Avropa İttifaqı 5 ildən artıqdır Bakı ilə müzakirə etdiyi Azərbaycanla Hərtərəfli Əməkdaşlıq Sazişi layihəsi barədə detallı informasiya vermir. Bu barədə jurnalist sorğularına verilən cavabda ümumi şəkildə qeyd olunub ki, Saziş imzalanana qədər onun mahiyyəti haqqında ictimaiyyətə məlumat verilməyəcək. Bu, Azərbaycan tərəfinin xahişi ilə qəbul olunmuş qərardır, yoxsa Brüssel danışıqlar prosesinin ictimaiyyətdən xəbərsiz aparılmasını daha faydalı hesab edir, məlum deyil. Qeyd edək ki, regionun digər ölkələri ilə aparılan inteqrasiya müzakirələri ilə bağlı mediaya vaxtaşırı məlumat verilib.
Araşdırmanın bundan əvvəlki iki hissəsində Avropa İttifaqı-Azərbaycan münasibətlərinin tarixi, imzalanmış müqavilələr, memorandumlar, bəyanatlar barədə təfsilatlı məlumat verilib. Habelə, Azərbaycanla Hərtərəfli Əməkdaşlıq Sazişinin hələ də imzalanmamasının səbəbləri barədə müxtəlif ekspertlərin, parlament üzvlərinin mövqeləri dərc olunub.
Araşdırmanın indi təqdim etdiyimiz sonuncu – 3-cü hissəsində hər iki tərəfdən alınan rəsmi mövqelərə yer verilib, eyni zamanda vətəndaşların 10 ildir səbirsizliklə gözlədiyi “Ümumi Aviasiya Məkanı Sazişi”nin niyə imzalanmamasının səbəbləri araşdırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıyev bildirib ki, Avropa İttifaqı ilə müzakirə olunan Saziş layihəsi ilə bağlı hər hansı yenilik yoxdur. “Bu barədə yenilik olarsa, ictimaiyyət məlumatlandırılacaq”, – o əlavə edib və bu açıqlama ilə kifayətlənib.
Avropa Birliyinin Bakıdakı nümayəndəliyindən isə bildirildi ki, yaxın günlərdə sorğumuza cavab verəcəklər. Nümayəndəlikdən bu cavabı almaq üçün 1 aydan artıq vaxt lazım gəldi. Qeyri-rəsmi belə mülahizələr eşitdik ki, hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə məşğuldur, ona görə digər mövzuların gündəmə gəlməsinin prosesə zərbə vuracağından ehtiyatlanır.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar isə bildirdi ki, bu barədə suallara Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərə cavabdeh olan Avropa İttifaqının Bakıdakı nümayəndəliyi cavab verməlidir. O, sualları Bakıdakı səfirə ünvanlayacağını vəd etdi.
Müzakirəsi bitməyən daha bir Saziş və Avropaya bahalı uçuş
Hələ 10 il 10 ay bundan əvvəl – 2013-cü ilin il yanvarın 25-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında “Ümumi Aviasiya Məkanı Sazişi” barədə danışıqlara start verilib.
Aİ hesab edir ki, bu Saziş ikitərəfli münasibətlərin möhkəmlənməsində irəliyə doğru atılan vacib addımdır, həm də siyasi, iqtisadi münasibətlərə də müsbət təsir göstərəcək, xalqlar arasında əlaqələri gücləndirəcək.
Saziş Azərbaycanla Avropa İttifaqı arasında sərnişin daşımanı artırmağı, bu sahədə rəqabəti artıracağı və şərtləri liberallaşdıracağını hədəfləyib. Qeyd edək ki, bu sazişi regionun bır sıra ölkələri, eləcə də Ermənistan və Gürcüstan imzalayıb.
Həmin ilin sentyabrında Avropa Komissiyasından verilən açıqlamada qeyd olunurdu ki, qurum 2015-ci ilədək Azərbaycana bu Sazişi imzalamağı təklif edir.
Aİ hesab edir ki, saziş Azərbaycana Aİ-nin vahid hava məkanının bir hissəsi olmaq imkanı verəcək. Bu isə daşımaların həyata keçirilməsi ilə bağlı bir sıra prosedurların yüngülləşdirilməsi, yerli sənayenin yeni bazarlara çıxmaq imkanı əldə etməsi deməkdir.
Azərbaycanla Avropa İttifaqı arasında danışıqların ikinci mərhələsi nə az, nə çox, bundan 5 il sonra – 2018-ci il iyulun 4-5-də Brüsseldə baş tutub. Görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib.
Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıb.
Danışıqların növbəti – 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Amma həmin tarixdən 5 ildən çox vaxt keçsə də müzakirələr baş tutmayıb…
Nəticədə Azərbaycan Avropa hava məkanının bir hissəsi olmaq imkanını itirib, bu da vətəndaşlara və biznesə əlavə problemlər yaradıb. Xüsusi ilə səhmləri dövlətin əlində olan Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) yeganə monopolist olaraq qiymətləri diktə edir. Azərbaycana uçmaq, sərnişin daşımaq hüququ olan beynəlxalq aviaşirkətlər də AZAL-ın qoyduğu qaydalara əməl etməyə məcburdurlar.
2020-ci ilin 24 mart tarixindən koronovirus pandemiyasına görə Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır. Hökumət vaxtaşırı qadağanın müddətini uzadır. Vətəndaşlar, ölkəyə gələn-gedən əcnəbilər ancaq hava yolundan istifadə etməyə məcburdurlar. AZAL-ın aviabiletlərə təyin etdiyi qiymətlər isə olduqca bahalıdır.
Biz layihə çərçivəsində Avropanın siyasi paytaxtı Brüsselə uçarkən də bu bahalığın absurd dərəcədə olduğunu hiss etdik. Bakıdan-Brüsselə ekonom gediş-dönüş bileti 719 dollara başa gəldi. Halbuki, Gürcüstan vətəndaşı cəmi 150 avroya və daha ucuz bu uçuşu rahat həyata keçirə bilir. Çünki aviadaşımalarda yerli və çoxsaylı xarici aviaşirkətlər istifadə edir, dövlət onların rəqabət aparması üçün şərtləri təmin edib.
Brüsselə bahalı uçuşun əsas səbəbi Avropa İttifaqı ilə Azərbaycan arasında 5 ildən çoxdur müzakirə olunsa da taleyi hələ də qeyri -müəyyən olan Hərtərəfli Sazişlə bağlı mövqeləri öyrənməkdir.
Brüsseldə səfərdə olarkən Avropa Komissiyasının Mətbuat Katibliyinin Azərbaycan da daxil olmaqla Şərq Qonşuluğu üzrə mətbuat əlaqələndiricisi Joséphine Moreadan açıqlama almağa müvəffəq olduq. Xanım Morea Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Piter Stanoyanın aşağıdakı cavabını təqdim etdi:
“Azərbaycanla yeni Hərtərəfli Saziş üzrə danışıqlara həqiqətən də 2017-ci ildə başlanılıb. Danışıqların əksər sahələri qapalı olsa da, hələ də həll edilməmiş məsələlər, xüsusilə ticarət sahəsində həll edilməli olan məsələlər qalıb. Aİ yeni saziş üzrə danışıqlara sadiq qalır”.
Estoniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentində Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupunun rəhbəri Marina Kaljurand isə Azərbaycanla bağlı bir qədər sərt danışdı. Xanım Kaljurand bildirdi ki, Azərbaycan güzgüyə baxıb, müvafiq nəticələr çıxarmalıdır. O, artıq keçmişdə qalan bəzi məsələlərdən – Qarabağdakı müharibədən, Laçın yolundakı vəziyyətdən, Qarabağın erməni sakinlərinin hüquqlarından danışdı və əlavə etdi: “Vətəndaş cəmiyyətinə və hüquq müdafiəçilərinə qarşı siyasi basqılar, siyasi müxalifət liderlərinin həbsi və s. problemlərin həlli Aİ-Azərbaycan münasibətlərinin inkişafının əsas şərtidir”, – o qeyd edib.
Avropa Parlamentinin rəsmisi vurğulayır ki, Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə öz siyasətini dəyişməyincə münasibətlər yaxşılaşmayacaq. “Avropa İttifaqı beynəlxalq hüququn və onun ehtiva etdiyi dəyərlərin tərəfdarı olub, onların yanında dayanır və dayanacaq”, – Marina Kaljurand əlavə edib.
Qeyd edək ki, Avropa Parlamenti müxtəlif vaxtlarda Azərbaycandakı daxili vəziyyət, habelə Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnamə qəbul edib. Həmin sənədlərdə rəsmi Bakı sərt tənqid olunur və hətta Avropa Komissiyasına sanksiya tətbiq edilməsi ilə bağlı çağırışlar yer alıb.
Avropa Parlamentindən fərqli olaraq, Avropa Komissiyası Azərbaycanla münasibətlərə daha təmkinli yanaşma nümayiş etdirir. Hazırda tərəflər arasında müxtəlif sahələr üzrə, xüsusən enerji ticarəti ilə bağlı əlaqələr sabit olaraq inkişaf edir. Avropa rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar.
Müəllif: Elçin Rüstəmov - Mənbə: Pressklub.az