Ardını oxu...
ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-dan 8-dək Azərbaycan və Rumıniyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O'Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüşəcək”.

Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək. Orada o, “qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək” niyyətindədir.
 
 
 

     
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə çoxlu yeni maraqlı layihə gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, o, bunu xarici ölkələrin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsinin qəbulu mərasimində bildirib.

“Bizim hələ çoxlu başqa maraqlı layihələrimiz, müştərək öhdəliklərimiz var. Bu layihələr həm də ticarət və yüksək texnologiyalar sahəsindədir. Artıq həyata keçirilən layihələrə misal olaraq iki ölkə arasında enerji sahəsində əməkdaşlığı göstərmək olar. Bu sahədə qarşılıqlı fəaliyyət həqiqətən də strateji xarakter daşıyır. “Rosatom” Türkiyədə ilk Akkuyu atom elektrik stansiyasının tikintisini davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz sektorunda sıx əməkdaşlıq qurulub və Türkiyədə qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər aparılır", - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiyanın Türkiyə Respublikası ilə tərəfdaşlığı yüksək səviyyədədir və müxtəlif sahələrdə səmərəli qarşılıqlı fəaliyyət sahəsində uzun illərin təcrübəsinə əsaslanır: "Bundan başqa, hər iki ölkə mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir", - deyə Rusiya prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Kremldə keçirilən mərasimda Putin Türkiyənin Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Tanju Bilgiçin etimadnaməsini qəbul edib.
 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə iki günlük səfər edəcək.

Səfər çərçivəsində Türkiyə Prezidenti Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri gündəmdə olacaq.

Mənbə: TRT Haber
 
Ardını oxu...
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi artıq Bakıdadır.

Bəllidir ki, 25 may 2022-ci ildə prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. Onun namizədliyi ilin sonunda başa çatdı və 3 yanvar 2023-cü ildə Mark Libbinin namizədliyi ilə bağlı sənəd yenidən Co Baydenə qaytarıldı.

Prezident Bayden həmin gün Libbinin namizədliyini yenidən irəli sürdü. Onun namizədliyi ilə bağlı dinləmələr 13 iyun 2023-cü il tarixində Senatın Xarici Əlaqələr Komitəsində keçirilib. Komitə onun namizədliyi barədə 13 iyul 2023-cü ildə müsbət yanaşma sərgiləyib. Mark Libbinin namizədliyi 8 noyabr 2023-cü il tarixində səsvermə yolu ilə Birləşmiş Ştatlar Senatı tərəfindən tam təsdiq edilib. Beləliklə bir il ərzində vakant qalan ABŞ-ın Azərbaycandakı səfiri öz vəzifəsinin icrasına başlayıb.

Ümumiyyətlə, ABŞ-ın Azərbaycana səfir təyin etməsi ənənəvi olaraq son dərəcə ağır, yorucu prosesə çevrilir. Niyə? Çünki Amerikadakı erməni lobbisi Azərbaycana göndərilən səfirin ermənipərəst olmasına xüsusi önəm verirlər. Məsələn, 2011-ci ilin əvvəlində Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Mətyu Brayze Bakıya gəldi. Xatırladım ki, o, 2007-ci ildə əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış ABŞ tədqiqatçısı Zeyno Baranla evli idi. Bu da erməni lobbisini hövsələdən çıxarırdı. Nəticədə o, cəmi 1 il səfir işləyə bildi. Erməni lobbisi Mətyu Brayzeyə Bakıda işləməyə imkan vermədi. Cənab Mark Libbini isə erməni lobbisindən həmişə uzaq olmuş birisidir. Ona görə də erməni lobbisi onun namizədliyinə o qədər də xoş baxmırdı.

Böyük ehtimalla demək olar ki, cənab səfirin namizədliyi irəli sürüldükdən sonra ona qarşı qarayaxma kampaniyası məhz erməni lobbisinin fəaliyyəti nətisində geniş vüsət aldı. Hətta o, seksual zorakılıqda ittiham olundu. Amy Dahm adlı qadın xeyli vaxtdır ki, cənab Mark Libbi ilə bağlı ABŞ-ın müxtəlif instansiyalılarına müraciət edir. Gördüyünüz kimi, bu müraciətlərin elə bir xeyri olmayıb. Demək ki, Amerikanın səlahiyyətli orqanları bu kimi ittihamları əsasız sayıb.

Amy Dahm Mark Libbi ilə bağlı belə yazır: "12 il keçməsinə baxmayaraq, keçən yay keçmiş şefim Mark Libbinin Ağ Ev tərəfindən səfirliyə namizəd kimi irəli sürməsi xəbərini eşidəndə bütün bədənim fiziki olaraq titrəməyə başladı, axı mən onun tərəfindən cinsi təcavüzə məruz qalmışam. Hər ikimiz Dövlət Departamentində o vaxtkı dövlət katib Hillari Klintonun yanında, onun heyətində işləmişik. Mən Mark Libbinin tabeliyində idim. Səfir söhbəti çıxanda kamera və səs yazan aparatların olmadığı xüsusi məxfi yerlərdə onun mənə toxunduğu zaman hiss etdiyim çarəsizliyi xatırladım"...

"Xüsusi məxfi yer" nə olan şeydir? İngilis dilində qısa adı SCIF-dir. Sensitive Compartmented Information Facility sözlərinin baş hərflərindən yaranıb. Dövlət rəsmiləri tərəfindən həssas məlumatlara baxıla biləcəyi təhlükəsiz yerdir. Kompakt kabinet formasında olur. Orada əsasən qayət məxfi sənədlər nəzərdən keçirilir. Məqsəd bu kimi məxfi sənədlərin casus nəzərindən uzaq tutmaqdır. Amy Dahm isə iddia edir ki, Mark Libbi belə kabinetlərdən işdə məhəbbət macaraları yaşamaq üçün istifadə edib.

Bu kimi ittihamların arxasında erməni lobbisi, xüsusi ilə Azərbaycana qarşı qəddarlığı ilə tanınan Amerika Erməniləri Milli Komitəsi dayanmır ki? Çox güman ki, bu işdə də erməni barmağı var. Cənab Mark Libbini Mətyu Brayzenin taleyi gözləmir ki? Yəni ermənilər Mark Libbiyə Bakıda işləməyə imkan verəcəkmi? Bu suala əlahəzrət Zaman cavab verəcək.

Elbəyi Həsənli.

SÜRİX

MİA.AZ
Ardını oxu...
 
 
 
Ardını oxu...
Hindistanın hakim Bharatiya Janata Partiyası (BJP) ölkənin dörd əsas ştatından üçündə davam edən regional seçkilərdə səslərin əksəriyyətini qazanıb.

Bunu seçki komissiyasının rəsmi saytında yerləşdirilmiş məlumatlar sübut edir.

Belə ki, BJP Çhattisqarh əyalət məclisində 90 yerdən 52-ni və mərkəzi Madhya Pradeş əyalət məclisində 230 yerdən 158-ni əldə edib. Hindistanın şimal-qərbindəki Racastan əyalətində isə BJP 199 qanunverici mandatdan 113-nü qazanıb.
Hakimiyyətdə olan partiya yalnız Telanqana ştatının cənubunda uğur qazana bilməyib. Orada BJP 119 yerdən cəmi 9 yerə sahib olub. Bölgədə müxalifət partiyası Hindistan Milli Konqresi (INC) qalib gəlib. Onun nümayəndələri yerli qanunvericilik məclisində 68 yeri tutacaqlar.

Müşahidəçilərin qeyd etdiyi kimi, hazırkı regional seçkilər altı aydan sonra Hindistanda keçiriləcək ümumi seçkilər öncəsi seçicilərin əhval-ruhiyyəsini əks etdirir.
 
Ardını oxu...
“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalamasından başqa şansı yoxdur. Bu imza ilə rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri gürcüstanlı siyasi ekspert Giorgi Goqua Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol olan “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.

“Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir: “Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun”.

Giorgi Goqua deyib ki, Ermənistan sazişi imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqavilə imzalamasa isə özlərini blokada vəziyyətinə salacaq.
Ardını oxu...
İran Ekspertlər Məclisi Əli Xameneinin ölümündən sonrakı dövr üçün varis seçmək istiqamətində gizli fəaliyyət göstərir.
Bunu məclisin üzvü Möhsün Məhəmmədi Əraki deyib.
O, varislə bağlı seçimlərin gizli şəkildə aparılmasını onun həyatına qarşı sui-qəsd təhlükəsi ilə əlaqələndirib.
Qeyd edək ki, bundan əvvəl Ekspertlər Məclisinin digər üzvü Rəhim Təvəkkül də oxşar fikir səsləndirərək, rəhbərlik üçün nəzərdə tutulan şəxslər barədə yalnız Əli Xameneinin özü ilə məsləhətləşmələr aparıldığını söyləyib.
Axar.az
 
Ardını oxu...
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Tərəflər Azərbaycanla NATO arasında mövcud əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesini və danışıqların perspektivlərini müzakirə ediblər.

Vurğulamaq lazımdır ki, Bakının NATO ilə strateji tərəfdaşlıq xətti qırılmayıb, hərçənd ki, Alyansın nəhənglərindən olan ABŞ-nin, Fransanın Azərbaycanla münasibətlərində ciddi bir siyasi gərginlik mövcuddur.

NATO məsələsi isə fərqlidir, çünki o, təhlükəsizlik və sülh məsələsinə kollektiv tərzdə yanaşaraq konkret bir ölkənin ambisiyalarını ifadə etmir.

Bildirək ki, Trans-Qafqaz və Mərkəzi Asiyanın enerji resursları, mövcud və planlaşdırılan strateji boru kəmərləri üzərində qızğın rəqabət aparılması səbəbindən NATO diqqətini Cənubi Qafqaza yönəldir.

NATO-ya bu mənada öz maraqları çərçivəsində təhlükəsizlik sferasının bərqərar olması üçün müxtəliflik önəmlidir, çünki Alyans müxtəlifliyi güc kimi qəbul edir.

Azərbaycan Cənubi Qafqazın münasibətlər sistemində siyasi müxtəlifliklər formalaşdırır və bu işdə ona NATO-nun əhəmiyyətli bir üzvü olan Türkiyə dəstək verir.

Ümumi bir fonda regionda yaranan müxtəliflik NATO-nun kursu ilə daban-dabana ziddiyyət təşkil etmədiyindən o, Azərbaycan və Türkiyənin bölgədəki bacarıqlarına, təcrübələrinə dəstək verməkdə maraqlıdır.

Deməli, Alyansı gələcəyə daşımaq üçün Cənubi Qafqaz oxu vacibdir. Bu, ümumilikdə NATO-nun regional səmərəliliyinə, geniş diapazonlu fəaliyyətindəki inkişafa təkan verir.

Ancaq Azərbaycanla NATO müxtəlif qarşılıqlı ehtiyaclar üçün tam uyğunlaşa bilən bir şərait qurmalıdırlar.

Burada təhlükəsizlik məsələlərindən dolayı bəzi aspektlər razılaşdırılmaya bilər, çünki Bakı üçün regionu geosiyasi poliqona çevirmək yox, uzlaşdırılmış maraqları təmin etmək prioritetdir.

Lakin Rusiya-Ukrayna müharibəsi ilə planetar səviyyəli oyunçular və regional aktorlar arasında şiddətlənən mübarizədən dolayı hər istəniləni etmək çətindir.

Hesab etmək mümkündür ki, Azərbaycan öz səylərinin dəstəklənməsi üçün hərbi-siyasi ittifaq olan NATO-dan mənalı bir iş istəyir. Bu rejim, təbii ki, regionu geosiyasi qarşıdurma məkanına çevirməməli və sadəcə olaraq, səmərəli əməkdaşlığın strateji tərəfdaşlıq prinsiplərini aliləşdirməlidir.

Ancaq Cənubi Qafqazda Rusiyanın, İranın, Çinin xarici siyasətlərinin fırlandığı müstəvidə NATO-nun necə manevrlər edəcəyi sualı gündəmə gəlir.

Güman etmək olar ki, Azərbaycanla NATO arasında bu mövzu ətrafında ciddi fikir mübadilələri aparılır və regionun strateji maraqlar sferasındakı rolu yenilənən qiymətləndirmələrlə təhlil olunur./oxu.az

 
Ardını oxu...
Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək.

Bu barədə Venesuelanın Rusiyadakı səfirliyi məlumat verib.

Səfərin bu ay ərzində baş tutacağı gözlənilir.
Mənbə: axar.az
 
Ardını oxu...
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi müzakirə edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib.
Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırki regional vəziyyət əsas müzakirə mövzusu olub.
Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Azərbaycanın bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açılıb.
Bundan əlavə nazir Ceyhun Bayramov Azərbaycan Respublikası tərəfindən 24 saatdan az müddətdə keçirilən anti-terror tədbirlərini səciyyələndirən amillər barədə həmsöhbətini məlumatlandırıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
 

Dünyapress TV

Xəbər lenti