin qadını uşaqların xatirinə qəbul etmək niyyətində olur” Çevirirsən növbəti kanala və növbəti mənzərə: “Qadın ərinin pullarını gənc sevgilisinə xərcləyib, evdən qaçıb, kişi də deyir, bir səhvdir eləmisən, ailəmizi dağıtma” Yaxşı, bütün bunlar nəyə hesablanıb? Kimlər və hansı dəyərləri dağıtmağa çalışır? Yenə növbəti kanallar və mənzərələr: Qoşulub qaçan qudalar, yoldaşının bacısı ilə eşq yaşayan kişilər, qaynanasına gözü düşən kürəkən, hətta qaynatası ilə belə macəraları olan kürəkən. Daha nə? Hansı birini deyəsən?

Və sual olunur: Bütün bunlar niyə efirdə göstərilir? Olar, insanlar fərqlidir, hərə bir əxlaqda, düşüncədə ola bilər. Belə qeyri-normal hadisələrin olması qaçılmaz deyil. Bəs nə üçün bu cür mənfi hallar tirajlanmalı, insanların ən iyrənc hadisələrə də təəccüb hissi itməlidir? Reytinq? Gəlin, hər şeyi öz adı ilə çağıraq.

Bunun adı və niyyəti bəllidir. Reytinq gətirir deyə millətin əxlaqını korlamaq, dəyərlərini məhv eləmək və bütün bu cür iyrənc əməlləri normallaşdırmaqmı lazımdır? Niyə bunları adi hallara çeviririk? Yaxşı, bəs bütün bunlar hələ nə qədər yazılacaq, deyiləcək? Bir tərəfdə gender bərabərliyi məsələləri, bir tərəfdə də efirdə qadınların alçaldılması, əzilməsi, qeyri-normal, əxlaqsız hallarının göstərilməsi? Efirlərdə insest münasibətdən tutmuş hər cür iyrənc məsələlər səslənir. Heç bir daxili senzura yoxdur. İnsanlar isə baxsa da, tənqid edir, narazılıq bildirir. Lakin bu məsələlər aradan qalxmaq da bilmir. Efirdə də insan evlənərmi? Bir-birinə uyğun olmayan, əqli və fiziki xəstələri evləndirən adamlar nə düşünür? Bu, hansı, kimlərin layihəsidir? Onların hansı birinin sonu yaxşı olub? Özü də, o cür evliliklərin hamısının da sonu faciə ilə bitir. Fiziki və əqli sağlamlıqları yerində olmayan adamları niyə evləndirirlər? Onların hansı birinin sonu yaxşı olub? Özü də, o cür evliliklərin hamısının da sonu faciə ilə bitir. Saxta ekspertlər, saxta həkimlər, süni tövsiyyələr, danlamaqlar, öz ağlınca yol göstərməklər-nədir bunlar?! Bəs bu işlərin sonu necə olacaq? Suallar yenə də ritorikdir.

Bəs niyə cavab yoxdur?

Kim cavab verəcək, məsuliyyət daşıyacaq?!

Kim deyə bilər: Bu cür gələn bir gələcək necə, hansı formada gələcək?!
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Qaynarinfo-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
 
Ardını oxu...
Şirkətdə qazmaçı köməkçisi işləyən, Şəhid ailəsi üzvü Qalib Məmmədov Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə şikayət edib. İşçi bildirir ki, uzun müddətdir ki, SOCAR AQŞ MMC-də işləyir. Bu şirkətdə əmək haqqı 1500 manat olub. 26.04.2024-cü şirkət rəhbərliyi tərəfindən iş həcminin azalması ilə əlaqədar onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə ona Xəbərdarlıq edilib. Sonradan isə hədə qorxu və təzyiq yolu ilə "əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə" aldatma yolu ilə əmək haqqı 1000 manata qədər azaldılıb. Qalib Məmmədov bildirir ki, bu sənədə imza etdirərkən ona bildiriblər ki, bu müvəqqəti xarakter daşıyır və ən çoxu 3 ay davam edəcək. lakin artıq 6 aydır ki, bu davam edir və şirkət verdi sözə əməl etmir və Şəhid ailə üzvünü incidir.
Ardını oxu...
Əmək hüquqlarının pozulmasında Kadrlar şöbəsinin Aytən adlı işçisi və Siyavuş adlı meneceri xüsusi ilə fərqlənib. Qalib Məmmədov bildirir ki, 6 nəfərdən ibarət ailədə yeganə işləyən odur
İşçinin dediyinə görə dünən onu şirkətə çağırıb ixtisara düşməsi ilə əlaqədar xəbərdarlıq olunub. Və başqa iş təklif olunmayıb.
Mirvari Gahramanli
TEREF
Ardını oxu...
Azərbaycanda 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub.

Bu müavinət 220 manatdır, pensiya kapitalı olmayan, 65 yaşı tamam olmuş vətəndaşlara ödənir.

Pensiya sistemində aparılan dəyişikliklərdən sonra onu əldə etmək hər insana nəsib olmur. Belə ki, vətəndaş 65 yaşa qədər 40 min manatdan artıq pensiya kapitalı yığmalıdır ki, minimum pensiya, yəni 280 manat ala bilsin.

Azərbaycanda sabit, yüksək maaşlı iş ancaq kiçik zümrə üçün əlçatandır, əksəriyyət minimum maaş (345 manat), yaxud median əməkhaqqı (450-500 manat) alır. Nəticədə vətəndaş azı 45 il əmək stajı olmalıdır ki, tələb olunan pensiya kapitalını toplasın.

Qeyd edək ki, mövcud qaydalara görə, orta pensiya müddəti 144 ay (12 il) götürülür. Yəni pensiyaya çıxan vətəndaşın 12 il pensiya alacağı proqnoz edilir. Amma pensiyaya çıxanların əhəmiyyətli hissəsi 70 yaşa çatmadan vəfat edir və nəticədə cəmi 5-6 il pensiya hüququndan yararlana bilir.

Bəs fərdi uçot sisteminin tətbiqi bu gün vətəndaş üçün nə qədər əlçatandır və hansı imkanlar yaradır?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, 2006-cı ildə təsdiq olunan pensiya islahatına görə, fərdi uçot sisteminə keçid tədricən həyata keçiriləcəkdi:

“Hər bir vətəndaşa da bir kart vermişdilər. O fərdi uçotun yığıldığı kart sayılırdı. Həmin kartda vəsait olmalı idi. Buna da tədricən keçilməsi nəzərdə tutulmuşdu. 2017-ci ilə qədər həmin islahat davam etdirildi. Məhz fərqli sektorlarda çalışan əməkçilərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədikləri sığortadan bir hissəsi gedirdi pensiyaçıların pensiyalarının ödənilməsinə, bir hissəsi də fərdi uçotda yığıma gedirdi.

Bildirim ki, əvvəlcə hibrid (yeni qurum), yəni bütün sistemi özündə cəmləşdirən vacib bir alət kimi yaratmışdılar.Tədricən bu hibrid aradan qaldırılacaqdı və əməkçi vətəndaşların yığdıqları vəsait fərdi uçota gedəcəkdi, kapital şəklində yığılacaqdı.

Həmin vəsait yüksək faiz verən banklara yerləşdiriləcəkdi. Yəni bu özü gəlir gətirəcəkdi. Hər il də inflyasiyaya uyğun olaraq Azərbaycan hökuməti həmin kapitalı indeksasiya edəcəkdi. İnflyasiyanın səviyyəsinə uyğun olaraq itirilən dəyəri bərpa oluncaqdı. Lakin 2017-ci ilin 1 iyulunda “Pensiya haqqında” Qanuna edilən dəyişiklik nəticəsində o proses dayandırıldı. Azərbaycan pensiya sistemi yenidən sovet dövründəki pensiya sisteminə qayıtdı . Yəni əmək qabiliyyətli əhali işləyir, pensiyaçıları saxlayır.

Hazırda bizim DSMF-yə ödədiyimiz sığorta pensiya ödənişinə yönəldilir. Rəqəm olaraq yığılan vəsait ki var, əslində sığorta kapitalı adlanır, o pensiyaçını bir-birindən fərqləndirmək üçündür. Hazırda fərdi uçotda heç kimin vəsaiti yoxdur. Ancaq istənilən vətəndaş fərdi uçota vəsait qoya bilər. Gedib DSMF-yə müraciət edib deyə bilər ki, “mənim əməkhaqqımın 50 faizini fərdi uçotuma keçir, mən ondan pensiyaya çıxanda yararlanacam”.

Bu təşəbbüs məmnuniyyətlə yerinə yetirilə bilər. Ancaq o vətəndaş dünyasını dəyişsə, vətəndaşlığını itirsə, ödədiyi vəsait yenə onun özünə qayıtmayacaq. Yaxud pensiyaya çıxanda pensiya kapitalını tam toplaya bilməsə, yenə də ona əmək pensiyası hesablanmayacaq, ona müavinət veriləcək. Bütün hallarda vətəndaş yaşa görə pensiya almaq üçün 65 yaşa çatmalıdır, 40 min 320 min manat sığorta kapitalına malik olmalıdır”.

Ekspertin sözlərinə görə, fərdi uçota yığım vətəndaşa sərf etmədiyinə görə, o təşəbbüsdə olan yoxdur:

“Hazırda fərdi uçot sistemi rəsmən var. Ancaq oraya vəsait qoyan yoxdur. Ümumiyyətlə yığışdırılıb, ancaq bənd olaraq saxlanılır ki, kim istəsə gəlib vəsait qoya bilər. Vəsaitin qoyulmasını təmin edirlər, ancaq pensiya yaşına çatmamış götürmək olmaz. Xaricdə onun ən parlaq nümünəsi Danimarkadadır.

Danimarka hökuməti vətəndaş işlədikcə onun ödədiyi sığortanı kapital olaraq yığır, ən yüksək faiz verən banklarda saxlayır, banklardan gələn vəsait də də pensiyaçının kapitalın üstünə gəlir. Orada özəl pensiya fondları da var. Onlarda indeksasiya yoxdur. Hökumətin üstünlüyü odur ki, büdcə hesabına müəyyən indeksasiya aparır.

Bununla yanaşı özəl fondların üstünlüyü odur ki, kapitaldan daha səmərəli istifadə edib, il ərzində inflyasiyadan bir neçə dəfə çox gəlir əldə edirlər. Orada həm də vətəndaş, əməkçi Danimarka vətəndaşlığından çıxıb Azərbaycana gəlmək istəyirsə, əgər iki ölkənin DSMF üzrə müqaviləsi varsa, həmin vəsaiti Azərbaycana köçürür Azərbaycanda işləyib pensiya kapitalı yığmağa davam edəcək.

Əgər müqaviləsi olmayan ölkənin vətəndaşlığını qəbul edirsə, həmin vəsait dərhal çıxarılıb vətəndaşa təqdim olunur. Yaxud pensiya yaşına çatmadan vətəndaş dünyasını dəyişirsə, həmin vəsait vərəsələrə nə qədər nəzərdə tutulubsa, ona qaytarılır”.
 
Ardını oxu...
Dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat müəllimləri üstünlük təşkil edib. Belə ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 15879 nəfər, ingilis dili müəllimlərinin sayı 14189, riyaziyyat müəllimlərinin sayı isə 14078 nəfər olub.

Digər fənlərə gəlincə, tarix müəllimlərinin sayı 8831, fizika müəllimlərinin sayı 6125, informatika müəllimlərinin sayı 5636, kimya müəllimlərinin sayı 4423, coğrafiya müəllimlərinin sayı 5819, biologiya müəllimlərinin sayı 5996, rus dili və ədəbiyyatı müəllimlərinin sayı 5808, gürcü dili və ədəbiyyatı müəllimlərinin sayı 31, digər xarici dil müəllimlərinin sayı isə 965 nəfər olub.

Qeyd edək ki, bu gün müəllmlərlər özixtisasları üzrə çalışmaq üçün müəllimlərin işə qəbulu (MİQ) imtahanı, bundan başqa Diaqnostik Qiymətləndirmə, eləcə də sertifikatlaşdırma prosesinə cəlb olunurlar. Lakin uzun illərdir ki, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı fikirlər səslənməsinə baxmayaraq, təklif hələ də reallaşmayıb.

Artıq müəllimlərə dövlət qulluqçusu statusu verilməsinin vaxtı çatırmı?

Məsələ ilə bağlı sabiq təhsil naziri, sözügedən təklifin müəllifi hesab olunan professor Misir Mərdanov “Cebheinfo.az”-a belə deyib:

“Mən istərdim ki, müəllimlərə dövlət qulluqçusu statusu verilsin. Hətta mən nazir işlədiyim dövrdə bu barədə qərar qəbul olunmuşdu. Ancaq nədənsə həyata keçiriləsi olmadı. Ümumiyyətlə, müəllimlərə dövlət qulluqçusu statusu verilsə, çox yaxşı olardı.

Müəllimlərə dövlət qulluqçusu statusu veriləndə hansı üstünlüklər var? Birincisi, dövlət qulluqçusunun təqaüdündə müəyyən üstünlüklər var. Əmək haqqı artacaq. Bu, özü böyük şeydir və çox yaxşı olar”.
 
Ardını oxu...
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Gürcüstanda orta aylıq nominal əmək haqqı 2 min 4,9 lari (745 dollar) olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% və ya 200,4 lari artıb.
Açıqlanan məlumatda həmçinin qeyd olunur ki, paytaxt Tblisidə orta aylıq nominal əmək haqqı 2 min 354,8 lari (875 dollar) təşkil edib.
Onu da bildirək ki, Gürcüstanda qadınlarla kişilərin əmək haqqı arasında böyük fərq var. Kişilərin orta aylıq əmək haqqı 2 413,5 lari (897 dollar), qadınların orta aylıq əmək haqqı isə 1 590,2 lari (591 dollar) olub.
Müqayisə üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısının yekununa olan məlumatına görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 1002,8 manat (590 dollar), paytaxt Bakıda isə 1 268,7 manat (746 dollar) olub.
 

Dünyapress TV

Xəbər lenti